Yazmaqdan yorulan yazıçılar

Yazmaqdan yorulan yazıçılar
10 dekabr 2012
# 08:30

Sevdiyiniz yazıçının daha heç nə yazmayacağı, yaratmayacağını eşitsəniz, necə hiss edərsiniz özünüzü? Bir anlıq yazıçının yerinə özünüzü qoyardınızmı? Axı doğrudan da yazıçı olmaq asan məsələ deyil. Oxucunun bir “qurtum”da bitirdiyi əsəri yazıçı neçə ilə, üstəlik ağır zəhmətlə yazır. Bəziləri bu ağırlığa dözməyərək qələmini yerə qoymağa məcbur olur. Məgər azdırmı belə yazıçılar? Bəs nədən yaranır sənətini tərk etmə istəyi? Hər yazıçının özünə görə səbəbləri var, əlbəttə. Hər hansı bir səbəbdən yazıçılıq fəaliyyətini dayandıran, işini zirvədə tərk edən yazıçıları xarakterizə etmək üçün amerikan yazıçı Herman Melvill vaxtilə “Bartlebi” adlı hekayə yazaraq “Bartlebi sindromu”nun əsasını qoyub. Bu sindromun qurbanlarını tanımaq istərdinizmi?

Çovdarlığın uçurumdan qorumadığı C. D. Selincer

Əgər “Bartlebi”lərin siyahısını hazırlasaq, şübhəsiz Cerom Devid Selincer birinci olar. Selincer başda “Çovdarlıqda uçurumdan qoruyan” əsəri olmaqla, dörd kitabın müəllifidir. Sonuncu kitabının nəşrindən sonra 45 il nə şəkil çəkdirib, nə müsahibə verib, nə də hekayə yayımlayıb. Yazıçının qızı Marqaret Selincerin atası ilə bağlı xatirələrindən ibarət “Xəyal qoruyan” adlı bir kitabı var. Oğlu isə tanınmış aktyorlardan biridir. Ancaq bu iki övladdan başqa Selincer haqqında heç kim heç nə bilmir. Deyilənlərə görə, 45 il ərzində buddizmə meyl salıb. Yazıçını görmək eşqi ilə Amerikaya gedən, onu tapmaq üçün dedektiv tutan minlərlə oxucu Selincerin yazmağa davam etdiyinə inanır.

Özünü mebel kimi hiss edən Klement Kadu

15 yaşlı, yazma həvəsi ilə alışıb-yanan Kadunun atası bir gün polyak yazıçı Vitol Qombroviçi evlərinə qonaq çağırır. Onunla söhbət zamanı bir neçə kəlmə deyən Kadu özünü mebel kimi hiss etməyə başlayır. O vaxtdan bəri: “Özümü mebel kimi hiss edirəm, mebellər isə yazı yazmır”- deyərək yazmağı unutmağa çalışıb. “Bartlebi”lərin ən qəribəsi olan Kadunun yeganə əsəri məzarı üçün yazdığı kitabdır.

Otuz yaşında yazmağı atan Artur Rembo

Rembo “Sərxoş gəmi” şeirini 16 yaşında yazıb. Ədəbiyyat aləmində tanınmaq və ya məşhurlaşmaq onun üçün heç vaxt prioritet olmayıb. 29 yaşında çıxan ikinci kitabından sonra daha yazmayıb, qalan ömrünü səyahətlərə və macəralara həsr edib.

“Yazmıram, çünki əmim ölüb” - Xuan Rulfo

Xuan Rulfo Latın Amerika ədəbiyyatının ən yaxşı əsərlərindən “Pedro Paramo”nu yazandan sonra 30 il qələminə istirahət verib. Özünü tez-tez Artur Remboyla müqayisə edən yazıçının “Yanan ovalıq” əsəri bütünlüklə əmisinin danışdığı qısa hekayələrdən ibarətdir. Rulfo: “Niyə daha yazmırsınız?”, - sualına uzun müddət: “Yazmıram, çünki hekayələri mənə danışan əmim Selerino ölüb”, -deyə cavab verib.

“Bartlebi”lərin atası - Herman Melvill

Herman Melvill ilk nəşrində o qədər də diqqət cəlb etməyən “Katib Bartlebi” adlı əsəri ilə “Bartlebi sindromu”nun əsasını qoyub. Melvill qəribə, melanxolik həyat keçirməyə meylli idi. Nəşr etdiyi ilk hekayələr toplusuna olan maraqdan sonra “Mardi” adlı çox ağır oxunan bir əsər yazıb. Sonra ən böyük romanı – “Mobi Dik”i yayımlayıb uğur əldə etsə də, 34 yaşında qələmi ilə vidalaşıb. Həyatının axırına qədər qəhrəmanı Bartlebi kimi Nyu-Yorkda sıxıcı bir ofisdə işləyib və 1891-ci ildə səssizcə dünyadan köçüb.

Bartlebinin varisi – Frans Kafka

Əslində, Bartlebi Kafka obrazlarının ilham mənbəyi idi. Kafka da obrazları kimi mövcudluğun çətinliyini yaşayırdı, yazmağın mümkünsüzlüyünü sübut etməyə çalışdı. “İnsanlar nə qədər gəzsələr, varolma nöqtəsindən o qədər uzaqlaşarlar” – deyirdi. Dostu Maks Brod onun əsərlərini yandırsaydı, Kafka bəlkə də ən gizli “Bartlebi” olacaqdı.

Şahmat oynamağı seçdi – Marsel Düşam

Fransız rəssam Düşam digərlərindən fərqli olaraq yazmağı deyil, rəsm çəkməyi atıb. Rəssam “Böyük şüşə” adlı əsərindən sonra ideyasız qalıb və özünü təkrarlamaq əvəzinə rəsm çəkməyi dayandırıb. Rəssamlığı niyə atdığını soruşanda: “Daha ideyam yoxdur”- deyə cavab verirmiş. 50 il ərzində rəsm çəkmək əvəzinə, şahmat oynayıb. Ölümündən sonra gənc rəssamlar tərəfindən kəşf edilən Düşam “sənətçi”liyin fəaliyyət müddəti ilə bağlı olmadığını hamı sübut etdi.

45 ilin susqunluğu – Emilio Adolfo Uestfaln

Emilio Adolfo Uestfaln Peru şeirini ispan şeiri tərzi ilə mükəmməl şəkildə birləşdirən iki şeir kitabı yazandan sonra düz 45 il heç nə yazmayıb. Bu susqunluq onu unutdurmaq əvəzinə, əksinə məşhurlaşdırıb. “Niyə yazmırsınız?”, - sualına sol əli ilə üzünü bağlayaraq eyni cavabı verərmiş: “Hazır deyiləm”.

“Ölümsüzlük testi”nin qurbanı – Gi de Mopassan

Oğlunun böyük yazıçı olmağını istəyən ana Mopassan onu usta yazıçı Floberə əmanət edib. Gənc Gi 30 yaşına qədər heç nə yazmayıb. Yazmağa başladığı gündən isə həyatı dəyişib; qısa hekayələri, romanları ilə ədəbiyyat aləmini silkələyib, lüks həyata qovuşub. Mopassanın səhvi “ölümsüzlük” iddiası olub.

Ölümsüzlüyünə əmin olmaq üçün başına iki dəfə tapança ilə atəş açandan sonra qulluqçusunu çağırıb: “Bax. Mənə güllə də kar etmir, mən ölümsüzəm”- deyib. Eyni “ölümüzlük sınağı”nı xəncərlə yoxlamaq istəyi uğursuz olub. Xeyli qan itirdikdən sonra Mopassan daha əlinə qələm almayıb. Qəzetlər isə onun şəklini bu başlıqla yayımlamağa başlayıblar: “Ölümsüz Gi de Mopassanın dəliliyi davam edir”.

Yazılası heç nəyim yoxdur – Oskar Uayld

“Dünyanın ən çətin və ən intellektual şeyi – heç nə etməməkdir”, - deyirdi Uayld. Yazıçı “heç nə etməməyi” Parisdə keçən son günlərində həyata keçirə bildi. Yazmamağını isə belə əsaslandırırdı: “Həyatı dərk etməmişdən əvvəl yazırdım; indi bildiyim üçün yazılası bir şeyim yoxdur”.

Hötenin şeirlərini yazan sirli qadın – Marin Yanq

Böyük alman şairi Höte 60 yaşında yazdığı “Qərb-Şərq divanı”nda (şair Hafizdən təsirlənərək fars üslubunda yazılmış şeirlər toplusu –red.) Züleyxa adlı qadın obrazı var ki, bəzi şeirlərdə ortaya çıxır və danışır. Züleyxanın dili ilə yazılmış şeirlər Höteyə deyil, Marin Yanq adında gənc qadına aiddir. Yanq bu divandan başqa heç nə yazmayıb və ən sirli “Bartlebi” kimi tarixdə qalıb.

Gecikmiş Bartlebi – Lev Tolstoy

Tolstoy gecikmiş “Bartlebi” idi. Ömrünün sonlarına yaxın ədəbiyyatın uğursuzluq olduğuna inanıb, uşaqlıqdan bəri yaşadığı Yasnaya Polyananı qayıtmamaq və yazmamaq ümidi ilə tərk edib. Tolstoyu öləcəyi qatar stansiyasına aparan bəlkə elə “Bartlebi”liyi idi?

Hazırladı: Rena Nevzat

# 1503 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #