Əli bəy Hüseynzadənin bir həcvi və onun yaranma tarixi

Əli bəy Hüseynzadənin bir həcvi və onun yaranma tarixi
7 aprel 2014
# 14:23

Kulis.Az Vilayət Quliyevin "Əli bəy Hüseynzadə və həcv?" məqaləsini təqdim edir.

Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər.

Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi bizə o qədər qəribə görünür.

Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən də Əli bəyin qələmə aldığı, həm də ilk poetik yaradıcılıq nümunələrindən biri olan həcvdən gedir.

Həcv obyekti onun hərbi həkim – dermatoloq ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb Akademiyası – Əsgəri Tibbiyyədir.

Əsərin meydana çıxmasının öz tarixçəsi var. Məsələyə aydınlıq gətirmək üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25 avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi” adlı avtobioqrafik məqaləsində Tiflis klassik gimnaziyasını bitirdikdən sonra peşə seçimi və ali təhsillə bağlı ciddi suallar qarşısında qalmasından söz açaraq yazırdı: “Gimnaziyada ikmali-təhsildən sonra bənim üçün bir yerinə iki məsələ hasil oldu. Həm gələcəkdə təmini-məişət edəcək bir məslək, bir sənət sahibi olmalı idim. Həm də bu sənəti öylə bir yerdə, öylə bir darülfünunda öyrənməli idim ki, müsəlmancam da yaddan çıxmayıb mümkün isə ülum və əlsinə və tarixi-İslamı mütaliədə davam və səbat edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən intixabım təbabətdə qaldı. Lakin ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın hansı darülfünun olan şəhərinə getsəm, ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən (Şərq dillərindən – V.Q.) tamamən binəsib və bibəhrə qalacağım mühəqqəq idi”.

Başqa sözlə desək, qarşıya həm Şərqə, islama, soy-kök və ənənələrə bağlılığı itirməmək, həm də normal məişət təmininə xidmət edən bir sənət sahibi olmaq vəzifəsi qoyulmuşdu. Uzun tərəddüdlərdən sonra o, Peterburq universiteti üzərində dayanmışdı. Burada 1855-ci ildə həmvətəni, məşhur şərqşünas Mirzə Kazımbəy tərəfindən qurulan Şərq dilləri fakültəsi fəaliyyət göstərirdi. Amma indi də ortaya başqa problem çıxmışdı: Çünki “məzkur darülfünunda Şərq şöbəsi bulunmaqla bərabər tibb şöbəsi mefkuldu (mövcud deyildi – V.Q.)”.

“Darülfünunun tibb şöbəsi yoxdu, fəqət tibbin müqəddiməsi olan ülumi-təbiyyə və riyaziyyə şöbəsi vardı, – deyə Əli bəy Hüseynzadə yuxarıda qeyd etdiyim məqaləsində yazırdı. – İştə bən də bu şöbəyə tələbə qeyd olundum. Bir tərəfdən ülumi-təbiyyə təhsil etdiyim halda digər tərəfdən vaxt bulduqca əlsineyi-Şərq şöbəsinə gedib amalıma müvafiq olan dərslərə qulaq asırdım. Bu surətlə təbiyyun tələbədən bulunduğum halda Şərq şöbəsində farsi, ərəbi və s. dərslərdən istifadədən geri qalmırdım”.

Beləliklə, o, rəsmən Peterburq universitetinin təbiət elmləri fakültəsinin fizika-riyaziyyat bölməsini, azad dinləyici sifəti ilə də Şərq dilləri fakültəsini bitirmişdi. Şərq və Qərb dillərinə, mədəniyyətinə dərindən yiyələnmişdi. Hətta müəyyən dini və milli basqılara məruz qalan müsəlman üçün də Rusiya imperiyası şəraitində yaxşı mənsəb qazanmaq üçün belə təhsil yetərli idi.

Lakin Əli bəy ilk arzusundan – həkimlik sənətinə yiyələnmək fikrindən daşınmamışdı. Bu ixtisas həm gələcəkdə həyat və məişətini təmin etmək, həm də insanlar üçün gərəkli olmaq baxımından onu daha çox çəkirdi. Öz etirafına görə, “Peterburq universitetində ikmali-təhsil etdiyim zaman xatirimə yeni bir fikir sünuh etdi. Mücəddidi-Dövləti-Osmaniyyə olan Sultan Mahmudun tədbiri ilə və fransızların müavinəti ilə İstanbulda nevi üsul bir darülfünuni-tibb açılmışdı ki, getdikcə tərəqqi edirdi. Həm ülumi-islamiyyə və şərqiyyədən məhrum olmamaq, həm də təmini-məişətlə bir sənət və məslək sahibi bulunmaq üçün gedib bu məktəbə daxil olmaqdan gözəl çarəmi olurdu? Bir çox tərəddüdlərdən sonra nəhayət İstanbula getməyə qərar verdim”.

İlk baxışdan seçimin özü müəyyən təəccüb doğurmaya bilmir. Çünki beş il yaşadığı, yaxşı bələd olduğu Peterburqa əsası hələ 1798-ci ildə qoyulmuş və böyük ənənələrə malik İmperator Hərbi-Tibb Akademiyası vardı.

Digər tərəfdən, əsas Qərb dillərinə dərindən bələd olan Əli bəy ali tibb təhsili almaq üçün hər hansı Avropa ölkəsinə də üz tuta bilərdi.

Lakin o, Osmanlı imperiyasını seçmiş, İstanbula getməyə qərar vermişdi.

Səbəbini isə belə açıqlamışdı: “Mən müsəlman türkəm. Türk müsəlmanam. Türkiyə bir türk və müsəlman dövlətidir. Bu səbəblə Türkiyə hər digər vətəndən ziyadə vətənimdir. Bu vətəni, bu vətəndaşları pək iyi tanımalıyam”.

Nəticədə 1889-cu ildə azərbaycanlı gənc Tiflis klassik gimnaziyasının attestatı və Peterburq universitetinin diplomu ilə özünə vətən saydığı məmləkətdə, ana dili saydığı dildə təhsil almaq məqsədi ilə İstanbula gəlmişdi.

Tezliklə də, türklər demiş, xəyal qırıqlığına uğramışdı. Çünki din və dil qardaşlarından intizarında olduğu, gözlədiyi isti münasibəti görməmişdi. Əli bəy yazırdı: “İstanbula getdim. Mədəniyyəti-cədideyi-islamiyyənin ən böyük mərkəzi, Türklüyün, Türk maarifinin ən işıqlı mehrabı, fəqət bununla bərabər istibdad və mütləqiyyətin də ən qaranlıq guşəsi bulunan bu şəhri-əzim təhsilimi özümə lazım bildiyim ülum cəhətindən mənim üçün bir müddətdən bəri bir Kəbeyi-amal olmuş idi. Bən zənn eləyirdim ki, Tiflis Birinci gimnaziyasından və Peterburq universitetindən aldığım şəhadətnamələrlə ötədə-bəridə oxuduğum müsəlman dilləri sayəsində məni asanlıqla İstanbul Məktəbi-Tibbiyyəsinə qəbul edərlər. Lakin iş külliyyən məmulumun xilafına (istədiyimin tam əksinə – V.Q.) çıxdı. Bir çox maneələr, əngəllər zühur etdi”.

Həmin dövrdə İstanbulda iki tibb məktəbi fəaliyyət göstərirdi. Bunlardan birincisi şəhərin Axurqapı səmtində yerləşən Mülki Tibbiyyə, ikincisi isə Sarayburnu parkındakı Əsgəri Tibbiyyə idi. Təbiəti etibarı ilə sakit, macəralardan və macəraçılıqdan uzaq insan kimi tanınan Əli bəy Mülki Tibbiyyə Məktəbində oxumaq istəyirdi. İlk baxışdan belə hazırlıqlı gəncin Türkiyədə hər hansı ali məktəbə məmnunluq hissi ilə qəbul ediləcəyini düşünmək olardı. Gerçəkdə isə gözlənənin tam əksi baş vermişdi. Bunun da öz səbəbləri vardı.

XIX əsrin sonlarında Osmanlı imperiyası ilə müqayisədə Rusiya, xüsusən də Rusiya universitetləri mütləqiyyətə qarşı mübarizədə yeni fikir və ideyaların yayılması baxımından olduqca münbit mühit idi. Osmanlı sarayında rus tələbələrin inqilabi əhval-ruhiyyəsindən, siyasi terror təşəbbüslərindən və 1860-cı illərdən etibarən Romanovlara qarşı hazırladıqları silsilə sui-qəsdlərdən xəbərsiz deyildilər. Ona görə də, Əli bəyin özünün də qeyd etdiyi kimi, yerli azadlıq aşiqləri bir tərəfə qalsın, üstəlik də “Rusiyadan, rus nihilistləri içindən gələn bir dərbədər sərsəri İstanbul tələbəsi arasında nihilist və sosializm əfkarı nəşr edərsə, sonra onun öhdəsindən kim gələ bilər? Xeyr, xeyr, böylə şey olamaz!”

Digər tərəfdən, əslən Dağıstandan olan, Sevastopol gimnaziyasında təhsilini başa vurduqdan sonra İstanbulda yerləşən və dövrün maliyyə naziri Şirvanzadə Rüştü Paşa vasitəsi ilə yüksək cəmiyyətlə əlaqələr quran Hacımurad Əmirovun – Murad bəy Dağıstanlının (1863-1917, türk ədəbiyyatı tarixində daha çox əsasını qoyduğu nəşrin – “Mizan” dərgisinin adı ilə Mizançı Murad kimi tanınır – V.Q.) həyata keçməyən islahat niyyətləri və sultan hakimiyyətinə yönəlmiş tənqidləri də Rusiya türklərinə inamsızlığı artırırdı. Osmanlı məmurlarının “O Rusiyadan gələn Murad bəyin dilinin, qələminin şərindən xalq xilas olmağa çalışarkən bir ikinci Murad bəyə əsla yol veriləməz!” – düşüncəsi Əli bəy kimi insanların qarşısına çəkilən maneələrin əsasını təşkil etməkdə idi.

Lakin yalnız güman və şübhələrə əsaslanaraq Osmanlı dövlətinə pənah gətirən, yeganə məqsədi təhsil almaq olan bir türk gəncinə qapını göstərmək də düzgün alınmazdı. Əli bəy bu məqamı həssaslıqla tutmuşdu: “... yol verilməsə də olmuyor. Çünki özü türk bir müsəlmandır, xeyirxahi-səltənəti-Osmaniyyədir, əlində gözəl-gözəl şəhadətnamələri vardır. Fəqirin, məzlumun biridir. Kimsə ilə işi yoxdur, həkimlik, təbiblik öyrənməkdən başqa niyyətdə deyildir”.

Təbii ki, Əli bəy Hüseynzadə burada bəyan etdiyi qədər də “fəqir və məzlum” deyildi. Haqqını tələb etməyi bacarırdı. Sultan hakimiyyətinin qarşısına “Mən müsəlman olduğum halda xristian olan Firəngistanın darülfünunlarının hər hansı birinə getsəm əlimdəki şəhadətnamələr sayəsində bila sual və cavabsız qəbul olunurdum. Nasıl olur ki, özünə “Xəlifeyi-ruyi-zəmin” (“Yer üzünün xəlifəsi”- V.Q.) deyən bir islam padşahının qapıları bila səbəb makül elm həvəsində bulunan bir müsəlmanın üzünə bağlanır?” – sualını qoymağı bacarırdı.

İnadkarlığı nəticə verdi. İstanbulda tibb təhsili almasına izin alındı. Lakin naməlum səbəblərdən özünün istədiyi, həm də yaşadığı məhəllənin yaxınlığında yerləşən Mülki Tibbiyyə Məktəbinə deyil, Əsgəri Tibbiyyəyə daxil ola bilərdi. Digər tərəfdən ortaya qəribə şərt də qoyulmuşdu: təqdim etdiyi təhsil şəhadətnamələrinin özünə məxsus olduğunu sübuta yetirmək üçün “kiçik bir imtahan” verməli idi. Həm də bu zaman şəhadətnamələrlə bağlı bir çox “zəvati-möhtərəm və mötəbərin məktublarına, tövsiyənamələrinə” qətiyyən əhəmiyyət verilməmişdi. Məqsədindən dönməyən Əli bəy Osmanlı məmurlarının ortaya qoyduqları yeni oyun qaydalarını qəbul etməyə məcbur olmuşdu.

Dövrün çətin və məhdud nəqliyyat şərtləri daxilində Əsgəri Tibbiyyəyə gedib-gəlməklə bağlı Osmanlı paytaxtındakı səyahət “odisseyasını” təsvir edən Əli bəy yazırdı: “İqamətgahımdan qalxıb məzkur Hərbiyyə Məktəbinə getmək üçün əvvəla İstanbulu Paris şəhərinə rəbt edən Şərq dəmiryolunun vaqonlarına minib Sirkəçi mövqeyinə enməli idim. Oradan rusların və firənglərin Qızıl Buynuz, türklərin Xəlici-tərsanə dedikləri dəniz körfəzini bir qayıq ilə keçib Qalata deyilən bir məhəlləyə çıxmalıydım. Sonra o məhəlləni Peraya, yəni Bəyoğluna rəbt edən bir asma dəmir yoldan (tunel) mürur edib Peraya varid olmalıydım. Buradan bir az piyada yürüdükdən sonra Məktəbi-Sultani önündə bir tramvaya rəaqib olmalı idim ki, məni Panqaaltı Hərbi Məktəbinə vasil etsin. İştə bu uzun yolu “küçücük bir imtahan” üçün gedib-gəlməyə başladıq...”

İki həftə davam edən “kiçik imtahan” uğurla başa çatdı. Azərbaycanlı gənc bütün sahələrdə yüksək bilik və intellektə malik olduğunu inandırıcı şəkildə ortaya qoydu. Sanki artıq təhsilə başlaması üçün heç bir maneə qalmamışdı. Lakin Əli bəy sevinməyə macal tapmamış həmin dövrdə Osmanlı ali hərbi məktəblərində “xüsusi şöbə” funksiyasını yerinə yetirən “xəfiyyə məmurlarından ibarət heyət” imtahanın nəticələrini protest edərək onun dövlətin ali məktəblərə tələbə qəbulu ilə bağlı qayda-qanunlara uyğun gəlmədiyini bildirdi.

Əli bəyin öz sözləri ilə desək, qayda isə bundan ibarət idi ki, “kim olursa olsun, əlində istər Peterburq universitetindən, istər Paris Akademiyasından nə növ şəhadətnamə bulunursa bulunsun, hər kəs Osmanlı məktəbi-alisinə qəbul olunmaq üçün əvvəl əmirdə Osmanlı Edadiyyə məktəbinin (orta məktəb –V.Q.) proqramı mocibincə elm və fünundan türk dilində imtahan verməyə məcburdur”.

Qanunun ruhunu deyil, hərfini hər şeydən üstün tutan məmurları qarşılarındakı gəncin bilik və bacarığından Türkiyənin mənafeyi üçün istifadə etmək qətiyyən maraqlandırmırdı. Sadəcə, Rusiyada təhsil aldığı üçün ona yad, yabançı nəzərlərlə baxır və çəkinmədən üzünə deyirdilər: “Bizim nəyimizə gərəkdir ki, siz rus məktəblərində yunan və latınca oxumusunuz və bütün ülumi-riyaziyyə və hikəmiyyənin istilahatını rusca, ya firəngcə öyrənmişsiniz? Tarixlərdən rus tarixini müfəssəl öyrənib sair tarixlərə də rus gözü ilə, ölü və əski nəzəri ilə baxmısınız? Rus və slav dillərinə bir ədibi-kamil kəsilmisiniz və s.”

Nə qədər qəribə görünsə də, universitet təhsili almış Əli bəy Hüseynzadə Əsgəri Tibbiyyəyə daxil olmaq üçün orta məktəb proqramı üzrə imtahan verib müvafiq şəhadətnamə almalı idi. Əlbəttə, hər şeyə arxa çevirib ziyanın yarısından qayıtmaq olardı. Yaxud bilik və bacarığına uyğun başqa bir iş tapa bilərdi. O isə heç vəhclə istək və inadından dönmək istəmirdi. Həmin günləri aradan on beş il keçəndən sonra belə xatırlayırdı: “Lakin maneələr, müşküllər artdıqca mənim də əzm və səbatım artır, təsmim və qərarım qəviləşirdi. Kamal bəy (vətənpərvər türk ədibi Namiq Kamal nəzərdə tutulur – V.Q.) mərhum demişdir ki, “Dönərsəm, kahbeyim millət yolunda bir əzimətdən!”. Mən də diyordum ki, “Dönərsəm, kahbeyim məktəb yolunda bir əzimətdən!”.

Bu hisslərin təsiri altında kitabçı dükanlarının yerləşdiyi Babi-Ali küçəsinə gedib Edadiyyə məktəbi sınaqlarından keçmək üçün lazımi kitabları əldə etmişdi. Bir ay hazırlaşdıqdan sonra biri-birinin ardınca imtahanları uğurla vermişdi. Lakin Osmanlı tarixindən olan sonuncu imtahan ərəfəsində qarşısına yeni sürpriz çıxarmışdılar. Məlum olmuşdu ki, digər ölkələrin təbəələri Osmanlı ali məktəblərinə, özəlliklə də hərbi istiqamətli təhsil ocaqlarına daxil ola bilməzlər. Bunun üçün ya xüsusi icazə verilməli, ya da həmin şəxs Osmanlı təbəəsi statusu almalıdır. Əks-təqdirdə ən uğurlu imtahanın da heç bir əhəmiyyəti olmayacaq.

“Bunun üzərinə işimizi-gücümüzü tərk edib başladıq qapı-qapı dolaşmağa. Nəhayət, min bir bəla ilə iki-üç həftədən sonra lazım gələn müsaidənaməni ala bildim. Alınca həmən tarixi-Osmanidən bila mane imtahan üçün Məktəbi-Hərbiyyəyə getdim. Lakin burada artıq məni tanımaq istəmədilər. Dedilər ki, siz kimsiniz? Dedim ki, “Rusiya darülfünunu ikmali-təhsil etdikdən sonra İstanbul Məktəbi-Tibbiyyəsinə qəbul olunmaq üçün keçənlərdə gəlib burada uzun-uzadıya mükəmməl imtahan vermiş bir tələbəyəm” – deyə 1890-cı il fevralın 3-də (köhnə tarixlə 22 teşrini-sani 1305-ci il) rəsmən Osmanlı təbəəliyini qəbul edən və bununla da bütün maneələri arxada qoyduğunu düşünən Əli bəy izahat vermişdi. Amma söylədiklərinin heç bir faydası olmamışdı.

Zamanında o, rus bürokratiyasından da az çəkməmişdi. Lakin klassik obrazları hələ bir neçə əsr əvvəl Füzulinin dahiyanə “Şikayətnamə”sində yaradılan Osmanlı məmurları bir çox məsələlərdə rus həmkarlarını suya susuz aparıb susuz gətirə bilərdilər. Əli bəyin “Həyat” qəzetində çap olunan xatirələrində də Füzuli şikayəti ilə yalnız ruhən deyil, həm də şəkil və məzmun etibarı ilə səsləşən bir sıra məqamlara təsadüf etmək mümkündür. Ona görə də, sitatın uzunluğuna baxmayaraq “Nümunə məktəbi” yazısından bir parçanı aşağıda gətirirəm:

“Dedilər, biz zənn etdik ki, bu qədər müddət ərzində siz artıq müsaidənamə alamadınız, binaənəleyh yaxamızdan əl çəkdiniz, böylə bir zəndə buunduğumuz üçün əvraqi-imtahaniyyəniz qeyb edildi. Bu səbəbdən sair ülum və fünundan müvəffəqiyyətlə imtahan verib-vermədiyiniz məlum deyildir”. Cəvabən dedim ki, müəllimlərin cümləsi imtahan vermiş olduğumu xatırlarlar və şəhadət edərlər”.

Dedilər ki, “Əvraqi-rəsmiyyə zail edilmiş olduqdan sonra müəllimlər şəhadət də etmiş olsalar, hökmü olmaz, iş nizama müğayir olur.

Dedim: “Nə etməlidir?” “Dedilər ki, nazir paşaya çıxıb hal və vəziyyəti anlatmalısınız”. Biz də oylə etdik. Nazir paşanın hüzuruna çıxıb macərayı olduğu kimi hekayə etdik. Nazir paşa xoş müamiləli, nəzakətli və məlumatlı bir adama bənziyordu. Dedi ki, “oğlum, nə edəlim? Əvraqi-imtahaniyyəni zail etmişlərdir”. Dedim: “Zərəri yoxdur, yeni başdan imtahan verməyə qabiləm”.

Bu sözlərə qarşı paşa dedi ki, “Siz imtahan verməyə qabil isəniz də mən Hərbiyyə müəllimlərini yenidən sizi imtahana məcbur etməyə qabil deyiləm, çünki imtahan mövsümü xitam buldu. Binaənəleyh gələcək sənəyə qədər gözləyib o zaman buraya təşrif edər və yeni başdan imtahan verə bilərsiniz”.

Dedim: “Paşa həzrətləri, bu haqqımda böyük zülm oldu. Bunca aylardan bəri səy və qeyrət etdim, əməklərim boşa getdi. Bir də gələcək sənəyə qədər bəkləyib şayəd o vaxt da imtahanlarım bir komediyayi-faciəyə münqəlib olursa büsbütün pərişan olub həm əməklərim badə gedər, həm cibimdəki beş-on lirə də boş yerə sərf edilmiş olur. Bən üç-dörd aydan bəri ev kirəsi veriyorum. Bedava da yiyib-içmiyorum. Bunlar həp para ilə oluyor. Bir də siz istiyorsunuz ki, bu hallar bir sənə də davam etsin? Hayır, hayır, bu zülmdür!”

Təsadüfən nazirin qəbul otağında olan müəllimlərdən biri Əli bəyi tanımış, onun imtahanları parlaq şəkildə verdiyini bildirmiş və belə gənclərin Türkiyə üçün böyük qazanc olduğunu söyləmişdi. Bu sözləri eşidən nazir Əli bəyə kömək etmək qərarına gəlmişdi. Kömək isə onun artıq imtahan yolu ilə tələbəsi adını qazandığı Əsgəri Tibbiyyəyə qeyd-şərtsiz qəbulundan yox, yenidən Edadiyyə məktəbinin imtahanlarına buraxılmasından ibarət idi...

Beləliklə, Əli bəy ikinci dəfə Osmanlı tarixi də daxil olmaqla orta məktəb proqramı üzrə bütün imtahanları vermişdi. Artıq arzusunun gerçəkləşməsi yolunda heç bir maneənin qalmadığını düşündüyü zaman ən gülməli arqumenti eşitməli olmuşdu: Rüşdiyyə (orta təhsilin birinci pilləsi, inqilabdan əvvəlki rus təhsil sistemində təxminən progimnaziya səviyyəsinə uyğun idi – V.Q.) siniflərini keçməyən bir öyrənci Edadiyyə proqramı üzrə imtahan verə bilməzmiş!

Yenə də “Şikayətnamə”ni xatırladan başqa bir dialoq meydana çıxmışdı:

“- Əfəndim, Edadiyyə dərslərindən imtahanlarda göstərmiş olduğum rüsuh və məlumat Rüşdiyyə dərslərinə daha layiqi ilə vaqif bulunduğumu isbat etmirmi?

– Əfəndi, şübhəsiz, isbat edir. Ancaq nə edəlim? Ağıl və məntiq bir bəhisdir. Nizami-dövlət bir ayrı bəhisdir. Biz nizam quluyuz, nizamın xaricinə çıxamayız”.

Sonda vəziyyətdən çıxış yolunu Əli bəy özü göstərmişdi. Tələb etmişdi ki, əvvəla ikinci Edadiyyə imtahanlarından uğurla çıxması barəsində ona müəllimlərin imzası ilə möhürlü şəhadətnamə verilsin və bu yolla da sənədlərin itirilməsi bəhanəsinin qarşısı alınsın. İkincisi isə, sonradan ibtidai məktəb proqramı üzrə imtahandan keçmədiyi ilə bağlı iddianın irəli sürülməməsi üçün ibtidai məktəb və Rüşdiyyə imtahanları birləşdirilsin. Rəhbərlik bu şərtləri qəbul etməli olmuşdu. Nəticədə, nə qədər gülməli görünsə də, Peterburq universitetinin məzunu yuxarıdan aşağıya türk məktəbinin bütün pillələri üzrə imtahanları verdikdən sonra Əsgəri Tibbiyyənin tələbələri sırasına qoşulmaq hüququ qazanmışdı.

İkinci tələbəlik həyatına başladıqdan az sonra Əli bəy Hüseynzadə anlamışdı ki, Rusiyada olduğu kimi Osmanlı imperiyasında da mütləqiyyət hakimiyyətinin qorxduğu, ehtiyat etdiyi başlıca qüvvələrdən biri tələbə hərəkatı, ali məktəblərdir. Səbəb isə eyni idi: “Çünki orası fikri oyanan cocuqların ictimagahı, əfkari-şəbbeyi-münəvvərənin mihrakıdır (hərəkətverici qüvvəsi – V.Q.). Dövlət, dövləti-müstəbidə istər ki, heç böylə mihraklar vücudə gəlməsin. Lakin nə çarə ki, bunlarsız olamıyor, bunlara ihtiyaci-azim vardır”.

“Höküməti-mütləqa üçün məktəb açmaq bir bəla, açmamaq da bir bəladır, – deyə Əli bəy daha sonra fikrinə davam edərək yazırdı: – Osmanlı dövləti işin qolayını bulmuşdur: açdığı məkatibi-aliyyəyi qalın qılaf və zırhlarla bürüməyə, mətin və yüksək divarlarla əhatəyə qərar verib bunların xariclə, xaricdəki camaatla əlaqələrini bilkülliyə qət etmişdir. Bu səbəbdəndir ki, İstanbula gələn bir səyyah nəzəri-üladə zənn edər ki, İstanbulda tələbə yoxdur, çünki tələbəyə bir yerdə rast gələməz, onlarla görüşəməz, görüşsə də çox çətinliklə görüşür”.

Həmin qadağalar Əsgəri Tibbiyyədə daha sərt və ardıcıl həyata keçirilirdi. Tələbələrin ətraf aləmlə əlaqələri demək olar ki, kəsilmişdi. Onlar həqiqi hərbi xidmət keçən əsgərlər kimi tam bir qışla rejimində yaşayırdılar. Ünsiyyət imkanları son dərəcə məhdud idi. Dərsdən kənar məşğələ və mütaliələri xüsusi nəzarət altına alınmışdı. Əli bəy xatırlayırdı: “Tələbənin cümləsi daxili, yəni məktəb daxilində yatıb-durmağa məcbur oldular. Bunlar ancaq cümə günləri, həftədə bir dəfə, o da düz evlərinə getmək şərti ilə məktəbdən çıxa bilirlərdi. İş bu qədərlə də qalmadı. Qəzetələrin, hətta “Sabah”, “İqdam” kimi İstanbulun özündə çıxan ən zərərsiz (İstanbul nəzərində ən zərərsiz) Osmanlı qəzetələrinin məktəbə dühulu qadağan edildi. Hərhangi bir tələbənin əlində bir qəzetə görülsə, o tələbə həftələrcə zindana atılırdı. “Əfəndim, tələbəyə qəzetə nə lazımdır, qəzetə oxuyunca öz həkim kitablarını mütaliə etsin”. Tələbəlik etmiş olduğum Peterburq universitetində hər növ qəzetə, məcmuə və həvadislə dolu, tələbəyə məxsus vasi qiraətxanayi xatırladıqca, bana bu hallar fövqəladə qərib görünüyordu. Lakin bunlar həp tədabiri-istibdadiyyədən olan qılaf və məhfəzələrin nəticələri idi!”

Lakin bütün bu çətinlik və məhdudiyyətlərə baxmayaraq İstanbulda, türk dilində ali tibb təhsili almaq, bütün fərqlilik və müxtəliflikləri ilə türk stixiyasında yaşamaq Əli bəyin öz seçimi idi. Odur ki, hər şeyə mətanətlə dözürdü.

Eyni zamanda Peterburqda, zəngin ənənələrə malik oturuşmuş universitetdə təhsil görmüş ziyalı kimi Osmanlı ali məktəblərinin də tədrisin keyfiyyəti və maddi-texniki təminatı baxımından Avropa, heç olmazsa, Rusiya səviyyəsinə yüksəldilməsinin zəruriliyini hər vasitə ilə anlatmağa, təşviq etməyə çalışırdı. Tələbələri sırasında yer aldığı Əsgəri Tibbiyyə “Tibbxanə və Cərrahxaneyi-Amirə” adı altında 1827-ci ildə, II Sultan Mahmudun fərmanı ilə təsis edilmişdi. Osmanlı tarixində islahatlar dövrünün başlanğıcı sayılan 1839-cu ildə bu xüsusi tədris müəssisəsinin adı dəyişdirilib “Məktəbi-Tibbiyyey-Əsgəriyyeyi-Şahanə”, yəni İmperator Hərbi Tibb Akademiyası qoyulmuşdu.

Əli bəy Hüseynzadə, təhsil illərində heç şübhəsiz, Əsgəri Tibbiyyənin ən parlaq tələbələrindən biri sayılmalı idi. O, yüksək intellektinə, ensiklopedik biliklərinə görə nəinki həmyaşıd olduğu gələcək hərbi həkimləri, həm də bir çox müəllim və professorları da qabaqlayırdı. Yusif Akçura ilk dəfə “Türk yurdu” məcmuəsində, sonralar isə “Türkçülüyün tarixi” kitabında çap etdirdiyi “Hüseynzadə Əli bəy” oçerkində azərbaycanlı gəncin Əsgəri Tibbiyyə tələbələri üzərindəki böyük təsirindən söz açaraq yazırdı:

“Onun gəlişi təzə və xoş qoxulu bir Avropa havasının əsməsi kimi oldu. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq, qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir quzey günəşi kimi parladı... Yunan və latın ədəbiyyatına aşina olmaqdan başqa alman, rus, ingilis ədiblərini xeyli gözdən keçirmiş, Şərq ədəbiyyatını şərqşünaslar səviyyəsində öyrənmişdi. Üstəlik, rəssamdı və kaman çalırdı. Yoldaşlarının hamısı əski dövr ədiblərinin ad və rəsmlərini ancaq “Kiçik Larousse” (fransız ensiklopedik lüğətidir – V.Q.) vasitəsi ilə bilirdilər. Rus fikir və ədəbiyyatına tamamən yabançı idilər. Çoxunun Qərb fikir və ədəbiyyatına bələdliyi də ancaq fransız qramer və lektorlarında hecalanan parçalara dayanırdı. Əli bəy İstanbul Tibbiyyə məktəbinə Qərb fikirlərini, Qərb irfan və mədəniyyətini, qısası, Qərbi tanıtmaqda professorlardan çox xidmət etdi. Yoldaşlarından doktor Abdulla Cövdət bəy Əli bəyin Tibbiyyə Məktəbindəki təsirini belə izah edir: “Əli bəy səssiz və düşünür halı ilə, əsrarəngiz təsiredici öyüdləri ilə üzərimizdə bir peyğəmbər təsiri buraxırdı. Əvət, o bir rəsuli-həqq idi”.

Təbii ki, Əsgəri Tibbiyyə müdavimlərinin şəksiz mənəvi lideri statusu qazanan Əli bəy məktəbdə hökm sürən dözülməz şəraitə biganə qala bilməzdi. Sultanın adı ilə bağlı olan bu elitar təhsil ocağında isə vəziyyət həqiqətən çox bərbad idi. Həm də söhbət yalnız sərt polis rejiminin qurulmasından, yadfikirliliyin hər hansı təzahürünün qarşısının yerindəcə alınmasından getmirdi.

Tələbələrin yaşadığı şərait və təhsilin səviyyəsi ortaya bir sıra cavabsız suallar çıxarırdı. Məsələn, akademiya statuslu təhsil ocağında yalnız bir mikroskop vardı. Ona görə də müəllim və tələbələr hər hansı təcrübə qoymaq üçün günlərlə gözləməli olurdular. Məktəbin damı uçmuşdu, yeməkxana bərbad vəziyyətdə idi. Hər yerdə antisanitariya və natəmizlik hökm sürürdü. Daxili qaydalara əməl olunmurdu. Ən kiçik narazılıqların da qarşısı sərt şəkildə alınırdı.

Bütün bunları dəfələrlə müşahidə edən, həm də vaxtı ilə tələbəsi olmaq üçün can atdığı məktəbin acınacaqlı vəziyyətindən üzülən Əli bəy heç nəyə baxmayaraq etiraz səsini qaldırmaq, eybəcər vəziyyəti ictimailəşdirmək qərarına gəlmişdi. Belə hallarda şeir dilinin daha təsirli və yüyürək olduğunu göz önünə gətirərək Azərbaycan ədəbiyyatında geniş yayılmış həcvdən – satirik ünsürlərin aparıcı rol oynadığı poetik şəkildən istifadəni daha üstün tutmuşdu. “Əski Tibbiyyə” adı ilə tanınan və yayılan həcv belə meydana çıxmışdı.

XIX əsrin sonu türk poeziyasında satirik şeirin tanınmış nümayəndələrindən olan şair Əşrəfə müraciətlə başlayan həcvdə Əsgəri Tibbiyyədəki mövcud vəziyyətin onun yaradıcılığına geniş mövzu imkanları açdığını vurğulayan Əli bəy daha sonra məktəbdəki nöqsan və çatışmazlıqları məsxərəçi bir dillə tənqid etmişdi. Həm də yalnız məsxərə ilə kifayətlənməmişdi. Türkiyədə dillər əzbəri olan “Bu yerdə bil ki, hürriyyət əsarətdən ibarətdir, Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir” misraları ilə baltanı kökündən vuraraq II Əbdülhəmid hakimiyyətinin əsl mahiyyətini ortaya qoymuşdu.

1893-cü ildə yazıldığı ehtimal olunan həcv Əsgəri Tibbiyyə tələbələri arasında son dərəcə böyük populyarlıq qazanmış, əl-əl gəzmişdi. Sonda məktəb rəhbərliyini narahat edən əsərin nüsxəsi tələbələrdən birində tapılmış, yalnız bundan sonra həqiqi müəllifin kimliyini müəyyən etmək mümkün olmuşdu. Əli bəy və həmin tələbə bir neçə günü qaupvaxtda keçirmişdilər.

Əli bəy Hüseynzadənin həcvi Türkiyədə ilk dəfə 1912-ci ildə (hicri tarixlə 1328-ci il) Riza Təhsinin “Mirati-Məktəbi-Tibbiyyə” kitabında (II cild, səh. 267-269), daha sonra isə İstanbul Darülfünunun tibb bölümündə onun tələbələrindən olan doktor Vəli Behcət Qurdoğlunun “Şair təbiblər” kitabında, “Hüseynzadə Ali Turan” oçerkinin (İstanbul, 1967, s. 283-289) içərisində çap edilmişdir. Nəhayət, Əli bəy Hüseynzadə irsinin Türkiyədəki tanınmış tədqiqatçısı professor Əli Heydər Bayat da adı çəkilən həcvi öz kitabına (Hüseynzadə Əli bəy. Atatürk Kültür Mərkəzi yayınları. Ankara 1998, səh. 101-102) daxil etmişdir.

Aşağıda “Şair təbiblər” kitabından götürdüyümüz mətni təqdim edirik:

Gəl ey Əşrəf1, bu məktəbdə sən et icrayi-təhqiqat,

Hesabsız anda mümkündür sənə yazmaq rübaiyyat.

Neçə yıldır nəyi gördümsə, bən ancaq eylədim fəryad:

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”2.

Bizim məktəbdə dam yoxdur, bütün məruz baranə3

Koğuşta4 yatmağa mütləq çadır lazımdır insanə

Yarar bəlkə duşa, bilməm tədaviye bu viranə

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Cahanı xeyli gəzdim görmədim bundan daha agrəb5

Axur gördüm bəyənməz heç nə bir beygir6, nə bir mərkəb7

Nə bu? – sordum. Cavab aldım: tənəffüsxaneyi- məktəb

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Bizim Bastil’də8 ümmidi təmamən səhhətindən kəs

Yer altında, qaranlıqda, rütubətdə yatar hər kəs

Görüb “Sərvət”9 yazar:

məktəbdə son sistemdə bir məhbəs

“Betəng əz suhten aməd, dimağem dad əz in halat”

Mugaayir həp şu məktəbdə əvamir10 məntiqə bəncə

Nədən olsun yasaq məktəbliyə hər türlü əyləncə?

Nə məna ihtiyar ol əmrini verməkdə hər gəncə?

“Betəng əz suhtən aməd, dilem feryad əz in halat”

Təam vaxtında şagirdan iki saat düzülməkdə,

Yemək olmaqda buz, üstdən de mikroblar tökülməkdə,

Nasıl bilməm ki, sonra ol yeməklər həzm edilməkdə?

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Basiller11 çin gözəl kültür yeri olmuş yeməkhanə

Anın üstünde meslulin12 olur yanlar ədəbhanə13

Nasıl fəryad edilməz kim ba

na derlər bu əfsanə

“Betəng əz suhtən aməd, dilem fəryad əz in halat”

Gıda aldınsa baqqaldan həmən dəf et mukayyılə14

Sakın “Eczacı” dan alma, mukayyıyi həzər eylə

Gedib yalnız bizim bir mətbəxə ətfi-nəzər eylə,

“Betəng əz suhtən aməd, dilem feryad əz in halat”

Düşüncən bir para etməz yeni bitmiş sərırıyat15

Məsarif çün əcəb kaç bin lirə göstərdi inşaat

Nolurdu bən də inşaatda olsaydım böyük bir zat

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Nəbatat baxçası bir tarla olmuşdur mugaylan’ə16

Latınca yaftalar17 boşda durur bəklər yetimanə

Araşdırsan bunun sirrin sürərlər bəlkə Fizan’ə18

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Bizə mikroskop əlzəmdir nasıl ki, topçuya bir top

Bana derlər ki doktorluq edərmi görməyən mikrob?

Bizim məktəbdə bilməzlər görünməz bəlkə mikroskop

“Betəng əz suhtən aməd, dilem feryad əz in halat

Diyorlar ki, edilmişdir bu hallar ərz sultana

Yeni məktəb yapılsın var irade əmr-i Şahanə

Əlan19 yox ortada bir şey səbəb təxirə aya nə?

“Betəng əz suhtən aməd, dimağem dad əz in halat”

Bu yerdə bil ki, hürriyyət əsarətdən ibarətdir,

Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir,

Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir,

“Betəng əz suhtən aməd, dilem fəryad əz in halat”

P.S. Heç şübhəsiz, həcvdən xəbər tutan təhsil məmurları vaxtı ilə azərbaycanlı gəncin Tibbiyyəyə aparan yollarını bağlamaq üçün göstərdikləri səylərə görə öz uzaqgörənliklərindən məmnun qalmışdılar. Amma əslində, bu çox zəif təsəlli sayılmalıdır. Çünki etirazlar təkcə həcvlə bitməmişdi. Onların zamanında qarşısını ala bilmədikləri Əli bəy Hüseynzadə az müddətdən sonra Osmanlı imperiyasında sultan hakimiyyətinə ciddi təhlükə törədən siyasi simalardan birinə çevrilmişdi...

P.P.S. Bu həcvin meydana çıxmasından az sonra ən yüksək səviyyədə qəbul edilən bir qərarı təbii ki, sadəcə onun təsiri ilə əlaqələndirmək sadəlövhlük olardı. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, 1894-cü ildə II Sultan Əbdülhəmidin əmri ilə Əsgəri Tibbiyyə üçün İstanbulun Heydərpaşa səmtində Avropa memarlığı üslubunda indi Mərmərə Universitetinin tədris korpuslarından biri kimi istifadə olunan möhtəşəm binanın tikintisinə başlanmış və hərbi tibb akademiyası 1903-cü ildə həmin binaya köçmüşdü...

1 məşhur türk satirik şairi,

2 “Təngə gəldim, ürəyim bu haldan fəryad etdi” (farsca)

3 yağış

4 yataqxana

5 qəribə

6 ayğır

7 uzunqulaq

8 Fransada uzun müddət həbsxana kimi istifadə olunan Bastiliya qalası nəzərdə tutulur

9 “Sərvəti-fünun” məcmuəsi

10 əmrlər

11 basil çöpləri, geniş yayılmış mikrob növlərindən biri

12 milçək

13ayaqyolu, tualet

14 qeydə aldırmaq

15 xəstəyə baxılan yer, klinika

16 heyvanlar, vəhşilər

17 elan lövhələri

18 həmin dövrdə Osmanlı imperiyasının tərkibinə daxil olan indiki Liviyanın ucqar əyalətlərindən biri. Sultan hakimiyyətinə zidd fikirli şəxslər adətən ora sürgünə göndərilirdi

19 indi

Budapeşt

mart, 2014-cü il

525.az

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #