Nigar Köçərlidən cavab gəldi

Nigar Köçərlidən cavab gəldi
1 iyun 2015
# 14:02

“Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli yazıçı Qan Turalının kitabının mağaza tərəfindən qəbul edilməməsi ilə bağlı səsləndirdiyi ittihamlarla əlaqədar “Qafqazinfo”ya müsahibə verib.

- “Əli və Nino” Qan Turalının kitabını niyə satmaq istəmir?

- Həmin yazarın kitabının satışından heç kim imtina etməyib. Özü də bunu çox gözəl bilir. Sadəcə piar üçün bu cür addımlar atır.

- Həqiqətən kitab qəbul etmək üçün anbarda yer yoxdur, yoxsa məsələ tamam başqadır?

- Bizim vəziyyətimiz çox ağırdır. Azərbaycanda kitab oxunmur. Oxucu kütləsi azdır. Mən demək olar ki, oxucu kütləsinin hamısını üzdən tanıyıram. Azərbaycanda son illərdə məmurlara aid olan hansı kitab evləri açılıbsa, sonradan bağlanıb. Çünki kitab sahəsindən gəlir əldə etmək çətin prosesdir. Bu il “Əli və Nino”nun fəaliyyətinin 10 ili tamam olacaq. Hesab edirəm ki, bu bayram həm də kədərlidir. Hazırda bizim bir kitab evimiz, 7 kitab şöbəmiz var. 10 illik dönəm üçün bu çox zəifdir. Azərbaycan kimi zəngin bir ölkədə 1000-1500 kitab evi olmalıdır. İstərdim ki, bu sahədə rəqabət olsun.

- Belə başa düşdüm ki, gənc yazarların kitabları oxunmur deyə, satmırsız?

- Deməzdim ki, belədir. İki-üç il əvvəl kim nə istəyirdisə, onu gətirirdi, biz həmin zamanda satış üçün hamısını qəbul etmirdik. Çox yorulmuşuq, ən azı yazıçılar, bazamızda olan 500 adam müxtəlif zamanlarda kitablarını satış üçün bizə təqdim edib. İndi biz bunlarla haqq-hesab aparmalıyıq, amma kitabların 99 faizi satılmayıb. Hansısa yazıları kitab şəklinə salırlar və ya hansısa məmurun dediklərini memuar şəklində çap ediblər. Axı oxucu bunu oxumur.

- Deyirlər ki, siz azərbaycanlı yazarlara qarşı qərəzlisiniz.

- Bizim həmişə sloqanımız o olub ki, Azərbaycan yazarının tərəfində olaq. Azərbaycanlı yazarların kitablarının satışı elə bizdən başlayıb. İndi isə işləmək həddindən artıq çətindir. Yazıçının kitabını götürməyəndə, o, bizi qınamağa başlayır. Məsələn, bir yazar bizə 500 kitabını gətirib vermişdi. Üç il ərzində cəmi 5 kitab satıldı. Sonra getdi əsgərliyə, qayıtdı, indi biz ona yalvarırıq ki, gəl kitablarını götür, vəziyyət belədir, satılmır. Hamı deyir ki, necə ola bilər ki, yeriniz yoxdur? Axı söhbət beş-altı yazardan getmir. Kitab satılmır, bizi qınayırlar. Bir yazar var, millət vəkilinin bacısıdır, o anbarda işləyən işçilərin hamısını bir-bir söydü, təhqir etdi. Onlar sadəcə həmin xanımdan xahiş etmişdilər ki, kitablar satılmır, aparın anbardan. Axırda o xanım dedi ki, mən gəlib sizin anbarınızı, içi adam qarışıq yandıracam. Təsəvvür edin ki, biz belə bir vəziyyətdə işləyirik. Sonra bir yazıçı var, həftədə bir dəfə zəng edib məni kitabı satılmadığına görə təhqir edir, deyir ki, biz bunu qəsdən edirik və məhkəməyə verəcəyi ilə bağlı bizi hədəyir. Biri deyir ki, prezidentə məktub yazacam. Yazıçılar elə bilir ki, biz onlar qarşısında öhdəlik götürmüşük ki, onların oxunmayan kitablarını satmalıyıq. Mən həmişə bizim yazıçılara böyük hörmətlə yanaşıram. Sadəcə kitab satılmırsa, bizi necə qınamaq olar? Anbarda hazırda 20-30 minə yaxın satılmayan kitab var. İki ildir ki, yazıçıların dalına düşüb yalvarırıq ki, gəlin aparın. Biz anbar üçün kirayə haqqı ödəyirik. Bunların hamısını ödəməyə imkanımız yoxdur.

- Qan Turalının da kitabları az satılır? Yəni belə bir məqam olduğuna görəmi onun da kitabını satmaqdan imtina etdiniz?

- Baxın, mən indi konkret ad ətrafında danışsam, deyəcəklər ki, kimisə ittiham edir. Mənim də ürəyim ağrayır ki, bizim yazıçılarımızın kitabı satılmır. Məsələn, Türkiyədə, Avropa ölkələrində yerli yazıçıların kitabları daha yaxşı satılır. Niyə satılmamasının səbəblərini ədəbiyyatşünaslar desin. Mən heç vaxt deməmişəm ki, mükəmməl zövqüm var. Söhbət yalnız oxuculardan gedir. Onlar bu kitabları oxumaq istəmir. Burada “Əli və Nino”nu yıxıb-sürümək düzgün deyil. İndi o etiraz edən yazıçılardan biri desin ki, kitabını satışa götürməmişik, ya da təqdimat etməmişik. Mən onların dediklərini oxuyuram, özüm də pis oluram ki, niyə belə danışırlar. Bizə deyirlər ki, Azərbaycan yazıçılarının əsərlərindən imtina edirsiniz. May ayının statistikasına baxsaq, Gülay Hüseynova adlı yazıçının kitabının satışı bizdə olan bütün kitabların satışından üstün olub. İki aydır ki, onun kitabı liderdir. Bizdə problem yoxdur, hər kəsə eyni şərait yaradırıq. Sadəcə görünür ki, maraqlı yazıb, satılır.

- Hazırda gənc yazarlar “Əli və Nino”nu, sizi boykot etməklə bağlı çağırışlar səsləndirirlər...

- Biz heç kimlə düşmənçilik etmirik. Mən hər kəsi sevirəm və yazıçıların tərəfindəyəm. Onlara dəstək də verəcəyik. Yazıçıların sayı getdikcə artır. Buna çox sevinirəm. Amma xahiş edirəm ki, bizi də başa düşsünlər. Satılmayan kitabın satışını biz edə bilmərik. Bunu yalnız siz özünüz edə bilərsiniz. Maraqlı mövzularda yazın, oxucularla söhbət edin, kitabın piarında özünüz iştirak edin. Yoxsa hansısa yalan, aqressiya ətrafında piar qurmaq düzgün deyil. Siz bizdən narazısınızsa, digər kitab mağazaları ilə işləyin.

- Sizi antimilli, amerikanpərəst olmaqda da günahlandırırlar...

- Bu sözləri həmişə Əsəd Cahangir deyir. Nədənsə, hələ də özünü gənc yazar adlandırır. Bu mövzuda daim danışır. İndi də bunu yenidən demək üçün görünür ona fürsət yaranıb. Mən də həmişə bunu oxuyub xeyli gülürəm.

- “Əli və Nino”ya xaricdən maliyyə dəstəyi varmı?

- Mən bu işə 14 il əvvəl başlamışam, “ Əli və Nino” isə brend kimi 10 ildir ki fəaliyyət göstərir. Bu işə başlayanda yeganə pulum 600 dollar idi. Əvvəllər kitabları özüm satırdım, sonra isə kitab mağazası açdıq. Biz həmişə öz hesabımıza işləmişik. “Əli və Nino” şəffaf təşkilatdır. Ona görə də insanların sevgisini qazana bildik.

- Hazırda oxucular xarici dilli ədəbiyyata daha çox müraciət edir?

- Oxucuların 65 faizi rusdilli auditoriyadır. Kitablar Azərbaycan dilinə tərcümə olunandan, imza günləri təşkil ediləndən sonra Azərbaycan dilli ədəbiyyatın oxucusunun sayı artıq 25 faizə çatıb. Bu yenə də biabırçı rəqəmdir. Azərbaycanda kitab niyə rusca satılmalıdır? 15 faiz isə türk və ingilisdilli oxucular arasında bölünür.

- Bir mağazanız bağlanıb, hazırda vəziyyət necədir?

- Biz iki ay əvvəl mağazanı bağladıq. Orada kitab təqdimatları, imza günü keçirilirdi, kafesi də var idi. Amma yenə də satışlar zəif idi. Nə qədər işləsək də, alınmadı. O zaman da mən maraqlı reaksiya ilə üzləşdim. Müxalifətyönümlü mətbuat yazdı ki, iqtidara yaxındır və yaxud da əksini yazdılar. Mən başa düşə bilmirəm ki, niyə bir kitab mağazasının fəaliyyəti həmişə kəskin ittihamlar altında olmalıdır? Biz sadəcə rahat işləmək istəyirik. Kiminsə çörəyini yemirik, ona problem yaratmırıq. Mən xahiş edirəm ki, bizim işçiləri təhqir etməyin.

# 1050 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #