Kulis.az Nadir Yalçının “Nuru Paşadan Göyçəyə – fraqmentlər” yazısını təqdim edir.
1.
Bakının yaraşıqlı tikililərindən birində qələbəlikdir; ən çox qulağa dəyən ifadə isə “Qərbi Azərbaycan”dır. Yüzlərlə səliqəli qalstuklu, üzü tər-təmiz təraş olunmuş bəy əfəndilər, parıldayan bilərzikləri çilçırağın işığı ilə həmahəngləşib bərq vuran xanımlar qızğın müzakirələrə qulaq kəsilirlər. Natiqlərin 90 faizi xarici vətəndaşlardır. Onlar qərbi azərbaycanlıların çağırışları fonunda qayıdış hüququndan bəhs etməklə yanaşı, öz ölkələrindəki oxşar hallarla bağlı emosional çıxışlar edirlər. Çıxışların hər birində bir yanğı var; belə məqamlarda pafos insana nə qədər yad görünsə də, danışılanların mahiyyəti söhbətə köklənməyə kömək edir. Həqiqət o qədər müqəddəsdir ki, kimin dilindən səslənməsindən asılı olmayaraq, öz aliliyini itirmir... İndi bu toplanışda da bir həqiqət var: azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin düşüblər və onların həmin yerlərə qayıtmaq hüququ var.
Bu danışılanları beynimdə çək-çevir edərək xəbər yükü olanları yazıb redaksiyaya göndərirəm. Daha operativ olmaqdan ötrü tələsirəm, elə bilirəm, iki ayağım bir başmaqdadır. Amma tələsməyimin başqa səbəbləri də var. İstəyirəm, bu həqiqətlərin səsləndiyi tədbir tez bitsin, bu yaraşıqlı tikilinin işıqları tez sönsün. Çünki arxamca maşın gəlməlidir, kəndə getməliyəm...
Atamgil iki qardaş olublar; atamdan bir yaş böyük əmim, bir də atam. İndi atam təkdir. Əmim vəfat edib, bir il əvvəlin bu vədələri... İndi onun qəbir daşını kəndə aparmaq mənə tapşırılıb. Qohumumuzun “Ford”u daş sexinə tərəf gəlir, mən də ora çatmalıyam. Çox gözlətmək olmaz, gün batmamış qəbir daşı və digər hissələr maşına yüklənməlidir... O yaraşıqlı tikilidən çıxıb daş sexinə tələsirəm. Yol boyu tənhalıq vahiməsi gəlir canıma. Bir yandan da kədər. Elə bilirəm, əmim təzədən ölüb, onu təzədən kəndə aparacam. Sexə çatanda hələ “Ford”un gəlmədiyini görürəm. Hazırlanmış başdaşına baxıb əmimin gözlərindəki nakamlıq işartıları barədə düşünürəm...
Sexdə gəzişib hazırlanan digər başdaşılarını nəzərdən keçirirəm. Onların arasında büstlər də var. Büstlərin “qaralamalarına” baxıram, üzərilərində çoxlu “+” işarəsi çəkilib. Heykəltəraşlar, əvvəlcə, büstü gipsdən çıxarırlar, sonradan həmin formanı daşın üzərinə köçürürlər.
Birdən bu bomboz axşamçağının içindən bir tanış, doğma simanın üzümə zilləndiyini görürəm. Elə istiqanlılıqla baxır ki, deyərsən, büst dil açıb danışmağa təşnədir. Daşın da dili olar?.. Bu simanın hardan tanış gəldiyini aydınlaşdırmağa çalışıram... Tapdım! Mövlud Süleymanlının büstüdür. Daş ustasından soruşuram:
– Bu kimin büstüdür?
– Bilmirəm dəqiq, – çiyinlərini çəkir.
– Mövlud Süleymanlı deyil?
– O kimdi?
– Yazıçıdı.
Daş ustası gözünü qıyıb fikirləşir. Nəsə kəşf edib:
– Daşı Şamaxıya aparmışdılar! – deyir.
– Kərkənc kəndinə?
– Ay sağ ol, hə.
Bu ağır və hüznlü dəqiqələrimdə də ədəbiyyat, doğma sima, cümlələri ilə çox eskizlərin müəllifi olan Mövlud Süleymanlı köməyimə çatır. Bununla ikinci dəfədir ki, Mövlud müəllim mənə təsəlli verir. İkisində də səsini eşitməmişəm. Birinci dəfə əsgərlikdə olanda – ən darıxdığım vaxtda təsəlli verib. Onun əsərlərini hərbi xidmətdə olanda oxumuşam. Səsini eşitməmişəm, üzünü görməmişəm, eləcə rahatlıq tapmışam. İndi də səsini eşitmirəm, daşa çevrilmiş siması ilə üzbəüzəm. Amma danışır, təsəlli verir...
Daş ustası bəzi şeyləri yadına salır:
– Uşaqlar çox əziyyət çəkmişdilər. Şamaxının lap ucqar bir kəndində idi bu qəbiristanlıq. Heç elə bil orda adam da yaşamır.
Daş ustası kəndin ucqar yerdə olduğunu, fəhlələrin çox əziyyət çəkdiyini ard-arda beş-altı dəfə müxtəlif formalarda deyir.
– Mövlud Süleymanlı qərbi azərbaycanlıdır, əslən Cücəkənd kəndindəndir. Qərbi Azərbaycan ermənilərdə olmasaydı, indi Mövlud Süleymanlını da Şamaxının Kərkəncində yox, Cücəkənddə dəfn edərdilər, büstünü də Bakıdakı daş sexində yox, elə o yerlərdə düzəltdirərdilər...
Daş ustası duruxub tez söhbəti dəyişir.
“Ford” çatır, əmimin başdaşını maşına qoyub üzü kəndə yollanırıq. Bəlkə də, bayaqkı yaraşıqlı tikilidə qərbi azərbaycanlıların öz kəndlərinə qayıdışı ilə bağlı çağırışları davam edir...
2.
Son günlər “İctimai” televiziyanın kəndimizdəki bir evdən hazırladığı reportaj çox izlənildi və mənim əslən Sabirabad rayonunun Bulduq kəndindən olduğumu bilən dostlar xeyli məzəmmət elədilər: “Niyə bu barədə indiyə qədər yazmamısan?”
“Bulduq” adı Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın bura gəlişi ilə bağlıdı. Ulu-ulu babamız Məşhədi Şərifin atası Mirzəli Osmanlı ordusunun yüzbaşısı olub. Bu torpaqlar ona hədiyyə kimi verilib. Məşhədi Şərifin dövründə türklər burdan keçəndə onlara xəbər verirlər ki, bu yerlədə sizin adamlar var. Onlar Məşhədi Şərifi tapanda “bulduq!”, yəni “tapdıq!” deyirlər... Üstündən illər keçəndən sonra 1918-ci ildə Nuru Paşa Şamaxı və Kürdəmiri daşnaklardan təmizləyib Bakıya yollananda yolunu kəndimizdən salır. Məşhədi Şərifin nəvəsi Kərbəlayı Nəcəfqulu bəyin evində bir gecəlik qonaq olur. Səhərisi gün gedəndə deyir ki, biz bura gəldik, öz türk kardeşlərimizi bulduk! Nəcəfqulu bəyin təşəbbüsü ilə bu yerlərin adı o vaxtdan Bulduq olur. Nəfəqulu bəyin evi necə var, elə qalıb. O evdə lal bir xanım yaşayır. Hərdən elə bilirəm, bütün sirlər, olanlar, keçənlər onun dilində düyünlənib. Hər şey onun qulağına pıçıldanıb, elə ona görə də, dinmir, danışmır...
“Ford”u sürən qohumumuz Nəcəfqulu bəyin nəticəsidir. Kəndə çataçatda soruşuram, yadında nə qalıb?
– Nəcəfqulu bəyin oğlu, atamın əmisi Xasay kişi yadımdadı.
– Nəsə danışırdı?
– Hə, yüzdən çox idi yaşı, amma yaddaşı yerində idi. Xasay kişi belə bir söhbət edirdi: “Atam Nəcəfqulu bəyin məndən əvvəl Xasay adında oğlu olub. Ruslar onu öldürüblər. Sonra mənim adımı Xasay qoyublar. Günlərin birində Qaçaq Teymur Nəcəfqulu bəyin qapısına gəlib, iki rus zabitinin meyitini tullayıb bəyin qabağına. Deyib, bəy, Xasayın qanı yerdə qalmadı, intiqamını aldım. Atam dedi, o dananı gətirib kəsin Teymurun ayağının altında”.
Fikirləşirəm, görəsən Qaçaq Teymur kim olub?..
Kənddə mağazanın qarşısında bir nəfər görürəm. “Ford” sürən qohumumdan xəbər alıram ki, o kişi kimdi? Deyir, ermənikənddə qalır.
– Ora niyə ermənikənd deyirlər? – soruşuram.
– Qərbi Azərbaycandan gəlmələr kəndin o hissəsində sıx məskunlaşıblar. Ona görə ora ermənikənd deyirlər.
Daşlı-kəsəkli, kələ-kötür yolları ötüb mənzilbaşına yollananda yolda kəndin feldşeri Dünyamini görürəm. Mərhum professor Ramiz Əskər yadıma düşür.
Bir dəfə fakültənin dəhlizində məni görüb saxladı:
– Bir işin yoxdur?
– Yox, Ramiz müəllim.
– Təzə kitabım çıxıb, 20 nüsxə gətiriblər, gedək onu gətirək.
– Baş üstə.
Ramiz Əskərlə kitabları müdiri olduğu Türkologiya kafedrasına gətirdik. Dedi, otur. Əyləşib masasının üstündəkiləri nəzərdən keçirdim.
– Adın nədir?
– Nadir.
– Haralısan?
– Sabirabadlı.
– Hansı kəndindən?
– Bulduq.
Bulduq deyəndə Ramiz müəllim saqqalını tumarlayıb uzaqlara zilləndi, gözü xeyli yol çəkdi. Bilmirdim, bu yol hara gedir...
– Dünyamini tanıyırsan? Sizin kənddə yaşayır.
– Bəli, bizim kəndimiz feldşeridir.
– Hə... Biz Amasiya rayonunda bir sinifdə oxumuşuq. Amasiya bilirsən də haradı? Qərbi Azərbaycanda rayondu, dədə-baba yurdumuz... Dünyaminin nömrəsini tapa bilərsən?
– Əlbəttə.
Nömrəni tapıb verdim. Bilmirəm, danışdılar, ya yox... Ramiz müəllim indi həyatda deyil. Sağ olsaydı, soruşardım...
Gecənin səssizliyini dinləyib yuxuya getməyə çalışıram. Sabah səhər əmimin məzar daşını qəbirin üzərinə qoyacağıq...
3.
Kəndin ən maraqlı yeri çayxanadır. Bütün söhbətlər çayxanada olur. Həm də Bakıdan gələn qonağa xüsusi diqqət göstərirlər deyə, çayxananı sevirəm.
Dörd nəfərə domino oynayırıq. Paramla (dominoda sənlə çarpaz əyləşən tərəf müqabilinə rusların dili ilə para deyirlər) ard-arda oyunları uduruq. Bakıda kimin əlində daş tez bitibsə, növbəti oyunda birinci daşı o da oynaya bilər, parası da. Kənddə isə belə deyimiş. Rəqib oyunçulardan biri dillənir:
– Bizim kənddə belə deyil, kim qurtarıbsa, yerə o gəlir, – eyhamla gülümsəyir.
– Sizin kəndinizdə necə olduğunu hələ bilə bilmərsən, hələ görək, sizin kəndinizə nə vaxt gedib çıxmaq olacaq, – eyni eyhamla əslən Qərbi Azərbaycandan olan həmyaşıdıma cavab verirəm.
Sözlərimdən bərk tutulur... Səhv elədiyimi dərk edirəm. Qəriblik elə əclaf hissdir ki, domino masasında belə həqiqət şilləsi kimi üzünə vurulanda pərt olursan. Dediklərimə görə ondan üzr istəsəm də, dağılışana qədər qaşının düyünü açılmır.
4.
Axşamçağıdı. Kənddə tək yaşayan qohumumu yoluxmağa gəlmişəm. Həyətdə nəsə işi var. O yuxarı çıxana qədər televizora baxmaq qərarına gəlirəm. “Mədəniyyət” kanalında “Qızıl fonddan seçmələr” başlayır. Baba Mahmudoğlunun ifalarını verirlər. Yadıma düşür ki, bu gün onun anım günüdür – anadan olmasından 84 il keçir.
Qazaxlı balası yanıqlı-yanıqlı oxuyur:
Adım Ələsgərdir, Göyçə mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.