Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Vüqar Babazadənin “Molla” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Rasim Qaraca
Hekayəni çox çətinliklə oxuyub başa çatdırdım. Mövzu baxımından maraqsız, texniki imkanlarına görə isə primitiv bir əsərdir. Müəllifin başqa əsərlərini oxuduğuma görə bu hekayədə yazıçının öz imkanlarından yetərincə istifadə etmədiyini deyə bilərəm. Vüqar bəydən daha maraqlı və çağdaş zamanəmizlə səsləşən əsərlər gözləyirəm.
Pərviz Cəbrayıl
Normal felyetondu. Vüqarın yaza biləcəyinə inanıram.
Cavanşir Yusifli
Vüqar Babazadənin “Molla” hekayəsini oxudum, müəllifin hekayə yazmaq, həm də bir metod çərçivəsində yazmaq cəhdləri təqdirəlayiqdir, çox gənc bir adamın müşahidələri, bu müşahidələrin əlaqələndirilməsi, hekayənin ekspozisiya hissəsində surədən sitat verilməsi... mətnin maraqlı, həm də uğurlu hissələri sayıla bilər, ekspozisiyada surədən verilən sitat daxilən hekayədə təhkiyə məqsədinə uyğun gəlir və sair. Daha iki maraqlı, hekayəni necə deyərlər “yaradan” məqamı qeyd edim: hafizlik yarışmasının qeydiyyata alınma prosesində uşağın cinsinin soruşulması, ikinci - ətirli sabun...
Hekayədə boş yerlər gördüm, bəzi cümlələr dolaşıqdır (məsələn, “Vacib bir qeyd etmək istəyirəm ki, hardasa 7-8 il ərzində sadəcə 30-cu cüzvdə qaldım. 29-cu cüzvə heç cür keçə bilmirdim. Nəinki 29-cu cüzvə, heç 28-ci, 27-ci cüzvlərdən söhbət belə gedə bilməzdi.”). Başqa kəsirləri də qeyd etmək olar, müəllif zənnimizcə hekayə mətni üzərində çox çalışmalıdır. Mollanın xarakterinin açılması üçün verilən işarələr dolğun deyil (yarışmada gözlərinin təsviri normal olsa da, dükanda, internet çəkdirdi, qızlarla tanış oldu... yayğın detallardır). Zənnimcə, müəllif mətndə detal və işarələrin daxilən əlaqələndirilməsi üzərində işləməlidir. Həm də hekayənin adı özünü doğrultsun.
Mübariz Örən
Vüqar Babazadə ilə tanışlığım belə başladı, - bu hekayədən: oxudum və tanıdım. "Molla" hekayəsinin (yeri gəlmişkən, son abzasa qədər mənə elə gəlirdi ki, bu ad hekayənin ruhunu, ideyasını tam əks elətdirmir) təmtəraqsız, sadə-bəzəksiz təhkiyəsi, qəhrəmanın iddiasızlığı ilk baxışdan "heçnəsizlik" vəd etsə də, mövzu ilə bağlı müəllifin detallı bilgiləri, müəlliflə obraz arasındakı səmimiyyət, ərk, komplekssizlik mətnə olan etibarı, inamı artırır, abzasdan-abzasa özünü tanıdır, xarakter göstərir, son abzas isə... Son abzas sadəcə hər şeyi həll edir; əvvəla mətni bütövləşdirir, ikincisi isə, həyatda hər bir sıxıntıdan, çıxılmazlıqdan sadə çıxış yolu olduğuna inam yaradır.
Ayxan Ayvaz
Hekayədə çox maraqlı material var. Bəlkə də bu detal hansısa romanda işlənə bilərdi. Vüqarın romanını (“Arxadakılar”) oxuyanda onun nəsr təfəkkürünün olduğunu görmüşdüm. Məncə, Vüqar burdakı əhvalatı hekayələşdirə bilməyib. Əhvalat əhvalat kimi qalıb. Onu köşəvari bir dillə tələm-tələsik yazıb. İnanıram ki, özü də bu həqiqəti bilir. Axı bədii ədəbiyyatın ən əsas göstəricisi bədii-estetik həlli verə bilməkdir. Yoxsa yalnızca əhvalatı yazmaq hekayə deyil.
Nihat Pir
“Molla” hekayəsi elə ilk cümlədəcə hekayə yox, sadəcə əhvalat olduğunun siqnalını verir. Hansı ki bu əhvalatlılıq məsələsi son ana qədər müəllifin və hekayənin yaxasını buraxmır. Ümumiyyətlə, nəsr anlayışında ilk abzas çox önəmlidir. O nəsrin adı hekayədirsə, həmin “çox”un yanına bir dənə də “çox” qoymaq məcburiyyətindəyik.
“Doqquz-onuncu sinfə qədər molla yanına gedib, Quran oxumağı, dinin çikini-bikini öyrənmişəm. Rayonda boş vaxtı ən yaxşı dəyərləndirmək şəkli bu cür məşğələlər, hobbilər idi. Mən təkcə oxumağı yox, həm də əzbərləməyi öyrənirdim. Açığı o vaxtlar niyə molla mənə Quranı əzbərlədirdi, hələ də baş aça bilmirəm. Lap o əzbərlədirdi, bəs sənin ağlına nə gəlib? Mənasını başa düşmədiyim böyük surələri əzbərləyir, hər gün gəlib mollaya danışırdım. Beləcə hafizlik yolunda qəti addımlarla irəliləyirdim”.
Bu, hekayənin ikinci abzasıdır ki, müəllif burada əhvalatına, bir növ, giriş verir, yəni bu cümlələr isinmə hrəkətləri rolunu oynayır. İrəlidəki hadisələrə oxucunu hazırlayır. Oxucu bu hissədə “Aha, başlayırıq” havasına girir, amma əfsus ki, müəllif hələ də hekayəyə başlamaq fikrində deyil.
Hekayənin üçüncü abzası isə tam bir fiaskodur. Müəllif konkret olaraq əhvalatın başını buraxıb “Quran”ın cüzv nəzəriyyəsinin təhlili ilə məşğuldur. Ümumiyyətlə, bu abzas sadəcə həcm artırmaq xətrinə yazılmış təsiri bağışlayır. Hekayə yığcamlığı və konkretliyi bu cür haşiyələri sevmir və hətta qəti şəkildə rədd edir.
“Bilənlər bilir, Quran 30 cüzvdən ibarətdir. 114 surə bu cüzvlər arasında bölünüb, hər cüzvə müəyyən qədər surə düşüb. Biz, yəni gənc hafizlər, yalnız 30-cu cüzvü əzbərləyirdik”, – kimi ensiklopedik bilgilər hekayə üçün artıq yük, oxucu üçünsə yoruculuqdan başqa bir şey deyil.
Dördüncü abzasda əhvalatın artıq başlanma fitini gözlədiyimiz halda, müəllif yuxarıdakı cüzv söhbətinə təzədən qayıdış edərək özünün cüzvlərlə olan problemini növbəti dəfə dilə gətirir:
“…hardasa 7-8 il ərzində sadəcə 30-cu cüzvdə qaldım. 29-cu cüzvə heç cür keçə bilmirdim. Nəinki 29-cu cüzvə, heç 28-ci, 27-ci cüzvlərdən söhbət belə gedə bilməzdi”.
Bundan sonrakı mərhələ isə artıq hekayə məsuliyyətindən arınaraq tam bir köşə yazısına çevrilir. Burada nəql edilən “Cəlilabad yolçuluğu”nun üzərində az-maz baş sındırıb onu köşə halına gətirmək daha yaxşı olardı, nəinki hekayə adı ilə təqdim etmək. Obrazın cüzv problemi, yolda başına gələn hadisələr, qusması, həyəcanı və digər bu kimi problemləri müəllif hekayə adı ilə təqdim etsə də, bunlar əhvalatçılıqdan o yana keçə bilmir.
Kəsəsi, bu mətni hekayədən daha çox köşə yazısı adlandırmaq doğru olar.