Paolo Koelyo ilə məzələnən həmyerlisi

Paolo Koelyo ilə məzələnən həmyerlisi
4 may 2015
# 12:47

Atalarımızın romanları yazılsaydı

Zaman o zaman idi ki, başımızın üstündəki səma indikindən daha mavi, sularımız daha şəffaf, insanlarımız daha saf idi.

Onda hələ nə internetdən xəbərimiz var idi, nə İŞİD-dən.

Onda məşhur insanlar da bu qədər əlçatan deyildilər. Onları Facebook, Twitter, Instagram ovcumuzun içinə, gözümüzün önünə gətirməmişdi.

Onda atalarımız da küçədə gördüyü bir məşhur haqqında üç gün, üç gecə danışardı.

Haşiyə: Bir dəfə Aşıq Hüseyn Saraclı bizim kəndə gəlibmiş; yayın cırhacırı, o da aşıq paltarında, buxara papaqda... Dağ adamı olasan, Aranın istisinə dözəsən, çətindi. Atam tanıyıb qarşılayıbmış məşhur aşığı. Həvəslə qulluğunda durubmuş, ona çay ismarlayıbmış. Atam indi də bizim ailənin bu kiçik “əfsanə”sini həvəslə danışır.

Deməyin, özünü Pamuka tay tutur. Ona atası 50-ci illərin Parisində Sartrı görməyindən danışarmış.

Hə, əziz oxucu, əminəm sənin atanın da belə bir əfsanəsi, əhvalatı var.

Bir anlıq təsəvvür edək ki, atalarımızın həyatı roman olur. O zaman bu məşhur insanlar onların romanlarında hansı pillədə dayanar? Əlbəttə epizodik qəhrəman kimi. Təsəvvür edin, atanızın həyatı roman olur. Atanız 50-ci illərdə Bakıya gəlmiş Nazim Hikmətlə görüşü, rastlaşmağı cəmi iki səhifəlik yer alır.

İndi romanlar bu cür yazılır, bildiyimiz məşhurlar keçir ikinci-üçüncü plana, onun yerinə adi insanlar baş qəhrəman olur. Aşağıda haqqında danışacağım “Kafkanın bəbirləri” romanında olduğu kimi.

Braziliyalı yəhudi

Adı da dilimizə yatımlıdı, Moasir, bəli-bəli Moasir Sklyar. 1937-ci ildə Braziliyada anadan olub. Ailəsi 1919-cu ildə Bessarabiyadan – Rusiya ərazisindən Braziliyaya köçmüş yəhudilərdəndir.

Moasir Sklyar ixtisasca həkimdir. “Həkimin təhsil illərindəki həyatı” hekayələr kitabı ilə 1962-ci ildə ədəbiyyat aləminə qədəm basıb.

Sonralar “Kentavr bağda”, “Maks və pişiklər” və başqa əsərlər yazıb. “Kentavr bağda” əsəri ilə ən yaxşı 100 müasir yəhudi yazarlarının siyahısında yer alıb. Deyilənə görə, 2002-ci ildə “Pinin həyatı” romanına görə, Buker mükafatı almış Yan Martel əsərin süjetini Sklyarın “Maks və pişiklər” əsərindən götürüb.

2011-ci ildə vəfat edən Sklyarın əsərlərində əsasən Braziliyada yaşayan yəhudi emiqrantlardan bəhs olunur. Onun “Kafkanın bəbirləri” əsəri də bu qəbildəndir.

Trotskinin Kafka tapşırığı

“Kafkanın bəbirləri”ndə hadisələr digər Latın Amerikası romanlarından fərqli olaraq məsafəcə yaxında - Besssarabiyada, amma zamanca uzaqda – 1915-ci ildə baş verir. Ləqəbi Bala Siçan olan Benyamin yəhudi kəndi Çernovitsada Kantaroviçlərin ailəsində doğulub. 19 yaşı var. Dostları ilə kiçik solçu dəstə yaradıblar. Dəstənin başçısı isə Yosya ləqəbli Yosifdir. Yosif alovlu inqilabçıdır. Ən böyük arzusu Trotski ilə görüşüb partiyaya qəbul olmaqdır.

Yosif bunun üçün Trotskinin gizləndiyi Paris şəhərinə gedib orda böyük inqilabçı ilə görüşür. Ondan gizli tapşırıq, bilet, yol pulu da alır. Yosif Praqaya gedib Frans Kafka adlı yazıçıdan lazımı mətni almalıdır. Bundan sonra mətni gizli şifrənin qeyd olunduğu kəsikli vərəqənin altına qoyub alınan yeni mətni oxumalıdır. Burada Yosifin gizli tapşırığı qeyd olunur.

Parisdən Çernovitsaya qayıdan Yosya xəstələnir. Sağalmayacağını bilən nakam inqilabçı dostunu çağırıb ölümqabağı vəsiyyət edir. Bala Siçan Praqaya gedib Kafka adlı adamla görüşməli və əməliyyatı sona çatdırmalıdır.

Bala Siçan Praqaya gəlir. Əvvəlcədən bron edilmiş “Ternimus” otelinə çatanda yadına düşür ki, Trostskinin verdiyi vərəqənin olduğu çantanı qatarda unudub. Orda həm də Kafkanın əlaqə nömrəsi yazılıbmış.

Varlıdır, üsyankardır, ünsiyyəti sevmir...

Əsərin maraqlı tərəflərindən biri də odur ki, müəllif hadisələrə yüz il sonranın gözü ilə deyil, 1915-ci ildən baxır. Onda hələ dünya Kafkanı tanımır. Və Praqada bu adda yazıçını tapmaq asan deyil. Benyamin Kafka ilə görüşmək üçün – tərslikdən Kafkanın adını da unudub – min bir plan qura-qura Qolemin (bu haqda aşağıda!) dəfn olunduğu sinaqoqa gəlib çıxır. Orda rastlaşdığı ravvinə bir yəhudi yazıçını axtardığını deyir. Ravvin cavab verir: “Praqada yaşayan yəhudi yazıçılar... Mən çox az adam tanıyıram. Özün başa düşürsən, bu sahənin adamlarının sinaqoqla o qədər də arası olmur. Amma iki nəfər arabir gəlir. İki dost. Birinin adı Maks Broddu, xoşrəftar adamdı. O biri isə Frans Kafkadı. Olduqca qəribə tipdi...”

Ravvin daha sonra Kafka haqqında ətraflı məlumat verir. Deyir ki, ünsiyyəti sevmir, üsyankardır, varlı ailədən olsa da atası ilə yola getmir. Ona qarşı çıxır. “Üsyankar” sözünü eşidəndə Benyamin sevinir. Fikirləşir ki, mən də atama qarşı çıxmışam, Trotskinin dostu elə məhz belə olar.

Koelyonu bir abzasla məhv etmək

Kafkanın Əl-kimyagərlər küçəsində qəsrin arxasında yaşadığını öyrənən Benyamin təəccüblənir. O, əl-kimyagərlərin guya metalı qızıla çevirmək adı altında spekulyasiya ilə məşğul olduqlarını bilirdi. Bir sözlə onlar bərabərsizliyin simvolu sayıla bilərlər. Bəs o zaman belə küçədə, pəncərəsindən qəsr görünən evdə niyə yaşayır? Bəlkə burda bir sirr var? Bəlkə Kafka kapitalizmə qarşı hiddətini artırmaq üçün belə edir? Axı hiddətsiz inqilab baş verə bilməz?

Bu yerdə Ravvin ona qəribə bir əhvalat danışır. Onu burda yazmıram, qısaca onu deyim ki, əhvalat məşhur Braziliya yazıçısı Paolo Koelyonun “Əl-Kimyagər” əsərinin qısa məzmunudur.

Sklyar sanki küçənin adını “Əl-Kimyagər” qoymaqla və o boyda əsərin məzmununu bir neçə cümlədə ifadə etməklə əslində həmvətəninin sanıldığı qədər böyük olmadığına işarə vurur. Sanki demək istəyir, sizin o tanınmış yazıçının bir kitabda yazdığını mən bir abzasda əridirəm. Bu fakt özü Koelyonun nə qədər şişirtmə olduğunu göstərir. Bizim yerli koelyopərəstlər üçün maraqlı nümunədir. Əgər bir braziliyalı yazıçı özünün dünyaca məşhur qələm yoldaşı ilə məzələnirsə, deməli bizim bilmədiyimiz çox şey var. Gör indi Braziliyanın ədəbi kluarlarında Koelyo haqqında nə zarafatlar qoşub, nələr danışırlar.

Hər şey Tövratda varsa?

Benyaminə həyatda ən vacib şeyin ruhi sakitlik olduğunu deyən qoca Ravvin ədəbiyyat haqqında da özünəməxsus fikir söyləyir. O, nə vaxtsa bu barədə Kafkaya da deyibmiş: “Mən Kafkaya Qolem əhvalatını danışıb onu xəbərdar etdim: bizim iradəmiz xaricində olan bir şeyi yaratmağa dəyməz. Ədəbiyyat isə məhz belədir: bizim onun üzərində hakimiyyətimiz yoxdur. Yazmağa başladın, quraşdırmağa başladın, artıq bilmirsən bu səni hara aparıb çıxaracaq. Əgər bütün vacib şeylər Tövratda varsa, ümumiyyətlə, kitab yazmaq nəyə lazım?”

Rəvayətə görə XVII əsrin əvvəllərində Praqada bir ravvin yəhudiləri əzabdan qurtarmaq üçün gildən bir varlıq yaradır. Amma nəhəng varlıq tezliklə onun nəzarətindən çıxaraq idarəolunmaz hala gəlir. Belə olan halda din adamı Qolemi təzədən öldürməli olur.

Ravvin ədəbiyyatı fövqəlbəşər, idarəolunmaz bir nəsnəyə bənzətməklə yanaşı Kafkanın yaradıcılığını da yüksək dəyərləndirir. Həqiqətən Kafka özünün yaratdığı ədəbi dünya ilə bizim üçün yeni bir Qolem qoyub getmədimi? Hər dəfə onun əsərlərini oxuyanda o, gil varlıq içimizdə dirilmirmi?

Kafka yaradıcılığının o dağıdıcı ruhunu ancaq Qolemlə metafora eləmək olardı.

Ravvin gənc inqilabçı ilə ibrətamiz söhbət edəndən sonra özün Freydlə müqayisə edir. Deyir, Vyanada bir yəhudi peyda olub. O da mənim ki, insanlarla ibrətamiz söhbətlər edir, amma nədənsə bunun əvəzində ona çoxlu pul verirlər, mənə isə qəpik-quruş.

“Çevrilmə” uşaqlar üçün deyil

Əl-Kimyagərlər küçəsinə yollanan Benyamin təsadüfən başqa bir yazıçının qapısını döyür. Müəllif istəsəydi ona da tarixi bir ad verərdi. Amma vermir. Sanki bunu qəsdən edir. Özündən qürrələnən yazıçının adını gizli saxlamaqla tarixin də onu unutduğunu vurğulamaq istəyir. Naməlum yazıçı isə Kafkanın adını eşidəndə əsəbiləşir:

“Mən, Frans Kafka? Bu nə çərənçilikdir. Mən böyük yazıçıyam, sizin Kafka isə adamları yolundan azdırmaqla məşğuldur. Özünü ifadə edə bilmir. Yox, mən Frans Kafka deyiləm. Onun evi yaxındadır, nömrə 22.

Bir qədər susaraq o əlavə edir:

- Amma siz onu indi tapa bilməyəcəksiz. Bu vaxtlar o, işdə olur. İşləyir, bilirsizmi? Çinovniklik edir. Niyə? Çünki ədəbiyyatdan qazandıqları ilə dolana bilmir. Bu da təbiidir: onun yazdıqlarını heç kəs başa düşmür. Deyəsən, onun bir şedevri var, “Çevrilmə” adlanır. Həşərata çevrilən bir adam haqqındadır. Belə şey olar? Əgər uşaqlar üçün yazsaydı başa düşmək olardı, yox, o, böyüklər üçün yazır. Belə qaramat, qarmaqarışıq hekayələr. Bilirəm-bilirəm, siz məndən heç nə soruşmadınız, amma bir yazıçı kimi mənim borcum sizi xəbərdar etməkdir: Bu Kafkadan ehtiyatlı olun. O, siz fikirləşdiyiniz kimi deyil.”

Kafkanın Fəhlələrin Bədbəxt Hadisələrdən Sığortalanması İnstitutunda işlədiyini öyrənən Benyamin növbəti məyusluğunu yaşayır. Axı bir inqilabçı niyə kapitalistlərin mənafeyini güdən təşkilatda işləsin? Sonra o, öz-özünə düşünür; bəlkə Kafka qəsdən bu struktura soxulub, onun vəzifəsi əlil olmuş fəhlələr arasından narazıları tapıb partiyaya dəvət etməkdir?

Nəhayət Kafka ilə telefon vasitəsilə əlaqə quran Benyamin gözlənilən mətni alır. Almanca olan mətni ravvinə aparıb tərcüməsini öyrənir. Lakin heç nə başa düşmür. Günlərlə mətni analiz etməyə çalışır. Kafkanın mesajını öyrənmək istəyir. Mətn isə belədir: “...Bəbirlər məbədə soxulub qurbanlıq fincanlardakı içkiləri dibinə kimi içirlər; bu, hər dəfə təkrarlanır; nəhayət onların gəlməyi adi hal alır və ayinin bir hissəsinə çevrilir.”

Ölüm lagerindəki sevgili

Benyamin mətndən heç nə anlamır. Praqanı gəzib qiymətli əşyalar satılan mağazanın vitrinində üzərində bəbirlər olan fincanlar görür. Berta adlı satıcı qızla tanış olur. Atası yəhudi olan Berta Benyamini evinə dəvət edir. Lakin onun fincanları oğurlamaq istədiyini öyrəndikdə qovur.

Bala Siçan bu qadını heç vaxt unutmayacaqdı. Sevgisinə sadiq qalıb evlənməyəcəkdi və Bertanın İkinci Dünya Müharibəsindən sonra əsir düşərgəsində öldüyünü öyrənəcəkdi.

Mətnin şifrəsini çözə bilməyən Benyamin Kafkanın evinə gəlib onunla görüşür, mətni anlamadığını deyir. Kafka isə şikayətlənir: “Mənim mətnlərimi başa düşmək çətindir. Ona görə də onları çap etdirə bilmirəm.”

Daha sonra Kafka ilə Bala Siçan məlum mətn haqqında danışırlar. Amma oxucu hiss edir ki, Kafkanın cavabları “məbəddəki bəbirlər” haqqında deyil, o, sanki gələcəkdə onun əsərlərini oxuyacaq adama özünü yaradıcılığı, mətnləri haqqında məlumat verir.

Benyaminin inqilabçı olduğunu öyrənən Kafka gizli tapşırıqdan xəbərsiz olduğunu deyir. Sən demə o, mətni Praqada yəhudi dilində çıxan bir jurnal üçün yazdığını sanıbmış.

“Qəsr” kimi həyat

Əli hər şeydən üzülən Benyamin kəndlərinə qayıtmalı olur. 1919-cu ildə isə ailə Braziliyaya köçür. Burda Benyaminin qardaşı böyük tikiş fabriki qurur. Solçu ideyalarına sadiq qalan Benyaminin kapitalizm nifrəti onu qardaşına şərik olmağa qoymur. O, ömrünü tənhalıq içində kitab oxuyaraq, xüsusən də Kafkanın əsərlərini oxuyaraq keçirir.

Bəzən həyatımızda elə hadisələr baş verir ki, onun təsirindən bütün gələcəyimiz, ömrümüz dəyişir. Bəlkə də o hadisənin təsirindən çıxa bilsək, yenidən həyatımızı öz məcrasına döndərə bilsək, ömrümüz fərqli, uğurlu keçər. Amma yox, o təsirdən çıxa bilmədikdə isə bu boz zolaq bütün ömrümüz boyu bizi izləyir.

Adətən romantiklər belə zəiflik göstərirlər. Onlar bu amplitudadan çıxa bilmir, bir hadisənin eyforiyası ilə bütün həyatı boyu yaşayır, onda ilişib qalırlar, Don Kixota, Covanni Droqoya bənzəməyə başlayırlar, ya da “Qəsr”in qəhrəmanına - K.-ya.

Bəlkə Sklyar qəhrəmanını Kafka ilə buna görə görüşdürmüşdü?

# 1208 dəfə oxunub

Oxşar xəbərlər

Han Kanq:  "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

Han Kanq: "Onlar qurbana çevrilməmək üçün ölümü seçmişdilər" - Müsahibə

12:00 11 oktyabr 2024
"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

"Mən bazar yazarı deyiləm!" - Həmid Herisçinin sərgi haqqında müsahibəsi

12:00 10 oktyabr 2024
Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

Yolun yarısı keçildi! - 10 möhtəşəm cild haqqında

17:00 9 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
# # #