"Məni də tutub həmin məmurun yanına bassınlar!" - Sorğu

"Məni də tutub həmin məmurun yanına bassınlar!" - Sorğu
3 mart 2025
# 18:43

Bu gün Ümumdünya Yazıçılar Günüdür.

Kulis.az "Azərbaycanda dünyaya çıxarılacaq romanlar hansılardır?" sualına yazıçılarımızın cavablarını təqdim edir.

Mirmehdi Ağaoğlu: "Sual, əslində, mənə elə gəlir ki, indiki halda başqa cür qoyulmalıdır. "Azərbaycan ədəbiyyatında dünyaya çıxarılacaq əsərlər varmı?" sualı yanlışdır. Belə soruşmalıyıq: Necə edək ki, Azərbaycan ədəbiyyatını dünyaya çıxardaq?

Bunun üçün də istər dövlət, istərsə də bu sahə ilə məşğul olan müəyyən qurumlar ortaya iş qoymalıdırlar və dünyadakı müəyyən təcrübələrdən yararlanmalıdırlar. Ya da özləri oturub fikirləşib bunun mexanizmini tapmalıdırlar. Biz dünya ədəbiyyatından az-çox əsərlər oxuyuruq. Yeni çıxan nəşrlərdən tutmuş, Buker, Nobel mükafatı alan əsərlərə qədər. Və görürük ki, onların böyük əksəriyyəti heç də şedevr və dahiyanə əsərlər deyil. Ən azı ötən il Nobel mükafatı almış Cənubi Koreyalı yazıçı Han Kanqın “Vegetarian” romanını götürsək, görərik ki, ortabab bir əsərdir. Yəni Azərbaycanda da ən azı Cənubi Koreyalı yazıçının romanı səviyyəsində yazılmış xeyli sayda roman var. Məsələn, mənim əsərlərimi, Şərif Ağayarın, Mübariz Örənin, Cavid Zeynallının, Hədiyyə Şəfaqətin, Kənan Hacınının əsərlərini çıxartmaq olar. Bir sözlə, Azərbaycanda yazıçı problemi yoxdur. Azərbaycandakı problem mühitin, sistemin olmamasıdır. Azərbaycan yazıçılarının dünyaya çıxmamağına səbəb, əsərlərin zəifliyi yox, çıxmaq metodlarının olmamasıdır. Yolların ağzını əjdaha, çayın qabağını div kəsib. Buna görə də çıxa bilmirlər. Vəssalam. Sadə bir səbəb var. Biz dünyanın bu üzüyük, dünya isə o biri tərəfdədir. Arada körpü yoxdur. Körpü olmayandan sonra nə istəyirsənsə, et".

Şərif Ağayar - Bioqrafiya.com

Şərif Ağayar: "Əgər biz səmimi şəkildə dünya ilə ədəbi dialoqa girmək üçün konkret iş görsək, onlarla əsərimiz ən inkişaf etmiş ölkələrdə böyük uğur qazanar. İşin çətini kompleksdən xilas ola bilməməyimiz, dünyanı çox uzaqda görməyimiz və ədəbiyyata inanmamağımızdır. Mən sizin bu sorğuya cavab verməzdən az öncə Zürix şəhərinin Ədəbiyyat evində bir hekayəmin almanca oxunmasının vieomaterialını paylaşdım, baxın, görün necə alqışlayırlar. Dünyaya çıxmaq asandır, əsas odur sən bunu istəyəsən. Məsələ əsərlərin bədii səviyyəsindən çox, industrial şərtlərdən asılıdır. Dünyaya çıxan əsərləri görürük, oxuyuruq və eşşək-zad deyilik. Bizdən bircə fərqləri var: ədəbi mühitləri sağlamdır və sözün həqiqi mənasında ən yaxşıları seçib tərcüməsi və təbliği ilə məşğul olacaq qədər ağıllıdırlar. Bizdə isə dövlətin ayırdığı beş-on manat pulun, beş-on mənzilin üstündə biri-birini qırırlar. Şuşaya gedib kabab yeyib mədhiyyə oxumaq üstündə az qala qan düşür. Sovetdən qalan bu biabırçılıqdan uzaq yazıçıların isə hərəkət etmək üçün heç bir maddi resursu yoxdur. Mən təklif verirəm: korrupsiyaya görə tutulan orta çaplı bir məmurun mülklərini satıb ədəbiyyatın yeni prinsiplərlə təşkilatlanmasına xərcləsinlər, ciddi nəticələr görəcəklər. Pul təmənnasında deyiləm, öz əsərlərimin tərcüməsini də istəmirəm, sadəcə məsləhət verəcəm, uzağı on ilə ciddi nəticə alınmasa, razıyam, məni də tutub həmin məmurun yanına bassınlar. Hanı dünyaya çıxmaq istəyən bir qurum, bir təşkilat, bir kollektiv? Siz tanıyırsınız? Varsa, mənə də göstərin, lütfən. Mən son otuz ildə bu məmləkətdə belə bir möcüzəyə rast gəlməmişəm".

Qismət Rüstəmov. Sosial şəbəkələrdə ədəbiyyat (2020-2021) - sim-sim

Qismət Rüstəmov: "Ümumdünya Yazıçılar günündə həmişəki kimi əsər adları çəkməyəcəm. Əvəzində, həmkarlarımızla oxuyub öyrəndiyim bir neçə məsələ bölüşmək istəyirəm. Birincisi, Azərbaycan ədəbiyyatının dünyaya çıxışı, məncə, post-kolonial diskursla mümkündür, özümüzü müstəmləkə olmamış xalqların ədəbiyyatı kimi apardıqca, bizi heç kim böyük arenaya buraxmaz. Azərbaycan yazıçısının rus dili və ədəbiyyatına münasibətimiz travmatik olmalıdır: bir yandan, tutalım, Dostoyevskini orjinal dilində oxuya bilməyin qazanclarına sevinməliyik, digər tərəfdən isə Fyodr Mixayiloviçin gündəliklərindəki rus şovinizmlə ilə üzləşməliyik. Vaxtilə rumın əsilli alman şairi Pol Selan deyirdi ki, mənim alman diliylə münasibətlərim ikibaşlıdır, bir yandan bu zəngin dil ilə özümü ifadə edirəm, digər tərəfdən isə valideynlərimin ölüm əmri bu dildə verilib.

İkincisi, təki xarici dildə kitab çıxsın deyib, harda gəldi, necə gəldi kitab nəşr etdirmək dünyada hörmətsiz işdir. Dünyada nəşriyyatların ixtisaslaşıb, yəni sən sosial məzmunlu əsər yazmısansa bunu təqdim edəcəyin nəşriyyat ayrıdır (bu məzmunlu əsərləri daha çox fransız nəşriyyatlarıyla danışmaq faydalıdır), yaxud ingilis dilinə əsərin tərcümə olunubsa, sözügedən əsərin, tutalım, “Pushkin Press”də çıxması daha çox effekt verər, nəinki zirzəmi nəşriyyatlarında, universitet mətbəələrində. Azərbaycan müəllifləri “bir gün, bəlkə, biri tutar” illüziyası ilə harda gəldi çap olunmaqdan, özünü bu aldanışa həsr etmək əl çəkməlidir. Bu, təkcə müəlliflərin obrazını yox, ölkənin imicini də gözdən salır.

Bütün həmkarlarımı təbrik edirəm!"

Çürükçülük, cəfəng, dəxilsiz söhbətlər – Rasim Qaraca Anarı sərt tənqid etdi

Rasim Qaraca: "Azərbaycan istedadlar ölkəsidir, əlbəttə ki başqa coğrafiyalardakı insanlar üçün maraqlı ola biləcək əsərləri yazmaq qüdrətində olan potensial yazarlar çoxdur bizdə - "dünyaya çıxmaq" ifadəsini işlətmədim, çünki bu söz birləşməsi də artıq yağır olub... Orkestr böyükdür, təəssüf ki, hərə öz bildiyini çalır. Bizdə ikinci dərəcəlilər təşəbbüsü ələ alıb, istedadsızlar istedadlıları sıxışdırıb bütün fəaliyyət imkanlarını daraldıb. Dünyaya çıxmaq deyəndə o saat bu ikinci dərəcəlilər özlərini qabağa dürtürlər, biri birilərini dəstəkləyirlər, xaricdə nəşr olunan antologiyalarda yalnız onların adını görürük, bütün mükafatlar, təqaüdlər və s. onların ixtiyarındadır. Vaxtilə "Ədəbiyyata gəlməzdən öncə süpürgəçilik" adlı bir məqalə yazmışdım. Bəli, bizim "dünyaya çıxmaq" istəyən gənc yazarlarımız əvvəlcə bir müddət "süpürgəçilik" etməli, sovet ədəbiyyat meyarları ilə yaşayan, sovet idarəçilik üsulundan qurtula bilməyən yazarları süpürüb öz yolları üzərindən atmağı bacarmalıdırlar, yoxsa bu parazitlər ordusu böyük ədəbiyyata gedən yoldakı bütün postları zəbt ediblər. Onlar hər yerdədir, çox sürətlə təşkilatlana bilirlər, istedadsız insanlar istedadlıların bilavasitə qənimidir. Onların tək bir qayəsi var: İsteadlara yol verməmək! Əvəzində öz qrafomaniya məhsullarını hər yerdə gözə soxurlar, biri birilərini tərifləyib ala buluda qaldırırlar. Ədəbiyyat azad düşüncənin, xəyal gücünün, yüksəklərdə pərvaz etmənin bir vasitəsidir, burada kölə psixologiyası ilə nəticə əldə etmək imkansızdır. Buna görə də gənc yazarlar özlərinə fərqli yol seçməli, keçmişlə öz aralarında sərhəd dirəkləri basdırmağı bacarmalıdırlar. Yalnız azad yazıçı iradəsi ilə yazılan əsərlər istər burada, istər xaricdə dəyər görə bilər".

Azad Qaradərəli - Xeyrat - Altıncı hissə

Azad Qaradərəli:

Yusif Vəzir Çəmənzəminli "Əli və Nino", Sabir Əhmədli "Yasaq edilmiş oyun", Anar "Macal", Əkrəm Əylisli "Dəhnə", Yusif Səmədoğlu "Qətl günü", İsa Hüseynov "Yanar ürək". Sonrakı nəsildə,özüm də daxil,heç kimi yazmadım.Qoy bizi də sonrakı nəsil yazsın.

Sevgi şəhəri - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli: "Yusif Səmədoğlu - "Qətl günü", Sabir Əhmədli - "Dünyanın arşını", Mövlud Süleymanlı - "Köç", İsmayıl Şıxlı - "Dəli Kür", İsa Hüseynov - "İdeal", Əkrəm Əylisli - "Mənim nəğməkar bibim".

Məhdud ədəbiyyat imkanları daxilində ölkə sərhədlərini aşmaq ümidiylə usanmadan yazan, vaxtına və enerjisinə qızırğalanmayan yazıçılarımızın bunu bacaracaqlarına tam səmimiyyətimlə inanıram. Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının hələ kəşf olunmamış bakirə ərazisi, xam yeridir. Dünya oxucusunu heyrətləndirə biləcək, minerallarla zəngin coğrafiyaya sahibik. Yetər ki, bunda bir balaca Dövlət baba da maraqlı olsun, vəssalam".

Kişilərin bir banka qatıqdan fərqi yoxdur! - Fəridə

Fəridə: "Məncə, Azərbaycan ədəbiyyatını dünyaya çıxaran romanımız var artıq. Şamxal Həsənovun "Səs və ya Qırmızı" romanı ötən il Avropa Sevgi Romanı müsabiqəsinin qısa siyahısına düşdü. Şamxalın yeni kitabı nəşrə hazırlanır. Bu romanın da tərcümə edilib xaricə çıxarılandan sonra ciddi uğurlar qazanacağına əminəm. Şamxal Həsənovdan başqa dünyaya təqdim edə biləcəyimiz başqa yazıçımız yoxdur - bunu çox rahatlıq və əminliklə deyə bilirəm".

Əyyub Qiyasdan yeni kitab

Əyyub Qiyas: "Maqsud İbrahimbəyovun "Ondan yaxşı qardaş yoxdur" Əsl milli ədəbiyyatdır. Kolort, psixoloji məqamlar, insan münasibətləri, sevgi,, kriminal... Dünyada besteller olan romanlar mən bu xüsusiyyətlərinə görə məşhurlaşır.
Ümumiyyətlə, içində hər bir millətin, xalqın milli koloritlərini özündə əks etdirən əsərlər sevilir. Dünya oxucusu oxuduğu əsərlə müəllifin mənsub olduğu xalqı tanımaq istəyir. Məsələn, yapon ədəbiyyatı ona görə məşhurlaşdı".

Rəvan Cavid: "Hazırkı normalarla istənilən nümunəni çıxarmaq olar. Təki iqtisadi düşüncə ədəbiyyata yanaşsın. Amma mütləq bir neçəsini seçməliyəmsə, ilk ağlıma gələn bunlardır:

Yusif Vəzir Çəmənzəminli "Studentlər"
İsa Muğanna "İdeal" (son redaktəsindən əvvəlki variant)
Şərif Ağayar "Ağ göl"
Kamal Abdulla "Sehrbazlar dərəsi".

Sevinc Elsevər: "Əlbəttə ki, bizim dünyaya çıxarılası hekayələrimiz, romanlarımız var. Amma bu daha çox yaxşı tərcümədən, bir də necə təqdim eləməkdən asılıdır. Yəqin ki, günün birində bəxt bizim də üzümüzə güləcək. Müasir Azərbaycan ədəbiyyatından da kimsə dünyada tanınacaq. Heç biz orta əsr klassiklərimizi yaxşı təbliğ edə bilməmişik Qərbdə, Amerikada. Əlimə bütün dünyanın gəlmiş-keçmiş ən məşhur ədiblərinin ensiklopediyası düşmüşdü. Səhv etmirəmsə, Böyük Britaniyada çap olunmuşdu. Nə Nizaminin, nə Füzulinin, nə Nəsiminin adını orda tapdım. Demək olar ki, hamı var idi, hamı. Bütün Qərb klassikləri. Şərqdən də nümayəndələr var idi. Rusiyadan da və s. Bir bizdən kimsə yox idi".

Hazırladılar: Ülvi Bahadır və Ulucay Akif

# 633 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcid:  "Bu, məhkəməlik söhbətdir..."

Rəşad Məcid: "Bu, məhkəməlik söhbətdir..."

17:42 28 fevral 2025
Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

10:30 28 fevral 2025
Niyazi Mehdi vəfat edib

Niyazi Mehdi vəfat edib

09:15 28 fevral 2025
Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

10:45 26 fevral 2025
O, ittiham edilib həbsxanaya düşəndə... - Vaqif Yusifli

O, ittiham edilib həbsxanaya düşəndə... - Vaqif Yusifli

18:42 25 fevral 2025
Azər Turanın yeni kitabı çap olunub

Azər Turanın yeni kitabı çap olunub

14:45 24 fevral 2025
#
#
# # #