Ceyms Coysun Allah olmaq iddiası

Ceyms Coysun Allah olmaq iddiası
9 oktyabr 2017
# 11:08

Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edib.

Əvvəli burda

Sən çarmıxa çəkiləndə çox ağrımışdım, sarsılmışdım,

ey İsanın müqəddəs ürəyi! İndi sən də oğluma kömək ol,

onu cəhənnəmdən xilas et!

IX məqalə

Türk araşdırıcısı Armağan Ekici “Uliss” haqqında yazırdı ki, “Təhkiyəçinin səsi ilə xarakterlərin daxili səsləri arasında oxucunun hiss etmədiyi keçidlər var. Bu səbəbdən, hər cümlədəki fikrin kimin başından keçdiyini təxmin etmək olmur. Eyni şəkildə qəflətən reallıqdan halüsinasiyaya, Odissey əhvalatından parodiyaya, bir düşüncədən, bir üslubdan digərinə keçidlər olur. Kitabı oxuyub qurtarandan sonra isə sanki bütün dağınıqlıqlar nizamlanır, bütün parçalar yerinə oturur. Məlum olur ki, bir araya gətirə bilmədiyimiz bu qarışıqlıqlar və fərqliliklər elə hekayənin özü imiş...”

Doğrudan da elədir. Əvvəli, ortası, sonu bəlli olmayan mətndə bəzən əlaqəsiz, aidiyyatsız kimi görünən keçidlər və fraqmentlər yekunda ideyanın zəruri bir elementitək yerini tutmuş olur. Biz ənənəvi kuliminasiya, razvyazka, final sistemliliyi izinə düşmək istədikcə ideyanı tutmaq üçün lazım olan əsil yolu itirmiş oluruq. Aydın olur ki, məlum oxucu proqramlaşdırması ilə Coys üslubu arasında fərq var. Yəni, mütaliə prosesində oxucu öyrəşdiyi süjet həyəcanlarını yaşamaq həvəsində olur, amma başqa gedişlərlə rastlaşır. Əvvəl çaşqınlıq, anlaşılmazlıq, qəliz kompazisiya quruluşu... Sonra isə kələfin ucunu ələ keçirən oxucu özünü yeni bir ampulada hiss edir. O daha hadisə və macəra, ənənəvi məhəbbət dramları oxumadığının fərqində olur, şüur seli içərisinə düşdüyünü anlayır. Burda isə hər şey sanki qeyri-ixtiyarilik, təbii axın, düşüncə burulğanları üstündə baş alıb getmə prinsipi üzərində qurulub. Romanın bir məqamında Leopold Blumun başqa, illüziyalarla dolu bir mühitə necə düşməsini belə hiss etmirsən, amma əlaqəsizlik də görmürsən... Nitşe yazırdı ki, “135-ci səhifəyə gələndə cümlələr axıb gedərkən və kitabın haqqını vermək istəyi ilə, qəhrəmancasına ondan yapışmaq cəhdi içindəykən, bir də gördüm ki, yuxuya getmişəm. Qısa müddət sonra oyananda beynimdə kitabı geriyə doğru oxumaq kimi parlaq bir fikir yaranmışdı. Bu, bilinən, təcrübədən keçirilmiş bir metoddur; əlbəttə, bir əsər geriyə doğru da oxuna bilər, özü də söhbət əvvəli, axırı, başı, ayağı olmayan belə bir kitabdan gedirsə. Əvvəlki səhifələrdə baş verən nə varsa, asanlıqla sonra da özünə yer tapa bilərlər. Zarafat nöqtələrini gözdən qaçırmaq kimi bir problem olmadığı üçün, hər hansı bir dialoqu tərsinə də oxuya bilərsiniz. Hər cümləni bir zarafat hesab etsək, hamısını birdən başa düşməyin elə də əhəmiyyəti yoxdur. Bir cümlənin ortasında da dayanmaq olar, ilk təəssüratın təsirini öz varlığını davam etdirməyə yetərlidir, ya da ən azından elə görünür”.

Romanda “gediş” və “qayıdış” fəlsəfəsi var. Real dünyadan ilğımlı xəyal dünyasına, yuxu aləminə də “gediş” və “qayıdış” təsadüfü xarakter daşımır. “Ruh və bədən” ünsiyyəti, və ya ziddiyyəti, mübarizəsi gerçək və xəyali həyat kontekstində dövr edir. Əsərin əvvəlində evdən çıxan qəhrəmanlar artıq axşama doğru əldən düşmüş halda geri dönməyə başlayırlar. Burda da “gediş” və “qayıdış”sxemi mənalı şəkildə cızılır. Təxəyyül bütün dünyanı və zamanları dolaşıb qayıdır, ayaqlar isə sadəcə Dublin küçələrini... Leopold Blumun uşaqlığına, keçmişinə da yol var bu “gediş”lərdə. Leopold Blumun gəncliyinə səyahət edilir. Bu gediş də həmin 20 saatın-1904, 16 iyun tarixinin içərisindədir. Blumun keçmişə səfərində ağrı, kimsəsizlik, tənhalıq, atılmışlıq nisgili var. “Yox, Leopold... Adlar və xatirələr sənə təsəlli ola bilməz! Qüvvətli olduğun məmnunluq hissini artıq itirdin əbəs yerə... Sənin nəslindən gəlmədir bu, oğlun, gələcəyin yoxdur sənin. Kimsənin Leopoldu olmayacaqsan, Rudolphun Leopoldu olduğu kimi...”

Ümidsiz keçmiş... Blumun oğlu uzun müddət öncə, uşaqlıq çağında vəfat edib, amma uşağının obrazı onun qanında və yaddaşında yaşayır. Sıxıntılı, kədərli bu gün... Sevdiyi qadın onu aldadır, ətrafdakılar ona vətənsiz bir yəhudi kimi baxır, tez-tez: Sənin vətənin haradır?-sualını verir və s. Bir kişinin, bir ərin düşə biləcəyi ən rəzil duruma yaxalanır. Arvadının meneceri Boylanla onun həmin iyun günü, günortadan sonra 16:30-da görüşü olacağından xəbərdardır. Ancaq heç nə edə bilmir... 16-30-da isə saatının dayandığını görür... zaman da bu xəyanəti ona xatırladır, sanki... Lakin bizim düşüncəmizdə bir final narahatlığı var. Blum Boylanla rastlaşacaqmı? Molly bu davranışına necə haqq qazandıracaq? Stiven Dedalla anasının narahat ruhu arasındakı yuxu assosasiyalı kədərli dialoqların nəticəsi olacaqmı? Ateist Stiven onu iman yoluna çəkmək istəyən qadının ruhu qarşısında peşmanlıq hissi keçirir, amma bu sadəcə nisgildirmi, yoxsa əqidə dəyişimi?

Romanda hər şey sarkazm və istehza intonasiyası ilə təqdim edilsə də, kədər və əbədi məğlubiyyətə məhkumluq ağrısı var. Bu kədər istər Leopold Blumun həyatında, istərsə də İrland xalqının tarixi taleyində aparıcı ovqat kimi qabardılır. Ümumiyyətlə, məzmun və ideya bədbin notlara köklənib. Əsərin əvvəlində Buck Mulligan Stivenə yarızarafat, yarıgerçək “anasını öldürən qatil” demişdi. 22 yaşlı müəllim Stiven anası can verən zaman onun yalvarışlarına qulaq asmayaraq dua etməkdən imtina etmişdi. İndi yenidən həmin haqq-hesab çıxır ortaya. Günahkarlıq hissi və ağrı yenə baş roldadır. Stiven ona əzab verən ehtimal və şübhələrlə yenidən əlbəyaxa olur. Hamletvari düşüncələr, suallar, ruh və xəyallarla ünsiyyət... Anasının xəyalı onu çaşdırır. Ana deyir: “Bir zamanlar gözəllər gözəli May Goulding idim mən, indi ölürəm. Stiven dəhşətdən donaraq:

- Xortlamış adam. Kimsən sən? Yox, bu necə şeytani bir işdir axı?

Buck Mulligan:

- Bax bu işə! Kinch yazıq anasını qəhrindən ölməzmi? Pox yoluna getmişdi qadıncığaz. (Gözlərindən axan ərimiş kərə yağı damlaları qoğalların üzərinə tökülür) Bizim nəhəng gözəl anamız! Epi oinopaponton...

Anası nəfəsini onun üzünə toxunduraraq yaxınlaşır və deyir: - Hər kəs bu yoldan keçəcək, Stiven. Kişidən çox qadın var dünyada. Sən də... Bir gün gələcək...

Stiven qorxu, peşmanlıq və dəhşətdən boğulurcasına:

- Deyirlər ki, səni mən öldürmüşəm, ana! Sənin ağlını qarışdırdı o... Sən xərçəngdən ölmüsən, mənim üzümdən yox... Müqəddarat...

Anasının ağzının bir yanından yaşıl bir safra sızıntısı yavaş-yavaş axır... Anası deyir:

- O nəğməni söyləmişdin mənə... Eşqin acı, gizli sirri...

Stiven coşqunluqla deyir: Ana, o sözləri indi söylə mənə, indi ki bilisən... Bütün kişilərin bildiyi o sözü...

Anası:

- Dallkeydə Paddyleeyle vaqona tullandığın zaman o gecə kim qurtarmışdı səni? Yadlar arasında kədərli dayanarkən kim acımışdı sənə? Duanın gücü hər şeyi həll edər. Ursulinə risaləsində iztirab çəkən ruhlar üçün dualar, papalığın qırx günlük günahların əffi dönəmi... Tövbəkar ol, Stiven...

Stiven:

- Qulyabani! Şeytan!

Ana:

- O biri dünyamda sənin üçün dua edəcəyəm... Tövbə et! Ah, cəhənnəm atəşi...”

Qeyd etdiyim kimi, müəllifin erudisiyası, geniş mütaliəsi, din, tarix və fəlsəfi düşüncələr ensiklopediyası səviyyəsində bilik nümayiş etdirməsi adamı heyrətləndirir. Coys dini kitablarda təsvir edilən cəhənnəm mövzusunun məzmununu bədii mətndə yuxu, xəyal, gözəgörünmələr şəklində ifadə edir. “Qurani-Kərim”də də təsvir edilən kafirlərin cəhənnəmdə ölə bilməmək, yanmaq, yanmaq, bitmək və yenidən dirilib təkrar-təkrar yanmaq aqibəti qəzəblə qarşılanır, Stiven Allaha üz tutaraq, onu “yandıran, amma öldürməyən, cəsəd çeynəyən”-adlandırır, “Aman bu tanrının əlindən!”-deyir...

Burda ürəkparçalayan mənzərə gətirilir göz önünə. Dərisi soyulmuş baş, qanlı sümüklər, Stivenin üzü didilmiş, qolunun biri qapqara çürümüş vəziyyətdə olan anası həmin şikəst əli ilə ona toxunmaq istəyir və deyir: “Aman, oğlum, bu tanrının qəzəbindən özünü qoru!” Dindar anasını bu vəziyyətdə görən Stiven hiddətdən boğulur, ana ümidsizliklə əllərini ovuşdurur və yenə tövbə məqamındadır. Oğlu üçün dua edir, İsanı köməyə çağırır,(“Ey İsanın müqəddəs ürəyi, sən ona acı! Onu cəhənnəmdən qurtar! Ey ilahi müqəddəs ürək!”), amma Stiven daha da qəzəblənir və kəskin etirazlarını davam etdirir. (“Yox, yox, yox! Bədənimi sındırın! Hamınız... Əlinizdən gəlirsə... Sonda hamınıza diz çökdürəcəm!”)

Can çəkişməsində, tükənməkdə olan ana sanki tanrıdan İsa peyğəmbərə şikayətçidir. Oğlu üçün İsaya yalvaranda hətta ondan bir yaxşılığın əvəzini belə istəyir. “Sən çarmıxa çəkiləndə mən çox ağrımışdım, sarsılmışdım, sənə olan sevgimin, acımamın qarşılığı olaraq oğlumu mənim xatirim üçün qoru, cəhənnəm əzabından xilas et!”- demişdi...

Zaman: 1904-cü il, 16 iyun, çərşənbə axşamı...

Blum Tramvay qəzası həyəcanından sanki birbaşa o biri dünyaya – cənnət və cəhənnəmin parodiyası olan məkana yollanır. Və tam başdan-başa heyvani instikt istəklərinin reallaşdığı bir yerə düşür.

Romanın ictimai-siyasi yüklü fikirləri daha çox Leopold Blumun başqa bir dünyaya, haqq-hesab, qiyamət məhkəməsi zamanına, hallüsinasiya halına köçürüldüyü hissələrdə ön plana çəkilir. Eyni zamanda, kitabın ən irihəcmli fəsili olan bu hissəsində xaosun daha da artdığını görürük. Hadisələr və təsvirlər, dialoqlar teatr şəklində, üslubunda təqdim edilir. Xəyallarda, real olmayan zaman və məkan boşluğunda romanın bu yerə qədərki bütün hadisələrinə sanki yenidən nəzər salınır. Məlum obrazların sırasına xeyli sayda mücərrəd xarakterli obrazlar da əlavə olunur. İnsan varlığındakı heyvani vücud və ilahi, mənəvi mövcudluq arasındakı dramatik mübarizədə ikiləşmə gedir. Hətta insanın cins olaraq (kişi, ya qadın) müəmmalılığı ortaya çıxır. Bir cinsin ilahi başlanğıcında belə hər iki cinsə məxsus əlamətlərin, istək və arzuların olduğu göstərilir. Hətta gah əks-cinsin, gah da öz cinsinin nümayəndəsi ilə baş verən seks halları heyvanların, o cümlədən ortalıqda gəzişən itin vəziyyəti ilə müqayisə olunur. Bu itin və eləcə də Blum və Bellanın cinsləri də anbaan dəyişir. Blumun ölüm səhnəsi belə bu mücərrəd situasiyada göz önünə gətirilir. Əşyalar xaotik təsvirlərin mühüm detalına çevrilir və müəllif alleqorik obrazlar da yaradır. Bu məqamlarda istifadə olunan üslub və ifadə, bədii metod elementlərini coysşünaslar Hötenin “Faust” əsəri ilə də müqayisə edirlər. Şeytani vəsvəsə, günahkarlıq qorxusu Blumu əldən salır. Pərilər də görünür gözə. Amma o keçmişindən, real dünyasından tam ayrılmayıb. Arvadı Molly ilə burda da rastlaşır. Bələdiyyə, şəhər başçısı seçilir, kral taxtına oturdulur.

Klassik “diktator və müti xalq” düsturunun modern, impravizə olunmuş modelinin obrazına da burda rast gəlirik. Bütün incə çalarları ilə, satirik və kəskin siyasi notlu təsvirlərin altqatda olan diktələri xüsusi mövzu kimi təhll edilməlidir. Blum sadə, Dublin küçələrini avara-avara gəzən bir reklamçıdan dönüb bu şəhərin hakiminə çevrilir. Coys həm də cəmiyyətin sivil, ali yaşam tərzi məsələsinin üstündə dayanır və müəyyən məqamlarda, xüsusən “hökmdar sevgisi” ilə bağlı fraqmentlərdə cahilliyin, ətalətin və şüursuzluğun faciəsini göstərir. İrlandiya insanı, Dublin vətəndaşı özünə çoxlu allahlar, bütlər yapır sanki. İngilis istismarı, kilsə qorxutmaları, hökmdar və hakimiyyət zorakılığı İrlandiya cəmiyyətinin müti bir gücsüzlük ampulasındakı obrazının, portretinin rəssamına, memarına çevrilir. Qorxuların əsəri olan itaətkar kütlə daima özünə sitayiş obyekti, tanrı, büt axtarır... Və bu adam da hələ ki Blum olmalıdır...

Leopold Blum başçı seçilən kimi özünü hakimi-mütləq, tanrıtək hiss edir. Pərəstiş, bütləşdirmə yanaşması xüsusi əda, təkəbbür və iddia jestləri yaradır onda. Blum xalqa müraciət edəndə onlara “Bəndələrim!”- deyir...

Xalq onu alqışlayır və “Şanlı Blum”, “Atamız”- ifadələri ilə xitab edir. “Ey şanlı Blum! Məşhur qohumumun davamçısı!”

Daha sonra bütün imtiyazları əks etdirən bir sənəd və qırmızı yastığın üstündə çarpazvari yerləşdirilmiş Dublinin açarları Leopold Bluma təhvil verilir. Blum hakimiyyətə gəlir. Vədlər, yarınmalar, bütləşdirmə, pərəstiş, sitayiş, tanrılaşdırma prosesi təkcə yüz il öncənin Dublin məkanının deyil, dünyanın diktatura oyunlarının mahiyyətini açır. Daima müasir, aktual olan diktatura rejimlərinin anatomiyası gözlərimiz qarşısında tanış cizgiləri ilə sərgilənir. Xalq şəxsiyyətini, xarakterini, əslini-nəslini belə tanımadığı Blumu taxta oturdan andanca onu ilahiləşdirir, daima başı üstündə görür.

İdarəedici qüvvələr, ideoloqlar kənardadır. Səhnədə isə guya hökmdarını sevən xalq... Məsələn, almasatan qadın belə siyasət səhnəsinin iştirakçısına çevrilir, “İrlandiyaya belə adamlar lazımdır!”-deyə meydanda qışqırır.

Və ənənəvi hakimiyyətə gəliş nitqinin parodik mətni maraqlı nüansları ilə yadda qalır. Blum deyir: “Əziz təəbəm! Yeni bir dövrün başlanğıcındayıq. Mən, Blum sizlərə deyirəm ki, hətta sabahındasınız! Bəli, baxın, sizə Blum sözü verirəm! Doğrudan da tezliklə, Nova Quberniyasının Yeni Blumizm dövrü olacaq o qızıl şəhərə qədəm qoyacaqsınız! (İrlandiyanın bütün bölgələrindən gələn döş nişanı taxmış otuz iki işçi, inşaatçı Dermanın nəzarəti ilə “Yeni Blumizm dünyası”nı inşa etməkdədir. Büllur damlı, böyük bir donuz böyrəyi şəklində qurulan qırx min otaqlı görkəmli bir tikintidir. Bu binanın inşa edilməsi üçün bir çox tikili və abidələr dağıdılmışdır. Hökumət dairələri müvəqqəti olaraq dəmir yolu kənarına köçürülmüşdür. Çox sayda evlər dağıdılıb yerlə bir edilmişdir”. Bu evlərin sahiblərinin əlində qırmızı “L.B” (Leopold Blumun adının baş hərfləri-İ.M.) hərfləri yazılmış lövhələr və karton qutu parçaları var...

Başıbağlı falçı qadın hərarətlə, qışqıra-qışqıra çıxış edib deyir ki, “Mən bir Blumistəm və bununla fəxr edirəm! Hər şeyə rəğmən mən ancaq ona inanıram. Onun üçün canım fəda olsun, ondan daha əyləndiricisi gəlməmişdir bu dünyaya!”

Blum bu coşqulu kütləyə baxır və düşünür: “Söz vermək ən yaxşı üsul, daima yeni olan variantdır”. Və xalqa vədlər verməklə onları susqunluğa sövq edə bilir. Onu peyğəmbərlərlə müqayisə edirlər. “Blum, sən İsa Məsihmisən, Davud peyğəmbərin oğlumusan, yoxsa Yusif peyğəmbərsən?”-kimi şəxsiyyətə pərəstiş notlu ritorik suallar şüar kimi xalqın arasında dolaşır... Hökmdar sevgisi aşılayan ideoloji sistem “xalq” deyilən kor kütlədən “fədai”lər, qəhrəmanlar seçir və onlar “canımız hökmdara fədadır!” şüarı altında o qədər şeytani hissə qapılır ki, bu pərəstişi hətta intiharları, özünəqəsd addımları ilə sübut edirlər. Məsələn, falçı qadın Blum sevgisi yolunda “Qəhrəman Allahım!” –deyib özünü bıçaqlayır, ardınca da emosiyaya qapılmış bir çox gözəl qadınlar və başqaları da həmin yolu gedir. Bəziləri özünü dənizə atır, bəziləri damarlarını kəsir, digərləri fabrikin qaynar qazanlarına atılır, kimisi zəhər içir, kimisi aclıq elan edir, Nelson sütununun başından atır, kəndirlərlə özlərini asır, pəncərələrdən bayıra tullanır və s. Və Coys dühası bu siyasi oyunların o biri üzünü də çox spesifik detalları ilə rəsm edə bilir. Blum taxtdan salınmalıdır! Yenə də meydanda həmin adamlardır, onu taxta oturdanlar! Yenə də basabas, kütləvilik və qışqırıqlar... Bu dəfə kütləvi sevgi kütləvi nifrətlə əvəz edilir. Bluma ayaqqabı atırlar, söyür, təhqir edirlər onu! İndi vətən xaini, yarıtmaz başçı statusundadır: “Asmaq lazımdır!”, “Qızardaq onu!”, “Bu da Parnell kimi pis çıxdı!”

Blum “bəndələrim”-dediyi insanlara indi acizanə surətdə yalvarmalı olur, “İnanın, mən günəş görməmiş qar dənəsi kimi təmizəm, böhtana tuş gəlmişəm”-deyir.

Daha sonra tamam başqa bir dünyanın insanları gəlir səhnəyə: cəhənnəm sakinləriqiyafəsində olan adamlar...

Blum deyir: “Aman, cəhənnəm buymuş məgər? Vücudumun hər bir əzası necə də sıxılır...”

“Əsər Homerin “İliada”sındakı qəhrəmanları günümüzün Dublinində yaşayan yoxsul insanların dünyasındakılarla birləşdirmişdir. Coys romanın skeletini qurarkən Homerin qəhrəmanlarının ruhlarını o günə, o günün insanlarına köçürərək Dublində onlara bənzər işlər düzəltmişdir. Bu mövzuda Blum səyahətcil, açıqgözlü hiyləgər Odisseyə, Stepan Dedalus atasını axtaran Telenakhosa, Blumun xəyanətkar arvadı Molly sadiq Penelopeyaya tən düşünülmüşdür”. (A.Erkici)

Romanın onlarla obrazları, xüsusən Stivenlə Blum Coysun prototipi hesab edilir. Tədqiqatçılar Stiveni Coysun cavanlığı, Blumu isə yetkinlik çağı ilə müqayisə edir, Blumu Stivenin mənəvi atası sayırlar.

İki (real və mifik) dünya qəhrəmanları Leopold Blumun ətrafında cəmlənir. Əvvəl Marion, Stiven Dedalus arasında bağlantı missiyasında olan Blum xəyalat aləmində, meyarsızlıqlar məkanında rastlaşdığı insanlarla keçmişi ilə cəzalanan qurban, məğlub insan rolunda olur. Blum bioloji istəklərinin sərhədsizliyində ağlına gələn hər cür hərəkətə yol verir. Şüur axını onu dini, tarixi, fəlsəfi düşüncələr baxımından uzaqlara apardığı kimi, heyvani, instiktiv refleks və intəhasız seks təxəyyülü də onu hər cür iyrənc görünən davranışa təhrik edir. Bədən ruha yox, ağıl və ruh bədən reaksiyasına tabe olur. Coys bu dəfə bütün azadlığı ram edilmiş, iradəsiz, mənəviyyatsız, xaraktersiz Blumu sırf fizioloji tələbat sərbəstliyi ilə üz-üzə qoyur.

“Blumla bağlı bir məqam da var: “Uliss” haqqında bu qədər çox şey yazmış adamlar ya çox namusludur, ya da çox əxlaqsız. Bu adamlar Blumu çox adi xarakter kimi təsvir etməyə meyllidirlər və deyəsən Coysun da niyyəti bu idi. Lakin Blum cinsi mənada dəliliyin sərhəddində olmasa da, mümkün olan bütün qəribə fəsadlarla birgə, aşırı seksual asılılığa və sapqınlığa çox yaxşı kliniki nümunədir. Sözsüz ki, o, Prustun homoseksual xanımlarından və cənablarından fərqli olaraq heteroseksualdır (homo, bəzi tələbələrin zənn etdiyi kimi latınca “kişi” yox, “eyni” – deməkdir). Amma o, qarşı cinsə olan sevgisinin geniş sərhədləri içində özünü zooloji və təkamülçü mənada tamamilə anormal arzulara və xəyallara buraxır. Qəribə arzularının siyahısı ilə sizi yormaq istəmirəm, bircə bunu deməliyəm: Blumun zehnində və Coysun kitabında seks teması sürəkli şəkildə tualet teması ilə çulğalaşır”. (V.Nabokov)

Coys bilərəkdən obrazlarının bədən istəklərinə azadlıq verir. Və nəticədə iyrənc bir bataqlıq yaradılır. Gizlədilmiş, şüuraltı bütün seks arzuları realaşır. Hətta Molly eşqinin əsiri Blum cinsi istəklərini yerinə yetirərkən Mollyni uzaq keçmiş kimi xatırlayır. Məlumdur ki, insanın iki tərəfi (ruhi və ilahi) var. Müəllif əvvəlcə obrazlarının ruhi-mənəvi yaşantılarını, düşüncəsini və şüur süjeti komponentlərinin dinamikasını bədii şəkildə ifadə edir. Sonra isə heyvani-instiktiv, bioloji varlıq kimi bədən əzalarının, orqanlarının “həyasızcasına” azad, sərbəst hərəkətlərini usanmadan nəql və təsvir edir. Şüur axını insanı ali məqam aktı kimi səciyyələndirir və dünya, bəşəriyyət bu aktın hərəkətliliyinə, inkişafına söykənir. Coys əvvəlcə insanın şüurunu, düşüncəsini belə demək olarsa, “açıb buraxır” sanki, sonra isə bədən üzvlərinin istəklərini ifadə edən hisslərə tam sərbəstlik verir. Haldan-hala düşən, zamanı, məkanı qarışmış Blum sahibsiz it kimi ortada qalıb. Real təsvirlərdə Dublin küçəsində boş-boş gəzən Blum indi irreal obstraktizm məqamında heyvani həyatın dibinə yuvarlanmış vəziyyətdə təqdim olunur. Bu təkcə Blum halı yox, ümumiyyətlə, bəşər övladının bir obrazın bir günlük vəziyyətinə yerləşdirilmiş taleyidir. Əvvəlcə də həmşəhərliləri Bluma yabançı, yad, təhlükəli adamtək baxırdı, məqamı düşən kimi onu aşağılayır, təhqir edir və arvadı haqqında dolaşan şaiyələri üzünə vururdular... Xəyal və ya axirət dünyası məkanında da məşəqqətli hallar yaşayası olur...

Klassik Avropa ədəbiyyatındakı əzabkeş qəhrəman indi adi bir reklamçının həyatında çırpınırdı sanki... Bu adam nə sərkərdə, nə sehrli qılınc və azman güc sahibi, nə də Don Kixot istəkli xilaskar qəhrəman modeli deyildi. Blum XX əsrin I yarısında modern insan çeşidinin siması rolunda idi. Min illərlə əzildikcə əzilən, sıxıldıqca sıxılan, hökmdarların istismar etdiyi, dindarların cəhənnəm və günah əzabları ilə qorxutduğu adi bir adam...

Leopold Blumun simasında insanlığın ağrıları ifadə olunmurdu təkcə, onun küçələrini gəzdiyi şəhərin, ölkənin də canlı bir varlıq kimi taleyi, faciəsi qabardılırdı. İrlandiya, Dublin şəhəri də böyük güclərin təpiyi altında inləyir. Ceyms Coysun vətənpərvər yazıçı şəxsiyyətin mətnin hər tərəfindən özünü biruzə verir. “Öz balalarını yeyən qoca donuz” ifadəsi də romanda bu sorğulamalar nəticəsində meydana gəlib.

“Tanrı kralı qorusun!”- şüarı ilə kütlə və hökmdar münasibətindəki primitiv idarəetmə metodu göstərilir. Sadəcə qorxutma, cəzalandırma... Burda da casuslar, xəbərçilər, riyakarlar və qəhrəman olmaq istəyən sadəlövlər var...

Yeddinci Ervard oxuya-oxuya deyir:”Tacqoyma mərasimində, tacqoyma mərasimində... Oh, çox nəşələnəcəyik, viski, pivə, şərab içəcəyik!

Er Carr:

- Bura bax, kralın haqqında de görüm nələr danışırdın?

Stiven əllərini yuxarı qaldıraraq deyir:

-Aaa, bezdirici gəldi yenə... Heç nə demirdim. O mənim öz pulumla dolanmağımı istəyir”.

07.10.2017

# 1238 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #