Kulis.az görkəmli Keniya yazıçısı Nquqi va Tionqonun “Bir buğda dənəsi” romanı və digər əsərləri haqqında Priston Universitetinin professoru Simon Gikandinin yazısını təqdim edir.
Simon Gikandi – “Bir buğda dənəsi”
“Bir buğda dənəsi” romanının Afrika ədəbiyyatı klassikləri arasında vacib yeri var. Nquqi Tionqonun 1967-ci ildə, Keniyanın müstəqillik əldə etməsindən sonrakı on ilin tən ortasında çap olunan bu üçüncü romanı isbat etdi ki, o, dövrünün ən modern yazıçılarından biridir. Nquqinin “ Ağlama, balaca” və “Aradakı çay” adlı əvvəlki iki romanı oxucuların və tənqidçilərin təqdirini qazansa da, hiss olunurdu ki, yazıçının üslubu hələ yetkinləşməyib və o, yüksəlməkdə olan Afrika ədəbiyyatında öz yerini axtarır. Nquqinin erkən dövr romanları bir şəyirdin miras götürdüyü yazı manerasını Afrikalı bir üsluba oturtmaq cəhdləri idi; “Bir buğda dənəsi” isə afrikalıların müstəqillik sonrası həyatlarını təsvir edən, sosial kimliyin dəymədüşərliyini, paradokslarını və afrikalıların təcrübəsindəki müxtəlifliyi görən yetkin bir romançının əsəridir.
Nquqi “Bir buğda dənəsi”ndə (həmin dövrdə Çinua Açebe və Piter Abrahams kimi vacib yazıçıların əsərləri ilə təmsil olunan) formalaşmaqda olan bir yazı mədəniyyətinin qazancları ilə ədəbiyyat kariyerasının başlanğıc nöqtəsi olan Uqandadakı “Makerere Universiteti”ndə öyrəndiyi, “Böyük ənənə”si olan ingilis ədəbiyyatının formalarını ustalıqla birləşdirə bilir. Roman çap olunandan etibarən Afrika ədəbiyyatının dəyişən konteksti ilə bağlı çox şeydən xəbər verir. Nquqinin erkən dövr romanları tarixi yaddaş və ya öz həyat təcrübəsi üstündə inkişaf edir, 1960-cı illərin əvvəlində müstəmləkədən müstəqilliyə keçid ərəfəsində ictimai həyatdakı arzuları analiz etməyə çalışırdı; “Bir buğda dənəsi” isə Afrika ədəbiyyatındakı anlayışların, forma və məzmunun daha geniş mənada siyasi strukturla əlaqəsi ilə bağlı hərarətli müzakirələrin getdiyi mühitdə yazıldı. Bu müzakirələrin mərkəzindəki əsas mövzular retrospektiv şəkildə Nquqinin üçüncü romanına vacib bir arxa fon əmələ gətirir.
Məsələn, əvvəlki romanlarında tarix və müstəmləkə dövrünün bitməsi kontekstində tarixin mənası, az qala, müstəqil bir xarakter kimi özünə yer tapmışdı və bu xronikiləşmişdi. Nquqinin Afrika ədəbiyyatındakı sələfləri keçmişlə, onu nəql etməkdəki fenomenlərlə çox məşğul idilər. Bu yazıçıların Afrikanının keçmişini kateqorik olaraq tragediya ya da romantik bir dönəm kimi qəbul etməsi, Açebenin (Afrika ədəbiyyatının əsas mövzusunun) afrikalılara doğru-düzgün bir tarix düşüncəsi yaratmaqla bağlı tezisi ilə əlaqədardır. Onlar Afrika ədəbiyyatına yaxşı bir əsər qazandırmağın motivasiyasını Afrika üçün işə yarayan bir keçmiş formalaşdırmaqda və afrikalıların keçərli bir tarixinin olmasında görür, bunu müdafiə edirdilər. Fəqət Nquqinin üçüncü romanı ilə birlikdə, tarixin sujetdə bu qədər yer işğal etməsi yeni nəsil Afrika yazıçıları tərəfindən müzakirə olunmağa başlandı. 1967-ci ildə Nquqi keçmişi bu günün problemlərinə qarşı bir maska kimi istifadə etməyin təhkükələrini müzakirə edən, qaradərili intellektualların milliləşmə proyektindən indidən çıxdaş edilmiş olan adi insanların problemləri ilə bağlı danışmağın zamanı gəldiyini müdafiə edən bir qrup yazıçının lideri kimi önə çıxdı.
Üstəlik, “Bir buğda dənəsi”nini yazıldığı dönəmdə Afrika cəmiyyətinin müstəqillikdən sonrakı istiqaməti hələ qeyri-müəyyən idi. Müstəqilliyin ilk on ilinin ortalarında müstəmləkə dönəminin bitməsi ilə yaranan coşğunluq öləzidi və öz yerini illüziyaların dağılmasından yaranan məyusluğa verdi. Yazıçılar artıq keçmiş təmir etməyə çalışan ədəbi formaların bu günün qeyri-müəyyən ağırlığını daşıya biləcəyindən əmin deyildilər. Nquqi bu dönəmdə müstəmləkəçiliyin tənqidi kimi yazılan, ancaq ən əsası uğursuzluqla nəticələnən müstəmləkə dövrünün bitməsindən sonra gələn təhlükələrlə bağlı kəhanətvari xəbərdarlıqları ilə dəyər qazanan Frants Fanonun “Yer üzünün lənətliləri” kitabı ilə qarşılaşanda, ortalıqda qeyri-müəyyənlik hökm sürürdü. Fanon bu kitabın ortalarında (yazıçının çox yerində bir seçimlə “milli şüurun tələləri” başlığı qoyduğu hissədə) Afrika millətçiliyinin xalqın tələblərini şəffaflaşdırmaq əvəzinə içi boş qabığa, vəd edilənlərin içi boş parodiyasına çevrilmək təhlükəsinə qarşı xəbərdarlıqlar edir. Fanonun azad edilən millətlərin Afrikaya xas bir azadlıq kəhkəşanını meydana gətirməsi ilə bağlı təhlilini bölüşən yazıçıları artıq “böhrandakı millətlərin hekayəsi hansı formaya düşəcək?” sualı düşündürürdü.
Afrika ədəbiyyatının keçmişə batıb qalmış əsas mövzuları müzakirə olunmağa başlandığı üçün, yazıçılar tarixi və mədəni qaynaqların faydasına olan inamlarını itirmişdilər. Keçmiş ədəbiyyatın cazibəli mövzularından idi; çünki bir çox baxımdan tragik olsa da, uzaqda və sabit bir fenomen idi. İndi yaşanan gün isə əksinə, kəskin cizgiləri, hətta açıq-seçik bir mövzusu olmayan xaos kimi görünürdü. Yazıçılar artık millilik proyektindəki rollarından da əmin deyildilər. Birinci nəsil Afrikalı yazıçılar mədəni millətçiliklə yaxından əlaqəli şəkildə özlərinə müstəmləkə sonrası bir milli cəmiyyət təsəvvür etmək missiyası yükləmişdilər. Müstəqilliyin gəlişi ilə yeni Afrika ədəbiyyatının ağırlığı qalmadı. Nquqi “Bir buğda dənəsi”ni sənətçilərlə siyasətçilərin yollarının ayrıldığı bir dövrdə yazdı. Hiss edirdi ki, tarixi hekayətçilikdən qopmalı, ingilislərə qarşı savaşmış, amma “bu gün həmin mübarizənin bir kənara atıldığını” görən kəndlilərin aktual problemlərini yazmalıdır.
“Bir buğda dənəsi”ni önəmli edən başqa bir cəhəts də Nquqinin keçid dövrü ilə bağlı qayğılarını, müstəmləkə sonrası təcrübələri yetkin bir təhkiyə ilə ifadə edə bilmək bacarığıdır. Bu roman müstəmləkə sonrası keçid problemini sujetin bir istiqamətinə çevirir. Nquqinin romanı tarixin təbiətindən və məzmunundan qaçmağa, yaxud onun gücünü, dəyərini görməzdən gəlməyə çalışmır; əksinə, vasvasılıq dərəcəsində üstündə dayandığı çağdaş Keniya tarixinə fokuslanır və ingilis idarəçiliyinə qarşı ilk kütləvi üsyanın olduğu 1922-ci ildən, 12 dekabr 1963-cü ildəki müstəqilliyə qədər, milli mücadilənin bütün açar məqamlarına toxunur. Bununla yanaşı, əsas diqqətə layiq olan şey arixin eyni vaxtda həm xatırladılması, həm də müzakirə olunmasıdır:
“Keniya İngiltərədən xilas olub müstəqilliyini, yəni Uhurunu 1963-cü il dekabrın 12-də qazandı. Gecə yarısından bir dəqiqə qabaq Nairobi stadionundakı işıqlar söndürüldü və ölkənin hər tərəfindən mərasimə gələnlər qaranlığa qərq oldu. Qaranlıqda tez ingilis bayrağı aşağı endirildi. İşıqlar təzədən yananda isə havada təzə Keniya bayrağı dalğalanırdı. Polis heyəti yeni Milli Marşı çaldılar və qara, qırmızı, yaşıl bayrağın dalğalanmasını görən izdiham bitmək bilməyən bir alqışa başladı. Alqışlar stadionun ortasındakı qatı palçığa çoxlu ağacın düşməsinə bənzər bir səs çıxarırdı.”
On dördüncü hissənin əvvəlindəki bu pasaj, həm xarakterlər, həm oxucu üçün təsirlidir. Xarakterlər üçün müstəqilliyin qazanılması ani bir qaranlıqla ifadə edilib. Biz isə xarakterlərin mövcudluq səbəbi olan müstəqilliyin qazanılmasını şəxsi və kollektiv səviyyədə uğur anı kimi səciyyələndirən ehtimalların boşa çıxdığı ironik bir ziddiyətlə qarşılaşırıq. Xarakterlərin yarım əsrdən daha uzun müddət çəkən yaşantılarını izləyib onların gözləntilərini bölüşən oxucu üçün bu pasajın sıradan dili qopma hissini qüvvətləndirir. İki vəziyyətdə də Nquqinin məqsədi keçmişi özgələşdirmək və beləcə, onu rəsmi mifologiyalardan xilas etməkdir. Müstəmləkə dövrünün sona çatması ilə ifadə edilən tarix artıq bir millət təsəvvür edən orqanik bütövün tərkib hissəsi deyil. Nquqinin romandakı böyük uğuru odur ki, o, keçmişi sadəcə niyyətləri, arzuları Keniyadakı millətçilik hekayəsini önəmsizləşdirəcək qədər qarışıq və ziddiyətli olan xarakterlərin şüuru ilə ifadə edir və bunu silsilə təhkiyə formalarından istifadə edərək reallaşdırır.
“Bir buğda dənəsi” açıq-aşkar yazıçının simvolik niyyətləri ilə keçmişi tənqid etmək üçün ehtiyacı olan ironik diskurs arasındakı üstüörtülü gərginliklə qurulub. Bu gərginlik xarakterlərin cəmiyyətdəki maskaları ilə gizli instinktləri arasındakı yarılmada ortaya çıxır. Romandakı xarakterlər Keniya tarixinin açar məqamları ilə yaxından bağlıdırlar və adları vacib tarixi simvolların daşıyıcıları kimi düşünülüb. Qoca Varui (çay) tarixin vacib mərhələlərini sujetə bağlayan kanal funskiyasındadır. Gikonyo (göbək) nəsilləri bir-birinə bağlayan göbək bağı funksiyasındadır, arvadı Mumbi isə Gikuyu xalqının simvolik anasının adını daşıyır. Müstəqillik savaşında ölən Mumbinin qardaşı Kihika (adının təmsil etdiyi kimi) təlaşlı bir nəslin nümayəndəsidir; Mumbiyə elçi düşən Karanja isə bir başqa nəslin adını daşıyır. Muqo xarakterinə isə cəmiyyətin ən müqəddəs peyğəmbərlərindən, kahinlərindən birinin adı verilib və romanda da səhvən xalqının xilaskarı kimi xatırlanır.
Tarixin paradoksal versiyaları və yanaşmaları qarşılaşdırılanda, hər xarakterin keçmiş hadisələrlə problemli münasibətləri üzə çıxarıldıqca, məyusluqlar və xəyanətlər təsdiqlənir. Romanın ironik strukturunun içinə yerləşdirilmiş mənalar dəyişir və bu günlə bağlı narahatlıq tarixin mənasını dəyişdirib onu dramatik müstəqillik mücadiləsinə kölgə salan keçmişin kabusu kimi göstərir. “Bir buğda dənəsi” bu mənada məyusluqların, səhvlərin və yanlış tanımaların romanıdır. Bu temalar fərqli qatlarda təkrarlanır. Xüsusən vacib xarakterlərin həyatları, aşkarlanan kəşflərin və dəyişmələrin, fərdi və tarixi simaların, əslində, bizim düşündüyümüz kimi olmamasının ortaya çıxması ilə inşa edilir. Romanın mərkəzində Muqonun milli qurtuluş mücadiləsi ərəfəsindəki roluyla bağlı yanlış anlayış var: Əgər Kihikanın həyatını xilas edən cəsur və ürəkli Muqodursa, niyə keçmiş onu rahat buraxmır? Niyə digərlərinin israr etdiyi formada, az qala, tarixi taleyi olan qəhrəman libasını geyinməkdə dirənir?
Muqoyla bağlı məsələlərin mahiyyəti romanın sonuna qədər tam olaraq aydınlaşmır, ancaq romanda göründüyü ilk pasajdan etibarən onun xarakteri əsərin dilində özünü göstərir:
“Muqo gərgin idi. Beli üstə uzanıb damı seyr edirdi. Damdan ayıdöşəyi və ot parçaları sallanırdı, hamısı ürəyinə tərəf tuşlanmışdı. Bir damlı təmiz su otların üstündə xəfifcə titrəşirdi. Damla his zərrələrini toplayaraq böyüyərkən çirklənirdi. Ona tərəf gəlirdi. Gözlərini yummağa çalışdı. Gözləri yumulmurdu. Başını tərpətməyə çalışdı: Yatağın çərçivəsinə möhkəmcə zəncirlənmişdi. Damla get-gedə böyüdü, böyüdü, gözlərinə lap yaxınlaşdı. Ovucları ilə gözünü örtmək istəyirdi, amma əlləri, ayaqları, hər şey onun bu istəyinə itaət etməyi rədd edirdi. Muqo ayağa durmaq üçün çarəsizcəsinə son dəfə özünü məcbur etdi və oyandı. Yorğanın altındaydı və eynilə bir damla soyuq suyun gözlərini deşib keçməsindən qorxduğu yuxu kimi narahat bir qorxu içindəydi.”
Oxucu Muqonun dərin narahatçılığının səbəbini, ya da qaynağını tam olaraq bilməsə də, dil və romanın tonu şübhələri artırır.
Növbəti hissələrdə romanın başlağıcından bəri gördüyümüz Muqonunun gərginliyi digər insanların onunla bağlı fikirləri ilə toqquşur: “Muqonun adı pıçıltı ilə qulaqdan qulağa yayılırdı. Bazardakı qadınlar onunla bağlı mistik əhvalatlar danışırdılar. Adi bir bazar günündə belə bir şey olmazdı. Amma o gün adi bir gün deyildi. Həmin gün Keniya Uhuruya qovuşacaqdı. Və kəndimizin qəhrəmanı Muqo adi bir adam deyildi.” Burada bir kimlikdən çox, şübhənin, uzaqlığın şahidi oluruq; xarakterlərin ən dərin qorxuları və digərlərinin onunla bağlı qəhrəmanlıq fikri romanda şübhənin şərh edilməsi şəklində ifadə edə biləcəyimiz şeyi gücləndirir. Və Nquqi oxucunun perspektivini dəyişdirirək göstərir ki, yanlış tanımalar cəmiyyətin axtardığı dəyişməz mənaları necə yerlə-yeksan edir.
Romanda məyusluğun və xəyanətin inkişaf etdirildiyi bir qat da var: Ümumiyyətlə ən məhrəm və özəl münasibətlər vacib hadisələr üçün katalizator rolu oynayır, yaxud da onların analogiyası olur. Millətçi sujetin nəqli, ümidin və xəyanətin əhvalatı, Gikonyo, Karanja və Mumbinin üçbucaq sevgi əhvalatlarına arxa fon yaradır. Xəyanətə uğramış ümidlərin hekayəsi olan bu sevgi əhvalatı Keniyadakı millətçiliyin romantikasını təmsil edən bir hekayəyə çevrilir. Bu, romantik təhkiyənin necə millət alleqoriyasını əks etdirdiyini göstərir. Ancaq fərdlərin öz həyatını milli diskursa bağlamaq cəhdləri daim gözlənilməz dəyişmələrə, metamorfozlara səbəb olan bu ironik təhkiyə ilə əngəllənir. Müstəqilliyin qəhrəmanları kimlər idi? Fərdlərin millətçilik hərəkatındakı rolu nəydi? Müstəmləkə dövründə və bu dövrün sona çatmasında yaşanan şiddət nəticəsində yaralananlar necə sağala bilər? Nquqi sonralar bu suallara açıq və səmimi cavablar axtaran işlərə imza atsa da, “Bir buğda dənəsi” şübhə və tərəddüdlə hörülmüş romandır.
“Bir buğda dənəsi” Cozef Konradın inqilab və xəyanət romanı olan “Qərbli nəzərlər altında” adlı əsərini özünə model seçən, dili, məzmunu və baxışı, tarix, məkan, inqilab və əxlaqla bağlı tərəddüdlərin formalaşdığı modernist romanlar sırasındadır. Bundan başqa, “Bir buğda dənəsi” məzmunundakı ironiyanın dominantlığı ilə bir şeyi həm mənimsəyib, həm də astar üzünə çevirən elitar ədəbi modernizm tərzinə yaxınlığı ilə diqqət çəkir. Romanda müəllif Afrika müstəqilliyinin böhranı kimi gördüyü şeyi açıqlamaq üçün şüur axını, çoxlu, yaxud çoxqatlı xronologiya və fraqmentar təsvirlər kimi məşhur modernist strategiyalardan istifadə edir. Amma Keniyadakı müstəmləkə dövrünün bitdiyi ərəfəni təsvir etmək və xarakterlərin xüsusilə 1950-ci illərdəki Mau Mau prosesində öz tarixlərindən, torpaqlarından dərin qopuşunu göstərmək istəyəndə, müəllif ənənəvi realizmi tərk edə bilmir. Buna ehtiyac hiss etməyinin səbəbi bilinən subyektlər, ittifaqlar yaratmaq, onları problemli, amma yenə də zəngin tarixin içinə yerləşdirməkdir. Onun iddiası bu tarixi təsvir etmək və bu tarixdən müstəmləkə sonrasında yanlış istifadəni dekonstruktiv şəkildə şərh edərək konkretləşdirməkdir. “Bir buğda dənəsi”nin uğuru müəllifin müstəmləkə sonrası Afrikadakı keçid dövrü siyasətini ifadə etmək üçün modernist metoda ustalıqla fokuslanmasıdır.
Priston Universiteti, 2008
Tərcümə: Qismət
Sim-sim.az