Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə

Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
16 sentyabr 2021
# 17:31

Bu gün şair Aqşin Evrənin doğum günüdür. Kulis.az bu münasibətlə onunla doğum günü söhbətini təqdim edir.

- Aqşin, təbrik edirik səni, 31 yaşın tamam oldu. Doğum günləri sənin üçün nə ifadə edir?

- Təşəkkür edirəm. Bir qədər sentimental səslənsə də deyim ki, biz ömrü rəqəmlərə görə deyil, hərflərə görə yaşayırıq. Bu baxımdan biz "neçə yaşa çatdım" düşüncəsindən çox, "necə yazdım" düşüncəsindəyik. Amma istənilən halda bizə elə gəlir ki, təqvimdə hansısa rəqəm dəyişikliyi zamanı mistik-metafizik qatlarda bizim də həyatımızda böyük dəyişiklik baş verir. Əslində isə belə deyil. Sartrın zamana yanaşmasını həmişə özlüyümdə xatırlayıram: "Keçmiş yoxdur, gələcək hələ yoxdur, indiki zaman isə ümumiyyətlə yoxdur". Doğum gününün ən maraqlı tərəflərindən biri insanın özünə kənardan baxa bilməsidir: dostların, doğmaların, tanış yadların haqqımda dediyi, yazdığı sözləri oxuyanda görürəm ki, bu çətin zamanda düzgün, ləyaqətlə yaşaya bilmişəm. Yəni doğum günləri həm də insan həyatının güzgü dövrüdür.

- Onsuz da çox görünən adam deyildin, son vaxtlar lap ərşə çəkilmisən. Deyirlər, Aqşin "Zen" şeirindən sonra buddizmə çox qapılıb, özünü Budda kimi aparır.

- Ordan-burdan eşidirəm ki, bəzi dostlar mənim Buddalaşmağımla bağlı nələrsə danışırlar. Hətta guya özündənrazı olduğum üçün onlara qaynayıb-qarışmıram. Məni tanıyanlar nə qədər sadə, səmimi olduğumu bilir. Sadəcə, bəzi şeylər var ki, indi bu haqda danışıb qanımızı qaraltmayaq (gülür).

Az görünməyimin səbəbi əsasən işlərlə bağlıdır: oxumaq, izləmək, müşahidə etmək, yazmaq, yazdıqlarını nəzərdən keçirmək, inkişafa çalışmaq və s.

- Pandemiyanın tüğyan elədiyi, kapitalizmin iliklərimizə qədər bizi sümürdüyü bir vaxtda işdən də çıxmısan. İndi nə ilə məşğulsan? Hardan pul qazanırsan, necə dolanırsan?

- Son vaxtlar bu sualı mənə çox adam verir. Hətta yarızarafat-yarıciddi deyirlər, səni hansısa ölkə maliyyələşdirir. Etiraf edim ki, hər ay ABŞ-dan mənə pul gəlir. Ancaq bu maliyyə onların düşündüyü mənada “maliyyələşmə” deyil. Fərdi iş qurmuşam, oradan gələn gəlir əsasında hələlik günümü yola verirəm.

Əslində heç işdən də çıxmamışam, bir müddətlik uzaqlaşmışam. Yəni uyğun bir vaxtda əvvəlki işimə qayıda bilərəm. Hələlik bütün diqqətimi, vaxtımı yazmaq istədiklərimə ayırmışam. Bilirəm ki, bir-iki il sonra buna vaxtım olmayacaq və ya çox az olacaq. Ona görə də zamanı düzgün qiymətləndirmək lazımdır: o, yoxdur, amma sürətlə gedir.

- Bizneslə məşğul olmağa başlamısan?

- Tam biznes də demək olmaz. Bir az başqa işdir. İndi bu barədə danışmıram, çünki hazırda o sahəyə yatırım etmək çox risklidir. Məncə, hər bir insan həyatının müəyyən mərhələsində cəhdlər etməlidir. Bu cəhd uğurlu olsa, insan qalib, uğursuz olsa müdrik olacaq. Hər cəhd təcrübədir.

- Aqşin, yaradıcılığın nə yerdədir? Nə yazırsan indi? Kitab gözləyək səndən?

- Bayaq dediyim cəhdlərdən birini də yaradıcılıqda etmişəm. Yaxın günlərdə Xəzər Süleymanlı ilə birgə yazdığımız kitab - "Ayrılıqların təkrarı" romanı çapdan çıxacaq. Biz bu kitabı geniş oxucu auditoriyası üçün nəzərdə tutmuşuq. Yəni heç vaxt kitab oxumayan adam belə bu əsəri oxuyub, duyacaq, başa düşəcək. Son illər ədəbiyyatımızda bir-birindən maraqlı romanlar nəşr olundu. Amma bu əsərlərlə oxucu arasında bir sərhəd var - hazırlıqlı oxucu üçün yazılmış romanlar! Biz yazdığımız bu romanla körpü rolunu oynamaq istəyirik.

Bundan başqa, "Antik tənhalıq" adlı şeirlər kitabımı da hazırlayıram. Sağlıq olsa, gələn ilin yazında nəşr etdirməyi düşünürəm. Burada son 4 ildə yazdığım və heç yerdə, hətta Feysbukda belə paylaşmadığım şeirlərim yer alacaq. "Antik tənhalıq" kitabına 30 illik yaşantının yekunu kimi baxıram deyə istəyirəm tam ürəyimcə olsun, tələsik çap etdirməyim.

- Birgə romanı necə yazmısınız? Maraqlıdır, yazı prosesi necə gedib?

- Hardasa bir ildən çoxdur bu əsərin üzərində işləyirdik. Bir əsəri tək yazmaq daha asan imiş, nəinki onu iki nəfərin yazması. Bu romanda mənim də, Xəzərin də həyatından müəyyən fraqmentlər var. Biz bu fraqmentləri vahid bir şəxsin - baş qəhrəmanın həyatında birləşdirmişik. Bəzən bir bölümü yazmaq üçün görüşüb saatlarla müzakirə aparmışıq. Roman Nitsşenin "əbədi təkrar" ideyasının konturları üzərində yazılıb: içində tarix, incəsənət, mifologiya, detektiv və s. elementlər var. Düşünürəm ki, oxucular üçün maraqlı olacaq.

- Aqşin, şəxsi həyatda vəziyyət necədi? Salam Sarvan 31 yaşında deyir, təkəm lap 31 rəqəmi kimi. Səndə necədir?

- Bu suala konkret cavab verməyəcəm, çünki təklik ümumilikdə böyük anlayışdır. 30 yaş sindromlarından biri də ətrafın, doğmaların səndən evlənmək gözləntisidir. Bir dəfə zarafatla dedim ki, iki dəfə evlənmək istədim, birində Aprel döyüşləri oldu, ikincidə Vətən müharibəsi başladı: əsəbiləşdirsəniz, yenə evlənmək planı quracam, Zəngəzur uğrunda döyüşlər başlayacaq (gülür).

Hər iki evlənmək qərarımın elə qərar olaraq qalması ən xeyirlisi imiş. Açığı, mənim Zəngəzur müharibəsi başlatmaq fikrim yoxdur. Amma 30 yaşdan sonra ailə önəmlidir və şərtdir.

- Yəni sevgilinin olub-olmadığını da demək istəmirsən? Mənə elə gəlir saman altından su yeridənlərdənsən...

- Onların - "suyeridənlərin" kim olması haqda bir fikrim yoxdur, açığı. Sevgili məsələsinə gəldikdə, həyatdır, olur: bəzən həyatımıza dəyərli bir insan gəlir, lakin müəyyən vaxtdan sonra onunla sakit şəkildə ayrılmaq məcburiyyətində qalırıq. Təbii, yanlış insanlarla da qarşılaşırıq. Amma mən nə Dəyərliləri, nə də Yanlışları müzakirə etməyin tərəfdarıyam.

- Bəs, indiyə kimi neçə xanıma şeir ithaf etmisən?

- Müxtəlif illərdə həyatımda olmuş xanımlardan üçünə şeir yazmışam. Cəmi üçünə - məncə, bu, kifayət qədər azdır (gülür). Amma bu şeirlərə ithaf demək olmaz. Məhz "o xanımla yaşantılardan sonra yaranmış şeir" demək daha doğru olar. Ümumiyyətlə, şairin sevdiyi qadına şeir yazması dünyanın ən müqəddəs rabitələrindən biridir.

- O üç xanımdan hansınısa geri qaytarmaq istəyin yoxdur?

- Müəyyən vaxtlarda onların geri qayıtmaq və ya mənim onları geri qaytarmaq ehtimalım olub, amma bəzən ən doğrusu "yaşandı və bitdi" deməkdir. Həm qarşımdakı insan, həm də özüm üçün ən doğrusu bu idi. İrəli - gələcəyə baxmaq lazımdır. Gənclikdə insanın əsas vəzifəsi budur - özü üçün ən doğru insanı tapa, sevə bilməsə də, heç olmasa doğru insanı sevə bilsin. Həyatın sonrakı gedişatı bundan asılı olur.

- Aqşin, sənin təxəllüsünə də ilişənlər görmüşəm. Deyirlər, çox iddialı təxəllüsdür. Necə oldu Evrən təxəllüsünü götürdün?

- Bu təxəllüsü Türkiyə tarixinin ən ziddiyyətli şəxsiyyətlərindən biri olan Kənan Evrənin adından götürmüşəm. Kənan Evrənə xüsusi sevgim yoxdur, sadəcə, Evrən sözünü bəyəndim və götürdüm. Elə Kənan Evrənin təbirincə deyim, "yenə olsa, yenə "Evrən"i götürərəm". 2009-cu ildə evdə oturub təxəllüs düşünürdüm. NTV kanalından da hansısa veriliş gedirdi. Orada Kənan Evrənin adı çəkildi. Həmin vaxt mən kosmopolit ruhlu şeirlər yazırdım. Düşündüm ki, ən uyğunu "Evrən"dir. Bu sözün özündə qəribə bir melodiya var. Mən həm də o melodiyaya görə bu adı seçdim.

- Adaşın Aqşin Yeniseyə münasibətin necədi?

- Aqşin Yenisey poeziyamızın başına gələn ən gözəl hadisələrdən biridir. Onun şeirləri daim hərəkətdədir və özünü yeniləyir. Buna görə də yeni nə yazsa, maraqla qarşılanır. Son illərdə bir qədər fərqli istiqamətə yönəlib və bu da onda çox yaxşı alınır.

- Sevdiyin başqa hansı imzalar var? Xüsusən gəncləri soruşuram. Öz yaşıdlarını və səndən yaşca kiçikləri.

- Əslində, mənim üçün bəyəndiyim imza yox, bəyəndiyim şeir anlayışı var. Elə şair var ki, 100 şeirindən birini bəyənim və bu, mənə kifayət etsin. Gənclərin arasında təbii ki, istedadlı, öz şeirlərini yazanlar var. Amma baxırsan ki, çoxu bazar dedi-qodusu təfəkküründə həyat yaşayır. Bütün gün mənasız-məzmunsuz, publikaya hesablanmış statuslar yazırlar, “layk” dalınca qaçırlar. Belə şeylər müəllifi tükədir. Özlərinə, şeirlərinə yazıqları gəlsin. Burda ad çəkməyəcəm, amma nə vaxtsa onlarla görüşsəm, bunu mütləq deyəcəm.

- Yaradıcılıqdan başqa nəylə məşğul olursan?

- Hazırda ssenarilər üzərində işləyirəm. Tammetrajlı, qısametrajlı film, serial ssenariləri yazıram. İnşallah, bu proyektləri həyata keçirərik.

- Evrənin və evrənin gələcəyini necə görürsən?

- Məncə, evrən böyük dəyişiklik ərəfəsindədir: bəşəriyyətin tarixi, genetik kodları, yaddaşı yenidən yazılır, yeni insan modeli yaranır. Evrənin taleyi də məhz bu yeni insandan asılıdır. Hazırkı insanlarla 2 il əvvəlki insanlar eyni deyil. Biz yeni insan növü ilə qarşı-qarşıyayıq. Mən buna təkamülün növbəti süni seçmə yolu deyərdim.

Evrənin gələcəyi haqda isə nikbinəm. Ümid edirəm, yaxşı şeylər olacaq. Bunun üçün çalışıram. Və istərdim ki, Evrənin əldə etdiklərindən bir zərrə də olsa evrənə bağışlamağa fürsəti olsun.

- Bu yolda sənə uğurlar və bir daha təbriklər. Son olaraq oxuculara, insanlara, evrənə və Evrənə demək istədiyin nə varsa, buyur.

- Təbrik və diqqətə görə Kulis ailəsinə təşəkkürlər! Mən bütün yaxşı insanların xoşbəxt olmasını, pis insanların isə yaxşı olmasını arzulayıram. Günəşin altında bizim yaxşı insan olmaqdan başqa yolumuz yoxdur.

# 6975 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #