40 il susan yazıçı danışdı

40 il susan yazıçı danışdı
11 oktyabr 2013
# 08:00

O mənim ilk tanıdığım şairlərdənmiş. Bilməmişəm. Onunla tanış olandan sonra yaddaşımı qurdalayanda xatırladım.

Onda uşaq idim. Deyəsən birinci sinfə təzə gedirdim. Və təzə-təzə hamı kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sabir, Səməd Vurğun, Abbas Səhhətin adlarını eşidirdim. Bu şair adlarının sırasına bir ad da əlavə olunmuşdu. Onun adı.

Təqribən jurnaldan böyük, uşaqlar üçün iri bir kitabdı. İçində Azərbaycan şairlərinin şeirləri vardı. “Doğdu günəş qırmızı”dan tutmuş Cəfər Cabbarlının “Ölkəm”inə qədər. Onunku sadə, yaddaqalan şeir idi. Vətənə aid. Rahat əzbərləmişdim.

Dörd-beş bəndlik şeirin altında bir də imzası vardı. Adlı-soyadlı uzun imzalardan deyildi. Bir addan ibarət, əslində o qədər də qəliz olmayan, amma qəribə ad idi. Elə bilmişdim orta əsr şairidir.

Necə deyərlər, illər keçdi. Vaxtilə əsərlərini oxuduğum bir çox şair-yazıçını həyatda gördüm, tanıdım, tanımadıqlarımın da heç olmaya televiziyada, qəzet səhifələrində, kitablarda rəsmlərini gördüm. Onu isə bu illərdə çoxdan unutmuşdum. Bir dəfə də olsun surəti qarşıma çıxmamışdı.

Hə, bu illərdə onun bir povestini də oxumuşdum “Çağdaş Azərbaycan povestləri” kitabında. İllərlə adlarını əzbərlədiyimiz ədəbi bütlərin povestlərinin yer aldığı kitabda özüm üçün müəyyənləşdirdiyim 3 ən yaxşı povestdən biri də onun əsəri idi.

Biz hər dəfə yeri gələndə dostlarla bu kitabdan danışanda onu da xatırlayırdıq və dostlar da onun povestinin mükəmməlliyini təsdiqləyirdilər.

Vaxt gəldi, vədə yetişdi. O, nəhayət bizimlə müsahibəyə razılıq verdi. Bu o idi. Uşaq vaxtı adını ilk dəfə eşitdiyim şairlərdən biri. İllər sonra povestini oxuyub heyran olduğum yazıçı.

O danışdı... Danışdı... Danışdı... Və getdi. Amma gedişi ilə sanki müharibədən sonrakı şəhər kimi qəlbimi viran qoyub getdi. Onun dedikləri təkcə bir insanın taleyi kimi yox, ədəbiyyat-yazıçı münasibətləri kimi bütün günü gecəyə qədər beynimi məşğul elədi. Dedikləri ilə məni kədərləndirdi, ədəbiyyata münasibəti, sevgisi ilə məni heyrətləndirdi və bütün günü beynimi məşğul edib gecənin bir yarısı bu sətirləri yazmağa vadar etdi.

Yaxşı ki, uşaqlıq xatirələrim bu vahiməli qüssənin üzərinə su səpir. Və mən gecənin bir yarısı bu sətirləri yaza-yaza xəyali olaraq o jurnaldan böyük mavi kitabı əlimə alıb şeirin altındakı, əslində yaddaqalan amma qəribə, biradlı imzanı xatırlayıram: DİLSUZ.

Ona verdiyimiz ilk sual yaşının bu çağını yaşayan yazıçıya veriləsi sual deyildi əslində. Amma nə edək? Bunun təqsirinin yarısı bizdə idisə, yarısı da özündə olmuşdu. Nə o bu illər ərzində ortalığa çıxmışdı, nə biz onu yaxından tanımağa can atmışdıq:

“1945-ci ildə Mirbəşir, indiki Tərtər rayonunda anadan olmuşam. 1962-1968-ci illərdə o vaxtkı adı ilə desək Azərbaycan Politexnik İnstitutunda oxumuşam. Orta məktəb illərindən yazmağa başlamışam. Çap olunurdum. İnstitutu bitirdikdən sonra radioda işlədim. 1979-cu ildə “Azərbaycan” jurnalına gəldim, əvvəl ədəbi işçi, sonra publisistika şöbəsinin müdiri oldum. 1993-cü ildən iki il əvvəl pensiyaya çıxana qədər Nazirlər Kabinetində işlədim”.

Ədəbiyyata, xüsusilə şeirə münasibətindən danışırıq. Ad çəkmək istəmir. Yersiz iradlardan çəkinir: “Deyəcəklər, özü yazmır, yazanı da bəyənmir, nihilistdir, paxıldır. Yaxşı olar, elə özümdən misal gətirim:

Buludlar sökülər yağışlarıyla,

Sellər ürəyimdə tövşüyər yenə,

Dağlar qırov-qırov naxışlarıyla,

Burnumun ucunda üşüyər yenə.

Bütün şeiri deməyə lüzum görmürəm. Düşünürəm ki, fikrimi çatdırmaq üçün bu bir bənd də kifayətdir. İndi burada misraların yerini dəyişək; aşağıdakı iki misranı götürüb yuxarı qoyaq, yuxarıdakı iki misranı da aşağıya və yaxud da bu üsulla sətirlərin yerini dəyişək, heç nə dəyişməyəcək. Sətirlərin “əməliyyat”ını bütün şeirdə aparaq – ikinci bəndi beşinci bəndin, yeddinci bəndi üçüncü, dördüncü, altıncı bəndin yerinə qoyaq – yenə heç nə dəyişməyəcək. O vaxt mənim bu və buna bənzər şeirlərim çox bəyənilirdi və təbii ki, mən də məmnun qalırdım...”

Günlərin bir günü bukinistdən Nazim Hikmətin şeir kitabını alır. Özü də Nazimi ona Tofiq Abdin tərifləyibmiş. Otuz qəpiyə alıbmış kitabı: “Sonralar hamıya deyirdim ki, otuz qəpiyə dünyanın ən zəngin xəzinəsini almışam! Kitabı elə-belə açdım, gördüm nə cür gəldi səpələnmiş sözlərdi. Bir şeirin ortasından bir misra oxudum:

Orkestr matəm marşı çalar,

bir hasarın dibində

basdırarıq ölülərimizi

bərəkətli toxumlar kimi...

misra məni tutdu, sehrləndim. Həmin gecə səhərə kimi Nazim Hikmətin kitabını oxudum və başa düşdüm ki, mənim yazdıqlarım Şərq ornamentləri ilə bəzədilmiş kərpicdən başqa bir şey deyil. Fərqi nədi – hansı kərpici altda, hansı kərpici üstdə qoyacaqsan”.

Tələbəliyinin ilk illərində hər gün beş-on şeir yazırmış. Nazim Hikməti oxuyandan sonra uzun müddət heç nə yaza bilmir: “Fikirləşdim ki, yazırsansa, ən azı, onun kimi yazmalısan, görsən ki, alınmır, utanma, qələmi kişi kimi qoy yerə! Meydan sənin meydanın deyil!”

Sonuncu şeiri beş-altı il əvvəl yazıb. Gülümsəyərək əlavə edir: “Yazdım, gördüm, yox, yazmaq olur”. Şeirlərini saytda verməyə hazır olduğumuzu deyirik. Yenə eyni məsuliyyət, yeni eyni tələbkarlıq. Razılaşmır, deyir: “Onu mən gərək bir də nəzərdən keçirim, görüm hansı şeir hansı ilə uyğun gəlir, sonra verim. Bir-iki aya hazırlayıb verərəm”.

Eyni zamanda nəsrdə daha çox Henrix Bölldən bəhrələnib: “Henrix Böll əslində Dostoyevski ədəbi məktəbinin nümayəndəsidir. Mənim qənaətimə görə, Dostoyevski Henrix Bölldə köhnəlir. Henrix Böll də Folknerdə köhnəlir. Bu, ədəbiyyatın inkişafıdır!

Bir də mən köhnəlmək deyəndə yaradıcılıq texnikasının nə dərəcədə yeni olub-olmamağını nəzərdə tuturam. Məsələn, Çingiz Aytmatovu götürək. Onun qədər böyük yaradıcılıq laboratoriyası olan ikinci bir yazıçı bəlkə də, yoxdur. Bununla belə, onun istifadə etdiyi – bəhrələndiyi texnologiya müasir texnologiya deyil. Çingiz Aytmatov, əsasən milli və fəlsəfi mülahizələrinə görə gündəmdə qala bilir. Məncə, bu işlə daha çox siyasətçilər və filosoflar məşğul olmalıdırlar. Ədəbiyyatın isə predmeti başqadır.

Mən Dürremantın “Yaşlı xanımın gəlişi” pyesini tərcümə etmişəm. Rejissor Rövşən Almuradlı onu Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyub və pyesin qayəsini bir qədər siyasiləşdirib. Halbuki o əsərdə siyasi heç nə yoxdur, sadəcə, yeni, məhz yeni texnologiya ilə işlənilmiş insan taleyi və həyat həqiqətləri var. Əlbəttə, mənim bu dediklərim də doqma deyil, hər rejissorun öz “Hamleti”i, öz yozumu var...”

Onun məşhur “Yol” povestindən danışırıq. İnadla deyir ki, bu povest deyil, hekayədi. Povestin “Çağdaş Azərbaycan povestləri” kitabında yer almasını əsas gətirsək də yenə inadından dönmür, deyir, “Yol” hekayədi: ”Nə olsun, həcmi böyükdü, hər janrın öz tələbləri var. Bu, hekayədi. Amma “Heyva iyi” povestdir. Kimsə ona roman deyə bilər və deyirdilər də, amma o povestdir. “Heyva iyi”ni ilyarıma işləmişəm, qətrə-qətrə, prinsipim də bu olub: “Hər gün ədəbi namusu yerində olan bir cümlə...”

“Heyva iyi” müəyyən səbəblər üzündən isti-isti çap olunmur. Amma, nədənsə sonralar da buna cəhd göstərmir: “Ümumiyyətlə, qəribə də olsa, mən, əsasən, yazdığım yox, yazacağım əsərlər barədə daha çox düşünürəm. Yaxşıdı, pisdi, bilmirəm.”

Sən demə, “Yol”u, sadəcə özümü nəsrdə sınamaq üçün yazıbmış. Amma, əslində, “Heyva iyi” adlı povest yazmağı düşünürmüş.

Biz, sadəlövh oxucular, adətən, yaxşı, təsirli əsərlərin həyatdan götürüldüyünü zənn edirik, axı? “Yol” da bu baxımdan istisna deyil. Amma görək müəllif nə deyir: ”O əsər həyatdan götürülməyib. Nə elə hadisəyə rast gəlmişəm, nə də elə insanlar tanımışam. Ola bilsin o dövrün tələbə-müəllim münasibətləri təhtəlşüur olaraq burada öz əksini tapıb”.

Əsər ilk dəfə “Azərbaycan” jurnalında çap olunub. Tənqid edənlər də olub, bəyənənlər də .Tənqid edənlər ən çox əsərdə obrazın adının olmamağını arqument kimi götürürlərmiş. Hətta, bununla bağlı Yazıçılar Birliyində iclas keçirilib. Kimlər idi o tənqidçilər? Soruşduq. Demədi. Ad çəkməkdən qəti şəkildə imtina elədi, dedi artıq nə mənası?

Bəlkə ilk nəsr təcrübələrini edən birinin bu qədər sərt tənqid olunması imiş onu yazmaqdan soyudan: “Qətiyyən. Mən heç vaxt yazmaqdan soyumamışam. Heç vaxt. Sadəcə mənim ədəbiyyata baxışım belə idi. Ya mən son dərəcə yaxşı şey yazmalıyam, ya da yazmamalıyam”.

Cəmi bir kitabı var. Şeir kitabı. Çap olunduğu tarixi də unudub. Axı biz elələrini tanıyırıq ki, hansısa bir əsəri haqqında yazılmış kiçik məqalənin neçənci ildə, hansı mətbu orqanında çap olunduğunu belə unutmayıb...

O, qarşınıza belə bir tələb qoyub yazmadı, amma bu cür tələbi olmayanlar yazdılar və yaxşı-pis uzun illərdən sonra onların adı çəkilir, ortalıqdadırlar, Dilsuzun adı isə yox: “Mən heç vaxt adımın çəkilməsi üçün yaşamamışam. Hazırda Anatoli Krımın tərcümə etdiyim “Keçmişdən rəng” pyesində belə bir yer var: “Min potensial dahidən biri öz imkanlarını reallaşdıra bilir”. Bir də ki, mən elə də az yazmamışam. Şeir kitabım çıxıb. “Heyva iyi” povestimi üzümüzə gəl il üçün çapa hazırlayıram. Gürcü yazıçısı Mixail Cavaxaşvilinin “Günahsız Abdulla” hekayəsinin motivləri əsasında televiziya tamaşası yazmışam – çox da uğurlu alınıb – aradan 40 ildən də çox vaxt keçməsinə baxmayaraq, göstərilir. Çoxlu şeir, hekayə, pyes tərcümə etmişəm, mahnı mətnlərim var. Yeri gəlmişkən, mən tərcüməni bədii ədəbiyyatın çox ciddi sahələrindən hesab edirəm. Eyni əsər bir tərcüməçidə yaxşı, bir tərcüməçidə pis alınır. Bu yazıçı ilə tərcüməçinin ruhca, savadca, mədəniyyətcə bir-birinə nə dərəcədə yaxın olmasından asılıdır.

Son illərdə səksənə yaxın nağıl kitabı nəşr etdirmişəm.

Mən yenə deyirəm: az yazmamışam. Amma mümkündü ki, hansısa oxucu daha çox şey gözləyir, umur – bu başqa məsələ. Lakin bir həqiqət də var: Min pisdən bir yaxşı yaxşıdır!”

Az yazmağının səbəb nə idi? Maddi sıxıntılarmı, ailəmi? Əksər yazıçıların ailə qayğısı da olur, maddi sıxıntısı da. Bu məhrumiyyətlərə baxmayaraq yenə də yaxşı-pis yaradırlar: “Heç bir problemin arxasında gizlənmək, özümü sığortalamaq istəmirəm. Amma həqiqətən də, ciddi ailə ilə ciddi ədəbiyyat hardasa yola getmir, bir-birinə mane olur. Sən deyə bilməzsən ki, eybi yoxdur, ailə bu gün olmasın, sabah olar, amma deyə bilərsən ki, bu gün yaza bilmirəm, eybi yoxdu, sabah yazaram...

Mən sabaha həmişə inanmışam və yazmamağın yeganə səbəbi bu inam ola bilər”.

Son iki-üç il ərzində çoxlu nağıllar yazıb, sonra da kitab şəklində çap elətdirib:

“Almanlar İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra başqa xalqlarda özlərinə qarşı nifrət hiss etdilər və bu kin-küdurətə qarşı yaşamaq, həqiqətən də çətin idi. Təsəvvür edin: Biz – dünyadan bixəbər uşaqlar harda atlı qarışqa görsək, öldürürdük ki, alman əsgəridir, harda piyada qarışqa görsək yuvasının qıraqlarına çörək ovub tökürdük ki, sovet əsgəridir. Amma alman ziyalıları - filosoflar, sosiolaqlar, psixoloqlar, yazıçılar və s. – vətənlərinə və xalqlarına qarşı olan bu nifrəti nəinki aradan qaldırmağın, hətta onu sevgiyə çevirməyin çarəsini tapdılar. Bilirsizmi nədə! Nağıllarda. Alman yazıçıları uşaqlar üçün nağıllar yazdılar və həmin nağılların dünya xalqlarının dillərinə tərcümə olunmasında fəal rol oynadılar.

Həmin nağıllarda ağıllı, mədəni, xeyirxah, cəsur, saxtalıq və həsəddən uzaq, qabiliyyətli, haqq-ədalət tərəfdarı və zəhmətkeş bir xalq kimi təsvir olunurdular. Beləliklə, heç on il keçmədi ki, Yer üzündə almanlara nifrət edən bir nəsli almanları sevən bir nəsil əvəz etdi.

Bu dediklərimi “Çinar” nəşriyyatının direktoru Qoşqar Qarayev hardasa oxumuşdu və bir gün məni

yanına dəvət edib dedi ki, niyə bizim nağıllarımızın qəhrəmanları balacaboy, cırtdan və yaxud nənəsinin kələflərini oğurlayıb satan keçəl-küçəldi? Gəl, biz bunların tərsini işləyək, təzə nağıllar yazaq, dünyaya çıxaq. Və beləliklə, mən səksənə qədər nağıl yazdım. Sonra Qoşqar Qarayev – Allah ona rəhmət eləsin – rəhmətə getdi və layihəmiz yarımçıq qaldı. O mənə və rəssama qonorar verirdi, nəşriyyat xərclərini də öz üzərinə götürmüşdü. Arzusu da bu idi ki, başqa xalqlar uşaqlarına nə verirlərsə, biz də onu verək – inkişaf eləsinlər, dünyadakı yaşıdlarından geri qalmasınlar. Məsəl var, deyir, sən saydığını say, gör fələk nə sayır – biz uşaqlarımızın ən böyük xeyirxahını qırx yaşında itirdik...

Qoşqar Qarayevin sağlığında Atatürk Mədəniyyət Mərkəzində həmin kitabların təqdimat mərasimi oldu və akademik Bəkir Nəbizadə həmin kitabları uşaqlarımız üçün ən dəyərli “vaksin” adlandırdı.

Doğurdan da, umurduq ki, bu ruhda böyüyən uşaq yaxşı insan – yaxşı vətəndaş olsun ki, başını başlara qoşsun və qalib gəlsin!”

Dilsuz yazıçıların kitab üzü açmamağından şikayətçidir:

“Elə bil ki, zaman bizim xalqa təsir eləmir. Elə Mirzə Fətəli Axundovun vaxtındakı kimiyik – mənəviyyatca dəyişməmişik! Səbəb isə birdir: Pis yazırıq və az oxuyuruq. Bu gün Azərbaycanda Səməd Vurğunu ürəkdən sevən, amma bir misrasını da oxumayan milyonlarla insan var! Elə jurnalist, yazıçı tanıyıram ki, otuz ildə bir kitabın üzünü açmayıb! Hələ sovet dövründə - insanların kitab, dəftər, qəzet qırıntılarını təhvil verib kitab aldıqları vaxtda Azərbaycan kitab satışına görə SSRİ-də axırıncı yeri tuturdu. Bu, dəhşətli statistikadır! Görün vəziyyət necə olub ki, onda içimizdə olan kitab oxumağa meylli xalqlar da, bu statistikaya təsiri edə bilməyib!”

Qəribədir. Bəlkə ölkədə hamının əzbər bildiyi “Bura vətəndir” şeirinin mahnıya çevrilməsindən danışırıq. O yenə də etiraz edir: “Bu mahnı mətnidir, şeir deyil”. Bu yerdə bayağı musiqilər üçün sözlər yazıb, sonra özlərini inadla şair adlandıranlar yadıma düşür. Utanıram, onların yerinə utanıram: “O vaxt mən mahnı mətnlərinə də ciddi yanaşırdım, çalışırdım ki, adıma layiq olsun. Yoxsa yüzlərlə mahnı yaz, heç biri də yadda qalmasın. Hərə bir şeydən qorxur. Mən də həmişə öz adımdan qorxmuşam. Bu imzanı heç vaxt pis yazının altından yazmamışam”.

“Dilsuz”un mənası “yanar ürək” deməkdir. Müəllim əmisi qoyub ona “Dilsuz və Xəzəngül” adlı dastandan götürülmüş bu adı.

Hə... Deyirlər... Deyirlər adın insan xarakterinə, taleyinə təsiri böyükdü. Bu da əsl nümunə. Dilsuzun qəlbi ədəbiyyat üçün yanmayıbmı? Hər oxuduğu əsərə, hər yazdığı əsərə, cümləyə, sözə son dərəcə məsuliyyətlə, əlahiddə ciddiyyətlə yanaşmağın nəticəsi deyilmi indi imzası ancaq dar ədəbi çevrələrdə tanınır? Bir an olsun ədəbiyyat qarşısındakı ciddiyyəti unutmamaq. Hətta maddi nemətlər, fəxri adlar, məşhurluq naminə belə bu ciddiyyəti unutmamaq, həmişə ədəbiyyata bir sevgili kimi sadiq qalmaq... Bəs bu yanmaq deyilmi? Kərəm kimi yanmaq...

P.S. Müsahibədən sonra Dilsuz müəllim artıq “öyrəşdiyimiz” ciddiyyəti bir daha təkrarlayıb müsahibənin yaxşı alınmadığını söylədi. Dedi bəlkə verməyəsiz. Sonra müsahibəyə bir daha baxması üçün razılaşdıq, əgər müsahibə onu qane edəcəksə verəcəyik. Əgər siz indi bu sonuncu cümləni oxuyursunuzsa, deməli, bəyənib, heç olmasa, ömründə bir dəfə ədəbiyyat qarşısında “yumşalıb”.

P.P.S. Müsahibəni oxuyan Dilsuz müəllim xeyli düzəlişlər elədi, özünün bir neçə vərəqdəki əlavələrini redaksiyaya gətirdi. Müsahibəni onun sonradan elədiyi əlavə və dəyişikliklər əsasında təqdim edirik.

# 4741 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #