Yazıçılarımız öz çılğınlıqlarından danışır-SORĞU

Yazıçılarımız öz çılğınlıqlarından danışır-<span style="color:red;">SORĞU
16 aprel 2014
# 07:30

Kulis.Az şair və yazıçılar arasında keçirdiyi “Həyatda ən böyük çılğınlığınız nə olub?” sorğusunu təqdim edir.

Əkrəm Əylisli: “Mən həyatımda etdiyim çılğınlıqlardan bəzilərini sizin saytda yayımlanan “Əylisdən Əylisəcən” memuarımda yazmışam. Danışacağım əhvalatı kitabda yazmışam. Əylisdə kolxoz briqadiri bir dəfə xeyli adamın içində mənim ən yaxın dostumu təhqir eləmişdi. Dostum da yetim uşaq idi, onun bacısı haqda nalayiq ifadə işlətmişdi. Dostumun bacısı ərlik qız idi və bu söyüşdən sonra dostum doluxsunub ağladı. Bu vəziyyətə dözə bilmədim, briqadirin üstünə cumub onu itələdim. Briqadir yıxıldı. Bir də ki, çılğınlıq mənim həyatımın tərkib hissəsi olub. Harda bir ədalətsizlik görmüşəmsə, susmamışam, öz sözümü demişəm”.

Mövlud Süleymanlı: “Bilirsiniz də, atam davadan qayıtmayıb. Anamın himayəsində böyümüşəm. Bu cür adamlar çılğın böyümürlər. Amma davakar olmuşam. Söz götürməmişəm. Tanıyanlar bilir, başım – gözüm həmişə yaralı olsa da döymüşəm də, döyülmüşəm də. İndi qəfil sual verdiniz. Bir anın içində düşündüm ki, elə bir çılğınlığım olmayıb. Hər zaman özümü nəzarətdə saxlamağı bacarmışam. Çılğınlığın arxasınca getsəydim bir iş zad görə bilməzdim”.

Elçin Hüseynbəyli: “Elədiyim çılğınlar bir deyil, iki deyil. Hansını deyim? Moskva Dövlət Universitetində təhsil alanda ingilis dili müəlliməsi ilə mübahisəm düşdü. Mübahisəmiz də qiymət üstündə oldu. Mənə qarşı ədalətsizlik etmişdi. Tələffüzüm doğrudan da bərbad vəziyyətdə idi, mən də dedim ki, tələffüzə görə yox, savada görə qiymət verirlər. İngilis dili mənim üçün üçüncü dil idi, ikinci dilim rus dili idi. Axı o vaxt ikinci dil rus dili hesab olunurdu. Bundan sonra hirslənib “zaçotka”nı atdım üstünə. “Zaçotka” da yazıq xanımın sifətinə dəydi. Mən də çox böyük xəcalət çəkdim. Bir on dəfə də üzr istədim ki, səhv etmişəm. Dedi ki, xeyri yoxdu, səndən komissiya ilə imtahan götürəcəm. Mən də həmin imtahandan beş aldım. Düşünürəm ki, bu mənim həyatımda ən ədəbsiz və ən çılğın hərəkət olub”.

Seymur Baycan: “Həyatımda çılğınlıqlar çox olub. Bunlar haqda danışmaq istəmirəm. Etdiyim çılğınlıqları danışsam, indiki vəziyyətimə baxanlar düşünə bilərlər ki, uydururam. Ancaq, bunu deyə bilərəm ki, keflənib iki dəfə toyda oxumuşam. Bu içkinin kuliminasiya nöqtəsi idi”.

Aqşin Yenisey: “Çılğınlıqlar çox olub. Birini deyə bilərəm. Yeniyetməlik vaxtı “Dədə-Qorqud” filminə baxıb cuşa gəlib at belinə minmək istədim, başı aşağı yerə getdim. Bundan sonra da anam başımı sığallamaq əvəzinə su “şlankı” ilə döydü məni. Dedi ki, belə at minməzlər (gülür). Yerdə qalan çılğınlıqlarım haqda isə danışmağı məqbul bilmirəm”.

Günel Mövlud: “Bir neçə il əvvələ qədər o ki var axmaqlıqlar eləmişəm. Bəzən keçmişimə baxanda utandığımdan əllərimlə üzümü qapamaq istəyirəm. Amma həyatdı bu - heç bir hazırlıq olmadan, məşq olmadan səhnəyə atılırsan, yaşayırsan. Təbii ki, indiki ağlımla o səhvlərin, axmaqlıqların çoxunu eləməzdim. Neyləmək olar, hər səhv müdrikliyə, olğunluğa aparan bir vasitədir. Və peşmançılıq çəkib özünü üzməyin yeri yoxdu. Bəzi axmaqlıqlar da var ki, özünə ironiya hissi olan, içində işıq olan insanlar sonradan o səhvlərə baxıb gülürlər. Elə səhvlərim də var. Ən böyük çılğınlığımı indi yada sala bilmirəm, amma axmaqlıqlarımdan birini yada sala bilərəm. 22-23 yaşım olanda bir dəfə işlədiyim yerdə baş redaktorumla aramızda mübahisə düşdü, elə yazığın yanındaca özümü ikinci mərtəbədən atdım yerə. Xoşbəxtlikdən yumşaq eniş elədim, heç yerim qırılmadı, xəstəxanalıq olmadım. Amma baş redaktorum əməlli - başlı qorxdu”.

Qulu Ağsəs: “Təbiət etibarilə elə də çılğın insan deyiləm. Amma yazı masama, çantamdakı əşyalara əl dəyəndə özümdən çıxıram. Əgər mən evdə hər hansı bir əşyamı səliqəli qoymuşamsa səliqəli, səliqəsiz qoymuşamsa səliqəsiz də qalmalıdır. Başa düşürəm, evdə səliqə - sahman olmalıdır. Amma mən stolun üstünə bir topa kağız qoyub getmişəmsə kağız həmin yerdə də qalmalıdır. Bir də ki, gözəl musiqi məni özümdən çıxarır. Xüsusən də, Müslüm Maqomayevin "Синяя вечность" mahnısı. Bu musiqini dinləyəndə düşünürəm ki, həyat gözəldir. Yaşamağa dəyər”.

Rəbiqə Nazimqızı: “Həyatımda balaca çılğınlıq olmayıb. Sıldırım qayaya dırmaşmaqdan tutmuş ən əlçatmaz adama eşq elan etməyədək. Məsələn, hər şey sakit gedəndə əsəbiləşirəm. Tədbirdə şuluq salmaqdan ötrü ürəyim gedir. Həyatımdakı ən böyük çılğınlıqlar daha çox şəxsi kontekstdə olub, hansını deyim? Küçənin ortasında sevdiyim adama şillə vurmuşam, olub. Ümumiyyətlə, temperamentcə xolerikəm, çılğınlıq mənim həyat tərzimdi. Ona görə konkret söz deyə bilmirəm indi”.

Şərif Ağayar: “Çılğınlıqlarım çox olub! Ümumilikdə nadinc adamam. Çoxsaylı yeyib-içmək macəralarım olub cavanlıqda. Dava-dalaşdan tutmuş ən ağıla gəlməz situasiyalara qədər. Hətta arada düşünmüşəm ki, bunları yazım...

İndi yadıma düşən xırda birini deyə bilərəm.

Bir dəfə “Elmlər”də küçə ilə gedirdim. Axşam üstü idi. Gördüm cavan bir oğlan qəşəng bir qızı divarın küncünə dirəyib döyür. Qız nə qədər yalvarıb müqavimət göstərir, ağlayıb qışqırırsa onun əlindən çıxa bilmir. Oğlan bir yana, yol keçənlərin laqeydliyi qəribə gəldi mənə. Olaya müdaxilə etməkdən özümü saxlaya bilmədim. Oğlana dedim, niyə küçənin ortasında belə edirsən? O, mənə də acıqlanmaq istədi. Ancaq bunun keçməyəcəyini görüb bir az yumşaldı. Gənci təzəcə əliyenişə salmışdım ki, qız göz yaşlarını silib mənə dedi:


- Sənlik nə var? Bizim şəxsi işimizə qarışma. Xahiş edirəm yolunla çıx get.

Xeyli pərt oldum və nə deyəcəyimi bilmədim...”

Qan Turalı: “Hər dəfə o günü xatırlayanda heyrətə düşürəm, bunu necə etmişdik? Mən ki, dəvət edildiyim toyda belə özümü narahat hiss edən bir adamam.

6-7 il bundan qabaq idi, pivə içmək istəyirdik, mənim cibimdən 5 manat çıxdı, kimdənsə 5 manat da tapıldı, amma 4 nəfər idik. Bu da məlum məsələdi, çatmır. Ona görə də “dosta zəng” imtiyazımızdan istifadə etdik. Rəhmətlik Tofiq abiyə zəng elədik, abi də dedi ki, buyurun “Praqa” restoranın yanındakı kafeyə. Biz gəldik, hava da isti, dərhal 20 pivə boşaldı. Abi də tez-tez zəng vururdu, deyirdi indi gəlirəm, siz işinizdə olun. Amma bir müddət keçəndən sonra dəhşətli bir xəbər dedi: “Qonaq gəlib, evdən çıxa bilmir”.

Bir neçə saniyə ölüm sükutu yarandı, “dosta zəng” yada düşdü. Dost da gəldi, sağ olsun, hesabımızı verdi. Di gəl ki, ac qarına içdiyimiz pivələr bizi lap acdırmışdı. Yemək yemək üçün də pul çox az idi. Mən də qəfildən dedim ki, gedək burdakı şadlıq evlərinin birinə. Uşaqlar bir az o yan, bu yan elədi, lakin Mövlud mənə qahmar çıxdı. Getdik.

Biz çatanda toyun şirin vaxtı idi, boş bir stol tapıb oturduq, bu bic Mövlud da 2 manat məndən alıb ofisiantın cibinə qoyub dedi ki, bəs bu stola yaxşı qulluq elə. Ofisiantın gətirdiyi kababları yeyib bir litr də rus arağı içdik. Bayaq toya getmək istəməyən dostumuz isə şirin-şirin dondurma yeyirdi, elə bil qardaşının toyu idi. Nəsə, dedim, dondurmanı da yeyin, duraq. Elə ki, ayağa durduq, ofisiant gəldi, dedi bu arağı da yola götürün, götürməsəz inciyərəm. Gördük çox üz vurur, litrlik arağı da götürüb yola düzəldik. Dalımızca da bəylə gəlin çıxdı...”

Cavid Zeynallı: “Rayonda evimizin yanında stadion var, beşinci sinifdə oxuyanda gedib qaçırdım, turnikdə çəkinirdim. Qollarım bir az bərkiyəndən sonra istəyirdim kimsə mənə ilişsin, onu döyüm. Tərslikdən “Koroğlu” dastanını da həmin vaxtlarda oxumuşdum, elə bilirdim qabağımda duran olmaz. Qonşu məhəllədə Elbrus adında oğlan vardı, xeyli əvvəl qabağımı kəsib mədəmin üstündən babat bir təpik vurmuşdu, özümə gələ bilmirdim. Üstündən çox keçmişdi deyə, bilmirdim qisasımı necə alım.

Bir dəfə Novruz bayramında binamızın qabağında təkər yandırmışdıq, Elbrus bizdən xəbərsiz odun içinə şifer parçası atmışdı. Birdən bərk gurultu qopdu, şiferin isti parçası qonşumuzun balaca qızının boynuna düşüb yandırdı.

Fürsəti əldən vermədim, bir-iki atışdıq, sonra bunun başını qolumun arasına salıb dizimlə mədəsinin üstünə yeddi-səkkizini ilişdirdim. Gədə dəli kimi bağırmağa başladı, söyüşün biri bir qəpikdən. Gedəndə dedi, əlimə düşmə, işin bitib.

Üstündən xeyli keçdi, qışda anam məni bazara düyü almağa göndərmişdi. Bazardan qayıdanda bir də gördüm Elbrus traktorun arxasından üç nəfərlə çıxdı, hərəsinin də əlində bir raqatka. Tüpürdüm dabanıma. Beş-on metr qaçmışdım, başımdan nəsə dəydi, gözlərim qaraldı. Qorxumdan dayanmadım, evə gələndə gördüm qan içindəyəm. Yalan olmasın, başım paralanmışdı. Sonra böyüyüb ikimiz də ağıllanandan sonra əclaf nə desə yaxşıdır: sənin başını yarmaq üçün raqadkanın içinə fındıq boyda qurğuşun qoymuşdum. Bəxtindən daşların hamısı boşa getdi, qurğuşun təpəni yardı”.

Mirmehdi Ağaoğlu: “Əsgərlik haqqında roman yazmışam deyə qoy elə əsgərlikdə başıma gələn bir hadisədən danışım.

Deməli, 21 Martdır. Mən də zastava növbətçisi. Əsgərlikdə olanlar bilərlər, bayram, istirahət günlərində zastava heyəti adi günlərindən hardasa bir saat gec qalxır, Bu zaman təmizlik də həmişəkindən gec başlayır.

Hər gün səhər “otryat”dan zəng gəlir, zastava rəisi də vəziyyət haqqında məruzə eləyir. Onsuz zastavadır, on nəfər əsgər, dağı başıdır, yer-göy də həmişə qar. Kimdi sərhəd naryadına çıxan, kimdi bu qarlı-boranlı, dağlı-dərəli yerlərdə sərhədi pozan. Odur ki, “otryad”dan həmişə zəng vuranda rəisi yuxuda olardı. Biz də gedib onu qaldırar, o da həmişəki “dejurnı” məruzəsini edərdi.

Həmin gün də zəng gəldi, rəisi yuxudan oyatdıq. O da durub gördü ki, əsgərlər elə indicə kazarmanı, zastavanı təmizləməyə başlayıblar. Hirslənib özündən çıxdı. Bütün zastavanı düzdü “plasta”. O qarlı havada əsgərlərə “sürün”, “qalx”... cürbəcür komandalar verdi.

Bu hadisə mənə pis təsir etdi. Heç nədən, özü də bayram günü rəis uşaqlara cəza vermişdi. Kabinetinə gedib məsələni izah elədim, anlamadı.

Otağından çıxanda əsəbimdən dodaqlarımı gəmirirdim. Hirsimdən bilmədim nə edim. Rabitə otağında “rozetka”ya traynik taxılmışdı. Hirslə ona bir yumruq vurdum ki, traynik qırılsın, məni tok vursun, ölüm. Əslində ölmək yox, rəisi qorxutmaq istəyirdim ki, yəni bax, mən belə dəliyəm. Traynik qırıldı, kalçuk parçalarının hərəsi bir tərəfə dağıldı.

Günortaya yaxın zastavaya musiqiçilər gəldi. Musiqiçilər deyəndə bir sintezator çalan idi. Bir də müğənni. Bu zaman sintezatorun şnurunu uzatmaq üçün traynik lazım oldu. Rəis dedi ki, əsgər göndər trayniki rabitə otağından gətirsin. Dedim trayniki qırmışam. Əvvəl əsəbiləşdi, bu nə özbaşınalıqdı filan. Amma mən deyəndə ki, səhərki məsələyə görə özümü öldürmək istəyirdim, səsi xeyli yumşaldı. Nişanlıydı, toyuna az qalmışdı deyə lap qorxacaq olmuşdu. Astadan dedi ki, məni bədbəxt etmək istəyirdin?

Bu hadisədən sonra rəislə dostlaşdıq.”

# 36428 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #