Məşhur şair: "Şöhrətim AYB-nin rəhbər işçilərində qısqanclıq yaradırdı..." - Müsahibə

Məşhur şair:  "Şöhrətim AYB-nin rəhbər işçilərində qısqanclıq yaradırdı..." - Müsahibə
4 iyul 2024
# 09:00


Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından olan Tofiq Nurəlinin ötən il 70 yaşı tamam oldu. Ədəbi mühitimizin “mütləq sükutla” qarşıladığı bu yubiley ili geridə qalsa da, Tofiq müəllimin yazdıqları bizim susmağımızdan çox irəlidədir. Zamanla ayaqlaşan isə nə vaxtdan geri qalan” Tofiq müəllim, nə də zamanı adlamış “yeni nəsillərdir”, zamanla ayaqlaşan yenə də onun həqiqi poeziyasıdır. Bu müsahibə isə geriyə qanrılıb baxan şairin gözləri ilə keçmişi, irəli boylanan nəsillərin gözü ilə gələcəyi göstərir. İrəlini və gerini göstərən isə ayrı-ayrı yerlərdən asılmış Tofiq Nurəli poeziyasının güzgüsüdür...

Kulis.az şair Tofiq Nurəli ilə müsahibəni təqdim edir.

Tofiq müəllim, sizin şeirlərinizi oxuyuram və öz-özümə sual edirəm ki, görəsən, nə üçün bu dəyərli poetik nümunələr diqqətdən bunca kənarda qalıb, nə üçün kitablarınız haqqında lazımınca ədəbi tənqidi, elmi-publisistik məqalələr yazılmayıb, yaxud parlaq şair şöhrəti sizdən uzaq düşüb, halbuki düzünə qalsa, yaradıcılığınıza münasibətdə hesab edirəm ki, indiki reallığın tamam əksi olmalı idi. Mənim özümə verdiyim bu suala, bəlkə, məndən daha əvvəl siz cavab verəsiniz...

– Onu deyim ki, 80-ci illər ədəbi gəncliyinin ən çox tanınan və qəbul edilən iki nümayəndəsi olubsa, onun biri mən olmuşam. Ədəbi birliklərdə oxuduğum şeirlərin bir çoxu əlüstü yayılırdı. O dövrün ən nüfuzlu şairi Rəsul Rza mətbuatda çap olunan şeirlərimdən parçaları gənc ədəbi qüvvələrlə görüşlərində əzbər söyləyərək nümunə göstərirdi və deyirdi də ki, görürsünüz ki, o heç mənimlə bir üslubda da yazmır, amma yazdıqları yenidir, ədəbiyyatdır və s. hətta Rəsul müəllim onu da deyirmiş ki, maraqlanmışam, o tamam başqa sahədə təhsil alır. Yeri gəlmişkən deyim ki, ömrünün sonuna kimi rəhmətlik məni şəxsən tanımadı, o vaxtlar rayonda yaşayırdım. 1983-cü ildə nəşr olunan ilk kitabım “Şehli kəpənəklər” ədəbi mühitdə əməlli-başlı rezonans doğurdu, kitab əl-əl gəzirdi, defisitə dönmüşdü. Yəni, ədəbi mühitdə lazım olduğundan artıq tanınırdım. Görünür, bu da hətta Azərbaycan Yazıçılar Birliyinin bəzi rəhbər işçilərində də qısqanclıq yaradırdı. O zaman kənddə işləyirdim. Arabir Bakıya gələndə ədəbi mühitin adamları ilə görüşməyə çalışırdım. Bir dəfə gəlişim ,”Gənclər günü,” tədbirinə təsadüf etdi. O zamanlar hər iki aydan-bir AYİ sədrinin kabinetində belə tədbir keçirilirdi.

S.Vurğundan qalma ənənə idi. Qayda belə idi ki, burada bəyənilən yazılar dövrün ən çox oxunan “Azərbaycan gəncləri” qəzetində dərc olunurdu. Azca gec gəlmişdim, içəri basırıq idi. Rəhbərlik edən sözü yaxşı tanıdığımız həmyaşıdımıza verdi. Ədəbi tənqidçi rolunda olan bu gənc “Şehli kəpənəklər”ə həsr etdiyi yazını oxumağa başladı. Məəttəl qalırdım, hər dəfə rastlaşanda üzümə min tərif deyən bu adam hətta dəfələrlə üzümə təriflədiyi şeirləri də darmadağın edirdi, şeirlərə qızıl-qırmızı böhtan atırdı.
Ədəbiyyatçılar yaxşı bilir ki, istənilən ədəbi mətndə tənqidlik yerlər olur. Amma belə də qırmızılıq olmazdı axı. Düzü, əməlli-başlı çaşıb qalmışdım, dostların çoxu gözünü məndən yayındırırdı, dərnəklərdə bu yazıları növbəylə tərifləyənlər susurdular, sanki təklənmişdim. Həmin gənc yazını oxuyub qurtarıb tədbirə rəhbərlik edənə baxdı və təltif gözləyən məğrur əsgər duruşu aldı. “Kimin sualı var?” – soruşdu. Tədbirə rəhbərlik edən idi soruşan. Heç kəs dinmədi, mən də dinmədim. “Deməli, bəyənildi” bir halda ki, bəyənildi, buyur Yusif müəllim, götür çap elə”. – Bunları da rəhbərlik edən dedi. Yusif Kərimov “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, tanınmış yazıçı idi. O, “Xeyr, mən bu qədər qərəzlə yazılmış yazını çap edə bilmərəm. Bu yazıda tənqid üçün nümunə çəkilən parçaların özləri gözəl şeirlərdir. Yazı çox qərəzlidir, çapı mümkün deyil. Mən o müəllifin imzasını tanıyıram, özünü yox, heç bilmirəm özü də buradadır, ya yox. Yazıda qərəz lap üzdədir.” dedi. “Ulduz” kinosunda deyir ee: “siz heç bomba partlamasını görmüsüz? İndi görərsiz.”
O gün rəhmətlik Yusif müəllim o bombanı o kabinetdə necə partlatdısa, o kabinetin zəhmi də mənimçün elə o anda göyə sovruldu. O bir 37 idi. Onu o anda Yusif müəllim çox böyük cəsarət və ədalət pəncəsiylə saxladı.

O vaxt mən rəhmətlik Yusif müəllimə yaxınlaşıb yalnız gözlərinə baxdım, heç nə deyə bilmədim, deyəsən, kimliyimi anladı və yalnız başını tərpətdi.
Gənclərin günü o gün iflasa uğradı və sonralar ləğv edildi. Mənim 37-im isə o gündən başladı. Həmin o yazı azacıq əlavələrlə, – iki-üç gənc şairin adı ötəri çəkilməklə, – tezliklə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. Yəni baş redaktor da bir vaxt özünün rəhbərlik etdiyi dərnəkdə özünün bəyənib təriflədiyi şeirlərin indi belə qərəzli tənqidinə rəvac verirdi. Hələ bu azmış kimi məqalə Bəkir Nəbiyevin iri həcmli yazısının içərisində yenə “Ədəbiyyat və incəsənət” qəzetində bir də çap olundu. 1984-cü ildə SSRİ üzrə Moskva şəhərində keçirilən Gənc Yazıçıların 7-ci Ümumittifaq Müşavirəsindəki uğurlar isə Bakıda ədəbi sahədə bütün qapıların mənim üzümə bağlanması ilə sonuclandı. Onu da deyim ki, mənim müşavirəyə iştirakçı kimi nümayəndə seçilməyim Şüvəlan müşavirəsinin qərarı ilə olduğundan o rəhbər bu qərara qarşı çıxmağa cürət etmədi, çünki o seminarlar Mərkəzi Komitənin nəzarətində idi. Bəli, davam edir 37…
“İşıq” nəşriyyatındakı uşaqlar üçün yazdığım şeirlər olan qovluq yerli-dibli itdi. “Yazıçı” nəşriyyatındakı kitab geri qaytarıldı, – Vilayət Quliyevin yazdığı rəy indi də məndədir, – çap üçün qəbul olunmuş şeirlərim redaksiyalardan geri qaytarıldı, “Gənclik” nəşriyyatı çapı gələcək illər üçün nəzərdə tutulan kitabı qəbul etmədi. Elə bil bir qeyri-rəsmi qadağa qoyuldu, hər tərəfdən boykot olunurdum. Bu basbasda televiziyada birbaşa efirdə bir şairlə olan görüşdə nə görüşə, nə də şairə dəxli olmayan sual da verildi: “Moskvaya müşavirəyə Tofiq Nurəli niyə göndərilib?” buna necə baxırsınız? Onu da deyim ki, Tofiq Nurəlinin hansı seçimdən keçdiyini sual verən çox yaxşı bilirdi, sadəcə, məqamı tutub onu qabağa verirdilər, yəqin ki, könüllü. Şair bu sualı qulaqardına vurdu.

SSRİ Yazıçıları İttifaqına üzv qəbul edilməyim barədə Moskva müşavirəsinin qərarı məndən gizlədildi. Sonra rəhmətlik Tahir Aslanlı o qərarın bir surətini Moskvadan mənə göndərdi. Bu üzvlük məsələsində də AYİ-də bir-iki nəfərin çıxarmadığıoyun qalmadı. O zaman bu məsələylə bağlı AYİ-də həlledici adamın qəbulunda oldum. İynə gözü boyda ilişməli bir bəhanə yox idi, amma proses acı bağırsağa döndərilmişdi. Bir neçə çək-çevirli, bir az da acıqla verilən suallardan sonra həmin adam qəfildən sərt tonla qayıtdı ki, haralısan? Mən də içdən dolub-daşırdım deyə, düz onun gözlərinin içinə baxıb qeyzlə “həkiməm,” dedim. Bu adam hər iki yumruğunu stola vurub acıqlı-acıqlı durub kabinetdən çıxdı və düşdü bayır otaqdakı işçilərin üstünə, o ki var acığını tökdü.

Səhəri gün yenə gəldim İttifaqa, qəbul məsələsinə baxılmalıydı. Gördüm ki, Elçin müəllim pəncərənin qabağında siqaret çəkir. Salamlaşdım və çox çəkinə-çəkinə vəziyyəti danışdım. O bir qədər mənə baxdı və dedi: “Yaxşı eyləyirlər, lap yaxşı eyləyirlər. Məni tanıyırsan? Kabinetimi tanıyırsan? Gəl bir dəfə de də. Sonra Elçin müəllim qəbulda katiblik edəni hündürdən, lap elə hündürdən ki, bütün kabinetlərdə eşidilsin, çağırdı. O adam lap qaça-qaça gəldi. “Get qəbul siyahısını gətir” – dedi. O nəsə bəhanə etmək istədi, Elçin müəllim onun üzünə nə təhər baxdısa, o adam həqiqətən özünü itirdi. Nə isə, siyahını gətirdi. “Get Tofiqin də adını yaz bura.” Getdi və az sonra yuxarıda dediyim əsas adamla gəldi. O adam dedi ki, ay Elçin müəllim, makinaçı gedib. “Gedib gedib də, əllə yazsın, sonra köçürülər. Yazdılar da. Hiss etdim ki, onlar Elçin müəllimdən əməlli-başlı çəkinirlər.

İndi də getdik qovluğu gətirməyə. Otaqda yüzlərlə qovluq var, lakin mənim qovluğum tapılmır ki, tapılmır. Birdən mən lap uzaq küncə atılmış bir dəstə qovluğu götürdüm. Həmin adam anidən mənim qolumu qucaqlayaraq çökdü və başladı ağlamsınaraq yalvarmağa.”Tofiq, məni çevir balalarının başına.” – Nə olub ki? – soruşdum. “Qovluq sənin əlindədir. Amma,o mənə dedi ki, qovluq bura gəlsə sən elə oradan işdən qovulmusan. Yalvarıram, bu dəfə qoy qalsın, sonra mən özüm onun ayaqlarına düşüb yalvaracağam ki, gələn qəbulda səni də siyahıya salsınlar, mənim balalarımı ac qoyma, zəhirmara qalsın belə çörək”. Gözləri doldu. Düzü, deməyə söz tapmadım, o adama da elə yazığım gəldi ki. Daha Elçin müəllimin də yanına getmədim, çıxdım o binadan.

Və düz iki ildən sonra nəhayət ki, mənim də adım siyahıya salındı. Həmin iclasda həmin adamın mənim qovluğuma iradı bilirsiz nə olmuşdu? “Bunun bir şeiri iki yerdə qoyulub – Onun biri “Literaturnaya qazeta”da Moskva müşavirəsinin təqdimatı ilə olan rusca çap idi, – deyərək qovluğu qoymuşdu kənara. Ümumilikdə komissiyanın o iclasında iki nəfər qəbul edilməmişdi, mən və mənimlə bir kənddən olan Vaqif Əlixanl, yəni Qubadan olanlar. Və beləliklə də mənim İttifaqa qəbul olunmağım uzanıb getdi onun postdan getməyinə, 1987-yə. Sonralar bir nəfər mənə dedi ki, bunların hamısı Mircəfər Bağırova görədir, hayıf çıxırlar. Sonralar şimal bölgəsindən olan bir nəfər yaşlı yazar mənə dedi ki, həmin adam ona söyləyib ki, “ümumiyyətlə şimal zonasının adamları hələ adam kimi tam yetişməyib”. “Sonralar bir nəfər tanınmış yazar da məclislərin birində həmyaşıdı
başqa bir ortabab “şimallı” yazara bu qənaəti “onun adıyla” təkrarladı.
“Yazıçı” nəşriyyatındakı ikinci kitabı heç bir tutarlı səbəb göstərmədən, yuxarıda dediyim kimi, əvvəl geri qaytardılar ki, bir qədər üzərində işləmək lazımdır. Xub. İşləyib yenidən təqdim etdim. Bu fürsətdə kitabı 84-dən 85-ə, oradan da 86-ya sürüşdürdülər və heç bir əsaslı səbəb də göstərmirdilər. Lap boğaza yığmışdılar. Mənə nəşriyyatdan imzasız, tarixsiz, ştampsız, adi vərəqdə, lakin nəşriyyatın konvertındə məktub yolladılar ki, bəs, kitab qalır gələcək illərə. Konverti də, məktubu da götürüb getdim Dövlətnəşrkomdanun 1-ci müavini A.Abdullazadənin qəbuluna. Məktubu görən kimi Azər müəllim cin atına mindi. Telefonu götürüb nəşriyyatda kiminləsə sərt danışdı. Getdim nəşriyyata, məlum oldu ki, kitab yenə plandan çıxarılıb, lakin məktubu kimin yolladığı məlum olmadı. Burada kitab məsələlərində həlledici olan şəxslə çox gərgin söhbətimiz oldu. O elə dediyini deyirdi, amma səbəb göstərə bilmirdi. Aramızda son söhbət belə oldu.

– Müəllim, burada kitabınız var?
– Var.
– Birini verin mənə.
– Neynirsən ki?
– Mən kitabı açıram ortadan, siz də qabağınızdakı mənim əlyazma qovluğumu. Qarşımıza çıxan şeirlərimizi oxuyuruq. Kimin şeiri zəif olsa burdan durub gedir.

O adam dinmədi əsəbi halda durub kabinetdən çıxdı. Kitab bir də Ə.Xanbabayev Dövlətnəşrkomda 1-ci müavin olanda onun nəşriyyata yolladığı məktubdan sonra, o da 1989-cu ilin sonunda çap olundu, adı “Yağışdan sonra” idi. Bu kitab düz 7 il o nəşriyyatda zülüm çəkdi. Kitab dərhal defisitə döndü. Mətbəə işçiləri deyirdilər ki, kitab dəfələrlə dəftər-kitabsız yüksək tirajlarla çap olunub. Amma, artıq siyasi hadisələr hər şeyi kölgədə qoyurdu.

Bir dəfə “Azərbaycan” jurnalına poema verdim. Fikrət Qoca oxuyub imzasını qoydu və dedi apar İsa İsmayılzadəyə. Sözü də bu oldu ki, düzdür, şedevr deyil, amma hamımızın belə poemalarımız çap olunur da. Yazını verdim, bir həftədən sonra gələrsən. Bir həftədən sonra, oxumayıb bir aydan sonra, oxumayıb. Nəhayətdə dedi ki, oxumuram, sizinçün bu yaşda poema çap olunması çox tezdir. O, bu... Jurnaldan necə incidimsə, düz 20 il onun qapısını açmadım. O hadisədən bir neçə il sonra İsa müəllim şeirlərimi istədi, heç nə demədim. Başa düşdü və dedi ki, bilirəm, oldu da. Sonralar Səyavuş Sərxanlı da, Qəşəm Nəcəfzadə də şeir istədilər, amma gedə bilmirdim. Yalnız bir neçə il qabaq ,”Yol,” yazısını Məmməd Oruca oxumaq üçün vermişdim. Məmməd müəllim də oxuyan kimi təqdim edir redaktora. Və mən uzun illərdən sonra ,”Azərbaycan”a qayıtdım..

Və sonralar imkan yarananda da, qəzetdə baş redaktor olanda da, televiziyaların birində ilk yaranmaqda olan canlı səhiyyə proqramına qeyri-rəsmi redaktorluq edəndə də heç vaxt özünü təbliğlə məşğul olmadım. Maraqlı bir əhvalat deyim. “Şehli kəpənəklər,” heç yerdə tapılmırdı, özümdə də 3-4 kitab vardı. Bir gün Lenin kitabxanasında kiçik kitablar qoyulan yeşiyə baxanda “Şehli kəpənəklər”i görüb sevincək götürüb açdım və məəttəl qaldım – kitabın üz qabığını saxlayıb içərisinə başqa şairin həmin formatda olan kitabını qoymuşdular. “Şehli kəpənəklər”dən sonra gənclər, ən çox da tələbələr yolda, dayanacaqda, ali məktəblərin yanında məni tez-tez sorğu-suala tuturdular. Düzünü deyim ki, üzdən belə tanınmaqdan da çox da xoşum gəlmirdi.

Yaradıcılığım haqqında elmi mərkəzlər tərəfindən araşdırılmalar aparılmayıb. 65 yaşım olanda ədəbi-nəzəri biliklərinin səviyyəsinə, təhlil qabiliyyətinə hamının hörmətlə yanaşdığı Zakir Məmməd haqqımda monoqrafiya səviyyəli ,”Ədəbiyyatın payız fəsli” adında xeyli geniş araşdırma-təhlil yazısı yazdı və bizim ədəbi orqanlar o vaxt onu çap etmədilər, bu ilin “Azərbaycan” jurnalının 9-cu sayında o yazıdan bir parça dərc edildi. Alimlərdən Vaqif Yusifli, Oqtay Abbas məqalələr yazıblar. Əsasən bunlar. Fikrət Qoca, Ələkbər Salahzadə, Tofiq Abdin, Rafiq Səməndər, Əjdər Ol, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan, Məmməd Tahir və digərləri ad günlərimdə müxtəlif həcmli yazılar yazıblar.

AYİ-AYB-də 29 ildən artıq mənzil növbəsində olmuşam. Uzun illərdir məni heç bir televiziya dəvət etmir. Deyim niyə? Dəvət olunduğum televiziyaların birində xanım şairi görəndə əhvalım pozuldu və reklam vaxtı redaktora sakitcə dedim ki, bir də məni belələriylə birgə çağırsan verilişdən çıxıb gedəcəyəm, xahiş edirəm məni belələri ilə çağırma. Az sonra digər bir tv-dən zəng vurub dəvət edəndə də tərkiblə maraqlandım. Və o redaktora təşəkkür edib bildirdim ki, mən onlarla bir ekranı bölüşə bilmərəm, incimə... Və o, bu .

Bir neçə ilin söhbətidir. Çox tanınan nəsildaş şairlərdən biri dedi ki, Tofiq, bilirsən sən indi niyə çox tanınmırsan? səni tanınmış adamlar təbliğ etmir, odur ki, mən tezliklə sənin haqqında bir-iki məqalə yazacağam. Yazmadı, yazmağı heç, bir işlə bağlı ona zəng vurdum, telefonu da açmadı. Belə də olur.

Bilirsən, bu qədər xırdalıqlara niyə getdim? Dedim, qoy anlaşılsın ki, yaradıcı adamların qısqanclığı və paxıllığı dəhşət olur. Düzünü deyim ki, bütün bunlardan sonra 37-dəki ədəbi sahədəki dəhşətləri qismən də olsa, canlı təsəvvür edə bilirdim. Və qorunmanı isə daha da yaxşı yazmaq və daha da inadlı olmaqda görürdüm.

– Şeirlərinizə xas melanxoliya, lirizm, yüksək emosionallıq sizin şəxsi xarakterinizlə nə dərəcədə ahəngdardır?

- Onu deyim ki, melanxoliya əlamətləri olmayan normal insan yoxdur. Ümumən 4 insan tipi ki, deyilir, əslində, bu xarakterlərin arasında dəqiq sərhəddlər yoxdur, hansısa əlamətin üstünlüyü var. Ona görə də deyilir ki, istedadsız insan yoxdur. Yaradıcı adamlarda melanxoliya əlamətləri bir qədər güclüdür.Yaradıcı insan daha həssasdır, daha duyğulanandır, daha duyğulandırandır. Melanxoliyada bir özünəqapanma da ola bilir və bu da təbii, normal haldı Özümə gəldikdə isə, tez sınan və özünə qapanan insan deyiləm. Hər şeydə sona kimi və ya indilər “qırmızı xətt,” deyilən həddə kimi gözləyənəm və bu gözləmə zamanında dəfələrlə xəbərdarlığımı da bildirirəm. Yuxarıda ədəbi mühitdə başıma gətirilənlərin hələ bir hissəsini sadaladı Mən ömrüm boyu tibb sahəsində işləmişəm və oradan da, necə deyərlər, az çəkməmişəm. Burada bir həqiqəti deyim, əgər sən perspektivli birisənsə, deməli. ətrafın, yumuşaq desək, rəqiblərlə doludur və müəyyən mərhələdə bu rəqabət əndazəni aşır.

Şeirlərimdəki yüksək emossionallıq şəxsimlə üst-üstə düşür. Mən o fikirdəyəm ki, şair ilk növbədə özünü yazmalıdır, ən azından özününküləşdirib yazmalıdır. Şeir təbiət hadisəsi kimi təbii yaranmalıdır, təbii doğulmalıdır. Düzdür, indi süni mayalanmadan sonra doğuş tam təbii ola bilir. Elə bilirəm bu halı poeziyada da qəbul etmək olar. Mənim üçün formasından, məzmunundan, izmindən asılı olmayaraq şeir lirikadır. Lirizmi olmayan bütün hallar nəzmdir, müdrik sözlə, fəlsəfi fikirlə şeir, poetik söz arasındakı məsafə böyükdür. Onda müdrik, fəlsəfi atalar sözlərini şeir sayardılar da. Mən elə bilirəm ki, əsl şeir tərcümədə mütləq nəsə itirir, nəzmə enir. Ortabab şeir isə yaxşı tərcümədə qazanır. Yeri gəlmişkən, tərcümə məsələsi barədə bir şeyi də deyim. Bu sahədə bizim ədəbiyyat tariximizdə uzun zamanlar üçün analoqu olmayan Mirzə Şəfi­–Bodenştedt nümunəsi var. Tərcümə olunmuş bu şeirlərin almanlar tərəfindən bu qədər çox sevilməsi o deməkdir ki, Fridrix bu şeirlərin iç dünyasına girə bilib və onları sanki özününküləşdirərək yaxşı tərcümə edib.

Və sonda özünü müəllif elan edəndə isə Fridrix o zirvədə qala bilməyib və bədnam, “böyük plagiat” adını qazanıb. Mən belə hallara “bodenştedtizm” deyirəm. Təəssüflə deməliyəm ki, bu gün bizim ədəbiyyatımızda belə hallar baş alıb gedir. Təsirlənməklə plagiatlıq arasında fərq çoxdur. Təsirlənmək bütün canlı aləmə xas evolyusion varislik prinspidir. Plagiatçılıq isə loru dillə desək “çırpışdırmaq”dır. Bu yerdə Xaqanini xatırlamamaq olmur, Nizamidən başlamış M.Müşfiqəcən, oxuduğumuz klassiklərimizin demək olar ki, hamısında onun təsiri görünür, bəzi hallarda hətta plagiatlıq həddinə çatır.

– Sizin şeirlərinizdə peşmanlıq hissi daha çox özünüzlə bağlıdır, sanki alınmayan, baş tutmayan hər nə varsa, əksərinin səbəbkarı özünüzsünüz. Elə bil, siz öz günahlarınızı o qədər çox, vaxtaşırı xatırlayırsınız ki, əvəzində başqalarının əməllərini, işləklərini undursunuz. Şeirlərinizdən aldığım bu təəssürat, müşahidə, sizcə, nə dərəcədə doğrudur?

– Düz deyirsiz, şeirlərimdəki peşmanlıq hissi daha çox özümə yönəlikdir. Bilirsiz niyə? Bu da mənim xarakterimdir. Əgər istədiyin bir iş alınmayıbsa, günahı birinci özündə axtar. Həmişə belə düşünmüşəm və indi də belə düşünürəm. Mən həmişə özümü yazmışam; sevgidən də, kəndən də, şəhərdən də, dostlardan da, yağışdan da, payızdan da, ictimai həyatdan da, bir sözlə, hər nədən yazmışamsa özümü yazmışam, ən zəif misram da özüməm. Ömür-billah, planlı surətdə oturub şeir yazmamışam, yəni mən planlı şəkildə şeir yaza bilmirəm, lap istəsəm də yaza bilmirəm. Özünü yazmaqda bizdə ən çox M.Müşfiqə həsəd aparmaq olar; o hətta Tər-tər HES-dən yazanda da görürsən ki, özünü yazıb. Bir də Ə.Vahid.

Birinci dərəcəli rus şairlərindən də, gənclərimizin müxtəlif dillərdən tərcümə etdikləri müxtəlif cərəyan nümayəndələri olan və müxtəlif üslublu şairlərdən də görünür ki, ən yaxşı şairlər özlərini yazıblar.

– Şeirlərinizin bəzilərinin altına tarix qoyursunuz, bəzilərinə isə yox, bu pozulmuş prinsipin mayasında nə dayanır, şair kimi sözin göstərdiyiniz, yaxud gizlədiyiniz tarixlər nə ilə bağlıdır?

– Əlyazmada bütün şeirlərimin altında tarix qoyulub. Sadəcə, sovetlər zamanı çapda çox vaxt bu tarixləri silirdilər. Ola bilsin ki, bəzi şeirlər konkret olaraq həmən tarixdəki olayla bağlıdır. Amma əsl şeirdə bu şəxsilikdən çıxır, şairlə oxucunun şərikli əhvalatı və əhvalı olur. Tarixlərin olması həm də şairin daxili dəyişmə yolunu izləməyə imkan yaradır.

– Bir şeirinizdə “sevilən kim idi, sevən kim idi, qoy bizi həyatda tanıyan desin” yazırsınız. Sizi şəxsən tanıyan və tanımayan insanlara xitab olunan şeirlərinizin təsir gücü, sizcə, eynidirmi, hisslərinizi anlamaq üçün sizi tanımaq nə dərəcədə önəmlidir və ya yazdıqlarınız sizi şəxsən tanımayanlara kimliyinizi nə qədər bəyan etmək iqtidarındadır?

– Mənim yazılarımda xeyli belə əhvalda olan misralar var. İlk anlamda bioqrafik məna daşıyan belə misralarda, şeirlərdə özünü görən oxucular varsa, necə deyərlər, şeir alınıb, yəni o şəxsilikdən daha yuxarıdadır. Sənin şəxsin ancaq səni tanıyanlar üçün maraqlı ola bilər, o da olsa. Yox, əgər sənin yazılarını oxuyandan sonra səninlə maraqlanırlarsa, demək, ən azından sən elə ayrı-ayrılıqda onların hər birini yazmısan.

– Sizin sevgi şeirlərinizdəki hisslər, həyəcanlar, duyğular yaşarıdır, amma o hissləri formalaşdıran hadisələr, vəziyyətlər isə günümüzlə müqayisədə qismən başqalaşıb. Məsələn, vaqonlar, vağzallar, nişan üzüyü xiffəti, yaxud üzüyün birgəliyi işarəsi və sair. Zamanın sürətli axışı eşqdəki vəziyyətləri dəyişib, məhəbbəti rişələndirən anların yönünü başqa istiqamətə tuşlayıb. Öz eşqinizə, xüsusən o sevdadan doğan şeirlərinizə və bu gün ətrafınızdakı münasibətlər sisteminə baxanda, yaxud qarşılıqlı vurğunluqlara nəzər salanda bir şair kimi hansı duyğular könlünüzü çulğamaqdadır?

– İndi süni intellekdən, soyuq təfəkkürdən çox danışılır. Bir həkim olaraq qəti əminəm ki, heç bir süni intellekt heç vaxt, ən uzaq gələcəkdə belə insan qəlbini, insan duyğusunu, insan hissiyyatını əvəz etməyəcək. Sonsuza qədər mərkəzdə insan olacaq. Odur ki, insan qəlbinə, insan ürəyinə toxunan, duyğusallıq yaradan şeirlər həmişə ürəkdən seviləcək. Soyuq ağıl şeirləri heç vaxt onların yerini tuta bilməyəcək. Yəni nə qədər ki, insanın qəlbi duyur dediyimiz lirikanı heç nə əvəz edə bilməyəcək. Ən qəddar insanın da qəlbində munis yerlər var, ən qanli tiranların, qanqsterlərin bir çoxu poeziya ilə maraqlanıb. İnsan qəlbi isə ən sonuncu insanla yox olacaq.

Yəni, hisslər, duyğular əbədidir. Qaldı ki, o hissləri, o duyğuları formalaşdıran hadisələr, predmetlər mahiyyəti dəyişmir Klassiklərimizin əsərlərində hələ də diri qalan duyğularını formalaşdıran predmetlərin böyük çoxluğu sıradan çıxıb, amma onların böyük lirikası getdikcə daha böyük və çağdaş görünür, çünki onlar özlərini – insanı yazıblar. Deməyim odur ki, burada rahatsız olmalı bir nəsnə yoxdur. İndiki predmetlər də köhnəlib məişətdən çıxacaq, yerinə təsəvvür etmədiyimiz yeniləri gələcək və onlar da köhnələcək. Lakin ilk məhəbbət, sevgi, yağışlar, axşam toranı, ulduzlu göylər, payızlar həmişə təzə qalacaq. Hamı bilir ki, yaxşı şeirlər həmişə uzunömürlü olub və bundan sonra da belə olacaq. Çünki onlar sevgidən doğulur, sevgi isə insanın əbədiyyət yoldaşıdır.

- Zaman sizdən nələri alıb, zəmanə onların yerinə nələri verib?

- Zaman böyük talançıdır, taladığından heç zərrəni də qaytarmayan talançı. Amma sən də ondan nələrisə ala bilmisənsə, deməli, boşuna yaşamamısan, yaşamağa dəyib. Bir müddət əvvəl müayinə zamanı gözləmədiyim halda mənə kifayət qədər ciddi diaqnoz qoyuldu. Həkim olaraq hər şeyi başa düşsəm də, üzdən təmkinimi pozmamağa çalışsam da, gecə yuxum çəkildi və hiss etdim ki, içdən sarsılmağa başlayıram. Elə o məqamlarda yazdığım şeirdən bir bənd deyim:

Mənim bu dünyayla bitdi savaşım,
Enində-sonunda heç-heçəyik biz.
Döyüşü buraxıb gedən dünyanın
Baxıram dalınca səssiz-səmirsiz.

Elə indi də inanıram kı, mən ən azından bu dünyayla heç-heçə edə bilmişəm, bu qələbəyə bərabər heç-heçədir, bəlkə də, daha üstün.

– 65 yaşdan sonra “Darıxan nəğmələr” adlı sevgi şeirlərinizdən ibarət kitabınız çıxdı. Eşq nəğmələrinizin bir yerdə qovuşduğu bu kitab həm də onu göstərdi ki, siz həm də şair kimi lirik qalmağı seçdiniz. Şair üçün öz hislərə sadiqlik daha vacibdir, yoxsa vaxtın yerişi ilə addımlamaq?

– Mən üzdən nə qədər sakit görünsəm də, əslində, darıxan adamam. Olur ki, lap ən yaxın dostların da arasında darıxıram, özümü bəzən lap tənha hiss edirəm. Gənclik şeirlərimdən birində belə misralar vardı:

Mən elə tənhayam, mən elə təkəm
Mənə paxıllığı tutur Allahın.

Yəni xaraktercə mən darıxan adamam. Adını çəkdiyiniz o kitabı hazırlayıb qurtarmışdım, lakin adı yox idi..Oturub əlyazmanı vərəqləyirdim və birdən hiss etdim ki, yazdığım şeirlərin hamısı darıxır, kitabın adını ,”Darıxan nəğmələr,” qoydum. Bəli, bunlar lirik şeirlərdir. Orası da var ki, mənim poeziya yaradıcılığımın çoxu elə lirik şeirlərdir. Bu kitabda məhəbbət lirikası toplanması da təsadüfi deyil. Lap elə çox illər qabaq məndə belə fikir yaranmışdı ki, şeirlərimi qruplaşdıraraq kiçik kitablar halında çap etdirim. Belə təklifləri mənə şair dostlarım da bildirirdi. Tutaq ki, “Darıxan nəğmələr” – məhəbbət lirikası, “Yağışlı günlərdə dalğın oluram” – yağış haqqında şeirlər, “Kəndə gələcəyəm bir gecə yarı”, – kənd haqqında şeirlər, “Payız gülləri” – payız haqqında şeirlər və s. Hələ ki, bu ideyadan ortaya qoyulan “Darıxan nəğmələr” kitabıdır ki, o da, sağ olsunlar, AYB-nin hesabına olub.

O biriləri hələ ki, qalır. Ümumiyyətlə ,”Şehli kəpənəklər”dəki şeirlərlə yaşıd və ondan üzübəri çap olunmamış xeyli şeirlər qalır, görək də. Orasını da deyim ki, ta əzəldən şeirlə yanaşı mən nəsr də yazmışam və xeyli nəsr yazılarım var. Nəsrdən yalnız bir yazı çap olunub – “Yol,” yazısı, “Azərbaycan,” jurnalında.

Sualın bu hissəsinə gəldikdə isə, mənim anlamımda, şair mütləq öz hisslərinə sadıq qalmalıdır. Şair şüurlu olaraq vaxtın yerişi ilə addımlamağa çalışsa, qayıq quma oturan sayaq, o da gedib prozaikliyə çıxacaq. Belə cəhdi uğurlu alınan lap tək-tək şairlər ola bilər.

– Bu il sizin yetmiş yazsınız tamam oldu, bu yaşda şair hansı hisslərinə yadlaşır, yaxud da əskinə hansı hissləri ilə daha da doğmalaşır və ən əsası bütün bunlar sizin şeirlərinizdə necə əksini tapır?

- Deyim ki, yadlaşanlar da olur, unudulanlar da: gənclik dostlarının bir çoxu illərin sınağından çıxa bilmir və ya həllinə illərini, əsəblərini verdiyin bir məsələnin başqa birisiyçün bircə zəngə həll edildiyini görəndə həyat da, insanlar da, sənə baha başa gəlmiş o iş də xeyli dərəcədə gözündən düşür, özünə heyfin gəlir, hətta cəmiyyətə acığın tutu, vicdanlı adamların əzildiyini görmək çox ağırdır, bunun hələ çarəsiz durumlara düşməyi var. Amma həyat budur, onu yaşamağa məhkumsan – acısıyla da, şiriniylə də. Bu yaşda uşaqlıq çağlarını – ən çox da o illərdəki mənim Cəmilə nənəm, – ilk gənclik duyğularını, valideynlərini, köhnə, lap köhnə, amma xatirəsi isti olan qonum-qonşuları xatırlayırsa, dumanlara bürünmüş bu xatırlamalar həm xoş, həm də kədərli ovqat yaradır. Tutaq ki, ilk sevgini anlayışla, başa düşə-düşə xatırlamaq sənə xeyli gülməli də gəlir. Çünki, o vaxt gözləri tutulmuş o ilk sevginin o gözləri bu yaşda teleskopların belə görmədiyi ulduzları da görür, və bunun özü də qarışıq ovqatdır. Dünyasını dəyişmiş dost-tanışları getdikcə daha anlayışla xatırlayırsan. İllər ötdükcə xeyli soyuqqanlı vəziyyətə gəldiyini dərk edirsən və s. Bunların hər birisi isə yaza bilən üçün ciddi hadisələrdir. Görünür ki, məndə də bu təsirlər olmamış deyil.

Töküldü yollarda qırıq sevdalar
Çoxu arzuların payıza düşdü.
Bir durna nəğməsi keçdi canımdan,
Mən elə bildim ki, payız üşüdü.

Dumanlar içində tək qalan durnam,
Oxu bu kədərli nəğməni, oxu.
Mənzilə çatmayan durnalar kimi
Töküldü yollarda dostların çoxu.

Onları heç zaman unutmadım ki
Onlar sükutumda, həyəcanımda.
Dostları axtaran o azmış durna
Çığıra-çığıra uçur canımda.

– Ədəbi mühit də şairə öz zövqü gizli-yaxud aşkar diktə edir. 40 ildən artıq yaradıcılıq dövrünüzdə ədəbi mühitin zövqü ilə hesablaşdığınız zamanlar oldumu?

– Ədəbi mühitin şairə gizli-aşkar öz zövqünü diktə etməsi fikri doğurur. Lakin burada bir “amma,” var: kim ki, özüdür, o diktəyə uymur və oradan tez uzaqlaşır. Özü olmayanlar isə daimi olaraq vaxtaşırı dəyişən o diktələrin altında qalıb bozlaşır. Məndə o diktəyə uymaq məsələsi lap ilk gənclik illərimdə, özü də çox səthi olub. Mən onun mənasız bir şey olduğunu tez anlamışam.

– Hansı mövzular oldu ki, cavanlıqda yazmaq istədiniz yazmağa, vaxt, aman olmadı, indi isə daha onlara qayıdışı gec hesab edirsiniz?

- Yuxada bir yerdə dedim ki, mən vaxtaşırı nəsr də yazmışam, onu da deyim ki, ilk yazılarım elə nəsrlə olub, şeirə nə vaxt keçdiyimi xatırlamıram. Özümdə yazmaq qabiliyyətini tam hiss etdikdən – tam dərk etdikdən sonra, vura bilməyən daşın yekəsindən yapışan sayaq, təxminən üç epoxanı əhatə edəcək bir nəsr əsəri yazmaq istədim. Bu rus istilasından başlamış sovetləşməni, 37-ni, ikinci dünya müharibəsi və ötən əsrin 60-cı illərinin ikinci yarısını bir nəslin taleyində izləyən əsər olmalıydı. İki dəfə əsəri başladım da, özü də 37-dən başladım və bir neçə səhifə də yazdım. Bu əsər real hadisələri bədii donda əhatə etməli idi. Yazı zamanı hiss etdim ki, mən buna hazır deyiləm, lazım olan qədər informasiya, sənədlər yoxdur. Beləliklə də, o əsər yazılmadım. Çox sonralar, valideynlərim vəfat etdikdən sonra “İtən ulduzlar haqqında nəğmə” – nənəm, atam və anam haqqında kitab – adlı orta həcmli nəsr əsəri yazdım. Bu nə tam publisistika idi, nə tam sənədli xatirələr idi, nə də təpədən-dırnağa tam bədii əsər idi, bu bütün bu saydıqlarımın hamısını qarışığından ibarət və qismən də dediyim o dövrləri əhatə edən bir yazı idi. Belə yazılara indi roman deyirlər. Bu yazı elə bil ki, mənim ürəyimdə ilişib qalmış o tikanı çıxartdı, lakin hiss edirəm ki, o tikanın ucu oralarda sınıb qalıb.

– Ədəbiyyat sizdən nələri, aldı yaxud nələri verdi? 70 yaşın hesabat məqamında Tofiq Nurəli özünü sözsüz, ədəbiyyatsız təsəvvür edə bilirmi?

– Açıq deyək: aldı da, verdi də. Aldıqları əsasən həkimliyimlə, maddi imkanlarımla, sağlamlığımla və qismən də ailə ilə bağlı olanlardın. Bütün bunlar yaradıcı adamın, bir ayrı dünyanın adamı olması ilə bağlıdır.

Hələ lap çox illər qabaq yazmışdım:

Şair xoşbəxt ola bilməz
Ağlama gülüm, ağlama.

Yəni əsl yaradıcı adamın bir insan olaraq xoşbəxtliyi çətin məsələdir. Belə adamlar bir qədər fərasətsiz və adətən gözütox olduğundan maddiyat həmişə onları sıxır. Fikir verin, əsl ziyalıların böyük çoxluğu imperiyanın uçuqları altında qaldı, hər cür çətinliklərə düçar oldular, şairlər də lap birinci cərgələrdə.

Həkimliyimə gələndə isə, mən elə tələbəlik illərindən şairliyimi anlamışdım. Və fikirləşirdim ki, özümü iki yerə bölməyim. Tərəddüdlü vaxtlarım idi. İnsitutu əla qiymətlərlə bitirdiyim üçün məni aspiranturaya imtahan verməyə çağırdılar. Birinci imtahanda qapının ağzında dayanmışdım, növbə mənim idi. Bu vaxt aspirantura şöbəsinin müdiri mənə yaxınlaşıb astadan dedi ki, rektor deyir, Tofiqə de ki, imtahana girməsin. Mən də rayonda işdən çıxıb birdəfəlik gəlmişdim. O mənim lap təəccübləndiyimi görüb dedi ki, inanmırsan get özündən soruş. Rektorun kabinetinə çatıb qəbul orağının dəstəyinə əlimi uzadanda qapı qəfldən açıldı, rektor idi, bir an üz-üzə qaldıq. O mənə dedi ki, Tofiq, sənə Qəmbər müəllim nə deyirsə qulaq as. Burada demək istəmədiyim bir sıra nüansları nəzərə alaraq imtahan girmədim. Mənə təsir edən o idi ki, əvvəlcədən rektorun qəbulunda olmuşdum və demişdim ki, adamınız varsa, mən heç işimdən olmayım, sənəd verməyim. O da demişdi ki, belə açıq danışmağın xoşuma gəldi, sən gəl imtahan ver. Həə, elə onda tam qət etdim ki, sıravi müalicə həkimi işləyim və bədii yaradıcılıqla ciddi məşğul olum. Elə də etdim. Yoxsa indi professor idim. Yəni, şairliyin məndən həkimlikdən aldığı budur.

Əmi uşaqlarının neçəsi şeir yazırdı. Atam çox duyğusal adam idi. Tək qalanda şirvan aşıq oxumalarından oxuyardı pəsdən, onun səsi dedikcə məlahətli idi, eynən aşıq Şakirin səsi kimi. Nənəm, ana nənəm 20-ci, 37-ci illərin ,”dolk” olunmaqdan, 7 uşaqla tək başı örpəklinin şirvan ellərinə sürgün olunmaqdan tutmuş, ikinci dünya müharibəsində subay-subay oğlanlarının üçünü də də itirmiş, dünyanın bütün məşəqqətlərini görmüş mənim Cəmilə nənəm şair idi, həqiqi şair idi. Bunu mən gec anladım, çox gec. Bax. ədəbiyyatı onlar mənə verdilər. Bir də ki, mənim ana nəslimin bir budağı Dədəgünəşlərə – Dərbənddən ta indiki Şirvan ellərinəcən yayılmış qıpçaq türkləri olan “Günəşli” tayfaları, – gedib çıxır. Onların sırasından kimlərin olduğu bəllidir.

Sözsüz ki, ədəbiyyatın da mənə verdikəri var, amma mən onları hələ də tam anlaya bilmirəm. Bircə onu bilirəm ki, mən həyatımı ədəbiyyatsız, şeirsiz təsəvvür edə bilmirəm. Başqa sözlə, mən şair taleyi yaşamış həkiməm. Bu yolda qarşıma xeyli sayda xeyirxah insanlar da çıxmış oldu. Onlar olmasaydı, bəlkə də, bu gün biz bir qədər də ağrılı olan bu ürək söhbətini də etməyəcəkdik. R.Rza haqqında bayaq bəzi şeyləri dedim və bu hələ hamısı deyildi. İlk şeirimi Xaçmazın “Dostluq” qəzetində Murad Qudyalçaylı çap etdi. Dəmir Gədəbəyli və Vaqif Əlixanlı radioya yol açmağıma kömək oldular, Seyran Səxavət dərnəyində bizi Ə.Əylisliyə təqdim etdi, biz “Azərbaycan,” jurnalında çap olunduq. Fikrət Qoca mənə “Azərbaycan gəncləri,” qəzetində “uğurlu yol” yazdı. İmran Qasımov ilk kitabımın çap olunması üçün AYB adından, “Gənclik,” nəşriyyatına məktub göndərdi.

Çingiz Əlioğlu ilk kitabım olan ,”Şehli kəpənəklər, ilk redaktorum olaraq elə tərtib etdi ki, kitab ədəbi cameədə ,”ura” ilə qarşılandı. Ələkbər Salahzadədən, Fikrət Sadıqdan, Camal Yusifzadədən, Səyavuş Sərxanlıdan, Nüsrət Kəsəmənlidən, Eldar Baxışdan və s həmişə isti münasibət gördüm. “Şehli kəpənəklər,” haqqında gənc tənqidçı Rasim Nəbioğlunun ürəklə yazdığı yazını “Ədəbiyyat və incəsənət” qəzeti saxlayıb-saxlayıb geri qaytarandan sonra o həmin yazını Dəvəçinin rayon qəzetində çap etdirdi, yenə həmin kitab haqqında müsbət ruhlu yazısını Ələddi Əzimli də Cəlilabadda çap etdirdi, bunları mən xeyli sonralar bildim. Yusif Kərimovun məni hansı səviyyəli ilk hücumdan necə qoruduğunu yuxarıda demişəm. Fikrət Qoca, Fikrət Sadıq və Fərman Kərimzadə İttifaqa üzv qəbul olunmağım üçün zəmanət veriblər. Kimlərin adı çəkilmədisə, üzürlü saysınlar.

Söhbətləşdi: Fərid Hüseyn

“Azərbaycan” jurnalı

# 3179 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #