Günel Mövludun yeganə doğrusu

Günel Mövludun yeganə doğrusu
27 avqust 2023
# 12:00

Kulis.az Ömər Xəyyamın "Buqələmun" filmi haqqında “Beş manatlıq ekzistensiya” yazısını təqdim edir.

Təbiət ölümüzlə yaşayır, yaxud belə: biz – ölübən yaşayırıq.

Bir növ, işığın qaranlıqda var oluşu kimidir bizim yerin üstündə, göyün altında mövcudluğumuz, - yəni, ölümün fonunda.

Biz – ölənin ölümünü yaşayırıq, ölən bizim həyatımızı ölür – buqələmun kimi.

İnsan – yaşamağın buqələmunu...

***

“Buqələmun” A kateqoriyalı festivalda mükafat almış müstəqil yerli filmlərimizdən biridir.

Əfsus... Çoxunun bu filmdən xəbəri yoxdur, xəbəri olanlar da ya vəlvələdən ya zəlzələdən...

Bu da bir dərddir ki, mən gərək ekzistensializm haqda dayımın dilində danışım, fəqət üslubumu dəyişmək istəmirəm, yəni, istəmirəm ki, “film filan ildə çəkilib”, “deməli, bir nəfər olur...” – belənçi cümlələrlə, nəzəri bilgili sələflərimi təkrarlayım.

Məsələn, istəyirəm, atasının mirasını satıb Avropaya tələsən Nicatla, arvad-uşağını da götürüb vəzifəyə tələsən Əlinin rəngini dəyişən mühit haqqında danışım.

O mühit Nicatı atasının dostuna, - ata əvəzinə qarşı bivec olmağa, Əlinisə ona atalıq edən, evində yer verən, çörək verən adamın yerinə keçməyə məcbur edir.

Nicat da, Əli də xaraktercə öz rənglərinə qaçırlar, mahiyyətcə özlərinə qaçırlar.
Əlinin ki yanında yerinə keçmək istədiyi adamı söyürlər, aşağılayırlar, - onun üçün fərqi yoxdur, eşitmir, görmür – yəni haman adam kimi söyülməyi, aşağılanmağı gözə alıb, daha doğrusu, həmin adama çevrilmək üçün “gəlib” – bu, məcburiyyət deyil, xarakterdir.
Ta Bakıdan özünə gəlib, öz rənginə, öz mahiyyətinə gəlib. Onu Bakıdan kəndə gətirən Nicatı kənddən Avropaya aparan haman yoldur.

Məsələn, filmdəki ağ-qara kadrlar haqqında yazmaq istəyirəm. Filmdəki qəhrəmanların – məndən ötrü filmdəki obrazlar hamı qəhrəmandır, hekayənin bir hissəsidir, daha doğrusu, hərənin öz hekayəsi var – gələcəyi görünmür, fəqət keçmişləri – uşaqlıqlığı var, uzaqlığı var, indiləri isə müəyyən deyil, yaxın deyil, aydın deyil, hamı gözləyir; hamı nəfəs gözləyir.

Məsələn, mənə görə, o qaçqın qızın obrazı Günel Mövludun büründüyü yeganə doğrudur. Günel bəlkə də, heç vaxt o qədər özü olmayıb, olmayacaq da.

O obrazı deyirəm ki, keçmişi oğurlanıb, indisi döşəmələrə sürtülməkdə, tavanlarda – hörümçək torundan asılı...

Elvin Adıgözəlin dəqiq təsbitləri, yəqinləri məni valeh etdi. Bir növ o, Rəfi obrazının aktyorluğunu eləməyib, birbaşa Rəfiyə çevrilib. Aktyorluq eləmək bizim aktyorlarımızın faciəsidir.

Məsələn, filmdə musiqi yoxdur, - bədii həll üçün çox vacib detaldır. Adətən, musiqi boşluğu doldurmaq, lazımi yerdə gərginliyin nidası, lazımi yerdə duyğuların ədatıdır, fəqət bu filmdə musiqinin olmayışı, həm də hekayənin fonunda – qəhrəmanların ümidsizliyi, ekzistensiyanın səsidir. Musiqinin səssizliyidir hekayənin nəğməsi.

Filmin qəhrəmanları vərdiş halında yaşayırlar: Günü axşam etmək, yatmaq, günü axşam etmək, yatmaq...

Buqələmunları xatırlayıram...

Buqələmunlar gecə - yatanda rəng dəyişə - maskalana bilmirlər, onlar yatanda kamuflyaj funksiyasına nəzarəti itirirlər. Ol səbəb daha çox gecə yem olurlar, yəni, poetik desək, gündüz yaşayırlar, gecə ölürlər. Əli kimi, Nicat kimi, mənim kimi...

“Sən hardan biləsən, gecə gələn nədir...”

Yuxu əbədiliyin simvoludur, xatırlatmadır, bizim buqələmun olmadığımız yeganə məqamdır...

Filmdəki ağ-qara kadrlar da – yerin üstündə, göyün altında gələcəyi görünməyən, ekzistensialist labirintdə qaçan-qovan ümidsizlərin keçmişi – yuxusudur...

***

Filmin hər iki rejissoruna və ssenaristlərinə - Rüfət Həsənova da, Elvin Adgözələ də təşəkkür edirəm!

Bu film Azərbaycan dilində çəkilmiş ən yerli filmlərdən biridir!

Bəzən görüntü-kadr-mizan problemi var, məsələn, filmin səsi yaxşı işlənməyib - ki, belənçi texniki çatışmazlıqların səbəbini işin yolçuları yaxşı bilir.

Əlbəttə! Kimdir müstəqil sənət filminə sponsorluq eləyən? Buralarda sənət filmi ən yaxşı halda dostluqla, tanışlıqla ərsəyə gələr... Ki, "Buqələmun" mövcud şərtlər çərçivəsində ən yaxşı nəticələrdən biri, hətta Azərbaycan sənət filminin potensialında çəkilmiş filmdir.

Mən sonradan öyrəndim ki, bu filmdə Dadaş Adnanın da əməyi/gözü varmış... Dadaş Adna ölüb, yəni, o bizim həyatımızı ölüb, biz burda onun ölümünü yaşayırıq – deməli, Dadaş Adna əbədidir...

# 5750 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

11:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər