“Onun arzularının kişisi”

“Onun arzularının kişisi”
9 sentyabr 2014
# 08:30

Kulis.Az Aytən Cavanşirin “Ayaqlarım üşüyürdü” hekayəsini təqdim edir.

Ondan yalnız xoşum gəlmirdi, onu ilahiləşdirmişdim... Hər axşam evə gəlir, köhnə kitablarla dolu havasız, dar otağıma girir, divarın o tayından onun qoyduğu mahnıları eşidərək ilhamlanıb musiqilərimi bəstələməyə başlayırdım. Mən Elisanın musiqisi, milyonlar isə mənim musiqilərimin sədaları altında rahatlıq tapırdı. Bəlkə, hətta kimlərsə mənim bəstələrimdən ilham alaraq şeirlər yazır, xəyallara dalır və yaxud qətl planını hazırlayırdı...

Bir anlıq təsəvvür edəndə ki, Elisa qonşuluğumuzdan köçə bilər, dəli olurdum. Bu fikri ağlımın ucundan belə keçirə bilməzdim. Saat neçədə evə gəldiyini də öyrənmişdim. Odur ki, harda oluramsa-olum, özümü həmin vaxta çatdırırdım. Təki onunla liftə eyni vaxtda daxil ola bilim və heç olmasa, yarım dəqiqə də olsa, onunla ünsiyyətdə olub, bahalı ətrini hiss edim, qoxulayım. Hər dəfə onu görəndə qəribə həyəcan hissi yaşayırdım. Həyəcan, qorxu və... ümidsizlik. Elisa nə vaxtsa mənə məxsus ola bilərdimi? Məncə, yox...

Liftin qarşısında onu görər-görməz mənsiz minməsin deyə təngnəfəs ona sarı qaçırdım. Görəsən, Elisa anlamışdı ki, ondan xoşum gəlir? Elə səfeh görünürdüm ki... Xüsusən də, onu görərkən otuz iki dişimi ağardıb: “O siz də buradasınız?” kəlmələrini işlədərkən. Bilmirəm, məni səfeh hesab edirdi ya yox, ancaq biz artıq tanış olmuşduq. Artıq mənim yaxınlaşdığımı görüb gülümsəyirdi. İlahi, onun təbəssümü necə də gözəl idi! Mən bu təbəssümə görə bütün dünyanın altını üstünə çevirməyə hazır idim. Di gəl, o bunu istəyərdimi? Məncə, yox...

Mən Elisa üçün Yer üzünün ən mənasız insanı idim, o ki qalmışdı onun arzularının kişisi olmaq... O günü-gündən daha da gözəlləşirdi sanki. Hər gün bir cür gözəl olurdu. Dəyişməyən onun parfümü idi. Ah, o parfüm... Amma mən axmaq, qorxaq sarsağın biriyəm axı. Məgər cürət edib ondan “ətrinizin adı nədir?” – deyə soruşa bilərdim? Yox... Buna cəsarətim çatmazdı, ancaq bilsəydim... Onu tanıdığımdan bəri gecələr həyat yoldaşımla olarkən o ətri o qədər duymaq, hiss etmək istəmişəm ki. Həyat yoldaşım da həmin ətirlə ətirlənsəydi... Elisanın özünü də olmasa, dərisini, ruhunu qoxulayardım...

Hər dəfə həyat yoldaşıma baxarkən onda Elisanı görmək istəyirdim. Onlar arasında kiçik, cüzi də olsa, hər hansı oxşarlıq tapmağa çalışırdım. Bu mənim həyat yoldaşıma qarşı əsl xəyanətim idi, ən iyrənc, ən bağışlanmaz xəyanət idi... Həyat yoldaşımdan “niyə saçlarını sancaqla yığmırsan?” – deyə soruşanda, əslində, onu necə alçaltdığımı anlayırdım. Ancaq özümü saxlaya bilmirdim. İstəyirdim ki, Elisa kimi o da saçlarını sancaqla yığsın. İstəyirdim ki, o da Elisa kimi geyinsin, Elisa kimi baxsın, Eisa kimi gülümsəsin. Necə də alçağam! Lənətə gələsən, içim yanır, göynəyir, hayqırırdı. Bir qadına aşiq olmuş ən adi sarsaq idim mən...

Lakin hər şeyə rəğmən, artıq qətiləşdirdim, ona hisslərim barədə hər şeyi deyəcəkdim. Nəyin bahasına olursa-olsun. Həmişəki vaxtda özümü bloka çatdırdım. Amma o, yox idi. Bir anlıq məni tər basdı. Necə yəni? İlk dəfədir ki, gəlib çatmadım. Onunla bu gün ağır-ağır qalxan o dar liftə minməyəcəm. Bu gün, onsuz keçəcək bu bir gün, sanki on beş ilimi alacağını fikirləşdim. Bunları beynimdə fikirləşdiyim vaxtda balaca oğlan uşağının pencəyimin ucundan tutub dartdığını hiss etdim. Məni sanki komadan ayıltdılar. Özümə gəlib üzümü balacaya çevirdim. Mənə zərf uzadırdı. Zərfi əlimə alıb, təəccüblə gözümü uşağa zillədim. “Sizə çatacaq” – deyib uşaq cavab gözləmədən bir anın içində tozlu blokdan yoxa çıxdı.

Açıq portağal rəngli zərf idi, həm də bahalı. Qeyri-müəyyənlik içində zərfi açıb oxumağa başladım. İlk cümləni oxuyar-oxumaz boğazım qurudu. Kimsə sanki qəfildən kürəyimə xəncər sancdı. Məktubu fasilə vermədən oxumağa başladım. Hər cümlə elə bil ölümümə hesablanmışdı, hər növbəti cümlə məni qəbirə daha da yaxınlaşdırırdı...

Ah, bu məktub... Məktubu oxuduqca əllərim daha sürətlə əsməyə başlamışdı...

“Məni daha görməyəcəksiniz, əziz Adler. Çox güman ki, yenə qaça-qaça gəlirdiniz ki, mənə çatasınız. Özünüzü səfeh hesab edirsiniz, hə? Düzdür, siz səfehsiniz, ən axırıncı səfeh... Səfehsiniz ki, hər gün qaça-qaça gəlib mənə çatdığınızı düşünürdünüz. Bir dəfə də olsun, ağlınıza gəlməmişdimi ki, siz mənə çatmırsınız, mən sizi gözləyirəm? Hə, sizi gözləyirdim, gözləyirdim. Siz qaça-qaça gəlir və xoşbəxt sima ilə mənə baxırdınız. Əslində, xoşbəxt tərəf siz yox, mən idim. Sevildiyimi hiss etmək məni xoşbəxt edirdi. Siz məni, həqiqətən, sevirdiniz, saf sevgi ilə... Ancaq mən saflıqdan çox uzağam... Sevgi dolu baxışlarınızdan zövq alırdım, lakin bununla yanaşı, özümü təqsirkar hesab edirdim. Vicdan əzabım sizə özüm barədə hər şeyi açmağa məcbur edirdi, nə qədər də ağır olsa...

Valideynlərimi uşaq ikən itirmişəm. Atam müharibədə həlak olmuş, anam Barbara isə məndən öz xoşu ilə imtina edib, sevgilisi ilə birgə Belçikaya köçmüşdü. Həyatdan tək başına baş çıxarmağı öyrənmişdim. On dörd yaşımda artıq “Hoenştaynların mirası” pansionatında qabyuyan işləməyə başlamışdım. Qab yumaqdan dərim taxtaya çevrilmişdi. Kristina adlı rəfiqəm yaxınlıqda yeni geyim dükanının açıldığını söylədi. Dərziliyi bacarırdım. Dükanın atelyesinə işə düzəldim. Dükan özü isti olsa da, atelye daim soyuq olurdu. Qış ayları idi. Sifarişlər də günü-gündən artırdı deyə bütün günü tikirdim. Tikiş maşınının tık– tık səsi bir anlıq da olsa, kəsmirdi. Əllərim tikir, ayaqlarım isə soyuqdan üşüyürdü. Daha dözə bilmədim. Nina adlı tanışım məni pul qazanmağın daha asan yolu ilə tanış etdi. Tərəddüd edirdim. Ancaq atelyedə də donurdum. Beləcə, üşüməmək istəyimlə fahişəlik karyeram başladı. Daha üşümürdüm, müştərilərimin evləri isti idi. Ayaqlarım daha soyuqdan donmurdu, bu dəfə donan hisslərim idi.

Təzə-təzə özümü təhqir olunmuş hiss edirdim. Lakin getdikcə öyrəşdim. İçimdə “qürur” deyilən bir hiss yox idi daha. Nina deyirdi ki, iş bitəndən sonra oturub ağlamaqdan, qürurunun tapdalandığını düşünməkdənsə, çarpayıya atılan pulun miqdarına bax ki, səni hərifləməsinlər. Ancaq mən heç vaxt bunu bacarmadım. Nina kimi olmaq istəsəm də, alınmadı. Hər dəfə çarpayıdan və ya masanın üstündən pulu götürərkən üstümə sanki bir vedrə qaynar su tökürdülər. Nina tək buna peşə kimi yanaşa bilmirdim və deyəsən, heç bilməyəcəkdim də. On yeddi yaşımda mən artıq peşəkar fahişə idim. Kifayət qədər pul topladıqdan sonra həmin şəhəri tərk etdim. Yeni köçdüyüm şəhərdə xudmani evlərdən birini icarəyə götürdüm. İki ildən sonra oranı aldım. Ətrafdakı bütün ailələr dərzi işlərini mənə sifariş edirdilər. Ancaq heç nə məni xoşbəxt etmirdi. Köhnə peşəm məni kişilərdən iyrəndirmişdi. Lakin daim gülümsəyirdim. Qarşıma keçmiş müştərilərimdən biri çıxsa, yenə də gülümsəyəcəkdim. Fəqət bu təbəssümdə o qədər nifrət vardı ki, özümə nifrət, keçmişimə nifrət, on dörd yaşımda çalışdığım o atelyedəki soyuğa nifrət...

Siz mənə baxanda da, gülümsəyirdim, Adler. Ancaq bu təbəssüm o təbəssümdən deyildi. Bilirdim ki, təbəssümüm sizi xoşbəxt edir. İlahi, siz məktəbli kimi aşiq olmuşdunuz mənə... Hətta ilahiləşdirmişdiniz məni, düz deyirəm? Lakin siz məni tanımırdınız. İnsan da içini tanımadığı birini ilahiləşdirər?

Mən qorxuram, əziz qonşum. Bütün bu yazdıqlarımdan sonra mənə nifrət edə biləcəyinizdən qorxuram. Lakin daha çox qorxduğum odur ki, mənə yazığınız gələ bilər. Bax, bu nifrətdən daha pisdir. Nə olar, məni bağışlayın. Bəlkə də bütün bunları sizə yazmamalıydım. Ancaq rahatlandım, sanki neçə illik yükü, içimi köhnə bir dostuma danışıb boşaltdım. Həm də siz layiq deyildiniz, Adler, yalana layiq deyildiniz...

Dünən gecə bu şəhərdən də köçməyə qərar verdim. Çünki sizə aşiq olmuşdum. Bu qədər müddətdən sonra ilk dəfədir ki, “kişi” sözündən iyrənmirəm. Bəli, Adler, mən sizi sevirəm. Ola bilsin, buna haqqım çatmır, bilmirəm... Keçmiş fahişənin də aşiq olmağa haqqı çatır. Xudahafiz, daha doğrusu, əlvida! Sağ olun ki, məni xilas etdiniz – daxilimdə ətrafa olan kinlə yaşamaqdan xilas etdiniz. İndi içimdə heç zaman qovuşa bilməyəcəyim bir sevgi hissi var.

Xoşbəxt olun, cənab Adler. Həyat yoldaşınız çox kübar qadındır. Əsl sizə layiq xanım. Bizim lift macəramız qoy elə ikimizin arasında qalsın. Hesab edək ki, bu bir neçə gün dalbadal təkrarlanan yuxu olub, heç vaxt çin olmayacaq yuxu... Əlvida, cənab Adler.

Elisa”

Adler məktubu oxuyub qurtarmışdı. Ancaq nə etməli olduğunu bilmirdi. Kimisi liftə girir, kimisi liftdən çıxırdı. O isə liftin qabağında əlində məktub donub qalmışdı. Əlləri içkili adamlarınkı tək əsirdi. Məktubu oxuduğu müddətdə ilk dəfə idi ki, gözlərini qırpdı. İçində, ruhunda bir ağrı, bir şok vardı. Bütün bədəni sanki iflic olmuşdu. Ağır-ağır addımlayıb mexaniki olaraq liftin düyməsini basdı və asta səslə, az qala ağlayaraq: “İndi mən üşüyürəm, Elisa, çox üşüyürəm” - deyə inildədi...

# 2751 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #