Qədim mayyalara cavab

Qədim mayyalara cavab
25 yanvar 2013
# 12:00

Kamal Abdullanın yeni hekayəsi

("Səhvlərimizin qrammatikası" silsiləsindən hekayə)

Dünyanın axırından sonrakı günün söhbətidir. Hələ eralardan əvvəl qəribə bir uzaqgörənliklə qədim mayya xalqı dünənki gün üçün dünyanın dağılacağını vəd etmişdi. Amma şükür, hər şey ötüşdü. "Dünən" öz aramlı yerişiylə dünyamızdan ötüb-keçib gecənin içində əridi və o biri günlər kimi əbədiyyətə qovuşdu, kainatda ciddi bir dəyişiklik olmadı. "Qara deşıklər" yenə də gözəgörünməz sualtı minalar kimi qalaktikamızın həndəvərində nəhəng və vahiməli ağızlarını açıb möhtəşəm maqnit gücüylə bizi hadisələrin üfüqünə sarı dartmağında, biz isə dirənməyimizdəyik ki, dirənirik.

Elə bunu duymaq nə qədər gözəldir ki, balaca dünyamız bu gün yenə öz əvvəlki iş rejimində işləyir -- çalışır, sevir, nifrət eləyir, ağlayır, gülür, yaşayır, bir sözlə, elə bilir ki, ciddi işlərlə məşğuldur. Hamı sağ və salamatdır. Adamlar sevinə-sevinə bir-birini təbrik edir, bəziləri belə "gic-gic" şeylərə əvvəlcədən inanmadığını cidd-cəhdlə kiminsə yadına salırdı. Amma dünən bu adamların əsəbləri tarıma çəkilmişdi və günün sonunda, saat 12-yə bir dəqiqə qalmış onlar ürəkləri ata-ata, bədənləri əsə-əsə, dodaqları ilə səssizcə "Ya Allah, mənə yazığın gəlsin" pıçıldaya-pıçıldaya gözlərini qorxu içində bərk-bərk yummuşdular – buna əminliklə and içmək olar.

Mənə isə elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. Və indi biz bu sondan sonra yaşayırıq. Biz bir-birimizin yuxusuna köç etmişik. Heç olmasa, bu şəkildə biz qədim mayyaları aldada bildik.

Mən bilirəm, nə edəcəyəm. Səhər-səhər bunu artıq düşünmüşdüm. Mən bu gün hökmən gərək elə bir şey edim ki, başqa vaxt bunu etmək ağlıma da gəlməsin. Nə isə qeyri-adi, heç kimin… yox, heç özümün də özümdən gözləmədiyim bir iş. Bilmirəm, nə, amma nəsə eləməliyəm. Dünyanın davamına mənim də nəsə bir töhfəm olmalıdı. Qədim mayyalara cavab kimi… Bu fikirlər işdən qayıdıb yaşadığım evin piyada yoluna çatanda yenə gəlib beynimə girdi və mən elə bu zaman maşın yolunu keçib bizim onmərtəbəli, zəhmli binamızın adda-budda, müxtəlif mərtəbələrə səpələnmiş işıqlarını gördüm. Ürəyim rahat bir arxayınçılıqla vurdu. Görünür, dünənki günün xofu mənim də canımdan tam keçməmişdi. Qədim mayyalar niyyətlərini saf ürəklə tutub əhdlərinə vəfalı çıxsaydılar, bu bina indi öz yerində olmaya da bilərdi.

Bizim binanın yaxınlığında kiçik bir baqqal dükanı var. Son alacağımı, adətən, burdan alıram. Dükanın sahibi və satıcısı eyni adamdır -- Rəşad. Kefi kök idi. Məni görüb gülümsündü:

-Gördün, qonşu, hələ dünyanın axırına çox var?! Odu, dünən axşam Putin də televizorda dedi ki, dünyanın sonu olsa-olsa milyard ildən sonra olacaq, eşitdin? O vaxta kim ölə, kim qala… ha-ha-ha… Sən uduzdun.

Dünən ki, evə qayıdanda dünyanın dağılmasıyla bağlı onunla mərc gəlmişdik, mən mayyaların tərəfində idim, onu yadıma salırdı. Mərci uduzmuşdum. Dünya dağılmamışdı.

- Borclu borclunun sağlığını istər. Çörək saxlamısan? – Mən soruşdum.

- Həri. Təp-təzə.

Rəşad əlini atıb piştaxtanın altından bir dənə sellofana bükülmüş zavod çörəyi çıxartdı:

- Dünyanın öz yoluna davamı münasibətilə sənə kiçik bir hədiyyə… Uduzan sən, hədiyyə verən – mən. Ha-ha-ha…

Mən mağazadan çıxıb bir az da irəlilədim və yolu burulub binamızın dar və uzun həyətinə girmək istəyirdim ki, qəfildən qarşımı on beş-on altı yaşında bir oğlan uşağı kəsdi. Adi dilənçi idi. Son vaxtlar belələri lap çoxalmışdı. "Əmi, əmi, qurban olum sənə, acından ölürəm, nolar…" Bir söz, sülənti və başqa heç bir şey! Belələrindən zindeyi-zəhləm gedir və mən onlara pul vermirəm. Əhəmiyyət vermədən yanından ötüb yoluma davam etdim. O isə yalvara-yalvara qırsaqqız olub dalımca gəlməyə başladı, hərdən lap həyasızlaşıb gödəkcəmin ətəyinə də əl atdı. Addımlarımı yeyinlədib onun iyrənc səsindən canımı qurtarmağın yolunu fikirləşirdim ki, birdən səhər-səhər özümə verdiyim söz yadıma düşmədimi, düşdü. Axı bu gün mən nə isə qeyri-adi bir iş görməliydim. Hətta özümdən də heç zaman gözləmədiyim bir iş! Bu oğlan əlimə göydən düşmədi ki?!

"Belə bir perspektivə nə deyirsən?" – Mən beynimdə öz-özümə sual etdim. -- "Bu idbar varlığı evə aparıb yedirdib-içirdib cibinə pul, əlinə əyin-başdan ibarət bağlama versəm, görəsən, necə olar? Bu mənim dünyanın davamına töhfəm olarmı? Qədim mayyalara cavabım kimi?! Çox ola bilər ki, mən səhv düşünürəm. Bəlkə, həqiqətən də, indi səhv bir iş edəcəyəm və bunu özümə heç vaxt bağışlamayacağam, kim bilir?! Amma bəlkə kiminsə bir başqasının yuxusunda bu, səhv-zad deyil, doğru hərəkətdir?! Biz axı bir-birimizin yuxusundayıq… Nəticə acınacaqlı olsa, uzaqbaşı bir neçə gün əzab çəkəcəyəm. Olsun! Bəs arxama düşüb zəli kimi məni izləyən bu iyrənc səsin sahibi hər gün əzab, işkəncənin içində deyil?! Bəs biz həyatımızda heç olmasa bir dəfə dilənçilərə minnətdar olmamalıyıq ki, onlar bizə imkan verirlər biz onlara yaxşılıq edə bilək?!" Hardansa bu sözləri oxumuşdum, amma indi yadımda deyildi hardan. Dodağım qeyri-ixtiyari qaçdı. Məncə, əlimə yaxşı bir fürsət düşüb. Nə olar, olar. Belə düşünüb qərarımı verdim. Dalımca sızıldaya-sızıldaya gələn və məndən əl çəkməyən bu gədədən axı mən niyə qaçmalıyam? Yol boyu özüm-özümlə oynadığım "bir aktyorun teatrını" daha uzatmayıb getdiyim yerdəcə ayaq saxladım və qəfildən ona sarı çöndüm.

Dilənçi oğlanın təhər-tövründən cin hürkürdü.

… Çaşqınlığından nə edəcəyini bilməyən qonağı az qala itələyə-itələyə mənzilimin qapısından içəri saldım. Gödəkcəmi çıxarıb divardakı asılqandan asdım. Əlimdəkiləri mətbəxə apardım, ona isə səsləndim ki, soyunsun. O, hələ də qapı ağzında dayanıb nə edəcəyini bilmirdi. Düşündüm ki, ona çox da diqqət yetirməyim. Qoy macal tapıb özünə gəlsin, otağa, şəraitə alışsın.

Dəhliz tərəfdən səs-səmir gəlmirdi.

- Sən hardasan? – Mən əlimdə mətbəx bıçağı qapı ağzına gəldim.

Oğlan yox olmuşdu. "Bu hara itdi?!" Təəccüblənməyə macal tapmamışdım ki, vanna otağından unitazın suyunun şaqqıldayan səsi eşidildi. Bir azdan qonağım vanna otağından çıxdı.

- Əl-üzünü yaxşı-yaxşı yudun? – Mən soruşdum.

- Nədi ki? – O, əlimdəki bıçağa gözucu nəzər salıb sakitcə soruşdu.

- Yusan yaxşıdı. Bir azdan yemək yeyirik. Ac deyilsən? Mən möhkəm acmışam.

O cavab vermədi. Qayıdıb sözəbaxan, ağıllı uşaqlar kimi təzədən vanna otağına girdi. Mən mətbəxə keçməzdən əvvəl dəhlizdəki qarderobda qurtdalandım. Çoxdandan qalma güllü, amma təmiz, iki, ya üç dəfə geyilmiş bir köynəyim vardı, tapıb vanna otağının ağzından ona uzatdım. Qonağımın əynindəki köynək lap üzülüb getmişdi, hətta köynəkdən qəribə, sərt bir turşu iyi də gəlirdi.

- Bu təmizdi, istəsən, bunu gey, – dedim. O, cavab verməyib məhzun bir baxışla mənə baxdı. Mən köynəyi asılqandan asıb təzədən mətbəxə qayıtdım.

Anam səhər bizə gəlmişdi. Bunu ən azı mətbəxin sahman-səliqəsindən bilmək olardı. İki-üç gündən bir gəlib mənim evimdə əl-ayaq eləyir, təmizlik işləri görür, nə isə bişirir, düşürür, nə isə öz evindən bişirib gətirirdi. Bu gün də yeməkdən bol idim. Çalışdım ki, masanın üstündə hər şey sahman-səliqəli olsun. Bu çəngəlin yeri, bu bıçağın, sular, kompot bu tərəfdən, salfetkanı belə qoyaq, bir sözlə, masanın üstünü öz bildiyim kimi bəzəməyə başladım. Bir az keçmişdi ki, arxamda bir hənirti hiss elədim. O, səssizcə gəlib arxamda dayanmışdı. Əynində mənim verdiyim köynək vardı. Küçədəki iyrənc səsi hara itib getmişdi, bir az qalın, bir balaca məxməri səslə soruşdu:

- Mənim köməyim lazımdı? – Bu məxməri səs, elə bil, çox-çox uzaqdan gəldi.

- Yox, sağ ol. Sən keç, istəyirsən otur burda. – Mən ona yer göstərdim.

O yerinə keçə-keçə:

- Mənim adım Hüseyndir. – dedi.

Yerinə oturandan sonra isə əlavə elədi:

- Əsl adım Nazirdi. Amma hamı küçədə məni Hüseyn çağırır. Birtəhər çıxır. Nazir, özü də… dilənçi. – Mənim üzümə baxaraq çarəsiz-çarəsiz gülümsədi. -- Gülməlidi bir az. Hüseyn adına isə adamlar işığa gələn kimi gəlirlər…

- Çox gözəl. Mənim də adım Farizdi. Tanışlığımıza şadam. "Hər şey gərək sahman-səliqəylə olsun."

- Mən də… şadam. Küçədəkinə görə… -- O, deyəsən, üzrxahlıq eləmək istəyirdi.

- Unut, çıxart yadından getsin. Boş şeydi. – Mən bu mövzunu inkişaf etdirmək istəmədim. "Bu mövzunu bəri başdan qapatsaq, düzgün olacaq," -- düşündüm.

Nazir canlandı. Bildirmədən baxıb gördüm ki, onun yanaqları allanıb və gözləri işıldayır. Otağı elə oturduğu yerdəncə o tərəf-bu tərəfə çönərək sakit-sakit, hətta məhrəm-məhrəm gözdən keçirməyə başladı. Onun özünü aparmağı, danışığı, oturuşu, hərəkətləri artıq küçədəki Hüseynin hərəkətləri deyildi, mənim yanımda indi küçədəki Hüseyn yox idi, ola bilər, Nazir vardı.

- Burda tək yaşayırsan? – Nazir soruşdu.

- Tək yaşayıram. Anam var, hərdən gedib-gəlir. Yaxınlıqda olur.

- Hm… lap tək çətin olar… -- Onun səsi bu dəfə də uzaqdan gəldi. Qəribə idi, bu səs gah uzaqlaşırdı, gah yaxınlaşırdı.

Mən düşündüm ki, birdən-birə bu dərinliyə, yəni, ana mövzusuna, doğmalar, tənhalıq, təklik… kimi ürəküzən, qəliz söhbətlərə girmək düzgün olmaz. Ona görə mən bu xətti də tutub getməkdən vaz keçdim. "Hürkütməsəm, yaxşı olacaq." Nə isə, susdum. Amma o "hürkən" bir adama heç oxşamırdı. Söhbət öz-özünə hərlənib yenə mənim qaçdığım mövzunun üstünə gəldi. Məncə, o özü bunu istədi.

- Mənim heç kimim yoxdu. Heç anam da yoxdu. Bilmirəm, nə zamansa olub ata-anam, yoxsa yox…

- Rəhmətə gediblər? – Mən stolun üstündə boşqablara yer eləyə-eləyə ehtiyatla soruşdum.

- Yəqin ki. Bəlkə də. Bilmirəm. Amma getməsəydilər, məni axtarıb tapardılar. Sən necə bilirsən?..

Mən heç nə bilimirdim. Nazir (sonralar bildim ki, bu adı da ona yetimlər evində qoyublar) öz həyatını mənə bir film kimi danışdıqca düşünürdüm ki, bütün talelər, istər xoşbəxt birisinə məxsus olsun, istər bədbəxt birisinə -- hamısı bir-birinin eynidir. Eyni stereotip süjet -- eyni doğuluş, eyni hiss-həyəcan, eyni yanlışlıqlar, eyni səhvlər, eyni peşmançılıqlar, eyni üçbucaq: sevgi-məhəbbət-ayrılıq, məhəbbət-ayrılıq-sevgi, eyni naməlum gələcək, eyni ölüm, sonra hər şey təzədən, eynu doğuluş…

Nazir yedikcə danışır, danışdıqca bir az da həvəsə gəlir, coşur, az qala ağlamalı, dramatik situasiyalar qurur, böyük bir qabiliyyətlə filmlərdə olan kimi olmazın ehtiraslar yaşayan əzabkeş bir gəncin canlı obrazını yaradırdı. Mən əsl Bollivudsayağı bir tarixçəni dinləyirdim. Əlbəttə ki, bu oğlanın dediklərinə sonadək inanmırdım, bu cəfəngiyyata ağlı başında olan bir adam inanmazdı. Onunla görüşdüyüm dəqiqədən üzü bu yana heç nə həqiqətə oxşamırdı. Amma özümə ki, söz vermişdim, gərək bu oyunu axıra qədər oynayaydım. Bəlkə kiminsə yuxusunda bunlar həqiqətdir?! Ona görə də o danışdıqca hərdən-birdən ona səsimlə, üz-gözümlə "züy" tuturdum, "hə", "elədi", "yox a?" kimi sözlərlə ona öz loyallığımı nümayiş etdirməyə çalışırdım.

Nazirin olardı, dediyim kimi, on beş-on altı yaşı. Nə arıq idi, nə kök. Bir az burnu sivri və uzun idi, sir-sifətinin əndazəsinə uyğun deyildi. Hə, bir də gözləri xumar-xumar, məhzun-məhzun baxırdı. Anam belə baxanlara "xam baxır" deyir. Xam baxanların isə gözləri çəp olur. Nazirin də gözləri azacıq çəp idi. Üzünə təbəssüm gələndə çəplik itirdi.

Mənim onu yavaş-yavaş, bicliklə söhbətə çəkməyimə ehtiyac olmadı. Nazir, elə bil, yemək yediyi vaxtın içində qarşısına belə bir məqsəd qoymuşdu ki, küçələrə düşüb nə üçün bu ikrahedici işlə, yəni, adamların ətrafında zəli kimi fırlanıb-dolaşıb dilənçiliklə məşğul olmasına mənim gözümdə haqq qazandırsın. Məni inandırmağa çalışırdı ki, onun taleli gəncin bu dünyada, bu vətəndə başqa bir çıxış yolu yoxdu. Ürək qızdırdığı adam -- öz müəllimi və sevdiyi qız -- öz sinif yoldaşı ona elə bir xəyanət ediblər ki, əslində, Nazir gərək onların ikisini də öldürəydi, amma o, müəllimini bıçaqlayıb və yetimxanadan qaçıb. Özü də hansı müəllimini – onun hər bir dərdinə şərik olub canyanğısı ilə ən ağır anlarında yanında olan, həmsirri saydığı, ən böyük sirini etibar etdiyi, sevgisi barədə yalnız ona danışdığı, yolunda az qala ölümə getməyə hazır olduğu kimi, kimi -- Xasay müəllimi.

- Bilirsən, bu Xasay necə adam idi?! Ən çətin dərs onunku idi – riyaziyyat! İki rüb mənim qiymətimi elə-belədən, heç nədən yazmışdı. Axşamlar bizim yataqxanada növbə çəkəndə gecə yarısından xeyli keçmiş kitabxanada oturub onunla nə qədər söhbətlər edəpdik… Təklikdən, həyatdan, keçmişdən, gələcəkdən. O yaxşı bilirdi ki, mənim heç kimim yoxdur. Bizdə belədi. Kiminsə xalası var, kiminsə əmisi, kiminsə qohumu, yaxın, ya uzaq. Mənim isə heç bir kəsim, heç kimim… Xasayın otuz yaşı olardı. Amma ailə qurmamışdı. Ailə qurmağın qorxusu vardı canında… Nə isə. Bunu demək istəmirəm. Bu barədə ancaq mənimlə söhbət edər, mənimlə məsləhətləşərdi. Gecələr vağzalda yük daşıyıb pul qazanmasını da ancaq mən bilirdim. Söz vermişdi ki, bir dəfə məni də özüylə aparacaq, eh… Hərdən də soruşurdı, bu sevdiyim qızın, Leylanın yəni, xoşu nədən gəlir, kimi var, kimi yoxdur… Mən nə biləydim, alçaq bunu niyə soruşur?!

- Özünü haqlı sayırsan? Heç peşmançılıq keçirmədin onu bıçaqladığınçün?

- Bir qram da özümü günahkar saymıram. Bircə ona yanıram ki, arxadan vurdum onu, gözlərini görmədim. O da görmədi məni. Gərək görəydi. Sən mənim yerimdə olsaydın neynərdin, Fariz? – Nazir, deyəsən, yavaş-yavaş unudurdu ki, biz onunla indicə tanış olmuşuq, mən onun məktəb, lap elə küçə yoldaşı deyiləm. Bu, bir tərəfdən yaxşı idi.

- Hmmm…

- Yox, açıq söhbət… Məndən bütün bunları öyrən, sonra get qıza qırmızı şarf al, bağışla… Özünə də bərk-bərk tapşır ki, bunu heç kimə demə, illah, çəpgöz Nazirə demə. Sən fikir vermisən, qıza deyib, gözləri Nazirin çəpdi. İt qızı da bunun hədiyyəsini qəbul eləyib… Təsəvvür eliyirsən?

- Əlbəttə, yaxşı hərəkət deyil. – Bundan başqa söz tapa bilmədim deyim, hiss elədim ki, səsim biganə və soyuq çıxdı.

O, əksinə, qızışdı:

- Yaxşı hərəkət deyil??? Çox alçaq hərəkətdi. Heç mən o qızı, tutalım ki, sevmirəm. Yenə də alçaq işdi. İnsan belə bir iş tutar?! Kimə, kimə, öz yaxın bildiyin adama… O adama ki, sənin üçün ölümə gedər. Vacibdi, Leyla olsun, vacibdi?.. Gərək onu da vuraydım. İt qızı, it… – Nazir qızışıb başlamışdı, az qala, öz-özü ilə danışmağa, birdən mən yadına düşürdüm, duruxurdu. – Sən elə bilmə, Fariz, mən kinli deyiləm… Amma çəpgözlüyün bura nə dəxli? – Mənim soyuq tərzimdən sonra Nazir, deyəsən, ehtiyat elədi ki, kənardan baxana zalım adam təsiri bağışlaya bilər. Belə düşünmüşdüsə, bu da pis deyildi.

Nazir davam edirdi:

- Mən… bunu vurandan sonra aydın məsələdi ki, məktəbdən, yataqxanadan qaçdım. Qıza dəymədim, yazığım gəldi. Bir dənə söz dedim ona. "Sənin taxsırın yoxdu…" dedim. Yəni, taxsır məndədi ki, sənə inanmışam. Üzünə də baxmadım, çıxıb getdim. Nadya xala var, bilmirəm niyə, ancaq mənim yanıma məktəbə hərdən-birdən təkcə o gəlirdi, o da uşaqlıqda. Bir-iki dəfə evinə də aparmışdı. Əvvəllər şübhələnirdim ki, bu mənim anamdı. Yox, deyilmiş. Xaç çəkib and içdi. Bəs kimimdi, onu da demir. Eybi yox, onsuz da öyrənəcəyəm. Bir dəfə bu Xasay dedi ki, onlarda, xristyanlarda müsəlmana yalandan and içmək günah deyil. Nə isə… İlk günlər evdən bayıra çıxmırdım. Ürəyim partlayırdı. Amma bir məktəb dostum var, Saday, mənim üçün Nadya xalagilə gəlib xəbər gətirirdi, deyəndə ki, krizisi bunun qurtardı, üç gün krizisdə qaldı, indi həkimlər deyir, Xasay yaşayacaq, inanmazsan, Fariz, mən ağladım. Özümçün sevinmirdim, başa düşürsən, onunçün sevinirdim. Niyə -- onu da bilmirəm. Alçağın biriydi. Mən axmaq isə ona ürək qızdırmışdım. Amma, vallah, qəribə işdi, hər gecə yuxuma girirdi, hər gecə Allaha yalvarırdım. Üç gün, üç gecə. Görükür, o da mənim səsimi eşitdi. Çox pis iş görmüşdüm mən. Amma Allah səsimi eşitdi, günahımdan keçdi. Hadya xala deyir, Allah sənin günahından keçib. Çünki üç gün, üç gecə yatmayıb Allaha yalvarmısan. O da yalvarırmış… Sən necə bilirsən, o əclafın diri qalması o deməkdi ki, Allah mənim günahımdan keçib?

Nazir danışdıqca yavaş-yavaş balaca yumağa dönürdü. Məhzun baxan, mən indi fikir verdim, çəp gözlərini qarşısındakı nimçədə sonuncu tikəsinə zilləyib durmuşdu. Ona baxıb mənim ürəyim sızıldadı. O bu son sualını bəlkə də indiyənə qədər özü-özünə milyon dəfə vermişdi. Bir tərəfdən güman edirdi ki, belədir, yəni, Allah onun günahından keçibdir, o biri tərəfdən isə yenə şübhəsi vardı. Yəqin ki, ömrünün sonuna qədər bu sualı özünə verəcəkdi.

– Deməli, peşmansan?.. Tutduğun işi bir də görməzsən, sidq-ürəklə tövbə edirsən?..

Mən bu sualları verərkən bir "dəli" ümidim vardı, güman edirdim ki, o, məhzun baxışlarıyla mənə baxıb "peşmanam, çox peşmanam…" deyərək başını sinəmə qısıb hönkür-hönkür ağlayacaq. Üz-gözü tutqun idi, əlləri əsir, səsi titrəyirdi. Bu dəqiqə o, özü müəllifi olduğu filmin tam içində idi. Bollivud filmi elə belə də davam etməliydi.

- Qəti peşman deyiləm!! – Nazir, elə bil, qəfildən yuxudan ayılıb dirçəldi, onun səsi codlaşdı. Sonra oturduğu yerdəcə bütün bədənini silkələdi və nədənsə çox sərt bir şəkildə öz çəp və dikbaş gözlərini üzümə dikdi. Filmin içindən çıxmışdı. O məhzun baxışlar bir anın içində uçub hara getdi?!

Onun hərəkətlərindəki bu gözlənilməzlik məni diksindirdi.

- Aydındı…-- Mən dedim.

Əslində isə, heç nə aydın deyildi. Nazir öz söhbətini belə tamamladı:

- Bircə onu bilirəm ki, mən onun sayəsində bu zibilə düşmüşəm. Bu işlə məşğulam. – Dodaqlarında yenə ona yaraşan, bu zaman burnunun uzunluğunu harasa itirən o məhzun təbəssüm oynadı. -- Hara gedə bilərəm ki?! İşə düzələ bilmərəm, məktəbə də qayıda bilmərəm. O saat tutacaqlar. Nadya xaladan başqa bir adamım yoxdur. Bizim bu məhlənin dəstəbaşçısı deyir ki, bir az da "işlə", çıxıb get burdan. Birbaşa Rusiyaya! – Son sözlərini yekə kişilər kimi qətiyyətlə dedi və gözləri işıldadı. – Görək hələ başımıza nə gəlir…

Bir müddət ikimiz də nə dindik, nə də danışdıq. Mən fikir içində idim. Əlbəttə, səhv idi, əvvəlcədən səhv idi bütün bunlar. Mayyalara cavab vermək axı kimin nəyinə lazım idi?! Kimə desən, gülər, düz də elər. Birdən-birə yorulmuşdum, bütün həvəsim itmişdi. İndi mən neyləyim, bu adamı gecə evdə saxlayım, yoxsa bir eyhamla ona başa salım ki, yedin-içdin, al bu da sənə cibxərcliyi, bu paltar, bu ayaqqabı (beynimdə tələm-tələsik ona verəcəklərimi götür-qoy edirdim), artıq getsən yaxşı olar?! O çıxıb getsəydi bircə, mən tək qalsaydım bircə… Bu, bir xoşbəxtlik olardı. Vurnuxa-vurnuxa qalmışdım. Nə edəcəyimi bilmirdim. Çıxış yolunu isə Nazir özü tapdı.

- Mən gedim. Gecdi.

- Bəlkə… -- Mən yalandan dil-ağız eləmək istədim. İlahi, bu, kimə lazım idi?!

- Yox, qala bilməyəcəm. Sağ ol. Bilmirəm, məni niyə bura gətirdin, onu da bilmədim, mən özüm niyə bura gəldim, amma sağ ol. Çoxdandı, heç kimlə belə danışmamışdım. – O, böyük adamlar kimi ədəb-ərkanla, dediklərini ölçüb biçə-biçə danışırdı. -- Nadya xalanın bir xəstə qonşusu var, Mustafa dayı, onun da heç kimi yoxdu. Yaşlı adamdı, yataqdan durmağı əməlli-başlı zülümdü. Vaxtilə Nadya xalaya nəsə yaxşılığı keçib. İndi arvad ona qulluq edir. Nə isə… Mən axşam evə yemək çatdırmalıyam. Gecikmişəm. -- O ayağa qalxdı.

… Nazir üçün tələsik hazırladığım bağlamanı əzilib-büzülmədən əlinə aldı. Böyük bir həvəs və daxilimdəki sevinclə stolun üstündə, buz dolabında bütün yeyiləsi nə vardısa yığıb ayrıca bir bağlama düzəltdim. Elə bil, bir az rahatlaşdım. Qapının ağzında təpədən üzü aşağı son dəfə onu süzdüm. Ayaqqabıları lap köhnə idi.

- Çıxart bunları. Ala, bax, üç-dörd dəfə geymişəm… -- Az qala zorla öz ayaqqabılarımı elə buradaca qapı ağzında ona geyindirmək istədim.

- Razmerimiz eyni deyil… - Nazir gülməyini güclə saxlayırdı. – Ayağıma olmayacaq…

Mən peşman-peşman ona baxdım.

- Sən darıxma. Əynimdəki bu paltarlar mənim iş paltarlarımdı. – Nazir bic-bic üzümə irişdi. – Evdə yaxşıları varımdı. Mustafa əmiyə isə bəlkə yaradı. -- Nazir beynində nəyisə götür-qoy edə-edə ayaqqabıları diqqətlə nəzərdən keçirdi. – Amma o da bir yana gedə bilmir ki…

"Hə, Mustafa əmi, əlbəttə, Mustafa əmi, o yaşayan evin qonşuluğundakı həmən kimsəsiz yataq xəstəsi…"

- Əlbəttə, istəsən, kimnənsə başqa bir şeyə dəyişdirərsən. Daha nə? Mustafa əmi səninçün, görürəm, çox əziz adamdı…

Nazir qapıdan çıxdığı yerdə beynində, elə bil, nəyisə götür-qoy edirdi. Nəhayət, bir qərara gəlib ayaq saxladı:

- Sağ ol, Fariz, sağ ol. Bir xahişim… amma səndən var. – Onun üzündə elə indicə gördüyüm həmən təbəssüm yenə harasa itdi. Burnu yenə az qaldı göz deşə.

- Buyur. – Mən sevincək oldum. Özümə mat qalmışdım. Bu dəqiqə, deyəsən, mən onunçün əlimdən gələn və gəlməyən hər şeyi eləməyə hazır idim.

O isə təzədən çəpləşmiş gözlərini məndən qaçıra-qaçıra, üzümə baxmadan dedi:

- Sabah bir-birimizi küçədə görsək… biz tanış deyilik.

Mən onsuz da sarsılmış vəziyyətdə idim, bu sözlərin nə anlama gəldiyini düşünməyə macal tapmadım, o mənim cavabımı gözləmədən tələsik qapıdan çıxdı. Liftə tərəf baxmadan pilləkənlərin başında yox oldu. Elə onuncu mərtəbədəncə pilləkənləri iki-bir, üç-bir atdana-atdana aşağı enməyə başladı. Mən uzun müddət qapının ağzında dayanıb onun uzaqlaşan ayaq tappıltılarına qulaq verdim və gözlədim. Soruşsaydılar nə gözləyirsən, cavab verə bilməyəcəkdim. Film isə bitmişdi. Uzaqlaşan ayaq tappıltıları titrləri yazırdı.

…Bir qədər əvvəl onun qapı ağzında dediyi sözlər isə heç cür huşumdan çıxmırdı ki, çıxmırdı. Bağlamanı yığa-yığa mən ondan Mustafa əmi barəsində soruşdum:

- Mustafa əmi səninçün, görürəm, çox əziz adamdı. Bu kişiyə sən niyə belə bağlanmısan? Ona qulluq edirsən, dərmanını alırsan, yeməyini aparırsan… Nəyindi, axı o sənin heç kimin deyil.

- Heç kimimdir, düz deyirsən. Necə deyim bunu sənə?! Atama oxşayır. Onunçün. – Bir anlıq üz-gözünü işıqlı bir təbəssüm bürüdü. Burnu, bayaq bunu demişdim, gülümsəyən kimi sivriliyini, uzunluğunu itirib kiçilirdi, sifətinin ölçülərinə uyğun gəlirdi, indi də elə oldu. Gözlərindəki çəplik yoxa çıxdı. Baxışları mülayimləşdi, məhzunlaşdı.

"Dayan, dayan, o axı demişdi ki, atamı, anamı görməmişəm. Xırda bir şeydə yalan danışan adam nə desən uydura bilər." Mənim qaşlarımın çatıldığını görüb Nazir üz-gözü həmən təbəssümün içində öz məxməri, yaxından gələn səsilə bu dəfə də belə dedi:

- Hə, sən düz fikirləşirsən, mən atamı görməmişəm. Amma… heç nə eliyə bilmirəm. Yaman oxşayır atama.

# 4084 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #