Elşad Miri: “Dindarlar etiraz etdi ki, niyə qızını Amerikaya tək göndərirsən?” – Müsahibə

Elşad Miri: “Dindarlar etiraz etdi ki, niyə qızını Amerikaya tək göndərirsən?” – Müsahibə
11 yanvar 2021
# 09:01

Kulis.az “İşdən kənar” layihəsindən məşhur ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Elşad müəllim, sosial şəbəkələrdəki paylaşımlarınızdan daha çox dini, elmi, texnoloji ədəbiyyata maraq göstərdiyiniz görünür. Bədii ədəbiyyata münasibətiniz necədir?

- Mən bədii ədəbiyyatı çox sevmişəm, vaxtilə də çox oxumuşam. Xatırlayıram, hətta Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərini qısa vaxt ərzində oxumuşdum. Oxuduğumuz məktəbin yataqxanasında gecələr oyaq qalmağa icazə vermirdilər. Buna baxmayaraq mən fənər götürüb yorğanın altında o kitabı oxuyurdum. Daha sonra Türkiyə yazıçılarını çox oxuyurdum. Çünki oxuduğum məktəb türkdilli idi, həm dilimin təkmilləşməsinə, həm də bu dildə daha çox anladığıma görə bu əsərlərə üstünlük verirdim. Eyni zamanda, bizimkilərlə müqayisədə o əsərlərdə dini motivlər çox olurdu. Bizim əsərlərdə belə motivlər nadir hallarda olur. Hətta məktəbimizin kitabxanaçısı işdən çıxandan sonra yeni müdir çağırmadılar, mənə dedilər ki, onsuz da burda yatırsan, özün rəhbərlik elə. Yay tətilində də o kitabxanadan kitablar götürüb rayona aparırdıq, oxuyub yenidən qaytarırdıq.

Mən bədi ədəbiyyatın oxunmasının tərəfdarıyam, çünki insanı tamam başqa sferaya götürür, insan həyatının bəzi nüanslarını orda tapır, özünü ordakı obrazların yerinə qoya bilir. Yazıçının dili də axıcı, gözəl olanda, ümumiyyətlə, əhəmiyyətli bir iş görmüş olursan və əsəri də sevirsən.

Bu gün üzərində çalışdığım kitablara görə ixtisasımla əlaqəli əsərlər, mənbələr oxumalıyam. Ancaq bu işlə yanaşı mən yenə də vaxt eləyib bioqrafiya oxuyuram. Məsələn, sizə qəribə gələ bilər, bir ilahiyyatçı Çarlz Darvinin “Növlərin mənşəyi” əsərini oxuyur. Bəli, oxuyuram. Həm də Darvinin oğlunun atası haqqında yazdıqlarını oxuyuram ki, o adamı çözüm. Gün ərzində 50-100 səhifə arası mütləq oxuyuram.

- Kəsə bir sual verim: “Sevdiyim yazıçılar” deyəndə ağlınıza ilk kimlər gəlir?

- Konkret müəllif adı deməkdə çətinlik çəkirəm, çünki mən mütaliəni şəxslər üzərində yox, mətn üzərində qururam. Ona görə konkret ad deməyim düzgün olmaz.

- Bu ifadəni tez-tez eşidirik, peyğəmbərlərdən sonra şairlər gəlir. Bu fikrin dini əsasını bilmək maraqlı olar.

- Elə bir sıralamanın olduğu qənaətində deyiləm. Çünki bu gün şair olmadan da peyğəmbərin missiyasını davam etdirən insanlar olduğunu düşünürəm. Peyğəmbər nəbi olaraq vəfat eləyə bilər, amma onun elçilik missiyasını yerinə yetirməyə çalışan və yerinə yetirən bir çox insanlar var. Şair içini, düşündüklərini nəzmə tökən bir adamdır, yoxsa həyatı ilə də insanlara nümunə olmağa çalışan adam? Adam var sadəcə dil pərgarıdır, adam var həm dil pərgarıdır, həm də bu işi əməli ilə təsdiq edir. Adam da var, danışmadan əməli ilə göstərir.

Şairlik məsələsinə gəlincə, Peyğəmbərin özünün Hassan bin Sabit adlı şairi olub. Ancaq Peyğəmbərin yaşadığı dönəmdəki şairlik anlayışı ilə günümüzdəki şairlik eyni deyil.

- Hansı fərqləri var?

- Həmin dönəmdə şairlər əsasən pulu olan, yüksək vəzifəsi olan şəxsləri ucaltmaq, digərlərini isə onun qarşısında alçaltmaq missiyasını həyata keçirirdilər. Ona görə şairlik həmin vaxtlarda birmənalı qarşılanmırdı.

- Çox da fərq görünmür. İndi də belələri çoxdur.

- Şairlər vardı, nitqləri ilə insanları riqqətə gətirir, hətta müharibələr törədə bilirdilər. Bəzənsə savaşın qarşısını alırdılar. Məsələn, Hassan bin Sabitin – nə qədər səhvləri olsa da, bəzən peyğəmbəri də vəsf edib ucaltmağa çalışsa da, ümumilikdə az əvvəl dediyim şairlərdən olmadığını görürük.

- Sırf “Şüara” surəsinə münasibətinizi bilmək istərdim.

- O surənin axırıncı ayələrində şairlər məsələsinə toxunulur. Məsələn, belə bir məqam deyilir: “... və şairlərə gəlincə, onlara ancaq azğınlar uyar”. “Məgər görmürsənmi onlar hər vadidə veyil-veyil gəzirlər, etmədikləri işlərə dair söhbət açırlar.” Amma bu sözlər ümumən şairlərə, şairliyə aiddir, yoxsa konkret həmin dönəmdə yaşayan, insanları çaşdırmaq istəyən kəslərə?

İslam dini heç bir peşəni, sənəti pisləməyib. Əslində, heç bir xalqı da pislənməyib, Qurani-Kərimdə bunun şahidi ola bilməzsiniz. Sadəcə, hədəf götürülən təfəkkür pislənib. Dində şairlik pislənmir. Əksinə, Məkkə dövründə gələn ayələrdə nəzmin şahidi ola bilərsiniz. Hətta o surələrdə şairliyə meydan oxunur.

- Son sözünüzlə növbəti sualıma ayaq yeri qoydunuz: Quranın janrı varmı? Bəziləri düşünür ki, bədii janrdadır.

- Quranın janrı ilə bağlı “sici”mi,”saci”mi deyə bir ifadə işlədirlər. Formata gəlincə, kitabda həm nəzm, həm də nəsr formatında ifadələr var. Amma Quranın enməsində məqsəd onun janrı deyil. Quranın formatı insanın həyatını dəyişməyə hesablanıb. Üslubu çox qəribədir. Kitab həmin vaxtı ərəblərin başa düşəcəyi sözlərlə, ifadələrlə gəldi. Ecazkarlıq orasındadır ki, həmin sözlər, ifadələr bu gün də alimləri heyrətləndirir. Oxumağı bacaran insanlar hər zaman Qurani-Kərimdən yeni bir informasiya ala bilər.

- Yeri gəlmişkən, belə bir fikir də var ki, 1400 il əvvəl enən bir kitabın bu gün əxlaq kodeksi kimi qəbul edilməsi nə dərəcədə doğrudur? Həssas məsələ olduğu üçün yanlış anlaşılmasını istəmirəm... Fərdi münasibətimə gəlincə mənim üçün Quran daim onlayn bir kitabdır, oxuyanın məqamından asılı olaraq daim aktualdır.

- Bu gün Sərdar da kitab yazır, Elşad da. Bizim kitablarımızda ön söz olur, son qənaət olur və s. Ancaq Quran belə bir kitab deyil, pazl kimidir. Kitabda bəzən eyni hekayətlərə bir neçə dəfə qayıdılır, amma hər qayıdışda həmin əhvalat haqqında yeni nəsə deyilir. “Qurani-Kərim”in üçdə biri hekayətlərdən ibarətdir. Quran insan üçün gəlib, insan üçün instruksiyadır. Biz aldığımız aparatların instruksiyaları yeni çıxan aparatdan sonra dəyişir. Amma insan dəyişməyib. O zaman da 4 qan qrupu var idi, bu gün də belədir. Hisləri də eynilə: sevgi, mərhəmət, xəyanət... Allah insan, insanlıq durduqca aktual olan bir kitab göndərib.

- Çox istərdim, bu söhbəti davam edək, amma layihəmiz “İşdən kənar” olduğuna görə sizi daha çox öz sahənizdən kənar söhbətlərə çəkmək istəyirəm. Əslində, növbəti sualım da, həm ədəbiyyata, həm də elə dinə aiddir. Axundovdan, Seyid Əzimdən, Sabirdən bu yana şairlərin din xadimlərini tənqid etdiyini görürük...

- Məncə, Axundovun bu xalq üçün etdiklərinin qarşısında baş əyməmək mümkün deyil, ancaq dilinə baxsaq, bir az başqadır. Məsələn, o, dini tənqid edəndə “ədyan” sözündən istifadə edir. Bu sözün bu gün, demək olar, heç yerdə tərcüməsini tapa bilməzsiniz. Ərəbcə “dinlər” deməkdir, həmin dövrdə istifadə olunub. Müqayisəm yerində olmasa da, bu gün mən din xadimi olmadığımı deyirəm, Axundov da o zaman cəmiyyəti geri aparan şəxslərin din xadimləri olduğunu deyirdi. Və bu hadisələrlə dramaturgiya yaradıb onun içində insanlara təqdim edirdi. İnsanların başa düşəcəyi bir formada çatdırmaq istəyirdi. Axundovun həmin vaxtı dini araşdırıb bir qənaətə gəlməyi mümkün idimi? Alınmırdı, çünki bu gün mənim istifadə etdiyim texnologiya onun əlində yox idi. Bu gün mənim planşetimdə on mindən çox kitab var, amma o vaxt bu kitablar məhdud idi.

- Ondan bir az sonra yaşayan Hüseyn Cavid də var...

- Bəli. “İblisin monoloqu” bu gün də aktual deyilmi? Yanaşma tərzləri fərqlidir. Məsələn, Cəfər Cabbarlının baş örtüyü ilə bağlı yazdıqları, ideyaları müzakirə olundumu? Yox. İnsanlar iki hissəyə bölündü, bir hissəsi təriflədi, bir hissəsi tənqid etdi.

Axundov din xadimlərini tənqid edirdisə, mən bu gün elə Qurana əsaslanaraq deyirəm ki, din xadimi anlayışı yoxdur. Din xadimi adı ilə işlər görən şəxslərin fəaliyyətinin İslamla yaxından, uzaqdan əlaqəsi yoxdur. Niyə? Çünki ölüyə Quran oxumaqla məşğuldurlar. İslamda ölüyə Quran oxumaq varmı? Xeyr! Məsələn, mənim “İslamda yoxdur” kitabımın birinci mövzusu bu idi. Quran gəzən ölüləri diriltmək üçün gəlib. Meyitlərə oxunmaq üçün gəlməyib.

Türkiyədə belə bir hadisə olub, Quran oxunarkən oturan şəxslər də atmosferə düşüb ağlayırmış. Suriyadan gələn bir ərəb onlardan soruşur ki, niyə ağlayırsınız? Deyirlər, Qurana ağlayırıq. Ərəb deyir, siz bilirsiniz orada nədən bəhs olunur? Hazırda sizin ağladığınız əhvalat qadınların heyz halı ilə bağlıdır. Peyğəmbərdən bu haqda soruşurlar, Peyğəmbər də deyir, heyz halı bir əziyyətdir.

Burda ağlamalı nə var? Ağlamaq yox, başa düşmək və əməl etmək lazımdı. Buna görə də Axundov və digər ədiblər din xadimlərini tənqid edirdilər. Bəziləri də bunun bədəlini canları ilə ödədi.

- Axundova həmin dövrün hökmü ilə kafir elan etmişdilər. Bəs indi əsl İslami baxışla Axundovun hökmü nədir? Dini müstəvidə o kimdir?

- Kimisə kafir adlandırmaq böyük iddiadır. Bu, Allahlıq iddiasıdır. Allah heç kəsə belə səlahiyyət verməyib. Heç Peyğəmbərin özünün bu səlahiyyəti olmayıb. Peyğəmbər özü belə münafiqlərin kimlər olduğunu bilməyib. Allah Quranda belə deyir. Kafir haqqı bilərək inkar edən, onu gizləyəndir. Keçən dəfə Türkiyədə saxta içkidən ardıcıl insanlar öldü. Amma saxta içkiyə görə heç kəs içkidən küsmür. Bu gün saxta dindarlara baxıb dindən küsən adamlar var. Yolçudan küsüb yol getməmək kimi bir şeydir.

Bizim bu gün yaxşı insanlarımız çoxdur. Amma bunlar passiv yaxşılardır. Peyğəmbərə 40 yaşına qədər Muhəmmədul-Əmin deyirdilər, yəni yaxşı insan, yaxşı oğlan, güvənilən Məhəmməd. Gətirib pulunu, varını ona əmanət edənlər var idi. Hətta Peyğəmbər olduqdan sonra da onu qəbul etməyən insanlar var idi, yenə də ona əmanət verirdilər ki, sözünə naxələf çıxan adam deyil.

Məhəmməd neylədi? 40 yaşına qədər passiv yaxşı olan adam 40 yaşından sonra aktiv yaxşıya çevrildi, yanlış sistemlərə çomaq soxdu və artıq bir çox insanların xoşuna gəlməməyə başladı. Niyə? Çünki artıq aktiv yaxşı oldu. Mən də istərdim ki, bizim passiv yaxşılar əllərindəki sosial şəbəkə və digər platformalarla həqiqəti desinlər.

- Demək, Axundov, Mirzə Cəlil aktiv yaxşılardan idi.

- Bəli. Buna görə də həmin dövr ədiblərimiz durmurdu, “Molla Nəsrəddin” çıxarırdı, yanlışları tənqid edirdi. Bu gün mənim qızımın Amerikada oxumağına ən böyük etirazı dindarlar edir. Ateistlər lağ elədi ki, niyə Ərəbistana yox, Amerikaya göndərir – bu təzad haqqında nəsə deməyə ehtiyac yoxdur. Dindarlar da etiraz etdi ki, niyə Amerikaya, xaricə göndərirsən, niyə tək göndərirsən? İndi bir qız uşağı həmin dindarlara, onların yaydığı dinə necə müsbət yanaşa bilər?

Din bizi adam etmək üçündür. Adam olmayandan sonra gündə başını neçə dəfə yerə vursan da, ildə 5 dəfə Həccə, Ümrəyə getsən də, hamısı puçdur.

- Şairlərin din xadimlərini tənqid etməklə yanaşı, həm də Allaha açıq suallar verir. Yəni, Allahı bir növ sorğu-sual edir. Məsələn, bunun klassik və daha estetik nümunəsi yenə də Seyid Əzimdədir: “Feil özün, fail özün, biz nə günahkar olmuşuq?”.

- Seyid Əzimdə belə misralar, fikirlər çoxdur. Allaha şikayəti də var.

- Müasir şairlərdən Ramiz Rövşəndə Allahla açıq söhbət görürük. Məsələn, deyir: “Sоn şair boğulub öləndə - göydən ölü Allah düşəcək...”.

- Məsələn, keçən dəfə biri Suriyada ölən qız şəklini qoyub yazmışdı ki, Allah görmürmü? Mən də Gəncədə ata-anası öldürülən qızı qoyub eyni şeyi yaza bilərəm, amma biz hər şeyi Allahın üstünə atmaqla nə qazana bilərik? Niyə biz üzərimizə düşən vəzifəni etməyib, Allahın adını hallandırırıq? Bu gün ədəbiyyatda da sözlə demək asandı, gəlin görək, əməllə neyləyirik? Söz adamlarının, şairlərin haqq səsimizi dünyaya çıxarmağa gücü çatırmı? Bunun üçün çalışırıqmı? Yoxsa, biz də bir-birimizə qulp qoymaqla məşğuluq?

- “Göydən ölü Allah düşəcək” misrasında günah, naqislik varmı?

- Bəzən, biz dəyişilməz bir fikri obrazlı təqdim etmək üçün belə bir ifadə işlədirik: “Filan söz Quran ayəsi kimidir”. Söhbət sözü dəyişməkdən getmir, amma biz Quran ayəsini belə mühakimə etməyi bacarmalıyıq. Allahın özünü belə sorğulamağı bacarmalıyıq. Sorğulamırıqsa, problem bizdədir. Sorğulamırıqsa, haşa, Allahın özünü bütləşdiririk, Quranı bütləşdiririk. Peyğəmbərlərin atası adlandırılan İbrahim peyğəmbər belə Allahdan soruşur ki, sən insanları təkrar necə yaradacaqsan? Allahın sualı budur: “Sən inanmırsanmı, güvənmirsənmi?” Peyğəmbər cavab verir, inanıram, sadəcə qəlbimin təskinlik tapması üçün istəyirəm.

Allah orda İbrahimə demir, sən kafirsən, bunu məndən niyə soruşursan? Ona orda misalla cavab verir. İbrahim Peyğəmbər onu soruşmasaydı, biz necə bilərdik, özümüz qorxardıq soruşmağa. İbrahim peyğəmbər Günəşə baxır, deyir, bu, mənim Tanrımdır. Bu gün hansı dindar deyə bilər ki, Budda mənim Tanrımdır? Desə, hamı onu az qala daşqalaq eləyər. Günəş batanda deyir, yox, batanlar mənim Tanrım ola bilməz. Həmin müddət cavabını vermir, bir müddət sonra cavabını verərək, insanlara dərs keçir.

Musa Peyğəmbər Allahı görmək istəyib. “Görsən mənə”, deyib. Bunu bir şair desə, onu öldürərlər. Allahın seçdiyi bir Peyğəmbər bu sualları verirsə, bu sözləri deyirsə, bir insan niyə deməməlidir? Onun bu səlahiyyətini əlindən kim alıb?

- Elşad müəllim, kitabınızda nəbi, rəsul, elçi, peyğəmbər sözlərinin mənalarından bəhs olunan hissəyə istinad etsək, deyə bilərikmi ki, məsələn, Aristotel də peyğəmbərdir?

- Çox gözəl məqama toxundunuz. Allah Quranda deyir, mən hər bir xalqa onların öz aralarından elçilər təyin etdim. Yəni haqqı insanlara çatdıran insanlar. Ərəb dilində peyğəmbər sözü yoxdur. Bizə farsdan gəlib. Ərəb dilində nəbi və rəsul var. Biz ikisini də eyniləşdirib peyğəmbərə aid edirik, amma fərqli sözlərdir. Bizim Quran tərcüməçiləri də dilin məğzini tuta bilmədiyi üçün problemlər yaranıb. Bu gün ərəb rəsul deyirsə, ingilis messenger deyirsə, fars peyğəmbər deyirsə, bəlkə çin dilində bu söz buddadır? Bəlkə, yunan dilində filosof adlanır, bəlkə qədim türk dilində bilgə adlanıb? Bunun əksini iddia edə bilən kimsə varmı? Mümkün deyil! Çünki, yenə təkrar edirəm, Allah bu şəxsləri onların öz aralarından seçir. Onların gözü qarşısında yetişən bir adam bu sözü deməlidir, kənardan gələn, əvvəli bilinməyən biri yox.

Bu fikirlərdən irəli çıxsaq, Sokrat niyə peyğəmbər olmasın? Peyğəmbər olduğunu deməyimiz üçün əlimizdə əsas olmadığı üçün əksini də iddia edə bilmərik, çünki əksi yoxdur. Bu o demək deyil ki, Sokrat peyğəmbər ola bilməz. Biz bu bölgülərlə Allahı milliləşdirib Tanrı eləmək istəyirik. Sanki başqalarınınkı Allah deyil. Sanki onlar “God” dediyi zaman Allah Allah olmur.

- Müəllifin adını çəkmək istəmirəm, bir mətndə o, Qurani-Kərimdə “Allahdan qorxun!” ifadəsi ilə barışmırdı, deyirdi, Allah bir kitabda bu qədər “Allahdan qorxun!” ifadəsi işlətməz.

- Çox ciddi məsələdir. Quran tərcümələrində ciddi xətalar var, biri də elə dediyiniz məsələ ilə bağlıdır. Qurani-Kərimdə “Allah qorxusu” ifadəsi yoxdur. “Qorxu” sözü olsaydı, Azərbaycan dilinə xof kimi tərcümə olunmuş sözdən istifadə olunmalı idi. Bu sözün mənası həqiqətən qorxmaqdır. Ancaq Allah bizim qorxmağımızı istəmir, ona görə də ayələrdə “xaşyət” sözü keçir. Mənası sevdiyin bir insanın hörmətini itirmək qorxusudur. Bu, bizim bildiyimiz qorxu deyil. Quranda bir də “ittəqullah” sözü keçir. “İtəqullah” təqvalı insan, Allaha qarşı məsuliyyətli insan deməkdir. Allahın haram buyurduqlarından çəkinmək deməkdir. Təəssüf ki, belə misallar çoxdur və nəticədə milyonlarla insan səhv istiqamətə yönəldilir.

- Şairlərə verilən verginin, ilhamın ilahidən gəlməsi məsələsini necə şərh edərdiniz?

- Bizə o zaman tədris zamanı öyrədilən məsələlərdən biri də bu idi, ilham və vergi fərqləndirilməlidir. Vəhy Allahdan gəlir. Allahdan gəldiyini gələn insan bilir. Vəhydə yalan ola bilməz. Amma ilhamda fərqli şeylər ola bilər. İlham həm də müəllifin dünyagörüşü ilə bağlıdır. Məsələn, o, ilhamla bir qadını, qadının gözəlliyini tərənnüm edə edə bilər. Ancaq vəhylə ərsəyə gələn kitabı ortaya qoyub bu qənaətə gələ bilərik ki, bu həqiqətən də insanın yaza biləcəyi bir mətn deyil. Allah Qurani-Kərimdə bal arısına da vəhy elədiyini deyir. Başqa bir misal da deyim, bunu dindarlardan eşitməzsiniz: Şeytan da vəhy eləyir! Şeytan da rəsmlərdə çəkilən buynuzlu, əlində üç haçalı silah olan bədheybət deyil. Şeytan iki cür olur: insanlardan olan şeytanlar var – şeytanlıq eləmək də buradan gəlir, bir də var insanın daxilindən gələn şeytan. Biri var öz daxilimizdə olan şeytanlıq, biri də var kənardakı insanlardan gələn şeytanlıq.

- Eynən Cavidin “İblis”i kimi...

- Bəli. Çox gözəl! Ona görə də vəhyi hərfi mənada da işlədə bilərsən, digər mənada da. Allah Quranda ilhamdan da söz açır. Amma düşünürəm ki, şairlərin Allahdan gələn ilhamla yazdığını iddia etməsi absurddur. Çünki bu, öz daxilindən də gələ bilər. İlham gəlirsə, şairin, ədibin öz dünyagörüşü, potensialı ilə birləşəndən sonra mətnə köçür. Amma vəhydə elə bir şey yoxdur. Vəhydə sən səndən asılı olmadan yalnız çatdırmaq işini həyata keçirirsən.

- Son olaraq Nizami ilə bağlı nə deyə bilərsiniz? 2021 “Nizami İli” elan olundu...

- Gözəl təşəbbüsdür. Nizami çox böyük şairdir. Onun imanına, ədalət eşqinə, sənətkarlığına və əsərlərinin əzəmətinə söz ola bilməz. Lakin poemalarının əvvəlində Tanrıya və peyğəmbərə müraciətlərini nəzərə alıb onu din alimi kimi qiymətləndirməyin əleyhinəyəm. Çünki onun əsərlərinə bu ehtimalı təsdiqləyəcək heç bir fakta rast gəlmirik.

# 15761 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #