Hamımız Kafkaya görə doğulmuşuq

Hamımız Kafkaya görə doğulmuşuq
25 oktyabr 2016
# 15:08

İki nəfərin fotosu məni dəhşətli dərəcədə məyus edir, bədbinləşdirir. Qəribədir ki, bu adamların ikisi də vaxtsız vəfat ediblər, ikisi də yəhudidir (təbii ki, bunun xüsusi əhəmiyyəti yoxdur) və ikisi də Xolokost qurbanlarıdır – biri birbaşa, o biri dolayı yolla.

Anna Frankı və Frans Kafkanı deyirəm. Onların gözündəki kədər məni həmişə dəhşətə gətirib. Buna görə fotolarına baxmaqdan qaçmışam. Hətta arada mənə elə gəlir ki, vampirlər xaçdan qorxduqları kimi bu iki nəfərin şəklini uzun müddət mənim gözümə tutsan, ürəyim gedər. Elə bil bu fotolarda vaxtsız öləcəkləri aydın yazılıb. Bu fotolar onların nakam həyatının bildiriş kağızıdır. Anna Frank ilə Frans Kafkanın gözlərindəki bu hüdudsuz kədər bəlkə də yəhudi xalqını gözləyən bədbəxtlikdən xəbər verir.

Anna Frank 16 yaşında Osvensimdə vəfat etdi. Kafka isə yəhudilərə qarşı soyqırımından xəbərsiz getdi bu dünyadan – 41 yaşında. Amma dolayısı ilə o da Xolokostdan öz “nəsibini” aldı – üç bacısı Elli, Valli və Ottla Polşada nasist düşərgələrində həlak oldu.

Amma bu gün nə Anna Frankdan, nə Xolokostdan danışacağıq. İkinci Dünya Müharibəsinin də, Xolokostun da, dünyanı bürüyəcək o dəhşətin xəbərçisi olan Kafka yaradıcılığından danışacağıq, xüsusən də “Məhkəmə” romanından.

Ədəbiyyat tarixində elə əsərlər var ki, onlar bədii məziyyətindən çox “öncəgörənliyi” ilə fərqlənir. Bunlardan biri, o qədər də məşhur olmayan amerikan yazıçı Morqan Robertsonun “Səmərəsizlik” romanıdır. “Titanik” gəmisinin batmasından 14 il əvvəl yazılmış romanda “Titan” adlı gəmidən bəhs olunurdu. Romandakı hadisələr “Titanik” faciəsi ilə o qədər üst-üstə düşür ki, oxuyanlar bu oxşarlığa heyrət edirlər! Əsərdəki nəhəng gəmi aysberqlə toqquşmadan məhv olmuşdu və orda da insan tələfatının əsas səbəbi xilasedici qayıqların sayının az olması idi.

Axı necə ola bilər ki, yazıçı hər hansı bir hadisəni 14 il əvvəldən xəbər versin? Bu nədir? İlahi xəbərdarlıqmı? Öncəgörməmi? Mistikamı? Təsadüfmü? Yoxsa mətn öz magik gücünü işə salaraq bir müddət sonra reallığa çevrilir? Bəlkə bu yazının gücündəndir? Yazı heç də adi proses deyilmiş, ilahi informasiyanın, “lövhi-məhfuz”un üzünün köçürülməsi, orda yazılanların bəşəriyyətə çatdırılması imiş? Şair bu yerdə necə də gözəl deyib: yazılanlar gəldi başa!

Hər nədirsə Kafkanın yazdıqları həqiqətən başımıza gəldi. Hətta, deyilənə görə, 1960-cı illərdə intellektual dairələrdə belə bir qanadlı kəlmə dəbdəymiş: “Biz hamımız Kafkanı gerçəkləşdirmək üçün doğulmuşuq”.

Bəs Kafkanı bu qədər məşhur edən nə idi?

Kafka, necə deyərlər, görməzə-bilməzə XX əsrdə dünyanı saran o dəhşəti, insanın özgələşməsini, cəmiyyət tərəfindən təcrid olunmasını, nəhəng çıxılmazlıq burulğanında boğulmasını göstərmişdi. Qəribədir ki, onun yazıldığı illərdə absurd adlandırılan əsərləri sonradan həqiqətən realist əsərlər kimi oxunmağa başladı. Kafkanın əsərlərində yaratdığı o dibsiz çıxılmazlıq, bilinməzlik atmosferi sonradan sanki kitabları arasından süzülərək bütün dünyaya yayıldı. Və Kafka Patrik Züskindin “Əttrar”ının Jan-Batist Qrenuyu kimi bütün dünyanı bihuş elədi.

“Məhkəmə” əsəri necə başlayır? “Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər.” Müəllif əsərin ilk cümləsindən oxucunu da müəmmalı bir dünyaya salır. “Çevrilmə”ni də yada salaq: “Qreqor Zamza bir sabah oyandığında böcəyə çevrildiyini gördü.” Kafka elə ilk cümlədəncə oxucunu heyrətləndirir. Biz istər-istəməz onun qoyduğu qaydalarla oynamağa başlayırıq (əsəri oxumağa başlayırıq).

Oxucu əsərin sonuna qədər bilmir ki, Yozef K. nə üstündə məhkum olunur. Məsələ burasındadır ki, heç qəhrəman da məhkəməyə niyə çağırıldığını bilmir. O, sadəcə mübarizə aparır. Özü də Don Kixot yel dəyirmanı ilə savaşan kimi o da məchulla aparır bu mübarizəni. K. sonacan bilmir axı, bu hakim kimdir? Onu niyə həbs edirlər? Və məhkəmə nə zaman bitəcək? Əsərin əvvəlində məhkəməyə laqeyd yanaşan K.-nın həyatı tamamilə alt-üst olur. O, artıq məhkəmə ilə savaşmalıdır. Özü də bilmədiyi məhkəmə ilə, çardaqlarda yerləşən məhkəmə ilə. Əsərin bir yerində çardaqdakı məhkəməyə daxil olan K.-nın qəfildən ürəyi sıxılır, havası çatmır. Bu zaman orda çalışan katibələrdən biri qarmaqla tavanı dəlir, dəhlizə təmiz hava daxil olur. Elə bu zaman oxucuda qəribə təəssürat yaranır; bəlkə bütün bunlar Yozef K.-nın başına gəlmir? O, yuxu görür və biz də onun yuxusunun bir parçasıyıq?

Əgər qəhrəmanın gördükləri yuxu deyilsə o zaman müəllif nə üçün onun adını Yozef-Yusif qoymuşdu? Həmişə yuxuları yozan Yusif-Yozef peyğəmbər bu dəfə özü yuxunun içindədir, öz yuxusunun. Və bu yuxunun yozumu daha qəlizdir. Nə bu yuxunun yozumu var, nə də ondan xilas.

Kafkanın “Çevrilmə”, “Qəsr” əsərlərində təsvir etdiyi çıxılmazlıq “Məhkəmə”də də özünü göstərir. Necə ki, yerölçən qəsrə yol tapa bilmirdi və qəsrdən gələn məmurlar onu ancaq ləngitməklə məşğul idilər, “Məhkəmə”də də K. hakimə yol tapa bilmir. Əvəzində hamı ona məhkəmənin qurduğu oyuna girməyi təklif edir. Yozef K. Makedoniyalı İsgəndər deyil ki, Qordi düyününü kəssin, o, düyünü çözməyə məcburdur. Əgər şərti başqaları diktə edirsə, o zaman, düyünü necə çözmək olar? Bu yolda ona kimlər kömək etmir?! Əmisinin tutduğu vəkil Huld, vəkilin köməkçisi Leni, K.-nın müştərisi, fabrik sahibi, rəssam Titorelli, keşiş.

Şəhərdə hər kəs K.-nın məhkum olduğunu bilir və heç kəs bu məhkəmə prosesinin yekunlaşmasına çalışmır, sanki hamı K.-nı oyuna təşviq edir. Hərə bir yolla ona “durmaq yox, oyuna davam” deyir. Vəkil Huld məsləhətlər verir, K. vəkil xidmətlərindən imtina etmək istədiyini deyəndə Huld and-aman edir ki, iş həll olunmaq üzrədir. Halbuki onun evində qalan tacirin dilindən öyrənirik ki, vəkil işləri yekunlaşdırmır, o, yalnız prosesi uzadır.

Rəssam Titorelli K.-ya məhkəmədən xilas olmaq üçün üç yol təklif etsə də (faktik bəraət, fiktiv bəraət və prosesi daim uzatmaq (süründürməçilik)) bu yolların heç biri işin həllinə aparıb çıxarmır. Keşişin danışdığı əhvalatdan isə belə çıxır ki, məhkəməyə düşmək və ondan xilas olmaq tale məsələsidir. Sən istəsən də xilas ola bilməzsən, gərək məhkəmə bunu istəsin.

Məhkəmənin hökmündən qaçmaq üçün gərək onun şərtlərinə əməl edəsən, vəkil tutasan, özü də birini yox, tacir kimi bir neçəsini və bütün işini atıb həyatını məhkəməyə həsr edəsən. Yalnız o zaman yaşaya bilərsən. Əks təqdirdə sənin məhkəmən qısa bitəcək və hökm veriləcək, özü də ən qəddarından. K. nın təqsiri də elə budur, o məhkəməni heçə sayır, onun qaydaları ilə oynamır, vəkildən imtina edir, Leninin sözlərinə qulaq asmır. Buna görə də onun işi başqalarında olduğu kimi uzun çəkmir.

“Məhkəmə”nin əvvəli necə müəmmalı başlamışdısa sonu da o cür bitir. Düz bir il sürən çək-çevirdən sonra, K.-nın otuz bir yaşı olanda otağına iki nəfər girir. Onlar məhkəmə hökmünü icra etmək üçün gəliblər. K. bu icraçıları əvvəlcə tenorlara, sonra aktyorlara bənzədir. İcraçılar Yozef K.-nı şəhər kənarındakı karxanaya gətirirlər və burada əsl cəllad kimi bir daşın üzərinə uzadırlar. İcraçılar öz aralarında mübahisə etdikdən sonra onlardan biri K.-nın xirtdəyindən yapışaraq bıçağı ürəyinə sancır.

Kafka burda da oxucunu təəccübləndirir. Əgər bu məhkəmədirsə hökmü niyə belə qəddarcasına həyata keçirilir. Axı K.-nı gülləməməklə də hökmü icra etmək olardı. K. sanki məhkəmə tərəfindən deyil, qaçaq-quldur tərəfindən qətlə yetirilir. Bu son səhnəni gözlərimizin önündə canlandırmaq heç də çətin deyil. Yetər ki, İŞİD-in “baş kəsmə” videolarını xatırlayaq. Bəli, bəli, əziz oxucu, Yozef K.-nın edam səhnəsi əsl İŞİD videolarını xatırladır.

Əcəba, Kafka burda da öncəgörənlik edibmi? Bəlkə ədəbiyyatın peyğəmbəri ötən əsrin əvvəlində baş verən fəlakətlərdən xəbər verdiyi kimi, bizim əsrin fəlakətlərini də görürmüş? Axı İŞİD də girdiyi şəhərlərdə eynən “Məhkəmə”də olduğu kimi istənilən insana öz işini kəsir, bundan sonra da iki “fanatik-aktyor”una onun edamını icra etdirir. Nə bilmək olar?

Yazının sonunda əvvəldə səsləndirdiyimiz fikrə qayıdaq. Bəlkə Kafka həqiqətən yazdıqlarının gec-tez çin olacağını bilirmiş, mətnin sehrinə, onun reallığa təsir gücünə inanırmış? Əgər belə deyildisə niyə bəzi əsərlərini yarımçıq saxlayır, tamamlamırdı. Öləndə dostu Maks Broda əsərlərini yandırmağı vəsiyyət edirdi? Bəlkə Kafka bəşəriyyəti öz mətninin dəhşətlərindən xilas etmək üçün əlyazmalarının yandırılmasını istəyirdi?

Bu sualların cavabını təəssüf ki, heç vaxt bilməyəcəyik.

Bizə yalnız, Kafkanın növbəti öncəgörmələrinin gerçəkləşməməsi üçün dua etmək qalır.

# 2101 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #