Dünyanın ən saxta toyu

Dünyanın ən saxta toyu
11 oktyabr 2013
# 11:57

Kulis.Az rejissor Cavid Təvəkkülün hekayəsini təqdim edir.

Sen Trope

Günəş qızmar şüalarını insanlardan əsirgəmirdi, dəniz ləpələrini sahilə elə poetik çırpırdı ki, istirahət edənlər bu görüntüdən zövq alsınlar. Çimərlik boyu incə belli, uzun boylu qızlar, enlikürək, əzələli oğlanlar günəşlənirdilər. Aralıq dənizi boyu köhnə, amma rəngarəng tikililər, müasir kafe, restoranlar, son marka avtomobillər, dənizin ortasında yaxtalar, yelkənlər, səmada yellənən çərpələnglər... Bolqar estrada ulduzu Azisin “Sen Trope” mahnısı sahil boyu eşidilir. Gülərüz insanlar, dünya kinosu və musiqi ulduzlarının seçdiyi bir məkan, Sen Trope. Bura Sen Tropedir.

O iri çətirlərin altındakı masadan qalxıb, çimərlik paltarlarında “PORSCHE CAYENNE TURBO S” markalı avtomobilinə yaxınlaşdı. Əslində o bunu bilərəkdən edirdi, özü bilərəkdən əyninə paltar geyinmirdi ki, kişiləri özünə cəzb etsin. O bilirdi ki, hamı ona baxır və bunu bilərək daha da ədalanırdı, daha da nazlanaraq avtomobilinə yaxınlaşırdı.

Avtomobilinə yaxınlaşıb dayandı, qəddini bir qədər düzəldib şux durdu, bir anlıq gözəl, qəddi-qamətli olduğunu hiss etdi. Gözündəki qara, iri gün eynəyini çıxarıb ətrafına göz gəzdirdi, hamı ona baxırdı, hətta qadınlar belə. Hamı onun gözəlliyinə vurulmuşdu, amma heç kim onun Azərbaycandan olduğunu bilmirdi, adamlara elə gəlirdi ki, o yenicə parlamaqda olan kino aktrisadır və yaxud MTV-də mövsüm açılan kimi kliplərini görəcəklər onun, müğənidir.

Dərindən nəfəs aldı, selikonlu dodaqlarında təbəssüm göründü. Bütün halından razı idi bu gözəl, İspan kino aktyoru Havyerin ona göz atmağı onu daha da qızışdırdı.

Ədalı-əddalı əlini atıb avtomobilinin qapısını açmaq istəyərkən arxadan kimsə onu səslədi.

- Xanım...xanım...

Şadlıq sarayının iki yüz əlli nəfərlik zalındakı iki yüz otuz nəfərin səs küyü bir yana, musiqiçilərin Bolqar gey müğənni Azisin “Sen Trope” mahnısının gor-gobud şəkildə ifası və üzünə dirənib qalmış qarasifət ofisiantın siması onu xəyallardan ayırdı. O ağ köynəkli, mavi bantlı, qarasifət ofisianta baxdı, onu bu xəyallardan ayırdığına görə istədi onun üzünə tüpürsün, amma olmazdı, axı o gəlindi, bu gün onun toyudu.

- Xanım aş gəlsin?... - deyə ofisiant dilləndi.

- Saat neçədi ki?... – Gəlin bəydən soruşdu.

- On tamam... - ofisiant bəyə ağzını açmağa imkan vermədi.

Gəlin başıyla razılıq verəndən sonra, ofisiant sevincək bığıburma administrator tərəfə qaçdı.

Gəlinlə bəyin bir-birlərinə sevgi və ehtiras dolu baxışlarını görən qonaqlar sevinirdilər, daha çılğınlıqla rəqslərinə davam edirdilər. Gəlinin ata-anası masadan qalxmayaraq alicənabcasına gələn qonaqların xeyir-dualarını, təbriklərini qəbul edirdilər. Gəlinin qardaşı dostlarıyla gözdən uzaq bir masada yeyib içirdi.

Gələn qonaqlardan bəziləri bu izdivaca ağız büzsələr də, gəlməyə məcbur idilər, çünki gəlin xeyir-şərdən qalmayan biri idi, bütün çağırılan məclislərə gedərdi, bir şadyanalıqdan qalmazdı.

Bəy çox yaraşıqlı görünürdü, hələ gəlinlə lirik musiqi altında rəqs edəndə neçə gözlər çıxdı, onu Allah bilir, gəlinin bacısı sevincindən xoşbəxtlik və fərəh göz yaşlarını boğmadı da.

Bacının ağlamağına səbəb də vardı, bayaq məclisin tamadası deyəndə ki, bəyin ata-anası hələ o uşaq olarkən avtomobil qəzasında həlak olub, gəlinin bacıyla birgə çoxlarının gözü doldu, çoxlarının bu gəncə yazığı gəldi. Çoxları da indən belə onun gün görəcəyinə inandı, axı gəlin çox işgüzar bir xanım idi. Onun işgüzarlığından bütün qonaqlar danışırdı.

Bəy evini ağsaqqal əmi, böyük qardaş və iki dost təmsil edirdi, onlar da babat vurmuşdular, özü də tamadanın bu qəmli əhvalatı dedikdən və əminin xeyir duasından sonra, sanki dərdi-sərlərini dağıdırdılar.

Budur aş gəldi.

Aşdan sonra bəylə gəlin üçün növbəti lirik musiqi. Gəlin bəyin boynundan sarılıb başını onun çiyninə qoymuşdu. Gəlin arada başını qaldırıb sevgi dolu baxışlarla, sanki illər boyu gözlədiyi bu günü ona bəxş etdiyinə görə bəyə minnətdar olduğunu bildirirdi. Bəy də sevginin gücünə tab gətirə bilməyərək təşəkkür əlaməti olaraq onu öpmək istəyəndə gəlin işvəylə, ədayla, nazla ayıbdı deyə öpüşlərdən qaçırdı. Kənarda rəqs edən subay gənclər onlara qibtəylə baxırdılar və ürəklərində “ilahi, sən bir sevgiyə bax” deyirdilər.

Və budur məclis bitdi. Qonaqlar deyə - gülə dağılışdılar.

Bəylə gəlinsə kirayə tutuqları evlərinə getdilər. Sabah səhər də bir aylıq bal ayına gedəcəkdilər. Bunu toyun əvvəlində tamada demişdi.

Kirayə tutulmuş hər bir şəraitli iki otaqlı evdə bəy şampan partlatdı.

- Xeyirli olsun, yaxşı yola verdik... - deyə bəy dilləndi.

- Pis oynamadın rolunu, xoşuma gəldin, amma arada gijdiyirdin. O nə idi, öpmək istəyirdin məni. Bəs qonum-qonşudan, qohum-əqrəbadan ayıb deyil? - deyə gəlin yerdə oturub yığılmış pulları səliqəylə bir yerə yığaraq dilləndi. Bəy əyilib onun yanında əyləşdi və əlindəki şampan dolu qədəhi gəlinə uzatdı. Gəlin qədəhi alıb ciyəri yanırmış kimi başına çəkdi.

- Bəlkə adət-ənənəni davam etdirək? - bəy ehtirasla dodaqlarını gəlinə uzadıb onu öpmək istədi.

- Nə danışdığını bilirsən? Kim olduğun yadından çıxıb deyəsən? Stolun üstünə qoymuşam, üç min, danışdığımız kimi, götür get. Səhər tezdən qalxmalıyam, tez elə.- Gəlin sərt baxışlarla, ciddi sima alaraq dilləndi. – Kostyumu da sənə hədiyyə edirəm, rolunun öhdəsindən yaxşı gəldiyinə görə...

Bəy etdiyi hərəkətdən peşman və pərt olmuş vəziyyətdə ayağa qalxıb stola yaxınlaşdı. Səliqəylə düzülmüş otuz yüz manatlıq əskinaslara baxıb onları kostyumunun döş cibinə qoydu.

- Yaxşı, onda mən gedim, gəl qapını bağla. - Bəy sözünü dedikdən sonra dəhlizə tərəf getdi. Gəlin onun ardından qapını bağladı.

Gəlin pulları saymağa davam etdi. Yaxşı pul yığılmışdı, hardasa yeddi min xeyri vardı. Xərclədiyi pullardan əlavə qazancı yeddi min idi. O bütün bu məclisi öz gücünə yola vermişdi və indi heç kimə heç nə borclu deyildi. Evdə də ana- atasına demişdi ki, neçə illərdi onlar bəylə birgə toy üçün pul yığırlar. İndi o ancaq sabah haqqında düşünürdü. Bir aydan sonra bal ayından qayıdanda deyəcəyi əfsanəni bir daha yadına saldı. Demək, onlar Bodrumda istirahət edərkən bu alçaq, şərəfsiz bəy ukraynalı bir qıza vurulur və onunla Kiyevə qaçır. Burda deyirlər da, yetimə deyirsən kimi vurarsan, deyir mənə çörək verəni. Bu yazıq da vətənə tək dönüb, indi də utandığından adam içinə çıxa bilmir. Hər şeyi bəri başdan hesablamışdı. Qarnındakı yeddi həftəlik körpəsiylə namusuna sığınıb tək qalacaqdı, kim bilir və bir gün bir xeyirxah adam onu qəbul edəcək, ona himayədarlıq edəcək. Ata-anası da bunu taleyin bir qisməti olduğunu sanıb razılaşmaqdan başqa əllərindən bir iş gəlməyəcək və yeni bir xeyir-duanın təməli qoyulacaqdı.

Əslində o bunların hamısını əvvəlcədən düzüb-qoşmuşdu, uşağın atası da məlum idi, həttda bəyin pulunu və bir neçə xərcləri o vermişdi. Neynəmək olar, yeddi həftəlik uşağın atasının qanuni ailəsi vardı və buna baxmayaraq o doğulacaq körpənin anasını sevirdi, ondan ayrıla bilmirdi, gələcəkdə körpə kirayələrdə böyüməsin deyə hətta ona ev də almışdı.

Amma indi gəlin o evə gedə bilməzdi, indidən o evin yerini satmaq olmazdı qohum-əqrəbaya. Yeddi həftəlik uşağın atası imkanlı biri idi və gəlin ondan istifadə edirdi. Elə toy haqda bu fikri kişiyə deyəndə o çox bəyənib razılıq vermişdi. Axı gəlin el içində rüsvay ola bilməzdi, bəs mentalitet, bəs qeyrət, namus? Xalq ona nə deyərdi, atası məhəllə qarşısındakı bütün günü nərd oynayan kişilərin üzünə necə baxardı, qardaşını heç kim yeyib-içməyə aparmazdı bir də.

Əslində gəlin özü bu mentallıqdan bezmişdi, ürəyi istəyən kimi yaşamaq istəyirdi. Kimdən harda nə doğacağını, necə yaşayacağını özü müəyyənləşdirmək istəyirdi və cəsarətli xanımlara qibtə edirdi, amma hələ tez idi deyə, bu məclisə qərar verdi ki, camaatın qınağından qurtulsun. Elə bu vaxt bətnindəki yeddi həftəlik uşağın atasından zəng gəldi.

- Ay can...Hə yaxşı oldu...Belə də, çoxu gəlməmişdi. - Gəlinin üzündən onun yalan danışdığı hiss olunurdu. - Xərclədiklərimi yığa bilmədim heç. Doğurdan verəcəksən? Nə sürpriz? İndi niyə demirsən axı? Deməsən sabah gəlməyəcəm. Nə? Doğurdan? Ura... Səni yeyərəm, səni...yeyim... - Gəlin paltarını hələ əynindən çıxarmamış qız sevincindən bilmirdi neyləsin.- Mənim adıma? Nə rəng? Düz deyirsən qara nədi, elə ağ yaxşıdı. Yaxşı pulun gedir, görüşərik, samalyotum 13:45 də uçur, sabah axşam bir yerdəyik.

Gəlin çox xoşbəxt idi, sevincinin həddi-hüdudu bilinmirdi, axı qarnındakı yeddi həftəlik uşağın atası ona “PORSCHE CAYENNE TURBO S” almışdı. Və sabah o İstanbula onun yanına gedib gəldikdən sonra həmən “PORSCHE CAYENNE TURBO S”-i sürəcəkdi. Heyif ki, bu il onlar Sen Tropeyə gedə bilmədilər, amma fərqi yoxdu, arzular bir-bir həyata keçməyə başlayır.

Bəy-gəlinin evindən çıxıb özünün “MERSEDES BENZ C 200” markalı avtomobilinə əyləşdi. Maşının içində artıq sərxoşluqdan mahnı oxuyan ağsaqqal, böyük qardaş və iki dost vardı. Bəy ağsaqqalla, böyük qardaşa məclisdə hamını inandırdıqlarına görə hərəsinə bir şax yüzlük uzatdı, dostlarsa elə yeyib – içməyə gəlmişdilər. Bəy qürurla avtomobilini işə saldı.

- Yaxşı oldu, pis keçmədi, amma zor şey idi, heç nə eləyə bilmədim... - Bəyin bu sözünə avtomobildəkilər də bərkdən gülüşdülər... – Hazırlaşın, biri gün də işimiz var, amma siz Allah çox içməyin...

Gəlin pulları səliqəyə salıb otaqda gizlətdi və bu vaxt qapının zəngi çalındı. Gəlin gələnin kim olduğunu bilirdi və qapını açdı. Məhəllə uşaqlarının içində hörmət qazanmış, iki ildə türmə həyatı görmüş gənc içəri daxil oldu. Gəlin tez onu boynuna sarıldı və oğlanın boyun boğazından vəhşicəsinə öpməyə başladı. Onlar çoxdandır, lap uşaqlıq vaxtlarından görüşürdülər, bakirəliyini də gələn gəncə qurban vermişdi gəlin.

- Bəs niyə gəlmədin, gözüm yolda qalmışdı, - deyə gəlin incik səslə dilləndi.

- Başın xarabdı? - Gəncin kobud səsini gəlinin bətnindəki yeddi həftəlik uşaq da sanki atasını eşidirmiş kimi eşitdi.

Nə bilmək olar bəlkə də...Onu bu işgüzar xanımdan başqa heç kim bilmir.

Yuxarı mərtəbədən Azisin “Sen Trope” mahnısı eşidilirdi.

01.09.2013

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #