"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid

"Pul şairin qadınları satınalma vasitəsidir" - Mətanət Vahid
21 yanvar 2025
# 14:30

Kulis.az ədəbiyyatşünas, esseist Mətanət Vahidin Aqşin Yeniseyin "Hərflərin vahiməsi" romanı haqqında "Yazmaq, ya yazmamaq – budur sual!" adlı yazısını təqdim edir.

Yeni çağın romanı janrın bəlli çərçivələrinə sıxışdırılmış “conventional storytelling” deyil, sərhədləri hüdudsuz genişliyə açılan, qəlibləri dağıdıb formasızlıq “forması almış” özünü yaradan mətndir. İndi klassik romanda olduğu kimi, əsərin xüsusiyyətlərini janr çərçivəsində müəyyənləşdirmək çətinlik törədir, daha çox müxtəlif cəhətləri özündə cəmləyən “hibrid-roman”lar yazılır.

Aqşin Yeniseyin “Hərflərin vahiməsi” (2022) adlı ədəbi məramının içərisində estetika ön planda yer ala bilmir; istəsək də, istəməsək də, daha çox “tərbiyəli oxucular”ın arayışına çıxdığı “ictimai məzmun yükü”nün ağırlığını hiss edirik. Əsərdə publisistik tonun üstünlüyü də mövzudan irəli gələn xüsusiyyətdir. Romanda həyata, sənətə münasibət anlayışların müqayisəsi müstəvisində üzə çıxır: varlıq və heçlik, Tanrı və Şeytan, Servantes və Tarkovski, ədəbi dil və xalq dili kimi məsələlər ətrafında düşüncələr romanı ədəbi traktat kimi qəbul etməyə imkan verir.

“Hərflərin vahiməsi”ndə fəlsəfə “fəlsəfə açmaq” xatirinə deyil, romanın qoyduğu məsələlərin həlli üçün vasitədir. Aqşin Yenisey hiperlinklər və interaktivlik vasitəsilə qurduğu “tor” sayəsində hipermətn yaradır. Əsərdəki saysız-hesabsız göndərmələrin ünvanını fərq edəndə mütaliə daha da zövqlü olur, roman heç nə haqqında hər şey kimi oxunur. Beləcə, heçliyi yaratmağın varlığı yaratmaqdan daha çətin (məncə, daha əyləncəli) olduğunu izləyirik.

“Hərflərin vahiməsi” əbədi Xeyir və Şərin mübarizəsində şərin xeyir cildinə girdiyi dünyanın amansız üzüdür. Çoxlarının ilkin məqsədi vəzifə, şöhrət olmasa da, yaşadıqca təcrübə öyrədir ki, qurd olub parçalamasan, quzu olub parçalanmağa məhkumsan və bu məcburiyyətdən birincini seçir. Bu meşə qanunları və sürü təfəkkürünün qarşısında duruş gətirə bilmək insandan nə boyda bir güc, iradə istəyir?!. Axı maddi asılılıq mütləq mənəvi köləliyə səbəb olur. Bu maliyyə piramidasında Cırtullalar ən aşağıdakılardan bircə qarış yuxarıda olub özünü sahibi-ixtiyar sananlardır. “Hərflərin vahiməsi” bu bataqlıq kimi bulanıq həqiqətləri duruldan şungit daşıdır; tarixin daşlarını yerinə oturdan, tarixən bütün mədəniyyətlərdə “öpülüb alına qoyulan” çörək davasının söz azadlığına qənim kəsildiyini göstərən romandır. Bununla belə, məncə, əsərin mərkəzində annotasiyasında qeyd olunduğu kimi, iqtidar-sənətkar məsələsi durmur, yəni bu, ikinci dərəcəlidir; burada linqvistik identifiklik məsələsi daha qabarıqdır - elə romanın adı da bunu ehtiva edir.

Sabir Rüstəmxanlı romanda “cümlələrin antik mifologiyadan, Avropa mədəniyyətindən gəlmə sitat və ya alınmaların çoxluğu”nun mətni ağırlaşdırdığını və romanın oxunmasını çətinləşdirdiyini, “bəzi açıq-saçıq sözləri də o mətnlərə yaraşdırmadı”ğını qeyd etməklə əsərdə ədəbi dil məsələsinə də münasibətini bildirir: “Romanda ədəbi dilimiz "dustaq dil" hesab edilir, bu dillə böyük mədəniyyət yaradılmaq mümkünsüz sayılır, hesab edilir ki, düşüncəmizdə azadlığa yer yoxdur, bu azadlığı qazanmağın yolu anarxizmdir... Lakin bu romanın qəhrəmanının fikridir, İnanıram ki, Aqşin belə düşünməz, bu deyilənlərin yanlış olduğunu ədəbi dilimizin keçdiyi böyük mübarizə yolu aydın göstərir və ona da inanmıram ki, bədii mətnə məişətdən bir-iki açıq-saçıq söz gətirməklə və Avropadan alınmaların sayını artırmaqla ədəbi dilimizi "düzxətli" olmaqdan xilas edə bilərik…” Məncə, roman da elə bundan bəhs edir – “hərflərin vahiməsi”ndən, yazılanların bizi qorxutmasından, hər şeyi öz xeyrimizə yozmaq istəyimizdən.

Aqşin Yeniseyin "Hərflərin vahiməsi" romanında dil və yazı fəlsəfi və hətta müəyyən qədər mistik anlam qazanaraq kommunikasiya vasitəsindən daha çoxuna çevrilir. Əsər dilin insanın düşüncə tərzinə və dolayısı ilə həyatına təsirini qabardır, özünün müstəqil bir varlıq kimi mövcudluğu üçün dinamikliyə ehtiyacı olduğunu göstərir. Dil düşüncə və idarəetmə vasitəsi olaraq görülür: necə danışırıqsa\yazırıqsa, elə də yaşayırıq. Və həm də əksinə, yaşadığımız kmi düşünürük\yazırıq. Dil təfəkkür deməkdir; məhkumluq ondan başlayır və yazının qolları zəncirlənir. “Müstəmləkəçilik lap başdan dilimizin yolunu bağladı. Düşüncənin azadlığını dilin anarxizmi yaradır. Dilimizdə anarxizmə yer olmadığı üçün düşüncəmizdə də azadlığa yer yoxdur.” (s.67)

“Hərflərin vahiməsi” yazının qorxu, təlaş, vahimə doğurmasının səbəbini yaddaşda görür: yazı daş(laşmış), möhür(lənmiş) yaddaş deməkdir. Ona görə romanda Şairdən (adının Qulam olması da rəmzidir) yazmamasını tələb edən iqtidar bu yolla xalqın\millətin yaddaşının həkk olunmamasına, silinib getməsinə, yalnız onlara sərf edən bir tarixin yaddaşlara köçməsinə çalışır. Bu gün nə yazılırsa, min illər sonrakı tarix, zəmin deməkdir. Romanda Şair Əhməd Ağaoğlunun portreti ilə söhbət zamanı anlayır ki, iqtidarın yazını\yaddaşı satın alması, sözü susdurması sabahın tarixini öz istədiyi kimi bu gündən yazmaq, tarixi bu gündən saxtalaşdırmaq arzusudur.

Romanda hakimiyyət öz qarşısında ən böyük təhlükə kimi gördüyü yazını susdurmaqla, özünə qarşı işlənilən zəhərli silahı\sözü zərərsizləşdirməyə çalışır və buna qlobal mənada nail olur. Yazmaq, yoxsa yazmamaq – budur sual! Hamletvari ölüm-dirim mübarizəsinə qatlaşan Şairin aqibətinin ağrısını həssas oxucu iliklərinədək hiss edir.

Romanın ictimai-siyasi, fəlsəfi-psixoloji zəminləri şaquli xətt üzrə dərinləşdikcə sətirlər arasında tarixin tozunu silən düşüncə seli bütlərimizin üzünə projektor işığı salır. Bu işıq seli altında özünü itirən bütləşmiş qəhrəmanlar çaş-baş qalır, gözünün birini qıyıb, əlini alnına sipər edib gələcəyə – bizə baxır. Roman bugünkü söz əsarətinin səbəblərini əsrlər öncə sözün dərisinin soyulmasında, gözü çıxmış qardaşdan aldığımız dərslərdə olduğunu dərk etdikcə qazanılmış təcrübəyə nifrət edir. Amma bu nifrətin içərisində həm də özünün aqibəti var.

Lütfi müəllim ona “əgər içində pulla doldurulacaq bir boşluq varsa, özünə zülüm eləmə, o pul o boşluğu gec-tez dolduracaq” deyir. Əslində isə şairin həyatında çatışmazlıq yox, artıqlıq var. Şair sevmədiyi qadınla bir damın altında... yaşamır, mövcudluğunu süründürür. Diqqətlə baxanda əgər həyatında bu qadın (və ya ixtiyari bir qadın) olmasa, pula bunca ehtiyacı da olmayacağının fərqinə varırsan. Pul şairin qadın(lar)ı satınalma vasitəsidir, halbuki heç biri ona nə yaşamaq, nə yaratmaq üçün stimul verə bilir. Yalnız “Çörək və tamaşa”dan ibarət həyat özünə sevgini, sayğını, mərhəməti, dostluğu, etibarı necə sığdıra bilər?! Romanda qadının yox kimi varlığı ilə hər şey deyilir. O yalnız əri evə pul gətirəndə qeyb aləmindən zühur edir. Şair yazdıqlarını oxumağa adam tapmayanda arvadını həmişə istisna edir.

“Hərflərin vahiməsi” Mixail Bulqakovun ən məşhur romanına yaxınlaşıb, sonra bir nöqtədə yolunu dəyişməsi ilə də diqqət çəkir. Aqşinin Şairi Marqaritasının hamıdan çox inandığı və ucaltdığı Master deyil, onun qadın sarıdan bəxti gətirməyib (nədə gətirib ki?!). İnsanın azadlığına mane olan tək şey qorxudur – adını “məsuliyyət” qoysan da, “vicdan” qoysan da, açıq qəfəsdə belə qolları zəncirləyən hissin həqiqi adı qorxudur. Qadın – ümumiləşmiş şəkildə Şairin qorxularının adıdır, bir kərə başını soxduğu boyunduruğunun, geri çəkilsə, ilməyinin boğazına keçəcəyi dar ağacının...

Şairlə arvadı birlikdə nahar etmir, gəzintiyə çıxmır, birlikdə əylənmir, gülmür, davamlı olaraq pul və onun yoxluğunun doğurduğu problemləri gündəmə gətirirlər. Səbəb məişətin sevgini udmasıdır. Sevgi – azadlıqdır, sevgi – insanı yaxşılaşdıran qüvvədir, sevgi – bağışlamaqdır: bütün bu duyğular isə ali məqama, ÖZünə ucaldan vasitələrdir, dolayısı ilə sevgi – yaradıcılıqdır. Bu ailədə sevgi yoxdur deyə yaxşılıq da yoxdur, azadlıq da köçünü yığıb getmək üzrədir. Yaradıcılığın mahiyyətini araşdıran Nikolay Berdyayev hələ yüz il əvvəl fəlsəfənin pafosunu “erotik pafos” adlandırırdı: “Yaradıcılıq sirri insanın sonsuz təbiətini üzə çıxarır və onun ali məramı həyata keçirilir. Sevgi təkcə lütf deyil, həm də fəaliyyətin özüdür.” Bu sirrə bələd olan sənət adamı üçün sevgi\sevgili ilham qaynağıdır. “Hərflərin vahiməsi” romanı boyu qeybdən səsi gələn qadın gah mətbəxdə, gah paltar zivəsinin qarşısında olur. Qadının səsi heç məsələn, özünə bəzək-düzək vurduğu komodun qarşısından, gecəköynəyini geyinib ərini gözlədiyi yataq otağından gəlmir. Belədə “Şairin həyatında nə çatmırdı ki, bunca bədbəxt idi?” sualının cavabı üçün Freydin psixoanalitikasına baş vurmaq lazım gəlir. Şairin “qadın düşmənliyi” arvadının timsalında ümumiyyətlə qarşı cinsədir, onun bütün həmsöhbətləri kişilərdir. Şairin ünsiyyətdə olduğu hər kəs onun şüuraltısından doğulur və bu şüuraltıda qadın yoxdur. Çünki qadını mane olan, azadlığı əldən alan qəfəs kimi, divar kimi görür.

Şairin ruhundan ötrü azadlığı ailəsi üçün məhrumiyyətdir. Ailədən ötrü məhkumluğu ruhu üçün məğlubiyyətdir. Bu iki qütb heç cür bir nöqtədə uzlaşmır, çünki ilkinliyində əkslik mövcuddur. Marqarita Masterə bütün varlığı ilə inanan, yaradıcılığına dəstək olan qadındır, şairin arvadı isə yaradıcılığın düşmənidir, maddiyyatçı, ifrat realistdir. Oxuduqca mənə elə gəlirdi, kitabın üst qapağındakı bozluqdan tutmuş, romanın apatik atmosferinədək bütün qaramatın qaynağı Şairin arvadının məkridir.

Yaradıcı azadlığın düşməni arxetipinə çevrilmiş “sabun bişirmək” aktı romanda arvadının Şairə tez-tez sabun almağı tapşırması ilə əvəzlənir. Xoşuma gəlməyən cəhət isə bu ifadənin əsərdəki zəhlətökən təkrarıdır. Sanki oxucu anlamaz, fərq etməz əndişəsi Aqşin Yenisey kimi usta yazardan da yan keçmir, demək.

Alber Kamyunun “Sənətkar və onun zamanı” essesində belə bir fikir var: “Susa bilməzsən; ya lehinə olmalısan, ya əleyhinə. Neynək, elə isə mən əleyhinəyəm”. Aqşin Yeniseyin Şairi də xeyli müddət susduğu, içindəki yazı selinin qarşısını aldığı, vulkanı püskürməyə qoymadığı üçün hər ay mükafatlandırılır, görmədiyi işin, yazmadığı yazının qonorarı ilə arvadını və özünü, üstəlik məşuqəsini maddi cəhətdən təmin edir. Bu, onların ailəsinə xoşbəxtlik və hüzur gətirməsə də, ən azı, arvadı üzünü danlamır, onu yenə “Qulamcıq” deyə alçaltmır, başı bitib-tükənməyən alış-verişinə qarışır, necə deyərlər, sakitlik bərqərar olur. Bir müddət sonra istedadın azadlıq duyğusundan başqa bir şey olmadığını anlayan və yazmamağın əzabları içində qıvrılan, günün birində daha belə davam edə bilməyəcəyi qənaətinə varan Şair yazmaq qərarına gəlir. Amma...

Elə bilirsən, həqiqəti təkcə sən bilirsən?” – Cırtulla 79-un bu ritorik sualı “unutdum” deyib tamamən yaddaşından sildiyin nəsnənin ağlagəlməz bir məkanda və zamanda qəfil səslənib anındaca gözlərini yaşardan, köks ötdürən doğma mahnı kimidir. Şairin guya barışdığı gerçəklik, ətrafın məsləhətləri ilə əl çəkdiyi azadlıq atdığı daşdan qırılmış qanadlarını açıb ucalır, gözlərindəki sevgi əzəmətə çevrilib təntənə rəngi alır. Bu azadlıq artıq qəfəsdə çırpınan qanadı qırılmış yaralı quş deyil, öz əzəmətindən ilham alan ağappaq göyərçindir – göyərçinə isə daş atmazlar... Romanın şairi “iblisə uyub” yaraladığı göyərçinini\azadlığı yenidən ovcuna almaq, sığal çəkmək istəyir. Bəs o azadlıq göyərçini onun bərabərinə enəcəkmi, xəyanətini ona bağışlayacaqmı?! Axı əsl yaradıcılıq eşq kimidir, dilemma qarşısında qalmadan nəyi seçdiyini həmişə dəqiq bilir. Beləcə, uzun müddət susandan sonra yaratdığı şəraitə görə iqtidara təşəkkür dolu bir yazı yazmaq istəyəndə Şair anlayır ki, yaradıcı azadlığı ilə bərabər, yazı bacarığı da üz döndərib və o daha yaza bilmir. İqtidar nümayəndəsi isə “Sizə yazmamaq üçün qayğı göstərilirdi, yaza bilməmək üçün deyil. Təəssüf...” deyə Qulam müəllimin onların etimadını doğrultmadığına üzülərək telefonu üzünə qapadır...

Erix Frommdan təsirlənərək qeyd edim ki, insan “olmaq” anlayışını “sahib olmaq”la əvəzlədikcə mahiyyət dəyişir, mənəvi dəyərlər aradan qalxır və bu, təəssüf ki, pandemik hal alır. Bu gün xoşbəxt olduğunu nümayiş etdirmək özünü xoşbəxt hiss etməkdən daha vacibdir. Vərdişlər kütləviləşir, dəb yaşayışı diqtə edir. İnsanın onu həqiqətən xoşbəxt edəcək nəsnələrdən bunca uzaqlaşma səbəbi nədir bəs? Yaratdığı rahatlıq vasitələrini – pulla alına bilən hər şeyi öz təməl ehtiyacına çevirməklə, insan əsl hüzur və xoşbəxtlik mənbəyi olan mənəviyyatını boğub susdurur. Zaman keçdikdən sonra isə divan tutulmuş ruh insandan qisas alır – romanın Şairindən amansız qisas aldığı kimi...

Aqşin Yenisey filosof-yazıçıdır, bunun müzakirəsini belə gərəksiz sayıram. Xüsusən son iki romanı bunun bariz nümunəsidir. Yaradıcılığın fəlsəfəsinə varan “Hərflərin vahiməsi”ndə də fəlsəfi düşüncə sistemi hazır qəliblərlə təqdim olunmur, mətnin içindən yetişib formalaşır. Romanı oxuyub bitirəndən sonra istər-istəməz düşünürsən: yaradıcı azadlığın sərhədləri hara qədərdir? Lütfi müəllim demişkən, “insan onsuz da fundamental nökərdi, yazdı, yazmadı...

# 387 dəfə oxunub

Oxşar xəbərlər

Milli yaddaş və milli mədəniyyətlər silinəcək - Orxan Fikrətoğlu

Milli yaddaş və milli mədəniyyətlər silinəcək - Orxan Fikrətoğlu

15:25 21 yanvar 2025
Demək istədiyindən əminsənmi? - Nadir Yalçın

Demək istədiyindən əminsənmi? - Nadir Yalçın

11:06 21 yanvar 2025
Ata qətlinin sirri - Fəxri Uğurlu

Ata qətlinin sirri - Fəxri Uğurlu

12:00 18 yanvar 2025
"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

"O mənim gözümdə müdrik insandır" - Kamal Abdulla

14:40 17 yanvar 2025
"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

"Koroğlu" filminin pərdəarxası gizlinləri - Azər Turan

17:00 16 yanvar 2025
Elnarə Akimova:  "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

Elnarə Akimova: "Bu qayıdış həm də başqa qayıdışdır" - Şərif Ağayarın yeni hekayəsi haqqında

12:00 15 yanvar 2025
# # #