Heyvanlar insanı mühakimə etsəydi

Heyvanlar insanı mühakimə etsəydi
3 aprel 2013
# 14:29

Heyvanlar məhkəməsi

Səhərin açılmağına bir saat qalıb. Hardasa bir azdan gün çıxacaq. Əlimdə qələm, qarşımda kağız, gözlərim yumulur, başım sinəmə düşür.

Bir duman içində qalıram. Sonra görürəm ki, bir meşədəyəm.

Marallar qışqırırdı:

- İnsaaan... İnsaaaan... Qardaşlar, tez bura gəlin, burda bir insan var.

Meşənin içindən, ağacların arxasından heyvanlar çıxır. İki ayı üstümə gəlir.

Ana ayı:

- Budur, budur! Balalarımı gülləylə vuran bu alçaqdır!

Bir qoç məni buynuzu ilə vurmaq üçün üstümə gəlir. İri qazlar fısıldayaraq mənə tərəf qaçırdılar. Arxamı çevirib qaçıram. Meşənin dərinliyinə girirəm. Bütün heyvanlar bağıra-bağıra arxamca qaçırlar:

- Tutun! Tutun! Saxlayın! İnsan qaçır, saxlayın!

Amma onlar məndən sürətli qaçır. Təngnəfəs yaşlı bir meşə ağacının dibinə çökürəm. Meşə budaqlarını qamçı kimi mənə vuraraq arxamdan qaçan heyvanlara bağırır:

- Qaçın, heyvan qardaşlar, qaçın! Tez gəlin! İnsan adlanan alçaq budur, burdadır! Qaçın gəlin, bunun işini bitirin. Bu alçaqdan mən də çox çəkdim. Baltanı əlinə alıb mənim soyumu-kökümü də kəsir. Gəlin burdadı!

Başıma toplaşan heyvanlar məni tuturlar. İki canavar məni aralarına alıb sürüyə-sürüyə aparırlar. O biri heyvanlar da arxamızdan mənə qəzəblə bağıraraq gəlirlər. Meşənin içindən bir talaya çıxdıq.

- Məhkəmə qurulsun!- deyə bir səs eşidildi.

Məni gətirən canavarlardan soruşdum:

- Məni yeyəcəksiniz?

Canavarlar:

- Qanunla cəzan nədirsə o da olacaq!

- Meşədə də qanun olar?

-Hər yerin özünə görə qanunlarıu var. İndi heyvanlar məhkəməsi qurulacaq, cəzan təyin olunacaq.

Talanın ortasında kötüklərdən bir kürsü quruldu. Müttəhimin də yerini düzəltdilər. Tala məhkəmə salonuna döndü.

Kürsüdəki baş hakim qart bir öküz idi. Üzvlər isə kök bir qatır, eynəkli bir fil, bir də uzun bığlı bir dəvəquşu idi. Prokuror yerində bir tutuquşu var idi. Birədən tutmuş dəvəyə kimi bütün heyvanlar da iştirakçı yerində oturmuşdular. Katibliyi də gombul bir inəklə bildirçin edirdi. Məhkəmə nəzarətçisi işini görən xoruz banladı:

- Adəm Əleyhissəlamın oğlu insan oğlu insaaan...

Səsimi çıxartmadım.

- Adəm Əleyhissəlamın oğlu, danışan heyvan! - deyə qışqırdı.

Öz üstümə götümədiyim üçün səsimi çıxartmadım. Məni gətirən canavarlardan biri qolumu dümsüklədi:

- Di, get də...

Müttəhim yerində dayandım. İştirakçı heyvanların olduğu kürsüdən kükrəmə, hürmə, kişnəmə, cəh-cəh vurma, miyoldama sədaları göylərə ucalırdı.

Baş hakim dal ayağının nalını üç dəfə kürsüyə vuraraq səs-küy edən heyvanları sakitləşdirdi və bildirçinə dedi:

- Qızım, yaz. İnsan olmaq və insan kimi davranmaq cəzalarından təqsirləndirilən Adəm Əleyhissəlam oğlu danışan heyvan məhkəmə salonuna gətirildi. İfadəyə başlandı.

Sonra adımı, soyadımı, iş-gücümü soruşdu. Tutuquşu ayağa qalxdı. Dimdiyini qanadına sürtdü. İki dəfə öskürüb boğazını təmizlədikdən sonra iddianaməsini oxumağa başladı:

- Təqsirləndirilən danışan heyvan edilən bu qədər xəbərdarlığı heçə sayaraq, meşə qanunlarının bütün maddələrini basıb keçərək insan olmağa davam etmək istədiyi üçün kralımız aslan tərəfindən onun meşə qanunları çərçivəsində parça-parça edilərək yeyilməsi əmr edildiyinə görə, günahı əvvəlcədən məlum olduğundan müttəhimə parçalanma cəzasının verilməsini tələb edirəm.

Öküz sağındakı qatır, solundakı fillə fısıldaşdıqdan sonra mənə:

- Prokurorun iddianaməsinə qulaq asdın. Deyəcəyin bir söz var?

- Möhtərəm öküz, hörmətli fil, qatır və çox hörmətli dəvəquşu da bilirlər ki, tutuquşular ancaq onlara öyrədilən sözləri əzbərləyər və heç nə anlamadan təkrarlayar. Bütün bu sözləri də hörmətli prokurorun kralınız aslandan öyrəndiyinə əminəm. Bundan ötrü...

Sözümü bitirmədən heyvanlar qışqırışmağa başladılar:

- Bu alçaq insanı hələ bir danışdırırsınız da. Verin parçalayaq.

Baş hakim ayağının nalını kürsüyə vuraraq səs-küyü kəsdi.

- Yekun qərar səsvermə ilə gizli olacaq.

Mən qışqırdım:

- Ay Allah, bu necə olur?

Səsimə səs verən olmadı. Məni susdurdular. İştirakçı heyvanlar bayıra çıxarıldılar.

Baş hakim:

- Şahid qismində camış gəlsin.

İçəri gətirilən şahid camış məni göstərək:

- Bu danışan heyvan qatildir. Bütün balalarımı kəsib yediyi bəs deyil, üstəlik nəslimi də kəsmək fikrindədir. Qana qan, cana can istəyirəm, - dedi.

Baş hakim soruşdu:

- Deyəcək bir sözün var?

- Özümü müdafiə etmək üçün vəkil tutacam, - dedim.

Vəkil tutmağım üçün iclasa on dəqiqə ara verildi. İki canavar qoluma girib məni məhkəmənin getdiyi sahədən bir az uzağa çıxartdılar. Bütün heyvanlar məni ələ salırdılar. Başımın üstündə uçan bir qarğa təpəmə pis şeylər edirdi. Bu onları daha çox güldürürdü.

- Heyvan qardaşlarım, mənə kömək edin bir vəkilə ehtiyacım var.

Bir yatağan ilanı dedi:

- Səni müdafiə edərəm, amma qarşılığında gərək səni udum.

Bir ayı gəldi:

- Vəkilliyini edərəm, amma başını da yeyəm gərək.

Kaftar:

- Qolunu versən vəkalətini alaram, – dedi.

Vəkillik qarşılığında kimisi ayağımı, kimisi bədənimi yemək istəyirdi.

Bir meymun gəldi:

- Mən paltarlarınla kifayətlənərəm. Əynindəki bütün paltarları hətta alt paltarlarını da versən vəkilliyini edərəm, - dedi.

Çılpaq qalana kimi soyundum. Nəyim var idisə meymuna verdim. Meymun paltarlarımı geyindi, qalstukumu taxdı.

- Bir də eynəklə çanta olsaydı səni daha yaxşı müdafiə edərdim –dedi.

Yenidən iclas olan sahəyə gətirildik.

Vəkilim meymun yenə dilləndi:

- Hörmətli baş hakim və üzvlər, bütün şahidlər dinlənildikdən sonra biz müdafiəmizi başlayacağıq.

Baş hakim:

- Şahid qismində eşşəyi çağırın.

İçəri girən eşşək bu cür danışdı:

- Bu Adəm Əleyhissəlam oğlu danışan heyvan, bir ovuc saman qarşılığında bütün dünyanın yükünü belimə yükləyir, mənə daşıtdır. Ona da ömrünün sonuna qədər eşşəkləri belində daşıması cəzasının verilməsini istəyirəm.

Şahid olaraq dindirilən at da bu cür danışdı:

- Mən azad bir heyvan ikən, məni tövləyə bağlayıb ağzıma gəm vuran mən azad olmaq istəyəndə qamçılayan, başımı payaya bağlayan bax bu Adəm Əleyhissəlam oğlu danışan heyvandır. Onun da tövləyə salınıb ağzına gəm vurularaq qamçılanmasını istəyirəm.

Qoyun şahid qismində danışdı:

- Mən dünyanın ən səssiz, ən günahsız, ən yazıq heyvanı olduğum üçün buynuzumdan sümüyümə, ətimdən peyinimə, yunumdan südümə qədər hər nəyim varsa alan, mənimlə dolanan bu danışan heyvanın da ömrünün sonuna qədər cür istismar olunmasını istəyirəm.

Siçanlar onları tələyə salmağımdan, itlər onları alçaltmağımdan, dəvələr ac-susuz saxlamağımdan şikayət etdilər. Bütün heyvanlar dindirildikdən sonra danışmaq növbəsi müdafiəmi edən meymuna gəldi. Vəkilim olan meymun, ayağa qalxıb öskürdü, sonra sözünə başladı:

- Hörmətli hakim və məhkəmə üzvləri! Müvəkilim o qədər ağır cinayətlər törədib ki, günahı istər şahidlərin danışdıqlarından, istərsə də öz bədbin sifətindən o qədər bəlli olmuşdur ki, müdafiə üçün deyəcəyim hər hansı söz yersiz və gərəksiz olar. Ancaq bir nüansı vurğulamaq istərdim. Təqsirləndirilən şəxs necə olsa da bir insandır. Bütün bu şahidlərin danışdıqları günahları etmək, heyvanlar vasitəsilə dolanan, öldürmək, işgəncə vermək, boğmaq, kəsmək, hətta özü icad etdiyi silahlarla öz-özünü yox etməyə çalışmaq da onun insanlığının qaçınılmaz bir nəticəsidir. Bir insandan bundan artıq nə gözləmək olardı? Tanrı onsuz onu insan yaratmaqla ən böyük cəzasını verib. Biz ona nə cəza versək bunun yanında heç kimi görünər. Müdafiəmiz bu qədərdir. Ədalətli mühakimənizi gözləyirik. Hakimlər fısıldaşdılar. Sonra baş hakim:

- Təqsirləndirilən şəxsin günahları sübut olunmuş və ömrünün sonuna qədər insan qalaraq, insanlığının günahını və ondan şikayətçi olan bütün heyvanların ahını çəkməsinə yekdilliklə qərar verilmişdir.

Qan tər içində oyandım. Başımı stoldan qaldırdım. Yan-yörəmə baxdım. Sonra güzgüyə baxdım. Bəli, heyvanların ahı tutmuşdu, mən bir insan idim. Eyni qoyun kimi mənimlə vasitəmlə də kimsə dolanırdı. Dəvə kimi yük daşıyır, eşşək kimi mənə qarşı edilən hər şeylər razılaşırdım. Bütün heyvanların ahı məni tutmuşdu. Bəli, mən bir insan idim və insan qalmağa da məhkum olmuşdum.

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #