Qəbrini məhv etdilər, məzarını açıb, qalıqlarını götürdülər - Mətanət Vahid

Qəbrini məhv etdilər, məzarını açıb, qalıqlarını götürdülər - Mətanət Vahid
6 avqust 2024
# 21:00

Bu gün Xurşidbanu Natəvanın doğum günüdür.

Kulis.az bu münasibətlə Mətanət Vahidin "Natəvan - kədərli qürur abidəsi" məqaləsini təqdim edir.

Təxəllüsündəki kədər qədəri idi... İşğaldan sonra sökülüb-dağılmış, baxımsız qalmış yurdunda sarayın otaqlarında gəzən Xan qızının məğrur yerişini, sinəsi övlad dağlı ananın pəncərələrdən uzaqlara zillənən kədərli baxışlarını xəyal edib düşünürsən ki, viran qalan təkcə bu yurd yeri deyil; bu saraydan çox əvvəl Natəvanın həyata keçməmiş arzuları talan olub. Xanın "Dürri-yekta"sı Xan qızı kimi yaşadı, tarixdə özünə və əcdadına layiq ad qoysa da, arzuları çin olmayan qadın kimi ömür sürdü...

Natəvanın nəvəsi (qızı Xanbikənin övladı) Əkbər xan Naxçıvanski yanında böyüdüyü nənəsini xatirələrində belə təsvir edir: "Natəvan çox ucaboylu deyildi, gözləri ala idi, çox gözəl siması vardı. O çox sadə idi." Bütün patriarxal cəmiyyətlər kimi, Qarabağ mühiti də Xan qızına sadəlik və zərafətinə sığdırdığı gücünü, bir çox kişilərin belə, məhrum qaldığı cəsarət və mərdanəliyi, səxavətini bağışlaya bilmədi. Xeyirxahlıq və rəhmdillik rəmzi olan Natəvanın şəxsi ağrı-acısını ona unutduracaq məlhəm ailəsinin və əhalinin şərtsiz dəstəyi ola bilərdi, amma olmadı.

Mirzə Mustafa Fəxrəddin Ağabalinin Seyid Həmzə Nigariyə həsr olunmuş "Hümayü-ərş" kitabında yazdığına görə, Natəvan üzüyünə "Fələklə diz-dizə oturmuş, Fatimənin kənizi Xurşidbanu" ifadəsini həkk etdiribmiş. Mirzə Mustafa əlavə edir: "Xasay xan ilə izdivacından sonra bəzi tərbiyəsizlər divarlara: [Fələklə diz-dizə oturmuş, hamamlarda ... zamani Xurşidbanu] yazmışlar. Şuşa qalasında təsadüf etdiyim bir zatdan xanımın halını sorğu-sual etdim. Cavabında divarlara yazılı olan bu sözü söylədi. Başqa bir söz əlavə etmədi. Anladığıma görə, bu izdivac incikliyi xanımın vəfatından sonra da yaddan çıxmamışdı. Allah təqsirindən keçsin".

Təkcə elə bu sətirlər məğrur Xan qızının necə dillərə düşdüyünün sübutudur. Bəlkə də, Natəvan hər zaman əl tutduğu, kömək etdiyi əhali tərəfindən dəstəklənsə idi, mənən bu qədər yıxıq olmaz, itirdiyi övladının acısını digər övladlarının varlığı ilə ovudar, özündə təpər tapıb həyat eşqinə sarılardı. Amma güclü qadını gözü götürmədiyindən onu mənən əzmək üçün böhtanlar yağdıran nankor cəmiyyət o vaxt da məqsədinə nail olmuş, sonuncu Qarabağ xanının qızı ayağıçarıqlıların dilinə düşmüşdü. Bütün bunlar onun dərdini birə-beş artırmaq üçün kifayət edirdi.

Taleyindəki kədərin qisasını cəmiyyətdən alan pislərdən deyildi Natəvan, əksinə, xoşbəxtliyi yaxşı əməllərdə, işığa inamında idi. Bu qədər ağrılı, əzablı həyat yaşamasına baxmayaraq Xan qızı ona layiq qürurla ömür sürdü, başını əymədi, bütün yaradıcılığı kədərlə süslənsə də, qürur abidəsi Azərbaycan qadını örnəyinə çevrildi.

Qarabağın sonuncu hakimi Mehdiqulu xan dəfələrlə evlənsə də, yalnız Uğurlu xan Ziyadoğlu-Qacarın qızı Bədircahan bəyimdən anasının adını verdiyi Xurşidbanu bəyim adlı qızı doğulmuşdu. 1832-ci ilin 6 (15) avqustunda doğulan qız övladı əlli yaşlı atasına taleyin gecikmiş hədiyyəsi, Qarabağ xanlığının yeganə varisi idi. Atasını itirəndə 13 yaşı tamam deyildi. Kədər də taleyinə elə o zamanlar ayaq açdı.

Xurşidbanunun Xasay xanla evliliyi ilə bağlı elmi ədəbiyyatda müxtəlif versiyalar mövcud olsa da, siyasi əhəmiyyətə malik olması barədə hamısı ortaq fikirdədir. Bu izdivac Qafqaz canişinliyinə Qarabağ xanlığının taleyini qarantiləmək, Xasay xana çarlığa sədaqətini nümayiş etdirmək üçün sərf edirdi. Bəs Natəvana? Onun fikri heç kimi maraqlandırmırdı.

Knyaz Xasay xan Usmiyev. Rus ordusunun general-mayoru Xasay xanın milli mənsubiyyəti uzun illər müzakirə obyekti olsa da, son illər yayğın qənaətə görə, o, soy-kökü etibarilə Qazıqumuq şamxalları nəslinə mənsub olub. 1808-ci ildə Qumuq əyalətinin Köhnə Aksay kəndində, nüfuzlu qumuq knyazı Musa Xasav Usmiyevin ailəsində dünyaya gələn Xasay xan Natəvandan 24 yaş böyük idi. Qafqaz ordusunda xidmətlərinə görə çarın şəxsi təşəkkürlərini almış, müxtəlif orden və mükafatlara layiq görülmüşdü. Onun Natəvanla tanışlığı və evliliyi məsələsi ədəbiyyatşünaslığımızda müzakirə obyektidir: belə ki, versiyaların birinə görə, Xurşidbanu və anası Tiflisə səfər edərək mübahisəli mülk məsələlərini yoluna qoymağa çalışmışlar və Xasay xan Natəvanla evlilik müqabilində onlara kömək vəd edib. "Digər versiya isə qumuq əsilzadəsi ilə Qarabağın hakim ailəsi arasında qohumluq münasibətlərinin yaranmasının Qafqaz canişini Vorontsovun layihəsi olduğunu iddia edir." (Vilayət Quliyev) Hər iki halda bu izdivac könüllülük zəminində yox, bir növ, könüllülüyə məcburiyyətdən yaranmış olur. Xasay xanla Natəvan 1848-ci ildə (müxtəlif mənbələrə görə bu tarix 1847-1850-ci illər arasında dəyişir) ailə qurmuş, toydan sonra birlikdə Dağıstana yola düşmüşlər. Gənc ailə müxtəlif vaxtlarda Tiflis və Bakı da daxil olmaqla ara-sıra səfərlər etsə də, əsasən Şuşada yaşamışlar.

Xasay xanı nə Qarabağ elitası qəbul edə bilirdi, nə də yeni qohum-əqrəbası. Bunda xanlığın gəlirlərini əhalidən gizləyən, onlara yuxarıdan aşağı baxan Xasay xanın öz günahı da az deyildi. Hər iki uşağını anasının yanında qoyaraq Şuşadan gedəndən (1864) az müddət sonra knyaz Usmiyev öz kəndində knyaginya N.Kaplanova ilə evlənir. 1862-ci ildə Qafqaz süvari qoşunlarında saxlanmaqla general rütbəsinə yüksələn knyaz X.Usmiyev 1866-cı ildə 860 manat təqaüdlə hərbi xidmətdən azad edilir. Belə ki, o, həmişəlik Osmanlı imperiyasına köçmək fikrinə düşsə də, çar imperiyasının müsəlman əhalisinə pis nümunə olacağından ehtiyat edən Qafqaz canişinliyi onun xahişini rədd edir və hərbi xidmətdən tərxis edib Voronejə göndərməklə, bir növ, sürgünlə cəzalandırır. Az sonra özünə qarşı münasibətlərdən sarsılan Xasay xan Usmiyev intihara cəhd edir: başından aldığı ağır yara ilə aylar sonra (21 aprel 1867) vəfat edir. Şuşada onun Natəvanla izdivacından doğulan iki varisi - oğlu Mehdiqulu və qızı Bikə bəyim (1856-1924) qalır.

Natəvanın övladları. Xasay xanla evliliyin ilk illərində Xurşidbanunu kədərə boğan səbəblərdən biri də övlad xiffəti idi. Ana ola bilməyən Natəvan bir müddət Tiflisdə müalicə aldıqdan sonra Bakının Şıx kəndinə, Bibiheybət pirinə pənah gətirmişdi. Bu ziyarətdən sonra övlad arzusu çin olduğu üçün knyaz Usmiyev öz hesabına Bakıdan Bibiheybət məscidinə qədər yol çəkdirmişdi. Bu məqamı Aleksandr Düma da özünün "Qafqaz səfəri"ndə xüsusi qeyd edir.

Natəvanın ilki Mehdiqulu Usmiyev (1855-1900) hərbçi idi: çar ordusunun polkovnik-leytenantı 1900-cu ilə qədər Qafqaz Hərbi Dairəsində qərargah zabiti kimi xidmət etmiş, hərbi xidmətlərinə görə dəfələrlə təltif olunmuşdur. Həmçinin Vəfa təxəllüsü ilə şeirlər yazırdı. Xasay xanın ölümündən sonra Natəvan Seyid Hüseyn Ağamirovla ailə qurmuşdu. Bu evlilikdən sonra dövlətdən bəy ünvanı almasına, Yelizavetpol (Gəncə) quberniyasında bir çox məktəblərin hamisi olduğuna, quberniya katibi mülki çini daşımasına baxmayaraq, qarabağlılar Xan qızına əvvəli papaqçı olmuş rəiyyətlə evliliyi bağışlaya bilmirdi. Onların bu izdivacdan 3 oğlu (Mir Həsən, Mir Abbas, Mir Cabbar) və 2 qızı (Saray xanım və Həcər xanım) doğulmuşdu. Natəvanın böyük oğlu Mehdiqulu xan Usmiyev özünü Qarabağ xanının birbaşa varisi saydığından onlara məxsus mal-mülkün kiçik bir hissəsinin belə, Seyid Hüseynin övladlarına çatmasının əleyhinə idi. Odur ki, oğlu Mir Abbası uzun sürən xəstəlikdən sonra 17 yaşında itirməsinin əzabı azmış kimi, böyük oğlunun miras davası, anası və ögey bacı-qardaşları ilə bitib-tükənməyən qovğası Natəvanın dərdinə dərd qatırdı.

Xeyriyyəçi Xan qızı. Qarabağ əhalisinin qayğıları ilə yaşayan Natəvan üçün onların problemlərini həll etmək prioritetləri sırasında idi. O, yüz min manat sərf edib yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə, saxsı borularla Şuşaya su kəməri çəkdirərək (1873) könüllərdə xeyirxah insan kimi yuva qura bildi. Təkcə bu deyildi. Tədqiqatçı Ənvər Çingizoğlu "Cavanşir eli: sarıcalılar" kitabında yazır ki, Qarabağda kəndlilərin təsərrüfatının tamamən məhv olduğu 1887-ci ildə Xurşidbanu bəyimin əmrilə qarabağlı yoxsul kəndlilərə siyahı üzrə, qaytarmaq şərtilə taxıl paylanmışdı; evinin yanında tikdirdiyi "buzxana" anbarındakı buzdan həkim göstərişi olduqda pulsuz istifadə edirdilər; bağının meyvəsini siyahı üzrə fəqir-füqəraya paylayardı; heyvanlar kəsdirib qazanlar dolusu yemək bişirtdirər və kənd əhalisinə qonaqlıqlar verərdi və s.

1864-cü ildən fəaliyyət göstərən "Məclisi-üns" şeir və musiqi məclisi 1872-ci ildən Natəvanın evində toplaşmağa başlamışdı. Otuzdan çox üzvü olan məclisə Xurşidbanu bəyim rəhbərlik edirdi. Natəvanın həyatındakı silsilə kədərli hadisələr səbəbilə 1890-cı illərin əvvəllərindən başlayaraq "Məclisi-üns"ün fəaliyyəti zəifləsə də, Xan qızı Natəvanın vəfatına qədər davam edib.

Həyatının sonlarına doğru Xan qızının evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.

Natəvan və Aleksandr Dümanın baş tutmamış şahmat oyunu. Natəvanın bioqrafiyasında diqqətçəkən məqamlardan biri də məşhur fransız dramaturqu, jurnalist və səyyahı Aleksandr Düma (ata) ( 1802-1870) ilə görüşüdür. Elmi araşdırmalarda əksini tapmayan, "tarixdən bəllidir ki" sözləri ilə mənbələrə əsaslandırılmadan məqalədən-məqaləyə keçən A.Dümanın guya Şuşadan keçərkən Xan qızı ilə görüşməsi, onların şahmat oynaması, Natəvanın fransalı səyyahı mat edərək qabiliyyəti ilə də mat qoyması və bunun müqabilində qonağın xanıma öz şahmatını bağışlaması haqqında məlumat gerçəyi nə dərəcədə əks etdirir? Əlbəttə, tarix üçün Dümanın Qafqaza səyahətinin baş tutduğu 1858-ci il elə də uzaq sayılmamalıdır və onların görüşünün təfərrüatları əks olunmuş mənbə mütləq olmalıdır. Və belə bir mənbə Dümanın öz səfər təəssüratlarını əks etdirdiyi "Qafqaza səyahət" əsəridir (1859). Dünyanın müxtəlif dillərinə tərcümə edilərək çap olunan kitabın Azərbaycana həsr olunmuş hissəsi dilimizə 1985-ci ildə Qəzənfər Paşayev və Həmid Aslanov tərəfindən tərcümə edilib.

Əsərdən öyrənirik ki, Düma Azərbaycanda olduğu müddətdə tanınmış şəxsiyyətlərdən sonuncu Şəki xanının nəvəsi Məhəmməd xan, şamaxılı Mahmud ağa, həmçinin Xurşidbanu Natəvan və həyat yoldaşı Xasay xan Usmiyevlə görüşmüşdür. Lakin müəllif Natəvanı şair, ictimai xadim kimi deyil, adını belə çəkmədən, sadəcə olaraq, Mehdiqulu xanın qızı kimi təqdim edir: "Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin - gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı." (s. 63)

Adətən, mənbəyə əsaslanmadan müəlliflər Dümanın bu görüşdə Natəvanın ağıl və qabiliyyətinə heyran olduğunu, füsunkarlığını mədh edtiyini yazırlar və təəssüf ki, bunu bəzən hətta elmi məqalələrdə də görə bilirik. Bu, əlbəttə şairə olan sevgidəndir, lakin Natəvanın belə təhriflərlə təriflənməsinə ehtiyacı yoxdur və olduğu kimi də tərifi haqq edən qadın, şair və ictimai xadimdir. Aleksandr Düma, Natəvanın əksinə, həyat yoldaşı Xasay xan Usmiyevdən çox ətraflı və xüsusi rəğbətlə bəhs edir, "dəqiqliyi ilə avropalılardan da üstün olan", "fransızca parislilərdən heç də pis danışmayan" Xasay xanı "ləyaqətli adam" adlandırır: "Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu. Qapqara saqqalı onun dişlərini daha da ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi..."

Əsərdən bəlli olur ki, X.Usmiyev ortaq tanışlarına A.Düma vasitəsilə salam göndərir və silah həvəskarı olduğundan səyyah qonaqdan xahiş edir ki, Parisə qayıtdıqdan sonra ona Devim emalatxanasında istehsal olunan silah göndərsin. Ata Düma özü ilə gətirdiyi Devim tapançasını Xasay xana bağışlayır. 1 saat sonra qonaq X.Usmiyevdən səhvsiz fransızca ilə yazılmış məktub və hədiyyə alır: "Sizin elə gözəl, elə zəngin silah kolleksiyanız var ki, ora nəsə əlavə etmək mümkün deyil. Odur ki, bu pul kisəsini və iki arxalığı qəbul etmənizi xanımım xahiş edir. Pul kisəsini xanımım öz əlləri ilə tikmişdir! Xasay xan Usmiyev". Göründüyü kimi, Natəvan A.Dümaya özü tikdiyi pul kisəsini ona bağışlanan şahmat qarşılığında hədiyyə etməyib, bu tikili Usmiyevin qonağa cavab jesti olub.

Aleksandr Düma ilə Xurşidbanu Natəvanın görüşü uydurulub yazıdan-yazıya keçdiyi şəkildə baş tutmasa da, bu xəyal məhsulu yeni sənət əsərlərinin yaranmasına da rəvac verib. Belə ki, heykəltaraş Akif Əsgərovun Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan "Xurşidbanu Natəvan və Aleksandr Dümanın Bakıda görüşü" adlı heykəlciyi, rəssam Çingiz Mehbalıyevın Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu" adlı rəsmləri və s. nümunələr bu qəbildəndir.

Natəvanın rəssamlığı. XIX əsr Azərbaycan təsviri sənətinin inkişafına töhfəsini verən qrafik əsərləri Xurşidbanu Natəvanın özünəməxsus rəssamlıq irsinin göstəricisidir. Onun hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan "Gül dəftəri" adlı 227 səhifəlik albomunda (1886) Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri müəllifinin zərif estetik duyumunun nişanəsidir. Albomda on üç qəzəl, otuza yaxın rəsm əsəri yer alır. Sulu boya və karandaşla çəkilmiş bu rəsmlər arasında mənzərə və müxtəlif bitkilərin təsvirinə də rast gəlmək mümkün olsa da, əsasən müxtəlif güllər (qızılgül, bənövşə, lalə, süsən, qərənfil, yasəmən) üstünlük təşkil edir. Şeirlərlə yanaşı yerləşdirilən illüstrasiyalar istər motiv, istərsə rəng həlli baxımdan bədii mətndəki əhvali-ruhiyyəni əks etdirir. Sənətşünas Ziyadxan Əliyevin qeyd etdiyinə görə, "naturadan çəkildiyi şübhə doğurmayan "Üzüm salxımı", "Lalə", "Gül", "Çiçək", "Süsən", "Qərənfil" və s. rəsmləri Azərbaycan təsviri sənətində sonradan geniş yayılacaq natürmort janrının ilkin işartısı olması baxımından da əhəmiyyətlidir." Cildi tirmə üzərində rəngli saplar və muncuqlarla işlənən elementlərlə bəzədilmiş "Gül dəftəri"nin bir üzündə güllər və miladi tarixlə "1886-cı il", o biri üzündə isə ağac təsvirləri və hicri tarixlə "1304-cü il" yazısı həkk olunub.

Bundan başqa, Natəvanın rəsm əsərləri arasında Qarabağ lövhələri ilə yanaşı, səfər təəssüratlarını əks etdirən "Bakı mənzərəsi", "Məscidli qala", "Narınqala", "Kür qırağı", "Dağlara yol", "Metex qalası", "Dəniz kənarı", "Sahil kənarında körpü" və s. kimi mənzərə təsvirlərini də müşahidə etmək mümkündür.

Natəvanın əl işləri. Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işləri Xan qızının yüksək sənətkarlıq qabiliyyətinə malik, incə zövqlü rəssam və bədii tikmə ustası olduğunun sübutudur. Natəvanın bacarıqlarından soraq verən güləbətin sapla tikilmiş yaxalıq, başmaq, dövrü üçün yenilik olan "xaç" üsulu tikmə ilə bəzədilmiş xurcun, qazantutan və s. nümunələr muzeyin etnoqrafiya fondunda mühafizə edilir. Muzeydə qorunan xaradan tikilmiş yaxası zanbaq, qolları yelpazə biçimli nimtənənin (qolsuz üst qadın geyimi) astarının parçanın yerliyinin rənginə uyğun seçilməsi, arxalıqların dövrünə görə qeyri-adi biçimi, xurcun, quranqabı, bəzəkli başmaq, yaxalıq, tənbəki kisəsi, süfrə, məfrəş və s. əl işləri Natəvanın zövq və qabiliyyətindən xəbər verir.

Natəvanın şairliyi. Xurşidbanu Natəvan bədii əsərlərinin əksəriyyətini klassik sənətkarların, xüsusilə Məhəmməd Füzulinin ədəbi təsiri ilə yazmışdır. Çəkdiyi iztirablar onu ruhən Füzuliyə yaxınlaşdırmış, ustadın qəzəllərində öz duyğularının ifadəsini gördüyündən əsərlərində Füzuli şeirinin poetik xüsusiyyətlərindən, bədii leksikasından, təsvir və ifadə vasitələrindən bəhrələnmiş, bəzən hətta müəyyən hissələri təkrar etmişdir. Natəvanın yaradıcılığının ilk mərhələsinə aid şeirləri, təəssüf ki, günümüzə qədər gəlib çatmamış, mövcud şeirləri isə şəxsi iztirab fonunda yazılmışdır. Onun şəxsi həyatı ilə bədii yaradıcılığı arasında kədərli bir ahəngdarlıq özünü göstərir. "Midad olsa əgər dərya, qələm olsa əgər əşcar, \ Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar" - deyən Natəvan kədərinin miqyasını anlatmağa çətinlik çəkirdi. Övladının vaxtsız ölümündən sarsılaraq dərin iztirablar keçirən ana üzüntülərini misralara köçürməklə ovunurdu. Onun "Ağlar", "Əfsus", "Getmə", "Sənsiz" rədifli qəzəlləri oğlunun ölümü münasibətilə yazılıb. Bu şeirlər bədii məzmunu və poetik gözəlliyinə görə XIX əsrin bir sıra söz ustalarının diqqətini cəlb etmiş, Seyid Əzim Şirvani, Ağaəli bəy Naseh, Molla Ağa Bixud, Əbülhəsən Vaqif, İbrahim bəy Azər kimi şairlər onlara nəzirələr yazmışlar. Füzulinin ədəbi təsiri Natəvanın məhəbbət şeirlərində daha güclü olsa da, elə bu qəzəllərində də həyatdan şikayət, peşmanlıq, nigaranlıq hissləri, zəmanədən narazılıq motivləri geniş yer tutur.

Kədərli son. Natəvanın həyatının son illəri daha da acınacaqlı keçib: yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxmış, borca düşmüşdü. Mətbuatın xəbər verdiyinə görə, ağır maddi çətinliklər üzündən evindəki bəzək və zinət əşyalarını açıq satışa qoymuşdu. Xəstəlik və məhrumiyyətlər, övladları arasındakı mülk davaları Natəvanın vəziyyətini daha da ağırlaşdırır. Bütün bu maddi, mənəvi sıxıntılar, emosional-psixoloji sarsıntılar nəticəsində Natəvanın xəstəliyi şiddətlənmiş və 1897-ci il oktyabr ayının 1-də vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, Xan qızının cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, "İmarət" deyilən ailə qəbiristanlığında dəfn etmişlər.

Sağlığında yaşadıqları azmış kimi, işğaldan sonra erməni barbarları Natəvanın qəbirüstü abidəsini məhv edib, məzarını açıb, qalıqlarını da götürüblər. Tək təsəllimiz budur ki, Şuşa yenidən halal sahiblərinə qayıdıb və günbəgün abadlaşan, dağıntıları bərpa olunan şəhərdə Natəvanın narahat ruhu artıq aram tapar...

"Ədəbiyyat qəzeti"

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #