Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Müjdə...” hekayəsini təqdim edir.
Alma boyda zərrələri olan qarın yağdığı il, kənd adamları qorxa-qorxa göyə baxırlarmış. Bir də görüblər, qarın içiylə göydən yerə bir arıq adam da enir. Qabağına yüyürüb görüblər odur. Əvvəlcə bilməyiblər bu gələni necə dindirsinlər. Sonra görüblər, onu dillə dindirmək gərək deyil. Danışmasan da səni anlayır. Gözünə baxıb, nə demək istədiyini bilir. Beləcə bu adam olub onlardan biri. Kəndlilər əvvəlcə ona salam veriblər, sonra Əlişin boş qalmış daxmasını, ondan sonra da dul Əsməri. Qarla gələn dinməyib salamı da alıb, Əsməri də. Onu verilən gündən quru salamın qırışığı açılıb. Ona ərə gedən gecədən çirkin Əsmər də ürəkdən gülməyə başlayıb. Onu görəndə ən qanı qara adam da nədənsə sevinir. Baxırsan soyuq adamdır. Həm də istidir. Görüşəndə əli tava kimi cızıldayır. Yay-qış puçur-puçur tərləyir. Üzü suludur. Əlində heç nə kiflənmir. Təzə-tər qalır. Sobanın yanında çox oturanda ayaqları əriyir. Novruz bayramlarında hamı kimi tonqal üstündən hoppanmır. Torpağı sevmir. Bostanını da göydə salıb. Əkdiyi ağacları yerdən göyə sulayır. Meyvələr, tərəvəzlər bir-bir dəyib sulandıqca göydən tarappıltıyla aşağı düşürlər. Əsməri, hər gecə göyə, gəzməyə aparır. Hara gedirlər, hardan gəlirlər, özlərindən savayı heç kəs bilmir. Əsmərə baxıb, kəndin o biri arvadları da göynən getməyə başlayıb. Onlar da ərlərindən hər gecə ulduz istəyirlər. Kənd adamları onun əkdiyi meyvələri yemirlər. Yerdən götürüb evlərində “tutya” kimi saxlayırlar. Onun meyvələri də, sözləri kimi gec saralır. Qoxusu, ətri illərlə otaqdan çəkilmir. Üzünün rəngi süddən ağdır. Gecələr bədəni ləmpə kimi işıq saçır. Qaranlıqda qonşu kəndə getmək istəyən onu da özüylə aparır. Heç kəsə “yox” demir. Hara desələr, haçan desələr qabaqlarına düşüb gedir. Gecə vaxtı uşaqlar qaranlıqdan qorxmasın deyə kəndin ortasında çəpəki dayanır ki, işığı pəncərələrə də düşsün. Bir dəfə göydə qəzaya uğramış altı hərbi uçaq, gecə vaxtı onun işığına sağ salamat yerə enə bilib. Onsuz kənddə toy olmur. Göydən gələndən gəlinlərin aynasıdır. İnəyi də onun üzünə sağırlar. Ayaqqabılarını at nalı kimi darvazalardan asırlar.
Yay oldumu göyə qalxacaq. İki buludu var. Cütə qoşub göydəki bostanını şumlayacaq. Yerdə heç kimlə işi yoxdur. İtlər onu görəndə hürmür. Quşlar uçmur. Adamlar göyə baxmadıqlarından yayda onu az-az görürlər. Heç kimin əli ona çatmır deyə, göydə heç bir dərdi də yoxdur. Göydə dərd olmur axı. Göydə bircə hal var. Bu hal da onun üzündədir. Təkcə Əsmər hamilədir deyə qalıb yerlə göy arasında. Bilmir uşağı göyə doğulacaq, ya yerə? Tez-tez boylanıb göydən yerə baxır, yerdən də göyə.
Beləcə o da, yerlə göy arasında hamı kimi yaşayıb ölüb gedəcəkdi.
Amma dünya yumrudur. Bunun yayı olur, yazı, payızı, qışı olur. Qışında qar yağır.
Bir qış qar yağmadı. Sonra beş qış qar olmadı. Sonra on beş qış yer qarsız qaldı.
Dünya tərəzi kimidir. Bir yanı əyəndə, o biri yanı əyilir. Qar yağmadı, dünya da əyildi. Suları qurudu. Otları bitmədi. Dənizləri ləpələnmədi. Balıqları kürü qoymadı. İnəkləri kövşəmədi deyə südləri kəsildi. Kənd adamı ancaq kəndi görürdü. Göy nədi bilmirdi. Onların da işi ancaq kövşəməkdi. Qarınları ki doymadı, yığışıb gəldilər onun üstünə - “Göydən sən gəlmisən” - dedilər - “Ora ancaq sən qayıda bilirsən, get gör qar hanı?”
Göyü beş barmağı kimi tanıyırdı. Kənd adamları gələndə də, oturub ora baxırdı. Və bu gəlişin nəylə bitəcəyini bilirdi. Yenə də, göydən kömək istəyən kənd adamlarının sözünü yerə salmayıb - “Qoy bu çayımı içim, bir azdan qalxaram” - dedi.
Kənd adamı getdi yer işinə. O da ayağa qalxıb göyə gedənə qədər fikrə getdi. “Görəsən nə olmuşdu? Kənd adamının günahı nəydi ki, qar yağdıran daha yağdırmırdı?”
Göyə çıxan təki buludları yəhərlədi. Sağa-sola çapıb qar axtardı. Yox idi. Yuxarıdan boylanıb maraqla yerə baxdı. Dünya çatlamış dodağa bənzəyirdi. Adamları qurumuşdu, suları bulanmışdı. Yaşıllıqları saralmışdı. Olacaq uşağı da, gözünə yaxşı görünmürdü. Dərin bir çala qazıb əlindəki beli göydən yerə tolamazladı. Bel buludları keçib, tarappıltıyla yerə dəyəndə toz qalxdı. Belin vahiməli səsinə yığılmış adamların gözünü qaraldan toz çəkiləndə, qeybdən açıq aydın səs eşidildi...
“Ya qar olursan, ya torpaq!”
Bu səsi eşidən kimi göydə qazdığı çalaya girib, üstünü iki qara buludla örtdü. Bu buludların qarnından qar kimi aşağı, kəndin bostanına yağmağa başladı.
Sonra qar gücləndi...
Beş il durmadan yağdı.
Çaylar sulandı. Ağaclar çiçəklədi. Quşlar dirildi. Adamların qarınları doydu. Əsmər qarın altında bir gülərüz, qapqara oğlan uşağı doğdu. Bu uşağın səsinə kənd adamı elə bil yuxudan ayıldı. Hamı burdaydı. Təkcə o yox idi.
Bir iki il kənd adamları hər dəfə qar yağanda onun göydən yerə qayıdacağını gözlədilər.
Sonra yer onu adamlara unutdurdu. Daha heç kəs qarlayanda onu görərəm deyə göy üzünə baxmadı. Kənd adamlarının göyə baxmağa vaxtları olmur. Onların evləri kimi, sevgiləri də yerdədir. Qış da soyuq olur axı. Nə qədər soyuğun altında çöldə dayanacaqsan? Qarın nə evi var, nə qəbri. Lap istəsələr belə kənd adamları onu harda xatırlayacaqdılar? Onun qar olub kəndi xilas etməsinə də kəndlilər inanmırdılar. “Xilaskar” demək üçün kənd adamları onu yenidən görməliydilər. Ya dirisinə, ya ölüsünə əlləri ilə toxunmalıydılar. Sən dastana çevrilməyi elə də asan bilmə. “XİLASKAR” olmaq elə bilirsən halvadır? Bunun yerdə başa düşülməyi da var axı! Nə qədər göydəsənsə, gərək bir o qədər də yerdə olmağı bacarasan. Göydəkiləri anlayıb qiymət verənlər yerdə olur axı. Qurbanlar yerə də aydın olmalıdırlar. Beləcə bu qar da yağıb unudulacaqdı. Və onun qəbirsizliyi əbədiləşəcəkdi. Onun qara çevrilib kəndi yaşatması şeirləşəcəkdi. Amma hər təzə qar yağanda Əsmərin o qara oğlu nədənsə öz-özünə sevinirdi. O uşaq bir gün dil də açdı. Və danışan kimi Əsmərdən atasının adını soruşdu. Əsmər fikrə getdi. Görəsən onun göydən gəlmiş ərinin adı nəydi? Axı Əsmər heç vaxt ərindən adını soruşmamışdı. Kənddə də heç kəs o göydən gələnin adını bilmirdi. Əsmər uşağa “Sənin atanın adı yox idi, o, kim idisə ağılla da dərk olunmurdu” – dedi. Uşaq bu cavabdan bir mətləb anlamasa da, daha anasına heç bir sual vermədi. Hər dəfə sobanın bir kənarında oturanda ayaqlarının əriməsini də ondan gizlətdi...