Kişilərin uşaq əmizdirməyi

Kişilərin uşaq əmizdirməyi
17 sentyabr 2014
# 12:24

Kulis.Az yazıçı Azər Qismətin “Qadınlaşma” hekayəsini təqdim edir

...Günəşin qarşısını qara buludlar elə tez aldı ki. Birdən göy guruldadı. Qara buludlar kəlağayı sərdi göylərə, şimşək çaxdı. Gediş-gəliş dayandı, hamı narahatlıqla səmaya baxdı. Buludlar, qeyri-adi rəqs edib hərflər yazdı, sonra söz yarandı: QADINLAŞMA.

Səma birdən-birə necə qaralmışdısa, eləcə də parçalandı, sonra əriyib buxarlandı, üzərinə mavi rəng gəldi. Hamı bunu qüdrət sahibinin zarafatı sanıb yoluna davam elədi. Amma iş hələ bundan sonra imiş.

Birinci hadisə bərbərxana tərəfdə oldu. Şüşə vitrinin qarşısından keçən iki kişinin qışqırığı eşidildi. Kütlə ora qaçdı. Kişilərin saçları uzanmış, sinələri qabağa çıxmışdı. Qışqıran kişilər başlarını qaldırıb “Bərbərxana” plakatının yerində “Qadın salonu” sözlərini oxudular. Üzlərini salondakı müştərilərə çevirəndə təzədən zil səslə qışqırmağa başladılar. Kişilər sapla üzünün tükünü aldırır, gözlərinə tuş çəkir, başqa birisi göbəyinin ətrafına tatu döydürürdü. Baxıb qurtarmağa macal tapmamış arxadan siqnal səsləri eşidildi. Gəlin maşınının içində bir oğlan başına fata salıb gəlin köçürdü. Qışqırıqlar ikiqat artdı. İndicə qadınlaşan və qara boyadan dodaqları az qala partlayacaq yol polisi isə sol əlində güzgü saçlarına sığal çəkir, sağ əlində səsgücləndirici ilə maşınların yeni evlənənlərə mane olmamalarını nazlana-nazlana xahiş edirdi.

Bir azdan şəhərə xəbər yayıldı ki, xəstəxanada 37 yaşlı kişinin əkiz uşağı olub. Sonra xəbər yayıldı ki, kişilər arasında “Bikini-2014” adlı gözəllik müsabiqəsi keçirilir. Qalib olacaq şəxs ərəb şeyxinə ərə getmək imkanı əldə edəcək, istəməsə öz işidir.

Şəhərdə ancaq qışqırıq və nırçıltı səsləri eşidilir, adamlar başılovlu elə hey qaçırdılar.

...Ən maraqlısı o idi ki, kişilər ərə getmək üçün plastik cərrahiyyə əməliyyatı etdirir, dodaqlarına gel, üzlərinə tük bitməyən kirşan sürtürdülər. Qadınlar da onların yanından keçib qarınlarına baxır, piy bağlayan, dünənəcən 35 yaşında subaylıqdan sultanlıq edən kişilər “qarıyıb” qrifi altında qəbul olunmur, qapılarına elçi gəlmirdi.

Cinsi azlıqlar lap ağ eləmişdilər, onların bir qismi iki saat ərzində kişilərin namusuna sataşmaya görə həbs olunmuşdu. Polis gücləndirilmiş iş rejiminə keçdi. Qadınlar ərlərinə hücum çəkərək onları xəyanətdə ittiham edir, birbaşa eyvanlardan aşağı selbələyir, evi təmizləməyən və uşağa süd verməyənlər isə küncdə bir ayağı üstə dayandırılır, şalvarlarda iki xətt qoyanlar isə ayaqlarından asılırdı.

Beləliklə, kişilər gözlərindən yaş axa-axa soğan soyur, əlləri qoynunda ərlərini qapıların kandarında gözləyir, çarpayılarına qızılgüllər səpir, boyunlarının ardına, nəbzlərinə bahalı ətirlər vurur, onlardan bir sığal almaq üçün dizlərində oturur, qulaqlarına sevgi dolu sözlər pıçıldayır, bəziləri isə ayın axırında maaşlarını evə gətirmələrini tələb edirdilər.

İclasları qadınlar aparır, kişilərə elçi gedi, hər gün xuliqanlıq və tin söhbətlərinə görə bıçaqlanma hadisələri artırdı. Az sonra tələm-tələsik hazırlanan qanun da qüvvəyə mindi. “Maddə 1: Ölkədə hakimi-mütləq qadındır. Maddə 2: Kişilərin hüquqları məhdudlaşdırılır”.

Bütün bunlara nəzarət 12 qadına tapşırıldı. Onlar səmada QADINLAŞMA sözü yazılanda islah-əmək düşərgəsindən qaçaraq şəhərdə nəzarəti ələ almışdılar. 12 qadın tez-tez müşavirə keçirir, əl-qol ata-ata qızğın müzakirələr aparırdılar ki, kişilərdən heyfimizi daha necə çıxmalı?. Tapşırıqlar veriləndən və gündəlik qərarlar qəbul olunandan sonra dağılışıb hərəsi şəhərin müəyyən hissəsinə nəzarəti gücləndirirdi. Və bütün məlumatlar mərkəzləşmiş qaydada Baş Qərargaha ötürülürdü.

Bütün bunlara baxmayaraq şəhərdə vəziyyət heç də yaxşı deyildi. Şəhərin şimal hissəsindən həyəcanlı xəbərlər gəlirdi. Belə ki, kişilər öz hüquqlarını bərpa etmək üçün piketlər keçirir, şəxsiyyət vəsiqələrində adlarının qadın adları ilə yazılmasına hirslənir, pasport-qeydiyyatı idarəsinin rəisinə döyüləcəyi ilə bağlı sifarişlər göndərirdilər. Neçə saatdan sonra etirazçıların səslərini kəsməyə müvəffəq olundu. Şəhərin cənub hissəsində isə əksinə sakitlik hökm sürürdü. Kişilər ərlərinə qayğı ilə qulluq edir, deyilənləri can-başla yerinə yetirir, uşaqları əmizdirir, qaynanalarının ayaqlarını tasdakı isti suda yuyurdular.

Qərb hissədə isə kişilər yetənə yetib yetməyənə daş atırdılar. Deyirdilər “biz zərif cinsin nümayəndələriyik, bizim istədiyimiz olmalıdır”. Şərqdə isə kişilər daha fərqli idilər. Başlarına çadra örtür, üstlərinə günülərin alınmasına etiraz etmir, dünyaya gətirdikləri oğlan uşaqlarını diri-diri basdırırdılar. Şəhərin göbəyində isə bir dəstə qadınlaşmış kişi öz görkəmlərindən utanır, zərif cinsin nümayəndələri olmalarını etirazla qarşılayır, çayxanalara getmir, çevriliş etmək niyyətində bulunurdular. 12 qadının bütün bunlardan xəbəri vardı.

12 nəzarətçi qadın sayıqlığını itirmir, yatmır, qulaqları darı dəlir, gözləri sarmaşırdı. İşlər bu tərzdə getsəydi sabitlik bərpa olunacaqdı. Amma... deyəsən 9-cu qadın nəsə düşünürdü. Geçə müşavirələrinin birində 9-cu qadın nala-mıxa vurmağa başladı. O, kişilərə əzab vermənin əleyhinə çıxış etdi. Fikrini belə əsaslandırdı ki, məsləhət olsaydı biz torpaqdan, onlar Adəmin qabırğasından yaranardıq. Təbiətdə bir güclü, bir zəif var: güclü - kişidir, zəif - qadındır. Axırda qışqırdı ki, biz təbiətin əleyhinə gedirik.

Onlar 9-cu qadını qarşılarında oturdub əzəldən kişilərin qadınların başında dəlləklik etmələrindən söz açdılar, onu “bu dünya kişilərsiz də gözəldir”, “zalımlar bizim ayağımızın tozu olmalıdır” - deyə inandırmağa çalışdılar: “Ay qız, sən anla ki, matriartxat dövrünün qayıtmasını bizim ulu nənələrimiz necə arzulayıblar, bu, onların xəyalı olub. Biz – sənə görə bu sevincimizi yarıda kəsə bilmərik, qadınlaşma dövrünü qaytarmaqla Tanrının bizə rəhmi gəldi. Uzun-uzun minilliklər boyu axıtdığımız göz yaşlarımızın əvəzində mükafatlandırılan bu günlərimizdə, sənin kimi yuyulmamış qaşığa aramızda yer olmamalıdır”.

Qanmayanda saçından tutub sürüdülər, dırnaqları ilə yer eşdirdilər, tikanlıqlarda otartdılar. 9-cu qadınsa dediyindən dönmürdü. Hakimi-mütləq qadınlar anladı ki, belə əzabların müqabilində yumşalmayan bu qıza nəsə güc verir. Onu güdməyə başladılar. Nəhayət aydın oldu ki, 9-cu qadın niyə belə edirmiş.

Güdülmənin sonunda aydınlaşdı ki, 9-cu qadın hər gün binalardan birinin zirzəmisinə enir. 11 qadın onun ardınca zirzəmiyə cumdu. Gördülər ki, saçları dalğalı, qaraşın, 40-42 yaşlı hündür bir kişi kresloda oturub. Ayağını ayağının üstünə aşırıb siqar çəkir. Sorğu-sualdan sonra bilindi ki, Yer kürəsi qadınlaşanda bu kişi zirzəmidə olub. Ona görə də qadınlaşmayıb. Kişi onlardan qorxmadı. 9-cu qadın rəfiqələrinin zalımlığı barədə onu əvvəlcədən xəbərdar etmişdi. Buna baxmayaraq kişi onları görəndə qorxmadı.

Gözəlliklərinə aşiq oldu, gözləri gülümsədi:

- Qadınlar, sizi necə də sevirəm. Hamınız bir qönçəsiz, ətirlisiz, dadlısız.

Qadınlar hiss etdi ki, qadınlaşmayan kişinin bihuşedici sözlərindən sustalırlar, bədənləri, hissləri su təki axır. Ona hücum edib əllərini arxadan stula bağladılar və ağzını yumdular ki, xoş qılıqlı səsi ilə canlarına vəlvələ salmasın. Kişinin müqavimətini qırdıqlarını düşündülər. Amma bu dəfə kişinin – kişi qoxusu qadınların əllərini yanlarına saldı. Burunlarını tutdular ki, kişi ətrini sinələrinə çəkib zəifləməsinlər. Onun üstünə benzin səpdilər ki, öz ətri bu zəhrimar iydə itib getsin. Yenə də kişinin müqavimətini qırdıqlarını düşündülər.

Heyhat...yanılmışdılar. Bu dəfə kişinin gözləri sərməst etdi onları. Canlarından ox kimi keçdi kişi baxışları. Onun gözlərini bağladılar ki, baxışları can almasın. Qadınlar get-gedə zəifləyirdi. Bu dəfə kişinin hənirtisi qadınların gücünü lap zəiflətdi. Əlləri əsdi, bədənlərindən cərəyan keçdi, daş döşəmədə diz çökdülər, saçları dağıldı. Gözlərini qaldırıb bir-birilərinə baxdılar ki, bizim hakimiyyətimiz əldən gedir, biz gücsüzləşirik, nədən belə oldu, doğrudanmı yenə də kişilərin köləsi olacağıq? Doğrudanmı minilliklərdən bəri verilən fürsət beləcə əldən çıxacaq? Nədən bu sevincin dadı belə az oldu? İlahi, bizə güc ver.

Və son dəfə yumruqlarını düyünləyib ayağa qalxdılar. Zalımlığa hazır oldular. Əlləri bağlanan, benzin iyi verən, gözləri qara parça ilə sarınan kişini öldürdülər. Yumruqlarını havaya qaldırıb bu qalibiyyətdən sevinclə qışqırdılar. Kişinin meyitinə bir tük məsafəsində yaxınlaşıb canavarlar təki onu dövrəyə aldılar. Qalib görkəmdə meyitinə baxsalar da ayaq üstə aşırdılar. Amma bu dəfə kişinin ölü zəhmi bütünlüklə onların gücünü aldı. Və huşlarını itirib daş döşəməyə yıxıldılar.

Göy guruldadı. Qara buludlar kəlağayı sərdi göylərə, şimşək çaxdı. Gediş-gəliş dayandı. Hamı narahatlıqla səmaya baxdı. Buludlar qeyri-adi rəqs edib hərflər yazdılar, sonra söz yarandı: KİŞİLƏŞMƏ.

Son

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #