Elçinin ən böyük müttəfiqi

Elçinin ən böyük müttəfiqi
26 aprel 2013
# 11:28

Abid Tahirli

Azərbaycan ədəbiyyatının canlı klassiki, görkəmli dövlət xadimi Elçinlə şəxsi tanışlığımın tarixi az qala 30 ilə yaxındır. Açığı və səmimi deyirəm ki, Elçin yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı o dövrlərdə yazmaq indikindən qat-qat rahat idi. Hərçənd ki, həmin vaxtlarda da 60-cı illər ədəbiyyatının yaradıcılarından və parlaq simalarından sayılan Elçinin yaradıcılığı çoxşaxəli və zəngin, fəaliyyəti də coşqun və diqqətçəkən idi. İllər ötdükcə Elçin irsinə və şəxsiyyətinə daha məsuliyyətlə müraciət etməyin vacibliyini şərtləndirən bir mühüm amil var: Elçin zamanı qabaqlayır, əlçatmaz olur, cəmiyyətin və ədəbi mühitin önündə gedir. Elçinin yaradıcılıq texnologiyası o qədər cazibədar, rəngarəng olmuş, eyni zamanda yaradıcılıq tempi o qədər artmışdır ki, hərdən adama elə gəlir ki, onun özü ədəbi mühitin içində bir ədəbi mühitdir. Bəzən onun ədəbi irsi – romanları, povestləri, pyesləri, hekayələri, ədəbi-tənqidi görüşləri, tərcümələri, ssenariləri, publisistika nümunələri bir nəfərin yox, bir ədəbi nəslin irsi kimi görünür. Lakin bunlarla iş bitmir, bu məsələnin bir tərəfidir. Elçin eyni zamanda ölkəmizdə mədəniyyət siyasətinin formalaşdırılmasında və onun istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayan simalardan biri kimi ədəbi-mədəni mühitin tərəqqisinə təkan verir.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, Elçinin əmək yolu, idarəçilikdə və təşkilatçılıqda qazandığı zəngin təcrübə onu çalışdığı sahənin ən sanballı və görkəmli nümayəndələrindən birinə çevirmişdir.

AMEA-nın Ədəbiyyat İnstitutundan başlayan bu yol, Yazıçılar Birliyində və «Vətən» Cəmiyyətində daha da genişlənir, şaxələnir. Azərbaycanın hüdudlarından çıxır. Elçinin istər bədii, istər tənqidi, publisistik yaradıcılığı onun böyük istedad və zəka sahibi olduğunu təsdiqləməklə yanaşı, xarakterinin və portretinin ana xəttini, qabarıq cizgilərini də müəyyənləşdirməyə imkan verir: prinsipialdır, qətiyyətlidir, səmimidir, sədaqətlidir, məsuliyyətlidir, humanistdir, yalana, şərə, böhtana, simasızlığa dözümsüzdür. Öz təbiri ilə desək, Elçinin ən böyük müttəfiqi isə əlahəzrət həqiqətdir.

Əlbəttə, Elçin müxtəlif insanların nəzərində daha başqa-başqa üstün keyfiyyətlərə də sahibdir. Nəvəsinin gözündə Elçin dünyanın ən böyük babasıdırsa, yıxılmaqda, uçqunun bir addımlığında olan, lakin Elçinin yardımı ilə ölümdən geri dönən insana görə Elçin xilaskardır. Mən bəlkə də Elçində hamının hər gün gördüyü, müşahidə etdiyi, lakin çoxlarının fərqinə varmadığı tükənmək bilməyən, illərlə ondan ayrılmayan bir keyfiyyətindən iki-üç kəlmə ilə bəhs etmək istərdim.

Elçin heyrətlənmək, təəccüblənmək təşnəsidir. O, qarşındakı əsərinmi, yaxud həmsöhbətinmi onu təəccübləndirməsini, heyrətləndirməsini istəyir, arzulayır. Elçinin özü isə əsəri ilə, söhbəti ilə qarşısındakını heyrətləndirməyin ,təəccübləndirməyin mahir ustasıdır. O, Baladadaşdan üzü bu yana - indiyədək obrazlarında daim buna meyl edir, buna can atır və istəyinə çatır. O, mövzu seçməsində, ədəbi üslub və düşüncələrində, tənqidi görüşlərində də belədir, həyatda da. Dəfələrlə bunun şahidi olmuşam. Dünyanın müxtəlif ölkələrindən, fərqli həyat və düşüncə tərzinə sahib, müxtəlif peşə sahibləri – yazıçı, şair, diplomat, şərqşünas, qərbşünas, rəssam, sənətşünas, hətta həkim… daha kimlər Elçinlə görüşün unudulmaz, zəngin təəssüratlarından uzun müddət ayrıla bilmədiklərini dəfələrlə söyləmiş, yazmışlar. 1990-cı illərin ortalarında xarici ölkələrdən birinin ölkəmizdəki sabiq səfiri Elçinin qəbulundan çıxanda şair-publisist Dilsuzla üz-üzə gəlir və qeyri-ixtiyari «bu adam dahidir, bu adam ensiklopediyadır» - deyir və tərcüməçi onun dediklərini şairə çatdırır… Sonradan Dilsuza məlum olur ki, Elçin səfirlə söhbətində toxunulan məsələ – din və vicdan azadlığı barədə danışanda öz fikirlərini səfirin təmsil etdiyi ölkənin , eləcə də dünya ədəbiyyatı klassiklərinin əsərlərindən gətirdiyi sitatlarla da əsaslandırırmış.

Mən Elçini 70 yaş ərəfəsində belə görürəm, arzu edirəm ki, o, uğurları ilə bundan sonra da heyrətləndirməyi, təəccübləndirməyi bacarsın.

# 3465 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #