Mətbuatın “Yetim cücə”si

Mətbuatın “Yetim cücə”si
29 noyabr 2013
# 11:58

O, İrəvan azərbaycanlılarının həyatında, ictimai-mənəvi taleyində böyük təsir gücünə malik olan bir şəxsiyyət olub.

Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov) 1886-cı ildə İrəvanda anadan olub. O, hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərib. Ə.Məhzun maarifpərvər ziyalı, istedadlı qələm sahibi idi.

1917-ci il yanvarın 1-də İrəvanda Əli Hacı Zeynalabdinzadə Rəhimovun (Əli Məhzun) müdir-mühərrirliyi və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə “Bürhani-həqiqət”in ilk sayı çapdan çıxıb. Bu dövrdə İrəvan kimi qədim mədəniyyətə, sənətkarlıq abidələrinə, maarifpərvər şəxsiyyətlərə, şair və ədiblərə malik olan azərbaycanlıların həyatında belə bir jurnalın meydana çıxması ictimai-ədəbi hadisə idi.

Əli Məhzun “Bürhani-həqiqət” jurnalını nəşr edənə qədər Cənubi Qafqazın bir sıra mətbuat orqanlarında şeirləri, ictimai-siyasi mövzuda yazdığı məqalələri, felyetonları ilə çıxış edib. O, “Molla Nəsrəddin” jurnalının İrəvan müəllifləri sırasında jurnalla ən çox əməkdaşlıq edən müəlliflərdən olub. Əli Məhzun həm də milli ruhda yazılmış roman və hekayələrin müəllifidir. Cəhaləti, dini-xurafatı tənqid edən əsərlərindən biri olan “Şəriət xadimi” 1927-ci ildə Bakıda “Azgiz”də nəşr olunub. Türk dili (Azərbaycan) və ədəbiyyatını tədris edib. Müəllimlik sənəti ona xalqın qəflət yuxusundan ayılması, gözünün açılmasında, ictimai şüurunun formalaşmasında daha çox işlər görməsinə şərait yaratmışdı.

O, İrəvanın tərəqqipərvər ziyalıları ilə qüvvələrini birləşdirərək xalqın cəhalət girdabından azad olması yolunda ideoloji mübarizə aparıb, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edib. 1934-cü ildə vəfat edən Əli Məhzun maarifpərvər ziyalı, qüdrətli qələm sahibi kimi, ictimai-ədəbi fəaliyyətini dilimizin, mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunmasına və yeni ənənələrlə inkişafına həsr etmişdir.

Filoloq Şəfəq Nasir qeyd edir ki, Ə.Məhzunun “Bürhani-həqiqət”in ikinci sayından başlayaraq jurnalın sonuncu nömrəsinədək dərc olunmuş “Ədəbiyyata dair” əsəri yaradıcılığa yeni başlayan şair, ədiblər üçün, ümumən ədəbiyyatın qayda-qanunları, ədəbi terminlər, bədii ifadə və təsvir vasitələri haqqında elmi bir mənbədir. Ə.Məhzun həmin əsərində ədəbiyyatda və sənətdə yaradıcı təxəyyülün növləri, onların tərifi və izahından bəhs etmişdir ki, bu yazılar bütövlükdə ədəbiyyat elmi haqqında bitkin bir tədqiqat əsəri, ədəbiyyatşünaslıq nəzəriyyəsidir.

Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin, mollanəsrəddinçi Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində işıq üzü görüb. Şeirin sonundakı gizli imza-"Yetim cücə" Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi çaşdırmışdir. Amma "Yetim cücə" B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olub. "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" sərlövhəli yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" imzası ilə getməsi məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" monoqrafiyasında məlumat verib.

"Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim" adlı yazıda oxuyuruq: "...Çıxıb bazara Yetim cücəni... Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər..." Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır.

Ə.Məhzun ədəbi-jurnalistlik fəaliyyətinə əsasən şeirlə başlayıb və həmin dövrdə mətbuat aləmində, ədəbi mühitdə əsasən şair kimi tanınıb. C.Məmmədquluzadə onun haqqında yazır:

“ mollanəsrəddinçi şair. M.Ə.Sabirə bənzətmə halında şeirlər yazmışdır. Əsərləri "Molla Nəsrəddin", "Məzəli", "Babayi-Əmir" jurnallarında, "İqbal" qəzetində və s. mətbuat orqanlarında dərc edilmişdir. "Asudə yaşa, ləzzət ilə...", "Müştəbeh olma..." kimi şeirləri satirik bənzətmələrdir. "Məhzun", "Yetim cücə", "Həmişəki" kimi gizli imzalarla çap olunan bu əsərlərdə zalım vəzifə sahibləri, cahil, yalançı mövhumatçılar, qumarbazlar rüsvay edilirdi. Sabirin ölümünə həsr etdiyi təsirli şeirdə onun əsərlərinin tezliklə kitabça halında nəşrini arzulayırdı”.

“Bürhani-həqiqət”in səhifələrində Əli Məhzun, Cabbar Əsgərzadə Aciz İrəvani, Əbdülhəq Mehrülnisa, Səri Xanım, T.Fikrət, Ə.Sədi, Təhsin Nahid, H.Rəmzi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarının orijinal, iqtibas və tərcümə əsərləri çap olunub.

Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edib.

Cəmi 9 sayı işıq üzünə çıxan “Bürhani-həqiqət”in fəaliyyəti xalqın milli varlığının və düşüncəsinin ədəbi-bədii, elmi-ictimai formada təsvir olunması ilə səciyyəvidir.

İlkin sətirlərdən “Bürhani-həqiqət”in məsləki açıqlanır: “Haqq və həqqaniyyət tərəfdarı olaraq həqiqətə bürhan olmaq”. Yəni “Bürhani-həqiqət” həqiqətin dəlil və isbatı deməkdir”. Əli Məhzun məhz bu həqiqətin işığında xalqına xidmət edəcəyini vəd edir. Hələlik ayda iki dəfə nəşr olunacağını bildirən müdir yazıların əhatə edəcəyi sahələri açıqlayır: “Qarelərinə (oxucularına) bacardıqca elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisadi və tibbi məlumat verərək ümumə nafe məsələlərdən bəhs edəcəkdir”. Bu kiçik bildirişdə məcmuədə verilən yazıların əhəmiyyətli olacağına inam yaranır.

“Bürhani-həqiqət”də dərc olunmuş yazıların əksəriyyəti əhatə etdiyi mövzunun genişliyi, məlumat zənginliyinə, xüsusən də xalqın ictimai şüurunun formalaşması, milli özünüdərk prosesinə təkan verməsi baxımından böyük əhəmiyyətə malikdir.

“Məsləkimiz bacardıqca hamını anlayıb və istifadə edə biləcəyi asan bir şivə ilə yazmaq beş-üç nəfərə deyil, bəlkə də ümumə mənfəət yetirməkdir”, deyən Ə.Rəhimov “Bürhani-həqiqət”in məsləkinə zərrəcə xələl gətirməyərək özünün qısaca ömrü ilə İrəvanın ictimai-siyasi həyatında, milli şüurun formalaşmasında müstəsna əhəmiyyətə malik olmuşdur.

Jurnalda “Ədəbiyyat” səhifəsinin olması onun şeirə doğma münasibətindən, həm də şairlərin özlərini tanıtması, yetişməsi və ədəbi məhsullarını üzə çıxartması üçün yaratdığı imkanın ifadəsi idi.

Fevral inqilabından sonra ölkədəki siyasi vəziyyətə yığcam şəkildə “Hürriyyət, müsavat, ədalət” yazısında münasibət bildirən publisist qeyd edir ki, azadlığı qazanmaq nə qədər çətinsə, onu əldə saxlamaq ondan da çətindir. Vətənin hürriyyət, müsavat, ədalət ziyası ilə işıqlanmasından fərəhlənən müəllif xalqın bundan sonrakı ictimai həyatına həssaslıqla yanaşır. Bununla bağlı ölkədə keçirilən seçkilərə ciddi yanaşmalarını tövsiyə edir. Müəllif yazır: “İntixabatda, heyəti-icrayə və başqa nümayəndələr seçkisində diqqətli olmalı. Layiqli və bacarıqlı əza seçməli və bu ağır, qiymətli gövhərin qabil və qədrini bilib, mühafizəsini bacaran sərraflar əlinə keçməsinə bəzli-himmət etməliyiz”. Müəllifin bu narahatçılığı xalqın taleyini öz taleyində yaşamasının göstəricisi kimi yadda qalır.


Maraqlı yazılardan biri də Ə.Məhzunun qələminə məxsus olan “Ədavəti unutmalı, iş görməli” məqaləsidir. Müəllif oktyabr inqilabından sonra İrəvanda yaranan cəmiyyətlər və firqələrin xalq üçün faydalı işlər görmək əvəzinə təşkilatçıların bir-biri ilə apardıqları ədavəti, hərc-mərcliyi, ziddiyyəti pisləyir. Bütün bunları müşahidə edən müəllif onları millətə, xalqa xidmət etməyə çağırır. Onun bu müraciətində xalqın paralarına sahiblənən, ancaq onlar üçün heç bir iş görməyən yalançı millətpərəstlərə qəzəbi açıqca duyulur: “Qardaşlar, yoldaşlar! İş görmək, çalışmaq zamanıdır. İçinizdə qərəz və ədavət toxumu əkib, nifaq salanları arayıb bulunuz! Bu xainləri firqələrinizdən, cəmiyyətlərinizdən ixrac ediniz!”

Mənbə: Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı 1995,

İrəvan türklərinin ədəbi mətbuat abidəsi 2008.

Ş.Nasir “İrəvanda Azərbaycan mətbuatı: “Bürhani-həqiqət”95”

# 3079 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #