Meşədə tək qalan sevgililər

Meşədə tək qalan sevgililər
25 mart 2013
# 09:30

- Hər bir dərdin dərmanı var, Allah dərd verəndə dərmanını da verir, sizin dərdinizin çarası Lənkəranda - Yeddibulaq meşəsindədir, - Baxıcı dedi. - Yeddibulağa gedən cığırda bir dilək ağacı var, o ağacın budağına ağ sapla hərəniz bir düyün vurandan sonra gedib Yeddibulaqda çimərsiniz, -Baxıcı bir qədər fikirləşəndən sonra sözünün ardını da gətirdi, - Yeddibulaqdan qayıdanda bir də həmin budağa ağ sapla düyün vurarsız, gələn il bu zaman uşağınız olacaq, özü də oğlan…
Belə vəddən sonra Baxıcını necə sevindirməyəsən?
Əvvəllər belə şeylərə şəkk gətirirdi, amma son illər fikirləşirdi ki, bəlkə, gözəgörünməz şeylərə inanmadığı üçün Gözəgörünməz onu cəzalandırır?


«Gələn il bu zaman uşağınız olacaq, özü də oğlan…»
İyirmi il idi ki, həkimlərin, baxıcıların dilindən belə şeylər eşidirdi, iyirmi il idi ki, getmədiyi ocaq, pir, axtarmadığı dərman, vurdurmadığı iynə qalmamışdı. Qarabağ müharibəsi əlili olan əri də onun kimi; həkimlər hansı dərmanı buyururdu, alıb atırdı, hansı iynəni yazırdılar, vurdururdu, nəticə isə yoxdu…
Hərdən ona elə gəlirdi ki, əri onun qədər bala arzusunda deyil. Bu barədə söhbət dərinləşəndə, zarafata salırdı, sən mənim balamsan da, deyirdi.


«Gələn il bu zaman uşağınız olacaq, özü də oğlan».
Bu sözün işığıyla da, nəhayət ki, ərinin saqqızını oğurlayıb yoldan çıxarda bildi. Və indi avtobusla Lənkərana gedirdilər. Bu bölgədə qohumları olmadığından qərara almışdılar ki, axşam Biləsuvara - Qaçqın düşərgəsinə qayıtsınlar. Əlbəttə, yenə də avtobusla. Artıq pulları nə gəzirdi ki, taksiyə minələr. İkisi də müəllimlik eləyirdi, hər səhər Qaçqın məktəbinə qoşa gedib, günortadan sonra da cüt qayıdırdılar. Toylarından iyirmi il ötməsinə baxmayaraq, aralarında yaddaqalan soyuqluq olmamışdı. Və ona elə gəlirdi ki, arxada qalan ağır, məşəqqətli günlərə baxmayaraq, əri ondan əsla soyumayıb. Taleyindən narazı olsa da, ərindən razıydı.

Sərnişinlərin çoxu onların anlamadığı dildə - özü də bir-birinin sözünü kəsə-kəsə danışırdılar. Onlar da arada bir-birini dindirirdilər, amma pıçıltıyla.

Ümumiyyətlə, harda olur-olsun, bir-birinə söyləməyə söz tapırdılar. Ərinin diqqətlə qulaq asması isə onu sevindirirdi.
Avtobus Lənkəran şəhərinə yaxınlaşanda əri yenə ona sarı əyildi:
- Buralar çox yaşamalı yerdi, - dedi, - bir tərəfi dəniz, bir tərəfi meşə, lap Qaqraya oxşayır.


1991-in noyabrında ailə quranda əri deyirdi ki, yayda onu Qaqraya aparacaq, amma yayda ilk könüllülərin dəstəsində Qarabağı qorumağa getdi.

Lənkəran avtovağzalında avtobusdan düşəndən sonra soraqlaşdılar və məlum oldu ki, Yeddibulağa ancaq taksi ilə gedə bilərlər, oralara avtobus işləmir.

Mindikləri maşının sürücüsü də sınıq-salxaq «Jiquli»ni bir qədər torpaq yolla, meşənin arasıyla dağa dırmaşdırandan sonra:

- Burdan o yana maşın yolu yoxdur, gəzə-gəzə gedin, çox uzaq deyil, on beş-iyirmi dəqiqəyə Yeddibulağa çatarsız, - dedi, - qayıdanbaş asan olacaq, mən də burda sizi gözləyəcəm.
Maşından düşəndən sonra sürücü tapdanmış yolağanı nişan verdi:

- Bu cığırdan çıxmayın, - dedi, - aza bilərsiniz.

Meşə həqiqətən də çox qalın idi, yerə demək olar ki, gün işığı düşmürdü. Amma cığırdan çıxmaq onların nəyinə lazımdı ki?
Tez yoruldu. Cəbrayıldan çıxandan dağa dırmaşmamışdı, dərəyə enməmişdi. Biləsuvar da elə bir məkandı ki, nə dağı var, nə dərəsi. Ərinin də tövşüdüyünü hiss elədi. Hələ onun sol ayağı da zədəli idi, Qarabağ müharibəsindən yaralı qayıtmışdı.

- Bəlkə, bir nəfəsimizi dərək? - O, dedi və əri etiraz etmədi.

Oturmağa münasib yer də tapdılar. Cığırın qırağında bir palıd ağacını dibindən kəsmişdilər, amma hələ aparmamışdılar.
Təzə kəsilmiş palıdın iyi yadına son zamanlar içdiyi dərmanlardan birini saldı. Adını unutmuşdu. Amma qoxusu burnunun ucunda idi.


Ərinin mobil telefonuna zəng gəldi. Qayınanasının səsini dərhal tanıdı. O da müəllimə idi. Cəbrayılda uzun illər məktəb direktoru işləmişdi.

Qayınanası soruşdu ki, Lənkərana çatıblarmı? Sonra da dedi ki, yubansalar, şər vaxtı yola çıxmasınlar. Gecəni mehmanxanada qalsınlar.


Onun əri qayınanasının yeganə övladı idi. O, cavan vaxtı daha üç qarın doğmuşdu, amma o tifilləri əlində-ovcunda saxlaya bilməmişdi, biri qızılcadan ölmüşdü, birini sel aparmışdı, birini də ilan vurmuşdu.


O, qayınanası ilə ərinin arasında gedən telefon mükaliməsini tamam eşitsə də, soruşdu ki, nə deyir Tünzalə xanım? O, kəsə cavab verdi:


- Heç nə. Bizdən nigarandı….


O, kinayə ilə gülümsədi:


- İndi bizdən nigarandı, amma dünən telefonla mənə eşitdirə-eşitdirə xalana dedi ki, xoruz doğanda, o da doğacaq.

Əri aşkarca sezilən bir təəssüf hissilə:


- Sən ali təhsil görmüş adamsan, Mədinə, - dedi, - axı, sən gərək onu da başa düşəsən…


Söz altında qalmadı:


- Bəyəm, o ali təhsil görmüş adam deyil? Mən də insanam, axı, mərdi qova-qova niyə namərd eləyirsiz?


- Gərək, sən onun yaşını da nəzərə alasan, Mədinə…


Əri ona adıyla müraciət edəndə, lap hirsli-hikkəli vaxtında da yumşalır.


Ani sükutdan sonra əri sözünün ardını da gətirdi:


- Gərək, sən onun xəstəliyini də nəzərə alasan, Mədinə, şəkərə həyat tərzi deyirlər, amma məncə, bu belə deyil.


Sözün bu yerində ərinin əlindən yapışdı:


- Qalx gedək, - dedi, - hələ kim bilir nə qədər yolumuz var.


- Bax, orasını düz deyirsən, gedək, bu söhbəti başqa yerdə etmək lazımdı, axı, biz buraya müqəddəs niyyətlə gəlmişik, gərək yaxşı şeylər danışaq…


Bu kəlmələr o qədər xoşuna gəldi ki, uşaq kimi ərinin üzündən öpdü…


O, hələ heç vaxt çöldə-bayırda ərini öpməmişdi, heç əri də evlərindən başqa heç bir məkanda ona nəvaziş göstərməmişdi. Amma bu meşə cığırında könlündən keçdi ki, əri də onu öpsün, lap kinolarda olduğu kimi.


…Ərinin istədiyi kimi yaxşı şeylər haqqında danışmaq istəyirdi, amma bilmirdi hardan başlasın.


O qədər sakitlikdi ki, hərdən sanki ayaq basdığı otların, çiçəklərin qışqırtısını da eşidirdi. Ərinin yenə tövşüdüyünü hiss eləyəndə canıyananlıqla:


- Gərək, bir dəfə də sənin ürəyini əməlli-başlı yoxlatdıraq, - dedi, - sən belə tez yorulmazdın…


O, bu yolla ərinin könlünü almaq istəyirdi. Hiss eləyirdi ki, xətrinə dəyib.


Hardansa balta səsi eşidəndə diksindi və:


- Deyəsən, yaxınlıqda kimsə var, - dedi, - eşidirsən?


- Eşidirəm, kimdisə ağac kəsir.


O, təəssüfünü bildirdi ki, ərinin xoşuna gəlsin, axı, əri biologiya müəllimi idi. O ki qaldı onun təbiətə sevgisinə: hələ orta məktəbin yeddinci sinfində oxuyanda, böyük ümidlərlə yaşayanda, o, bir biologiya müəllimi kimi, çiçəklərin, otların bir-birinə sevgisindən danışa-danışa sevgi deyilən şeyin nə olduğunu ona anlatmamışdımı?


Yeni dərsi izah eləyəndə onun gözlərinə baxırdı, sanki nə danışırdısa, onun gözlərindən oxuyurdu. Elə o baxışlara əsir düşmədimi? Beş il Bakıda oxuyasan, yataqxanada yaşayasan, bir oğlana da yaxınlıq verməyəsən? Bunu kimə inandırmaq olar? Amma əri ona inanırdı. Bəlkə də elə bu inam idi iyirmi ildən bəri körpə səsi çıxmayan bu ailəni dağılmağa qoymayan?


Balta səsləri bir qədər də sürətləndi. Və birdən sanki dağı yerindən oynatdılar. Hardasa, lap yaxınlıqda yıxılan ağacı görməsə də çıxartdığı səsdən, qopartdığı haraydan bildi ki, o ağac nə boydadır.


- Gözümü açandan eşidirəm ki, yaşıl ağacı kəsənin əli quruyar, amma hələ əlində balta əli quruyan görməmişəm.


- Bunu heç kim görməyib, - əri dedi, - amma millətin azı yox, çoxu buna inanırsa, yaşıla əl qaldırmırsa, demək o xalq işığa doğru gedir…


Əri belə, bir qədər ibarəli qəliz şeylər danışanda, xoşu gəlirdi, anladı, anlamadı hər sözünü başının hərəkətilə təsdiqləyirdi.
Cığır birbaşa dağa qalxmırdı, arabir dərəyə enirdi, təpələrin başına dolanırdı. Daha bir təpə arxada qalanda əri dedi:


- Amma meşədəki qurumuş ağacları gərək mütləq kəsib çıxardasan, yoxsa bir qurunun oduna bir meşə yana bilər.


Bu söz də yadına qayınanasını saldı. Qayınanası keçən ay onun qarasınca daha bir atmaca atmışdı; «qurumuş ağac çiçəkləyəndə, o da gül açacaq».


Doğrudanmı o qurumuş ağacdı? Bu sualı hərdən özünə verəndə və bir xeyli fikirləşəndə doluxsunurdu. Amma hələ ümidi, inamı qırılmamışdı və bu ümidlə, inamla gəlinlik eləyirdi.


Nəhayət ki, qarşılarına bir Allah bəndəsi çıxdı. Orta yaşlı qadındı; əlində dolu zənbil, başında da vedrə. Üzbəüz qalanda qadından soruşdu ki, hələ Dilək ağacına çox qalıb? Qadın bu sualın cavabını gülə-gülə, amma anlamadığı dildə verdi. Və o, üzünü ərinə tutdu:


- Başa düşdün nə dedi?


- Hardan başa düşəcəm, - əri cavab verdi, - bəyəm, mən talışca bilirəm?


Sonra, deyəsən, əri mənzili söhbətlə qısaltmaq naminə talışların mənşəyindən danışmağa başladı; dedi ki, bunlar da taciklər kimi, əslən türkdülər, intəhası, tarixin hansı dönəmindəsə, şəraitlə bağlı olaraq farslaşdırılıblar.


O, ərinin türklərin tarixi ilə maraqlandığını, bu mövzuda çoxlu kitablar oxuduğunu bilirdi və bununla fəxr eləyirdi. Məktəbdə də savadına görə əri ilə hesablaşırdılar; hətta adına ayama da calamışdılar: Ensiklopediya!


Daha bir yoxuşu qalxa-qalxa fikirləşirdi ki, görəsən, əri niyə o qurumuş ağacla bağlı söhbəti təzələdi? Niyə yenə yarasına duz basdı? O, qayınanasının qurumuş ağacın çiçəkləməsi ilə bağlı atmacasını bir neçə dəfə ərinin başına vurmuşdu, amma axırda da üzr istəmişdi. Hə, onlar belə dolanır, belə keçinirdilər. Yeri gələndə, müasir ailə nümunəsi kimi bir-birindən üzr istəyirdilər, bir-birini bağışlayırdılar.


Qarşılarına cır-cındır içində daha bir adam çıxdı. Əri orta yaşlı bu səfildən soruşanda ki, Dilək ağacına nə qədər yol qalıb, kişi əl açdı. Dilənçi imiş, özü də lal…


O, yaxşı bilirdi ki, ərinin dilənçi tayfasına pul verməklə arası yoxdur, amma əlini dərhal cibinə saldığını görəndə, fikirləşdi ki, demək, Dilək ağacına aparan bu cığır, onun da qəlbində mərhəm duyğular oyadıb…


Daha bir dikdiri aşandan sonra birbaşa Dilək ağacının üstünə çıxdılar. Cığırın on-on beş addımlığında - dərədə o qədər də hündür olmayan qurumuş bir ağcaqayındı. Budaqlarından asılanlar da elə bil cır-cında deyildi, insanlardı, özü də kəfənlənmiş insanlar. Bəlkə də illərdən bəri budaqlarına bağlanmış cır-cında, dür-düyün onu qurutmuşdu, nə biləsən! Ağac budaqlarına bağlanmış bəyaz cır-cındayla elə miskin görkəm almışdı ki, onu kövrəltdi, gözlərini yaşartdı.


- Deyirsən, qurumuş ağacları meşədən yığışdırmaq lazımdı, indi bu ağacı burdan çıxarmaq olar?


- Əlbəttə olmaz! - Əri cavab verdi, - bu daha ağac deyil: hər şeydən əli üzülən insanın ümidgahıdı, güman yeridi.


O, ərinin heç zaman belə bədbin danışdığını eşitməmişdi: demək onlar da hər şeydən ümidi üzülmüş, gümanı kəsilmiş insanlardı?...
Ətrafda kimsə yoxdu, yerdə insan izi də gözə dəymirdi, sanki son günlər heç buralara gəlib-gedən olmamışdı.


Ağacın əli çatan bir budağına ağ sapla düyün vuranda dua elədi, ucadan:


- Ey yeri-göyü yaradan, - dedi, - buraya hansı niyyətlə gəldiyimi bilirsən, daha mən nə deyim?


Əri də onun kimi ağacın həmin budağına ağ sapla düyün vuranda o:


- Sən də ucadan dua elə, - dedi, - ucadan dua elə ki, eşitsin!
O, bərkdən dua eləmədi, amma dodağının altında nə isə dedi.


«Buna da şükür! Demək, əri haqqın dərgahına doğru gəlir».
Birdən-birə ağacı dəli kimi qucaqlayıb ağlamağa başladı.


Ağlayanda yüngülləşirdi; hətta hərdən ona elə gəlirdi ki, özünün göz yaşlarında çimir.


Ərinin əlini çiynində hiss eləyəndə:


- Bağışla, - dedi, - məndən asılı deyil…


Addım səsləri eşidəndə ağacdan aralandı. İki qadın onlara sarı qaçırdı. Başlarında çalma, geyimləri də ala-bəzək. Sanki Dilək ağacına birinci çatmaq uğrunda yarışırdılar. Onlara çatar-çatmaz əl açdılar. Əri əlini cibinə salıb onları da sevindirəndən sonra dedi ki, belə getsə, Biləsuvara qayıtmağa pulları qalmayacaq.


Göz yaşı hələ qurumasa da, gülümsündü. O, bilirdi ki, göz yaşları içində gülümsəyəndə gözəl görünür. O, həmişə, harda olur-olsun, ərinə gözəl görünmək istəyirdi və ona elə gəlirdi ki, ailə həyatında bunun böyük anlamı var.


- Özün bilirsən ki, mən ehtiyatlı arvadam, - o dedi, - narahat olma.


Dilənçilərdən biri belinə nimdaş qırmızı şalla körpə sarımışdı. Ona elə gəldi ki, ya bu körpəni çoxdandı çimizdirmirlər, ya da qəsdən üzünə qazan qarasından-zaddan sürtüblər ki, daha miskin görünsün, camaatın ürəyini yumşaltsın.


- Gör sənin Allahın övladı kimə verir, - əri dedi, - belə uşaq saxlayarlar?


O, barmaqlarının ucunu ərinin ağzına dayadı:


- Elə söz demə, Allaha xoş getməz….


Körpə ağlamağa başlayanda qadını dindirdi:


- Yəqin, acdı, bəlkə döş verəsən….


Dilənçi başını buladı:


- Yox, ac deyil, - dedi, - başqa dərdi var.


Yanını yerə qoyan dilənçi uşağı «çiş tutandan», yaşıl otların üstünə işədəndən sonra iri, sallaq döşlərindən birini uşağın ağzına verib, əmizdirməyə başlayanda yadına ekranda gördüyü zənci qadınları düşdü. Afrikada onlar da döşlərini kişilərdən gizlətmirlər.
Körpənin qartmaqlı başına sığal çəkib soruşdu:


- Bir yaşı tamam olub?


Dilənçi gülümsədi:


- Yox, hələ altı aylıqdı, - dedi, - yaşına çox var…


Körpəni muşqurub qadına bir sual da verdi:


- Atası hardadır bunun?


- Harda olacaq, - qadın dedi, - Rusetdədir, çörək dalınca gedib, amma hələ bir qəpik də göndərməyib…

Sezdi ki, bu dilənçi yenə onlardan pul umur…
O, gah ərinə, gah anasının döşünü sortuqlayan qarayanız körpəyə baxırdı və əslinə qalsa… elə Allahdan belə bir uşaq arzulayırdı: əli-ayağı, gözü-başı yerində, qara olanda nə olar ki?
1991-ci ilin payızında, təzə ailə quranda da tezliklə uşağa qalmaq istəyirdi; çünki həyatın ən böyük anlamını uşaq doğmaqda, körpə böyütməkdə görürdü. Amma o zaman nə yatdılar ki, nə də yuxu görələr?! 92-nin payızında Qarabağı qorumağa gedən əri bir də 95-in payızında qayıtdı. Düzdür, əri arada bir neçə dəfə gecələr evə gəlmişdi, amma bu görüşlərin arzulanan nəticəsi olmamışdı.
1995-in payızında, qayınanası ilə artıq bir neçə sığınacaq dəyişəndən sonra, nəhayət ki, Biləsuvarda - Çadır şəhərciyində məskunlaşdılar. Qayınanası onu da qaçqın məktəbində işə qoymuşdu. Çadırlarının qarşısında qarğıdan bir koma da qaraltmışdılar və orda toyuq-cücə saxlayırdılar.
95-in payızında əri ordudan biryolluq qayıdandan və yenidən əri ilə bir yastığa baş qoymalı olandan bir neçə ay sonra onu fikir aldı: «Mən niyə hamilə olmuram, görəsən?»
Təxminən bir il sonra bir ilıq yaz gecəsində bu sualı ərinə verəndə, ömür yoldaşı:
- Bəlkə də belə yaxşıdı, - dedi, - bu çadırda çağa böyütmək olar? Yazıq deyil o tifil?
…Amma çadırlarda doğub-törəmə çoxdan başlamışdı. Bir də görürdün ki, əri Rusiyada alver eləyən, çadır şəhərciyinə də iki-üç ildən bir gələn gəlinin qarnı burnuna dirəndi. Əlbəttə, kimin nə borcuna…
Hər halda, çadırlarda körpə səsi eşitdikcə ürəyi şan-şan olurdu. Çadırlardan çıxan top kimi alyanaq qız, oğlan uşaqlarını görəndə isə fikirləşirdi: «Kimdən acizdi ki? O, niyə çadırda uşaq böyüdə bilməz?»
Biləsuvarın yalnız yayına dözmək çətindi: yazı, payızı xoşuna gəlirdi. Qışı da mülayimdi. Hətta 95-in qışında soba da qoymamışdılar, qışı tok piltəsiylə yola vermişdilər.
Maşallah, əri diribaşdı, əsgərlikdən qayıdandan beş-on gün sonra çadırlarına bitişik bir çovustan da qaraltdı. Üç günün içində içini, çölünü palçıqla suvayıb, ağardıb xudmani bir otağa çevirdi.
Düzdür, çox şeylərin yolunu-yöndəmini bilən qayınanası çadırda qanovuz parçadan onlara gərdək qurmuşdu, amma o, gecələr bu gərdəyə girmirdi, qayınanasının böyründəcə qısılıb yuxuya gedirdi. Və fikirləşirdi ki, belə yaxşıdı: qoy ərinin gözü onda qalsın, tamarzısında olsun…
O zaman ərinin üç günün içində qaraltdığı komanı üç dəqiqəyə söküb-dağıtdılar. İcra nümayəndəsi isə:
- Şəhərciyin ansamblını pozmaq olmaz, - dedi, - nəyə lazım artıq əziyyət, onsuz da bir-iki aya evinizə qayıdacaqsız.
Qaçqınların çoxusu kimi, bir neçə aya yurd-yuvalarına dönəcəklərinə o da inanırdı, amma əri yox. Əri deyirdi ki, bu xəmir çox su aparacaq.
İlk dəfə onu ginekoloq yanına qayınanası apardı. Biləsuvarın ən məşhur mamaçası onu müayinə eləyəndən sonra resept yazdı və:
- Soyuqlaması var, - dedi, - dava-dərmanını eləyin, iynələrini vurdurun, hamiləlik baş tutmasa, altı həftədən sonra yenə yanıma gətirin.
Altı həftədən sonra qayınanası onu yenə Biləsuvara, həmin ginekoloqun yanına gətirmişdi.
Bu dəfə mamaça fərqli dava-dərmanlar yazdı, amma yenə də söylədi ki, hamiləlik baş tutmasa, yenə yanıma gətirin. Və bir də qayınanasına dedi ki, sən oğlunu arada göndər mənim yanıma!
O, ərinin həmin mamaçanın yanına getdiyini bilirdi, amma bilmirdi ki, onların arasında nə söhbət olub? Hər halda, gözləyirdi ki, əri özü bu barədə danışsın, əri isə, hələ də o görüş barədə heç nə söyləməmişdi.
Növbəti müayinə zamanı biləsuvarlı ginekoloq dedi ki, ərinə de, o da özünü yoxlatsın! Amma o, bu sözü ərinə çatdırmadı. Bir-iki dəfə özünü toplasa da, gördü yox, onu xəcalət təri basır.
Altı həftədən sonra qayınanası onu yenə həmin ginekoloqun yanına aparanda, bardağa bağlayıb qoz uddura-uddura kökəltdiyi hinduşkanı da qoltuğuna vurmuşdu.
…Və daha bir altı həftə belə nəticəsiz sonuclananda, qayınanası ginekoloqun qarasınca hikkə ilə:
- O lotuşka bizi barmağına dolayıb, - dedi, - Bakıya getmək lazımdı…
Günlərin birində isə qayınanası bu söhbəti bir qədər ciddiləşdirdi: onun yanında üzünü oğluna tutub ötkəm səslə:
- Günü bu gün, ya sabah arvadını Bakıya doxtura apar, əməlli-başlı yoxlat, - dedi, - yoxlat ki, biz də işimizi bilək!
Əslində bu söz qayınanasının oğluna tapşırığı, ona isə… ilk xəbərdarlığı idi…
Əri nədənsə bu təklifə soyuq yanaşanda, narazı halda başını bulayanda qayınanası dübarə ötkəm səslə dilləndi:
- Gəlini Bakıya özüm də apara bilərəm, - dedi, - amma onda toyuq-cücəmiz yiyəsiz qalacaq.
Artıq toyuq-cücənin sayını yüzə çatdırmışdılar; həftədə iki, hərdən üç vedrə yumurta satırdılar. Dar günə pul yığmağa başlamışdılar…
O zamanlar artıq uşağa qalmamasını, o özü də, özünə dərd eləmişdi: gecə-gündüz onu üzən sualı bir daha ərinə vermişdi: «Mən niyə uşağa qalmıram görəsən?» Əri bu dəfə artıq-əskik söz söyləməmişdi, sadəcə çiynini çəkmişdi…
İn di o, Dilək ağacının altında anasının döşünü sortuqlayan, arabir də qara, muncuq kimi qaraca gözlərini ona zilləyən körpəyə baxdı, baxdı… və birdən ürəyinə qəribə bir sual gəldi: «Bir uşağın ki anası dilənsin, özü nə olacaq görəsən?» Bu sualın cavabını da özü verdi: «onu Allah bilir!».
Körpəni nişan verib soruşdu:
- Oğlandı, ya qız?
- Oğlandı, - dilənçi dedi, - Allah sənə də versin, Allah səni də qucağı uşaqlı eləsin.
Bu alxışın tamamında əri bir də əlini cibinə saldı və sonra da üzünü ona tutdu:
- Qayıdaqmı?
O, heyrətlə çiynini çəkdi:
- Bəs Yeddibulağa getməyək? - dedi, - hələ ordan qayıdanda da ağaca sap bağlamalıyıq… axı, baxıcı demişdi ki…
Əri tərəddüdlə başını bulayanda, deyəsən, dilənçi də anladı ki, söhbət nədən gedir. Və:
- Buraya qədər gəlib, Yeddibulağa getməmək günah olar, oraya elə uşağı olmayanlar gedir, - dedi, - buraya da çox yaxındı, təpəni aşıb dərəyə enəndə qarşınıza çıxacaq!
Əri saatına baxıb tərəddüd eləyəndə yenə telefonuna zəng gəldi. Yenə qayınanası idi. Deyirdi ki, Yeddibulaqda suya düşəndən sonra özlərini soyuğa verməsinlər.
Əlbəttə, bu qayğı ürəyincədi, amma başa düşə bilmirdi ki, əri niyə tərəddüd eləyir?
…Hər halda, bu telefon zəngindən sonra tamam kəsdirdi ki, Yeddibulağa da gedəcəklər. Çünki hələ ərinin anasının sözündən çıxdığını görməmişdi. Bu onu qorxudurdu və onu, haqlı ya haqsız qayınanasının qarşısında susmağa vadar eləyirdi.
Cığırda daha iki nəfərlə qarşılaşdılar. Hiss olunurdu ki, ər-arvaddılar.
Nədənsə, belə məkanlarda insanlar bir-birini tanıdılar, ya tanımadılar - salamsız ötüşmürlər. Onlar hətta salamlaşandan sonra da bir neçə kəlmə kəsdilər.
- Bakıdansınız?
- Yox, Biləsuvardan gəlirik.
- Amma bakılıya oxşayırsınız…
…Qayınanasının təkidi ilə, nəhayət ki, Bakıda özlərini müayinə və sonra da müalicə etdirməyə gedəndə harada gecələyəcəklərini bilmirdilər, çünki şəhərdə də yaxın qohum-əqrabaları yoxdu. Az-çox qohumluğu çatanlar da 1992-dən sonra Cəbrayıldan qaçqın kimi gedənlərdi. Hərəsi bir institutun yataqxanasında sığınacaq tapmışdı.
Qaçqın həyatına təzə başlayanda, hələ yaraları isti olanda tez-tez qohumlarını axtarırdılar, son illər isə yalnız telefonla əlaqə saxlayırdılar. O da bayramdan bayrama.
…Əslində, Bakı onlara yad yer deyildi, ikisi də müxtəlif vaxtlarda bu şəhərdə ali təhsil almışdılar, amma 92-dən sonra Bakını ancaq televiziya ekranında görürdülər.
Biləsuvardan Bakıya avtobusla da gələ bilərdilər, amma qatara üstünlük verdilər. Çünki qatar şəhərə lap tezdən çatırdı, bəlkə də gün ərzində işlərini aşırıb axşam Biləsuvara qayıda bilərdilər.
Bakı vağzalının məlumat bürosunda üz tutduğu qadına niyyətini anladanda, ona bir neçə özəl poliklinikanın ünvanını verdi, hələ sonra da:
- Mənim də qızım sənin günündədi, - dedi, - əri onu Moskvadan belə aparmadığı həkim qalmayıb, ümid verən çoxdu, di gəl ki…
Saçları çallaşmış, amma nədənsə başına xına qoymamış bu qadın ona xeyir - dua da verdi:
- Allahdan ümidini üzmə, - dedi, - Allah hər şeyi görür.
Əvvəllər yox, amma son illər o, onsuz da elə bu gümanla yaşayırdı: Allah hər şeyi görür…
Gəlib çıxdıqları tibb mərkəzində həkimlər onları elə ünvanlara tuşladılar ki, gün ərzində, bir xeyli pul xərcləyəndən sonra, ancaq bir neçə yerdə qan analizi verə bildilər.
Yan aldıqları mehmanxanalarda bir gecəliyinə gecələmək üçün onlardan elə bir məbləğ tələb elədilər ki, ikisi də içini çəkdi…
Əri dedi ki, tək olsa, vağzalda da gecələyə bilərdi, amma indi, nəyin bahasına olur-olsun, yatmağa yer tapmalıdılar.
Tələbəçiliyin son aylarında - Dövlət imtahanlarına hazırlaşanda bir rəfiqəsi ilə kirayə qaldığı evi xatırladı. Yadında idi: bir gecəliyə də sığınacaq verirdilər. O ünvanı tapdılar, amma gördü ki, yadında qalan o beşmərtəbəli evdən əsər-əlamət yoxdu, yerində xudmanı bir villa ucaldıblar.
- Gedək Nəcibənin yanına, - əri dedi, - birtəhər keçinərik…
Nəcibə onun xalası qızı idi. Qaçqın düşməmişdən qabaq Cəbrayılın yerli qəzetində işləyirdi, mərkəzi qəzetlərdə də arabir yazıları çap olunurdu. Qaçqınçılıq zamanı da zirək tərpənmişdi, Montin adıyla tanınan ərazidəki yataqxanada bir otaq ələ keçirmişdi.
…Nəcibə onların Bakıya hansı məqsədlə gəldiklərini biləndə söylədi ki, ona xəbər versəydilər, soraqlaşıb yaxşı professor tapardı. Sonra Cəbrayılda ötən günlərini xatırlayıb kövrəldilər. Nəcibə onların alıb gətirdiyi balığı qızartmağa aparanda ona qoşuldu. Qaz piltəsinin başında uzun növbə yaranmışdı. Xörək bişirmək niyyətilə burda cəmləşən arvadlar hər şeydən - Röyanın oğlundan, Rəfayılla Coşqunun son konsertindən və siyasətdən danışırdılar. Qaz piltəsinin üstündə min bir rəng bir-birinə qarışmışdı. Amma onu təntidən burdan gələn qoxu idi. Divarda arabir görünən sədəf boyda tarakanlar elə bil qoxudan keflənmişdilər, qorxmadan, çəkinmədən hara gəldi tənbəl-tənbəl səntirləyirdilər.
Nəhayət ki, növbə çatandan sonra Nəcibənin bu ortaq mətbəxin sarı-solğun işığında balıq qızartmasına tamaşa eləyəndə soruşdu:
- Bəs, sən niyə çıxıb birinə getmirsən?
- Alan var ki, gedim, - Nəcibə cavab verdi, - qadınlar oynaş, kişilər də aşna axtarır, arvad yox…
Nəcibənin nişanlısının Qarabağ uğrunda döyüşlərdə şəhid olduğunu və ölümündən sonra ona Milli qəhrəman adı verildiyini bilirdi və eşitmişdi ki, Nəcibə son zamanlar ancaq Milli qəhrəmanlar haqqında yazır.
Nəcibənin ən çox tarakanı ilə yadında qalan o ortaq mətbəxdə qızartdığı balıqdan bircə dişdəm ağzına alanda elə bildi ətini yeyir.
Süfrəyə çay gələndə Nəcibənin verdiyi qəfil sual, deyəsən, daha çox ərini heyrətləndirdi:
- Bəs, siz gecəni harada qalacaqsınız?
Amma əri dərhal onu nigarançılıqdan qurtardı; dedi ki, «İnturist»də qalacaqlar, nömrə tutublar.
Əlbəttə, Nəcibəni qınamağa dəyməzdi; onun yaşadığı otağa bir çarpayını güclə yerləşdirmişdilər. Dediyinə görə, kiçik bacısı da onunla qalırdı. Görünür, bir yerdə yatırdılar.
Yataqxanadan çıxanda və əksəriyyəti sınıq-salxaq tikinti materialları ilə aynabəndə çevrilmiş balkonlara, pərdəsiz pəncərələrə altdan yuxarı bir də nəzər salanda ərinə sığındı:
- Nə yaxşı ki, o zaman qaçhaqaçda Bakıya gəlməmişik, - dedi, - Biləsuvarın çadırına min şükür…
O gecəni həqiqətən də «İnturist» mehmanxanasında qaldılar, isti duşun altında bəs deyincə çimdilər, əri onu, o ərini sabunladı və bunun da nəticəsi o oldu ki, səhər pənah gətirdikləri ginekoloqun yazdığı dərmanları almaq istəyəndə pulları çatmadı.
- Biləsuvarda alarıq, - əri dedi, - indi dərman problemi yoxdu.
Ana dilində çətinliklə danışan, hələ öz sözü, bir qarın da doğmayan, hər şeydən çox itindən danışan ginekoloq da biləsuvarlı mamaça kimi dedi ki, altı həftə ərzində hamiləlik baş tutmasa, yenə ona müraciət etsinlər. Həkim hətta ev telefonunu da verdi, ünvanını da.
…Amma qaçqın düşərgəsinə qayıdandan ginekoloqun başa saldığı qaydada (əri ilə) yatıb-durandan, intizarla həftələri sayandan sonra da həkimin evinə zəng vurmadı. Axı, nə desin? Amma qəlbində tutmuşdu ki, o deyən olsa, mütləq «paylı-padarkalı» həkimin evinə gedəcək…
Çeşidli həblər öz yerində, o, altı həftə ərzində o qədər iynə vurdurdu ki, yanının-yançağının yarası altı aydan sonra da sağalmadı. O ginekoloqu isə unutdu və çadır şəhərciyinin aylı gecələrindən birində yenə üzünü göylərə tutdu:
- Sən özün məni sevindir, Yarəb! - dedi, - sən olan yerdə bəndə kimdir?
Ailə büdcəsini «baltalayan» və heç bir faydası olmayan o üzüntülü Bakı səfərindən beş-altı ay sonra qayınanası onu bir göyçəli türkəçarəçinin yanına apardı. Eni uzununu basmış bu qarı bir qədər onun qarnını, belini əlləşdirəndən, əl qoyduğu nahiyələrin ağrıyıb-ağrımadığını soruşandan sonra təəssüflə:
- Bunun dərmanı Kəlbəcərin İstisuyundadır, - dedi, - ikicə həftə o suya girib çıxa bilsəydi, ildə bir oğlan doğardı.
Əlbəttə, türkəçarəçi də bilirdi ki, Kəlbəcər düşmən tapdağındadır.
Hər halda bu dilli-dilavər, sinədəftər nənəsinin bir kəlamını yadına saldı: «Hər suda bir hikmət var».
…Hə, bu da daha bir su. Bulağın başında qələbəlikdi.
Özlərini aparmalarından görünürdü ki, buraya pənah gətirən insanların hamısı olmasa da, çoxusu uzaq-uzaq yerlərdən gəliblər. Qəribdilər. Hörmət-izzətlə növbə gözləyirdilər.
O, çoxdan bu nəticəyə gəlib ki, mənsub olduğu xalq da qayda-qanunla yaşamağı sevmir! Bəs, bu nə mənzərə idi? Bu sualın cavabını birdən tapdı. Sadəcə təsirləniblər. Onları bu məkana gətirən və bu yerə birləşdirən istəkdən, diləkdən təsirləniblər?
Bir-birini elə mehriban dindirirdilər ki, sanki bir ananın qarnından çıxmışdılar. Hansı mütəfəkkirinsə əsərində oxumuşdu ki, insanları qüssə, kədər qədər heç nə mehribanlaşdıra bilməz.
Kasıb təbəqəyə mənsub olduqları dərhal bilinən bu qadınlar, kişilər növbə gözləyə-gözləyə bir-birini dindirirdilər, danışdırırdılar və belə çıxırdı ki, bu məkana pənah gətirənlərin hamısının dərdi eynidi.
Burda da iki dilənçi vardı. Və özü də tez-tez bir-birini acılayırdılar. Və belə çıxırdı ki, biri o birinin bostanına girib.
Lax yumurta iyi verən qaynar suyun dolduğu hovuzu boşaldan yoxdu. Amma artığı dərəyə sızırdı. Suyun saldığı iz açıq qırmızıya çalırdı. Sanki dərə aşağı uzanan və axırda da yaşıl kol-kosun arasında itən cığıra xına qoymuşdular.
İstisuyun «qəbulunda» onu əsla qane etməyən bir məqam da vardı; belə çıxırdı ki, kiminsə girdiyi, bəlkə, kirini-pasını da tökdüyü hovuza sən də girməlisən. Növbə ona çatanda və o, duruxanda, bu məkanda özünü sahibkar kimi aparan arvad sanki nə isə anladı və:
- Axar su çirkab götürməz, - dedi, - nə baxırsan?
O, etirazını bildirdi.
- Görmürsən ki, bir yandan dolduqca, bir yandan da axır, - qadın dedi, -soyun görək!
Bu dəfə etirazını son dərəcə nəzakətlə anlatdı:
- Hovuzu boşalda bilməzsiniz?
Sahibkar arvad qollarını çırmalaya-çırmalaya bunun şərtlə mümkün olduğunu anladan bir cavab qaytardı:
- Sənin üçün boşaldarıq, - dedi, - amma onda gərək hovuzun yenidən dolmasını gözləyəsən.
- Gözləyər, - əri dedi, - onsuz da tələsən yerimiz yoxdur.
Arvad nə isə mızıldana-mızıldana, yaşına əsla uyuşmayan çevikliklə suyu boşaldandan sonra hovuzun yerin təkindən qaynayan qaynar su ilə dolması çox çəkmədi.
O, yalnız üst paltarlarını soyunandan sonra suya girmək istəyəndə qadın hökmlə:
- Tamam soyun, - dedi, - burda səni görən yoxdur.
İyirmi ilə yaxındı ki, bir yastığa baş qoyurdular, hələ də ərinin yanında soyunanda utanırdı, narahat olurdu.
Xidmətçi arvad bir daha təkid eləyəndə, əri də onu ürəkləndirdi:
- Soyun da, burda nə var ki? Məndən utanırsan?
Əlbəttə, utanırdı, amma indi soyundu. Onu bu məkana gətirən dilək naminə soyundu.
Və xidmətçi qadın ərklə ona zarafat elədi:
- Ay külbaş, - dedi, - bu cür bər-bədəni olan da ərinin yanında soyunmaz? Soyun, qoy gözü işığa gəlsin də…
Ərinin bu atmacanı çox soyuq qarşıladığını hiss elədi və o bir olan Yaradana ünvanladığı kəlməni dilinə gətirib suya girdi. Su isti idi, amma o qədər isti deyildi ki, səni yandıra.
Fikirləşirdi ki, doğrudanmı bu su onun bətnində nəyinsə yerini dəyişmək qüdrətindədir? Hər halda, təbii qaynar suyun təmasından xoşhallanırdı, yüngülləşirdi, amma sudan gələn lax yumurta iyi də getdikcə çoxalır, ürəyini bulandırırdı.
Təxminən on dəqiqənin tamamında xidmətçi boynundan medalyon kimi asdığı saata baxandan sonra:
- Bəsdir, - dedi, - bundan artıq bu suda qalmaq olmaz!

Hovuzdan çıxanda bir anlığa başı gicəllənsə də, müvazinətini itirsə də, əri dərhal qolundan tutdu. Qətfəni də qadının əlindən alıb onun çılpaq bədənini özü quruladı. O, hələ ərindən belə nəvaziş görməmişdi. Bəlkə də buna alışdıqları həyat tərzi imkan verməmişdi! Qayınana nəfəsi qarışan evdə mehribançılığın sınırını, səddini istər-istəməz gözləməlisən!... Amma indi fikirləşirdi ki, bəlkə də ömründə ən xoşbəxt bir gün, ən bəxtiyar anlar yaşayır.
Əynini geyinəndən sonra xidmətçi arvad üzünü onun ərinə tutdu:

- Hə, indi növbə sənindi, - dedi, - ürəyindən nigaransansa, suya girmə!

Əri ürəyindən necə arxayın ola bilərdi ki, keçən ay Biləsuvarda kardioqram çıxaranda üzünə demişdilər ki, sənin ürəyin doxsan yaşında kişinin ürəyi kimi vurur, yeməyinə fikir ver. Və əri üç ay idi ki, elə həkimin yazdığı dərmanları atırdı: kardiaspirin, riboksin, kratil və daha nə bilim, nə…


…Fikirləşirdi ki, baxıcı necə tövsiyə edibsə, hamısına əməl etməlidilər. Elə zənn eləyirdi ki, bu yolda hər hansı bir sapıntı niyyətlərini puça çıxarda bilər.


Ərini zarafatla yola gətirməyə qərar verdi:


- İstəyirsən, mən sənin də əvəzinə suya girim?


Sanki əri yatmışdı, bu sözdən ayıldı. Soyunmağa başlayanda özünü bu türkəçarə ocağının sahibkarı kimi aparan qadın onu lap qorxutdu.


- Məni qana salarsan ha, - dedi, - yaxşı-yaxşı fikirləş…


Amma, deyəsən, əri daha fikirləşmirdi, arxayın-arxayın soyunurdu.
Xidmətçi qadın onun ərini də məcbur eləyirdi ki, tamam soyunsun; sanki ya özünün zənən xeylağı olduğunu unutmuşdu, ya da daha qadının, kişinin ona fərqi yoxdu…


Xidmətçi:


- Mən el anasıyam, - dedi, - məndən utanma…


Xidmətçi arvadın təkidinə baxmayaraq, tamam soyunmadı, suya girməyi ilə çıxmağı da bir oldu. Tumanını elə əynində bürmələyib sıxdı. Şalvarını əyninə çəkmək istəyəndə o:


- Soyuqlayarsan, - dedi, - soyun onu.


Əri dərhal dilləndi:


- Yay günüdür, heç nə olmaz.


Yay deyildi; payız fəsli başlamışdı. Qaçqın məktəbinə işə gedirdilər; təbii ki, həmişə olduğu kimi qoşa.


Əri tamam geyinəndən sonra, o, ərinin köynəyinin açıq yaxasını da özü düymələdi.


Xoşuna gələn şeylərdən biri də ərinin köynəyinin yaxasını düymələməkdi. Ona elə gəlirdi ki, hər dəfə bu təmas təzələndikcə onu ərinə bir köynək də yaxınlaşdırır…


- Daha buralıq bir işimiz qalmadı, - o, dedi, - yolçu yolda gərək.

Əri bir qədər aralıda, tüstülənən manqala tərəf baxa-baxa qurcalananda əlindən tutdu:


- Yolda yeməyə pendir-çörək də götürmüşəm, - dedi, - pomidor-xiyar da.


Əri bu dəfə etirazını açıq bildirdi:


- Gör bir nə vaxtdı dilimizə qanlı ət dəymir, - dedi, - bəri gəl…


Çadır qonşuları ilə inişildən sözü bir yerə qoyub qərara gəlmişdilər ki, kabab çəksinlər. Bunun səbəbini çadırlarda yaşayan, söz qanmayan uşaqlarla bağlamışdılar. Əslində, çadır şəhərciyinin uşaqdan betər qocası, xəstəsi də vardı, axı.


Onlar ayda ən azı bir dəfə quzu əti alıb kabab bişirə bilərdilər. Ərinin kimyaçı-bioloqluğu birdən-birə kara gəlməyə başlamışdı. Qaçqın düşərgəsində və eləcə də məskunlaşdıqları kəndin az-çox imkanlı, ziyalı ailələrində övladını tibb universitetində oxutdurmaq istəyənlərin, demək olar ki, hamısı onun ərinə ağız açırdı, hamısı istəyirdi ki, uşağına kimyadan əlavə dərsi o keçsin. Və bu da onunla nəticələnirdi ki, ailə büdcəsinə əlavə xeyli para gəlirdi.
Bu ilin yazında qayınanası bu pulları hər ay olduğu kimi sayıb üst-üstə yığanda, bir kəlmə sözlə yarasına duz basdı:


- Dünyanın malı bir çağa qığıltısının yerini verməz, - dedi, - dünya malı dünyada qalıb.


İki cüt-bir tək masanın, beş-on kətilin düzüldüyü qovağın kölgəsinə yeməkxana demək olmazdı, amma ciyər kababını ərinin istədiyi kimi bişirib süfrəyə gətirdilər: sulu, qanlı…


Burda da xidmətçi yaşlı qadındı. O da onun dərdindən hali olub halına acıdı, belə dərdlərin davası Təbrizdədir dedi və sonra da əlavə elədi ki, onun ortancıl qızı da doğmurmuş, Təbrizdə müalicə etdirib gətirəndən sonra uşağa qalıb.


Söz vaxtına çəkər. Keçən ilin bu günlərində onlar İrana - Təbrizə də övlad arzusuyla getmişdilər. Amma könüllü yox, qayınanasının təkidi ilə. Qulağı onsuz da çadır şəhərciyində darı dələn qayınanası kimdənsə eşitmişdi ki, Təbrizdə Hülya xanım adında ginekoloq var; Almaniyada oxuyub. Əli də sayalıdı, hansı gəlinə əli dəyirsə, bir-iki aydan sonra nəticəsi olur.


Əri anasının sözü ilə dərhal razılaşdı və:


- Azərbaycanın qədim paytaxtını bütün azərbaycanlılar gedib görməlidi, - dedi, - belə bir şansı niyə qaçırdaq?


Bir ay ərzində bir neçə məmur qapısında növbə gözləyəndən, xarici pasporta yiyələnəndən, hətta Təbrizə gedən avtobusa bilet alandan sonra da həyəcanlanırdı… Əri Təbrizin əsla qürbət olmadığını dönə-dönə anlatsa da, saatlarla Uzun Həsəndən, Şah İsmayıldan, rəssam Soltan Məhəmməddən, Aşıq Abbas Tufarqanlıdan danışsa da, nədənsə o, Təbrizi qərib, uzaq bir diyar sayırdı və Təbrizin adı hallanan yanıqlı xalq mahnısı bu məsafəni bir az da uzadırdı. Təbriz aralı, könlüm yaralı…


Sən demə, Təbriz əsla qürbət deyilmiş. Hətta əvvəl ona elə gəldi ki, Təbrizə yox, Təbrizə gedən yolla Ordubada gəliblər. Ordubadın Təbrizə bənzəməsi bir yana qalsın, ən maraqlısı o idi ki, insanlar hər iki şəhərdə Azərbaycan dilinin eyni bir ləhcəsində danışırdılar. İnana bilmirdi ki, bir neçə qərinəlik zaman kəsiyi ləhcəni dəyişə bilməyib.


O, Ordubada universitetin sonuncu kursunda oxuyanda getmişdi. Getmişdi yox, daha doğrusu, aparmışdılar. Onların qrupunu gələcəyin filoloqları kimi Ordubada aparmışdılar ki, bu qədim diyarın folklor nümunələrini toplasınlar. Hərdən o günləri nağıl kimi xatırlayır, çünki o günlərin birində - Gilançay kəndində, orta məktəbdəki kimya-biologiya müəllimini qarşısında görəndə çaşıb qalmışdı.


- Naxçıvana ezamiyyətə gəlmişdim, - keçmiş müəllimi dedi, - eşitdim, burdasan, dedim sənə də baş çəkim, bəlkə, ata-anana bir sözün var?


Əlbəttə, inanmadı keçmiş müəlliminə. «Kimdi sıravı kənd müəllimini Naxçıvana ezamiyyətə göndərən?» Dərhal anladı ki, müəllimi ona görə gəlib… aralarında məktublaşma da olmuşdu. Keçmiş müəllimi yazmışdı ki, onu doğma kənddə görmək arzusundadır. O da cavab məktubunda yazmışdı ki, şəhərdə qalmaq niyyəti yoxdur. Keçmiş müəlliminin ikinci məktubunu isə cavabsız qoymuşdu…


Təbii ki, Təbriz yadına o unudulmaz günləri, ayları da saldı. Əri isə sanki onu Təbrizə həkimə yox, gəzdirməyə gətirmişdi.

Mehmanxanalar uçuz, yemək də, demək olar ki, su qiymətinə-müftə. Kimdən nə soruşursan, düşür yanına, səni istədiyin yerəcən aparır, axşam da evinə qonaq çağırır.


O zaman Ordubad camaatından da mehribançılıq görmüşdü. Amma onda dördüncü kursun paytaxt dəbi ilə geyinib-keçinən bir tələbəsi idi; kim istəməzdi ki, onunla beş-on addım yanaşı addımlasın?


Təbrizdə məşhur ginekoloq Hülya xanımı asanlıqla tapandan, Almaniyada təhsil görmüş bu mələksima, ucaboy xanımın şəxsi klinikasında üç gün müayinə olunub, bir həftə də müalicə alandan sonra da üç gün Təbrizdə qaldılar. Hətta bir çayxanaya gedib eyni ilə Şirvan aşıqları kimi çalıb-oxuyan, dastan danışan aşıqlara qulaq asdılar.


Hülya xanımın onun barəsində ərinə nə söylədiyini bilmirdi, amma ona demişdi ki, ərin hardasa, haçansa bərk qorxub, qorxudan da pozulub. Əri şaxtalı bir gündə birinci dəfə mühasirəyə düşəndə bərk qorxduğunu danmırdı, hətta söyləyirdi ki, bir sucaq yarğanda səhərəcən qalsa da üşümürmüş. Sonralar ona bəlli olub ki, insan bərk qorxu anları yaşayanda üşümək duyğusunu itirir…


…Həmin klinikadan çıxanda Hülya xanım ona demişdi: «...Amma bu o demək deyil ki, Allahdan ümidini üzəsən... hər şey onun əlindədir, verən də odur, alan da». Hələ sonra da söyləmişdi ki, insan bədəni möcüzədir, hər hansı bir yarasını özü sağaldır, təbabət yox…


O, bu söhbəti ərinə söyləməmişdi. Haçansa bu barədə söz açmaq fikrində də deyildi, qorxurdu ki, ərini sındıra…

…Təbrizdən nə qədər bəxtəvər qayıtsalar da, hər ötən həftə bu səadətə kölgə saldı. Ötən günlərin birində hardansa çadır şəhərciyinə gəlib çıxan baxıcı yenidən ümidini göyərtdi:

«Lənkəranda - Yeddibulaq deyilən yerdə bir Dilək ağacı var» dedi…


Həmin cığırla geriyə qayıdanda yenə Dilək ağacının altında ayaq saxladılar. Yenə də ağacın həmin budağına ağ sapla hərəyə bir düyün vurdular.

Yolu təxminən yarı eləyəndə yenə ərinin telefonuna zəng gəldi. Yenə qayınanası idi. Qayınanasının suallarını ərinin verdiyi cavablardan daha aydın eşidirdi. Qayınanası hər şeylə maraqlanırdı. İstisuya girəndə ürəyi qısılmayıb ki? Qayıdanbaş da

Dilək ağacına düyün vurublarmı? Nə yeyiblər? Axşama qayıda biləcəklərmi?

Onu qayınanasının qəfil tələbi çaşdırdı:

- Telefonu ver gəlinə görüm!

Qayınanası son zamanlar, demək olar ki, onu ümumiyyətlə dindirmirdi, danışdırmırdı, yalnız buyururdu: onu elə, bunu elə, onu götür, bunu qoy və s.

Qayınanası salamsız-kalamsız bircə kəlmə söz soruşdu:

- Ərinin iynəsini vurmusanmı?

- Dünəndən yenə başlamışdı ərinə iynə vurmağa.


İynə vurmağı lap erkən yaşlarından öyrənmişdi; rəhmətlik anası tibb bacısı idi.

- Yox, hələ vurmamışam, - dedi.

- Nahaq yerə! Sənə demişdim axı, o iynəni hər gün eyni vaxtda vurmaq lazımdı!

Dünən ərinə iynə vuranda, zavallı heç deməmişdi ki, bədəninə yeritdiyi nədir? Amma indi çantasından çıxartdığı hazır məhlulu şprisə dolduranda soruşdu:

- Dünən də xəbər almadım, sən canın, bu nə iynədi mənə vurursan?

O, gülümsündü, yanaqları allandı.

Qırxı aşırmasına baxmayaraq, qızarmaqla bəlli olan abır-ismət pərdəsi üzündən çəkilmirdi.

Əri bu dəfə israrla soruşdu:

- Sən canın, bu nə iynədi mənə vurursan?

O, fikirləşirdi ki, qayınanasının bu iynə haqqında verdiyi məlumatı ona çatdırsın, ya yox?

Əri bir də təkid eləyəndə:

- Həvəs iynəsidi, - dedi.

- Əri təəccüblə soruşdu:

- Nə iynəsi?

- Həvəs iynəsi…

Əri onun başını sındırıb yerə atdığı ampulanı əlinə alıb üstündəki yazıları höccələyəndən sonra:

- Axı, burda başqa şey yazılıb, - dedi - testeron...

O, ərinin üzünə baxmadan dilləndi:

- Nə bilim, anan belə dedi, dedi ki, həvəs iynəsidi.

Sonra əri onun əlindəki dolu şprisi alıb qolu gəldikcə dərəaşağı tulladı və birdən… için-için ağlamağa başladı…

O, hələ ərinin ağladığını da görməmişdi.

Sonra əri onun əlini ovcuna alıb gəldikləri yoldan çıxartdı. Ağır-ağır dərəaşağı kol-kosu tapdalaya-tapdalaya addımladıqca həmin cığırdan aralanırdılar və doyunca gün işığına tamarzı olan bu meşədə yeni cığır açırdılar.

- Sən bilən, azmarıq ki?

Əri onun sualına sualla cavab verdi:

- Mənnən bir yerdə azmaq istəmirsən?

Başını bulaya-bulaya gülümsədi, amma anlaya bilmədi ki, əri onu hara aparır.


O, bir də dilləndi:

- Biz hara gedirik? Cığırdan çox aralanmışıq.

Əri müəmmalı cavab verdi:

- Cığırdan çıxmaq lazımdı…

Ərinin müəmmalı, ikibaşlı sözlərindən xoşu gəlirdi… Və o, fikirləşirdi ki, bəlkə, doğrudan da cığırdan çıxmaq lazımdı, düz yaşamayıblar?

20 sentyabr -10 oktyabr, 1992

# 6010 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #