O - Pərviz Cəbrayılın hekayəsi

O - Pərviz Cəbrayılın hekayəsi
18 yanvar 2024
# 12:00

Bu gün yazıçı Pərviz Cəbrayılın doğum günüdür.
Kulis.az bu münasibətlə yazıçının "O" hekayəsini təqdim edir. Qeyd edək ki, "O" hekayəsi “Kilkə” seriyasından 5-ci hekayədir.

...Polis yanındakılara: "Dayanın, heç kim içəri keçməsin!" - dedi, suyu şappıldada-şappıldada özü keçdi.

İçəri zülmət idi; əllərini divara sürtə-sürtə, peşəsinin yiyəsi kimi, ehtiyatla, səssizcə irəliləyirdi.

Gəl ki, çəkmələri suyla dolmuşdu və addım atdıqca ayaqları çəkmələrinin içində fırçıltı salıb sükutu pozurdu.

Bütün işıq düymələrini tapıb əlləşdirdi, yananı olmadı. Lampalar zay olmuşdu. Ayağı ilişib yıxıldı və suya uzanmışın düz qucağına düşdü.

Uzananın ımıldanmadığını görüb, qulağını döşünə söykədi.

Ürəyinə qulaq asdı. "Boğulub", - dedi öz-özünə, qayıdıb qapının ağzında gözləyənlərdən gözü aldığı, "ləçər" - deyib qışqıran qadının qolundan yapışıb şahid kimi içəri çəkdi. Obirilərinə "Dağılışın!" əmrini verdi. Şahid qadının ərindən kibrit alıb: - Sən burda gözlə, - dedi.

Boğulana çatınca atüstü nəsə xosunlaşdılar. Əllərini elə yenicə qadının bədənində gəzdirirdi, dodaqları yenicə bir-birinə söykənmişdi ki... Çöldən qadının ərinin səsi gəldi: - Mən lazım deyiləmsə, gedim?

- Get-get. Sən get! - polis hökmlə qışqırdı.

Kibrit çəkdi. Mərhumun pasportunu tapıb döş cibinə qoydu. Kibrit düşüb islandı. İçəri yenə zülmət oldu. Ürəyində: - Eh, cəhənnəmə ki... - dedi, şahid qadını qucağına alıb divara qısnadı.

Qadının ayaqları çırpınırdı, ayaqqabılarından süzülən su damcılarının səsini heç biri eşitmirdi. Polisin səsi xırıldayırdı. Elə bildi ki, boğazından hörümçək toru sallanıb. Hifrətlə tüpürdü...

Paqonunun ulduzu qadının qulağını cızdı, qadın qışqırdı. Ağrıdan səntirləyib çirkli suya yıxıldı, özüylə polisi də yıxdı...

...Bir azdan şahid qadınla polis şöbəsində hadisə haqda sənəd tərtib olunurdu.

Təkdilər. Üst-başlarından hörümçək toru asılmışdı. Qadın pasporta baxır, polis isə əti ürpəşə-ürpəşə tüpürür, soruşur və yazırdı.

- Adı, soyadı?

- Yoxdu...

- Milliyəti?

- O da yoxdu...

- Cinsi?

- O da...

- Ailə vəziyyəti?

- Heç nə yoxdu. Heç nə... Pozulub...

***

...Axır ki, gəldi! - deyib, yüyürdü. Gözlükdən baxmağa səbri çatmadı və tələsik - bununla, Allah bilir, neçənci dəfə - qapını açdı. Yenə də heç kim yox idi. "Bəs, axı qapı döyülmüşdü?"

Aşağı mərtəbənin dəhlizinə boylandı: "Bəlkə, zarafat eləmək istəyir?" Aşağıda da görünən olmadı. İçəri keçib qapını güllə kimi çırpdı. Sükut sındı.

***

Yazı stolunun arxasında əyləşib tük basmış üzünü ovuclarına aldı, stol üstə qoyduğu iri güzgüyə zəndlə, baxdıqca-baxdı.

Gözlərini dörd açıb nə qədər baxdısa, heç nə görə bilmədi. Güzgü tər tökürdü. "Bəlkə, doğrudan da mən yoxam..." Nəsə iy hiss eləyib mətbəxə keçdi.

İki saat əvvəl qaynamağa qoyduğu çaydanın suyu qurumuşdu və dibi çırtaçırtla qopurdu. "İndi gəl, bunun iyinə döz də!" - başmaqçıydı.

Mətbəx bulaşıq qab-qazanla doluydu - gözləyə-gözləyə yuyulmaq həsrətilə kiflənmişdilər.

Ürəyindən qabları yumaq keçdi. Qablardan birinə zillənib durdu.

O qədər durdu ki, nə istədiyini, burda niyə dayandığını unutdu. Gözləri qaraldı.

Otaq başına hərləndi. Səntirlədi. Başını silkələyib özünü ayıltdı. Ha fikirləşdi ki, görəsən bayaqdan nə fikirləşirmiş? Tapdı - heç nə fikirləşməmişdi.

Nə elədiyini bilmədən qaz piltəsini yandırdı, çaydanı doludurub qaynamağa qoydu. Gözü sobanın çirkinə sataşdı. Səbəbini bilmədən ah çəkdi. Sobanı söndürdü. "Mətbəxə niyə gəlmişdim?.." Balaca otaqda boş-boşuna fırlandı.

Soyuducunu açanda qapı bütöv gəlib yerə düşdü və gurultu qopardı. (Qapının rəzələri hələ keçən il suda qalmaqdan çürümüşdü. Soyuducudan nəsə götürmək istəyəndə qapını eləcə götürüb bir yana qoyur, bağlayanda da eləcə yerinə oturdurdu.)

Soyuducunu niyə açmaq istədiyini yadına salmadan qapını yerinə oturtdu və fikirli-fikirli hamama keçdi.

Qab-qazan kimi yorğan-döşək ağları, çirkli alt-üst paltarları da bir küncə yığılıb təmizlənəcəkləri günü gözləyə-gözləyə qalmışdı. Hamamın nəmliyi ağlara, ipək alt paltarlarına göyümtül ləkə salmışdı. Çürüməyə lap azca qalırdı.

Keçib çiləyin altında durdu. Soyunub yuyunduğunu zənn eləyib suyu açdı. Bumbuz su qəzəblə əyin-başına töküləndə heç qımıldanmadı da.

Yalnızca bir ah çəkib nə yapdığının fərqinə varmadan suyu ləng-ləng kəsənəcən xeyli islandı. Suyun altından çəkildi. Sonra nə üçünsə yenidən yenidən suyu açdı...

Məhrəbanı götürdü. Və elə o dəqiqə nəyi və niyə götürdüyünü unutdu. Su açıq qaldı. Əlindəcə unutduğu məhrəba yataq otağına keçdi. Tozlu döşəmənin üstündə yaş
ayaqlarının izi sıralandı. Məhrəba əlindən döşəməyə düşdü. Heç hiss eləmədi.

***

...18 yaşı tamam oldu. Gündüzlər gün, gecələr ay işığının kölgəsi kimi ardıyca süründülər. Elçilər elçi daşını zibəldən apardılar.

Hamısını bəyəndi, hamısını xoşladı. Xoş üz, xoş rəftar göstərdi. Amma heç birini sevmədi. Sevə bilmədi. Dünyanı sevdi. Sonra dünyadan da iyrəndi.

Bezdi dünyadan. Tək bircə arzu yaşatdı onu bu iyrəndiyi dünyada - uşaq arzusu. Elə bu arzunun eşqinə, bu arzunun xatirinə də ərə getdi. Adəm oğlundan oğul istədi.

Qismət olmadı ona oğul-uşaq yiyəsi olmaq. Adəm oğulları bacarmadı.

Neçə Doqquz ay keçdi, neçə dəfə Azad oldu. Doğulanlar hər dəfə ölü doğuldu. "Çarəsi yoxdu, - dedilər. - Bu iş Allahlıqdı..." O gündən tək yaşadı. Allahı sevdi. Allaha bağlandı. Əli Allah ətəyindən üzülmədi.

Ruhunu keşikçi qoydu. Bədəni insan əlinə tamarzı qaldı. Ruhu içindən çöldəydi deyə, dünyadan xəbəri yoxdu...

***

Qulağı yenə nəsə səs çaldı. Yenə tam yəqinliklə qaçıb qapını açdı; bura binanın sonuncu mərtəbəsiydi.

Dama çıxış da burdandı. Qapını açan kimi, yuxarı - çıxışa boylandı. Qapıbir qonşu kişi açarla əlləşirdi.

Deyəsən qapısı açılmaq fikrində deyildi. Kişi əl saxlayıb, dama boylanan qonşusuna çaşqın-çaşqın baxdı.

O da gözlərini aşağı dikəndə qonşunu gördü və elə bil öz qonağı olub-olmadığını yoxlamaq üçün, nəsə xüsusi nişan arayırmış kimi, əlini kişinin saçında, üz-gözündə gəzdirdi. Kişi udqundu, nəşələndi, gözləri süzülüb yumuldu. O isə anidən ayılıbdiksindi və cəld içəri keçdi.

Qapı zərblə çırpılıb bağlandı. Bayırda kişinin gözləri açıldı; başını yelləyib, açarı əlləşdirməyə davam elədi.

... Qədimi divar saatının kəfkiri sağa-sola yellənib çırpınır, elə bil bu qutunun içindən qurtulmağa çalışırdı. Əqrəblər isə irəliləməyindəydi. Kiçik əqrəb birin, böyük isə on birin üstündə - yolda idi. Adamlar yaşadıqca kəfkirin azad olmaq istəyi istək olaraq qalmışdı və qalacaqdı da.

Kəfkirin alnına əbədi, mənasız yerə əlləşib-vuruşmaq yazılmışdı.

Pəncərədən ay işığı düşmüşdü. Xalatının yaxası qurşağa kimi açıqdı.

Ay işığında oturub, az qala nəfəs dərmədən, saçından süzülə-süzülə gələn su damcılarının döşlərinin arasından qıvrıla-qıvrıla sürünməsinə tamaşa eləyirdi. Ay işığının, saat kəfkirinin səsi, döşlərinin arasından süzülən damcıların sükutu bir-birinə qarışıb qulağını çalırdı.

Ürəyisə tək bircə səs eşitmək istəyirdi - addım və qapı səsi...

Gözlərini döşlərinin arasından çəkib pəncərədən göyə dikdi. Və damcıların vahiməli, şırıltılı sükutuna öz səsi də qatışıb göyə axdı. Səsi qulaqlarından çox uzaqdaydı, özü də eşitmirdi. Təkcə içindəkini duyurdu.

- Sən Özün hər şeyi bilənsən və bilirsən ki, daha insan oğlundan gözümü çəkmişəm: uşağı da yalnız Səndən gözləyirəm. Ürəyimə damıb ki, arzumu ürəyimdə qoymayacaqsan. Nə vaxtdı ki, yolunu gözləyirəm. Yorulmuşam
daha. Yorulmuşam. Yo! rul! mu! şam!

...Telefon zənginə qaçıb toz basmış dəstəyi hövlnak qaldırdı. Su şırıltısı eşitdi.

- İlahi, min şükr! Axır ki, axır ki, İlahi! Deməli gəlirsən. Of, İlahi, tez gəl, tez!

Evində çarpayısı yoxdu - yerini döşəmənin üstündən salmışdı. Saçlarının suyu bütün yatağı islatmışdı. Elə bil su zanbağıydı - su üstə uzanmışdı. Sərin su bədənini qıdıqlayırdı.

... Yerinin içində bir az sonrakı halını xəyalında canlandırırdı.

"O, gəlir. Gözlərimdən öpüb, saçlarıma sığal çəkir. Sonra... Hə, sonra tüklü, kələkötür, qabarlı əlləriylə paltarlarımı... Dayan, nə əl? Hə, belə lap əlləriylə! Sonra öz əzələli qollarını kürəyimə dolayıb, sıxır, sıxır... Gözlərim qaralır...

Nəfəsim kəsilir... İlahi! İlahi! - pıçıldayıram. Hə qol? O-nun qolu olurmu? Hiyə olmur, lap yaxşı olar! Hə, mən pıçıldayıram: - İlahi! - Pıçıltımı eşitmir. Heç özüm də eşitməyini istəmirəm. Sonra əlləri döşlərimdə gəzir.

Nə gözəl ağrı, İlahi! Dırnaqlarımı kürəyinə batırıb çırpınıram. Gözümü açıb baxıram. Bu ki, ilk və son ərimin üzüdü!

Gözlərim yenə yumulur. Eh, nə ər! Bu O-du, İlahi.(!) Dırnaqlarımın yerindən qan çıxır... Yox, yox, nə qan, nə qan? Qan hardan çıxdı? - Yaxşı, yaxşı incimə, İlahi, olsun, qan da olsun.

İndicə mətləbə çatacaq. İndicə... Vay-vay! Dayan, dayan! Mən hələ heç təmizlənməmişəm. Hələ hazırlaşmalıyam. Bəlkə, lazım deyil? Axı O, mətləbə çatmadan mənə uşaq bəxş eləyəcək.

Mətləbə çatmadan. Yox, çatacaq. ÖZÜ belə istəyir, görmürsən? İlahi, indi gəlirəm.

Güzgünün önündə dayanıb lümlüt soyunuram. Bədənimə tamaşa eləyirəm. Hamama keçib suyu açıram. İsti, az qala qaynar su ləzzət verə-verə əzalarıma yayılır; ehtirasdan qanım qaynayır. Çoxdandı ki, qaşlarımı təmizləməmişdim - təmizləyirəm. Gül kimi yuyunub, cürbəcür gül ətirlərinə bələnirəm. İpək saçlarımı sinəmə tökürəm. Qaşıma-gözümə Kəbə sürməsi çəkirəm.

Əllərimi böyrümə vurub bir də bədənimə baxıram. "On dörd gecəlik ay kimiyəm, İlahi!"" - deyirəm.

Gözləməkdən darıxıb Özü gəldi. Özü onu qollarına alıb hamamdan apardı. Arzusuna apardı...

***

...Qapı bir az da belə döyülsəydi, çərçivədən çıxacaqdı.

Hamamda suyu açıq qoyub çıxmışdı. Ev topuğuna kimi suyun içindəydi. Axıb ən aşağı mərtəbədən həyətə tökülürdü. Qonşular polis götürüb gəlmişdilər. Səsləri binanı başına götürmüşdü:

- Nə qədər dözmək olar? Nə qədər demək olar bu ləçərə ki...

- Qadındı? - polis “ləçər” deyəndən soruşdu. Hamı çaş-çaş bir-birinə baxıb susdu.
Handan-hana elə ləçər deyən qadın inamsız-inamsız:

- Yox, düzü mən görməmişdim onu. Ancaq deyilənlərə görə, yazan idi...

Pas basmış qapı döyülməyindəydi. Bir azdan sındırıb içəri girəcəkdilər. O isə daha heç kimdən, heç nədən qorxmurdu dünyada. Çünki O-nun qucağındaydı...

# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #