Qismətdən “Platforma” - HEKAYƏ

Qismətdən “Platforma” - HEKAYƏ
24 yanvar 2014
# 13:00

Çarpayıda meyit kimi uzanmış cavan oğlan hekayəmizin qəhrəmanıdı - adı Mirzədir. Hələlik o yuxular səltənətində bir ölkədən o biri ölkəyə vizasız, maneəsiz keçməyində olsun, mən bəndənizə ayrılan beş-altı cümləlik vaxtdan istifadə edib öz təhkiyəçi platformamı açıqlamaq istəyirəm. Əgər mən bu hekayənin sonrakı hissəsində, eləcə də başqa əsərlərdə yenə təhkiyəçi seçilsəm, çalışacam ki, müsbət-mənfi fərq qoymadan, hekayədəki bütün qəhrəmanların başından keçənləri obyektiv şəkildə nəql edim. Əgər seçilərəmsə, əlimdən gələni edəcəm ki, qəhrəmanların qabağına həmişə Monika Beluççi, Ancelina Coli, Cenifer Lopez, Şakira, Penelopa Kruz, Selma Hayek, Adriana Lima, Skarlet Yohanson, bir sözlə, məhlə bərbərxanalarında, köhnə marşrutlarda, güzgülərin üstünə yapışdırılan, xatirə dəftərlərinə kleylənən, yeniyetmə qızların facebook profilini bəzəyən fotolardakı kimi huriləri çıxardım. Seçiləcəyim təqdirdə, hekayə qəhrəmanlarına hər bir imkanı yaratmağa çalışacağam – cibxərcliyi lazımdırsa – xəzinə, dinamika lazımdırsa – qaçhaqaç, kəsəsi, maddi-mənəvi onların yanında olmağı ən müqəddəs borc sayıram. Bu hekayənin qəhrəmanı yuxudan oyanır deyə, hələlik vaxtımı saxlayıram.

Mirzə yuxudan duranda gördü ki, böcəyə çevrilib. Tfu! Üzr istəyirəm, bu başqa hekayə idi.

Mirzə yuxudan duranda saat on ikiydi, həmişəki kimi çox yatmışdı. Çarpayıda on dəqiqə ora-bura vurnuxdu, sifətini tenorların zilə qalxanda düşdüyü görkəmə salıb əsnədi, axırda dünyaya minnət edirmişcəsinə yataqdan çıxdı. Bugün də dünənki qərara gəldi: “Ekonom olmaq lazımdır - səhər yeməyini naharla birləşdirmək.” Mirzə dost-tanış arasında dəhşət məlumatlı adam sayılır. Məsələn, o bilir ki, Şabanın əsl adı Kamal Sunaldı, kolanın içinə lezva atanda əriyir, nərd oynayanları görəndə “oyunçu aparsın” demək lazımdır. Corabının tayını çarpayının altından tapandan sonra, Mirzə güzgünün qabağında gözlərini bərəltdi, dişlərinə baxdı, sol yanağındakı “prişiki” sıxdı. İndi də tualetə gedəcək. Mərcə girək ? Əmsallar belədi:

Mirzə tualetə gedəcək – 1:50,

Qayıdıb yatacaq – 2:90,

Mətbəxə cumacaq – 5:50.

Amma məsləhət görmürəm, mənimlə oynamayım. Hekayənin müəllifi mənəm, siz hansı variantı seçsəniz, mən o biri variantı yazıb tumanınıza qədər ala bilərəm.

İndi Mirzə tualetdə oturub bugün nə edəcəyi haqqında dəruni düşüncələrə dalmışkən, istəyirəm sizə gizlicə onun haqqında məlumat verim.

Adı : Mirzə

Soyadı: Mirzəyev

Atasının adı: Mirzə.

Doğum: 1980-ci il, Bakı, Xalqlar Dostluğu.

Bildiyi dillər: azərbaycan dili – Xoşqədəmin verilişini anlayacaq qədər, türk dili – “Kurtlar vadisi” qədər, rus dili – “Odnaklassik.ru” qədər, ingilis dili – “playstation” qədər.

Hobbiləri: futbol proqnoz yazmaq, evdə heç kim olmayanda masturbasiya etmək, çeçələ barmağın dırnağını uzatmaq, məhlədəki maşınların nömrəsini əzbərləmək.

Fobiyası: durduğu yerdə zibilə düşmək.

Ətraflı məlumat üçün baxın: Qədim dövr Azərbaycan tarixi, Bakı, 1501, Təhsil nəşriyyatı.

Tualetdən çıxan kimi Mirzə mətbəxə cumdu, soyuducuda eşələndi, nutella, dünəndən qalma badımcan dolması, pomidor-xiyar, ketçup, qatıq çıxartdı – hamısını masaya düzdü. Masada masaymış ha!

Əlinə keçəni bala-bala içəri ötürə-ötürə, birdən ağlına gəldi ki, məhlə uşağı Anara “vzıv” tullasın, tulladı da. Çox keçmədi ki, Anardan da bir “vzıv” gəldi. Bu “vzıv”laşmaq işi Mirzəylə Anarın arasında xüsusi simvoldu, yalnız ikisinin bildiyi gizli dildir. “Vzıva vzıv” o deməkdir ki, 15 dəqiqəyə “besedka”da olacam.

Toqqasının altını bərkitdi, sonra cumdu güzgünün qabağında əsas məsələnin həllinə – saçlarını formaya salmağa. Əvvəlcə bir ovuc “Eqoist” jelesini tellərinə yaxdı, ardınca Evklidi qısqandıracaq həndəsi dəqiqliklə saçında tağ ayırmağa başladı. Ürəyi istəyən nəticəni alan kimi, güzgüdə öz əksinə göz vurdu, gülümsədi, yəni ki, oğlum Mirzə full görünürsən, mən səni like eləyirəm!

Əziz xalqım! Hekayəmizin qəhrəmanı Mirzə forsundan cırıla-cırıla, lotu-lotu, Polad Aləmdarvari həyətə düşməyində olsun, mən istəyirəm yenidən öz təhkiyəçi platformama qayıdım. Bəzi xaricdən maliyyələşən yazarlar, özlərinə, nə bilim, modernist-postmodernist deyən bədxahlar, milli-mənəvi dəyərlərimizi heçə sayan zatıqırıqlar, qınından çıxıb qınını bəyənməyənlər, gəmidə oturub gəmiçiylə dalaşanlar, palaza bürünməyib elnən sürünməyənlər, “dost” sözünün bir hecalı olduğunu bilməyənlər, bugün meydan sulamaqla, düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Bu hekayəni bitirim, hamısını qırajam. Amma adamın üstündə Allah var, onların bəziləri heç də istedaddan məhrum deyildir. Ona görə, o bir-iki nəfərin yazdıqlarını bəlkə bir antologiyaya-zada saldım, qalanları vızqırdacaq. Vaxtımı saxlayıram.

Nə oldusa, Mirzə “besedka”da Anarla görüşəndən sonra oldu.

***

Əvvəlcə pul var idi və pul Mirzədəydi. Sonra hardan peyda oldusa, Zamiq də gəlib çıxdı və hər şey onun gəlişi ilə başladı.

Zamiq “besedka”ya girən kimi siqaretini yerə atdı, əl verib görüşdü: “Həə, brat, nətərsüz?” Cavabı gözləmədi, bir dənə də siqaret yandırıb, öz monoloquna başladı:

“Təzə xəbər var. Var-yoxuma tullansınlar, dəhşət söhbətdi. Deməli bir dənə arvad çıxıb, google-nan fala baxır. Dayımoğlu gedib yanına, deyir arvad nə dedisə düz çıxdı. Ağlıma full bir ideya gəlib, deyirəm götürək bu həftəki oyunların cədvəlini aparaq arvadın yanına, heç nə lazım deyil, gələcək-karyera filan, bizə onca dənə yuxarı əmsallı oyun desin, hər çempionatdan bir-ikisini desə bəsdir, yazaq, söhbəti həll eləyək. Amma işə başlamaq üçün iki yüz dollar lazımdı - 100 dollar falçının, 100 dollar da proqnoz üçün. Hər şey fikirləşmişən, gecə səhərə qədər bunun üstündə əlləşmişəm. Deməli proqnozu tutan kimi – 99,9 faiz tutacağıq – iki dənə marşrut götürürük buraxırıq “kruqa”, hər ay ordan babat pul gələcək, sonra “Neftçilər”də bir dənə xudmani çayxana açırıq, adama bir dənə maşın götürürük, dalınca da bala-bala həyatımızı qururuq. Sonrası asan məsələdi, necə deyərlər “xodda maşını Nabrana sür”.

Zamiq elə danışdı ki, Mirzənin də, Anarın da gözünə işıq gəldi. O dəqiqə ikisinin də beynində televizorda gördükləri həyatlar, metroda, dayanacaqda qışqıran reklam bannerlərinin vəd etdiyi şeylərin hamısı birdən çox yaxın, doğma, mümkün görünməyə başladı. Biranlıq Zamiq özü də danışdıqlarından xoşhallandı və xəyalata daldı.

Onlar xəyal qurmağında olsun, mən istəyirəm təhkiyəçi platformama davam edim. Düzünü deyim ki, mən əslində bu hekayəni başqa cür nəql etmək istəyirdim. Məndən olsa, eləcə Mirzənin otaqda bir gününü təsvir edər, xatırlama yolu ilə, savadlı adamlar demiş, fləşbəklərlə keçmişinə işıq tutardım. Amma iş elə gətirdi ki, mən onu evdən çıxarmalı, dostları ilə görüşdürməli, hələlik özümün də tamam-kamal tanımadığım falçının ünvanına göndərməli oldum. Bir az artıq içən kimi adamın baş-beynini aparan gəvəzə, boşboğaz adamların xala-xətrin qalmasın sözləri kimi çıxmasın, ümid edirəm ki, sizi yormuram.

***

Külək ya əsirdi, ya da köks ötürürdü, bilmək olmurdu. Nə Anar, nə Mirzə, nə də Zamiq üçün bu maraqlı deyildi. Onlar üçü də tər, pendir qoxuyan axsaq avtobusun arxa oturacağında şəhərin papuqay kimi eyni şeyi təkrarlayan küçələrinə baxır, ara-sıra bir-iki kəlmə danışır, ümidlə-ümidsizlik arasında çırpınan cavan ürəklərinin səsinə qulaq asa-asa Bayıldakı falçının hüzuruna yol gedirdilər. Şəhər addımbaşı özünü təkrarlayır, özü özünün pis reproduksiyasına çevrilirdi. “Market, aptek, internet-klub, market, aptek, internet-klub” – bu qəribə ritm hər yerdə təkrarlanırdı və ara-sıra xaric not kimi “avtomoyka” da görünüb, yoxa çıxırdı. Üç muşketyor, üç dost, sınıq-salxaq avtobusdan gah çölə baxır, gah da içəridəki enli arvadların iblisanə gülüşünə diqqət kəsilir, qımışırdılar. Əslində onların heç biri gələcəyə olan qəribə inamlarından və marjinal cəhdlərindən başqa avtobusdakılardan fərqlənmirdi. Hər üçü ayrı-ayrı dayanacaqlarda düşsələr də, bir avtobus dolusu adamla eyni talenin daşıyıcısı, eyni yolun sərnişini idi. Sanki bəxtlərinin rəngini ört-basdır etmək istərcəsinə təpədən-dırnağacan qara geyinən, üstəlik, bunun adamı ciddi göstərdiyinə inanan qocalı-cavanlı kişilər və baxışları, gülüşü, gələcək haqqında arzuları “tele-ulduzları” yamsılayan qızlar - hamısı onlar üçün doğma idi.

Hekayəmizin qəhrəmanları fikirli-fikirli arzularının reallaşacağı ünvana yol gedərkən, onlardan birinin - Anarın facebook inbox-una belə bir mesaj gəldi: “Aşkısı bağışla dünən yaza bilmədim, işıqlar keçmişdi...(((“ Bu mesajı yazan zənən xeylağı Anarın bəzən “istədiyim qız”, bəzən isə “fırlandığım qız” dediyi Güneldi. Amma bizim Günellə işimiz yoxdur. Madam ki, hekayə qəhrəmanları hamısı fikrə dalıb, onda facebook söhbəti açılmışkən, gəlin Anarın profilindən bəzi məlumatlara göz gəzdirək.

Adı: Anar

Soyadı: Rzazadə

Doğum ili: 1981, 1 aprel

Təhsili: Bitirib - 13 nömrəli orta məktəb, bitirmək istəyir – Politexnik.

İş yeri: Parkda bilyard işlədir.

Sevdiyi filmlər: Xaç atası, Titanik, Briqada, Brat-2, Kurtlar vadisi.

Sevdiyi sitat: “Qardaş beldən gəlir, dost ürəkdən.” (Zerkalo Klara)

Ən çox like yığan son üç statusu (redaktəsiz):

  1. Qızdarımız lüddənir, kankret uçruma gediriy. (131 like)
  2. Adıvı kim buzla günəşə yazsa səni mənnən çoxx sevir diməli. (98 like)
  3. Vətən sağolsun! (215 like)

Əlavə məlumat üçün baxın: “Mədəniyyət naziri Namiq Qaraçuxurun “Ayna” qəzetinə müsahibəsi, Bakı, 2050-ci il, 28 may)

***

“Saxla, saxla! Düşün alə!” – Zamiqin səsindəki liderlik ədası Anarla Mirzəni diksindirdi, ikisi də rəngbərəng xəyallar dünyasından ağ-qara reallığa qayıtdılar. Düşdükləri yer, elə bil, təkcə, Bakının yox, dünyanın axırı idi; sanki burdan o yanda nəhayətsiz, intəhasız bir boşluq vardı və bu boşluq təsəvvürü onların hər üçünün yadına, nədənsə hadisələrin kosmosda cərəyan etdiyi xarici filmləri salırdı.

Qapıda cangüdənlər vardı, üstlərini yoxladılar, sonra onları uzun bir dəhlizdən keçirib gözləmə zalına ötürdülər. Bütün bu atmosfer, bu yoxlanış, rəsmiyyət, ciddiyət onların hər üçünü həm qorxutdu, həm də inamlarını artırdı. Hə də, əgər boş söhbət olsa, bu qədər ciddi nəzarət olmazdı, bu qədər adam bura gəlməzdi. Adam demişkən, gözləmə zalında qələbəlik idi. Üç muşketyor bir küncə çəkildilər, əvvəlcə ətrafdakı adamları süzməyə başladılar, sonra öz aralarında bir-iki kəlmə kəsib, yenə fikrə getdilər. Hamısı öz fikrində bütün bu həngaməni çox tez qabağa yığdı və bu xəyal filminə artıq uğur qazanmış, varlanmış halda olduqları vəziyyətdən baxmağa başladılar. Üçünün də xəyalındakı film təxminən eyni yerdən başlayırdı: çarpayıda uzanıb iriməməli bir qızın striptiz göstərməyinə baxa-baxa viski içirdilər...

İriməmə qız onların xəyalında soyunmağında olsun, mən istəyirəm öz təhkiyəçi platformama qaldığım yerdən davam edim. Əgər məni bundan sonrakı hekayələrdə yenidən təhkiyəçi seçsəniz, mən fəaliyyətim dövründə çalışacam ki, personajlarımın söz bazasını inkişaf etdirim. Çalışacam ki, onları Orxon-Yenisey abidələrindən, Kaşğarlının divanından gələn zəngin ləhcə, dialektlərlə, dilin atişləməz, quşqonmaz əraziləri ilə tanış eləyim. Xalqımızın deyimlərini, duyumlarını, aksiz markası qoparılmamış ifadələrini personajlarımın lüğət tərkibinə salmağı özümün ən müqəddəs borcum sayıram. Mən yenidən təhkiyəçi seçilsəm, həm də cəhd edəcəyəm ki, yeni sözlər yaradım, dilimizin zənginləşməsi, milliləşməsi üçün əcnəbi sözləri dilimizə uyğunlaşdırım. Məsələn, məncə “televizor” yerinə “göstərənçi”, “velosiped” əvəzinə “cüttəkər”, “telefon” yerinə isə “səsqulaq” demək daha gözəldir. Vaxtımı saxlayıram.

***

Striptizçı qız arxasını çevirib yanvar-fevral vurmağa başladı, sonra əyilib paçasının arasından arxaya – onu izləyənlərə baxdı, təzədən dikəldi, ədalı-ədalı büstqalterini çıxardı, xarici toylarda gəlinlər çiçək dəstəsini başları üzərindən arxaya atdıqları kimi büstqalterini geri vızıldatdı. Bu dəm, nədən qara eynək taxdığını heç kim bilmədiyi “kaçok” nəzarətçinin buz kimi soyuq səsi üç dostu xəyaldan ayırdı, bayaqdan dalıb getdikləri xəyalın isti-qaynar havasından Babil qülləsitək dikələn şəhvətlərinin əsası qəfildən büzüşüb balacalaşdı.

Falçı gözlədikləri kimi elə də əndrabadi deyildi – nə saçları pırpız idi, nə dırnaqları uzun, nə masasının üstündə kristal kürə vardı, nə içəridə tüstü-duman. Bu falçı bütün təsəvvürləri alt-üst edəcək dərəcədə səliqəli, ciddi görkəmli, şıq geyimli bir qadın idi. Küçədə görsən, deyərsən ki, yəqin hansısa şirkətdə işləyir, ayına aşağısı 1500-2000 manat qazanır, həftəsonları “Şekspir” pub-da “Corona” pivəsi içə-içə bilyard oynayır, arada karaokedə Justin Bieberin mahnılarını oxuyur, Koelyonun romanları üçün əldən-ayaqdan gedir (burda “sino gedir” də yazmaq olar) və bütün bunları etdiyini görə elə bilir ki, əsl avropalıdır. Xahiş eləyirəm, alqışlayaq!

Amma yox, Mirzəgil içəri girəndə heç bunları da düşünmədilər, çünki bu falçı qadın deyəsən tamam alayı cür idi. Otaq çox səliqəli dizayn olunmuşdu, demək olar ki, artıq heç nə yox idi. Qadının masasında balaca dəri bloknot, “Parket” marka qələm və geniş ekranlı bir noutbuk vardı. İstəyirəm noutbukun markasını “Dell” yazım, amma “Hp” də olar, nə bilim, bəlkə də “Fujitsu Siemens” daha yaxşıdı. Nə isə, buna sonra qərar verərəm.

***

Azikin kafesini “Neftçilər”də hamı tanıyır; əvvəllər gamebookers-lə işləyirdi, yəni siyahını internetdən tapıb çap edir, futbol-proqnozları əldən özü yığırdı, sonra zaman dəyişdi və Azik də zamana uyğunlaşmağa məcbur olub “Topaz”a çevrildi. Manıs yaman bic adamdır, həmişə sakit-sakit kafenin ən gözədəyməz masasında oturub qəzetlə-jurnalla başını qatır, amma elə ki, ümidini Messinin fəndlərinə, Ronaldonun sürətinə bağlamış qumarbazlar kafeyə doluşmağa başladı və elə ki, səs-küy bütün kafeni bürüdü, Azik ortalıqda gəzib qəsdən həmin günkü oyunlar haqqında araya söz (qaqaşlar demiş, “paraşa”) buraxmağa başlayır. Məsələn, bir də görürsən öz işçilərindən biriylə hansısa oyun barəsində guya ona ötürülmüş “sekretni” bir xəbəri bölüşür, amma bu xəbəri elə deyir ki, başqaları da eşitsin. Fəqət adamlar Aziki yaxşı tanıyır deyə, heç kim onu eyninə almır.

Üç dost falçının yanında çıxan kimi, özlərini vermişdilər birbaş Azikin kafesinə və o saat adama bir dənə “nzs” pivəsi sifariş verib başlamışdılar siqaret tüsdülədə-tüsdülədə falçıdan öyrəndikləri dünya əhəmiyyətli informasiyanı götür-qoy etməyə. Onlar öz işlərində olsunlar, mən istəyirəm təhkiyəçi platformama davam eləyim. Mən bütün oxucularıma söz verirəm ki, gələcəkdə yenə təhkiyəçi seçilsəm, bütün əsərlərimdə dağların əzəmətini, min illərin bağrından qopub gələn dədə-babalarımızın sümüyə-iliyə işləyən deyimlərini, aşıq havalarındakı mistik-ilahi intonasiyasını, muğamatın hər adam anlamadığı dərin fəlsəfi məzmununu qəhrəmanlarıma hopdurum. Mən çalışacam ki, bir yandan bu qəddar, amansız, bakirəliyini itirmiş şəhərdən uzaqda, təbiətin ana südü kimi təmiz, həlim, saf ruhu ilə həmahəng yaşayan sadə, həm də bədbəxt insanların hekayətlərini yazım, bununla bərabər sosial mesaj verməyi də yaddan çıxarmayım. Söz verirəm ki, qətiyyən üslub, forma, struktur haqqında düşünməyəcəm, əsas qayəm bu olacaq ki, səmimi olum, çünki inanıram ki, səmimi olsam və təbii ki, milli dəyərlərimizə söykənsəm, Rolan Bartı da, Bodriyarı da, Fukonu da, Ekonu da, Derridanı da, Ceymsonu da diz çökdürəcəyəm. Vaxtım bitir deyə, mənə dəstək olun, mənə inanın, biz birlikdə çox zirvələri fəth edəcəyik. Ölməz şairimiz demiş: “Sağlığında rüşvət... (üzr istəyirəm) qiymət verin insanlara!”

***

Zamiq tualetdən çıxıb bala-bala dostlarının yanına gedirdi ki, birdən kafenin o başından gözləri ağlamaqdan qızarmış, rəngi-ruhu avazımış, əlində “pol” taxtasıyla güllə kimi onların masasına şığıyan Gülnarə xalanı – Mirzənin anasını gördü. Arvad kafenin o başından başladığı söyüşlərə kafenin bu başında nöqtəni qoyan kimi, – “Ay atasına oxşamış oğraş, sən genə üzüyümü oğurlamısan?!” – Zamiqlə Anar sözləşibmişcəsinə birağızdan dedilər: “Bu dəfə dəqiq tuturuq, falçı deyib...”

# 4613 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #