Hər şeyə rəğmən-Nazim Hikmətin pyesi

Hər şeyə rəğmən-Nazim Hikmətin pyesi
28 fevral 2015
# 12:38

Kulis.Az Dilsuzun tərcüməsində Nazim Hikmətin “Hər şeyə rəğmən” pyesini təqdim edir.

(İki pərdəli pyes)

İştirak edənlər

Orxan

Ayişə

Ənvər

Ləman

Niyazi

Hüriyyə

Məlahət

Səbihə

Qəzetçi

Müdir

Hakim

Yardımsevər

Şişman qadın

Sarı eynəkli qadın

Birinci tibb bacısı

İkinci tibb bacısı

Daz aktyor

Qaraşın aktyor

Sarışın aktyor

Şişman aktyor

Gənc aktrisa

Rəssam

Tarixçi

Tənqidçi

Makinaçı qız

Qarderobda işləyən qadın

Nazim Hikmət

B İ R İ N C İ P Ə R D Ə

BİRİNCİ ŞƏKİL

Salonda işıqlar sönür. Musiqi səslənir. Pərdə yavaş-yavaş açılır. Səhnə qaranlıqdır - dekorasiya və aktyorlar güclə seçilirlər. Heç kim yerindən tərpənmir. Musiqi bir müddət də davam edəndən sonra kəsilir. Amma səhnə, nədənsə, işıqlandırılmır – tamaşa göstərilmir.

Salon

S a r ı e y n ə k l i q a d ı n (qabaq cərgələrdən birində - Səbihənin yanında əyləşib). Görəsən, orada nə olub?

T a r i x ç i (orta cərgələrdən birində, tənqidçinin yanında əyləşib). Susss...

S a r ı e y n ə k l i q a d ı n (yavaş səslə). Amma çox uzatdılar...

S ə b i h ə (yavaş səslə). Xahiş edirəm, susun.

S a r ı e y n ə k l i q a d ı n (yavaş səslə). Nəyisə eşitməyinizə mane oluram?

S ə b i h ə. Bəli.

S a r ı e y n ə k l i q a d ı n. Hm... Maraqlıdır... Nəyi?

S ə b i h ə. Səssizliyi...

Bir müddət sakitlik olur. Səhnə hələ də işıqlandırılmır.

T ə n q i d ç i (yavaş səslə, tarixçiyə). Burada «Hamlet»in köhnə tamaşalarına da baxmısınızmı?

T a r i x ç i. Bəli. Son on beş ildə burada nə oynanılıbsa, hamısına baxmışam.

Y a r d ı m s e v ə r (qabaq cərgələrdən birində, Şişman qadının yanında əyləşib. Yavaş səslə). Bir texniki nasazlıqmı var?

Ş i ş m a n q a d ı n. Heç olmasa, pərdəni açmayaydılar.

Y a r d ı m s e v ə r. Bəlkə kömək eləməyə gedim?.. Əgər, nasazlıq elektrik xəttindədirsə, mən bir saniyənin içindəcə...

T a r i x ç i (yavaş səslə) Susss....

S a r ı e y n ə k l i q a d ı n (yavaş səslə). Biabırçılıqdı...

S ə b i h ə (yavaş səslə). Biabırçılığı siz edirsiniz...

S a r ı e y n ə k l i q a d ı n (yüksək səslə). Mənmi?

Səhnə işıqlanır. «Hamlet»in son pərdəsinin dekorasiyası görünür. Aktyorlar təlaş içində kulisə - səhnənin arxasına tərəf qaçırlar. Salonun da işıqları yanır. Müdir səhnəyə çıxır.

Səhnə

M ü d i r (üz-gözü tər içindədir, rəngi ağappaq ağarıb. Tamaşaçılara). Həkim... Aranızda həkim varmı?.. Bağışlayın... Bədbəxt hadisə baş verib... Həkim...

A y i ş ə orta cərgələrdən, əyləşdiyi yerdən qalxıb, səhnəyə tərəf gedir.

M ü d i r (tamaşaçılara). Üzr istəyirəm, bizdən asılı olmayan səbəbə görə tamaşanı davam etdirə bilməyəcəyik. Biletlərin pulu geri qaytarılacaq.

Salon

Ş i ş m a n q a d ı n (əyləşdiyi yerdən, müdirə). İndimi?

Səhnə

M ü d i r. İndi istəyənlərə, indi... (Ayişəyə) Siz...

A y i ş ə. Həkiməm.

Salon

S a r ı e y n ə k l i q a d ı n (əyləşdiyi yerdən, müdirə). Sözdü də, deyirsiniz... Bu qədər insanın pulunu indi qaytara bilərsiniz? Bu iş, ən azı, dörd-beş saat çəkər...

Səhnə

M ü d i r. Kim istəsə, sabah, birisi gün, yəni, özü üçün münasib bildiyi bir vaxtda gəlib ala bilər... (Ayişəyə) Gedək... Bağışlayın... Bir az cəld... (Onu səhnənin arxasına tərəf çəkir.)

Salon

Ş i ş m a n q a d ı n (əyləşdiyi yerdən, müdirə). Lap yaxşı. Amma mən sabah sübh tezdən Parisə uçuram. Doğrusu, indi, gecə yarısı, kassanızın qabağında dörd-beş saat gözləməyə nə vaxtım var, nə də hövsələm...

Səhnə

M ü d i r (Ayişə ilə səhnənin arxasına keçə-keçə). Sizin biletinizin pulunu indi verərlər... Növbəsiz-filansız... (Ayişə ilə səhnənin arxasına keçir. Qəzetçi, Hakim, Tənqidçi və Yardımsevər əyləşdikləri yerdən qalxıb, səhnəyə çıxırlar.)

Salon

S a r ı e y n ə k l i q a d ı n (əyləşdiyi yerdən, müdirin arxasınca ucadan deyinir). Ona növbəsiz-filansız? Yenə ayrı-seçkilik?

Ş i ş m a n q a d ı n . Bunun nəyi ayrı-seçkilikdi? Dedim axı: mən sabah sübh tezdən Parisə uçuram.

S a r ı e y n ə k l i q a d ı n. Kim deyə bilər ki, mən də sabah sübh tezdən Londona uçmuram?

Ş i ş m a n q a d ı n . Sizin də biletinizin pulunu növbəsiz versinlər.

S a r ı e y n ə k l i q a d ı n. Əgər, mən biletimi cırıb atmışamsa, onda necə olsun? Xatirə saxlamalı deyildim ki?

S ə b i h ə (ayağa qalxaraq, Sarı eynəkli qadınla Şişman qadına). Ayıbdı, dedilər ki, bədbəxt hadisə baş verib, həkim çağırdılar, siz isə, bu vurhavurda bilet pulunuzun necə olacağı haqda düşünürsünüz...

Ş i ş m a n q a d ı n. Niyə də düşünməyim? Təyyarə adamı Parisə müftə aparmır ki...

Səhnə

M a k i n a ç ı q ı z səhnəyə daxil olur. O kulisə keçmək istəyən Q ə z e t ç i n i n,

H a k i m i n, T ə n q i d ç i n i n və Y a r d ı m s e v ə r i n qabağını kəsir.

M a k i n a ç ı q ı z (Qəzetçiyə). Hara gedirsən? Dayan!..

Q ə z e t ç i. Məni tanımadın?.. İçəridə nə olub?..

M a k i n a ç ı q ı z. O... Salam... Keç... Özün görərsən...

Q ə z e t ç i səhnənin arxasına keçir.

M a k i n a ç ı q ı z (Hakimə). Bəs, sən hara?

H a k i m. Onu buraxdın ki...

M a k i n a ç ı q ı z. O qəzetçidi.

H a k i m vəsiqəsini göstərir.

M a k i n a ç ı q ı z. Keç...

H a k i m səhnənin arxasına keçir.

M a k i n a ç ı q ı z (tənqidçiyə). Dayan, hara gedirsən?

T ə n q i d ç i. Mən teatr tənqidçisiyəm.

Y a r d ı m s e v ə r. Mən Yardımsevərəm... yardım etməyi sevirəm...

M a k i n a ç ı q ı z. Keçin.

Y a r d ı m s e v ə r l ə T ə n q i d ç i də səhnənin arxasına keçirlər. Bu andan etibarən səhnə

dəyişir – arxa hissə yavaş-yavaş önə çıxır. Təlaş və çaşqınlıq içərisində olan insanlar qrim otağının qapısı ağzına yığışırlar. Bütün bu proses matəm musiqisi ilə müşayiət olunur.

Q ə z e t ç i (Hamlet qiyafəsindəki Sarışım aktyora). Ölüb?

S a r ı ş ı n a k t y o r. Bilmirəm.

Səhnə hələ də dəyişməkdə davam edir. Soyunma otağı. O r x a n divanda uzanıb, beldən yuxarısı çılpaqdır, bir qolu yerə sallanıb, gözləri yumuludur. Başının altına balaca yastıq qoyublar.

A y i ş ə , O r x a n a sarı əyilir. M ü d i r, A y i ş ə n i n yanında dayanır. Q ə z e t ç i divandan azca aralıda yerə düşmüş tapançanı götürüb baxır. M ü d i r tapançanı Q ə z e t ç i d ə n alır, amma əli yanmış kimi, dərhal da geri qaytarır. İnsanlar açıq qapıdan içəriyə boylanırlar.

H a k i m, T a r i x ç i və Y a r d ı m s e v ə r otağa daxil olurlar.

H a k i m. İntihar edib?

M ü d i r onun sözlərini başı ilə təsdiq edir.

Y a r d ı m s e v ə r. «Təcili yardım»a zəng edimmi?

M ü d i r əlini yelləyir – yəni ki, «yox». Q ə z e t ç i, A y i ş ə y ə yaxınlaşır. A y i ş ə başını

qaldırır, baxışları Q ə z e t ç i n i n baxışları ilə toqquşur, könülsüz halda gülümsəyirlər. A y i ş ə təkrar O r x a n a sarı əyilir. Səhnədə tam bir səssizlik hökm sürür.

Ş i ş m a n q a d ı n. Dedilər tamaşanı göstərməyəcəyik. Amma göstərirlər.

S a r ı e y n ə k l i q a d ı n. Bu, nəsə, anlaşılmaz bir tamaşadı.

S ə b i h ə. Xahiş edirəm susun.

S a r ı e y n ə k l i q a d ı n. Yenəmi səssizliyi dinləyəcəksiniz? Bilmirəm bu nə sözdü düşüb ağzınıza? Birinci dəfə eşidəndə, adama qəribə gəlir, amma sonradan... sonradan fikirləşirsən ki, boş şeydi...

Ş i ş m a n q a d ı n. Yenə donub qaldılar..

S ə b i h ə. Düşünürlər.

Ş i ş m a n q a d ı n. Biletlərin pulunu necə qaytaracaqlarınımı?

S ə b i h ə. Düşünürlər...

S a r ı e y n ə k l i q a d ı n. Keçmişdə - Fi dövründə bir rəfiqəm vardı, zəmanəyə xoş gəlməyən şeyləri düşünməyə başlayan kimi beləcə daşa dönürdü, nəfəs almaqdan belə qorxurdu.

Ş i ş m a n q a d ı n . Niyə?

S a r ı e y n ə k l i q a d ı n. Nə düşündüyünü bəlli etməmək üçün.

S ə b i h ə. Bunlarsa, yəni, demək istəyirəm ki, səhnədəkilərsə, məhz nə düşündüklərini bəlli etmək üçün daşa dönüblər...

S a r ı e y n ə k l i q a d ı n. Hiylə, kələk, nömrə həyatda işə keçər, teatrda yox...

S ə b i h ə. Hiylə, kələk, nömrə kimi pis şeylərə gərək həyatda da yer olmaya.

S a r ı e y n ə k l i q a d ı n. Daha bəsdi! Gözəl gözlü, təmiz ürəkli qadınların rolunu oynamağı bir kənara qoyaq. Tamaşaçılar aktrisa olduğumuzu çoxdan başa düşüblər. Bəlkə hələ bu dediklərimizi də pyesdən götürdüyümüzü bilirlər.

Ş i ş m a n q a d ı n . Siz, bəlkə, doğrudan da, aktrisasınız. Amma mən...

S ə b i h ə. Sizin bu sözləriniz də pyesdə yazılıb.

S a r ı e y n ə k l i q a d ı n (ayağa qalxaraq). Hörmətli tamaşaçılar...

S a l o n d a n s ə s l ə r. Səhnəyə çıx!.. Səhnəyə!..

S ə b i h ə. Bu səslənənlər də bizdəndilər... Bu dediyim söz də pyesdə yazılıb.

S a l o n d a n s ə s l ə r. Səhnəyə!.. Səhnəyə!..

S a r ı e y n ə k l i q a d ı n (səhnəyə çıxır). İndi, hörmətli tamaşaçılar, bu həkimin on beş il bundan əvvəli - yəni teatra gəldiyi günü necə xatırladığını seyr edəcəksiniz. İndi ürəyini dinlədiyi aktyoru da ilk dəfə onda görüb, Hamlet rolunda. Bəlkə də, bunu şərh etməyə lüzum yox idi; amma bizim dramaturq, əlbəttə, sizin sənət duyumunuza deyil, öz ustalığına bir o qədər də güvənmir...

İKİNCİ ŞƏKİL

O r x a n güzgünün önündə qrimini təmizləyir. L ə m a n (on beş il bundan əvvəlki

görkəmi ilə) ondan bir az aralıda dayanıb. A y i ş ə (on beş il bundan əvvəlki görkəmi ilə)

çəkinə-çəkinə gəlir.

O r x a n (Ayişəyə). Gəlin... Qorxmayın... Adamyeyən deyiləm...

A y i ş ə. Təşəkkür edirəm.

Q ə z e t ç i (on beş il bundan əvvəlki görkəmi ilə) gəlir.

Q ə z e t ç i (Orxana). Qriminizi təmizləyərkən bir şəklinizi çəkəcəyəm.

O r x a n. İllallah, bu qəzetçilərin əlindən. Bir az gözlə...

A y i ş ə (fotonu uzadaraq). Mən... Biz... bütün qrupumuzun adından... Sizdən...

O r x a n. Verin imzalayım.

A y i ş ə (fotonu verir). Təşəkkür edirəm... Edirik... Edirəm...

Ə n v ə r (on beş il bundan əvvəlki görkəmi ilə) gəlir.

Ə n v ə r. Yenəmi avtoqraf veririk gözəl qızlara?

O r x a n (ehtiramla). Məsləhətlərinizi unutmamağa çalışıram, ustad!

Ə n v ə r. Dördüncü pərdənin ikinci şəklində elə-belə... Beşinci pərdədə isə zavallı Georginin deyil, sizin halınıza acıdım...

O r x a n (ehtiramla). Haqlısınız....Çox pis oynadım...

Ə n v ə r. Amma gözəl öldünüz... Gözəl... Fikir verdim, siz, əsasən, ölməyi bacarırsınız... (Ləmana) Ofelyanı – su pərisini sürücüyə aşiq olmuş ev qulluqçusu kimi oynadınız. Bütün rolu təzədən məşq edəcəyik.

L ə m a n. Yaxşı...

Ə n v ə r. Salamat qalın. (Ayişəyə) Siz də, kiçik xanım...

Ə n v ə r otaqdan çıxır.

O r x a n (Ayişəyə). Harda oxuyursunuz?

A y i ş ə. Tibb universitetində... Bizim meyit yaran məşhur patoloji anatomiya müəllimimiz belə sizin ustad qədər sərt deyil...

O r x a n (ehtiramla). Dünyanın ən məşhur rejissoru... Teatr tarixində onun kimi dahilər barmaqla sayılacaq qədər azdır...

Q ə z e t ç i çıxır.

A y i ş ə. Siz ölməyi gözəl bacarırmışsınız. Təkcə ölməyimi? Yalandı...

O r x a n. Susss...

A y i ş ə. Demək istəyirəm ki, düz deyil... Məsələn, «Boris Qodunov»da siz...

O r x a n. Vicdan əzabı çəkməyi...

A y i ş ə. «Boris Qodunov»da siz…

O r x a n. Hakimiyyət naminə uşaqları öldürməyi...

A y i ş ə. «Boris Qodunov»da siz sevməyi də bacarırsınız...

O r x a n. Bravo! (Ləmana) Buna nə deyirsən? (Ləman çiyinlərini çəkir.)

A y i ş ə. Teatr mənim ikinci, bəlkə də, birinci həyatımdı...

O r x a n (rola girərək). Bu dünya bir səhnədi, kişisi, qadını həp aktyor...

A y i ş ə. Şekspirdəndir... Hamletin monoloqu... Xoşunuza gəlirmi?

O r x a n (rola girərək). Ümüdsizlik içimi gəmirir. Bir kimsə sevmir məni. Öləcəyəm, arxamca ağlayan olmayacaq...

A y i ş ə. Yenə Şekspirdəndir. Riçardın ən çox sevdiyim monoloqu... Nə olar, davam edin...

L ə m a n. Hər gənc qıza bir monoloq desə, səsi batar – səhnəyə çıxa bilməz...

A y i ş ə. Bağışlayın... (Getmək istəyir.)

O r x a n. Bəs, zəhmətimin əvəzi?.. Bir öpücük! (Ayişənin yanağından öpür.)

A y i ş ə (xoşbəxt və çaşqın halda). Təşəkkür edirəm... Edirik... (Ayaqları bir-birinə dolaşa-dolaşa otaqdan çıxır.)

L ə m a n. Bizim bu ustad dahi-mahi, amma, kobudluqda, qadınlara qarşı hörmətsizlik etməkdə tayı-bərabəri yoxdu. Gördün, o arsız qızın yanında mənim abrımı necə verdi?

O r x a n. Susss...

L ə m a n. Sən də həyasızsan ha...

O r x a n. Qızcığazı bir ata kimi öpdüyümə görəmi?

L ə m a n. Ata kimi ha!

O r x a n. Çox gözəl idi...

L ə m a n. Həm də üzsüz...

O r x a n. Nə bilim... Özümü saxlaya bilmədim...

L ə m a n. Hələ bir təşəkkür də etdi...

O r x a n. Qrup yoldaşları adından...

L ə m a n. Avtoqrafı da heç kimə imzalamadığın kimi imzaladın...

O r x a n. Qısqanırsan? (Ləmanı öpmək istəyir. Lakin Ləman geri çəkilir. Bu vaxt Sarı eynəkli qadın salondan səhnəyə çıxır.)

S a r ı e y n ə k l i q a d ı n (tamaşaçılara). Salondan danışmaq bir az solaxay alınır... İndi, hörmətli tamaşaçılar, həmin gecəni Qəzetçinin necə xatırladığını seyr edəcəksiniz...

ÜÇÜNCÜ ŞƏKİL

Q ə z e t ç i (gəlir, on beş il bundan əvvəlki görkəmi ilə). Salamlar!

O r x a n. Vay, sənsən? Bizi itirib-axtarmırsan...

Q ə z e t ç i. Necə itirib-axtarmıram? Həftədə, ən azı, iki dəfə burda oluram... Üzünün qrimini təmizləyərkən bir şəklini çəkəcəyəm...

L ə m a n. İki ay bundan əvvəl şəklimi çəkdiniz, amma qəzetdə vermədiniz.

Q ə z e t ç i. Günahkaram.

Ə n v ə r gəlir.

Ə n v ə r. Yenəmi şəklini çəkirsiniz?

Q ə z e t ç i. Bəli. (Pauza.) Dünənki şəklini bəyəndinizmi, ustad?

Ə n v ə r. Pis çıxmamışdı. Kassada qəzetiniz üçün üç dəvətnamə olacaq. Təbii ki, biri sizindi...

Q ə z e t ç i. Təşəkkür edirəm.

Ə n v ə r (Orxana). Bəzi pərdələrin bəzi yerlərində çox yaxşı idiniz... zavallı Georgi... (Ləmana) Sürücüdən hamilə qalmış ofisiant kimi oynadınız... (Çıxır.)

Q ə z e t ç i (Orxanın şəklini çəkir). Demək belə... (Çıxır.)

A y i ş ə (Qəzetçinin arxasınca). Bu dəliqanlı kimdi?

O r x a n. Necə? Tanımırsınız? Dəyərli gənclərimizdəndir... Gördünüz də, ustad belə ona necə hörmət edir... Nə isə, məndən yoldaşlarınıza salam söyləyin... gülə-gülə...

A y i ş ə otaqdan çıxır.

L ə m a n. Xəbərin var?

O r x a n. Nədən?

L ə m a n. Guya, mən sənin məşuqənmişəm?..

O r x a n. Kim deyir bunu?

L ə m a n. Hamı... İndi şəhərin əsas dedi-qodusu bu imiş...

O r x a n (ürəyi sıxılmış halda). Elə şey olmaz...

L ə m a n. Dilxor oldun? Yalan-malan, amma mənim xoşuma gəldi. Nədi, yoxsa, məni məşuqəliyə layiq bilmirsən? Bu şərəfə nail olanların çoxundan ağıllıyam, ən azı. Doğrudanmı, ürəyindən heç keçmədim?.. Yaxşı, yaxşı, hirslənmə, zarafat edirəm... (Pauza.) Amma istedadlı oğlandır ha!..

O r x a n. Kim?

L ə m a n. Qəzetçi... Üstəlik, yaraşıqlıdır da... Gözləri, bığları adamın canını alır...

O r x a n (gülərək). Ərinə deyərəm ha!..

DÖRDÜNCÜ ŞƏKİL

S a r ı e y n ə k l i q a d ı n (tamaşaçılara). İndi də, hörmətli tamaşaçılar, həmin gecəni tarixçinin necə xatırladığını və tarixə necə həkk etdiyini seyr edəcəksiniz.

T a r i x ç i. Yanvar ayının on beşində « Yeni teatr»da tamaşaya qoyulan «Hamlet» həm Qərb, həm də Şərq teatr tarixində bir dönüş nöqtəsi oldu. Bildiyiniz kimi, tarixdə şəxsiyyətin rolu həmişə müzakirə edilmiş və yenə də müzakirə edilməkdədir. Və bizə elə gəlir ki, «Yeni teatr»ın banisi olan Baş rejissor öz böyük sənəti ilə bu müzakirəyə birdəfəlik son qoydu.

S a r ı e y n ə k l i q a d ı n. İndi də, əziz tamaşaçılar...

Ş i ş m a n q a d ı n (salondan əyləşdiyi yerdən). Həmin gecəki tamaşa haqqında tənqidçinin nə yazdığı ilə tanış olacaqsınız...

S a r ı e y n ə k l i q a d ı n. Doğrudur. Amma bunu mən elan etməli idim...

Ş i ş m a n q a d ı n. Bəs, mən? Mən nə etməliyəm? Burada - kresloda boş-boş əyləşməkdən lap bezdim...

S ə b i h ə. Mən də... Tamaşada oynamaq tamaşaya baxmaqdan daha maraqlıdır...

S a r ı e y n ə k l i q a d ı n. Ola bilər... Gəlin susaq... Budur, tənqidçi də gəldi... Özü desin görək o gecəki tamaşa haqqında nə yazıb...

T ə n q i d ç i. Hamlet rolunu ifa edən Orxan, doğrudan da, qeyri-adi dərəcədə möhtəşəm idi. Tamaşadan sonra pərdə on beş dəfə alqış rüzgarları ilə açıldı. Dahi dramaturqun, dahi rejissorun, dahi aktyorun əl-ələ verməsi bizə misilsiz bir gecə bəxş etdi.

S a r ı e y n ə k l i q a d ı n. İnsan necə düşünür? Bunu bir anlıq öz üzərinizdə yoxlayın... Oldumu?.. Tamaşanı davam etdiririk. (Ləmanı göstərir.) Bu qadını tanıdınız... On beş il bundan əvvəlki kimi yenə də gözəldir. Bu anda o da düşünür. Nə düşünür – bir azdan görəcəyik. Amma indi yenə Qəzetçinin on il bundan əvvəl olanları necə xatırladığını, dramaturji qayda-qanuna uyğun olaraq, səhnədə göstərməyə çalışacağıq.

BEŞİNCİ ŞƏKİL

O r x a n dekorasiyanın önündə dayanıb. Q ə z e t ç i

(on il bundan əvvəlki görkəmi ilə) gəlir.

Q ə z e t ç i. Eşitdim, ustadın müavini olmusan... birinci müavini...

O r x a n. Bəli.

Q ə z e t ç i. Ona-buna göstəriş vermək gözəl şeydi.

O r x a n. Məni ona-buna göstəriş verməyin gözəlliyi, yaxud çirkinliyi deyil, teatr sistemimizin inkişafına necə faydalı ola biləcəyim düşündürür.

Q ə z e t ç i. İntervü üçün gözəl sözlərdir.

O r x a n. Dolama görək...

Q ə z e t ç i. «Hamlet»dəki uğurlu çıxışından sonra bu vəzifəyə təyin olunacağını hamı düşünürdü. Amma, buna baxmayaraq, yenə də, nə az, nə çox, düz beş il gözləməli oldun.

O r x a n. Mən hansısa vəzifəyə təyin olunacağımı gözləməmişəm – nə bir il, nə də beş il...

Q ə z e t ç i. Yaxşı, yaxşı... Hislənmə...

L ə m a n (on il bundan əvvəlki görkəmi ilə) otağa daxil olur.

L ə m a n (qəzetçinin qulağına). Çox xoşuma gəlirsiniz. Amma bunu sizə heç vaxt deməmişəm... Hətta, hiss də etdirməmişəm... Halbuki çox xoşuma gəlirsiniz...

N i y a z i otağa daxil olur.

N i y a z i (Orxana). Arvadım yenə məndən şikayətə gəlib?

O r x a n. Bilmirəm... Hələ bir söz deməyib... Amma mən səndən şikayət edəcəyəm...

N i y a z i. Demək, Baş rejissorun birinci müavini vəzifəsinin icrasına başladın?

O r x a n. Utanmırsan, mənimlə belə danışırsan?

N i y a z i. Sən kimsən? Uşaqlıq dostu, ilk rollarımızı bir yerdə oynadığımız səhnə arkadaşı yoxsa...

Q ə z e t ç i (Niyazinin sözünü kəsir). Mən sənin yerində olsaydım...

N i y a z i. Susardın.

L ə m a n (istehza ilə). Yəni, deyirsən bu qocaman teatrda səndən ağıllı adam yoxdu?

N i y a z i. Əgər, ağıllı olmaq zamana uymaq, işin çıxarına getmək, rol almaq üçün dostunun ayağının altına qarpız qabığı qoymaq, hörmətli Baş rejissora etiraz etməmək, elə hey onun dediklərini deməkdirsə, onda, sən məndən ağıllısan, canım-gözüm...

O r x a n. Sən bu sözlərinlə hamımızı təhqir edirsən.

N i y a z i. Mənə bax, sən bir Cəzvir keşişisən... Həm də çox kobudsan...

O r x a n. Keşişəm... Kobudam... Qoy elə olsun... Mən ustada inanıram... İnanıram ki, sənət məşəli bütün əzəməti ilə yalnız bizim teatrda yanır. Bu məşəli tutanların arasında ən qüvvətli əlin də ustadın əli olduğuna inanıram. İnanıram!.. İnanıram!..

N i y a z i. Amma mən, sadəcə, teatra inanıram.

Q ə z e t ç i (Orxana). Mənə bax, o şüşədəkindən bir qurtum ver içim... Dilim damağıma yapışdı...

O r x a n arxa cibindən bir şüşə çıxarıb, Q ə z e t ç i y ə uzadır.

N i y a z i. Cibində araq şüşəsi gəzdirdiyini bilmirdim.

O r x a n (çaşqın və utanmış halda). Hərdənbir yorğunluq-filan hiss edəndə...

Q ə z e t ç i şüşəni N i y a z i y ə uzadır.

N i y a z i. İstəmirəm.

O r x a n. İkiüzlülük eləmə.

N i y a z i. İkiüzlülük niyə? Sadəcə, indi ürəyim istəmir. Burada qorxmalı, ehtiyat etməli bir şey də yoxdu... Səhv etmirəmsə, ustad içkini yox, şörgözlüyü qadağan edib...

Q ə z e t ç i. Nə demişlər? İbadət də gizli, məhəbbət də gizli...

L ə m a n (Qəzetçinin qulağına). Gözləriniz... Bığlarınız... Toyumuza gəlmişdiniz... Altı il əvvəl...

Q ə z e t ç i. Hə, hə, toyunuza gəlmişdim. Çiyninizdə bəmbəyaz bir şal vardı... (Ləmanın çiyninə bəmbəyaz bir şal salır). Rəqs etdik... Slov Foks... (Ləmanla rəqs edir.)

S a r ı e y n ə k l i q a d ı n (səhnədən). Bəzən eyni şeyi...

Ş i ş m a n q a d ı n (salondan). Bəzən eyni şeyi...

S ə b i h ə (salondan). Bəzən eyni şeyi...

S a r ı e y n ə k l i q a d ı n. Demək belə... Bəzən bir neçə adam eyni vaxtda eyni şeyi düşünür, yaxud xatırlayır. İndi də belə oldu: qəhrəmanlarımız eyni vaxtda eyni şeyi düşündülər, xatırladılar...

ALTINCI ŞƏKİL

Ənvər «Canlı meyit» pyesinin nəhəng dekorasiyası önündə dayanıb. N i y a z i ilə

L ə m a n (on il bundan əvvəlki görkəmləri ilə) gəlirlər.

L ə m a n. Mən çağırtmısınız...

Ə n v ə r. İstədim ki, ərinizlə olan söhbətimizi siz də eşidəsiniz. Onun teatrımızda qarışıqlıq salmaq istədiyini bilirsiniz...

N i y a z i. Bəlkə arvadım bunu bilir, amma mən yox...

O r x a n gəlir.

Ə n v ə r (Niyaziyə). Sizə bir təklifim var... Ya qəbul edərsiniz, ya da...

N i y a z i. Ya da teatrdan rədd olub gedərəm...

Ə n v ə r. Məşq boyu mənə etirazınız...

N i y a z i. Məşq boyu yox... Hərdənbir... O da dediklərinizlə həmfikir olmadıqda...

Ə n v ə r. Teatrımızın üstündə dayandığı əsas dirəklərdən birini sizə görə məhv edə bilmərəm!.. Sənəti baltalamağınıza göz yummayacağam!..

N i y a z i. Təklifiniz nədi?

Ə n v ə r (Orxana işarə ilə). Birinci müavinimlə də danışmışam... Teatrımızı böyük istedadınızdan məhrum etmək istəmirəm...

N i y a z i (Orxana). İltifanıza görə təşəkkür edirəm.

Ə n v ə r. Məşq zamanı hər hansı bir sözümlə razı olmasanız, ayağınızı iki dəfə yüngülcə yerə vurun. Vəssalam. Mübahisəmizi sonra burada həll edərik... Sizi başa salmağa çalışaram.

N i y a z i. Ya da mən sizi...

Ə n v ə r (təngə gəlmiş halda). Yaxşı, ya da siz məni... Amma məşq zamanı heç bir kəs, azacıq da olsa, etiraz etməməlidir.

L ə m a n. Yaxşı.

N i y a z i. Sizin yox, ərinizin «Yaxşı» deməsini gözləyirəm.

N i y a z i. Yaxşı... İcazənizlə. (Çıxır.)

L ə m a n (Ənvərə). Sizin bu insanlığınızı ömrüm boyu unutmayacağam.

T ə n q i d ç i, T a r i x ç i və Q ə z e t ç i gəlirlər.

Ə n v ə r (ortalığa). Teatrda ən kiçik aktyor milyonlara başa gəlmiş ən böyük teatr binasından daha qiymətlidir. Teatr aktyorla başlar, aktyorla davam edər.

T ə n q i d ç i. Əlbəttə, deyək ki, teatrda dekorasiyanın rolunu inkar etmirsiniz, eləmi, ustad?

Ə n v ə r. Aktyor dekorasiya üçün deyil, dekorasiya aktyor üçündür. Aktyor hər şeydir! Aktyor səhnədə havadakı quş kimi azad olmalıdır. Qapısından istibdad girən teatrın səhnəsindən sənət qaçar.

T a r i x ç i (dekorasiyaya işarə ilə). «Canlı meyit»in dekorasiyasıdırmı?

Ə n v ə r. Bəli, birinci pərdəsinin... (Rəssama işarə ilə) Mən rəssam olsaydım, belə bir dekorasiyanı ən naşı rejissora da göstərməyə utanardım.

R ə s s a m. İstədim ki, aktyorlar dekorasiyada itməsinlər.

Ə n v ə r. Amma dekorasiya itsin... Teatrımızın ənənəsi itsin... Ənənəsindən qopan sənətimiz köksüz ağac kimi yıxılsın... Bunu istədiniz, hə?.. Bu hiyləni kim məsləhət gördü sizə?.. Kimdən, hansı rəqib teatrdan pul aldınız? Hamısındanmı? Təzədən işləyin... Qovulmaq istəmirsinizsə...

YEDDİNCİ ŞƏKİL

Qoqolun «Müfəttiş» pyesinin məşqi gedir. Aktyorlardan başqa, Q ə z e t ç i,

T a r i x ç i və M a k i n a ç ı q ı z da buradadırlar.

T ə n q i d ç i (tavana baxaraq, monoton səslə). Noyabr ayının ikisində, saat on altıda «Yeni teatr»ın böyük salonunda Qoqolun məşhur «Müfəttiş» komediyasının birinci pərdəsinin birinci şəklinin birinci məşqi başlandı.

N i y a z i (şəhər bələdiyyə rəisi rolunda). Həzərat! Mən sizi bura çox pis bir xəbər vermək üçün dəvət etmişəm. Bizim şəhərə müfəttiş gəlir...

Q a r a ş ı n a k t y o r (Amos Fyodroviç rolunda). Necə yəni müfəttiş?

S a r ı ş ı n a k t y o r (Artemi Filipoviç rolunda). Necə yəni müfəttiş?

N i y a z i. Bəli, müfəttiş, özü də özgə bir adla, gizli tapşırıqla Peterburqdan gəlir.

Q a r a ş ı n a k t y o r. Bax ha!..

S a r ı ş ı n a k t y o r. Dərdimiz az idi, biri də böyürdən çıxdı.

D a z a k t y o r (Luka Lukiç rolunda). İlahi, özü də gizli tapşırıqla...

Ə n v ə r. Təkrar edin.

D a z a k t y o r. İlahi...

Ə n v ə r. Bir daha təkrar edirəm... Lazım gəlsə, qırx dəfə də təkrar edəcəyəm: səhnə bir şahmat taxtasıdır, aktyorlar isə, şahmat fiqurları... Rejissor onların hər bir hərəkətini əvvəlcədən müəyyənləşdirir. (Qaraşın aktyora) Siz buradan (göstərir) başlayacaqsınız. Sonra buraya (göstərir) keçəcəksiniz. Sonra üç xananı hoppanıb buraya (göstərir) gələcəksiniz. (Niyaziyə) Siz isə buradan başlayacaqsınız. (Niyazi ayağını iki dəfə yüngülcə yerə vurur.) Yox, ya da buradan. (Niyazi ayağını yenə də iki dəfə yüngülcə yerə vurur.) Yaxşı, sizin haradan başlayacağınızı sonra deyərəm... Davam edək... (Niyaziyə) Replika sizdə... (Daz aktyora) Madam ki, belədir, siz başlayın...

D a z a k t y o r. İlahi!.. Özü də gizli tapşırıqla...

N i y a z i. Ürəyimə dammışdı ki, nəsə olacaq: bütün gecəni yuxumda iki əcaib siçan görmüşəm, qapqara, yepyekə...

Ə n v ə r (Daz aktyora). Yox, olmadı... xananızı çaşdınız... (Qaraşın aktyora) Siz də öz xananızda dayanmamısınız... (Makinaçı qıza) O dama-dama xalını gətir. (Makinaçı qız çıxır. Niyaziyə) Davam edin...

N i y a z i. Gəldilər... Qoxladılar... Getdilər...

Ə n v ə r. Şəhər bələdiyyə rəisinin gicbəsərliyini daha qabarıq vermək lazımdır. (Niyazi ayağını iki dəfə yüngülcə yerə vurur.) Yaxşı... Davam edin...

N i y a z i. İndi sizə Andrey İvanoviç Çımıxovdan aldığım məktubu...

Ə n v ə r (xalını gətirən Makinaçı qıza) Sərin... (Orxana) Kömək edin... (Orxanla Makinaçı qız dama-dama xalını yerə sərirlər. Daz aktyora) Siz bu damaya... (Qaraşın aktyora) Siz buraya... (Sarışın aktyora) Siz də buraya... (Niyaziyə) Siz...Yaxşı, siz o damaya yox, buraya...

N i y a z i. Yox... Yox... Mən aktyoram, şahmat fiquru deyiləm... Qoqol yazır ki, şəhər bələdiyyə rəisi heç də gicbəsər deyil... Qoqol, hər halda, yaratdığı obrazı sizdən yaxşı tanıyır... Bu dama-dama xalı götürülməsə, mən məşq etməyəcəyəm.

Ə n v ə r (hirsini udmuş halda, soyuqqanlı) Məşqə bir azdan davam edəcəyik. (Orxana) Teatrımızı yıxmaq istəyən aktyor gedə bilər – yol açıqdır. Bunu ona başa salın. (Çıxır).

N i y a z i (Daz aktyora) Sən şahmat fiquru olmağa razısan? Niyə etiraz etmirsən?

D a z a k t y o r (titrək səslə). Çoluq-cocuğum var, qorxuram...

Q a r a ş ı n a k t y o r. Şahmat fiquru olsaq nə olacaq, olmasaq nə olacaq? Bir də ki, teatrda bir adam göstəriş verməlidir, ya yox?

L ə m a n (Niyaziyə). Özünün öz hərəkətindən xoşun gəldi? Kişi əvvəlcədən səninlə şərt kəsdi, sən də qəbul etdin.

T a r i x ç i, T ə n q i d ç i, M a k i n a ç ı q ı z və aktyorlar çıxırlar.

Təkcə N i y a z i, O r x a n və L ə m a n qalırlar.

O r x a n (Niyaziyə, çox səmimi və kədərli halda). Qardaşım...

N i y a z i. Qardaşına teatrdan qovulduğunu desənə...

O r x a n. Səhv etdiyini boynuna alarsan - məsələ bitər. Mən şəxsən gedib ustada... (Pauza.) Sən teatrda hamıya qarşı çıxırsan...

N i y a z i. «Aktyor səhnədə quş kimi azaddır, qapısından istibdad girən teatrın səhnəsindən sənət qaçar» deyən bir rejissorun teatrında...

O r x a n (səmimi şəkildə) Doğrudur, bu onun sözləridir...

N i y a z i. O bütün gözəl və ədalətli sözləri bizi şahmat fiquruna çevirmək, məhv etmək üçün deyir. Yoxsa, görmürsən?.. Korsan?..

O r x a n. Şahmat taxtası üsulu aktyoru öldürmür, əksinə, inkişaf etdirir, yeni teatr sisteminin zəfəri üçün hazırlayır.

Q ə z e t ç i. Rəqib teatrlar fürsət gözləyirlər ki, sizi bir qaşıq suda boğsunlar. Qəzetdə bu teatrı elə müdafiə etmişəm ki, Allah eləməmiş, siz yıxılsanız, mən də bataram...

N i y a z i. Teatr yıxılmaz...

Q ə z e t ç i. Bəs, ustadın sistemi necə?

O r x a n (təlaş içində) Yıxılmaz...

N i y a z i (gülür). Ha - ha - ha!..

L ə m a n. Gülmə, ağlını başına yığ. Yoxsa, küçələrdə sürüm-sürüm sürünərsən...

O r x a n (hikkə ilə). Niyə sürünür?.. Başqa teatra keçər...

N i y a z i. Yox... Başqa teatra keçmərəm. Daş daşıyaram, mədənlərdə fəhləlik edərəm, amma başqa teatra keçmərəm. Siz bir gün rədd olub gedəcəksiniz... Onda teatra dönəcəyəm... Səhnədə havadakı quş kimi sərbəst olacağam... Salamat qalın... (Ləmana) Belə başa düşürəm ki, səni qovmurlar... (Ləmanı Orxana göstərərək) Bu qalır, eləmi?

O r x a n. Bəli.

L ə m a n. Yox... Yox, mən səninlə gedirəm. (Ağlayır, sonra birdən-birə özünü ələ alıb, gözünün yaşını silir.) Hamısı cəhənnəm olsun... Paltar tikərəm, kazinolarda mahnı oxuyaram, qulluq edərəm sənə...

Q ə z e t ç i ilə O r x a n çıxırlar.

L ə m a n. Bəlkə kiməsə aşiq olduğumu zənn edənlər də var. Amma mən heç vaxt xəyanət etmədim sənə...

N i y a z i (Ləmanı qucaqlayır) Həyatım... Canım-gözüm... Arvaddan daha yaxın dostum... Bir dənəm...

L ə m a n. Təşəkkür edirəm.

Çıxırlar.

SƏKKİZİNCİ ŞƏKİL

T a r i x ç i və T ə n q i d ç i.

T a r i x ç i (tavana baxaraq, monoton səslə). Noyabr ayının ikisində «Yeni teart»ı içindən yıxmaq istəyən teatr düşmənlərinin gizli fəaliyyətlərinə son qoyuldu. (Çıxır.)

T ə n q i d ç i (tavana baxaraq, monoton səslə). Bu ər-arvadın teatrdan getmələri hər cəhətdən xeyirli oldu: ikisinin də istedadı yox idi, amma teatrda çoxdan işlədiklərinə görə, əsas rollar onlara verilirdi. Bununla da, gənc istedadların üzə çıxmasına, inkişaf etməsinə əngəl yaranırdı.

DOQQUZUNCU ŞƏKİL

Ə n v ə r «Üç bacı» pyesinin əzəmətli dekorasiyası önündə dayanıb.

G ə n c a k t r i s a və O r x a n.

O r x a n. Vəziyyətləri çox çətindi... Bağışlamağınızı xahiş...

Ə n v ə r. Qəsdən başqa teatra getmirlər.

G ə n c a k t r i s a. Niyə?

Ə n v ə r. O teatrın əlaltıları olduqlarını bəlli etməmək üçün... (Orxanı göstərək) Bax, hələ camı yanır onlara... Düşmən olduqlarına inanmır... Sənətin yolu çox çətindir... (Orxana) «Vanya dayı»da Vanya rolunu sizə verəcəyəm.

O r x a n. Təşəkkür edirəm, ustad.

Ə n v ə r. Axı, hansı əsərdə baş rolu oynamadınız ki...

O r x a n. Qayğınız sayəsində, ustad...

O r x a n çıxır.

Ə n v ə r. İnsafsız, mərhəmətsiz oluram bəzən...

G ə n c a k t r i s a. Səndən bu qədər qorxmasaydım, səni daha çox sevərdim...

Ə n v ə r. Mən çox pis adamam?

G ə n c a k t r i s a. Hər halda, yox.

Ə n v ə r. Nə edirəmsə, teatrımız üçün edirəm. Məndən başqa kimsə teatrı bugünkü səviyyəyə qaldıra bilərdimi? Ver əlini... Nə qədər yumşaqdı... Nə qədər canlıdı, təzədi... Necə bilirsiniz, belə yumşaq, cavan bir əllə teatrı idarə etmək mümkündürmü? Çəkmə əlini... Qorxma məndən... Mən də sənin kimi, hamı kimi insanam...

G ə n c a k t r i s a. Çox böyük insansan...

Ə n v ə r. Böyük... Böyük insan... Şahmat taxtası... Fiqurlar... Gərək oynada biləsən...

G ə n c a k t r i s a. Sən Şekspirin qəhrəmanlarındansan...

Ə n v ə r. Amma istəyirəm ki, aktyorlarım Çexovun qəhrəmanlarını səhnəyə gətirsinlər... Səni öpmək istəyirəm... (Gənc aktrisanı öpür və tez də itələyir.) Qapımı döyüldü?.. Uzaqda dayan... Kəkilini düzəlt... Öpüşdüyümüz bilinməsin...

G ə n c a k t r i s a. Qorxursan?

Ə n v ə r. Sus... Gəlin... (Hüriyyə gəlir, əlində bir kostyum vardır.) Nə var? Qarderobda işlər necə gedir? Vanya dayının paltarları tikildimi?

H ü r i y y ə. Qarderobda hər şey qaydasındadır. Vanya dayının bütün paltarları da artıq hazırdır. Gəldim ki, sizə bir kostyum göstərim...

Ə n v ə r (kostyumu alıb baxır). Bu nədi?

H ü r i y y ə. Napoleonun səfər paltarı...

Ə n v ə r. Başa düşdüm... Napoleon səfər zamanı, bəlkə də, belə sadə bir paltar geyinib, amma, onu səhnədə bu qiyafədə tamaşaçılara təqdim etmək olmaz... bəzək-düzəyini çoxaltsınlar...

H ü r i y y ə çıxır. Ə n v ə r, G ə n c a k t r i s a y a yaxınlaşıb, onu öpmək istəyir.

G ə n c a k t r i s a. Olmaz.

Ə n v ə r. Niyə?

G ə n c a k t r i s a. Qorxaq kişilərdən, dahi sənətkar olsalar da, xoşum gəlmir. İstəyirsən, məni teatrdan qov... Mən o birilər kimi axmaq deyiləm ki, başqa teatrda çıxış etməyi xəyanət-filan sayam.

Ə n v ə r. Sən də düşmənlərimin əlində alətə çevrilmisən...

G ə n c a k t r i s a. Dəlinin biri dəli.

Ə n v ə r G ə n c a k t r i s a n ı vurmaq istəyir. O, Ə n v ə r i itələyir. Ə n v ə r

yıxılır və dizi üstə düşür. G ə n c a k t r i s a qaçır.

ONUNCU ŞƏKİL

Salon

Ş i ş m a n q a d ı n (səhnənin bir tərəfindəki Sarı eynəkli qadına). Yanına gəlmək istəyirəm.

Səhnə

S a r ı e y n ə k l i q a d ı n. Gəl...

Salon

Ş i ş m a n q a d ı n ( qalxıb, səhnəyə gedərkən) Mənə bir kətil tap... Ayaq üstə çox dura bilmirəm. (Sənhəyə çıxır.)

Səhnə

S a r ı e y n ə k l i q a d ı n (kətil verir). Buyur...

Ş i ş m a n q a d ı n. Niyə bu pyesdə mənə rol vermədilər? İndi bu şəkildəki qadını, yəni, Baş rejissorun birinci müavininin arvadını çox yaxşı oynaya bilərdim.

S a r ı e y n ə k l i q a d ı n. Bir az şişmansan...

Ş i ş m a n q a d ı n. Lap yaxşı. Vəzifəli şəxslərin arvadları şişman olurlar də...

S a r ı e y n ə k l i q a d ı n. Baş rejissorun birinci müavini elə də vəzifəli şəxs sayılmır...

Ş i ş m a n q a d ı n. Amma...

Salon

S ə b i h ə. Xahiş edirəm, susun. Tamaşanın gedişatına mane olursunuz...

O r x a n ı n evi. M ə l a h ə t, xəstə qızı və A y i ş ə. M ə l a h ə t ağlayır.

A y i ş ə xəstə qızın qoltuğundan çıxartdığı termometrə baxır.

M ə l a h ə t. Neçədi?

A y i ş ə Bir az yüksəkdi...

O r x a n (yeddi il bundan əvvəlki görkəmi ilə) gəlir, bir az keflidir.

O r x a n. Təhlükəli bir şey yoxdur, eləmi?

M ə l a h ə t. Sərxoşsan yenə...

O r x a n (birdən-birə Ayişəyə yalvarır). Qızımı xilas edin...

M ə l a h ə t. Sərxoşsan...

O r x a n (göz yaşları içində). Ölməyəcək, elə deyilmi?

A y i ş ə. Niyə bu qədər gec çağırdınız məni? Yəni, niyə o saat həkim çağırmadınız demək istəyirəm.

M ə l a h ə t (Orxanı göstərərək). Qoymur evə həkim gəlsin... Mədəsi ağrıyır... Həkimlər «içkini tərgit» deyirlər...

O r x a n (ağlayaraq). Qızımı xilas edin.

A y i ş ə. Əlimdən gələni edəcəyəm. Siz o biri otağa keçin... Dincəlin... Yorğunsunuz... Di keçin... Xahiş edirəm...

O r x a n o biri otağa keçir.

M ə l a h ə t. Onun ucbatından qızım öləcək.

A y i ş ə. Sağalması üçün lazım olan hər şeyi edəcəyik.

M ə l a h ə t. Məni necə məhv edibsə, qızını da elə məhv edir... (Ayişə ampuladakı dərmanı iynəyə çəkir.) Gəncliyimi, gözlərimin nurunu, istedadımı, hər şeyimi ona qurban verdim... Yaxşı pianoçu ola bilərdim... Qoymadı... Axırda ev qadını oldum...

A y i ş ə. Uşağın qolunu açın... (Xəstə uşağa iynə vurur.) İstiliyi düşəcək... gecə rahat yatacaq...

M ə l a h ə t. Ölməyəcək ki?

A y i ş ə. Yox, sağalacaq...

M ə l a h ə t. Məşhur aktyorun arvadı olmaq çətin şeydi. Nə qədər bəxtsiz olduğumu təsəvvür edə bilməzsiniz. Bütün bunları, yəni heç kimə demədiklərimi niyə deyirəm sizə? Tanış olduğumuz heç yarım saat da deyil... Təbii ki, ərimin kim olduğunu bilirsiniz...

A y i ş ə. Bilirəm...

O r x a n gəlir.

O r x a n. Həkim!.. Qızım necədi?..

A y i ş ə. İnsan ən çətin anda belə ümidini itirməməlidir...

O r x a n. Yaşayacaq, elə deyilmi?

M ə l a h ə t. Yaşayacaq! (Orxan, Məlahətin ayaqlrı altına yıxılır, başını dizinə söykəyir.) Əsil uşağım budur... (Saçlarını oxşayır.) Bağışlayın, həkim... Kədərli bir ailə mənzərəsi... (Orxana) Qızımız yaxşılaşacaq... Sən də yaxşılaşacaqsan... (Ayişəyə) Bəlkə bir dəfə də siz müayinədən keçirəsiniz?..

A y i ş ə. Təkcə müayinədən keçirməklə olmaz...

O r x a n. Analiz-filan lazımdı... İndi bunun vaxtı deyil... Yaxşısı budur həkimdən xahiş edək, gəlsin, Hamlet rolunda mənə tamaşa etsin... Əgər, teatrı sevirsə... Neçə ildir Hamleti oynamamışam... Dəvətnamə...

A y i ş ə. Biletim var... Salamat qalın... Gecə lazım olsam, zəng edin... (Çıxır. Səhnənin önünə gəlir.) Məni tanımadı. Demək, insan on iki ildə belə dəyişirmiş...

ON BİRİNCİ ŞƏKİL

Ə n v ə r «Gilənar bağı» pyesinin dekorasiyasının önündə dayanıb. O r x a n ,

M a k i n a ç ı q ı z və S a r ı ş ı n a k t y o r gəlirlər.

S a r ı ş ı n a k t y o r. Bir şey öyrənmək mümkün deyil, ustad. Hamısı balıq kimi susur. Elə bil, dilbir olublar.

Ə n v ə r (Orxanı göstərərək). Məsələni buna başa salın.

M a k i n a ç ı q ı z stolüstü lampanı düzəltməklə məşğuldur.

S a r ı ş ı n a k t y o r (Orxana). «Gilənar bağı» pyesinin tamaşası zamanı orkestrin təxribat edəcəyi barədə məlumat almışıq.

O r x a n. Bizim orkestrinmi?.. Kimdən məlumat almısınız?.

Ə n v ə r. Məlumatı kimin verməsinin məsələyə dəxli var?..

O r x a n. Bütün orkestrmi təxribatda iştirak edəcək?..

Ə n v ə r. Yox...

S a r ı ş ı n a k t y o r. Dörd musiqiçinin rəqib teatrdan pul və təlimat aldığını, tamaşa zamanı öz alətlərində qorxunc, kakafonik səslər çıxararaq, təxribatla məşğul olacağımı gizli yolla öyrənə bildik...

O r x a n. Kimlərdən şübhələnirsiniz?

Ə n v ə r. Hamıdan!

M a k i n a ç ı q ı z (özündən asılı olmayaraq, söhbətə qoşulur). Bayaq dörd nəfərdən şübhələnirdiniz, indisə hamıdan...

Ə n v ə r. Bu məsələ sizi də maraqlandırır?

M a k i n a ç ı q ı z. Nə olsun ki, makinaçıyam, bu mənim də teatrımdı.

Ə n v ə r. Əlbəttə... Əlbəttə... Hətta, siz bu dörd nəfərin kimlər olduğunu öyrənə də bilərsiniz... Sizdən şübhələnməzlər... Orkestrin rəhbəri və müsiqiçilərlə söhbət edin, əleyhimizə danışın, hətta, mənə nifrət etdiyinizi də deyin, ağızlarını arayın.

M a k i n a ç ı q ı z. Mən cəsus deyiləm...

Ə n v ə r. Söhbət teatrımızın mənafeyindən gedirsə...

M a k i n a ç ı q ı z. «Gilənar bağı» pyesinin tamaşasında dörd musiqiçinin çıxaracağı fitnə-fəsadla teatrımız yıxılarmı?

O r x a n (Ənvərə). Ustad, indi nə edəcəksiniz?

Ə n v ə r. Bütün orkestri qovacağam... Bunu onlara çatdırın...

O r x a n. Dörd nəfərə görəmi?

Ə n v ə r. Bəli... Dörd xainin edəcəyi təxribatın qarşısını almaq üçün qırx günahsız insan işdən qovulacaq... Başqa çarəmiz yoxdu... «Gilənar bağı» pyesinin tamaşasını xilas etmək üçün qırx yox, lap dörd yüz məsum insanı da fəda etməyə hazıram... Sənət... Sənət qurban tələb edir...

M a k i n a ç ı q ı z. Bağışlayın, bəlkə də, mənə aid olmayan işlərə qarışıram. Amma, məncə, dörd xainə görə qırx məsum insanı işdən qoymaqdansa, dörd məsum insanı işdə saxlamaq üçün qırx xainin fitnə-fəsadına qatlaşmaq daha doğru olar...

Ə n v ə r. Atın əlinizdəkini! (Makinaçı qız lampanı əlindən yerə atır.) Yanğın çıxarmaq üçün qəsdən lampanı əlinizdən yerə atırsınız, eləmi? Rədd olun!.. Sizi də işdən çıxarıram!.. (Orxana) Bütün orkestrin, bir də bu makinaçı qızın hesablarını dərhal ödəyin! Yarım saat içərisində teatrımız xainlərdən təmizlənməlidir!

O r x a n çıxır. Ə n v ə r səhnənin önünə gəlir. Arxa cibindən bir şüşə

çıxarır, bir udum içir, sonra şüşəni yerə atır.

ON İKİNCİ ŞƏKİL

Salon

S ə b i h ə. Deyəsən, indi mənim rolumdu...

Səhnə

S a r ı e y n ə k l i q a d ı n. Hə... Gecikirsən... Bir az cəld ol...

S ə b i h ə yürüyə-yürüyə salondan səhnəyə çıxır.

S a r ı e y n ə k l i q a d ı n. Hələ geyimini dəyişməlisən, qrimlənməlisən...

S ə b i h ə (səhnənin arxasına keçərkən). Aludə odum... Pyesə tamaşaçı kimi aludə oldum... Özümü unutdum... (Səhnədən çıxır.)

T a r i x ç i (səhnənin önünə gəlir, gözlərini tavana dikərək, monoton səslə). Mart ayının 26-da «Yeni teatr»ın Baş rejissorunun ruhi xəstə olduğu həkimlər tərəfindən də təsbit edildiyindən, o vəzifəsindən azad edilərək dəlixanaya göndərildi. (Çıxır.)

T ə n q i d ç i (gözlərini tavana dikərək, monoton səslə.) «Yeni teatr»ın Baş rejissorunun teatr tarixindəki əhəmiyyətli rolunu inkar etməməklə yanaşı, şahmat taxtası sisteminin ruhi xəstəliklə yaxından əlaqəsi olduğunu görməmək də mümkün deyildir. (Çıxır.)

S ə b i h ə n i n evi.

O r x a n. İstiliyim yoxdu...

S ə b i h ə (Ayişəyə). Bərk xəstədi... (Orxana) Gedib öz evində, arvadının yanında xəstələnsəydin, daha yaxşı olardı...

A y i ş ə (Orxanın nəbzini yoxlamaq istəyir). Müsaidənizlə...

O r x a n. Buyurun.

S ə b i h ə. Bu artist tayfası belədir: səfalarını arvadları görür, cəfalarını da biz sevgililəri...

A y i ş ə. Nəbziniz tez-tez vurur... Məncə bir az istiliyiniz də var... Xahiş edirəm bu termometri qoltuğunuzun altına qoyun...

O r x a n. Dedim axı: istiliyim yoxdu...

S ə b i h ə. Ya termometri qoltuğunun altına qoy, ya da qapını aç, çölə... O qədər içib ki, leş kimidi...

O r x a n termometri qoltuğunun altına qoyur.

O r x a n (Ayişə). Mən sizi haradansa tanıyıram.

A y i ş ə. Bir il bundan əvvəl qızınız xəstələnmişdi.

O r x a n. Hə!.. (Birdən-birə Ayişənin əlini öpür.) Qızımı ölümdən qurtardınız...

A y i ş ə. Onda sizə Hamlet rolunda da tamaşa etdim.

O r x a n. Çox pis oynadım... İstedad yaz gününə bənzəyir... Tərtəmiz bir şəfəqlə başlayır, pırıl-pırıl işıq saçır, sonra axşamüstü bir yağış, bir çamur... beləcə kirlənir.

S ə b i h ə. Yağışsız, çamursuz bitən yaz günləri də olur.

O r x a n. Mən bitdim – axırım çatdı...

A y i ş ə. Zəhmət olmasa, termometri verin...

O r x a n. Buyurun...

A y i ş ə (termometrə baxaraq). Gərək yatasınız...

O r x a n. Məşqə getməliyəm... Yeni Baş rejissorum elə fikirləşər ki, işi pozmağa cəhd göstərirəm... Artıq birinci müavin də deyiləm...

S ə b i h ə. Sadəcə, aktyorsan, çox şükür...

A y i ş ə. Mən sizi bundan on üç il əvvəl Hamleti ilk dəfə oynadığınız zaman görmüşəm... Hətta, mənə, daha doğrusu, qrupumuzun tələbələrinə bir avtoqraf da vermisiniz...

O r x a n. Eləmi?

A y i ş ə. Əlbəttə, xatırlamırsınız... Mənə «Üçüncü Riçard»dan monoloqlar söylədiniz... O vaxtdan illər keçib...

O r x a n. Xatırladım... Birdən-birə bir şimşək parıltısı kimi xatırladım...

A y i ş ə (Səbihəyə). İndi məşqə gedə bilməz... Gərək yata... (Səbihəyə resept verir.) Bu dərmanı hazırlatdırarsınız.

O r x a n. Ehtiyac yoxdu. Dərman içmirəm.

S ə b i h ə. İçmirəm nə deməkdi?.. Bal kimi içəcəksən... Narahat olmayın, həkim, zorla içirdəcəyəm...

A y i ş ə. Ən azı, üç gün dincəlməlisiniz... Mən sabah yenə gələrəm... Salamat qalın...

O r x a n. Dayanın... Dərman içməyimi, sağalmağımı mütləqmi istəyirsiniz?

A y i ş ə. Mütləq istəyirəm.

O r x a n. Dayanın... Görüm teatrı hələ də sevirsinizmi?.. (Qalxıb birinin arxasınca qapını bağlayırmış kimi hərəkət edir. Sonra qayıdıb yerində əyləşir. Arxa cibindən tapança çıxarır.)

A y i ş ə. «Canlı meyit» pyesində Fedyanın intihar səhnəsi…

O r x a n. Afərin!.. Hanı zəhmətimin əvəzi?

A y i ş ə (yanağını ona sarı uzadır, Orxan öpür). İndi rahat-rahat uyuyun. Bir daha salamat qalın...

S ə b i h ə (Orxana). Dərhal yatmasan, başına iş acsan, vallah, baxmaram sənə... Xəstəxanalarda çürüyərsən...

A y i ş ə bu sözləri eşitdikdən sonra səhnənin önünə gəlir.

A y i ş ə. Mələk kimi arvadını bu kobud qadına görə atıb. Kişilər baş açılası məxluq deyillər....


ON ÜÇÜNCÜ ŞƏKİL

Q ə z e t ç i. Üz-gözünüzü niyə belə rəngləyirsiniz?

H ü r i y y ə. Ac qalmamaq üçün.

Q ə z e t ç i. Doğrudan?

H ü r i y y ə. Altmış beş yaşım var.

Q ə z e t ç i. Heç deməzdim...

H ü r i y y ə. Üz-gözümü rəngləyirəm, ona görə...

Q ə z e t ç i. Üz-gözünü rəngləməsiniz necə?

H ü r i y y ə. Onda yetmiş beş yaşlı kimi görünərəm, işdən qovarlar.

Q ə z e t ç i. Tətil günlərində nə iş görürsünüz?

H ü r i y y ə. Hava açıqdırsa, ya təyyarə meydanına, ya da limana gedirəm. Hava tutqundursa, dəmiryol vağzallarından birinə.

Q ə z e t ç i. Maraqlıdır. Nəyə görə?

H ü r i y y ə. Təyyarələr qalxar-enər, qatarlar, gəmilər gedər-gələr... «Paris, London, İzmir, Praqa, Varşava, Moskva» - deyə reproduktorlar bağırar... Mən təyyarələrə, qatarlara, gəmilərə minən yolçulara baxaram. Onlarla uzaqlara - başqa yerlərə gedərəm. Ya da təyyarələrdən, qatarlardan, gəmilərdən enən yolçulara baxaram. Onlarla birgə bizim şəhərdə evlərin qapılarını döyərəm, otaqlara girərəm, insanlarla qucaqlaşaram!..

Q ə z e t ç i. Şairsiniz?

H ü r i y y ə. Şairlik budur?

Q ə z e t ç i. Bir az hə... Köhnə Baş rejissoru sevirdinizmi?

H ü r i y y ə. Qarderoba çox əhəmiyyət verirdi. Kostyumların ən bahalı parçalardan tikilməsini istəyirdi. Bir dəfə rəssamın üstünə çığırıb dedi: «Bunlar nə paltarlardı, teatr qarderobdan başlayır...». Amma, bir dəfə də olsun, qarderoba gəlmədi...

O r x a n gəlir, dalğındır.

O r x a n. Salam.

Q ə z e t ç i. Salam.

O r x a n (Hüriyyəyə). Demək belə... məşhur ingilis dramaturqu Vilyam Şekspirin «Hamlet» pyesindəki Fortenbras rolunu oynayacağıq...

H ü r i y y ə. Məndə Fortenbrasın üç kostyumu var. Biri sanki sizin əyninizə tikilib, sifarişlə...

O r x a n. Haradan bilirsiniz?

H ü r i y y ə. Mən bir dəfə baxmaqla bilirəm ki, kimin əyninə hansı paltar olar. Sizə Hamletin kostyumunu da ilk dəfə bu cür seçib vermişdim. Sonradan sizin üçün xüsusi Hamlet kostyumları tikildi... Amma heç biri sizə mənim verdiyim kostyum kimi yaraşmadı... (Fortenbrasın kostyumunu tapıb verir.) Buyurun...

O r x a n. Söküyü-filanı yoxdur ki?

H ü r i y y ə. Bizdə dilənçi paltarlarının da söküyü-filanı olmur... O cür əmr etmişdi Baş rejissor... Vaxtilə...

Q ə z e t ç i. Deməli, bu məsələdə köhnə prinsip hələ də qoruyub saxlanılır...

O r x a n (Qəzetçiyə). Hamlet rolunda məni neçə dəfə seyr etmisiniz?

Q ə z e t ç i. Ən azı, on dəfə.

O r x a n. İndi Fortenbrası oynayacağam... On yeddi misralıq sözü olan Fortenbransı...

Q ə z e t ç i. Gözəl oynayandan sonra hər rol böyükdür.

O r x a n. Vallah, bütün pyes boyu bircə dəfə, özü də cəmi-cümlətanı bircə dəqiqə səhnəyə çıxan, bir söz belə demədən qapını açan uşaq rolunu nə qədər yaxşı oynasan da, dəxli yoxdur, heç kəs səni vecinə almayacaq, alqışlanmayacaqsan... Təbii ki, qəzetiniz Fortenbransın şəklini verməz...

Q ə z e t ç i. Heç bir aktyorun şəkli qəzetdə sizin şəkliniz qədər çox çıxmayıb.

O r x a n. Elədir.

Q ə z e t ç i. Yenə elə ola bilər.

O r x a n. Mən ağır yüklü xarab gəmi kimiyəm, asanlıqla sağa-sola manevr edə bilmirəm.

Q ə z e t ç i. Yəni, bizim kimi...

O r x a n. Mən elə söz demədim... Salamat qalın... (Hüriyyənin əlini hörmətlə öpür.) Gecəniz xeyirə qalsın...

Çıxır.

H ü r i y y ə. Çətindi... Yazığa yalandan dedim ki, Fotenbrasın kostyumu elə əyninədir. Amma görəcəksiniz – çuval kimi olacaq...

Q ə z e t ç i. Əgər, elədirsə, onda, niyə əyninə uyğununu tikmirlər?

H ü r i y y ə. Biz kiçik rollarda çıxış edənlərin kostyumunu hazır mal satanlardan alırıq.

Q ə z e t ç i. Köhnə zehniyyət yenə davam edir.

H ü r i y y ə. Nə edək? Qarderobdakı bütün kostyumları çölə atmayacağıq ki...

Q ə z e t ç i. Mənə görə də kostyumunuz varmı?

H ü r i y y ə. Var... (Uzun ətəkli bir paltar verir.) Buyurun... (Qəzetçi paltarı alıb ora-burasına baxır.) Geyinin... (Qəzetçinin paltarı geyinməsinə kömək edir.)

Q ə z e t ç i. Bu kimin paltarıdı?

H ü r i y y ə. İvan Qroznının...

Q ə z e t ç i. Yaraşır?

H ü r i y y ə. Geyinəndən sonra niyə yaraşmasın ki...

ON DÖRDÜNCÜ ŞƏKİL

O r x a n ı n soyunma otağı. İntihardan sonra ilk dəfə gördüyümüz mənzərə.

A y i ş ə (dikələrək). Bu saat xəstəxanaya aparmaq lazımdır.

S ə b i h ə. Sağdı?

A y i ş ə. Bəli.

L ə m a n. Yaşayacaq?

A y i ş ə. Xilas edə bilərlər...

Y a r d ı m s e v ə r. «Təcili yardım»a zəng edimmi?

M ü d i r. Ehtiyac yoxdur.

Y a r d ı m s e v ə r. Xərək lazımdır... Xərək axtarım... (Çıxır.)

H a k i m (Ayişəyə) İntihar olduğuna əminsiniz, eləmi?

A y i ş ə. Bəli.

H a k i m. Səbəb?.. (Pauza.) Əlbəttə, səbəbi biləcəyik...

Y a r d ı m s e v ə r (Makinaçı qızla birlikdə xərəyi gətirir). Bu da xərək... (Orxanı xərəyə uzadırlar. Adamlar bir-bir çıxırlar. Otaq boşalır. Pərdə enir.)

S a r ı e y n ə k l i q a d ı n (pərdə enərkən, Şişman qadınla birlikdə səhnənin önündə qalır. Tamaşaçılara) Birinci hissə burada bitdi.

İKİNCİ HİSSƏ

ON BEŞİNCİ ŞƏKİL

S a r ı e y n ə k l i q a d ı n. Bu hissədə intihar edən aktyorun son on beş illik həyatından yadında qalanlara tamaşa edəcəksiniz...

Ş i ş m a n q a d ı n. Gedirik... Bəlkə üçüncü hissədə yenə gəldik... Salamat qalın...

S a r ı e y n ə k l i q a d ı n (pərdənin sol tərəfinə iti addımlarla gedən Şişman qadına). Yavaş... Səs-küy salma... Ayaqlarının ucunda yeri...

Ş i ş m a n q a d ı n. Niyə?

S a r ı e y n ə k l i q a d ı n. Pərdənin arxası xəstəxanadı... Xəstələr narahat olarlar...

S a r ı e y n ə k l i q a d ı n l a Ş i ş m a n q a d ı n ayaqlarının ucunda yeriyə-yeriyə səhnədən çıxırlar. Musiqi. Pərdə açılır. Xəstəxana. O r x a n çarpayıda arxası üstə yatıb. H a k i m, A y i ş ə,

Y a r d ı m s e v ə r, L ə m a n, S ə b i h ə və şəfqət bacıları. .

H a k i m. Gözləri yarıaçıqdır. Bizi görür. Məncə, nə dediyimizi də eşidir və başa düşür.

A y i ş ə. Xəstəni rahat buraxın.

Y a r d ı m s e v ə r. Mən yanında qala bilərəm.

A y i ş ə. Yanında qalmaq üçün şəfqət bacıları var. Xahiş edirəm, hamınız çıxın.

H a k i m çıxır.

Y a r d ı m s e v ə r. Əgər, dəhlizdə gözləmək yasaqdırsa, mən xəstəxananın önündə gözləyərəm. Bir şey lazım olsa...

A y i ş ə. Qohumusunuz?

Y a r d ı m s e v ə r. Yox... Teatra da ilk dəfədi gəlirəm...

A y i ş ə. Yardımınıza görə təşəkkür edirəm.

Y a r d ı m s e v ə r (kağız parçasını uzadaraq). Telefon nömrəm... (Çıxır.)

S ə b i h ə. Mən də yanında qala bilmərəm?

A y i ş ə (sərt şəkildə). Yox! Dəhlizdə, ya da şəfqət bacılarının otağında gözləyə bilərsiniz.

S ə b i h ə. Yaxşı... (Çıxır.)

A y i ş ə (Ləmana). Arvadına xəbər verdilər?

L ə m a n. Verdilər.

A y i ş ə. Çıxaq.

L ə m a n. Mən də şəfqət bacılarının otağında qala bilərəmmi?

A y i ş ə. Qala bilərsiniz.

Çıxırlar. İçəridə yalnız B i r i n c i ş ə f q ə t b a c ı s ı qalır.

O r x a n. Arvadıma xəbər veriblər?

B i r i n c i ş ə f q ə t b a c ı s ı. Nəsə dediniz?

O r x a n. Yox...

B i r i n c i ş ə f q ə t b a c ı s ı. Danışmayın... Çalışın yatın...

S a r ı e y n ə k l i q a d ı n l a Ş i ş m a n q a d ı n gəlirlər.

S a r ı e y n ə k l i q a d ı n (tamaşaçılara). Bağışlayın, bayaq bu hissədə biz olmayacağıq dedik – dramaturqun fikri belə idi... Əvvəlcə insana bu il havaların isti keçəcəyini, sonra da, yox, soyuq keçəcəyini dedirdən ilk dramaturq bizimki deyil...

Ş i ş m a n q a d ı n. Bu cür dramaturqların ucbatından tüpürdüyünü yalayan ilk aktyorlar da biz deyilik...

S a r ı e y n ə k l i q a d ı n. Nə isə... Sözü uzatmayaq, qısacası, bu hissədə xəstənin son on beş illik həyatından ağlına gələnləri seyr etməyəcəksiniz. Bu hissədə dramaturqun özü sizə bir pərdəlik və bilmirəm neçə şəkillik – qısacası, neçə şəkil olacağı hələ bəlli deyil – bir pyes halında bəzi hadisələri anladacaq...

Ş i ş m a n q a d ı n. Hə, bir də, bu pərdənin bir çox şəkilləri bundan əvvəlki şəkillərin davamı olacaq. Məsələn, indi özünü tapança ilə vuran bu aktyor, Hamleti ilk dəfə oynadığı gecə, əlbəttə, tamaşadan sonra evinə gedir və bu vaxt nələr olur...

S a r ı e y n ə k l i q a d ı n ( Şişman qadına). Dayan, bunu biz deməməliyik...

Pərdə enir. S a r ı e y n ə k l i q a d ı n l a Ş i ş m a n q a d ı n pərdənin önündə qalırlar.

S a r ı e y n ə k l i q a d ı n. Kiçik bir musiqi parçası. (Kiçik bir musiqi parçası çalınır.) Pərdəni açaq... (Pərdə açılır.)

ON ALTINCI ŞƏKİL

O r x a n ı n evi. On beş il bundan əvvəl. Gecə çoxdan yarı olub. M ə l a h ə t otaqda, alt paltarında əsəbi halda var-gəl edir. Küçə qapısının açarla açıldığı hiss olunur. M ə l a h ə t dayanıb qulaq asır. Qapının açılıb-örtüldüyü, sonra isə yaxınlaşan addım səsləri eşidilir. M ə l a h ə t divanda uzanır. Əlinə kitab alır, özünü elə göstərir ki, guya, oxuyur. O r x a n gəlir.

O r x a n. Mən gəldim, canım-gözüm.

M ə l a h ə t. Bildim... Soyuducuda xörək var, amma gərək qızdırıla. Xidmətçi, işi olduğu üçün icazə alıb gedib.

O r x a n. Toxam...

M ə l a h ə t. Qonaqlıqdan gəldiyini unutdum... (Orxanın əlindəki qutuya baxır.) Əlindəki nədi?

O r x a n. Sənə tort gətirmişəm...

M ə l a h ə t. Qonaqlıqdan artıq qalan şeyləri yeməyə adət etməmişəm...

O r x a n. Niyə bu qədər qəddar və insafsızsan...

M ə l a h ə t. Yorulmusan... Get yat... Bu gecə məşhur aktyor oldun... İlk dəfə Hamleti oynadın... Teatrda çoxmu adam var idi? (Həsədlə) Çoxmu çiçək gətirmişdilər sənə?

O r x a n. Nə qədər yalvardım ki, gedək...

M ə l a h ə t. Bir çox, ya da bir az əlin alqışından nə çıxar?

O r x a n. Orda olsaydın, daha yaxşı oynayardım.

M ə l a h ə t. Hamleti oynamağa qabiliyyətinin olduğuna inansaydım, gedərdim...

O r x a n (ürəyinin sıxılacağını hiss etdirməməyə çalışaraq). İstedadıma inanmadığını bilirəm, canım-gözüm.

M ə l a h ə t. Ustad bəyəndimi?

O r x a n. Elə bilirəm ki, razı qaldı.

M ə l a h ə t. Artıq Baş rejissorun birinci müavini vəzifəsinə təyin olunarsan...

O r x a n. Məni ən çox sevindirən bir gənc qız oldu... On beş-on altı yaşında... Tibb fakültəsində...

M ə l a h ə t. Tibb fakültəsində oxuyan qızlar, axı, bir az böyük olurlar.

O r x a n. Bəlkə də on yeddi-on səkkiz yaşında idi... Şekspirin bütün əsərlərini əzbər bilirdi...

M ə l a h ə t. Daha heç vaxt konsert verməyəcəyəm. Hətta, pianinonun qapağını belə açmayacağam...

O r x a n. «Musiqi» dərgisindəki məqaləni oxudum…

M ə l a h ə t. Sənin «Musiqi» dərgisini oxumadığını bilirəm. Yəqin kimsə deyib ki, arvadının konsertindən yazıblar, oxu. Sən də oxumusan və ləzzət almısan...

O r x a n. Nə danışırsan?.. Niyə ləzzət almalıyam?.. Düzü, əhəmiyyət vermədim...

M ə l a h ə t. Verməzsən də... Səni yox, məni tənqid ediblər...

O r x a n. İlk konsertindi... Bəyənən də olacaq, bəyənməyən də... Hələ yolun başlanğıcındasan...

M ə l a h ə t. Dost-tanış köməyi ilə axsaya-axsaya yeriməkdənsə, yola çıxmamaq yaxşıdır. Çox şükür ki, mən sən deyiləm...

O r x a n. Belə?

M ə l a h ə t. Hesabdan güclüsən, yerinə olsam, aktyorluğu buraxıb, mühasiblik edərəm. Necə ki, mən pianoçuluğu atıb, ev işləri görməklə məşğul olacağam.

O r x a n. Nə özünə inamın var, nə də mənə...

M ə l a h ə t. İkimiz də bir-birimizdən betərik. Amma səni ustad kimi bir dahi tərifləyir... Görünür, ona lazımsan... Bəlkə də ona o birilərindən daha çox – kor-koranə, həm də heç bir mənfəət güdmədən bağlı olduğuna görə... (Pianonun yanına gedir, qapağı açıqdır.) Mən bir daha barmaqlarımı bu dillərə vurmayacağam... Sən baş rolları oynamaqda davam et... (Hönkür-hönkür ağlayır.)

O r x a n, M ə l a h ə t ə yaxınlaşır, saçlarını oxşayır.

O r x a n. Özünə gəl, gülüm... Sən daha neçə konsert...

M ə l a h ə t. Mən qurtardım... Pianoçuluğumun beş quruşa dəymədiyini özüm də anladım...

O r x a n. Amma...

M ə l a h ə t. Bu məsələ ilə bağlı bir söz desən, dalaşarıq.

O r x a n. Yaxşı... (Məlahətin əlindən tutub, divana sarı çəkir.) Bir az yan-yana əyləşək. Əlindən tutum bir az... (Əlindən tutur. Məlahət əlini çəkir.) Yaxşı, əlindən tutmayım... Sənə sevdamdan danışım... Yaxşı sənə sevdamdan danışmayım... (Kitabı görür.) Baxım nə oxuyursan... (Kitabı götürür.)

M ə l a h ə t. Sən içəri girəndə özümü elə göstərdim ki, guya, kitab oxuyuram... Amma oxumurdum.

O r x a n (kitabı örtərkən, vərəqlərin arasından bir otkrıtka düşür. Əyilib götürür.) Ərik çiçəkləri... (Ünvana baxır.) Sənə göndəriblər...

M ə l a h ə t. Ver... (Orxan otkrıtkanı Məlahətə verir.) İstəyirsən, oxu... (Otkrıtkanı Orxana verir.)

O r x a n (otkrıtkanı alıb oxuyur). Dünən sizi yenə saat səkkiz otuz beşdən doqquz on yeddiyə qədər gözlədim. (Məlahətə) Bunu kim göndərib?

M ə l a h ə t. Qısqandın?

O r x a n. Niyə qısqanmayım ki?..

M ə l a h ə t. Maliyyə Nazirliyində işləyir. Məmurdur. Tramvayda tanış olduq...

O r x a n. Sonra?

M ə l a h ə t. Sonrası yoxdu... Yəni, indilik yoxdu...

O r x a n. «İndilik yoxdu» nə deməkdir?

M ə l a h ə t. Bəlkə heç sonrası olmayacaq... Bəlkə olacaq... (Otkrıtkanı cırıb atır.) Mən yatmağa... (Gedir.)

O r x a n. Dayan! (Arxasınca yürüyə-yürüyə gedir.)

ON YEDDİNCİ ŞƏKİL

Teatrda aktyorların istirahət otağı.

D a z a k t y o r. Baş rejissorun müavini vəzifəsinə...

Q a r a ş ı n a k t y o r. Baş rejissorun birinci müavini vəzifəsinə...

D a z a k t y o r. Mütləq təyin olunacaq.

Q a r a ş ı n a k t y o r. Mütləq...

D a z a k t y o r. Tale bir dəfə yüyür, qulum, yüyür, dedimi, qul yüyürür.

Q a r a ş ı n a k t y o r. Bəzən yarıyolda ayağı burxulur, yıxılır üzüqoylu...

D a z a k t y o r. Yıxılır üzüqoylu... Bir daha qalxmır yerindən...

Q a r a ş ı n a k t y o r. Bəzən də yıxılır, durur, yıxılır durur, axırda qalxır pilləkənləri...

D a z a k t y o r. Qalxır pilləkənləri... Amma o pilləkənləri qalxmaq bizim işimiz deyil...

Q a r a ş ı n a k t y o r. Birinci müavin vəzifəsində gözünmü vardı?

D a z a k t y o r. Köhnə birinci müavinin niyə qovulduğu məlum olmadı... Mənim başa düşdüyümə görə...

G ə n c a k t r i s a gəlir. D a z a k t y o r birdən-birə susur.

G ə n c a k t r i s a bunu hiss edir.

G ə n c a k t r i s a. Söhbətinizə mane oldum, deyəsən... Bağışlayın... (Getmək istəyir.)

D a z a k t y o r (gənc aktrisanı saxlayaraq.) Hara?.. Xahiş edirəm... Buyurun... Biz havadan, sudan, göyərtinin qiymətindən danışırıq... Ustadın sayəsində teatrımızın inkişaf etdiyini dedim yoldaşıma, o da...

Q a r a ş ı n a k t y o r. Yeni birinci müavinimizin, ustadın köməyi ilə, məşqlərdə aktyorlara verəcəyi məsləhətlərin nə qədər faydalı olacağını bir daha təkrar etdim...

G ə n c a k t r i s a. Teatra təzə gəlmişəm... Aktyor kimi pis deyil, amma Baş rejissorun birinci müavini vəzifəsini bacaracaqmı-bacarmayacaqmı, deyə bilmərəm...

D a z a k t y o r l a Q a r a ş ı n a k t y o r bir-birlərinə çaşqın və G ə n c a k t r i s a d a n şübhələnmiş kimi baxırlar, nə cavab verəcəklərini bilmirlər. Ş i ş m a n a k t y o r gəlir.

Ş i ş m a n a k t y o r (əlini öpən Gənc aktrisaya). Xoş gördük, dost. Sizə sevindirici bir xəbər verimmi?

G ə n c a k t r i s a. Əlbəttə.

Ş i ş m a n a k t y o r. Ustad – indi yanından gəlirəm – sizə böyük ümid bəsləyir. Deyir, hələ sistemimizi bütün incəliyi ilə qavramağa vaxt tapmasa da, dünən məşqdə öz kiçik rolu mükəmməl ifa etdi.

G ə n c a k t r i s a. Lap yaxşı, onda, növbəti pyesdə daha böyük bir rol versin...

D a z a k t y o r l a Q a r a ş ı n a k t y o r yenə çaşqın halda bir-birlərinə baxırlar.

Ş i ş m a n a k t y o r. İnşallah, o da olar...

G ə n c a k t r i s a. Siz gəlməmişdən əvvəl Baş rejissorun birinci müavini haqqında danışırdıq.

Ş i ş m a n a k t y o r. Eləmi? (Daz aktyorla Qaraşın aktyoru göstərərək) Yoldaşlar nə dedilər?

G ə n c a k t r i s a. Yoldaşlar ona çox böyük ümid bəsləyirlər. Amma mən...

Ş i ş m a n a k t y o r. Amma siz... nə?

G ə n c a k t r i s a. Aktyor olmaq başqa, Baş rejissorun birinci müavini olmaq başqa...

Bu vaxt S a r ı ş ı n a k t y o r gəlir. O, son replikanı eşidir.

S a r ı ş ı n a k t y o r. Düz beş il gözlədi... Ustad adamı hərtərəfli yoxlamadan...

O r x a n gəlir, əyləşənlər ayağa qalxırlar.

O r x a n. Xahiş edirəm, narahat olmayın. Əyləşin...

D a z a k t y o r. Hamımız nə qədər sevindik.

O r x a n. Sağ olun. Bacardığım qədər faydalı olmağa çalışacağam.

G ə n c a k t r i s a. Ustad «Yeni teatr»a gələndən sonra, bir çox köhnə aktyorları, rejissorları-filan qovub deyirlər. Bu doğrudurmu?

Səssizlik.

Ş i ş m a n a k t y o r. Mən bu teatrın ən köhnə aktyorlarındanam... Görürsünüz ki, qovulmamışam, əksinə, əvvəlki vaxtlara nisbətən indi daha ciddi rollarda oynayıram.

D a z a k t y o r. Mən də köhnə aktyorlardanam...

S a r ı ş ı n a k t y o r. Mən təzəyəm, amma ustadın yaxşılığından başqa bir şey görməmişəm.

G ə n c a k t r i s a. Yəni, heç qovulan olmayıb? (Orxana) Məsələn, sizdən əvvəlki birinci müavin...

O r x a n. Qovulanlar oldu... Olacaq da... Sənət yolunda bizə badalaq vuranlarla yanaşı addımlaya bilmərik... İşdən qovduqlarımıza, bir insan kimi, ürəyim yanır, amma bir aktyor kimi yox...

N i y a z i ilə L ə m a n gəlirlər. N i y a z i, O r x a n ı n sol replikasını eşidir.

N i y a z i. İnsan kimi, aktyor kimi... Əcayib təsnifatdır...

L ə m a n. Yenə başlama.

Zəng səsi eşidilir.

O r x a n. Zəhmət olmasa, məşqi olanlar səhnəyə buyursunlar...

Aktyorlar otaqdan bir-bir çıxırlar.

D a z a k t y o r. Mənim rolum yoxdu, amma deyirəm yenə də gedim. Heç olmasa, ustadın dediyi hikmətli sözləri eşidərəm. (Çıxır.)

O r x a n çıxarkən, Ş i ş m a n a k t y o r geri qayıdır.

Ş i ş m a n a k t y o r. Danışığını bilməyən bu ağılsız qızın dediklərini eşitdinmi?

O r x a n. Gəncdir...

Ş i ş m a n a k t y o r. Ustadın çox xoşuna gəlir.

O r x a n. Amma mən onun böyük istedad sahibi olduğuna o qədər də inanmıram.

Ş i ş m a n a k t y o r. Hər halda, bir cüt gözəl baldır sahibi olduğuna inanırsan...

O r x a n. Nə demək istəyirsən?

Ş i ş m a n a k t y o r. Məncə, qızın baldırları ustadın xoşuna gəlir...

O r x a n. Ustadın nə vəzifəsi, nə də yaşı...

Ş i ş m a n a k t y o r. Bravo... Mən təslim - mat oldum...

O r x a n. Anlamadım...

Ş i ş m a n a k t y o r. Bu söhbət aramızda qalsın. Əgər ustada çatdırmağa cəhd göstərsən, mənim də, sənin haqqında deməyə...

O r x a n. Mən ustada xəbərçilik-filan etmirəm. Heç onun da buna ehtiyacı yoxdur.

Ş i ş m a n a k t y o r. Mən bir daha təslim... Gəlirsən? (Səbihənin gəldiyini görür.) Aaa... Bax gör kim gəldi... (Gülümsəyir.) Yox, demərəm... Amma gecikmə. (Çıxır.)

O r x a n (Səbihəyə). Bir sözün var?

S ə b i h ə. Baş rejissorun birinci müavini olacaqsan.

O r x a n. Olacağam... Məşq başlayır... Nə deyəcəksənsə, tez de...

S ə b i h ə. Mən bir yazı makinasıyam... Hansı düyməyə bassan...

O r x a n. Quzum... (Zəng səsi.) İkinci zəngdi... Məşq başlayır... Sonra danışarıq...

S ə b i h ə. O vəzifədən imtina et...

O r x a n. Niyə?

S ə b i h ə. Həm özünə, həm də başqalarına pislik eləmə.

O r x a n. Dəli olmusan?

S ə b i h ə. Məni sevmirsən... Bilirəm... Kefli-kefli rast gəldin mənə, əylənmək istədin... Amma mən səni sevirəm...

O r x a n. İndi eşq elan etməyin vaxtıdımı? (Üçüncü zəng çalınır.) Başının çıxmadığı işlərə qarışma. (Sürətlə çıxır.)

S ə b i h ə. Yazıq. (Divanın üstünə çökür.)

ON SƏKKİZİNCİ ŞƏKİL

Aktyorların soyunma otaqlarının önü. Aktyorlar Q ə z e t ç i ilə söhbət edirlər.

Q ə z e t ç i. Yolda rast gəldim, tanımadım.

Q a r a ş ı n a k t y o r. Demək, dəhşətli hala düşüb?

Q ə z e t ç i. İnanılmaz dərəcədə zəifləyib.

O r x a n gəlir.

Q a r a ş ı n a k t y o r. Eşitdiyimə görə, arvadı kazinolarda mahnı oxuyur...

S a r ı ş ı n a k t y o r. Hə, bir dəfə dinləmişəm də...

Ş i ş m a n a k t y o r. Doğrudan?

S a r ı ş ı n a k t y o r (özünü ələ alaraq). Təsadüfən mahnı oxuduğu kazinoya girdim... Təbii ki, o saat da çıxdım...

O r x a n. Başqa çarə yox idi... Teatrımızın mənafeyi naminə işdən çıxarmaq məcburiyyətində qaldıq...

Ş i ş m a n a k t y o r (qəsdən sancır). Köhnə dostunuz idi...

O r x a n (cəsarətlə). Hə, ilk dəfə səhnəyə də bir yerdə çıxmışıq.

Ş i ş m a n a k t y o r. Bəli... Bəli... İnsan qovun deyil ki, iyləməklə tanıyasan...

H ü r i y y ə gəlir.

O r x a n. Salam... O əlindəki nədir?

H ü r i y y ə. Napoleonun səfər paltarı... Bəzək-düzək əlavə ediləcək.

Ş i ş m a n a k t y o r. Dəli olmusan? Nəyə görə Napoleonun səfər paltarlarına bəzək-düzək ediləcək?..

H ü r i y y ə (incə bir istehza ilə). Ustadın əmridi...

Ş i ş m a n a k t y o r. Doğrudan?.. Bəli... Əlbəttə... Əlbəttə, o bizdən yaxşı bilir ki, Napoleonun səfər paltarına nələr əlavə ediləcək... Əlbəttə... Elə deyilmi?.. (Pis-pis irişir.)

Q ə z e t ç i. Bunda gülməli nə var ki?

Ş i ş m a n a k t y o r. Heç nə...

Q ə z e t ç i. Bəs, onda nəyə gülürsən?

Ş i ş m a n a k t y o r. Öz sərsəmliyimə...

Q ə z e t ç i. Əgər, elədirsə, onda, gül...

G ə n c a k t r i s a gəlir, həyəcanlı və əsəbidir.

G ə n c a k t r i s a (qışqırır). Dəli!

O r x a n. Kimə deyirsiniz?

G ə n c a k t r i s a. İplə bağlasanız da, artıq bu teatrda qalmaram. Qorxmadan qoynuna necə girdim... Boğa bilərdi məni...

O r x a n. Xahiş edirəm susun...

G ə n c a k t r i s a. Niyə susum ki? Dahi olmağına, bəlkə də, dahidi, amma çürük qoz qədər də kişiliyi yoxdu... Çox alçaqdı... Məni öpdüyünü bu (qarderobda işləyən qadını göstərir) hiss edəcək deyə qorxusundan ödü ağzına gəldi.

O r x a n. Niyə yalan danışırsınız?.. Utanmırsınız?.. Bu teatr sizə qucağını açdı... Ustad sizə nə vaxtsa oynamağı ağlınıza belə gətirmədiyiniz rollar verdi...

G ə n c a k t r i s a. Bilirsiniz mənə nə dedi?

O r x a n. Nə dedi?

G ə n c a k t r i s a. Dedi ki, sən düşmənlərimin əlaltısısan.

O r x a n. Yalandı ki?

G ə n c a k t r i s a (heyrətlə Orxana baxır, sonra qəhqəhə ilə gülməyə başlayır). Dəlisiniz... Hamınız zır dəlisiniz... Zır dəli... (Qəhqəhələrlə gülür və hərdən qorxuya düşüb bağırır.) İmdad!.. (Əl-ayağı bir-birinə dolaşa-dolaşa səhnədən çıxır.)

O r x a n (dalğın halda). Doğrudanmı, biz dəliyik?

ON DOQQUZUNCU ŞƏKİL

O r x a n ı n evi. Qızı xəstədir. O r x a n başını M ə l a h ə t i n dizləri üzrə qoyub.

Hər şey onuncu şəkildə olduğu kimidir.

M ə l a h ə t. Əsil uşağım budu... (Saçlarını oxşayır.) Bağışlayın, həkim... kədərli bir ailə mənzərəsi. (Orxana) Qızımız sağalacaq... Sən sağalacaqsan... (Həkimə) Bir dəfə də siz müayinədən keçirsəniz...

A y i ş ə. Təkcə müayinədən keçirməklə olmaz...

O r x a n. Analiz-filan lazımdı... Qurtaraq bu söhbəti... Yaxşısı budur, həkimdən xahiş edək, gəlib Hamlet rolunda mənə tamaşa etsin... Əgər, teatrı sevirsə... Neçə ildir Hamleti oynamamışam...

A y i ş ə. Biletim var... Salamat qalın... Gecə lazım olsam, zəng edin...

A y i ş ə çıxır. M ə l a h ə t onu yola salıb qayıdır.

O r x a n xəstə qızının yanında dayanıb.

O r x a n. Yatır...

M ə l a h ə t (ciddi və kədərli). Səninlə ciddi söhbətim var.

O r x a n. Mən də səninlə heç kimə deməyəcəyim bir şey haqqında danışmaq istəyirəm.

M ə l a h ə t. Dinləyirəm.

O r x a n. Mənə elə gəlir ki, ustad xəstədi...

M ə l a h ə t. Necə yəni xəstədi?..

O r x a n. Əsəbləri pozulub... Sinirləri demək istəyirəm...

M ə l a h ə t. Kimin əsəbləri pozulmayıb ki?

O r x a n. Yorğun... Ruhən yorğun kimi görünür mənə...

M ə l a h ə t. «Ruhən yorğun» nə deməkdi? Dəlimi olur, yəni?

O r x a n. Yox... Allah göstərməsin... Bəlkə də bütün bunlar mənim fərziyyəmdir... Nə deyim... Sistemimizin düşmənlərinə qarşı həm teatrımızda, həm də teatrımızdan kənarda çox gərgin mübarizələr apardıq...

M ə l a h ə t. Belə başa düşürəm ki, ustaddan şühbələnməyə başlamısan.

O r x a n. Bu hardan ağlına gəldi? Yox... Yox!.. Yox...

M ə l a h ə t. Nə sizin teatrın işləri, nə ustadın ruhən yorğunluğu vecimə deyil. İndi məni dinlə. Qızımız sağalacaq...

O r x a n. Əlbəttə...

M ə l a h ə t. Sağalan kimi götürüb gedəcəyəm.

O r x a n. Nə dedin?

M ə l a h ə t. Dedim ki, sağalan kimi götürüb gedəcəyəm...

O r x a n. Haraya?

M ə l a h ə t. Bilmirsən? İstəsən, boşanarıq... İstəsən, ustad boşanan adamları sevmədiyi üçün, işinə ziyan dəyməməsi üçün...

O r x a n. Qızımı niyə aparırsan?

M ə l a h ə t. Baxa bilərsən? Nə vaxt istəsən, göndərərəm yanına...

O r x a n. Gör xəstə qızımızın başının üstündə nələr danışırıq... Siz burada qalın... Mən çıxıb gedərəm... Hərdənbir gələrəm... O, evdə olmadığı vaxtlar... Nə gülməli şeydi... Birdən-birə bütün dəhşəti ilə hiss etdim... Ömrümdə səndən başqa heç bir qadını sevməmişəm.

M ə l a h ə t. Bəlkə də... İnanıram...

O r x a n. Həyatımda çox qadın oldu... Amma sən...

M ə l a h ə t. Amma mən axar suyun dibindəki bəyaz daşam. Suyun apara bilmədiyi bəyaz daş...

O r x a n. Məni heç sevmədin...

M ə l a h ə t. Sevmədim... Ona görə də, indi sən məndən başqasını sevmədiyini düşünəndə, dəhşətə gəlirsən. Heç zaman böyük aktyor olmadın. Amma çox istedadlı olduğun bir dövr vardı. O dövr olmasaydı, bəlkə də, səni sevərdim. Sənin istedadını qısqanmaqdan səni qısqanmağa, səni sevməyə fürsət tapmadım.

O r x a n. Elə indi gedərəm.

M ə l a h ə t. Sabahı gözlə...

O r x a n. Sabahı gözləyim... (Əlini qızının başına qoyur.) İstiliyi düşmüş kimidi... (Məlahətə). Çoxmu sevirsən?

M ə l a h ə t. Kimi? (Özünü ələ alaraq). Bilirsən, nə musiqidən, nə teatrdan, hətta, kinodan da xoşu gəlmir... Adi bir məmudur... heç bir iddiası yoxdu...

O r x a n. Başa düşürəm...

M ə l a h ə t. Namuslu adamdı...

O r x a n. Sevirsən?

M ə l a h ə t. Xoşbəxt olacağımı zənn edirəm...

O r x a n (əlini təkrar qızının alnına qoyaraq). İstiliyi düşmüş kimidi...

İYİRMİNCİ ŞƏKİL

Ə n v ə r dekorasiyanın önündə dayanıb. O r x a n gəlir.

Ə n v ə r. Sizi gözləyirdim.

O r x a n. İndi dedilər.

Ə n v ə r. Dəhlizdə adam yoxdur ki?

O r x a n. Yox...

Ə n v ə r. Qapımın yüz metrliyinə də heç kəsi buraxmamağı əmr etdim...

O r x a n. Dedilər...

Ə n v ə r. Sizə qafatasımı açıb, beynimin içini göstərəcəyəm... Bunu yalnız siz görəcəksiniz. Teatrın yüksələ biləcəyi son mərhələ, buludlara qovuşan son zirvə, budur, burada, beynimin içindədir. Sizə necə böyük bir sirri əmanət etdiyimi başa düşürsünüzmü?

O r x a n. Başa düşürəm, ustad...

Ə n v ə r. Teatrımızın düşmənləri düşüncələrimin, yaratdığım, burada (qafatasını göstərir), bu möcüzəli qutunun içində bəsləyib böyütdüyüm «Yeni teatr» sisteminin bir vergülündən xəbər tutmaq üçün dəliyə dönüblər... Bunun üçün hər vasitədən istifadə edəcəklər... Başa düşürsünüzmü? Hər vasitədən – puldan, gözəl vədlərdən, qadınlardan... (Birdən-birə səsini dəyişir.) Eşitdiyimə görə, teatrımızın mühasibat şöbəsində işləyən makinaçı qızlardan biri ilə əlaqəniz var imiş... Arvadınız isə...

O r x a n (ustadın sözünü kəsərək). Bağışlayın... Fəqət bu...

Ə n v ə r. Ayıq olmaq lazımdır... Hamıdan şübhələnmək dəlilikdi… Bir sənət ocağında – bir teatrda aktyorların bir-birlərindən şübhələnmələri, bir-birlərini Baş rejissora şeytanlanmaları o teatrı ölümə sürükləyə bilər. Qapını azacıq aralayıb, eşiyə baxın... (Orxan qapının azacıq aralayıb, eşiyə baxır.) Dəhlizdə heç kim yoxdu ki?

O r x a n. Yox...

Ə n v ə r. İndi mənə qulaq asın. Yavaş səslə danışacağam, lap pıçıltı ilə... Yerin qulağı var... Yaxına gəlin... (Pıçıltı ilə danışmağa başlayır.) Məni yaxşı eşidirsinizmi?

O r x a n . Eşidirəm...

Ə n v ə r (səsini bir az da qısaraq). Bir az da yaxına gəlin... Eşidirsinizmi?

O r x a n. Çətinliklə. Amma eşidirəm...

Ə n v ə r. Əla... Demək diapozonu tapdıq... (O cür pıçıltı ilə danışır.) Teatrın inkişafında cürbəcür mərhələlər olub. Bilirsiniz ki, qədim xalq teatrında dekorasiya yox idi... Teatr yalnız aktyordan ibarət idi. Amma maskalı aktyordan... Sonra aktyorun üzündən maska çıxdı, dekorasiya gəldi. Sonra mən şahmat taxtası sistemini gətirdim... Bu sistemin aktyoru havadakı quş kimi azaddır. Lakin havadakı quşun azadlığının da sərhədləri var... Qanadlar... Qanadlar yorulur, quş uça bilmir... Fikirlərimin ardıcıllığını izləyə bilirsinizmi?

O r x a n. İzləməyə çalışıram...

Ə n v ə r. Aktyora, teatr sənətinə tam azadlıq bəxş etmək lazımdır... Bunun tək çarəsi aktyoru səhnədən götürmədir...

O r x a n. Başa düşmədim...

Ə n v ə r. Səhnədə aktyor olmayacaq...

O r x a n. Necə?

Ə n v ə r (səsini ucaldaraq). Səhnədə yalnız dikorasiya olacaq. Aktyorsuz teatr...

O r x a n. Başa düşmürəm... Aktyoru yox edirsiniz?

Ə n v ə r (qışqıraraq). Yox! Dekorasiyanın içindən aktyorların səsi gələcək. Bu nədir? («Hamlet»in son pərdəsinin dekorasiyasını göstərir.)

O r x a n. «Hamlet»in son pərdəsinin dekorasiyası...

Ə n v ə r. Keçin arxasına...

O r x a n. Yaxşı... Amma...

Ə n v ə r. Keçin dekorasiyanın arxasına... Artıq dekorasiya sizin üçün yox, siz dekorasiya üçünsünüz... (Orxanı dekorasiyanın arxasına keçirir.) Hamletin son sözlərini deyin.

O r x a n s ə s i (dekorasiyanın arxasından). Horatsio, ölürəm. Zəhər nəfəsimi kəsir. İngiltərədən gələcək xəbəri gözləməyə ömrüm yetməyəcək... Amma əvvəlcədən deyim ki, gənc Fortenbras kral seçiləcək...

Ə n v ə r. Nə pis deyirsiniz.... Çıxın... Çıxın... (Orxan çıxır.) Görürsünüzmü, artıq səsiniz də işə yaramır. Aktyorların səsini maqnitafonda korreksiya etmək, sonra dekorasiyanın içindən səsləndirmək lazımdır... (Birdən-birə səsini qısaraq) Bayaqdan ağına-bozuna baxmadan bağırırıq... Bir eşidən olmadı ki?.. Qapıya baxın...

O r x a n qapıya sarı gedərkən, Ə n v ə r, Maqbetin dekorasiyasının arxasına keçir.

Ə n v ə r. Baxın, Maqbetin dekorasiyasının içindəyəm. Qulaq asın, indi ledi Maqbet danışacaq mənim səsimlə!..

O r x a n ovqatı təlx olmuş halda çıxır.

Ə n v ə r (qadınlaşdırılaraq incəlmiş səsi dekorasiyanın arxasından). Düz yollarla taxta çıxmaq, qumarda hiylə işlətmədən udmaq istəyirsən, amma Qlamis demişdir ki, ya öldür, ya da taxtdan əl çək!..

İYİRMİ BİRİNCİ ŞƏKİL

O r x a n ı n soyunma otağı.

O r x a n. Bağıra-bağıra, üzüm-gözüm sevincdən işıqlana-işıqlana bir mahnı oxuyurdum. Sözlərinin toxumlar kimi sirli vədlərlə dolu olduğuna, musiqisinin günəşin altında nəhəng bir çay kimi pırıl-pırıl axdığına, saf, sadə və dərin olduğuna inanırdım. Demə, bir dəlinin mahnısını oxuyurmuşam. Səhnədə aktyoru – insanı məhv edən, öldürən bir dəlinin... Bir dəlinin... Dəli... Bunu hamı biləcək... Hamı... Dost... Düşmən... Hamı... İllərcə bir dəlinin teatr sistemini müdafiə etdim... Təkcə mənmi?.. Bütün teatr... Bütün teatrmı?.. Yox, teatrda qalanlar... Hər şeyi... Ona aid olan hər şeyi inkarmı edəcəyik? Teatrımızın axırı necə olacaq? O, məhv olsa, teatr da məhv olarmı? İllər boyu bir yerdə işləmədikmi?.. Əlbəttə, işlədik... Tamaşaçılar gəldilər, alqışladılar... İki rəqib teatrı iflasa uğratmadıqmı?.. Hər şeyə rəğmən... «Hər şeyə rəğmən» nə deməkdi? Yəni, o olmasaydı... Dəli olacağam... Nə etməli?.. Xəbər vermədən işləri yoluna qoya bilərikmi? Nə vaxta qədər?.. Kim xəbər verəcək? Demək ki, haqsız olmuşuq... Haqsız olmuşam... Xəbər verməli... Kimə?.. Əlbəttə, nazirliyə... Əvvəlcə yoldaşlara desəm... Çoxu inanmaz... Gənc aktrisa... O dəli qız... Məşuqəsi... Bar-bar bağırmadımı?.. Kim inandı? Xəbər vermək lazımdı... Bir həkim göstərsinlər... Bir yox... bir neçə... Müayinə etsinlər... İzləsinlər... Mən... Mən... (Tələsik zəng edir.) Alo... «Yeni teatr»dandı... Mən Baş rejissorun birinci müaviniyəm... Mədəniyyət naziri ilə danışmaq istəyirəm...

Bu vaxt Ş i ş m a n a k t y o r gəlir.

Ş i ş m a n a k t y o r. Salam..

O r x a n. Suss.

Ş i ş m a n a k t y o r. Çıxım?

O r x a n (əli ilə «özün bilərsən» işarəsi verir. Şişman aktyor qalır). Alo... Mədəniyyət Nazirliyidi?.. Teatrımıza təcili bir həkim heyəti göndərməyinizi xahiş edirəm... Baş rejissorumuz dəli olub... (Telefonun dəstəyini yerinə qoyur.)

Ş i ş m a n a k t y o r. Sən nə etdin?

O r x a n. Gördün ki...

Ş i ş m a n a k t y o r. Guya, indi hiss etmisən?..

O r x a n. Bəli...

Ş i ş m a n a k t y o r. Yerinəmi keçmək istəyirsən?

O r x a n, Ş i ş m a n a k t y o r a bir yumruq atır.

İYİRMİNCİ İKİNCİ ŞƏKİL

Birinci pərdənin on ikinci şəklindəki vəziyyət. S ə b i h ə n i n evi.

O r x a n. Bəs, zəhmətimin əvəzi?

A y i ş ə (Yanağını uzadır. Orxan öpür). İndi rahatca yatın... Bir daha salamat qalın... (Ayişə gedir.)

S ə b i h ə. İndi yatmasan, başına iş açsan, vallah, heç nəyə baxmaram, qovaram səni... Xəstəxanalarda çürüyərsən...

O r x a n . Neçə vaxtdı niyə qəsdən - bilə-bilə kobudluq edirsən?

S ə b i h ə. «Qəsdən» nə deməkdir? Sən məndən nə vaxt nəzakət görmüsən?

O r x a n. Həmişə... İllər boyu... Sən yer üzünün ən zərif, ən təmizqəlbli, ən ağıllı qadınısan...

S ə b i h ə. Bu yalan sözlərdən əl çək...

O r x a n. Məni heç bir qadın sənin kimi sevmədi...

S ə b i h ə. Bir vaxtlar elə bir dəlilik etmişəm...

O r x a n. İndi də o dəliliyi etməkdə davam edirsən...

S ə b i h ə. Nə istəyirsən məndən? Hə, nə istəyirsən? Mən, sadəcə, sənin xörəyini bişirdim, paltarlarını yuyub-ütülədim, qoynuna girdim... Həm qulluqçun oldum, həm də məşuqən... Özü də müftə... Üstəlik, son vaxtlar məndən pul da qoparırsan... Qayıt arvadının yanına... Maliyyə Nazirliyində işləyən məmurdan ayrılıb... Qayıt... Təkcə onu sevdim... Yalandımı?..

O r x a n. Yox, doğrudu... Amma burada qalacağam.

S ə b i h ə. Nəyə görə? Məni məhv etməyə nə haqqın var?.. Əzab-əziyyət verirsən mənə... (Ağlayır.)

O r x a n. Bağışla... Yaxşı... Gedəcəyəm ...

S ə b i h ə. İndi yox... Xəstəsən... Sağal, sonra... Gedim dərmanlarını hazırladım... Uzan bir az... Yat... Mən bu saat gəlirəm... (Çıxır.)

O r x a n uzanır. Ağzında bir hava çalır. L ə m a n gəlir.

L ə m a n. Keçmiş olsun.

O r x a n (yerindən qalxaraq). Sənsən? Xoş gördük...

L ə m a n. Aşağıda Səbihəyə rast gəldim. Açarı verdi.

O r x a n. Otursana...

L ə m a n. Bərk xəstəsən?

O r x a n. Yox, canım... Yenə mədəm... Allah kəssin...

L ə m a n. Səninlə danışmaq istəyirəm.

O r x a n. Mənimlə danışmaqdan iyrənmirsən?

L ə m a n. Yox... Sənə əvvəllər bərk acığım tuturdu, amma indi...

O r x a n. Təşəkkür edirəm.

L ə m a n. Ölərkən...

O r x a n. Ölərkən? Öldü?

L ə m a n. Öldü. Bilmirdin?

O r x a n. Mən öldürdüm onu...

L ə m a n. Sən niyə öldürürsən?..

O r x a n. Mənim də əlimdə onun qanı var... Yalnız onunmu?.. Bütün orkestrin... Makinaçı qızın... Dünən birinci skripkaçıya rast gəldim, məndən betər əyyaş olub... Niyə bütün bu işləri mənə gördürdü?.. Ən kor, ən sərsəm adam mən idimmi?

L ə m a n. Vərəmdən öldü.

O r x a n. Aclıqdan yəni...

L ə m a n. Əvvəlcədən də bədəndən zəif idi... Həm də yaxşı baxa bilmədim... Üstəlik, hər şeyi özünə dərd etdi...

O r x a n. Mən öldürdüm... Ən yaxın dostumu mənə öldürtdü...

L ə m a n. Ümidli öldü...

O r x a n. Demək, ümid və ümidsizlik təkcə yaşamağa deyil, həm də ölməyə aid imiş...

L ə m a n. Hə, ümidli öldü. «Mən teatra dönə bilmədim, amma sən dönəcəksən» - dedi... Bu nədi?.. Ağlayırsan?.. Yekə kişisən, utanmırsan, arvad kimi ağlayırsan?

O r x a n (gözlərinin yaşını silir). Beyin damarlarının sklerozu... Gözümdən tez-tez yaş gəlir...

L ə m a n. Teatra qayıtmaq istəyirəm... Dedim, əvvəlcə, səninlə danışım...

O r x a n. Olar... Amma sabah...

L ə m a n. Yaşlandım...

O r x a n. Hər yaşda aktyor üçün rol var... Mən öldürdüm onu... Mən... Mən... Nə isə... Şey... «Hamlet»i tamaşaya qoyacağıq...

L ə m a n. Artıq Ofelya rolunu mənə verməzlər... (Gülür.) Amma sən təbii ki, yenə də Hamleti...

O r x a n. Yox... Mənə Fortenbrası verdilər...

İYİRMİ ÜÇÜNCÜ ŞƏKİL

Xəstəxana. İkinci hissənin birinci şəklindəki səhnə.

B i r i n c i ş ə f ə t b a c ı s ı. Danışmayın... Çalışın yatın...

O r x a n cavab vermir. Gözlərini yumur. B i r i n c i ş ə f q ə t b a c ı s ı kitab oxumağa başlayır. İ k i n c i ş ə f q ə t b a c ı s ı qapını açıb içəri baxır.

İ k i n c i ş ə f q ə t b a c ı s ı. Ssss... yatır?

B i r i n c i ş ə f q ə t b a c ı s ı. Yatır.

İ k i n c i ş ə f q ə t b a c ı s ı. Səninki zəng edib... Gözləyir...

Hər ikisi çıxır.

O r x a n. Həkim, qurtarın qızımı... Yaşayacaq, eləmi? (Ayişən təqlid edir.) Hamlet rolunda baxdım sizə... (Öz səsi ilə) Məşqə getməliyəm... Artıq baş rejissorun birinci müavini deyiləm... (Ayişəni təqlid edir.) Mən... Biz... bütün qrup yoldaşlarımın adından... (Öz səsi ilə) Verin, qol çəkim. (Ənvəri təqlid edir.) Yenəmi avtoqraf veririk gənc qızlara?.. Üçüncü pərdədə çox yaxşı idiniz... Gözəl öldünüz... Gözəl… Bu dünya bir səhnədi, kişisi, qadını həp aktyor... (Ayişəni təqlid edir.) Şekspirdəndir... (Yataqdan qalxır, öz səsi ilə) Afərin... Bəs bu? Bir kimsə sevmir məni... Öləcəyəm, arxamca ağlayan olmayacaq... Afərin... Bildiniz... Bəs, bu hardandır? Liza... Lizaveta Andreyevna, Viktor... Günahsızam... İstədim ki, daha yaxşı olsun... Günahsızam... Bağışlayın... (Təqlid edir.) Bunu da bildiniz, həkim... Bəs, zəhmətimin əvəzi?.. (Birinin yanağını öpürmüş kimi hərəkət edir.) Tamaşanı davam etdirəkmi? Xoşunuza gəlirmi? (Xəfifcə gülümsünür, birinin əlini öpürmüş kimi hərəkət edir.) Qorxmayın... Kələkbaz olmağına kələkbazam... Nömrə gəlmədən yaşamaq mümkün deyil... Çox vaxt nə etdiyini bilməyən təmizürəkli dərviş rolunu oynayıram. Bu, bir sıra iyrənc işlərdən özümü qorumağıma kömək edir... (Bir dəqiqə düşünür.) Təbiət insanlardan daha maraqlı, daha təmizdir... Səhər-səhər günəşin şüasını əks etdirən bir şeh damlası olmaq nə gözəl şeydir... (Yıxılır. Şəfqət bacıları səs-küyü eşidib, qaça-qaça gəlirlər.)

B i r i n c i ş ə f q ə t b a c ı s ı. Tez nəbzini yoxla...

İ k i n c i ş ə f q ə t b a c ı s ı (Orxanın nəbzini yoxlayır). Vurmur...

B i r i n c i ş ə f q ə t b a c ı s ı. Kömək et, yatağına uzadım... (Orxanı yatağına uzadır. Əyilib ürəyinə qulaq asır.) Ölüb... tez xəbər verim... telefonla danışdığımı bir kəs bilməsin...

İ k i n c i ş ə f q ə t b a c ı s ı. Dəlisən? Mənim heç nədən xəbərim yoxdur... (Çıxır. Birinci şəfqət bacısı, Orxanın nəbzini bir daha yoxlayandan sonra palatadan çıxır. Ölü bir müddət tək qalır. Musiqi. Pərdə örtülür.)

S a r ı e y n ə k l i q a d ı n (pərdənin önünə gəlir). Əziz tamaşaçılar... Tualetlik işi olanlar gedib-gəlsinlər.

Ş i ş m a n q a d ı n. Olmayanlar isə darıxmasınlar (Sarı eynəkli qadına işarə ilə), indi arxadaşımız onlara bir şer oxuyacaq.

S a r ı e y n ə k l i q a d ı n.

Külək əsib gedər,

Eyni gilas budağı

bir dəfə belə

yellənməz eyni küləklə.

Ağacda quşlar civildəşə-civildəşə.

qanadlarını açmaq istəyir.

Mən səni istəyirəm;

Sənin kimi gözəl

və sevimli olsun həyat.

Bilirəm, gəlmədi

sonu faciənin,

gələcək fəqət...

İYİRMİ BEŞİNCİ ŞƏKİL

N a z i m H i k m ə t gəlir.

S a r ı e y n ə k l i q a d ı n (Nazim Hikməti tamaşaçılara təqdim edir). Nazim Hikmət... Bu pyesin müəllifi...

N a z i m H i k m ə t tamaşaçıları başı ilə salamlayır.

Ş i ş m a n q a d ı n. Davam edəkmi?

N a z i m H i k m ə t. Buyurun...

Pərdə açılır.

O r x a n ı n yatdığı palata.

Ş i ş m a n q a d ı n (kədərlə). Öldü...

N a z i m H i k m ə t. Bilirəm...

S a r ı e y n ə k l i q a d ı n. İndi nə olacaq?

N a z i m H i k m ə t. Düşünürəm... Ölməsəydi... Yarası sağalsaydı... Yaşasaydı...

Ş i ş m a n q a d ı n. Nə yaxşı olardı...

S a r ı e y n ə k l i q a d ı n. Yaşasaydı... Daha nələr gələrdi başına... Nələr eləyərdi... Xoşbəxt ola bilərdimi?.. Ölməsəydi...

Ş i ş m a n q a d ı n. Amma öldü...

N a z i m H i k m ə t. Ölmədiyini fərz edək...

S a r ı e y n ə k l i q a d ı n. Necə?

N a z i m H i k m ə t. Onu yaşadan da, öldürən də, mən deyiləm? Fərz edirəm ki, ölmədi...

Ş i ş m a n q a d ı n. Ölmədi...

S a r ı e y n ə k l i q a d ı n. Yaşayır... Baxın, nəfəs alır... Nə edək?.. Pyesdə nə yazılıbsa, onu oynamağa məcburuq...

Ş i ş m a n q a d ı n. Gözlərini açdı...

N a z i m H i k m ə t (Orxana). Sabahınız xeyr. Necəsiniz?

O r x a n. Təşəkkür edirəm... Yaxşıyam... (Gözlərini qıyır.)

N a z i m H i k m ə t. Düz gözünüzün içinə düşür işıq...

Ş i ş m a n q a d ı n. Pərdəni çəkim... (Gedib pərdəni çəkir.)

N a z i m H i k m ə t (Orxanın çarpayısının bir kənarında əyləşir). Təxminən yaşıd olarıq. Sizin mədənizdə yara var, mənim isə ürəyimdə... Sevda yarası deyil... İnfarkt-miokard... İçki düşgünü deyiləm... Amma dəhşətli siqaret çəkərdim...

O r x a n. İndi çəkmirsiniz?

N a z i m H i k m ə t. Təəssüf ki, yox... Yasaqdı... Sonra, baxın, səbəbləri bir-birinə bənzəməsə də, mən də, sizin kimi, uşağımdan ayrıyam... Bəlkə bir daha görməyəcəyəm...

O r x a n udqunur.

N a z i m H i k m ə t. Yəqin ki, susamısınız... Acmısınız...

Ş i ş m a n q a d ı n. Bu saat... Şəfqət bacısına deyim...

N a z i m H i k m ə t. Pəhriz saxlayırsınız, eləmi?

O r x a n. Duzlu, sirkəli, xardallı, yəni, kəskin şeylər yasaqdır.

S a r ı e y n ə k l i q a d ı n. Toyuq suyunda bişirilmiş düyü şorbası... Xaşlama dana əti, kartof, portağal... Oldumu?

O r x a n. Təşəkkür edirəm... İştahım heç yoxdur.

Ş i ş m a n q a d ı n. İştah dişin altındadır. (Çıxır.)

O r x a n. Demək, ölmədim? Halbuki necə ölmək istəyirdim... İstəyirəm...

N a z i m H i k m ə t. Elə deməyin, yaşamaq gözəl, şeydir... Yataqdan qalxmağınıza kömək edimmi?

O r x a n. Yaram bitişib ki?

N a z i m H i k m ə t. Maşallah, turp kimisiniz... Yalnız arabir mədəniz sancacaq...

S a r ı e y n ə k l i q a d ı n. Gecikirsiniz... Bir azdan üçüncü pərdə qurtaracaq, siz isə qarderobdan hələ paltarınızı almamısınız...

O r x a n. Gedirəm...

İYİRMİ ALTINCI ŞƏKİL

Qarderob.

Q ə z e t ç i. Geyimə bu qədər əhəmiyyət verdiyini bilmirdim.

H ü r i y y ə Amma bir gün də bura – qarderoba gəlmədi.

O r x a n gəlir.

O r x a n. Salam.

Q ə z e t ç i. Salam.

O r x a n (Hüriyyəyə). Mənə Fortenbrasın kostyumunu...

H ü r i y y ə. Məndə Fortenbrasın üç kostyumu var. Biri sanki sizin əyninizə tikilib.

O r x a n. Lap yaxşı... verin onu...

H ü r i y y ə. Buyurun. (Kostyumu verir.)

O r x a n (qəzetçiyə). Məni Hamlet rolunda neçə dəfə görmüsən?

Q ə z e t ç i. Ən azı, on dəfə...

O r x a n. İndi Fortenbrası oynayacağam. On yeddi sətr sözüm var... (Qəzetçi nəsə demək istəyir.) Dayan, bilirəm, deyəcəksən ki, gözəl oynayandan sonra hər rol böyükdür. Sən bunu mənə təsəlli vermək üçün demək istəyirsən, amma, mən buna həqiqətən də inanıram. Günlərin bir günündə Fortenbrasın da şəklini qəzetinizdə dərc edəcəksiniz... Teatr ölmədi... teatr yaşayır... (Hüriyyənin əlini öpür.) Sağ olun. (Çıxır.)

İYİRMİ YEDDİNCİ ŞƏKİL

O r x a n ı n soyunma otağı. O r x a n gəlir.

O r x a n (kostyumu divana atır). İllər boyu Hamleti, indisə Fortenbrası oyna... Dəyərmi?.. Xoş sözlər deməklə iş bitmir... On yeddi sərtlik rolunu gözəl oynadıqdan sonra... Hər rol böyükdür... Boş sözdür... Boş sözdür... (Tapançasını çıxarır, hazır vəziyyətə gətirir.) İnsan on dəfə intihar etməz ki? Axı, niyə diriltdilər məni?..

N a z i m H i k m ə t gəlir.

N a z i m H i k m ə t. Görün sizə nə gətirdim? (Bir alma verir.)

O r x a n. Təşəkkür edirəm. (Almanı masanın üstündəki tapançanın yanına qoyur.)

N a z i m H i k m ə t. Deməyin ki, elə-belə bir almadı. Formasına, rənginə baxın... Əlinizə alın... Zarafat etmirəm... Bir dişləyin...

O r x a n (almanı dişləyir). Turşməzədi...

N a z i m H i k m ə t. Siz yumşaq, ətli, dadlı, bihuşedici ətri olan almaları xoşlayırsınız, yoxsa...

O r x a n. Yox... Belələrini. (Almanı bir dəfə də dişləyir.)

Yeni B a ş r e j i s s o r gəlir.

B a ş r e j i s s o r (Orxana). Salam.

O r x a n (Nazim Hikmətlə Baş rejissoru tanış edir). Dramaturqumuz... Yeni Baş rejissorumuz... (Baş rejissora) Təşəkkür edirəm...

B a ş r e j i s s o r. Nəyə görə?

O r x a n. Gəldiyinizə görə... Fortenbrası ilk dəfə oynayan Hamletə ümid vermək o qədər də asan iş deyil.

B a ş r e j i s s o r. Hələ uzun illər teatrımıza xeyir verə bilərsiniz...

O r x a n. Xeyir vermək... Faydalı olmaq...

B a ş r e j i s s o r. Tez geyinin... (Nazim Hikmətə) Çıxaq...

Çıxırlar. O r x a n, Fortenbrasın kostyumunu geyinir, parikini taxır.

O r x a n . Dörd kapitan, Hamleti bir əsgər meyiti kimi qaldırıb, katafalka qoyun. Sağ qalsaydı, şahanə böyüklüyünü göstərərdi... Ona hörmət və ehtiram...

Səhnə yavaş-yavaş qaralır. Musiqi. Sonra səhnə yavaş-yavaş işıqlanır. O r x a n,

Fortenbras qiyafəsində səhnəyə daxil olur. Çox həyəcanlıdır. Onunla birlikdə

N a z i m H i k m ə t də səhnəyə gəlir.

N a z i m H i k m ə t. Gözəl oynadınız.

O r x a n. Çox çətindir...

A y i ş ə səhnəyə çıxır. Birdən dayanır.

O r x a n Gəlin... Qorxmayın... Adamyeyən deyiləm... O vaxt belə demişdim, eləmi?

A y i ş ə. Deyəsən... (Avtoqraf almaq istəyir.) Zəhmət olmasa, qol çəkin... Fortenbrası ilk dəfə sizin sayənizdə dərk etdim...

O r x a n avtoqraf verir.

A y i ş ə. Təşəkkür edirəm... (Çıxır.)

S ə b i h ə gəlir. Qollarını O r x a n ı n boynuna dolayır. M ə l a h ə t gəlir.

S ə b i h ə qollarını O r x a n ı n boynundan aralayır.

M ə l a h ə t. Bağışlayın...

O r x a n. Buyurun... (Çıxmaq istəyən Səbihəyə) Niyə gedirsən?

S ə b i h ə. Bir azdan gələrəm... (Nazim Hikmətlə birlikdə çıxır.)

O r x a n. Qızımdan məktub aldım.

M ə l a h ə t. Bilirəm... Yay tətilini sənin yanında keçirmək istəyir...

O r x a n. Etiraz edirsən?

M ə l a h ə t. Yox... Boşanmaq istədiyini yazmışdın...

O r x a n. Bəli...

M ə l a h ə t. Deməli, məni bağışlamaq istəmirsən...

O r x a n. Bağışlamaq? Nəyə görə? Niyə səni bağışlamağımı istəyirsən? Bağışlamaq... Dəhşətli şeydi...

M ə l a h ə t. Demək, bu qadını...

O r x a n. Artıq heç yalan danışmayacağam... Müqavimət göstərəcəyəm, bacardığım qədər, hər şeydən əvvəl də öz yalanlarıma qarşı... Hələlik nə səni sevirəm, nə də onu... Amma onu sevə biləcəyimi zənn edirəm...

M ə l a h ə t. Boşanma vaxtı heç bir problem çıxarmayacağam... Salamat qal... (Çıxırkən dayanır.) Fortenbarsı yaxşı oynadın... Mənə elə gəlir ki, teatrdakı yerini indi tapdın...

O r x a n Bir az istehza ilə deyirsən, bəlkə də, məni ələ salırsan... Amma haqlısan... Gülə-gülə...

M ə l a h ə t çıxır. O r x a n qrimini təmizləməyə başlayır. Səhnə qaralır. Musiqi.

Gecə şəhərdə tənha bir küçə. Yalnız bir oyuncaq mağazasının vitrini pırıl-pırıl parıldayır.

O r x a n l a N a z i m H i k m ə t gəlirlər.

O r x a n. Arvadımla boşanırıq... Ona deyəcəkdim ki, yataq soyuyar, amma dostluq soyumaz... Demədim... Çünki dost da deyildik...

S ə b i h ə gəlir.

S ə b i h ə. Mən evə gedirəm... Yorğunam... Tez gəl...

O r x a n. Nazimlə bir az gəzəcəyəm...

S ə b i h ə (açarları verir). Açarları al... (Qucaqlaşırlar.) İlk dəfədi məni belə öpürsən... (Əlini sağollaşmaq mənasında yelləyir. Gedir.)

O r x a n. Xoşbəxtəm... Yox... dayanın... Daha yalan olmaz... Düzü belədir: xoşbəxt olacağımı zənn edirəm...

N a z i m H i k m ə t. Yavaş-yavaş gəzək... Şəhərin gecə mənzərəsi xoşunuza gəlirmi?..

O r x a n. Gəlir.

N a z i m H i k m ə t. Çoxmu?

O r x a n. Bilmirəm... Bu barədə heç fikirləşməmişəm...

N a z i m H i k m ə t. Mən çox sevirəm... Gecələr vitrinlərə baxanda hayıl-mayıl oluram... İllah da ki, belə tənha, sakit bir küçədə, nur içində parıldayan uşaq oyuncaqları ilə dolu vitrin ola... (Vitrinə yaxınlaşırlar.) Uşaq vaxtı hansı oyuncağı sevərdiniz?

O r x a n. Gəmini. Atardım ləyəndəki suya, üzərdi...

N a z i m H i k m ə t. Mənim saat kimi qurulmuş oyuncaqlardan xoşum gələrdi. Elə indi də... Heyran olsam da, texnikadan başım çıxmır...

O r x a n. Mən də sizin kimiyəm... Əlli iki yaşım var... Amma nə qədər az şey bilirəm...

Skamyada əyləşirlər.

N a z i m H i k m ə t. İnsanları yaxşı tanıyırsınızmı?

O r x a n. Yox, tanımıram... Amma hamısına inanıram... Bəlkə, bu da, bir növ, dəlilikdir... Gözəl səsim yoxdur... Amma sizə bir mahnı oxumaq istəyirəm, elə-belə, astadan...

N a z i m H i k m ə t. Oxuyun.

O r x a n (mahnı oxuyur). Qalxaq... Səbihə dedi ki, yorğundu, amma bilirəm, məni gözləyir... Yuxum da gəldi... Yuxunun gəlməsi nə gözəl şeydi... Bunu indi anladım... Oyanacağına əmin olaraq, çiçəkli bir bağda gedən kimi yuxuya getmək...

S a r ı e y n ə k l i q a d ı n l a Ş i ş m a n q a d ı n gəlirlər.

N a z i m H i k m ə t. Bu oynadığımız pyesi bir dərgiyə vermişəm. Redaktoru məktub göndərib ki, final alınmayıb... Guya, dərildikdən sonra sizi həyata bağlayan səbəblər zəif imiş.

S a r ı e y n ə k l i q a d ı n. Haqlı iraddır...

N a z i m H i k m ə t. Məncə yox... Amma, haqlı-haqsız, dərginin redaktoru odur...

S a r ı e y n ə k l i q a d ı n (Orxana). Qızınız neçə yaşındadı?

O r x a n. On doqquz...

N a z i m H i k m ə t. Bir ildən sonra ərə gedə bilər...

Ş i ş m a n q a d ı n. Və iki ildən sonra bir nəvəniz ola bilər. (Orxanın qucağına bələkli bir uşaq qoyur.) Nəvəniz...

O r x a n (uşağı yatırmağa çalışır). Laylay... Laylay...

Ş i ş m a n q a d ı n. Atasına, anasına deyil, eynən sizə oxşaya bilər...

N a z i m H i k m ə t. Dərginin redaktoru sizi həyata bağlayan səbəb axtardı... Bu da səbəb...

O r x a n. Ah, bu mədə xəstəliyi...

S a r ı e y n ə k l i q a d ı n. Mənim dayımın on iki barmaq bağırsağında yara vardı, səksən beş il yaşadı... Maşallah, aslan kimisiniz, siz də səksən beş il yaşayarsınız... Hələ içkini də tərgitsəniz...

O r x a n. Vayy... (Uşaq üstünü islatmışdır.) Anası da belə idi... Qucağıma aldımmı, çişi olmasa da, vərdişindən əl çəkməzdi... (Şişman qadın uşağı alıb aparır.)

Səhnə dəyişməyə başlayır.

S a r ı e y n ə k l i q a d ı n. Fortenbrası çox gözəl oynadınız, amma sizin yerinizə mən olsam, Hamleti yenidən, yəni yeni teatr anlayışına uyğun tərzdə oynamağa çalışaram.

O r x a n. Hamlet üçün qocayam...

N a z i m H i k m ə t. Fortenbrasda gənc olmağı bacardınız...

O r x a n. Hamleti yenidən oynamaq... Əlli iki yaşımda... Yepyeni bir Hamleti oynamaq... Oynayacağam... Görəcəksiniz...

S ə b i h ə gəlir.

S ə b i h ə Gecikdin, narahat oldum... (Orxanın qoluna girir.)

O r x a n. Canım mənim... Görəcəksən necə bəxtiyar olacağıq... Səni dünyanın ən xoşbəxt qadını edəcəyəm... (Əlini öpür.)

Səhnə dəyişir. Xəstəxananın önü.

O r x a n. Buraya niyə gəldik?

S ə b i h ə Eyvah! (Əlləri ilə üzünü örtüb ağlamağa başlayır.)

O r x a n. Niyə ağlayırsan?

Ş i ş m a n q a d ı n gəlir və hiss olunmadan S ə b i h ə n i n

qoluna girir, onu uzaqlaşdırır.

O r x a n. Hara aparırsınız onu? (Səbihənin arxasınca getmək istəyir. Sarı eynəkli qadın hiss olunmadan Orxanın qoluna girib onu saxlayır.)

N a z i m H i k m ə t. Bura xəstəxanadır... Sizin öldüyünüz xəstəxana... Böyük rus şairi Yesenin deyir ki, ölmək təzə bir şey deyil... Amma yaşamaq da təzə bir şey deyil... Lakin bu iki şeydən yenə də yaxşı olanı, məncə, yaşamaqdı... Hər şeyə rəğmən yaşamaq lazımdır. Halbuki siz öldünüz...

S ə b i h ə n i n s ə s i (uzaqdan fəryadla) Bir dənəm!

O r x a n. Gəlirəm!.. (Getməyə çalışır.) Gedə bilmirəm... Ölmüşəm... Yazıq...

N a z i m H i k m ə t. Yazıq... Amma nə edəsən?

O r x a n. «Nə edəsən?» demək sizin üçün asandı… Məndən də soruşun… Yaxşı… Salamat qalın… Gedim, heç olmasa, öldüyüm çarpayıda uzanım…

Xəstəxananın qapısından içəri girir.

Ş i ş m a n q a d ı n gəlir.

S a r ı e y n ə k l i q a d ı n. Yenə bir adam görməsəydi...

Ş i ş m a n q a d ı n. Xortladığını düşünənlər ola bilər...

S a r ı e y n ə k l i q a d ı n. Hələ dünya xortlamağa inananlarla doludur...

Səhnə dəyişməkdədir. Səhər açılmaqdadır.

S a r ı e y n ə k l i q a d ı n. Dan yeri yavaş-yavaş ağarır.

Ş i ş m a n q a d ı n. Bir azdan metronun qapıları açılacaq. Avtobuslar, tramvaylar, troleybuslar işləməyə başlayacaq...

S a r ı e y n ə k l i q a d ı n. Yeni bir gün doğur... Yolçu-yoluna, işçi-işinə.

N a z i m H i k m ə t. Yol... İş...

S a r ı e y n ə k l i q a d ı n (Nazim Hikmətə). Deyəsən, tamaşamız burada bitdi... Pərdəni endirimmi?

N a z i m H i k m ə t. Zəhmət olmasa...

Pərdə

# 2695 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #