“Min il sənət ömrünü haqq etmiş...”

“Min il sənət ömrünü haqq etmiş...”
31 mart 2014
# 09:40

Nəriman QASIMOĞLU

Okeanlar, dənizlər

İnsan üçün yaranmış.

Əlvan xalçalı düzlər

İnsan üçün yaranmış.

Şimşək parıltısından

Üzü açılıb gülən

Çənlidağ,

Qayaların döşündən

Damcı-damcı tökülən

Balbulaq

İnsan üçün yaranmış.

Bolsərvəti, nübarlı,

Gen dərələr-boğçalar,

Qırqovullu meşələr,

Bülbül səsli bağçalar,

Üfüqdəki min bəzək,

Səmadakı min naxış

İnsan üçün yaranmış.

İnsan min il yaşardı

Bu nemətlər içində.

İnsan min il yaşardı

Təbiətin qurduğu

İmarətlər içində.

Yüzündə ilk gəncliyin

Həvəsiylə coşardı,

Beş yüzündə tövşüməz,

Uca dağlar aşardı.

Səkkiz yüzə çatanda

Nə ürəyi vurnuxar,

Nə də ağlı çaşardı.

İnsan min il yaşardı –

Qılıncını duyğular

Çəkməsəydi üstünə,

Həsrət, qeyrət, ayrılıq

Durmasaydı qəsdinə.

İlk məhəbbət cavabsız

Qalanda,

Buta-buta arzular

Solanda

Günlər dönür qayçıya

Elə bil,

Kəsir gənclik çağından

Yüz-yüz il.

Yenə qanı coşardı,

Dağ çayıtək daşardı.

İnsan min yaşardı

Qatmasaydı başını

Ev dərdi, ev qayğısı,

Ata-ana matəmi,

Namərdlərin qisası.

Övlad dağı dağ olub

Əyməsəydi belini,

Silməsəydi ömrünün

Yarı-yarı ilini.

Süzüləndə yetimlər

Baxışı,

Töküləndə tənələr

Yağışı,

Alimlərə nadanlar

Güləndə,

Haqqa, xeyrə şə rüstün

Gələndə –

Ağrıları başlayır

Ürəyin,

Zəhər olur təmi də

Xörəyin...

Yad kimsələr yurdunu

Tapdayanda, əzəndə,

“Yersiz gəldi, yerli qaç”

Ədasıyla gəzəndə,

Şan-şövkətli xalqını

Tənə ilə süzəndə,

Candan bezib qəzəblə

Üzərinə onların

Atmasaydı özünü,

Taleyilə barışıb

Yumsa idi gözünü,

İldırımtək başında

Çaxmasaydı el dərdi

Öz gözüylə on əsrin

Büsatını görərdi...

Bəziləri şərəfi

Atanda,

Məsləkini mənsəbə

Satanda,

Üz verəndə ayrılıq

Millətə,

Daş-torpaq da düşəndə

Qürbətə,

El-obanı

dolaşa-dolaşa

Qardaş həsrət qalanda

Qardaşa

Nəbzi itir arabir

Bəşərin.

Can üzülür cəngində

Kədərin...

Qonşuda vay düşəndə

Çıxmasaydı evindən,

Dostun çətin günündə

Qalmasaydı kefindən,

Darda qalan kəslərin

Yetməsəydi dadına,

Uzaq cəfakeşlərin

Yanmasaydı oduna,

Yaxşılığın zövqündən

Olsa idi bixəbər,

Bədxahlığa köksünü

Etməsəydi heç sipər,

İdmandan özgə bir iş

Görməsəydi bütün gün

Bu dünyaya gəlibdir

Bilməsəydi nə üçün –

Bu minvalla illəri

Əsrləri keçərək

Arsız-arsız açılıb

Yumulardı hər ürək.

Nə yaxşı ki, ömrümüz

Yetişməyir min ilə –

Yaşamırıq bir belə.

Qasım Qasımzadənin bu şeirini təhlil edən akademik Yaşar Qarayev yazırdı ki, “...insanın min il yaşamamasının səbəbləri şairin, sənətkarın min il yaşamasını şərtləndirən amilə çevrilir. Bu mənada min il sənət ömrünü haqq etmiş olur şair Qasım Qasımzadə”. Şair haqqında filoloji təhlildən gələn bu qənaət öz yerində, amma, həqiqətən də, hər şairə qismət olmayan min il sənət ömrünü Qasım Qasımzadənin felən haqq etməyini sadəcə bir neçə misalla təsdiqləyərdim. Rəsul Rzanın bir şeiri var, son sətrində müəllif sual edir: “hansı şeirim qalacaqdır məndən sonra, eldən soruş”. İndi elin dilində bir mahnı səslənir:

Sahil sakit... çəkilibdir ayaqlar,

Coşan dalğa qayaları qucaqlar.

Deyəndə ki, gəl qayıqla üzək, yar

Çatıb qara qaşlarını nədən sən:

– Olmaz, olmaz! – deyirsən?

Ay ucalır, gecə olur tən yarı,

Əynin nazik, əsir dəniz rüzgarı,

Üşüyürsən bir yaxına gəl barı,

Qəzəbdənmi alovdan don geyirsən:

– Olmaz, olmaz! – deyirsən?

Sübh şəfəqə boyayanda aləmi,

Töküləndə çiçəklərin şəbnəmi,

Deyəndə ki, çatdı ayrılıq dəmi,

Buraxmayıb əllərimi nədən sən:

– Olmaz, olmaz! – deyirsən?

Elin dilindən bu sətirləri də arabir eşitməli oluruq:

Könlüm düşdü diyar-diyar,

Bir kəkliyin sorağına.

Ha yalvardım, o qonmadı

Məhəbbətin budağına.

Meyl etmədim bir gözələ,

Sədaqətim düşdü dilə.

Mən and içdim ildən-ilə

İlk eşqimin növrağına.

Bir gün yenə onu gördüm,

Dilə gəldi həmin dərdim.

Bir dəstə gül-çiçək verdim,

O, almadı qucağına.

Əllərimdə gülüm soldu,

Riqqətimdən gözüm doldu.

Sinəm başı hədəf oldu

O dilbərin budağına.

Sanma könül sınasıdır,

Kərəm olub yanasıdır.

O, körpəmin anasıdır,

Vurulmuşam bu çağına.

Eldən soruşsan tez-tez dilə gətirdiyin bu sətirlərin müəllifi kimdir, deməyəcək “Qasım Qasımzadə”, deyəcək “xalq”. Çünki artıq xalq havaları kimi oxunan sətirlərdir. Və heç də şərt deyil müəllifi şəxsən xatırlansın, artıq min illik həyata üz tutmuş bu sətirlərdə onsuz da şairin mübarək ruhu yaşayır. Sağlığında özünü təbliğdən, ad-san hərisliyindən uzaq dayanan şair ruhu adsız-ünvansız min illik bir şöhrət yiyəsi olur.

Bu şöhrətə səbəb təkcə yuxarıdakı sətirlər deyil. İndi Şuşa həsrətlilərimizin dilində belə bir ifadə var: “bir şair gözəl deyib ki, Şuşa Qarabağın zümrüd tacıdır”. Bunu hansı şair deyib, yenə də Qasım Qasımzadənin adı çəkilməyəcək. Səbəbini yenə də belə anlamalı oluram ki, Tanrı onun ruhunu bu adsız-ünvansız min illik bir şöhrətlə mükafatlandırıbmış.

Bu şöhrətin içində şairin “Anamgildədir” şeiri də var. Türkiyənin Ərzurumundan bu yana camaatın dilində əzbərdir. Təbii ki, məchul bir müəllifin sətirləri kimi.

İndi televiziya ekranlarında Azərbaycanın qartala bənzər xəritəsini və Bakını bu qartalın bərq vuran gözü kimi ara-sıra göstərirlər. Az adam bilir ki, bu bənzətmə də ötən əsrin 60-cı illərinin Qasım Qasımzadəsinə məxsusdur:

...Gör necə də ləngərlə

Süzür qoşa qanadlar!

Qartalındır, qartalın

Bu əzəmət, bu vüqar.

Kim deyər ki, var onun

Özgə quşa bənzəri?

Dimdiyində aparır

Elə bil ki, Xəzəri.

Bakı! Sən bu qartalın

Yanar, parlaq gözüsən.

Bəd nəzərin gözünə

Batan oxun özüsən!

Gəlin, bir də seyr edək

Xəritədə Bakını.

Kim görmüş

gözün belə

Şəffavını, pakını!

Milyon çıraqlı o göz

Zillənibdir uzağa.

Qartal cürət etməzdi

Onsuz qanad açmağa –

Milyon çıraqlı o göz

Şəfəqlədib yolunu.

Tufanlardan keçirmiş

Qanadını, qolunu.

Milyon çıraqlı o göz

Yerə, suya səpir nur,

Ulduzlara göz vurur.

O qocaman qartalı

Uca, nurlu göylərə,

Bir uğurlu səfərə

Uçurduqca uçurur...

Qasım Qasımzadənin adsız-ünvansız şöhrətini ünvanlandırmaq iddiasında olan sətirlər də var, mənim ona yazdıqlarımdır, bilmirəm bunların ömrü nə qədər çəkər. Tanrı bilən məsləhətdir. “Əbədiyyət” şeirinə cavab olaraq 10 il öncə yazmışam. Övladlarının timsalında nəsillər bir-birini əvəzlədikcə şair özünü əbədiyyət yolçuluğunda görür. Şeiri yazanda hələ xəbərsizdi ki, Tanrı onu adsız-ünvansız şöhrətlə mükafatlandıracaqmış, yoxsa belə bir təsəllidə bulunmazdı:

“Bir ağacdan neçə budaq

Şaxələnib çıxacaqdır.

Öyünməsin ölüm nahaq–

Mənim qanım milyonların,

Nəsil-nəsil insanların

Damarında axacaqdır.

Mənim gözüm milyonların,

Nəsil-nəsil insanların

Gözlərilə bu dünyaya –

Ulduzlara, günə, aya

Zaman-zaman baxacaqdır...”

80 illiyində onun ruhuna aşağıdakı sətirləri göndərdim:

Baxıram dünyaya sənin gözünlə

harda işıq varsa iz səninkidir.

Dan yerinə od saçır baxışlarım –

zülmətə köz salan göz səninkidir.

Oldum sərnişini nur gəmisinin,

bu da meracıdır eşq dəlisinin,

Rəbbimin ən gözəl təcəllisini

görürəm qarşımda üz səninkidir.

Ruhun ucalarda şad olsun deyə

Oxu, nələr vermiş Tanrı bəndəyə,

mən yerdən göylərə yüksələn ayə

üstündən qalxdığım miz səninkidir.

Dar eylərəm qaranlığın yerini,

zülmət dələn taleyim bir mərmimi,

sən özün cəm eylə qəlpələrimi,

göyə ulduz-ulduz düz, səninkidir.

Mən hicran qənimi, vüsal dəmiyəm,

içirəm ruhundan, dəmlər dəmiyəm,

tənimlə badəyəm, ruhumla meyəm,

içəlim bu meyi süz, səninkidir.

Yerişim, duruşum, qaçışım səndə,

həvəsim, ilhamım, uçuşum səndə,

göylərin, yerlərin Rəbbi önündə

səcdəyə gedirəm, diz səninkidir.

Canın canımdadır, qanın qanımda,

ayrılmaz ruhlarıq Tanrı yanında,

qiyamət günündə, məşhər anında

sənsən şəfaətçi, söz səninkidir.

Aşağıdakı sətirlər isə 90 illiyinə həsr etdiklərimdir, burada – Amerikada yazdım, Harvard Universitetində:

Bax bu da ayrı bir səhnə,

yer də adam, göy də adam.

Bir göyə bax, bir də mənə –

yerdə adam, göydə adam.

Baxıram könlüm içinə,

öz-özümün içindəyəm.

Göy adam göz qoyur mənə,

mən o gözün içindəyəm.

Rəqəm-rəqəm sayrışırıq

milyon-milyon yazılarda,

rəqəm dili biz qarışıq

ocaq çatır ulduzlarda.

Lal açsın donan dilini

bu ocağın istisində.

Üşüyən tutsun əlini

bu misraların üstündə.

Hər şey sadədən sadədir –

haqdan gələn bir gerçəyik.

O, Qasım Qasımzadədir,

biz bir yerdə, iç-içəyik.

Qasım Qasımzadənin ötən əsrin 40-cı illərində səliqə ilə tərtib etdiyi şeir dəftərləri var. Əsasən ilk şeirləridir, əksəriyyəti də sevgi şeirləri. Dəfələrlə vərəqləmişəm. Və möcüzə də ondadır ki, dəfələrlə vərəqləsəm də, bir tapıntı gözlərimdən yayınıb. Bu, ədəbiyyat tarixi üçün həqiqətən bir tapıntıdır. Sovet dövründə ideoloji uyğunsuzluğa, “aşkarlıq, yenidənqurma” və “müstəqillik” zamanında isə mənə məlum olmayan səbəblərə görə çap etdirmədiyi bir poemadır. Ona görə tapıntı deyirəm ki, təkcə Azərbaycan poeziyasında deyil, ümumən 20 və 21-ci əsr dünya poeziyasında elmi-fantastik janrda qələmə alınan ilk və son poema nümunəsidir. Apardığım axtarışlardan, araşdırmalardan sonra gəldiyim qənaətdir. Yanlışlığım varsa, ədəbiyyat alimləri lütfən bildirsinlər.Mötərizə içində janrını əfsanəvi poema kimi müəyyənləşdirdiyi bu əsər “İstiqbala səyahət” adlanır. Poemanın elmi-fantastik fonundakı süjet xəttini mistik-ruhaniyyət qatları olduqca maraqlı bir tərzdə zənginləşdirir. Oxşar bir məzmunda hələ rastlamadığım bir əsərdir. Bu poemanı 23 yaşında qələmə alıb. Həmin dəftərdə səliqə ilə əsərin tarixini də, yazıldığı yeri də (5.2.46-cı il, Malbinəsi kəndi – valideynlərinin sovet təqiblərindən qaçıb sığınacaq tapdıqları kənddir, Yevlax rayonunun ərazisindədir). Yaxın vaxtlarda mətbuatda çap edilər inşAllah.

Zaman-zaman əlimin altında olan və həmişə gözümdən qaçırdığım bu tapıntının Qasım Qasımzadənin 90 illiyində üzə çıxması səbəbinin izahına çətinlik çəkirəm. Görünür, hələ bizim bilmədiyimiz çox nəsnələr var ki, mistika ilə ilgilidir. Əslində bütün bunların gözəlliyi də, elə bilirəm, bu mistika dediyimizdədir. Adsız-ünvansız şöhrətin yanında tayı da olmalıymış – adlı-ünvanlı şöhrət!

525.az

# 1136 dəfə oxunub

Oxşar xəbərlər

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

Ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır - Həcər Atakişiyeva

17:30 18 iyul 2024
Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

10:29 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

15:00 16 iyul 2024
# # #