Mənim üçün qızılgül – Samirə Əşrəfin hekayəsi

Mənim üçün qızılgül – Samirə Əşrəfin hekayəsi
9 fevral 2016
# 15:31

Kulis Samirə Əşrəfin “Mənim üçün qızılgül” hekayəsini təqdim edir.

Zahirən arıq, ətiacı bir qız olsam da təbiət etibarı ilə möhkəm orqanizmim vardı. İstiyə, soyuğa davamlılığım məni digər yaşıdlarımdan xeyli fərqləndirirdi. Bəzən elə olurdu ki, üç il, dörd il qripin nə olduğunu bilmirdim. Evdə ya qonşuda kimsə qripləyib burnunda danışanda həsədlə onlara baxıb xəstələnməyimi arzulayırdım. Ətrafımda olan xəstə insanlar söhbət edəndə gedib onların çənələrinin altını kəsdirirdim ki, bəlkə bir-iki günə mən də xəstələnərəm.

Evimizdə hamam yox idi. Hər həftənin şənbə günü anam bizi hamama aparardı. Biz hamamdan çıxanda küçələr qaranlıq və soyuq olardı. Qışda anam bizi o qədər bürüyərdi ki, yeriməkdə çətinlik çəkərdik. Evə gəlib çıxanda başımızdakı yaylıqları açıb dördkünc odun peçinin ətrafında oturardıq. Mən çox vaxt anamı aldadırdım ki, başım quruyub. Amma saçlarım qalın olduğundan dibi həmişə yaş qalırdı. Mən də bəlkə ertəsi gün xəstələnərəm deyə elə başı yaş-yaş qaçıb girərdim buz kimi yorğanın altına. Səhər yuxudan ayılıb burnumu-başımı yoxlayardım ki, görüm xəstələnməmişəm. Hər dəfə xəstələnməməyim məni məyus edirdi. Paltarlarımı geyinib suyu süzülə-süzülə məktəbə gedərdim.

Bütün bu xəstəlik priyomlarını həm də ona görə qurub quraşdırırdım ki, ən azı bir-iki gün dərsə getməyim, evdə oturub şellənim.

Amma hər dəfə “arzum” gözümdə qalırdı. Bir dəfə necə oldusa, atam demişkən, çökdüm. Özü də əməlli-başlı. Payızın sonlarına yaxın qəfil gələn xəstəlik məni sinəmdən itələyib yatağa sərdi.

Bir neçə gün çəkən öskürək sonrakı günlərdə daha da şiddətlənməyə başladı. Anam işdən bir günlük icazə alıb evdə qaldı. Rayona yaxın kəndlərin birində müəllim işləyən atam tezdən dərsə getmişdi. Onun gəlişi bir də gecə saat on ikiyə birə çəkəcəkdi. Atam hər gün dərsdən çıxandan sonra birbaşa təzə yurdda tikdirdiyimiz evə gedib ustalara kömək edirdi. Yaşadığımız iki otaqlı darısqal ev artıq yaşamaq üçün yararsız hala gəlmişdi. Evin divarları, döşəmə nəmişlikdən qopub tökülürdü. Anam elə hey atamı tələsdirirdi ki, təzə yurdda bir otaq qaralayıb yaz girən kimi ora köçək.

Təzə yurd dediyimiz yer rayondakı stadionun yuxarısında yerləşirdi. Atam məni bir neçə dəfə özü ilə ora aparmışdı. Mən ora gedəndə evimizin bünövrəsi təzəcə atılmışdı. Həyətdə yenicə əkilmiş ağaclar, qızılgül kolları pöhrələnməyə başlayırdı.

Atam söz vermişdi ki, əmimgilin həyətində əkdiyi qızılgüllərdən bizim həyətimizdə də yetişdirəcək. Əmimgilin həyəti...

...Bir vaxtlar bizim olan evə sonralar əmimgilin həyəti deməyə məcbur olduq. Uşaq ağlımızla bu məcburiyyətə alışdıq. Ora bizim bir vaxtlar yaşadığımız, sonralar isə əmimin mülkiyyətinə çevrilmiş məkan idi.

Həmin evdən çıxdığımız vaxtdan beş ildən artıq vaxt keçmişdi. Mən üçüncü, qardaşım isə beşinci sinifdə oxuyurduq. Anam işə düzəlmişdi. Bacım isə bağçaya gedirdi. Aradan bu qədər vaxt keçsə də həmin qarlı gündə evimizdən çıxdığımız günün ağrısı mənim uşaq qəlbimdə hələ də qövr edirdi.

Arvadı rəhmətə gedəndən sonra çoxdandı atamla düz dolanmayan böyük əmim uşaqlarını qayınanasının yanında qoyub özü bizimlə birgə yaşamağa başladı. Dörd otaqdan ibarət evimizdə bizdən başqa atamın anası, bir də iki subay bibim yaşayırdı. Bibilərimlə nənəm bizim otaqla yanaşı otaqda yatıb dururdular. Əmim isə mətbəxə bitişik otağa köçmüşdü. Azdanışan, qaraqabaq, adamayovuşmaz əmim bizə köçəndən sonra biz də az danışmağa öyrəşməyə başladıq. Bibilərim və nənəm gözgörəti əmimi atamdan üstün tutduqlarını büruzə verirdilər. Onun üçün ayrıca yemək hazırlayır, ayrıca çaynikdə çay dəmləyirdilər. Nənəm onun paltarlarını heç kimin paltarlarına qatmırdı.

Əmim işdən gələndən sonra evdə sükut hökm sürərdi. Biz az qala hər sözü pıçıltı ilə danışardıq. Çox vaxt axşamlar verilən on beş dəqiqəlik cizgi filminə televizorun səsini alıb baxardıq. Otaqdan bir balaca səs gələn kimi nənəm qapını açıb bizi tənbehləyərdi.

Günlərin birində zahirən sakit, daxilən isə çılğın, üsyankar insan olan atam dözmədi. Nənəmlə mübahisə edən atamın səsinə əvvəlcə bibilərim, daha sonra isə o biri otaqdan əmim çıxıb gəldi. Əmimin və nənəmin bir neçə qəlbqırıcı kəlməsindən sonra boğaza yığılmış atam dərsdən gələndə stulun çiyinlərinə keçirtdiyi pencəyini əyninə geyinib anama dedi:

- Uşaqları geyindir, bu evdən gedirik.

Anam bizi geyindirdi. Atam mənim və qardaşımın əlindən tutub həyətə çıxardı. Göydən quşbaşı qar yağırdı. Evdəki hər kəs elə bil bizim getməyimizi gözləyirdi. Hərə qaçıb bir otağa girmişdi. Bayaqdan göy gurultusu kimi gurlayan əmimin səsi də harasa yoxa çıxmışdı. Təkcə nənəm dodağının altında nəsə mızıldanıb atamı təqsirkar çıxarırdı. Biz yeridikcə ayağımızın altında xırçıldayan qarın səsindən başqa heç nə eşidilmirdi. Həyətin girişində atamın əkdiyi qızılgül kolları qarın altında qalmışdı. Lap küncdəki kollardan birinin üstündə solğun, çəhrayı qızılgül çiçəkləri gözə dəyirdi. Payızdan qalma bu qızılgül yağan qarın altında son nəfəsini verirdi.

Biz həyətdən çıxıb yolun kənarında dayandıq. Atam irəli çıxıb uzaqdan gələn sarı rəngli taksilərin birinə əl elədi. Elə bu zaman mən onun əynində pencəkdən başqa heç bir qalın geyim olmadığının fərqinə vardım. Tələskənlikdənmi, ya hirsli olduğundanmı atam paltosunu geyinməmişdi.

Sonralar həmin günü yada salanda atam yanıqlı-yanıqlı deyəcəkdi: “Sonuncu dəfə o evdən üzü qarlı, boz dekabr ayında baş götürüb bircə pencəklə çıxdım. Bir də heç vaxt geri qayıtmamaq üçün bir pencəklə çıxmağa məcbur idim. İstəyirdim ki, gözlərimi yaşardan şaxta iliklərimə qədər işləyib mənə əzab versin. Elə əzab versin ki, nə vaxtsa ora qayıtmaq istəyəndə həmin əzablar, onları yaradan doğma insanlar yadıma düşsün və məni o evə, ata ocağıma qayıtmağa qoymasın...”

Atamın yanmağa haqqı çatırdı... Altı uşağın sonuncusu idi. On altı yaşı olanda atası dünyasını dəyişmişdi. O gündən möhvumatçı yaşlı ananı və iki bacını dolandırmağa başlamışdı. Qardaşları ondan böyük olduğundan hərənin başı öz külfətinə qarışmışdı. Atamın 35 yaşı tamam olanda anamla ailə qurmuşdu. Qohum əqrəbanın işinə-gücünə yarayan adam olmuşdu. Amma həmişə bircə rumka içkinin badına gedərdi. Bir xeyir iş olanda əldən ayaqdan gedərdi. Çadırından tutmuş bazarlığına qədər hər işə əl atardı. Amma toyun axırına yaxın oturub bir-iki tikə yeyər, üstündən də o zəhrimardan içib keflənərdi. Ya oynamaq, ya da başqa bir şeyi bəhanə edib biri ilə dalaşardı. Vəssalam. Bununla da adı vayqanlı olardı. Toy qurtarandan sonra hamı evinə dağılışardı. Atamın bu hərəkəti onun ağırbaşlı qohumları üçün göydəndüşmə idi. Dərd orasıdı ki, biz də atamın badına gedərdik. Bizi də onun “günah”larının gözünə qatıb toydan sonrakı qonaqlıqların heç birisinə çağırmazdılar. İçki atamı əməlli-başlı hörmətdən salardı. Belə məqamlarda atama qəzəblənsəm də mənim uşaq qəlbimdə həmişə ona qarşı bir mərhəmət, acıma hissi olardı.

Atamla mənimki tutardı. Evdə ən çox tənqid olunan, döyülən uşaq mən olsam da o, məni çox istəyirdi.

O, mənə söz verdiyi kimi əmimgilin həyətində əkdiyi qızılgüllərdən təzə yurddakı evimizin həyətində də əkmişdi. Dediyinə görə, güllər həyəti başına götürmüşdü.

Qızdırmam düşmürdü. Evin ortasında qalanan neft peçi də məni isindirmirdi. Soyuqdan dişlərim bir-birinə dəyib şaqqıldayırdı. Anam peçin kənarında yer salıb məni ora apardı. Gözlərimi yumub yatmaq istəyirdim. Yata bilmirdim. Gündüz anamın kürəyimə qoyduğu bankaların yeri də sızıldayırdı. Nə zaman yuxuya getdiyimi xatırlamıram. Yuxudan ayılanda saçlarımın dibinə qədər suyun içərisindəydim. Dərmanlar, banka, ard-arda içdiyim zoğallı çaylar öz gücünü göstərmişdi. Qızdırmam düşmüşdü. Anam tez hazır qoyduğu paltarları gətirib əynimdəkilərlə dəyişdi. Özümə gələn kimi atamı soruşdum. Anam saata baxdı. On ikinin yarısı idi. O, atamın harda olsa indilərdə gələcəyini dedi.

Anamın qorxusu olmasaydı. Mən aynabəndin pəncərəsinə dirsəklənib həmişəki kimi gözlərimi həyətin yaşıl taxta darvazasına dikəcəkdim. Qaranlıqda o darvazanın açılmasını həvəslə gözləyəcəkdim. Evin havası isti olanda hərdən pəncərəni açıb var gücümlə atamı səsləyəcəkdim. Və mənə elə gələcəkdi ki, atamın səsi lap uzaqlardan qaranlığı yararaq mənim səsimə səs verəcək. Amma təəssüf ki, qızdırmadan yenicə ayılmağım mənim bu gün istəyimi həyata keçirməyə imkan vermirdi. Tərs kimi, bayaqkı titrəmənin yerini indi dəhşətli isti almışdı. Üstümə sərilmiş yorğanı kənara itələyib çarpayıdakı yerimə keçdim. Corabları çıxarıb bir kənara atdım. Amma mətbəxdə olan anamın qorxusundan yorğanı yerdən götürüb üstümə örtdüm. Yalın ayaqlarımı çöldə qoyub bir az da sərin divara tərəf sürüşdürdüm.

Gözlərimi açanda başımın üstündə atamın gülümsər, qarabuğdayı üzünü gördüm. Tütün qoxuyan nəfəsini üzümə yaxınlaşdırıb məni bir neçə dəfə öpdü. Sonra yerə əyilib qəzetə bükülü nəyisə xışıldatdı. Qəddini düzəldəndə əlində tutduğu bir qucaq rəngbərəng qızılgülləri qucağıma qoydu. Güllərin ətri və soyuqluğu sinəmə yayılıb məni sərinlətdi. Həmin güllər idi... Atamın əmimgilin həyətində əkdiyi güllər... Hər dəfə əmimgilin evlərinin yanından keçəndə həyətdə rəngbərəng çiçək açmış qızılgüllərə baxmaq üçün ayaq saxlayardım. Atamın əkdiyi güllərə mən kənardan tamaşa edərdim. Onları qoxlamağa, qırıb əlimdə tutmağa ixtiyarım yox idi. Atam isə öz qabarlı, zəhmətkeş əlləri ilə bu gözəllikdən yenisini yaratmağa nail olmuş və həmin gözəllikdən bir qucaq dolusu mənə, xəstəlikdən yenicə ayılan ürəyində bir ömür boyu, nisgilli xatirələr, uşaqlıq illərinin həsrətini gəzdirəcək qızına pay gətirmişdi./Ədəbiyyat qəzeti/

# 6997 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #