"Faşizmin alçaq agenti Əli Kərimov"

"Faşizmin alçaq agenti Əli Kərimov"
10 yanvar 2013
# 11:34

Layihə - 37

Kulis.az Əziz Şərifin Mirzə İbrahimovun “Həyat" tamaşası haqqında yazdığı “İncəsənətimizin yeni müvəffəqiyyəti"

məqaləsini təqdim edir

Bu dəfə biz Azərbaycan incəsənətinin yeni müvəffəqiyyətindən danışarkən, bu müvəffəqiyyətlərin hərtərəfli – avtor, rejissor və artistləri, yəni dövlət dram teatrosunun bütün kollektivi tərəfindən əldə edilmiş bir müvəffəqiyyət olduğunu qeyd etmək istərdik.

Faşizmin alçaq agenti, trotskiçi, kontrrevolyusioner Ruhulla Axundov və Əli Kərimovun Azərbaycan teatrosunda yürütdüyü ziyançı siyasət sayəsində Mirzə İbrahimovun “Həyat” adlı pyesi uzun aylarla teatronun yeşiklərində saxlanmış, tamaşaçıya göstərilməmişdi. Repertuar aclığından, yazıçılarımızn fəaliyyət göstərmədiyindən gileylənən teatro ziyançıları və xalq düşmənləri əllərinə yaxşı orijinal bir pyes düşəndə onu ört-basdır edib, ona qarşı min cürə boş etirazlar edib, səhnəmizi, incəsənətimizi geri çəkməyə çalışırdılar.

Trotskist – müsavatçı düşmənlər, satqınlar aradan qaldırıldıqdan, incəsənət və teatro rəhbərliyi dəyişdirildikdən sonra ay yarımın ərzində teatromuz yeni orijinal bir pyesi tozların altından çıxarıb onun tamaşasını şanlı Aprel bayramına hazırlamağa müvəffəq olmuşdur.

Bu gün Əzizbəyov adına Azərbaycan Dövlət Teatrosunda tamaşaya qoyulan “Həyat” pyesi zəmanəmizin ən kəskin məsələlərindən birini ortalığa qoyur, kolxoz kəndini, maşın- traktor stansiyasını, hərə öz bildiyi kibi çalışan tipləri, canlı obrazları, sinfi mübarizəni, düşmən cinayətlərini göstərir. MTS-in siyasi şöbəsi naçalniki, partiya tərəfindən kəndə göndərilmiş möhkəm iradəli qadın, kolxoz kəndində hakimiyyət sürən qeydsizliyi, korluğu, ağzı açıqlığı ifşa edir, bolşeviklərə layiq olmayan bu sifətlərə qarşı mübarizəyə başlayır və ən nəhayət, partiya biletini əlində alət edərək olmazın cinayətlər təşkil edən sinfi düşməni ifşa edib, onu sağlam sosializm orqanizmindən qoparır, tollayır.

Pyesin məzmunu gərgin və mürəkkəbdir. Bütün hadisə və hərəkətlər realist və inandırıcıdır. Pyesin dili zəngin və sadədir. Obrazların çoxu qüvvətli və həyatidir. Bunların hamısı pyesin tamaşaçılar tərəfindən yaxşı qarşılanacağını təmin edir.

Lakin bunlarla belə, pyes qüsurlardan da azad deyildir.

Pyesdə əsas nöqsan baş obrazın, Həyatın o biri düşmən və mənfi obrazlara nisbətən zəifliyidir. Bu obraz dərin və hərtərəfli deyil, onda bir qədər sxematizm vardır. Halbuki şlyapa kommunist Həsənov və sovet epoxasının ən qəddar düşməni müsavatçı Süleyman daha zəngin rənglərlə, daha geniş və doğru göstərilmişdir. Bu, yolverilməzdir!

Ən görkəmli nöqsanlardan biri də pyesin uzunluğu, onda artıq və tamaşaçının fikrini dağıda biləcək səhnələrin əsas xəttinə soxulmasıdır. Lakin bu qüsurlar pyesin ümumi müsbət xasiyyətini heç də korlamayır. Pyes sonunadək azalmayan maraqla baxılır ki, buna da həm rejissor quruluşu, həm də artistlərin oynaması yardım edir.

Bunların arasından bir neçəsini ayrıca qeyd etmək lazımdır. Həyatı rolunu Mərziyyə, Süleymanın rolunu Ülvi ( az sonra repressiya qurbanı olmuş Ülvi Rəcəb – K. H), Həsənovun rolunu Mərdanov olduqca gözəl ifa edir və inandırıcı obrazlar yaradırlar. Mirzağa Əliyev, Əli Qurban, Gəraybəyli, Ələkbərov, Əfqanlı, Sona, Əzizə və sairləri də bacarıqla oynayırlar.

Bu tamaşada bizi ən artıq sevindirən, avtordan tutmuş balaca bir rol oynayan artistədək, bütün kollektivin əlbir olaraq, tamaşanı bacardıqca maraqlı etmək üçün var qüvvəsi ilə çalışmasıdır. Bunu deməklə biz istər ümumi quruluşda, istərsə də ayrı-ayrı artistlərin oyununda olan qüsurları heç də gizlətmək fikrində deyilik, lakin tamaşanı bütünlükdə götürəndə, onun bizim səhnəmizdə bu mövsümdə alqışa layiq bir hadisə olduğunu qeyd etməyə özümüzü borclu bilirik. Arzu etmək lazımdır ki, bu müvəffəqiyyətin dalınca yazıçılarımız və teatromuz yeni və daha böyük müvəffəqiyyətlər qazanmaq uğrunda yorulmadan çalışsın.

Ə. Şərif

“Kommunist” qəzeti

28 aprel 1937-ci il

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #