Səmayə xalanın qutab qonaqlığı

Səmayə xalanın qutab qonaqlığı
5 iyun 2013
# 09:56

Kulis.Az Nicat Məmmədovun “Qutab qonaqlığı” hekayəsini təqdim edir.

"Ruslan Azəri" silsiləsindən...

Qəfil zəng Oqtayı diksindirdi. Tələsik dəstəyi götürüb Sabirin səsini eşitdi:

- Hə, Oqtay, necəsən? Nə var, nə yox? Hər şey qüvvədədi?

- Salamatçılıqdı, sağ ol. Haçan gəlirsən?

- Yarım saata çataram.

- Gəl, demək olar ki, hər şey hazırdı.

Söhbət Oqtayın çoxdandı Sabirə söz verdiyi qutab qonaqlığından gedirdi. Artıq qırx beş dəqiqədən sonra dostlar Oqtayın anası Səmayə xalanın bişirdiyi üç növ qutabı qatıq, narşərab və sumaxla ləzzətlə içəri ötürürdülər.

Axır ki, Sabir dözmədi, mətbəxin qapısını açıb dedi:

- Səmaya xala, əllərinizə sağlıq, yaman dadlıdı.

- Nuş olsun, oğlum, nuş olsun.

- Səmayə xala, hamısı əladı, ətnən də, balqabaqnan da, amma göynən olanların dadından doya bilmədim. Yeyirsən – qəribə yüngüllük verir, uçmaq istəyirsən, uçmaq... Bunun sirri nədədi?

- Ay bala, elə bir sirr-zad yoxdu. Axtardığımız təkcə ayaq altda olmur ki... Elə göyün özün götürək. Bəzən başımız üstündəkinə də əl atmalıyıq. Bir gəl bura, bax.

Bu sözlərdən sonra Səmayə xala masanın üzərindən uzun mətbəx bıçağını götürüb eyvana çıxdı. Sabirlə Oqtay da onun dalınca getdi. Səmayə xala bıçağı yuxarı uzadıb buludların arasından qəşəng bir göy tikəsi kəsdi. Mətbəxə qayıdıb onu masanın üstündə xırda-xırda doğradı, yaydığı lavaşın içinə səliqəylə düzdü, ağzını büküb sacın üstünə atdı. İki dəqiqədən sonra göy qutabı hazır idi.

- Sabir, oğlum, bir dadına bax...

- Hə, Səmayə xala, həmənki daddır, ləzzəti də həmənki ləzzətdir. Qəribə yüngüllük verir, uçmaq istəyirsən, uçmaq...

Nəhayət, vidalaşma vaxtı çatdı. Dostlar öpüşüb qucaqlaşdılar.

- Səmayə xala, hər şeyə görə çox sağ olun, – dedi Sabir. – Bu gün burada yaşadıqlarımı heç vaxt unutmayacağam!

- Tez-tez gəl, qadan alım. Həmişə mehriban olasız. Gələn dəfə gələndə özünü gecəyə sal. Gecə göy qutabının ayrı ləzzəti var. Ay-ulduznan olur.

# 2399 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər