Kulis.az Yu Huanın "Yaşamaq" romanı haqqında Allahverdi Həsənovun yazısını təqdim edir.
İnsan taleyinin dramatik təqdimatı
Yu Huanın "Yaşamaq" (活着) romanı müasir Çin ədəbiyyatının ən təsirli əsərlərindən biri sayılır. Sadə bir insanın həyatını yaşamaq uğrunda mübarizə kimi göstərən bu əsər, Çin tarixi kontekstində fərdin iztirablarla dolu həyat yolunu təsvir edir. Romanın strukturu, süjeti, simvolizmi və fəlsəfi mesajları onun dərin təhlilini zəruri edir.
Əsərin əsas qəhrəmanı Fuqui varlı bir ailənin ərköyün övladı kimi təqdim olunur. Lakin qumar aludəçiliyi nəticəsində o, ailəsinin sərvətini uduzur və bu çöküş onun həyatında bir dönüş nöqtəsinə çevrilir. Fuqui zamanla həyata baxışını dəyişir və ailəsini qorumağa çalışan bir insana çevrilir. Əsərin axarında o, Çin tarixinin çətinlikləri—vətəndaş müharibəsi, torpaq islahatları, Maonun iqtidara gəlməyi, Mədəni İnqilab kimi hadisələrlə üzləşir.
Romanın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun təhkiyəsidir. Əsər bir jurnalistin Fuqui ilə apardığı söhbət əsasında qurulub. Bu texnika sayəsində əsər həm subyektiv (Fuquinin şəxsi yaşantıları), həm də obyektiv (Çin tarixinin real hadisələri) təsvirləri təqdim edir.
Bu nəql üsulu oxucu ilə qəhrəman arasında dərin emosional körpü yaradır. Fuquinin dili bəsit və səmimidir, bu da onun həyat hekayəsini daha təsirli edir. Həyat hekayəsi bir kəndlinin dilindən verilib.
"Yaşamaq" romanı simvolizmlə zəngindir. Fuquinin həyatı, onun mübarizəsi Çində adi insanın taleyini təcəssüm etdirir. Öküz - Fuquinin son günlərində yoldaşlıq etdiyi heyvan simvolik məna daşıyır. Öküz - səbir və dözümlülüyün simvolu insanın təbiət qarşısında acizliyini və eyni zamanda möhkəmliyini ifadə edir.
Romanın əsas fəlsəfi ideyalarından biri stoik dözüm anlayışıdır. Həyat nə qədər amansız olsa da, insan yaşamaq üçün davam etməlidir. Yu Hua burada Çinin Konfutsiçilik, Buddizm və Daoizmlə formalaşan mədəni-fəlsəfi ənənələrini də əks etdirir.
Roman yalnız fərdi faciəni deyil, həm də Çin cəmiyyətinin çətin tarixi dövrünü əks etdirir. Fuquinin həyatının hər mərhələsi Çin Xalq Respublikasının qurulmasından sonra baş verən sosial dəyişikliklərə paralel gedir. Mədəni İnqilab dövründə baş verən hadisələr göstərir ki, ideoloji təlatümlər insan taleyini necə dəyişdirə bilər.
Yu Hua
"Yaşamaq" yalnız bir insanın fərdi dramı deyil, bütöv bir dövrün iztirablarını, tarixin insan talelərinə necə amansız müdaxilə etdiyini göstərən güclü bir əsərdir. Çin tarixinin ən çətin dövrlərindən biri olan Mədəni İnqilab (1966–1976) romanda xüsusi yer tutur və əsərin əsas konfliktlərindən birini təşkil edir. Bu dövrü dərindən anlamadan, əsərin təsir gücünü tam qavramaq mümkün deyil.
Mədəni İnqilab Mao Tszedunun rəhbərliyi altında başladılmış genişmiqyaslı siyasi kampaniya idi. Onun məqsədi Çin cəmiyyətində “burjua təsirlərini” məhv etmək və kommunist ideologiyanı gücləndirmək idi. Lakin nəticədə ölkədə xaos, iqtisadi tənəzzül və milyonlarla insanın faciəsi ilə nəticələnən bir dövr başladı.
Bu dövrdə:
- Savadsız, lakin, eyforiyaya qapılmış gənclərdən ibarət "Qırmızı Qvardiyaçılar" yaradıldı, onlar ziyalıları, müəllimləri, sənətkarları "sinfi düşmən" elan edib təqib edirdilər.
- Təhsil sistemi çökdü, universitetlər bağlandı, elm və bilik ikinci plana keçdi.
- Tibbi xidmətlər məhv edildi, peşəkar həkimlər "burjua qalıqları" adlandırıldı və hətta savadsız insanlar həkim kimi işlədildi.
- Hər kəs bir-birini sinfi düşmən elan etdi, düşmən elan etdiklərinin adını divarlara yazdı. Bir müddət sonra ata oğlunu, ana öz qızını düşmən çıxartdı.
Bu dövr, həqiqətən, Çin cəmiyyəti üçün bir çöküş, mənəvi dəyərlərin, vicdanın deqradasiyası dövri idi.
Romanın ən sarsıdıcı məqamlarından biri baş qəhrəman Fuquinin qızı Fenqsyanın ölümü ilə bağlıdır. Fenqsyan uşaqlıqda keçirdiyi xəstəlik nəticəsində lal olur, lakin atasına qarşı həmişə mehriban və sədaqətli qalır. O, ailə qurur, lakin doğuş zamanı fəlakət baş verir: həkimlər tibbi savadsızlıq səbəbindən onun həyatını xilas edə bilmir və Fenqsyan qanaxmadan ölür.
Bu epizod Mədəni İnqilabın səhiyyə sisteminə vurduğu zərbənin ən kəskin tənqidlərindən biridir. Çünki təcrübəli həkimlərin çoxu bu dövrdə ya sürgün edilmiş, ya da öldürülmüşdü. Onların yerinə isə, heç bir tibbi savadı olmayan, yalnız ideoloji sadiqliyi əsas götürülən şəxslər təyin edilmişdi. Fenqsyanın ölümü bu ideoloji xaosun qurbanlarından yalnız birinin həzin hekayəsidir.
Mədəni inqilab dövründə hər kəs eyforiyada olduğundan belə şeylərin fərqinə varmırdı, lakin Yu Hua hamının görüb lakin fərqinə varmadığı proseslərə dərindən nəzər salan bir yazıçı olduğu üçün bu hekayə ilə bütöv bir xalqın faciəsini ustalıqla qələmə alır.
Maraqlıdır ki, Yu Hua gənclik illərində diş həkimi işləyib və orada səhiyyə sisteminin necə çökdüyünü yaxından görüb. O, müsahibələrində qeyd edir ki, kəndlərdə "həkimlər", sadəcə, bir neçə ay kurs keçdikdən və kommunizmə, Maoya sadiqlik andı içdikdən sonra ciddi əməliyyatlara buraxılırdılar. Peşəkarlıq, təhsil heç bir önəm daşımırdı, əsas Maonu sevmək, ona yaxşı mədhiyyələr demək idi, bu yaxşı həkim olmağa bəs edirdi. Bu proses isə saysız-hesabsız faciələrə yol açırdı. Fenqsyanın ölümü yalnız bir qəhrəmanın deyil, bütöv bir nəsilin başına gələnlərin metaforik təsviridir.
Romanın başqa bir maraqlı aspekti gənclərin dövlət tərəfindən manipulyasiya edilməsi mövzusudur. Fenqsyanın həyat yoldaşı Erşigen də məhz bu nəslin nümayəndəsidir. O, gənclik illərində Mədəni İnqilab zamanı "sinfi düşmənlərə" qarşı mübarizə aparanlardan biri olmuşdu, lakin sonradan özü sistemin aciz bir qurbanına çevrilir. Bu, dövrün bir çox insanlarının taleyi oxşardır: əvvəlcə fanatik şəkildə inandıqları ideologiya, sonda onların öz həyatlarını məhv edirdi.
Bu cür obrazlarla Yu Hua ideoloji manipulyasiyanın insan talelərini necə dəyişdiyini göstərir. Mao dövründə gənclər düşünürdülər ki, ölkəni "sinfi düşmənlərdən" təmizləməklə, daha yaxşı bir gələcək quracaqlar. Lakin əslində, onlar yalnız öz gələcəklərini məhv etdilər. Gənclər kor-təbii şəkildə silahlandırılır, onlar, sadəcə, onlara göstərilən hədəflərə hücum edir. Nəticədə isə əmrləri sorğulayan gənclik, onun rasional təfəkkürü məhv olur.
Niyə romanın adı “Yaşamaq”dır? Çünki bu əsər insanın hər şeyə baxmayaraq, yaşamaq məcburiyyətində olduğunu vurğulayır. Fuqui hər şeyini itirir— var-dövlətini, ailəsini, dostlarını... lakin o hələ də yaşayır.
Əslində, əsərin ən faciəvi tərəfi onun fatalizmi, yəni qaçılmazlıq hissidir. Fuqui heç bir böyük qəhrəmanlıq göstərmir, heç bir şeyə qarşı üsyan etmir. O, sadəcə, taleyinə boyun əyir və bütün proseslərdə mənəvi gigiyenasını qoruyur. Lakin bu boyun əymə bir zəiflik yox, insan iradəsinin gücüdür.
Əsərin sonunda Fuqui və onun yoldaşı olan öküz həyatın sonsuz təkrarlanmasını simvolizə edir. O, artıq övladlarını, həyat yoldaşını, dostlarını itirmiş biri kimi deyil, həyatdan dərs almış bir insan kimi görünür. Bu, oxucuya dərindən düşündürən bir mesaj verir: "Bəzən, sadəcə, yaşamaq ən böyük cəsarət tələb edən şeydir."
Yu Huanın "Yaşamaq" romanı insanın həyatda başına gələnlərə baxmayaraq, yaşamağa davam etməsinin əhəmiyyətini vurğulayan nadir əsərlərdən biridir. Bu, sadəcə, bir roman deyil, bir tarixi yaddaşdır, bir etirafdır, bir xalqın faciəsinin səssiz şahididir.
Mədəni İnqilabın təsiri, səhiyyə sisteminin çöküşü, savadsız ideoloji manipulyasiyalar və fərdin taleyi bu əsərdə unudulmaz şəkildə təsvir olunub. Yu Hua pafossuz, ən sadə sözlərlə oxucunu sarsıdır və düşündürür.
Yu Hua
"Yaşamaq" insanın ruhunun sınsa da, tamamilə qırılmadığını göstərən bir şah əsərdir. Fuquinin səsi, bəlkə də, tarixin qurbanlarının səsidir—onlar danışmır, fəryad etmir, sadəcə, yaşayırlar. Və bu, bəlkə də, ən güclü fəryaddır.
Yu Hua kommunist sistemin insanları necə sıxışdırdığını, onları öz həyatlarını yaşamaqdan məhrum etdiyini təsvir edir. Bu sistem birbaşa individuallığı məhv etməyə fokuslanmış sistem idi. Lakin müəllif hökuməti açıq şəkildə tənqid etmir, o, hadisələri sadə kəndlilərin faciələri vasitəsilə oxucuya çatdırır.
Qeyd etmək lazımdır ki, roman mədəni inqilabın mənfi tərəflərini ən yaxşı təsvir edən əsərlərdən biridir.
Bu səbəbdən də müəllifin əsərləri uzun müddət Çində qadağan edilmişdi, çünki müəllif axına qarşı üzürdü.
Yu Huanın dili bəsit, lakin dərin mənalıdır. O, çiçəklənmiş metaforalardan istifadə etmir, əksinə, adi insanların dili ilə yazır. Bu sadə üslub oxucuya qəhrəmanın ağrılarını, keçdiyi həyat yolunu, başına gələn əhvəlatları daha real hiss etdirməyə imkan yaradır.
Dialoqlar qısa, lakin təsirlidir. Əsərin sonluğunda Fuquinin tək qaldığını görsək də, o, həyatına davam edir. Bu, əsərin fatalist ruhunu və insan iradəsinin sarsılmazlığını vurğulayır. Bu səmimi dil ilə yazıçı böyük, ağrılı tarixi prosesləri də oxucuya çatdırır. Hətta mədəni inqilab, Mao haqqında ciddi informasiyaya malik olmayan oxucular belə kitabı həvəslə oxuyacaq.
Yu Huanın "Yaşamaq" romanı dərin insani və fəlsəfi mövzulara toxunan, Çin tarixi kontekstində insan həyatının dramatikliyini əks etdirən bir əsərdir. Onun qəhrəmanı Fuqui, həyatda hər şeyini itirən, amma ruhdan düşməyən insanın təcəssümüdür.
Əsər təkcə Çin cəmiyyətinə deyil, ümumbəşəri dəyərlərə də işıq tutur—yaşamaq, çətinliklərə qarşı dözmək və insan olaraq var olmağın mənasını anlamaq haqqında dərindən düşündürür.
Bu baxımdan "Yaşamaq" təkcə Çin ədəbiyyatında deyil, dünya ədəbiyyatında da özünəməxsus yer tutan nadir əsərlərdən biridir.