"Oxumaq niyyətindən vaz keçin"

"Oxumaq niyyətindən vaz keçin"
21 yanvar 2013
# 08:45

Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq. Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır. Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

“styilist.co.uk” saytı “ Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Kulis.az onlardan bəzilərini təqdim edir.

C. D. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”

“Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild sicilləməsi; ancaq, düzünü bilmək istəsəniz, mənim bu cür köhnə palan içi tökməyə heç həvəsim yoxdur.”

Lev Tolstoy “Anna Karenina”

“Bütün xoşbəxt ailələr bir-birinə oxşayar, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.”

Ceyn Ostin “Eşq və qürur”

“Pulu olan hər bir subay kişinin özünə bir həyat yoldaşı seçməsinin qaçılmaz olduğu hamı tərəfindən qəbul edilən bir reallıqdır.”

Çarlız Dikkens “İki şəhərin nağılı”

“Ağıl çağı idi, axmaqlıq çağı idi həm də. İnanc çağı idi, eyni zamanda da inkar çağı idi. Bir tərəfdən aydınlıq, digər tərəfdən də qaranlıq mövsümü yaşanırdı. Ümidin baharı idi, ümidsizliyin qışı. Hər şeyimiz var idi, amma heç nəyimiz yox idi. Hamımız düz cənnətə doğru gedirdik, amma hamımız cəhənnəmə də gedirdik.”

F. S. Fiscerald “Möhtəşəm Qeytsbi”

“Yeniyetmə vaxtımda atam bir nəsihət vermişdi, hələ də qulağımda sırğadır: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanların daxilində dünyaya gəlməmişdir!”

F. Nitşe “Hakimiyyət Əzmi”

“Böyük mövzular, onlar haqqında ya susmağı, ya da lap yüksək danışmağı tələb edir, yəni çəkinmədən və nöqsansız.”

Frans Kafka “Çevrilmə”

“Qreqor Zamza bir səhər qorxulu yuxulardan oyandığında özünü çarpayısında böyük bir böcəyə çevrilmiş gördü.”

Albert Kamyu “Yad”

“Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: “Ananız vəfat etdi. Dəfn sabahdır.”

Baş açmaq olmur, bəlkə elə dünən ölüb.”

Qabriel Qarsia Markes “Vəba dövründə eşq”

“Həmişə belə idi: Acı badam qoxusu həmişə ona nakam eşqlərin taleyini xatırladırdı. Həkim Urbino neçə ildir önəmini itirmiş bir işlə maraqlanmaq üçün gəldiyi, alaqaranlıq otağa girdiyi vaxt bunun fərqinə vardı. Antil adalarından olan qaçqın Xeremiya de Sent-Amur, müharibə veteranı, uşaq fotoqrafı və həkimin şahmat üzrə ən üzüyola rəqibi qızıl sionidi ilə intihar edərək xatirələrinin işgəncələrindən özünü xilas eləmişdi.”

Vladimir Nabokov “Lolita”

“Lolita, həyatımın işığı, qasığımın atəşi. Günahım, ruhum, Lo-Li-Ta; dilin ucu damaqdan dişlərə doğru üç pilləli bir keçid edər, üçüncüsündə gələr dişlərdə dayanır. Lo-Li-Ta”

Çak Palannik “Boğulma”

“Əgər bunu oxumaq niyyətindəsinizsə, fikrinizdən vaz keçin.”

Corc Oruell “1984”

“Soyuq, günəşli aprel günü idi. Saat on üçü vurdu. Sərt küləkdən qorunmaq üçün çənəsini sinəsinə sıxıb addımlayan Uinston Smit özünü “Qələbə” yaşayış binasının şüşə qapısından tələsik içəri saldı. Amma nə qədər cəld tərpənməyə çalışsa da, külək qum qarışıq tozu arxasınca vestibülə doldurdu.”

Con Steynbek “Qəzəb salxımları”

“Son yağışlar Oklahomanın bəzi bölgələrinə səssiz sədasız gəldi və üzərində dərin yarıqlar olan torpaqda heç bir yeni iz belə buraxmadı. Quru otlar görməyə öyrəşdiyimiz boş torpaqlarda yaşıl otların bitməsinə səbəb oldu.”

Uilyam Folkner “Səs-küy və qəzəb”

“Çəpərin arxasında, sarmaşıqların arasından, vurduqlarını görürdüm. Bayrağın olduğu yerə gəlirdilər və mən çəpər boyunca yeridim. Luster tutun ətrafındakı otların içində axtarır. Bayrağı çıxardılar, vururdular. Sonra bayrağı yenidən taxdılar, hamar yerə getdilər, biri vurdu, o biri də vurdu. Sonra yenə vurdular və mən çəpər boyunca yeridim. Tutun yanından gəldi Luster və biz çəpər boyunca addımladıq, vurdular və biz dayandıq, çəpər deşiklərindən baxdım, Luster otların içində axtarırdı.”

# 4280 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #