Gənc yazarların adını batırır – Seymur Baycanla Rəvan Cavidin davası

Rəvan Cavid, Seymur Baycan

Rəvan Cavid, Seymur Baycan

15 fevral 2022
# 15:12

Kulis.az Təvəkgül Boysunarın “Rəvan Cavidin Seymur Baycanı tənqid etməsi haqqında” yazısını təqdim edir.

Bu kiçik yazıya nə üçün ehtiyac duyduğumu mətnin sonunda qeyd edəcəm, indi isə mətnin əvvəlinə keçək:

Rəvan Cavidi digər gənc yazarlardan fərqləndirən bir məqam odur ki, başqa gənc yazarlar adətən öz çevrələrində dolaşıb, həmyaşıdları ilə “süpürləşərkən”, yəni bir-birilərini tənqid edərkən, Rəvan qardaşımız öz məhəlləsindəki qovğaları bəyənmədən daha “iri” və “məşhur” tikələri hədəf seçməyi xoşlayır.

Məsələn, Rəvan əsgərliyə getməzdən əvvəl son məqamda macal tapıb bu iri və məşhur tikələrdən birini - Aqşin Yeniseyi aşırmağa çalışdı. Aqşinin “Tarix və tale” romanındakı uğurlu bənzətmələr haqqında bircə kəlmə də yazmadan romanı ancaq yıxıb-sürüməyi qarşısına məqsəd qoymuş Rəvan qardaşımızın boğazında həmin tikənin qalmaq ehtimalı olduqca böyük idi. Lakin son anda Aqşinin romanındakı fəlsəfəçilik qüsuru bir stəkan su kimi Rəvanın köməyinə çatmış və Rəvan boğazında qalan tikəni udmaq üçün son anda əlini masa üstündəki həmin stəkana apararaq tikəni udmağa nail olmuşdu.

İndi Seymur Baycan haqqında yazdığı bu məqaləni oxuyarkən isə həssas oxucu asanlıqla hiss edir ki, Rəvan bu tikəni də asanlıqla uda bilmir. Necə hiss edir, deyimmi?

Məsələn, məqalənin əvvəllərində Rəvan yazır:

“18,6 sm” romanından başqa bütün yazdıqlarınla tanışam. Möhtəşəmsən. Amma indi lazım deyilsən.”

Yəni, gördüyünüz kimi Rəvan bu yerdə Seymurun möhtəşəmliyini etiraf edir.

Di gəl ki, bir neçə abzas sonra Rəvanın udmaq istədiyi tikə artıq onun boğazına ilişir və Rəvan yavaş-yavaş huşunu itirməyə başlayıb bayaq dediyini unudur, hətta təkzib edir:

“Mənim yadımda nə yazılarınla, nə romanlarınla (nə qədər roman demək olarsa), nə də hekayələrinlə qalmısan. Çünki onlar müasir ədəbiyyatın masturbasiyasıdı. O cür şeyləri biz oturub on-on beş dəqiqəyə yazırıq. Necə ki bu yazını o tərzdə yazıram.”

Əgər belədirsə, onda bayaqkı “möhtəşəm” sözü nə idi?

Gördüyünüz kimi Rəvan, boğazında qalan tikə səbəbindən özünü o qədər itirib ki, bir az əvvəl dediklərini təkzib etmək bəs deyilmiş kimi, yuxarıdakı abzasda özü də bilmədən öz yazısını masturbasiya adlandırır. Öz yazısını masturbasiya adlandırmağına, mən də, çox etiraz etməzdim. Çünki bu yazıda yuxarıdakı abzasdan sonra da tənqiddən və ədəbiyyatdan uzaq küçə üslubuna məxsus o qədər çirkin və iyrənc cümlə var ki, öz mətninin əsl dəyərini Rəvanın ustalıqla ifadə etdiyini deyə bilərik.

Əziz Rəvan, əgər normal üslubda tənqid yaza bilmirsənsə, şou-biznes üslubunda, hətta ondan da aşağı üslubda çirkin cümlələr yazmağa nə gərək var? Əvəzində, daha səviyyəli şəkildə tənqid etmək üçün bir az cəhd etsən, olmazmı?

Məsələn, bu nə eybəcərlik və səviyyəsizlikdir:

“Əgər "Gecəyarısı uşaqları" zibilliyə atılmalıdırsa, mən məmnuniyyətlə sənin kitablarından gigiyenik vasitə kimi istifadə edərəm. "Peraşki"dən sonra əlimi siləcəm, narahat olma...”

Hiss olunur ki, Rəvan Cavid Seymurun "Gecəyarısı uşaqları" ilə bağlı tənqidindən dəhşətli şəkildə cırnayıb. Amma onun reaksiyası o qədər naşı və kaldır ki, dindən xəbərsiz olanların dini müdafiə etmək üslubuna bənzəyir. Yəni, məsələn, dinlə bağlı kimsə tənqidi bir fikir bildirsə, əsl dinin nə olduğunu bilən və duyan adamlar, ya təbəssümlə susacaqlar, ya da təmkinli və sakit şəkildə fikir bildirməklə bu tənqidə reaksiya göstərəcəklər. Amma ömrü boyu “Quran”ı oxumamış, dindən xəbərsiz kəslər isə bu tənqidə söyüşlərlə, təhqirlərlə, çirkin üslubla cavab verəcəklər.

Yoxsa, Rəvan bəy ədəbiyyatın xurafatına yoluxub?

Yeri gəlmişkən, Seymur Baycanın həm bu əsərlə, həm də Ceyms Coys, Orhan Pamuk və Elis Manro kimi müəlliflərin yaradıcılığı ilə bağlı dediklərinə mən də qoşulmuram. Hərçənd bu, məni o qədər də narahat etmir. Çünki adı çəkilən müəlliflərin gözəl əsərlərindən həqiqi zövq almağı bacarmışam və başa düşürəm ki, bu cür fikir ayrılıqlarının olması kifayət qədər normaldır. Dünya ədəbiyyatında da bunun bir çox örnəkləri mövcuddur. Amma əminəm ki, Seymur Baycan, Coysun “Bacılar”ını, yaxud, məsələn, Elis Manronun “Nəsə başqa cür” adlı hekayəsini mənim tərcüməmdə oxusaydı, adı çəkilən müəlliflərlə bağlı fikri dəyişilərdi.

Qısası, Rəvan Cavid boğazında qalan tikəni udmaqdan yana, bir əlini Borxesə, digərini Salman müəllimə uzadır.

Sonra ağzını geniş açaraq masadakı çəngəllərdən birini götürür və boğazındakı tikəni aşağı doğru itələyir:

“Əgər Borxes yazıçı deyilsə, onda sən, ümumiyyətlə, yoxsan. Yəni, fikir, düşüncə, təfəkkür cəhətdən yox, fiziki cəhətdən ölmüsən. Beynin quruyub, ölmüsən, Tiflisə gəlib səni yerdən götürən yoxdur.”

Çəngəldən heç bir fayda görməyən Rəvan bu dəfə masadakı pendir bıçağına əl atır, düşünür ki, bıçağın iti ucu tikəni udmağına daha çox kömək edəcək:

“Başa düşürəm, "Quqark" kimi məzmunsuz bir roman yazıb, öz istedadsızlığınla barışıb geri çəkilmək çox ağır idi. Ümumiyyətlə, imtina mədəniyyəti sənin büllur başından yuxarıdadı.”

Pendir bıçağı ilə də tikəni uda bilməyən Rəvan bu dəfə nəfəs ala bilmədiyini hiss edib, süfrədən qalxır, havası çatmayan adamlar kimi özünü otaqda o tərəf-bu tərəfə bir qədər vurandan sonra mətbəxə qaçıb iri aşbaz bıçaqlarından birini götürür və bıçağı ağzına salıb tikəni itələməyə çalışır.

Heç bir nəticə hasil olmur, amma Rəvan mətbəxdən çıxarkən hamamın qapısı ağzında iri və uzun bir şvabra görür. Şvabranın uzun dəstəyi ona sonuncu çıxış yolu kimi görsənir. Rəvan daha heç nə düşünmədən şvabranı yuxarı qaldırır və dəstəyin ucu ilə ağzındakı tikəni aşağı itələməyə çalışır:

“Sən də heykəl kimi adamların düşüncəsinin mərkəzi parkında ucaldılmısan və quşlar sənin də başına qonub saçlarınla oynayacaq.”

Bundan sonra nə baş verdiyini Rəvan xatırlamır. O, bir qədər xırıldadıqdan sonra, qəfildən tir-tap yerə yıxılır və mətbəxlə hamamın arasındakı dar bir məkanda döşəmənin üstünə sərilib eləcə qalır. (Amma yaxşı ki, heç bir həyati təhlükəsi yoxdur.)

Və sonda:

Bu qısa yazını yazmağa məni nə vadar elədi?

1) Rəvan Cavidin küçə tərzinə bənzəyən, ədəbiyyatdan və tənqiddən uzaq naşı, kal, qeyri-etik və bayağı üslubu.

2) Məqalədə bircə dənə də əsl tənqidi fikir bildirməməsi və Seymurun yaradıcılığından konkret nümunə gətirib dediklərini sübut etməməsi. Nəticədə bu cür bərbad üslubla ədəbi gəncliyin imicini zədələməsi. (Üzümüzü qara eləyib, digər gənc yazarların da adını batırması).

3) Seymur Baycanın nəinki lazımsız olmadığını, bu gün yeni yetişməkdə olan ədəbi gəncliyə, üst-üstə yığsan, bir çox yazıçıdan və eləcə də bir çox tənqidçidən onun daha çox dəstək göstərdiyini Rəvan Cavidin görə bilməməsi; əksəriyyəti sükutu nadir hallarda pozan, yaxud tənqidə və ədəbiyyata da siyasət gözüylə baxan tənqidçilərdən, yazıçılardan fərqli olaraq, Seymur Baycanın, öz silsilə yazılarında son illərdə qələmə alınmış bir sıra bədii mətnləri ətraflı təhlil etdiyini, tanınmamış müəllifləri oxuculara tanıtdığını Rəvan Cavidin görməməsi; Seymurun hələ bədii yaradıcılığını bir kənara qoysaq, təkcə elə bu məziyyətlərinə görə lazımlı olduğunu Rəvan Cavidin dərk edə bilməməsi.

Yeri gəlmişkən, ədəbi gəncliyə səmimi dəstək və diqqət göstərdiyinə şahid olduğum Rəşad Məcidin adını da bu məqamda hörmətlə və təşəkkürlə çəkməyi özümə borc bilirəm.

Bəli, yuxarıda qeyd edilən səbəblərə görə bu yazını yazmağa ehtiyac duydum. Kaş ki, Rəvan o yazını heç olmasa, bir az yaxşı yazardı və bu yazıya gərək qalmazdı.

Sonda onu da etiraf edim ki, hekayələrimin ilk oxucularından biri olan Seymur Baycanın, mən də daxil olmaqla tanıdığım bir sıra gənc yazarların yaradıcılığına – üzünü belə görmədiyi gənc müəlliflərin yaradıcılığına diqqət göstərməsi, müntəzəm olaraq əsərlərini oxuyub fikir bildirməsi, məsləhətlər verməsi, onlara mənəvi dəstək olması bu yazını yazmalı olduğuma məni inandıran əsas səbəblərdən biri idi.

Diqqət üçün sağ olun.

# 3554 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #