Roman yaz, 100 min avro qazan!

Roman yaz, 100 min avro qazan!
13 avqust 2013
# 07:30

Beynəlxalq “İMPAC” Dublin Ədəbi Mükafatı (İr. Duais Liteartha İdirnaisiunta Bhaile Atha Chliath) Dublin şəhəri, İrlandiya və “İMPAC” kompaniyasının birgə maliyyələşdirdiyi və romanlara verilən beynəlxalq ədəbi mükafatdır. Mükafat dünyanın ən zəngin ədəbi mükafatlarından biri olan “İMPAC” mükafatının həcmi 100.000 (yüz min) avrodur. Namizədlər bütün dünyanın ictimai kitabxanaları tərəfindən təqdim edilə bilər.

Mükafat Dublin Şəhər Şurası, məhsuldarlığın artımı üzrə Amerika investisiya fondu – İMPAC kompaniyasının birgə təşəbbüsüdür və Dublin Şəhər İctimai Kitabxanaları tərəfindən təqdim edilir.

Mükafatlandırma Dublin şəhərində keçirilsə də, kompaniyanın mənzil-qərargahı Floridada yerləşir. Mükafatın proqram məqsədlərindən biri də – Dublinin şöhrətini “Ədəbiyyatın Məkkəsi” kimi yenidən bərpa etməkdir. Mükafat sahibləri içərisində Herta Müller (1998 – “Yaşıl gavalılar diyarıəsərinə görə) və Orxan Pamuk (2003 – “Mənim adım qırmızı” əsərinə görə) kimi bir sıra ədəbiyyat üzrə “Nobel” mükafatı laureatları da vardır.

Namizədlər içərisində John Banville, V.S.Naipaul, Cees Nooteboom, Jose Saramago, Rohinton Mistry, Antonio Tabucchi, Margaret Atwood, Don DeLillo, İan McEwan, Haruki Murakami, Toni Morrison, Philip Roth, Peter Carey, Carlos Fuentes, Jonathan Franzen, John McGahem, Julian Barnes, J.M.Coetzee, Cormac McCarthy, Salman Rushdie, Barbara Kingsolver, Joyce Carol Oates kimi yazıçılar da vardır.

Dublin mükafatı təkcə maddi anlamda dünyanın ən böyük mükafatlarından deyil, eyni zamanda ən demokratik mükafatlarındandı. Belə ki, istənilən ölkədən və millətdən olan yazıçı bu mükafata əsər təqdim edə bilər. Yeganə tələb namizədliyi irəli sürülən kitabın mütləq ingilis dilində nəşr olunmuş olmasıdır.

Əgər kitab ilk öncə başqa dildə nəşr olunubsa, mükafatın 25%-i onun tərcüməçisi alır. Oxucular arasında aparılan sorğulara görə, namizədlərin irəli sürülməsi hüququndan 51 ölkənin 185 kitabxana sistemi istifadə edir. Beynəlxalq jüri ümumi sayın içərisindən daha çox layiq olan şəxslərin “qısa siyahı”nı tərtib edir və qalib məhz həmin şəxslərin içərisindən seçilir.

Namizədlərin ümumi siyahısı hər ilin oktyabr və noyabr aylarında elan edilir, qısa siyahı isə mart və aprel aylarında açıqlanır. Ümumi və qısa siyahı hər il dəyişilən beynəlxalq münsiflər heyəti tərəfindən seçilir, Allen Weinstein isə 1996-cı ildən 2003-cü ilədək münsiflər heyətinin dəyişilməz rəhbəri olub. Eugene R. Sullivan 2004-cü ildən indiyədək dəyişilməz rəhbərdir. Qalib hər il iyun ayında açıqlanır.

2014-cü il üçün qaydalar və şərtlər

Beynəlxalq “İMPAC” Dublin ədəbi mükafatı 2014-cü ildə ingilis dilində yazılmış və ya hər hansı bir dildə yazılıb ingilis dilinə tərcümə olunmuş variantda nəşr edilmiş yüksək ədəbi məziyyətə sahib roman üçün 100.000 avro həcmində nəzərdə tutulmuşdur. Roman ingilis dilində yazılıb və nəşr edilibsə, mükafat qalib müəllifə tam həcmdə təqdim edilir. Qalib roman başqa dildə yazılmış və daha sonra ingilis dilinə tərcümə edilərək nəşr olunubsa, müəllif 75.000 avro, tərcüməçi isə 25.000 avro həcmində mükafatlandırılır.

Romanın diqqətəlayiq olması üçün:

İlk dəfə ingilis dilində 1 Yanvar 2012 və 31 Dekabr 2012-ci il aralığında nəşr olunmalıdır (hər iki tarix də bura daxildir).

İlk dəfə ingilis dilindən qeyri bir dildə 1 Yanvar 2008 və 31 Dekabr 2012-ci il aralığında nəşr olunmalı və ingilis dilinə tərcümə olunmuş variantı 1 Yanvar 2012 və 31 Dekabr 2012-ci il aralığında nəşr edilməlidir (bütün tarixlər daxil olmaqla).

Əvvəlki illərdə namizədliyi irəli sürülmüş kitabların namizədliyi yenidən irəli sürülə bilməz.

İlkin seçim prosesi dünyanın İctimai Şəhər Kitabxanaları Sistemi və ya İdarə Heyəti tərəfindən bu məqsədlə seçilmiş kitabxana sistemləri tərəfindən aparılır. Namizədlik müraciətləri rəsmi qaydada hazırlanmalı və namizədlik verən kitabxananın rəhbərliyi tərəfindən təsdiqlənməlidir.

İdarə Heyəti ilkin seçim mərhələsindən ələnmiş kitabların naşirlərini diqqətə alınır və daha sonra hər namizədliyi verilən əsərin 12 (on iki) nüsxəsinin Dublin ünvanına vaxtında – 23 avqust 2013-cü ildən gec olmayaraq çatdırılması naşirlərin öhdəsinə düşür. İngilis dilindən qeyri bir dildə yazılmış əsər təqdim edildikdə orijinal dildə yazılmış 3 (üç) nüsxə həmin və ya əsəri çap edən naşirdən istənilə bilər.

İdarə Heyəti və Qəyyumlar itirilmiş, oğurlanmış və ya 23 avqust 2013-cü il tarixinədək qəbul edilməmiş kitablara görə məsuliyyət daşımır. Bu səbəbdən də itirilmiş, oğurlanmış və ya qəbul edilə bilinməyən kitablara görə 23 avqustdan sonra onların təqdim olunması üçün əlavə vaxt verilməsi nəzərdə tutulmur.

Mükafatın əsasnaməsinin 3-cü bəndinə uyğun olaraq kitab təqdim edilməsi həmin kitabın mükafata namizəd kimi qəbul olunması və mükafatla bağlı bütün Qayda və Şərtlərin naşir, müəllif və müvafiq hallarda tərcüməçi tərəfindən qəbul edilməsi kimi qiymətləndirilir.

Mükafatın əsasnaməsinin 3-cü (üçüncü) bəndə uyğun olaraq təqdim edilməsi naşir tərəfindən kitabın mükafata namizədliyinin təqdim edilməsi üçün razılığın əldə olunmasının təsdiqi kimi dəyərləndirilir.

Müəyyən edilmiş müddətdə və müvafiq şəkildə namizədliyi irəli sürülmüş kitabların əvvəldə də qeyd olunduğu kimi münsiflər heyəti tərəfindən qısa siyahısı hazırlanır ki, qalib kitab da məhz onların içərisindən seçilir.

Qalib müəllifin Dublində keçiriləcək mükafatlandırma mərasimində iştirakı tələb olunur. Müəllif və müvafiq hallarda həm də tərcüməçinin mükafatlandırma mərasimində iştirakının təşkili və bütün nəqliyyat xərclərinin qarşılanması naşirlərinin öhdəsinə düşür.

Qısa siyahıya salınmış kitabın nəşr məqsədi ilə daha 60 nüsxəsinin təqdim edilməsini naşir təmin etməlidir. Qalib kitabın naşirindən iyun ayında təşkil ediləcək təqdimat mərasimində paylanması üçün daha 300 (üç yüz) nüsxənin təmin olunması tələb edilir.

Kitabın mükafat üçün təqdim edilməsindən əvvəl və ya sonra istənilən halda sifariş və müzakirələr aparılarsa həmin kitabın namizədliyi aradan qaldırılır.

Kitab başqa bir mükafatla bağlı “qısa siyahı”ya salınıbsa və ya digər bir mükafatın qalibi olubsa, onun namizədliyi ləğv edilmir.

Şübhənin aradan qaldırılması üçün kitabın yenidən nəşr olunmuş variantı mükafatın əsasnaməsinin 3-cü bəndinə uyğun olaraq müəyyən edilmiş dövr ərzində orijinal variantda nəşr olunmayıbsa, məqbul sayılmır.

Namizədliyi irəli sürülmüş kitabların nüsxələri qəbul olunduğu zaman İdarə Heyətinin mülkiyyəti hesab olunur və müvafiq müəllif və naşirlərə geri qaytarılmır.

Namizədliyi rəsmi irəli sürülməmiş və təsdiqlənməmiş kitab və əlyazmalar mükafata namizəd kimi qeydə alınmır və onları təqdim etmiş insanlara geri qaytarılmır.

Müəllif və tərcüməçilərlə bağlı aşağıdakı hallardan biri müşahidə olunduğu halda kitabın namizədliyi qeydə alınmır:

İdarə Heyətinin üzvü olarsa;

Dublin Şəhər Şurasının işçi heyətinin üzvü olarsa;

“İMPAC kampaniyası”nın hər hansı bir müəssisəsinin məsləhətçisi, vəzifəli şəxsi və ya işçisi olarsa;

“İMPAC Ltd”.-nin işçisi və ya vəzifəli şəxsi olarsa;

Münsiflər heyətinin üzvü olarsa;

Yuxarıda sadalanan şəxslərdən birinin valideyni, övladı və ya həyat yoldaşı olarsa;

Namizədlik verən kitabxananın işçi heyəti və ya onların valideynlərindən biri olarsa;

Qeydlər:

Namizədliyin qəbul olunması ilə bağlı İdarə Heyətinin qərarı yekun qərardır və bu qərardan sonra heç bir namizədliyin qəbulu etibarlı deyildir.

Qalib kitabla bağlı münsiflər heyətinin qərarı yekun və həlledici qərardır və qərar prosesinə naşirlər, müəlliflər və tərcüməçilərlə bağlı heç bir namizədlik daxil ola bilməz.

İdarə Heyəti istənilən anda və heç bir xəbərdarlıq etmədən mükafatla bağlı Qayda və Şərtləri dəyişdirə, mükafat verilməsini təxirə sala və ya dayandıra bilər.

Laureatlar

1996 – David Malouf, “Babilonu xatırlamaq”

1997 – Javier Marias, “Dümağ ürək”

1998 – Herta Müller, “Yaşıl gavalılar diyarı”

1999 – Andrew Miller, “Zirək ağrı”

2000 – Nicola Barker, “Geniş açılış”

2001 – Alistair MacLeod, “Böyük olmayan zərər”

2002 – Michel Houellebecq, “Elementar hissəciklər”

2003 – Orhan Pamuk, “Mənim adım Qırmızı”

2004 – Tahar Ben Jelloun, “İşığın koredici yoxluğu”

2005 – Edward P. Jones, “Bilinən dünya”

2006 – Colm Toibin, “Ustad”

2007 – Per Petterson, “Atları oğurlamaq vaxtıdır”

2008 – Rawi Hage, “De Nironun oyunu”

2009 – Michael Thomas, “Alçalmış insan”

2010 – Gerbrand Bakker, “Əkiz”

2011 – Colum McCann, “Qoy, böyük dünya hərlənsin”

2012 – Jon McGregor, “Hətta itlər”

2013 – Kevin Barry, “Boheyn şəhəri”

# 4378 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #