“Sizin yazıçı bizim balaca qızla...”

“Sizin yazıçı bizim balaca qızla...”
29 iyun 2015
# 08:00

Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Dolaşıqlıq” məqaləsini təqdim edir.

Əhvalat 80-ci illərin ortalarında baş verib. Cavan, subay vaxtlarım idi. “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsində işləyirdim...

Bir gün yayın cırhacırında bir hal əhliylə xəlvətə çəkilib sübh şəfəqlərini gözüaçıq qarşılamalı oldum. Sonra özümü birtəhər evə çatdırıb qaydaya salmağa başladım. Yuxulu halda səhər naharına girişdim. Qəfildən telefon çaldı. “Səhərin bu vaxtı kim ola?” düşüncəsiylə dəstəyi qaldırdım. Bir qarının əsəbi, xırıltılı səsini eşitdim;

- Gör indi başına nə oyun açacam! Biz də yerdən çıxmamışıq. İşinin nömrəsini tapım, görərsən!...

Qarı sözünü bitirib dəstəyi guppultuyla telefona çaxdı.

“Əşşi, Allah kəssin belə keyfi. Avara bir urus qızıyla oturursan, sənə Puşkindən şeir deyir, Tolstoydan danışır. Ürəyin açılır... Bizimkilərlə iki addım atmamış bir zibil çıxır. Ruhun ölür...” fikirləriylə naharımı yarımçıq qoyub narahat halda yollandım işə.

İkinci mərtəbəyə qalxıb otağımın qapısını açdım, keçib oturdum masamın arxasında. Gözümü qaldırıb üzbəüz masada oturub nə iləsə bərk məşğul olan redaksiya müdirim Əmir Mustafayevə baxdım. Başını aşağı salıb böyük sürətlə nəsə yazırdı. Adətən hər şeylə maraqlanan və hər mətləbdən vaxtında agah olmağa müvəffəq olan narahat qəlbli müdirimin bu biganəliyi məni heç açmadı. Çıxıb dəhlizdə pəncərənin yanında siqaret çəkə-çəkə fikirləşməyə başladım.

O vaxt “Azərnəşr”də direktoru işdən təzəcə çıxarmışdılar. Yenisini gözləyirdik. Nəşriyyata baş redaktorumuz yazıçı Cəmil Əlibəyov rəhbərlik edirdi. “Görəsən onun işdən xəbəri varmı? Varsa, Əmir Mustafayev hay-hay xəbərdar olmalıdı...” düşüncəsiylə məsələnin nə yerdə olduğunu öyrənmək üçün otağa keçib məzuniyyət ərizəsi yazmağa başladım.

Əmir Mustafayev öz işində idi, qələminin sürəti azalmamışdı. Ərizəni yazıb qoydum masasının üstünə, amma həmişə asan başa gələn bu iş indi ilişiyə düşdü. Əmir Mustafayev ərizəni oxuyub başını qaldırdı, əvvəlcə qırğı gözlərini mənə zillədi, sonra dedi ki, vallah mən etiraz eləmirəm, amma inammıram Cəmil müəllim buraxa, səhərdən bərk hirslidi, heç kim yanına girməyə ürək eləmir.

Fikirləşdim ki, bərəkallah, arvad səhərin gözü açılmamış bu qədər iş görübsə, gör axşama nə qayıracaq. Amma işin axırına çıxmaq məqsədilə dedim ki, Əmir müəllim, siz qol çəkin, onunla özüm dil taparam.

Əmir Mustafayev dərkənar qoydu. Kağızı götürüb çıxdım dəhlizə. Cəmil Əlibəyovla mehriban münasibətdəydik. Qapını açdım. Həmişə təmkini və mülayimliyi ilə seçilən baş redaktorumuzu doğrudan da qayğılı və kefsiz gördüm. Salam verib ərizəmi qarşısına qoydum. Yer göstərdi, oturdum. Elə kağızı oxumağa başlamışdı ki, telefon zəng çaldı. Gözünü ərizədən ayırmadan fikirli-fikirli dəstəyi götürdü. Əvvəlcə bir-iki dəfə “bəli,bəli” dedi, sonra telefonda nə eşitdisə, qaşlarını qaldırdı. Kişidə hər an bir canlanma baş verirdi. Sonra “yox əşşi?!” nidası çıxdı Cəmil müəllimdən, gözləri alacalandı və “qızın neçə yaşı var?” soruşdu. Nə eşitdisə, biraz rahatlandı və “ay bacı, bəs bayaqdan deyirdin uşaqdı. O yaşda uşaq olar?!” dedi. Dəstəkdən çığırtı səsi gəldi. Cəmil müəllim də “o daha bizlik deyil, ay bacı, gedin hara lazımdı bildirin” deyib sağollaşdı və dəstəyi yerinə qoyub düz gözümün içinə baxa-baxa ərizəni mənə uzatdı və boğuq səslə dedi:

- Heç cür mümkün deyil, Ülfət...

Tam əzgin halda daha söz deməyib, abırdan başımı da qaldırmadan elə onu bildim ki, kağızı götürüb özümü birtəhər bayıra atdım. Tez siqaret çıxarıb tüstülətməyə başladım. Fikirləşdim ki, sən bir kişidə nəcibliyə bax, bir kəlməylə də açıb-ağartmadı, üzümə vurmadı, halal olsun. Amma bir o baxışı bəs idi mənə. Bu vaxt siyasi redaksiyanın qapısı açıldı və həm yerişi, həm zahiri, həm də boy-buxunu ilə eynən “Baharın on yeddi anı” filmindəki Pleyşner obrazını andıran redaksiya müdiri Rüfət Əyyubov (rəhmətlik şair-tərcüməçi Tələt Əyyubovun qardaşı) başılovlu otağından çıxıb sağa-sola dartındı, əl-qol ataraq nəhayət gəlib girdi baş redaktorun otağına.

Rüfət müəllimin yaşı yetmişi çoxdan ötmüş, saç-saqqalı ağarmışdı. Yerindən qalxanda hayana gedəcəyini müəyyən etmək olmurdu, nə idisə birdən görürdün düz getdiyi yerdə dönürdü sağa, ya da sola. Axır, fikir verməyib siqaretimi axıracan çəkib otağıma keçmək istəyirdim ki, yenə qapı açıldı və Rüfət Əyyubov Cəmil müəllimin kabinetindən çıxdı. Amma nə çıxdı – yenə sağa-sola valaylaya-valaylaya gəlib düz dəhlizin ortasında dayanıb ürəyini tutdu. Baxdım ki, qarabuğdayı kişi olan Rüfət müəllimin rəngi lap qaralıb, gicgahındakı damarlar şişib. Bir az beləcə dayanıb sonra yenə əl-qol ataraq birtəhər keçdi otağına... Mən də işin sonunacan narahatlıq içində oturub axşamüstü getdim evə.

Bir-iki gün belə ötdü. Çalışırdım Cəmil müəllimin gözünə görünməyim. Siqaret çəkməyə çıxanda da ehtiyatla qapısına baxırdım ki, çıxıb məni görməsin.

Bir on gündə keçdi... Gördüm məni itirib-axtaran yoxdu. Bir az rahatlandım. İndi təkcə Rüfət Əyyubovun bikef gəzib-dolanması və mənimlə könülsüz salamlaşması təəccüb doğururdu. Sonra xəbər tutdum ki, həmişə hamıyla gülüb-danışan, zarafatlaşan Rüfət müəllim axır günlər özünə qapanaraq bütün kollektivlə belə soyuq davranır. Onu da deyirdilər ki, iki-üç gündən bir Cəmil müəllim onu nəyə görəsə otağına çağırır və kişi oradan çox halsız qayıdır.

Bir müddət də keçdi... Hamımızın gözü qabağında Rüfət Əyyubov günü-gündən şam kimi əriyirdi. Kişinin rəngi-rufu da dəyişmişdi. Nəyin xiffətini eləyirdi, bilmək olmurdu. Özü də deyirdilər, Cəmil müəllim əl çəkmir ondan, həftə səkkiz-mən doqquz işin ortasında bir də gördün tək olanda yanına çağırır. Orada nə baş verirsə, kişi kabinetdən meyit günündə çıxır, özündə-sözündə olmur. Xasiyyəti də tamam dəyişib, yumşalıb, lap uşaq kimi olub.

Cəmil müəllimin yanından çıxdığım gündən bir-iki ay keçmişdi. Demək olar, hər şeyi unutmuşdum. Bir gün nə üçünsə məni otağına çağırdı. İçəri keçib salamlaşdım, həmişəki kimi gülümsünüb yer göstərdi. Əyləşdim. Hansı əlyazma barəsindəsə xeyli söhbət etdik. Birdən nə oldusa, Cəmil müəllim ciddiləşib dedi ki, yaxşı yadıma düşdü, çoxdan soruşmaq istəyirəm, filan vaxtı sənin başına belə bir iş gəlməyib ki? Sakitcə başımı aşağı salıb dedim ki, olub, Cəmil müəllim. Əlini əlinə vurub dedi:

- Pah atonnan!.. İki aydı, nə gecəm var, nə gündüzüm. Gündə mənə zəng vurub ağızlarına gələni deyirlər. Tələb eləyirlər ki, ölçü götürüm. Səni qoymuşam burda, ağlıma Rüfət Əyyubov gəlib. Çağırıb deyirəm, ay Rüfət, ayıbdı. Bu yaşında sənə belə iş görmək yaraşmaz, özünü də biabır edirsən, bizi də. Elə deyir ki, Cəmil müəllim, vallah elə olmayıb, hamısını danışaram sizə.

Deyirəm, a kişi, daha nə danışacaqsan, sənin yerinə mən xəcalət çəkirəm, get nə eləyirsən elə, bu söz-söhbət qurtarsın. Boynunu büküb çıxıb gedir. İki günə yenə zəng eləyirlər. Yenə çağırıram. Deyirəm, Rüfət, məsələni bitir, məndə can qalmadı. Elə tutub ki, elə olmayıb, qoy danışım necə olub. Dişimin dibindən çıxanı demişəm ona.

Sonra Cəmil müəllim başını bulayıb dedi ki, gedə bilərsən. Durub sakitcə qapını açdım. Otaqdan çıxmamış bir də saxladı. Cəmil müəllimin son cümləsi indiyədək qulağımdadır.

- Ülfət, səndən bundan başqa hər şey gözləyərdim.

# 1850 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #