Daşlaşmış təsəvvürün ənənəvi ifadəsi – Hekayə müzakirəsi

Daşlaşmış təsəvvürün ənənəvi ifadəsi – Hekayə müzakirəsi
10 avqust 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Vahid Məmmədlinin “Susan adam” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

Vahid Məmmədlinin “Susan adam” hekayəsi nəsə anladırmı? Bəli, satirik dildə anladır: susan adamın paxırı açılır və acı gülüş doğurur. Bu dili, yəni hekayədə mətləbin çözülməsində əsas vasitə olan dili hökmən nəzərə almaq lazımdır. Ancaq bədii mətləbi təşkil edən aspekt və komponentlər çox köhnədir, sanki bu hekayəni artıq oxumusan, bu hekayə sanki dəfələrlə qələmə alınıb, elə ona görə də anladılan şeylər, nəsnələr təkrar təsiri bağışlayır. Zənnimizcə, müəllifin hekayəni modern estetika əsasında yenidən işləmək şansı var və bunu etmək ortaya xeyli çox maraqlı nüansların çıxmasına şərait yaradardı.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə

Müasir hekayədə (elə ümumilikdə nəsrimizdə) hər zaman məni narahat edən bir məqam olub: cəmiyyətlə, sosial-siyasi proseslərlə, mühitlə bağlı problemlərin mətndə ifadəsinin daha çox təsviri xarakter daşıyır. Yəni üzdə olan, görünən, yaxud bilərəkdən təqdim olunan “görüntü”nün bədii mətnə ya olduğu kimi, ya da göründüyü kimi köçürülməsi baş verir. Əlbəttə, bu da lazımdır. Lakin mahiyyət, proseslərin görünməz qatı, psixoloji dərinlik, səbəb çözümü, problemə təhlili (müəllif tərəfindən!!!) və fərqli yanaşma – bunlar əksər mətnlərdə yoxdur. Ona görə də nəticə etibarilə bədii mətn həyatda “görünənlərin” və ya “təqdim edilənlərin” surətinə çevrilir. Ən yaxşı halda, bir az istedadla çıxarılmış surətinə.

Vahid Məmmədlinin “Susan adam” hekayəsini oxuyanda bu narahatlığı bir daha hiss etdim. Hekayədə bir sıra aktual məsələlərə (el aşığının “diplomun olsaydı, işə düzəldərdim” deyib kimisə akademiyaya işə düzəltməsi, “Bu fani dünyadan kafedra müdirinin müavini kimi getmək də bir iş deyil” etirafının təqdim etdiyi düşüncə və yanaşma tərzinin mövcudluğu, “Akademiyanın Aşqarların Aşınması İnstitutu” adı və s.) toxunulsa da, son günlərin hadisələri və alimlərə olan münasibətlə səsləşsə də, bunda bir gerçəklik payının varlığı olsa da, hekayə mətn olaraq bir çox məqamda sovet dövrü nəsrini xatırlatdı mənə. Daha doğrusu, daha çox felyeton elementləri olan nəsrini... İstər obrazların adları (Yüzbəy Təbaşirov, Sərkərzadə, akademik Kələntərov) ilə, istərsə mətnin ümumi ab-havası ilə, istərsə də müəllifin “tənqidi-realist” yanaşması ilə... Halbuki görünən mənzərənin arxasındakı HƏQİQƏT daha maraqlı ola bilərdi. Amma müəllif seçimi! Nə etmək olar?

Müəllifin ən başlıca uğuru isə mətndə problem olaraq (düşüncə tərzi olaraq!!!) hədəflədiyi nöqtələri dəqiq seçməsidir. Məsələn, elə “kəlmə kəsib danışma, o boyda institutun rəhbəri ol, həm də Akademiyanın müxbir üzvü” ifadəsi tək akademiya ilə bağlı yox, bir çox instansiyalarla bağlı real mənzərəni xatırlada və “tənqid atəşinə tuta” bildi. Bu da mətnin uğurudur. Nə qədər daha çox görüntü, səthi təsvir və ümumi təəssürat üzərində qərar tutmuş uğur olsa da... Bir də... Mütləq qeyd edim: dialoqlardakı dinamik keçidlər, müxtəlif situasiyaların təsvirləri arasında sürətli adlayışlar, şifahi nitq elementlərinin və koloritinin dialoqlarda yerində istifadəsi uğurlu idi.

Qismət

Qismət Rüstəmov — Vikipediya

Vahid Məmmədlinin “Susan adam”ında dinib-danışmaqla arası olmayan, qaradinməz akademik əvvəlcə elə təqdim olunur ki, deyirsən, yəqin, dünyadan təcrid olunub özünə qapılmış bu kişi elmin yüksəkliyindən məişətin çuxuruna düşmək istəmir. Ancaq sonda məlum olur ki, bütün ömrə yayılan bu sükutun arxasında heç bir mənəvi səbəb yox imiş. Bu akademik üçün həyat yaşantılar yox, rekord qırmaq kimi bir şey imiş. Bu da “Susan adam”ı pamfletin ərazisinə daxil edir.

Şəhriyar Del Gerani

Şəhriyar Del Gerani: “Qadın mətbəxdə necədirsə, yataqda da elədir...”

Elə hekayələr var, oxuyursan, görürsən hekayə povest olmaq istəyir. Elələri var, daha həyasızdı, oxuyursan, görürsən hekayə roman olmaq istəyir. Düzü, mətnlər də adamlar kimidir, öz boyundan yuxarı tullanmaq istəyəndə ikrah hissi yaradır. Hekayə gərəkdir hekayə dadında, hekayə səsində qalsın. Gözəl yazıçı, qələm və həyat dostum Vahid Məmmədlinin “Susan adam” hekayəsi də öz biçimində, öz boyunda olan iddiasız hekayədir. Hekayə kimi hekayə yəni. Hekayədəki susan adam Budda deyil, bizdən biridir. Amma susur. Kələntərov kimi saxta inqilabçı tövrləri də sərgiləmir. Sadəcə, susur. Sonda məlum olur ki, susmağıyla hamı nəsə qazanır Azərbaycanda. Hekayədəki susan adam bircə reaksiyasıyla sürücüsünü çaşdırır, qırmızı işıqda keçir, radara düşür. Görünür, elə haqlıymış susqunluğunda. Azərbaycanın elmi-akademik mühitini “Susan adam” hekayəsi qədər dəqiq göstərən ikinci bir hekayə oxumamışam. Bəlkə də, yazılacaq bundan sonra. İstənilən halda bu hekayənin davamı olacaq. Bu mötəbər başlanğıc üçün müəllifi təbrik edirəm. Azərbaycan elmi mühiti öz bədii həllini tapdı demək, qaldı, elmi həlli. Eşqlər!

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #