Onu Dostoyevski ilə müqayisə edirdilər

Onu Dostoyevski ilə müqayisə edirdilər
8 iyul 2013
# 07:45

“Vicdan deyirsən? Boş sözdür, bu qədər vicdanlı olmaq üçün sən olduqca yoxsulsan”

“İşlərin pisdir. Sənin heç bir şeyin yoxdur. Amma Allaha şükür ki, hələ inancını itirməmisən, mərhəmətin mövcudluğuna inanırsan. Mərhəmətə inanmaq üçün isə sən əllərini qoynuna qoyub iblisin özündən belə, hiyləgər olmalısan”. (“Aclıq”)

Knut Hamsunun 1890-cı ildə çap olunan “Aclıq” əsəri yayımlanan kimi ədəbi sensasiyaya çevrildi. Avtobioqrafik detallarla zəngin olan bu modernist romanı “skandinav ədəbiyyatında yeni nəsrin başlanğıcı”, “bir nömrəli ədəbiyyat hadisəsi”, “aclıq çəkən insanın Odisseyası” və s. kimi yüksək fikirlərlə tərifləyirdilər...

“Aclıq” romanı Skandinaviya ölkələrində əsaslı mənəvi dəyişikliklər yaşandığı bir zamanda meydana gəlmişdir. Əksər müəlliflər tərəfindən ictimai problemlərin, materialist ideyaların ədəbiyyata gətirildiyi bir vaxtda istedadlı gənc yazarları bu mövzular qane etmirdi. Elə Knut Hamsun da 1891-ci ildə bir-birinin ardınca yazdığı “Norveç ədəbiyyatı”, “Dəbdə olan ədəbiyyat”, “Psixoloji ədəbiyyat” kimi məqalələrində çağdaş əsərlərdə məhz psixoloji qatın çatışmazlığını tənqid edirdi. O deyirdi ki, materialist ədəbiyyatı insanın daxili aləmindənsə mənəvi dəyərlər maraqlandırır və deməli, bu ədəbiyyat üçün cəmiyyət problemləri insan amilindən daha vacibdir. Milli ədəbiyyatın Y. Li, İbsen, Börnson və Hellan dördlüyündən ibarət nəhəng simalarına qarşı böyük hörmətinə rəğmən, Hamsun onların psixoloji deyil, ictimai ədəbiyyat nümunələri yaratdıqlarını deyirdi; yəni bu müəlliflərin əsərlərində tiplər və xarakterlər mövcud olsa da, psixoloji fərdlərin olmadığını vurğulayırdı. Hamsun bu məqalələrdə ölkəsinin ədəbiyyatı üçün proqram təkliflər irəli sürürdü və həmin təklifləri hamıdan əvvəl, özü yazdığı əsərlərdə həyata keçirməyi bacarırdı.

Ona bu qənaətlərə gəlməkdə yazılarındakı “psixoloji öncəgörmə” qabiliyyəti ilə yadda qalan Strindberqlə yanaşı, psixoloji xarakterlər yaratmaqda mahir usta olan Dostoyevskinin təsiri də böyük olmuşdu. K. Hamsun ən sevimli yazıçısının o vaxta qədər Norveç dilinə tərcümə olunmuş bütün əsərlərini oxumuşdu və qeyd edirdi ki, bu rus müəllif onun nə isə öyrənə bildiyi yeganə sənətkardır. O, “Cinayət və cəza” müəllifini ədəbiyyat nəhəngi, dahi istedad hesab edir və insan psixologiyasını, iç dünyasını təsvir edə bilməkdə Fyodr Dostoyevskiyə bərabər ikinci bir yazıçı tanımadığını bildirirdi. Ola bilsin ki, məhz bu sevginin nəticəsi olaraq, norveçli yazar rusiyalı həmkarının güclü təsirinə düşmüşdü. Belə ki, K. Hamsun 1889-cu ildə “Azart” novellasını yazdı və bu əsərlə Dostoyevskinin “Qumarbaz” əsəri arasındakı müəyyən oxşarlıqlar qalmaqala səbəb oldu: onu plagiatda günahlandırdılar. Müəllif bu novellanın üzərində dəyişikliklər apararaq, adını dəyişib “Ata və oğul” qoydu.

Maraqlıdır ki, Hamsunun “Aclıq” əsərindəki adsız qəhrəmanını ədəbiyyat şərhçiləri məhz Dostoyevskinin Rodion Raskolnikovu ilə müqayisə edirlər. İkincidən fərqli olaraq, norveçli yazarın gənc qəhrəmanı hətta aclıqdan ölümcül hala düşəndə belə, oğurluq etmək fikrindən uzaq qalır, ümumiyyətlə, hər hansı bir cinayət haqında düşünmür. O, yaşamaq üçün vəsait əldə etməyin yalnız bircə yolunu görür: yazmaq. Hətta oxucunu qəhrəmanın bu dərəcədə öz peşəsinə sadiqliyi qıcıqlandırır, əsəbiləşdirir, onun nə isə etməsini, lap fəhləlik edərək çörəkpulu qazanmasını gözləyir ki, özünü bu çətin durumdan xilas etsin. Lakin bu cavan oğlan durumunun ağlagəlməz dərəcədə dəhşətli və dözülməz olmasına rəğmən, öz prinsiplərinə sonuna qədər sadiqdir – yazmaqdan başqa bir çıxış yolunu hətta düşünə bilmir, ağlına gətirmir.

“Aclıq” əsərinin həyatda da, ədəbiyyatda da sosial problemlərin insanı cinayətə sövq etməsi ilə bağlı mövcud nəzəriyyəyə qarşı əks mövqe tutduğunu demək olar. Hər bir epizodda düşünürsən ki, əsərin qəhrəmanı artıq dibdədir və bundan o tərəfi yoxdur, başına gələnlərin bundan daha pis olması mümkün deyil. Lakin hadisələr dərinləşdikcə dərinləşir, adi insanın ağlına gəlməyəcək dərəcədə mürəkkəbləşir. Satmağa heç bir şeyi qalmadığı məqamda oxucu əsərin qəhrəmanının çarəsizlikdən hər hansı bir cinayətə əl atacağını gözləyərkən daha bir sarsıntı keçirir: cavan oğlan gödəkcəsinin düymələrini belə, satışa çıxarır...

M. Kundera “Pərdə” essesində yazır ki, Coys və Tolstoy üçün hazırkı məqamda qəhrəmanın beynində nələr baş verməsi ideyası hədsiz dərəcədə vacib idi – çünki növbəti məqamda bu dəqiqəki düşüncələr həmişəlik yox ola bilər. Eyni fikirlər “Aclıq” romanının müəllifi üçün də keçərlidir. Yaradıcılığı boyunca öz estetik prinsiplərinə sadiq qalan Hamsun bu əsərdə qəhrəmanının ruh halını dinamikada təsvir edir, əsər daim oxucunu emosional gərginlikdə saxlayır. Qəhrəmanın arası kəsilməyən şüur axını, düşüncələri, hissləri oxucunu onunla birgə nəinki mənəvi əzabları yaşamağa sövq edir, hətta fiziki əziyyətlərini də öz ağrıları kimi hiss edə bilir. Bu, roman haqqında pafoslu qənaət deyil, həqiqətən, əsərin qəhrəmanına çevrilib mütaliə edə bilən hər oxucunun real yaşantısıdır.

Romanın qəhrəmanının daim hiss etdiyi yalnız fiziki deyil, həm də mənəvi aclıqdır. Fiziki aclığı mədəsində şiddətli ağrılara səbəb olduğu kimi, mənəvi aclıq da mənini didib-parçalayır. Lakin bütün fiziki zəifliyinə baxmayaraq, qəhrəman mənən kiçilmir, təsadüf nəticəsində əlinə keçən pulu qarşısına çıxan qarıya hədiyyə edəcək qədər böyük qalır. Çox çarəsiz qaldıqda isə bir yalan uydurub öz pulunu həmin qarıdan almağa çalışanda vicdanı ilə əlbəyaxa olur.

Jorj Sand Q. Floberi “Madam Bovari”də müəllifin “öz səsinin” olmamağına görə qınayanda müəllif cavab verir ki, yazarkən mənim məqsədim oxucularla öz qənaətlərimi bölüşmək deyil, hər şeyin “qəlbinə, içinə girmək”, mahiyyətinə varmaqdır. Həqiqətən, yaxşı romançı öz səsini, sözünü, fikrini bir kənara qoyub, yaratdığı qəhrəmanı dinləyir, onun dalınca gedir, düşüncələrinə rəvac verir, oxucuya qəhrəmanla baş-başa qalmaq şansı yaradır. “Aclıq” romanı boyunca oxucu aclıq çəkən, gah çarəsizlikdən qəzəbin ən son həddinə yetən, gah sakitləşib eyforiyaya qapılan gənc qəhrəmanın şüur axını ilə üz-üzə qalır və özünü bu insanın beynindəymiş kimi hiss edir. Odur ki, bəzi tədqiqatçılar Knut Hamsunun şüuraltı axınla təzahür edən təhkiyə texnikası ilə hətta “Uliss” müəllifi Ceyms Coysu belə, arxada qoyduğunu yazırlar. Maraqlıdır ki, Hamsun öz əsərini roman hesab etmirdi, hətta H. Brandesə məktublarından birində bu əsəri roman yox, qəhrəmanının mənəvi durumunun “analizlər seriyası” adlandırmağı təklif edirdi.

Romanda bir qəhrəman ətrafında cərəyan edən hadisələr təsvir olunsa da, düşdüyü durumun səbəbləri bir qədər arxa plana keçir, yəni həmin dövrdə və məkanda sosial mühit, şərait müəllifi maraqlandırmır. Ətrafdakı insanlar o qədər laqeyd, soyuq, bəzən hətta qəddarca davranırlar ki, bu cəmiyyətin real mövcudluğu belə, şübhə doğurur. Ətrafının ona münasibəti, təklik və tənhalıq duyğusu elə qida çatışmazlığından çəkilən əziyyət qədər böyükdür. Uzun sürən aclıqdan sonra mədəsi qida qəbul etməkdən imtina etdiyi kimi, əzablarla əlbəyaxa olan qəhrəman onu əhatə edən insanlarla da münasibət qurmağı bacarmır, mühit də onu həzm edə bilməyib uzaqlaşdırır – sanki o, içində olduğu cəmiyyətdən kənarda mövcuddur. Roman müəllifi insanın fiziki iztirabları fonunda mənəvi əzablarını da təsvir etməyi bacarıb. İctimai mövqe bir insanın cəmiyyət tərəfindən qəbul olunması üçün olduqca vacib bir amildir. Hətta aşiq olduğu xanım da onun aclıqdan və zəiflikdən pis vəziyyətdə olduğunu biləndə, cavan oğlan balaca uşaq sadəliyi ilə bu barədə ona etiraf edəndə bayaqdan özünü ona təslim etməyə hazır olan qadın soyuqlaşır, uzaqlaşır.

Onsuz da dəyərli bir şeyi olmayan, olanını da itirən insanı bircə qüruru, vicdanı tərk etmir. O qədər qürurludur ki, hətta son çarə olaraq ölümü düşündüyü zaman belə, ayaq üstə ölmək istədiyini deyir. Aclığın səbəb olduğu fiziki durumu, geyim-kecimi, bir sözlə, zahiri görkəmi onda kompleks yaradır; ətraf mühitdən, cəmiyyətdən təcrid olunaraq özünə elə qapanır ki, düşdüyü vəziyyətdə cəmiyyəti günahlandırmaq ağlına belə gəlmir, sosial, siyasi səbəbləri görmür. Sanki insanlar arasında deyil, öz içində yaşayır. Ən kiçik bir sevinc hissini yaşayarkən Allaha minnətdarlıq edir, əli hər yandan üzülüb heç bir nicat yolu tapmayanda yenə ona üsyan edir. Cəmiyyət üçün yad olan bu insan üçün də cəmiyyət yaddır, onun hər şeyə səbəb olaraq gördüyü yeganə varlıq Yaradandır. Rastına çıxan insanlarla öz içində qurduğu “oyunu oynaması” bəzən onun haqqında ağlını itirmiş adam təəssüratı yaradır; fantaziyalar qurur, özünü qurduğu xəyallarının qəhrəmanı kimi hiss edir, quraşdırdığı heç bir mənası olmayan sözü dönə-dönə təkrar etdikcə bundan zövq alır və inanır ki, bu sözün qrammatikada çox böyük əhəmiyyəti var və s. Buna bənzər hadisələr adi, sıradan bir insanın aclıq halında düşündükləri deyil – o, fərqlidir.

Aclıqdan küçədən tapdığı çürümüş portağal qabığını çeynəmək, barmağını dişləyib qanını sovurmaq, qəssabdan it qabağına atmaq adı ilə aldığı iylənmiş sümüyü gəmirmək məcburiyyətində qalmış, vəziyyətinin dözülməzliyinə ağlamağa belə qüvvəsi yetməyən gənc kiçicik bir xeyirxahlıq etmə şansını heç vaxt əldən buraxmır. Ona əl uzadıb dilənən balaca qızcığaza “pulum yoxdur” deyə bilməyəcək, ehtiyacı olan qocaya kömək etmək üçün jiletini girov qoyacaq qədər xeyirxah olan cavan oğlan kimdənsə kömək diləməyi qüruruna yedirə bilmir.

Maraqlıdır ki, əsər boyunca əzabları kifayət qədər şiddətlənsə də, gənc qəhrəmanın depressiv durumları, çarəsizlik və ümidsizlikləri uzunmüddətli olmur, o özünü daha çox nikbinliyə kökləyir. Onun durumu ilə bağlı azca da olsa, işıq yeri olmasa da, biz əsəri bədbin bir nəsr nümunəsi kimi oxumuruq. Qəhrəman hər hansı bir situasiya ilə əlaqədar nikbin əhval-ruhiyyəyə kökləndikcə onun bu ümidi, işığı oxucuya da yansıyır. Əsərin başlanğıcında gənc səhər gözlərini açar-açmaz adəti üzrə düşünür ki, bu gün sevinmək üçün nə səbəb tapsın?

Hamsunun qəhrəmanı və başına gələnlər sözün əsl mənasında oxucunu heyrətləndirməyi bacarır. Ədəbiyyatda bu qədər qeyri-adi, fərqli, gözlənilməzliklərlə dolu əsərə və bədii obraza rast gəlmək çətindir. Belə bir əsər üçün heç cür nikbin sonluq gözləmirsən, hər yeni epizodda həyəcanla qəhrəmanın aclıq və əzablara dözməyərək məhv olub gedəcəyini düşündüyün halda, o özündə güc-qüvvət tapıb həyata qayıdır.

Beləliklə, qeyd olunduğu kimi, Knut Hamsunun “Aclıq” romanı çətinliklər qarşısında aciz qalan insanın mütləq şəkildə cinayətə ələ atacağı ilə bağlı nəzəriyyəni alt-üst edir. Bununla belə, əsəri şizofreniyalı bir gəncin düşdüyü duruma adekvat olmayan hərəkətləri kimi dəyərləndirən oxucular da az deyil. Lakin nəzərə alaq ki, J. Derrida, P. De Mann, C. Miller kimi ədəbiyyatşünasların dediyi kimi, əsərin ideyası oxucu faktoru ilə sıx bağlıdır. Yəni necə deyərlər, nə qədər oxucu varsa, elə o qədər də Hamlet var.

# 3324 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #