Ətirlərin məftunedici ecazı - Sevinc Qəmbərli

Ətirlərin məftunedici ecazı - Sevinc Qəmbərli
2 fevral 2025
# 11:23

Kulis.az Sevinc Qəmbərlinin "Ətirlərin məftunedici ecazı, "Patrik Züskind və Jan-Batist Qrenuy" yazısını təqdim edir.

“Parfümer” romanını seçmək, oxumaq səbəblərimdən biri də o idi ki, adını Yer planetindən olmayan birindən eşitmişdim. Və duyduğum qədər Göy Adamları Yerdə gəlib keçən bütün əsərlərə bələd imiş. Bir Yer adamına bir Göy Adamını anlaya bilmək elə bu səbəbdən bu qədər çətin olmuş ola bilərmi?! Dahilər adi olmur, adi ola bilməz, düşüncələri, danışıqları, davranışları. Bir gün “dahi” dediyinizə, bir gün “dəli” deməyin, məncə. Hər kəs Qeysə “cünun” deyərkən Leyli ona həmişə aşiq idi. İnsan elə bir varlıq, elə bir sistemdir ki, imtahanmı, hədiyyəmi dediyimiz bir ömrün sonunadək tək bircə nəfəri belə tam olaraq anlaya bilmək imkansız bir şeydir. Bunu heç özün haqqında deyə bilməzsən, ən yaxının barədə, ən doğman barədə. Kimsə deyəndə ki: “Mən adam tanıyanam”, sadəcə gülümsəyirəm, heç vaxt qarşılıq vermirəm və ürəyimdən keçirirəm ki, sən hələ oradasanmı?! (Güldünmü). Eyni duyğunu hansısa müəllim “Mənim dərsimdə yemək yemək olmaz, su belə içmək olmaz” deyəndə də keçirirəm, polemikaya girmirəm, çünki yolun başında, ən azı on il əvvəl mən də belə düşünürdüm. Hələ daha neçə onilliklərə də ehtiyacım var ki, bəlkə qismən cavab verə bilərəm ki, dərs nə deməkdir, müəllim kimdir, tədris prosesi necə olmalıdır?

Bir qədər əsərin müəllifi Patrik Züskind barədə oxuduqlarımı bölüşmək istərdim, çünki onun maraqlı şəxsiyyəti də əsəri qədər diqqətimi çəkdi. Züskind 1949-cu ildə Almaniyada anadan olmuş, ali təhsilini və hərbi xidmətini başa vurduqdan sonra isə Parisə köçmüşdür,hekayə və romanlar müəllifi, dramaturq və ssenaristdir. Ona uğur gətirən ilk əsəri depressiv bir musiqiçiyə həsr etdiyi birpərdəli “Kontrabas” pyesi olsa da, dünya şöhrətini 50-dən çox dilə tərcümə edilmiş “Parfümer” romanı ilə qazanmışdır. Kiçik yaşlarında Patrik musiqi təhsili almış, fortepianoda çalmağı öyrənmişdir, sonralar onun hərflərdən yaratmış olduğu bütün əsərlərdə musiqinin müşayiəti hiss olunmaqdadır. Atası publisist Emmanuel Züskind ətrafda qonaqpərvərliyi ilə şöhrət qazanmışdır və mütəmadi olaraq insanları toplayıb “çay axşamları” təşkil edirdi. Bu mərasimlərdə yeniyetmə Patrik öz fortepiano bacarıqlarını nümayiş etdirməli idi. Bir çox əsərlərində onun bu dövrdə almış olduğu travma özünü açıq şəkildə göstərir. 2006-cı ildə rejissor Tom Tıkver “Parfümer” romanını ekranlaşdırmış və film də uğurlu alınmışdır.

Onun əsərlərindəki qəhrəmanları birləşdirən ortaq bir cəhət var: onlar özlərini tapa bilməkdə, həmçinin həyatda özlərinə aid bir yer qazana bilməkdə və digər insanlar ilə kommunikasiya qurmaqda çətinlik çəkirlər. Artıq illərdir ki, Patrik Züskind öz istəyi ilə cəmiyyətdən təcrid olunaraq ailəsi ilə birlikdə gözlərdən uzaq bir həyat keçirir (gah Almaniya, gah Fransada), heç bir müsahibə vermir, şəklinin çəkilməsindən qaçır və həyatı, yaradıcılığı ilə bağlı heç bir faktı ictimaiyyət ilə bölüşmür: “İnsan üfunətindən yavaş-yavaş uzaqlaşdıqca başa düşürdü ki, on səkkiz il sərasər bu üfunət onun bağrını çatlatmış, nəfəs almağa qoymamışdı. İndiyə qədər düşünmüşdü ki, dünya elə belədir və ondan qaçıb gizlənmək, özünə qapanmaq, rədd olub getmək lazımdır. Ancaq onun xoşlamadığı dünya deyilmiş, insanlarmış. İndi ona elə gəlirdi ki, insanların olmadığı dünya ilə barışmağa dəyər” (“Parfümer”). Onun qəhrəmanı bütün iyləri unudub özünəxas yeni ətri yarada bilmək üçün illər ilə özünü uzaq bir mağarada təcrid edir, amma sonra cəmiyyətə qayıdır və arzuladığı həmin ətri yaradır. Bəlkə elə Züskind də özünü təkrarlamamaq, yazdıqlarını, yaşadıqlarını unutmaq üçün uzaqlaşıb və bir gün yenə də şedevr ola biləcək orijinal bir roman ilə ədəbiyyata qayıdacaq...

Müsahibə verməkdən mümkün qədər imtina etdiyinə görə Patrik Züskind mənə dünyaca məşhur uşaq povesti “Meri Poppins”in müəllifi Pamela Treversi (Elen Lindon Qoff) xatırlatdı. Yaratdığı obraz qədər mistik şəxsiyyəti, seçimləri, qərarları ilə maraq doğuran Pamela Treversin həyatı barədə kadrları izlədikdə niyəsə rəqəmlər çox diqqətimi çəkdi: 1926 (əsər ilk dəfə çap olunub), 1956 (film çəkilməsi üçün müqavilə imzalanıb), 1996 (dünyasını dəyişib 96 yaşında). Yeri gəlmişkən deyim ki, hesab edirəm ki, çətirini açaraq qərb küləyi ilə uçub gələn, quşların, heyvanların dilini bilən və onlar ilə danışan sehrbaz, sevimli, kübar və ağıllı dayə Meri Poppins ilə tanış olmayan fərdin xəyal dünyası pannosunda (nə deməkdir?) çox önəmli bir parça çatmır. Mütləq oxuyun, çox maraqlıdır ki, uşaq kitablarını böyüyəndə daha yaxşı anlayırsan. Bütün dünya üzrə həm şifahi, həm yazılı ədəbiyyatda olan nağılları oxumağı və oxutmağı çox sevirəm, bütün həyat sanki nağıllardadır, yəni ki “nağıl” deyib keçməyək, çox-çox sualların cavabı elə onlardadır. Oxudum-oxudum, amma nağılçı olmadım, müəllim oldum, xəyalpərəst bir ziyalı oldum. Elə müəllimlik də mənim nağılım deyilmi bəs?!

Artıq 40 ildir ki öz aktuallığını qoruyub saxlaya bilən “Parfümer” (1985) romanının baş qəhrəmanı Jan-Batist Qrenuydur. Hesab edilir ki, romanın əsasında olmuş bir hadisə: İspaniyada silsilə qətllər törədən cinayətkar Manuel Blanko Romasantın həyat hekayəsi dayanır. Qrenuyun işıqlı dünyaya göz açdığı andan etibarən ta ölümünün necə baş verməsi səhnəsinə qədər heç bir şey adi deyildir. O fərqlidir, başqa insanlar kimi deyil, hətta bəzən düşünürsən ki, o, ruhsuz, şüursuz, qəlbsiz bir heyvanmıdır, halbuki heyvanlarda bu cəhətlərin əksinin şahidi oluruq. Qrenuy normal bir insan deyil, mental cəhətdən xəstədir, bir psixopatdır, eynən Raskolnikov kimi (Dostoyevski, “Cinayət və cəza”). Raskolnikov düşünürdü ki, “tarixdə yaşamış olan dahilər öz ideyalarının həyata keçməsi naminə minlərlə, milyonlarla insanların ölümünə fərman vermişlər. Heç kəsin ağlına belə gəlmir ki, bu qurbanlara görə onları ittiham etsin”. Həmin o “dahi”lər sırasına daxil olmaq istəyi ilə iki nəfəri qətlə yetirir. Dostoyevskinin qəhrəmanı da Qrenuy kimi bunu ehtiyac ucundan və ya adi qarət məqsədi ilə etmir, bu cinayətin əsasında da ideya və bu ideyanın həlli cəhdi dayanır. Bu kimi düşüncələri, sağlam ağıl ilə idarə olunmayan “cəsarətləri” ilə onlar cəmiyyətdə “yaşaya bilir”, bir müddət ərzində hər şeyi ört-basdır edərək ətrafı inandıra bilirlər (Mirzə Fətəli Axundzadənin Şeyx Nəsrullahı, kimyagəri kimi).

“Həmin dövrün şəhərləri sizin, müasir insanların təsəvvür edə bilmədikləri dərəcədə üfunət saçırdı (XVIII əsr). Fransada ən böyük şəhər olduğuna görə ən dəhşətli üfunət mənbəyi də elə Parisdə idi. Bax elə burda, krallığın ən üfunətli yerində Jan-Batist Qrenuy dünyaya gəldi”. Onun doğulma səhnəsi belə insanı dəhşətə gətirir. Qrenuyun anası sancılar başlayanda balıq piştaxtasının arxasında durub vedrədən çıxardığı balıqları təmizləməklə məşğul idi. İstəyirdi ki, bu ağrı dayansın və mənfur doğuş tezliklə arxada qalsın. O, artıq beş qarın doğmuşdu, bütün uşaqlar ya ölü, ya yarımcan doğulmuşdular. Bu uşaqlar nəfəs alıb verincə dünyadan köçür və ətrafdakı adamlar həmin uşaqları kürəklə birlikdə əl arabasına qoyub ya qəbiristanlığa tullayır, ya da çay aşağı axıdırdılar. Bu dəfə isə gözlənildiyinin əksinə oldu, içalatla kəsilmiş balıq başlarının arasında uzanmış körpə qışqırmağa başladı. Çağırılan polis uşağı dayəyə verdi, anasını isə həbs etdilər. Qadın uşağı acından öldürməkl niyyətində olduğunu etiraf edir və bir neçə il keçdikdən sonra onu Qrev meydanında qətlə yetirirlər.
Üfunətli mühit, tükürpədici doğuş mənzərəsi, ürəksiz “ana”... Yazıçı ilk anlardan bizə doğulmadan ölməsi arzulanan, yaşaması ilə ölümə bais olan insan cildli əcaib bir varlğın gəlişi barədə ismarıc vermirmi?! Belə priyomlar, belə paralellər ədəbiyyatda çoxdur. Mirzə Cəlilin Xudayar bəyə verdiyi təsvir təsadüfi deyildir: “Üzü qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın canına vahimə ötürür” (“Eşşəyin itməkliyi”). Oxucu anlayır ki, söhbət ancaq pis əməllər törətməyə qadir olan, ruhu, ürəyi, düşüncələri gecə kimi qapqara olan birindən gedə bilər və yanılmır da. Əsərlərdə çox vaxt belə forma və məzmun baxımından səsləşmələr müşahidə edirik, lakin bəzən əksini görə bildiyimiz obraz və anlayışlarla da tanış oluruq, həyatın özündə olduğu kimi, çünki ədəbiyyat həyatın güzgüsüdür. Bunun ən bariz nümunələrindən biri taleyin Parisin Notrdam kilsəsinə məhkum etdiyi çirkin, qozbel, lakin zəngin mənəviyyatlı, böyük və gözəl ürəkli, azad ruhlu Kvazimodadır (Viktor Hüqo, “Paris Notrdam kilsəsi”).

Məzmunun başladığı yerdə forma bitir, forma keçici, məzmun isə qalıcıdır. Kimsə qadına, yaxud kişiyə bəslədiyi münasibətə sırf onun görünüşünə, yaxud dekorativ vasitələrdən istifadəsinə görə, etdirdiyi estetik əməliyyatlara görə rəng qatacaqsa, elə onun ömründən saçlarındakı bəyaz çığırlar ilə çıxıb getsə yaxşıdır. Türk aktrisası Ecem Erkek yaratdığı məşhur Naimə obrazının dilindən “dünyaya və insanlığa” bir sual ünvanladı: “Niyə baş rollar üçün həmişə gözəllər axtarılır, gözəl olanlar seçilir?!” Həqiqətən, düşünməyə dəyməzmi ki bu niyə belədir? Biri hündürboylu olar, biri qısaboylu, hər xanım incəbelli, yaxud boynu uzun Burlaxatun olmaz ki, ola bilməz ki. Bunun üçün həyati təhlükə daşıyan əməliyyatlara girməyə bir ehtiyac varmı görəsən, əgər insan özü ilə barışıq olarsa, özünü olduğu kimi qəbul edərək təqdim etməyi bacara bilərsə hər şey çox gözəl olar. Daha özünü məşhur gəlinciklərə, podiumda o tərəf bu tərəfə var-gəl edənlərə bənzətməyə də heç bir ehtiyac qalmaz. Ətrafa baxanda dövrün diktə etdiyi müəyyən qəliblərin nə qədər kütləviləşdiyini, çoxluğun getdikcə eyni təndirdən çıxan bazlamaclar kimi bir-birinə bənzədiyinə şahid olursan. Bu dəyişkən şablonlara uymaq absurddur, dəbdə olduğu kimi yox, zamansız ola bilmək daha yaxşı deyilmi? Bəs özünəməxsusluq, sənə bəxş olunanları sevə bilmək, dəyər verib sahib çıxa bilmək, qoruya bilmək və bu şəkildə seçilə bilmək daha yaxşı olmazmı?!

Jan-Batist Qrenuy da cinayət obyekti olaraq ancaq gözəl və gənc xanımları seçir, əsər boyunca qoxularını əldə etmək üçün 25 nəfər qızı planlı və qəddar bir şəkildə qətlə yetirir. İlk dəfə 12 yaşı olanda insan izdihamı içərisində burnuna o ana qədər ona tanış olmayan fərqli bir qoxu dəyir: “Ətir lent kimi Sena küçəsi boyu uzanırdı, bu ətir təkrarsız olduğu qədər də zərif və incə idi. O, buna oxşayan, bununla müqayisəyə gələ bilən nəsə bir şeyi yadına salmaq istəsə də, heç bir müqayisə karına gəlmədi. Bu ətrin içində təzəlik vardı: ancaq bu təzəlik limetta və ya narıncın təzəliyi deyildi, özündən ətir saçan mirraya və ya qəhvəyi yarpaqlara, yaxud nanəyə, yaxud tozağacının şirəsindən gələn ətirə və ya küknar yarpaqlarına, may ayında səpələnən yağışa, şaxtalı küləyə, bulaq suyuna bənzəmirdi”. Onu sanki əsir götürən bu ətirin ardınca gedir və bir həyətə daxil olur. Bir qızın orada oturub mirabel (sarı gavalı) təmizlədiyini görür və başa düşür ki, həmin qoxunun mənbəyi odur. Qızı boğaraq öldürür və canındakı bir damcı ətri belə itirməkdən qorxaraq ciyərlərinə çəkib udur.

Qatilin ən son qurbanı isə eybəcər hala saldığı, “ətrini oğurladıqdan” sonra həbs olunduğu gözəlliyi ilə göz qamaşdıran Laura oldu. Bu kürən saçlı, yaşıl gözlü qızı görənlər gözlərini ondan çəkə bilmirdilər, o, Qrasın ən dövlətli adamlarından olan İkinci Konsul Antuan Rişinin yeganə övladı idi. Atası qızının həyatı üçün çox qorxurdu, çünki bir neçə öldürülmüş qızı nəzərdən keçirəndə görmüşdü ki, onların hər biri özünəxas nəfis bir gözəlliyə malikdir. Qatilin əla zövqü var idi və sistemli hərəkət edirdi: qurbanların seçimi az qala riyazi hesablamadan xəbər verirdi. Düzdür, Rişi qatilin qurbanlarından məhz nə istədiyini bilmirdi, çünki, nə qədər absurd səslənsə də, onun məqsədi sanki dağıtmaq deyildi, qayğı ilə kolleksiya yığmaqdan ibarət idi. Belə mozaikadan təşkil olunmuş şəkil gözəllik şəkli olardı və onun qızı bu portret üçün tapıla biləcək ən qiymətli inşaat daşı idi. Ata haqlı olaraq hiss edirdi ki, bütün qətllər piramidası onun qızı Laura olmadan bir heç nədir. Rişi xüsusi bir plan hazırlayaraq qızını şəhərdən qaçırdı, onu Qrenobla apardığını elan etdi, lakin yoldan Kabri tərəfə döndü. Qrenuy buna qəti şəkildə aldanmadı, o, Lauranın qoxusunu alaraq onları Napulda “qarşıladı” və gecə vaxtı otağına gələrək çirkin niyyətini həyata keçirdi. Beləcə, gənc və bakirə qızları qətlə yetirdikdən sonra bədənlərinə xüsusi pasta çəkməklə aldığı qoxulardan əldə etdiyi 24 ətir şüşəsinin yanına onun üçün ən gözəl, ən vacib esensiyanı da əlavə etdi.

Belində propeller olan Karlson ilə dama uçduğumuz kimi, Tom Soyer ilə cəngəllikləri gəzdiyimiz kimi, “Parfümer” romanı boyunca da onun qəhrəmanı ilə birlikdə bir çox məkanlara səyahət edirik. Məlumata görə Patrik Züskind özü əsəri yazmazdan əvvəl eyni yol xəritəsi ilə bütün bu yerlərdə olmuş, həmçinin ətriyyat istehsalatına daxil olaraq bu sahənin incəliklərini öyrənmişdir. Müəllif Qrenuyu bir çox yerlərdən keçirir, lakin sonda onu doğulduğu yerə qaytarır və qatilin hekayəsi elə başladığı yerdəcə-Günahsızlar Qəbiristanlığında bitir. Digər insanlardan fərqli olaraq lap körpəliyindən (“südə batırılmış peçenye iyi gəlmir, onu iyləyənin burnuna ancaq soyuq hava dəyir”) bu özünəxas qoxusu olmayan adam ömrü boyunca dillərə düşən bir çox möhtəşəm ətirlər hazırlayır. Onun ölüm səhnəsi də dünyaya gəlməsi qədər ağlasığmazdır: “Əlində tıxacını çıxardığı kiçik şüşəsi olan mavi gödəkcəli balaca adam onların (gecə vaxtı tonqal ətrafına toplaşan quldurların) arasında yerin altından çıxmış kimi peyda oldu. Ətir şüşəsinin içindəkini üstünə tökdü və birdən-birə gözəllik saçmağa başladı. Hər kəs ondan bir parça, bir tük, qanad, onun sehrli alovunun bir qığılcımını qoparmaq istəyirdi. Göreşən kimi onun üstünə atılıb paltarlarını, saçlarını, bədəninin dərisini qopardılar, tüklərini yoldular, tikə-tikə etdilər, dırnaq və dişlərini onun bədəninə sancdılar”.

Çayların qovuşduğu bir məcra olur və sonra suyun “işığı” güclənir, həcmi artır, elə bir “kür”lük yaranır ki, səsi minlərə yayıla bilir, mən də “dillər və ədəbiyyatların” qovşağındayam. Günortalar gördüyüm bir Röyam var və o deyir ki: “Səmimiyyətdən kənar söz xatirinə nəsə deməyi sevmirəm, uzaqbaşı susmağı üstün tutaram. Amma yazıların dərindir və savadlıdır, üstəgəl dilçisən və intellektin yazıda öz sözünü deyir. O qədər məlumatı mərkəzə, əsas problemə çəkmək asan deyil. Mən dilçilərin əsərə baxışına yaxşı mənada məəttəl qalıram. Burada nəsə sirr var”. Deyərsiniz ki, bunun mövzuya nə dəxli var ki? (təbəssümü gördüm). Səbəbi odur ki, bu sözlərin itməyini istəmirəm, burada qalsın istəyirəm, ölümsüzlük istəyirəm (Səni ömrümün sonunadək hər açılan sabahımda, hər yeni günümdə istədiyim kimi, əzizim). Məni Sizə rast gətirən taleyə çox minnətdaram, gözəl insanlar, yaxşı ki həyatımda varsınız. Məni daha kim saxlaya bilər ki, yazaram, çox yazaram, təki siz oxumağı istəyin. Hələ bir müdrik də deyib ki, “sizin üslubunuz uşaqlıq və yeniyetməlik keçirmədi, doğuldu, yeridi və böyüdü”. Burada gözəl bir musiqi səslənir qulaqlarımda: “Harda olsam gələrəm, təki sən səslə məni..” (Siz də eşitdinizmi bu gözəl sədaları, sonrası necə idi? Gülürəm.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

Tərcümənin, tərcüməçinin problemi... - Bizdə nə yoxdur, nə çatışmır?

Tərcümənin, tərcüməçinin problemi... - Bizdə nə yoxdur, nə çatışmır?

09:20 4 mart 2025
"Məni də tutub həmin məmurun yanına bassınlar!" - Sorğu

"Məni də tutub həmin məmurun yanına bassınlar!" - Sorğu

18:43 3 mart 2025
Rəşad Məcid:  "Bu, məhkəməlik söhbətdir..."

Rəşad Məcid: "Bu, məhkəməlik söhbətdir..."

17:42 28 fevral 2025
Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

10:30 28 fevral 2025
Niyazi Mehdi vəfat edib

Niyazi Mehdi vəfat edib

09:15 28 fevral 2025
Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

10:45 26 fevral 2025
# # #