Yazıçıdan kral olarmı?

Yazıçıdan kral olarmı?
27 sentyabr 2013
# 14:24

Tanınmış rus yazıçısı, satiriki və teatr tənqidçisidir. 1881-1925-ci illərdə yaşayıb. Nəsrdə Çexov üslubunun davamçılarından sayılır.

Korlara qayğı

A.Y.Sadovskayaya həsr olunur

1.

Günün bu saatlarında Kral bağı adətən açıq olurdu deyə gənc yazar Ave maneəsiz şəkildə bağa girdi. Qumsal cığırlarda bir az dolaşandan sonra yorulduğu üçün o, ahıl və gülərüzlü kişinin oturduğu skamyaya özünü yıxdı.

Ahıl və nurani cənab Aveyə tərəf döndü, qısa tərəddüddən sonra xəbər aldı:

- Siz kimsiniz?

- Mənmi? Aveyəm. Yazaram.

Naməlum kişi razılıqla gülümsədi:

- Yaxşı sənətdir. Həm maraqlı, həm də hörmətli.

Ave sadəlövhcəsinə soruşdu:

- Bəs siz kimsiniz?

- Mənmi? Mən – kralam.

- Bu ölkənin kralı?

- Hər halda. Başqa hansınınkı olacağam?!

Ave də xoşniyyətlilik göstərərək, dilləndi:

- Yaxşı sənətdir. Həm maraqlı, həm də hörmətli.

Kral köksünü ötürdü:

- Eh, heç deməyin. Hörmətli olmağına hörmətlidir, ancaq bu işdə maraqlı heçcə nə yoxdur. Çoxları kralın işini yağla bal zənn edir, ancaq, cavan oğlan, sizə deməliyəm ki, bu, əsla belə deyildir.

Əllərini yana açan Ave heyrət içində və uca səslə dedi:

- Əcəb qəribə işdir! Nədənsə indiyədək öz taleyindən razı olan bircə nəfərə də rast gəlməmişəm.

İstehza ilə gözlərini qıyan kral soruşdu:

- Bəyəm siz öz taleyinizdən razısınız ki?

- Çox da yox. Bəzən hansısa tənqidçi adamın aşının duzunu elə verir ki, az qalırsan hönkürəsən.

- Görürsünüz! Şəxsən sizin tənqidçiniz uzaqbaşı on, on beş nəfər olar, mənimkilərin sayı isə milyonlarladır.

Ave fikirli halda etiraz elədi:

- Sizin yerinizdə olsaydım, heç bir tənqiddən qorxmazdım, - başını bulayan yazar böyük təcrübəyə malik bir kral kimi qəddini dimdik tutaraq əlavə elədi: - Bu işdə əsas məsələ – yaxşı qanunlar yazıb, toqquşdurmaqdır.

Kral əlini yellədi:

- Bu da bir işə yaramır! Heç nə fayda vermir.

- Bunu sınamısınız?

- Sınamışam.

- Sizin yerinizdə olsaydım…

Qoca kral əsəbi halda çımxırdı:

- Mənim yerimdə olsaymış! Mən çox krallar tanıyıram ki, babat yazar olublar, ancaq ən aşağı səviyyəli, yəni üçüncü sort kral olan yazara rast gəldiyim heç yadıma gəlmir.

Mənim yerimdə olsaymış… Sizi bircə həftəliyinə öz taxtıma oturdub, baxardım görüm bundan nə çıxacaq…

Dəqiqliyi sevən Ave ehtiyatla xəbər aldı:

- Məni hara oturdardınız?

- Öz taxtıma!

- A-a! Öz taxtınıza?! Heç belə şey olar?

- Niyə də olmasın?! Sırf elə ona görə belə eləmək lazımdır ki, təbəələrin biz krallara duyduğu qibtə bəlkə azala… və bizi, biz kralları daha az, daha məntiqli tənqid edələr!

Ciddiyyətini qoruyan Ave dedi:

- Nə deyirəm… Hər halda özümü sınayardım. Ancaq indidən şərtimi deyirəm: bu işi ilk dəfə görəcəyim üçün bir naşılığa, qələtə… gülünc hərəkətə yol versəm, mənə qəzəblənməyin.

Kral razılıqla gülümsədi:

- Olsun, onsuz da bir həftə ərzində elə böyük qələtlər edəcəyinizi sanmıram… Hə, nə deyirsiniz, razısınız?

- Özümü sınayım da. Yeri gəlmişkən, beynimdə kiçik, ancaq çox nəcib bir qanun layihəsi var. Günü bu gün onu xalqa açıqlamağı düşünürəm.

Kral başını tərpətdi:

- Allah amanında! Durun, gedək saraya. Sayənizdə mən də bir həftə dincələrəm barı.

O dediyiniz qanun nəylə bağlıdır elə? Əgər sirr deyilsə?

- Bu səhər yolu keçəndə kor bir qoca gördüm. Əlinin və əsasının təması sayəsində yeridiyi üçün o, hər an faytonların təkərləri altına düşmək təhlükəsiylə üz-üzə idi… İmzalayacağım qanun da kor vətəndaşlara şəhər polisi tərəfindən kömək göstərilməsiylə bağlı olacaq. Kor piyadanın yaxınlaşdığını görən polis nəfəri əlindən tutmaqla, onu faytonların, çala-çuxurların, xəndəklərin yaratdığı təhlükədən qayğıkeşliklə qoruyacaq, onu düz evlərinə qədər ötürəcəkdir. Necədir, qanunu bəyənirsinizmi?

Kral yorğun-yorğun gülümsədi:

- Siz xeyirxah cavansınız. Allah özü köməyiniz olsun! Mən isə gedirəm yatım.

Otağına üz tutarkən kral mənalı şəkildə pıçıldadı:

- Zavallı korlar…

2.

Sadəlövh yazar Ave taxt-tacda üçüncü gününə başlamışdı. Haqqını vermək lazımdır: ötən günlərdə o, nə hakimiyyətindən gen-bol yararlanmışdı, nə də başqalarına təzyiq göstərmişdi. Yerində başqa birisi olsaydı, öz tənqidçilərini və digər qələm yoldaşlarını zindana atdırardı, rəiyyəti isə məcbur edərdi ki, hər səhər dükandan çörək əvəzinə, adambaşına ən azı bir ədəd, həm də yalnız və yalnız onun kitablarından alsın. Ave belə bir fərman imzalamaq arzusunu içində boğmuşdu. Krala söz verdiyi kimi, imzaladığı ilk qanun "Kor vətəndaşların kənar təsirlərdən (faytonlardan, atlardan, çuxurlardan və sairədən) qorunması və polislər tərəfindən müşayiət olunması barədə" idi.

Krallığının dördüncü günündə səhər çağı Ave kral kabinetinin pəncərəsi önündə durub, küçəni seyr edirdi. Qəfildən gözləri qarşısında dəhşətli bir mənzərə canlandı: bir cüt polis yoldan keçən kişini yaxasından tutaraq yerlə sürüyür, üçüncü polis isə adamı arxadan təpikləyirdi.

Bu səhnəyə biganə qalmayan Ave cəld pilləkənlə aşağı endi və bir dəqiqə sonra özünü oraya yetirdi:

- Bu adamı haraya belə sürükləyirsiniz? Niyə döyürsünüz? Nə günahın sahibidir o? Neçə nəfəri qətlə yetirib ki?

Polis nəfəri dilləndi:

- O, heç nə eləməyib.

- Bəs onda niyə onu incidirsiniz?

- Zati-aliləri, bu adam - kordur. Qanunun tələblərinə görə isə biz onu şöbəyə aparmalıyıq.

- Qa-nu-nun tə-ləb-lə-ri-nə gö-rə?

- Hə də! Üç gün əvvəl xalqa açıqlanaraq, qüvvəyə minən qanunun tələblərinə görə.

Eşitdiyindən sarsılan Ave əlləriylə başını tutub, inildədi:

- Bəyəm bu, mənim qanunumdur?!

Arxa tərəfdən keçən varlı-hallı bir vətəndaş narazı halda deyindi:

- Əcəb qanunlar imzalayırlar, vallah! Bunlar nə fikirləşirlər görəsən? Bilmirsən ki, istədikləri nədir?!

Başqa birisi də onunla razılaşdı:

- Hə, ço-o-x məntiqli qanundur. Onda deyilir ki: "Küçədə gözə dəyən hər bir kor vətəndaş yaxasından tutulub, sürüdülmək yoluyla, həm də təpik və dəyənək yağdırılmaqla, şöbəyə aparılmalıdır". Ço-o-x məntiqlidir! Mərhəmətə bax ey! Bu ki insana qayğının lap zirvəsidir!

Bir göz qırpımında öz kral kabinetinə dönən Ave səsini başına atdı:

- Naziri bura çağırın! Harada olursa-olsun, cəld onu tapıb, bura çağırın! Bu işi şəxsən özüm araşdıracağam!

3.

Araşdırma əsnasında "Kor vətəndaşların kənar təsirlərdən qorunması barədə"qanunla bağlı durum aydınlaşdı.

Hər şey aşağıdakı kimi baş vermişdi.

Taxta çıxdığı ilk gün Ave naziri hüzuruna çağırıb, ona tapşırmışdı:

- "Kor vətəndaşların kənar təsirlərdən (faytonlardan, atlardan, çuxurlardan və sairədən) qorunması və onların evlərinə qədər polislər tərəfindən müşayiəti barədə" qanun qüvvəyə minməlidir.

Ona təzim edərək gedən nazir şəhər merini kabinetinə çağırıb, ona göstəriş verdi:

- Belə bir qanun qüvvəyə minib: korların müşayiətçiləri olmadan küçəyə çıxması yasaqlanır. Bu qaydanı pozan şəxslərin gərəkli ünvana çatdırılması isə polis əməkdaşlarının vəzifə borcudur.

Nazirin otağından çıxan şəhər meri polis rəisini yanına çağırıb, ona təlimat verdi:

- Şəhərin küçələri müşayiətçisi olmadan gəzən korlarla doludur. Buna son qoymaq lazımdır! Əməkdaşlarınıza tapşırın, bələdçisiz korları əlindən tutmaqla, gərəkli yerə qədər aparsınlar.

- Baş üstə.

Polis rəisi elə həmin gün öz bölmə rəislərini başına yığıb, onlara belə göstəriş verdi:

- Məsələ belədir, cənablar. Yeni çıxan qanuna görə, küçədə müşayiətçisi olmadan veyillənən kor vətəndaşları polislər yaxalayıb, gərəkli bildikləri yerə qədər aparmalıdırlar. Anladınız?

- Elədir ki var, cənab rəis!

Bölmə rəisləri isə tabeliklərindəki polis serjantlarını belə təlimatlandırdılar:

- Cənablar! Öz polis əməkdaşlarınıza yeni qanunun tələblərini izah edin: " Faytonların və piyadaların hərəkətinə əngəl törətdikləri üçün küçələrdə işsiz-gücsüz veyillənən korları təcili qaydada yaxalayıb, gərəkli yerə aparmaq lazımdır".

Serjantlar sonradan bir-birlərindən soruşacaqdılar ki:

- Bu "gərəkli yer" haradır görəsən?

- Hər halda şöbəyə də. Qoduqluğa… Başqa hara olacaq?!

- Hər halda elədir.

Serjantlar öz polis əməkdaşlarına məsələni belə izah eləmişdilər:

- Yoldaşlar! Əgər küçədə veyillənən avaragor korlara rast gəlsəniz, yaxasından tutub, sürütməklə onları birbaş şöbəyə gətirin!

- Birdən şöbəyə gəlmək istəməsələr, neyləyək?

- Necə yəni, "istəməsələr"?! Bir-iki yağlı şillə-şapalaq, dallarına da güclü təpik ilişdirin, onda görərsiniz necə istəyərlər!..

"Kor vətəndaşların kənar təsirlərdən qorunması barədə" qanunla bağlı məsələni araşdıran Ave dəbdəbəli kral masasının arxasına keçib, hönkürtü vurdu.

Bu vaxt kiminsə əli nəvazişlə onun başını sığalladı:

- Nə oldu? Yadınızdadır, ilk dəfə "Korların qorunması" qanunu barədə eşidəndə mən: "Zavallı korlar" ifadəsini işlətmişdim? İndi gördünüz? Baş verən bu olayda uduzan tərəf o zavallı korlar, udan isə mən oldum.

Papağını axtaran Ave kraldan soruşdu:

- Siz nəyi uddunuz ki?

- Hələ də anlamamısan? Məni tənqid edənlərin sayı bir nəfər də olsa, azaldı! Gedə bilərsiniz, əzizim! Əgər ağlınıza yeni bir islahat ideyası-fılan gəlsə, buyurub, yanıma gəlin.

Ave: "Bunu ancaq yatıb, yuxunda görərsən!" – deyə düşündü və kral sarayının dəbdəbəli pilləkənindəki on pilləni bir dəfəyə hoppanmaqla, aradan çıxdı.

https://www.facebook.com/azadyasharofficial

# 2714 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #