Ərizə - Azad Qaradərəlinin hekayəsi

Ərizə - Azad Qaradərəlinin hekayəsi
10 dekabr 2015
# 12:42

Kulis Azad Qaradərəlinin “Ərizə” hekayəsini təqdim edir.

...əlinizin altında işləyən qadınlar

daha istəmirlər gizlətmək bəzi günlər

sizə yazdıqları icazə ərizələrində

əsl səbəbi bəhanələrlə

Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar apaçıq yazmaq istəyirlər gözəlliklərini

Nərmin Kamal

“Rayon Partiya Komitəsinin...”

Əl saxlayıb mühasibə baxdı:

- Birinci böyüynən?

Mühasib yumrulanıb özünü kresloya elə basmışdı ki, guya ordan heç çıxmayacaqdı. Ağzını açıb, gözünü tavana zillədi:

- Hə dana, həəə! Elə “birincini” də, “katibi” də böyüynən yaz... Tay böyüydü dayna...He-he-he...

- Qadın yazdığını ucadan deyə-deyə yazmağa davam elədi. “...Birinci Katibi yoldaş Muradxan Mahmudova...”

- İndi abzasdan həmı? – Ürkək-ürkək mühasibə baxdı. Kişi “yuvasından” başını çıxardıb “ıhı” elədi, yəni ki, “hə”. Qadın davam etdi: ”Kirov adına kalxozun...”

-...“kolxozun”, - mühasib düzəliş elədi. Qadın gülümsündü və gözünü süzdürdü:

- Ə, tay gə saamı onu da bilmiyəy?! “O”ynan yazılır, “a”ynan deyilir. Baxma e, bı kalxoz məni daşa-dəmirə döndərdi, məytəbi beşnən oxumuşam... Hələ texnikomu da “əla” və “yaxşı” qiymətlərnən...

- Az tay yaxşı dayna...ooooo... zarafat elədim...

Qadın bir az ciddiləşdi, davam etdi: “...kalxozunun sədri Qızılgül Camalova tərəfindən

Ərizə...”

- Ə, Mıstafa, ərzə böyüynən?

- İhı...- Mühasib Mustafa iki gözünü də yumub-açdı.

“Yazıb sizdən xahiş edirəm ki, nənəm vəfat etdiyi üçün maa...”

- “Mənə”, - Mustafa düzəliş etdi yenə.

- Bıy hə, doğrudan e... Allah maa ölüm versin... Nənəmi öldürdüyümə görə özümü itirmişəm... He-he... Ə, Mıstafa, ağlın nə kəsir, inanmaz birdən e deyirəm... Mən axı azı üş gün evdə qalasıyam... vay, vay, vay... ə, bı indidən başdadı ki! Səni zəhərə qalasan! Altım diri göl olub...

Qadın stuldan qalxdı. Arxadan bozumtul yubkasının çölünə çıxmış qan rənginiə iri bədənnüma güzgüdə baxıb pərt halda mühasibə döndü:

- Görürsən? Nağayrım? – aşkar qadın qüruruyla mühasibə meydan oxudu. O da eləməyib tənbəllik, “yuvasından” çıxdı, kreslosundakı qırmızı döşəkçəni gətirib qadının altına qoydu və dedi:

- Mubahdı bu, zəhər niyə deyirsən? O ki olmalıydı, oldu... Ayda bir dəfə olan şeydi... Bizim arvad başı batmış bınnan kəsilənnən yaman gündədi... Sənsə, maşallah cavansan, yumurta kimisən... Di tez ol, yaz qutar ki, südü aparan maşınnan gedim, verim raykoma ərzəni...

Köməkləşib ərizəni bitirdilər. Zərfin arasına da bir iki əllilik qoyub ərizəqarışıq uzatdı mühasibə:

-Mıstafa, qadan alım, bu paketi də köməkçiyə ver ki, ərzəni katibə tez versin... Heç olmasa üçcə gün bu tərəflərə üzükməsin, amanın bircə günüdü...

Mustafa sədrin əlindən kağızı aldı, zərfi də qatlayıb qoydu cibinə, o biri əli ilə qadının yanağından bir yüngülcə çimdik götürüb qapıdan çıxa-çıxa dedi:

- Mən də neçə vaxtdı saa tamarzı qalmışam... Tez sağal...

Qadın stula çökdü. Hərlənən başını əlləri arasına alıb gözünü yumdu. Bir müddət belə qaldı. Gözünü açmağa qorxurdu – gözləri qaranlıq gətirirdi.

...Atası uzun illər kolxoz sədri, məktəb direktoru, sovet sədri olmuşdu. Bu yumrupəsək mühasib Mustafanı da o işə götürmüşdü. Mustfa Kirovaba (indiki Gəncə) Kənd Təsərrüfatı texnikumunun mühasibatlıq şöbəsini bitirib gəlmişdi və kolxozun köhnə binasının qabağında günlərlə dayanır, amma daim ora-bura qaçan sədri tuta bilmirdi. Bir gün axırı ki, özünü cəmləyib təpildi kabinetə və dedi:

- Ələmdar məllim, mən Cəmil məllimin oğluyam, Tağlıdakı məytəbin direktoru Cəmil məllimin... Mən texnikomu qutarmışam, özü də qırmızı diplomnan... Dədəm dedi ki, get Əlamdar müəllimin yanına, mənim salamımı çattdır... Şirinniyin də özüm göndərəcəm dedi dədəm, səni qoy işə götürsün...

Ələmdar kişinin yerə-göyə sığmayan vaxtlarıydı. Gözünə Cəmil-məmil görünmürdü. Amma şirinlik sözünü qulağı alan kimi gülümsündü, oğlana yer göstərdi və dedi:

-Şotkanı bilirsən?

Gədə tapança kimi açıldı:

- Beş barmağım kimi!

- Dayan görüm, ə! Poooh!.. Ay uşax, o biri otaxdan Qızılgülü bıra çağırın!

Qızılgül də bu il Ağdamda texnikuma girmişdi, amma qiyabi. Ona görə ki, nişanlıydı. Nişanlısı əsgərlikdən gələn kimi toyları olacaqdı. Əlqərəz, qocalıb əldən düşmüş baş mühasib Zeynalın bütün işlərini onsuz da Qızılgül görürdü. Kolxozun illik hesabatını, pul haqq-hesabını qız əlinin içi kimi bilirdi. Amma partiya nizamnaməsi imkan vermirdi ki, sədrin qızı baş mühasib olsun. O sarıdan bu qoca onlara sərf edirdi. Hamı da yaxşı bilirdi ki, gözləri ağı qaradan seçməyən əprimiş qoca mühasibin elə adıydı - əslində işi Qızılgül aparırdı.

İndi atası qızını çağırırdı ki, təzə kadrı imtahan eləsin. Qız da üzü üzlər görmüş taxta çötkəni atdı oğlanın qabağına.

Qızın ilk sualı ağır olsa da cavan kadr öhdəsindən gəldi. “Kalxozun illik gəlirinnən xalis gəliri çıxartmalı, kolxozçuların əmək gününə düşən pulu adambaşına bölməlisən, “bezdetni”, “padaxodnını”, prafsayuzu da çıxarsan” dedi. Kağızın üstündə yazılmış rəqəmləri bir göz qırpımında bu gödək gədə fırlatdı çötkəyə, bir şaqqıltı qopdu ki, Ələmdarın çiçəyi çırtladı. Bu gədə özünə görə gədə deyildi. Bir gözü Qızılgüldə, o biri kağızda, əlləri də çötkədə şaqqhaşaqq... Cavab düz çıxdı! Qızılgül də sıvılmışdı elə bil. Gözünü gədədən çəkmirdi. Ələmdar oğlanla qızın göz-qaş oynatmalarından narahat olsa da, oğlanın əldən iti olmasından xoşlandı və düşündü ki, Dördgöz Zeynaldan qurtarmağın zamanı gəldi. (Qalın şüşəli eynəyi daim gözündə olduğundan Dördgöz Zeynal deyirdilər adına. Həm də kişi köhnə kommunist idi. Bir qəpiyin o yan, bu yan olmasına göz yummazdı. Sədrin isə atıb-tutan vaxtıydı, kommunist-filan hərləmirdi.)

- Ədə, get, dədaa mənnən salam de. Sohra bı kağızı da ver ona.

Kağızı yolda oxuyub sevindiyindən quş kimi uça-uça getdi kəndlərinə. Kağızda yazılmışdı: ”Müəllim, salam. Oğlun xoşuma gəldi. Sabah 5 qom kağız götür, gəl idarəyə. Hələlik iqtisadçı aformut eliyəcəm, 5-6 ay keçsin, baş mühasib keçirəciyəm. Hörmətlə Ələmdar Əliyev.”

Elə o, bu: atasının 500 manatıyla Mustafa oldu kolxozun bel sütunu. Nişanlı ola-ola Qızılgüllə xosunlaşdılar. Arada adam olmayanda mazaxlaşdılar da. Sonra hər ikisinin ayrı-ayrılıqda toyları da oldu. Amma onlar elə öz aləmlərində idilər. Hətta arada söz də çıxartmışdılar bunların məhəbbəti barədə. Di gəl ki, Mustafa demişdi ki, götüa da alma, soxum bunnarın betərinə! Sevgi azatdır!.. Və bir gün kolxoz sədri yeri boşalanda (Ələmdar kişidən sonra beş sədr dəyişikliyi olmuşdu) Mustafa demişdi:

- Gəl, səni sədr eliyək! Sirrimiz-sirpicimiz də özümüzdə qalsın. Həm də gəlirimizi it-qurda vermiyək...

Razılaşmışdılar. Təkcə bir problem vardı... ayda bir dəfə...

İndiyəcən birtəhər yola vermişdilər. Amma altı aydır ki, təzə katib gəlib, laçınnıdı, “hırnan-zırı qanmırdı kopoyoğlu”. (Mustafanın sözüydü bu.)

...Bir də gördün qara villisdə bude, bu yannan çıxdı... Böyük demir, kiçik demir, söyür, döyür... Hə ye, doğrudan döyür. Salır şapalağın, təpiyin altına... Bizim ferma müdiri Süleymanı şillələmədimi? Hələ Mıstafıya da cummuşdu... Arsız canım... he-he... Qoy gülüm elə... Bına da Mıstafa deyəllər, dedi, ə kişi ey, fələy məni sənin gözüa xırdaca göstərir bəlkə, maa da Mıstafa deyəllər ha! (Mıstafa katibin kəmərinnən bir az yuxarı olardı, ya olmazdı. Elə bil dədə-bala idilər.)

- Katib dayanıb diqqətlə Mustafanı süzmüş və demişdi:

- Neliyəssən, ə, mənə?! Vurassan məni?!

Hamı sarısını udmuşdu, elə mən də. (Mən bına elə-belə vurulmamışam ki! Boyu güdəy olsa da ciyarrı oğuldu. Dədəm deyir dünyanı güdəylər idarə eliyib dayma: Napalyon, Lenin, bir də bizim Mıstafa!) Dedim, tay fsyo e! Qanımız getdi... amma allaha qurban olum, elə bil Mıstafaya təzə qüvvə gəldi. Qayıtdı ki, allah eləməsin, yoldaş katib. O nə sözdü? Siz naüzümbillah yer üzünün allahısınız bı rayonda! Bıranın padşahısıçz. Mən özümə bir güllə vuracam, Sərvərin sözü olmasın...

Allah, Allah! Kişinin eyni bir açıldı, gözləri işıldadı, qolları boşaldı, şaqqa çəkib güldü. (Elə camahat da qorxa-qorxa gülüşdü.) Əlini uzatdı Mıstafıya, dedi ki, sənnən mənə ayrı söz çatdırmışdılar oğraşlar. Amma sən çox xoşuma gəldin. Kələsən ki varsan! Get, yaşa. Neçə ki, mən burdayam, get başına qızıl al, gəz...

Elə o vaxtdan işlərimiz yağ kimi gedir. Başı batmış ərimin hərdən çəm-xəm eləməyi olmasa, deyərəm ki, hər işlərimiz normalnıdı. Planı vaxtında veririk, öhdəliyi də həylə... Çak-çukumuz da babatdı. Mıstafa sağ olsun, heç maa qoymur yük düşsün. Hər işimə özün atır. Könlüm bulananda da alır könlümü... bircə bı ayda bir dəfə... Eeee... Zəhərə qalasan səni... Genə qan açıldı ki...

- Ay uşax, orda gör şofirlərdən kim var. Deyin məni atsın evimizə...

İdarədən yanı-yanı çıxdı ki, yubkasının arxasındakı qan ləkələrini görən olmasın.

***

- Katib gəlib, idarədədi!..

Uşaqların yoxlama dəftərlərini qoltuğunda bərk-bərk tutmuş ərinin təlaşla dediyi sözü əvvəl başa düşmədi:

- Bəs axı?..

- Soruşurmuş ölü yeri hardadı?! İdarədə də deyiblər ki, kənddə ölən yoxdu... Bilmirəm nə məsələdi... Sən də bı haldasan...

Lap başını itirmişdi. Bu dəfə aybaşısı gec olmuşdu. Düz bir həftə gecikmiş, sonra da qəfildən qan elə şorlamışdı ki, elə bil heyvan başı kəsmişdilər. Ayağa dursa, qan yenə açılacaqdı. Bəs nə eləsin?

Məktəbdən gələn ərinə qayıtdı ki:

- Niftalı, qayıt məktəbə, gör dərsdədisə, dədəmə de tez bıra gəlsin! Mıstafanı da tap... Gör rayondan qayıdıpmı?..

Təxminən 15-20 dəqiqə uzalı qalsa da, həyəcandan titrəyirdi. Dilinin altına dərman qoydu ki, bir az sakitləşsin.

Elə bu çaxna-vaxnadaykən həyətdən maşın səsi eşitdi. Pəncərədən boylandı və gözləri alacalandı: Mahmudov idi! Yanında da rayon qəzetinin müxbiri...

- Ay xoş gəlmisiniz, yoldaş Mahmudov. Həməşə siz gələsiniz! – atasının səsi idi. Qocalsa da, vəzifəli adam görəndə köhnə şuxluğu qayıdırdı. İndi katibin maşınının qızının həyətinə yönəldiyini görüb özünü çatdırmışdı. – Yoldaş katib, bax o görükən ikimərtəbəli ev mənimkidi. Bəlkə bizə buyurasan... Evimi şərəfləndirərsən...

- Dayan görüm, a kişi! – Mahmudov ərklə acıqlandı. – Bu sədr Camalova sənin qızındı?

- Bəli, yoldaş Mahmudov...

- O mənə ərzə göndərib ki, nənəm vəfat eliyib. Mən də yolumu burdan saldım ki, baş sağlığı verəm... İdarədə dedilər ki, ölüb-eliyən yoxdur kənddə... Sən bir bizi başa sal görək, qızın hardadır? Bu nə oyunbazlıqdır?

- Eeee... Yoldaş Mahhhh... yoldaş... – Ələmdar kişi özünü toplaya bilmədi. Sözlər ağzından yerə töküldü, dil-dodağı əsdı. Əslində onun işdən xəbəri yoxuydu da. Elə bu dəm Mustafa özünü yetirdi. Yüyürüb Mahmudovun qabağına gəldi, gülümsəməyə çalışaraq iki əlini də kişiyə uzatdı və əlinin havada qalmasını belə eyninə almayıb üyüdüb tökdü:

- Yoldaş katib... Qızılgül xanım bir balaca nasazlayıb... belə bilirsiniz...

Katib qarnını irəli basdı, iki əli ilə də şalvarının qayışından tutub yuxarı çəkdi. Özünü tarazlayıb dedi:

- Ə, mənə vəzzəriyyat oxuma! Sədr hanı?! Onun nənəsinin yas mağarı hardadır?

- Boy, yoldaş katib, allah sizə kömək olsun! Sədrin nənəsi ölmüyüb ki! Sadəcə sədr...

- Bəs onda niyə mənə heylə ərizə göndərib?! – Sədr nərə çəkdi.

Mustafanın heç tükü də tərpənmədi. İrəli yeriyib yavaşca dedi:

- Yoldaş katib, sədr yüngülcə xəstələnib...

- Yüngülcə xəstələnməynən işə çıxmamaq, üstəgəl katibə o cür ərizə göndərmək, nə deməkdir, bilirsən? Bunun işinin büro iclasına çıxmağı var, partiyadan xaric edilməyi var!

- Yoldaş katib, yoldaş katib!.. – Mustafa daha da irəli gəldi və lap astadan dedi: - Bir az aralı çəkilək. Üzr istəyirəm, bağışlayın, üzüm ayağınızın altında... Mən həqiqəti sizə deyərəm...

Katib nəsə sirli bir şey eşidəcəkmiş kimi Mustafayla evin arxasına yönəldi. Heç iki dəqiqə vaxt keçməmiş katibin qəhqəhəsi eşidildi və Mustafa da o tərəf-bu tərəfinə hoppana-hoppana geri qayıtdılar.

- Kefin olsun, ay Mustafa! Oğulsan vallah! Yaxşı, düş qabağa, girək sədrin yatdığı atağa bir dil-ağız eliyək...

Belini ağ mələfəylə bürümüş Qızılgül katiblə Mustafanın otağa girdiyi anda ayağa qalxmaq istədisə də, qalxa bilmədi. Qıçları əsməyə başladı. Həm də həyadan yanaqları alışıb-yanırdı – anlamışdı ki, bu “kopoolu” məsələni incit-küncütünəcən öyrənmişdi. Amma bir tərəfdən elə belə yaxşıdır. Qoy bilsin, bəlkə ayda bir dəfə yalandan ərizə yazmaqdan canı da qurtarsın...

Katib nələrsə dedi, Qızılgülün qulaqları elə pır-pır pırıldayırdı ki, heç nə eşitmədi. Bir onu bildi ki, onlar bayıra çıxanda atası qabağa yeriyib yenə katibi evinə dəvət etdi. Bu dəfə katib razılaşmışdı deyəsən. Çünki Mustafanın arxayın səsi qulağına dəydi: “Bu tərəfdən buyurun, yoldaş Mahmudov...”

***

Sonbeşiyi bayaqdan telefonla hara isə zəng edir, amma düşə bilmirdi. Sonbeşik deyəndə ki, elə iki qızı vardı: böyüyü 44, kiçiyi 34 yaşındaydı. Əslində bu ikincini Mustafa istəmişdi, bəlkə oğlan oldu deyə... (Niftalı tez öldü. Elə ölən kimi də Mustafa ərəmik arvadını – doğmayan arvada onların kəndində belə deyirlər - boşayıb Qızılgüllə evləndi.) Yaxşı ki, elə olmuşdu ikinci qızı. Böyük qız əriynən gedib xaricə neçə illərdir. Hərdən skaypla danışırlar, vəssalam. Mustafa da o zəhrimar çarəsiz dərddən tapdı. Əridi, çürüdü top kimi kişi. Bu da tək, quqquluqu qalmaqdansa yığışdı qızı Aydangilə. Həm nəvələrinə baxır, həm də təklikdən bağrı çatlamır.

- Allo, Mərdançik, salam. – Qızı axır ki, şöbə müdirlərinin telefonuna düşə bilmişdi deyəsən. – Mərdançik, mən sabah işə gələ bilmiyəcəm e... zaddı dəəə... Eee... Onnan olmuşam. Day bağışla. Qadın xəstəliyi... ha-ha-ha... Hə də sən də qardaşım... Şefə özün deyərsən də... Ok. Hələlik. Görüşərik. Sağ ol.

Tərs-tərs qızını süzdü. O da anasına baxıb gülümsündü:

- Mam, nolub? İndi belə şeylər adi işdi e. Ay mam... Hə, vallah! Mən gedirəm uzanam. Narik gələndə deyərsən yemək xolodelnikdədi. Özü qızdırar. Uşaxlar sənnikdi ha...

Narik (Nəriman –qızının əri) gəldi də, yeməyi özü qızdırdı da, yedi də, arvadını öpüb televizora baxdı da. Və gedib yatdı da. Elə uşaqlar da yatdı. O gecə tək yata bilməyən Qızılgül oldu. Divarlar üstünə gəlirdi. Elə bil yerinə su calamışdılar. Tez-tez döşəkağını qaldırıb işığa tutur, ora-burasına baxırdı. Döşəkağında bir gilə də ləkə yox idi. Ağappaq, tərtəmiz idi. Bəs axı niyə yata bilmirdi?

2010 - 2015

# 1258 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #