Kulis.az “Nizami İli” münasibəti ilə tanınmış şərqşünas-alim, akademik Teymur Kərimli ilə müsahibəni təqdim edir.
- Teymur müəllim, deyirlər, Nizaminin Azərbaycanda tanıdılmasında sovet hökumətinin böyük rolu oldu. 1941-ci il kimi ağrı bir ildə Stalinin göstərişi ilə şairin 800 illiyi keçirildi. Gəlin söhbətimizə bu məqamdan başlayaq...
- Gəlin, belə danışaq: sualları Aristotel məntiqi ilə deyil, Zadə məntiqi ilə cavablandıraq; yəni İmam üçün ağlayanda Yezid üçün də ağlayaq... Başqa sözlə: “Hamı sevir, mən də sevirəm; hamı söyür, mən də söyürəm” olmasın.
Bu baxımdan yanaşsaq, problem təkcə Sovet sosial-mədəni quruluşunda deyil, mədəniyyətə, klassik irsə yanaşmanın Avropa kulturologiyasında formalaşmış müasir elmi prinsiplərindədir. Bu yozumda, əlbəttə, Nizami Gəncəvi sənətinin geniş kütlələrə tanıdılmasında Sovet mədəniyyət siyasətinin rolunu danmaq insafsızlıq olardı.
Ancaq onu da unutmayaq ki, Azərbaycan Demokratik Respublikası süquta uğramasaydı, ədəbi-mədəni dəyərlərimizə daha dərindən və daha səmimi yanaşma sərgiləyəcəyimiz imkanını da istisna etmək olmaz.
1941-ci ildə faşist blokadasında olan Leninqradda Nizaminin 800 illik yubileyinin keçirilməsinə gəlincə, bunu təkcə Stalinin göstərişinə yazmaq düzgün deyil və bu, dünya ədəbiyyatı xəzinəsinə əvəzsiz qiymətli incilər bəxş etmiş dahi Azərbaycan şairinin öz xidmətinə, dünya şərqşünaslıq elmində qazandığı dərin hörmət və məhəbətə bağlıdır.
- Nizaminin sosial ədalət anlayışı sovetlərin ideoloji təbliğatı üçün lazım idi, halbuki Nizamidə bu anlayış dinə söykənirdi...
- Əvvəla, “sosial ədalət” anlayışının özünün məna tutumu o qədər genişdir ki, bunun hansı ucunun “sovetlərin ideoloji təbliğatına”, hansı ucunun folklora, hansı ucunun dini kitablara, hansı ucunun klassik ədəbiyyata bağlı olduğunu aydınlaşdırmaq üçün cild-cild kitablar yazmaq lazımdır.
İkincisi, məgər hər hansı klassik sənətkarın “sosial ədalət” təbliğ etməsi ona əskiklik gətirir?
Üçüncüsü, mən də razıyam ki, “Sovetlərin” ideologiyası ilə həyat obrazı bir-birini tutmurdu. Ancaq yaddan çıxarmayaq ki, bizim folklordakı klassik molla obrazımızın belə bir müdrik sözü də var: “Mən dediyimi elə, mən elədiyimi eləmə!”
Dördüncüsü, Nizaminin özü də bu məsələ barəsində belə deyib:
Hər kəsi dər bəhane tizhoşəst,
Kəs nəquyəd ke douğe mən toroşəst.
(Tərcüməsi: Hər kəs bəhanə gətriməkdə hazırcavabdır,
Heç kim demir ki, mənim ayranım turşdur.)
- Əslində, Nizami bir çox Şərq klassikləri qədər ortodoksal dindar da deyildi...
- Şərq klassiklərinin hamısını ortodoksal dindar adlandırmaq nə dərəcədə ədalətlidir? Bəlkə, demək istəyirsiniz ki, sovet ideologiyasının Nizamini az qala ateist elan etməsi doğru deyildi?
- Dinsiz...
- Sizinlə yüz faiz razıyam!
- “Nizami İli”nin elan olunması ilə əlaqədar sosial şəbəkələrdə geniş müzakirə getdi. Bir çox qələm adamları bu və ya digər səbəblərdən Nizaminin Azərbaycanda lazımınca tanınmadığını qeyd etdilər. Sizcə də belədir?
- Təəssüf ki, bu məsələ barədə sosial şəbəkələrdə açılmış geniş müzakirələrlə tanış deyiləm. Yəni, cəmi 1 günə bu qədərmi müzakirə getdi? Ğ
- Getdi, bəli. Çoxsaylı statuslar yazıldı, fikirlər paylaşıldı, şərh bölümündə müzakirə və mübahisələr açıldı. Nizami ilə bağlı bizdə və xaricdə yazılan bir çox yazılar yenidən paylaşıldı və s.
- Lap yaxşı. Nizaminin Azərbaycanda tanınmasına gəlincə, bunun da meyarını müəyyənləşdirmək lazımdır. Məsələn, “Kitabi-Dədə Qorqud” Azərbaycanda yalnız Anarın filmindən sonra populyarlaşdı. Nizaminin bu babətdən (məsələn, elə həmin Nəsimi qədər! – T.K.) bəxti gətirməsə də, hər halda alababat orta təhsil almış azərbaycanlının Nizamini tanmaya bilmədiyinə şübhə edirəm.
O başqa məsələdir ki, Nizami təkcə şair deyil, həm də mütəfəkkir, filosofdur və Nizami fəlsəfəsini anlamaq üçün təkcə mütaliə yetərli deyil. Oysa, son dövrlərdə klassikləri mütaliə edənləri belə, barmaqla göstərmək olar.
- Tənqidlərin bir çoxu sovet dövrü edilən tərcümələrlə bağlıdır. Bildiyimiz kimi, o şairlərin əksəri fars dilini bilmirdi. Onlar sətri tərcüməni sadəcə heca vəznində nəzmə çəkirdilər. Müasir ədəbiyyatşünaslıqda bu metod doğru sayılırmı?
- Böyük şairimiz Molla Pənah Vaqif deyirdi ki: “Əhli-zərdə kərəm yoxdur, kərəm əhlində zər...” Nizaminin poetik tərcüməçisi fars dilini bilməyə bilər, ancaq filoloji tərcüməçi də şair olmaya bilər... Əlbəttə, yaxşı olardı ki, istedadlı şair həm də dili biləydi. Atalarımız da nahaq yerə demirlər ki: “Lənət heçə!”
Bütövlükdə isə mən bir mütəxəssis kimi deyə bilərəm ki, Sovet dövründə edilən Nizami tərcümələri - Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Məmməd Rahim, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə ümumilikdə müsbət təsir bağışlayır. Qüsurlar isə hər bir işdə təbiidir. Özəlliklə, poetik tərcümə kimi çətin və çox vaxt mümkünsüz işdə... Yəni, ümumi götürəndə bütün tərcümələrin “tüstüsü düz çıxıb”...
- Nizaminin sovet dövrü edilən sətri tərcüməsi ilə bağlı nə düşünürsünüz?
- Əvvəlki sualın davamı kimi təxminən eyni cavabı vermək olar. Qüsurlar var, ancaq ümumilikdə uğurludur. Nizami ilində yenidən işləmək üçün bir daha qayıtmaq lazımdır. Yeni tərcümələr etmək yox, mövcud tərcümələrin üzərində işləmək...
- Dünyada Nizami kimi böyük sənətkarların bir neçə variantda tərcüməsini görmüşük. Bizdə belə bir təşəbbüsə ehtiyac varmı?
- Yüz faiz! Və təşəbbüslər də var: Xəlil Rza, Xəlil Yusifli, Mircəlal Zəki və b.
- Nizaminin izahlı nəşrlərinə necə? Dövrün ədəbi fəndləri, sözlərin semiotik və simvolik mənası şərh edilərək verilsə, daha faydalı olmazmı?
- Zatən Nizaminin izahsız nəşri yoxdur. Mövcud nəşrlərin sonuna baxa bilərsiniz. Məsələ bu izahları daha da artırmaqda, genişləndirməkdə və dərinləşdirməkdədir. Bu baxımdan yenə də Sizinlə yüz faiz razıyam!
- Nizamini dünya qəbul edir, lakin Azərbaycanla bağlılığı məsələsi lazımınca effektiv deyil. Necə edə bilərik ki, Mövlana üçün Konyaya gedən dünya oxucuları və mütəxəssisləri Nizami üçün də Gəncəyə gəlsinlər.
- Dünya oxucuları və mütəxəssilərinin özəlliklə pandemiya dövründə Mövlana üçün Konyaya gedib-getməməsi haqqında məlumatım, təəssüf ki, o qədər də dərin deyildir. Baxmayaraq ki, özüm Konyaya getmişəm, ancaq Mövlana üçün yox, başqa məqsədlə.
O ki qaldı Gəncəyə gəlmək məsələsinə; 2012-ci ildən fəaliyyət göstərən Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə vaxtaşırı Nizaminin vətənində müəyyən tədbirlərin keçirilməsi faktını konstatasiya edə bilərəm.
Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi İnstitutu da vaxtaşırı beynəlxalq tədbirlər keçirir.
- Nizami haqqında çəkilən film də lazımı effekti vermədi. Baxmayaraq ki, rejissor Eldar Quliyev də, ssenari müəllifi İsa Hüseynov da kifayət qədər istedadlı və peşəkar adamlar idi...
- Həəə, film sarıdan Nizaminin bəxti gətirmədi; yəqin ki, Nizami ilində yeni film çəkilər və daha effektiv olar, umutluyuq...
- “Nizami İli” üçün arzularınızı bilmək istərdik...
- Arzular və imkanlar... İstərdim ki, Nizaminin aforizmləri, özəlliklə, insanlar arasında barış və ədaləti, xoşgörü və səmimiyyəti tərənnüm edən hikmət və nəsihətləri dillərdə əzbər, qulaqlarda sırğa, beyinlərdə davranış düzənçisi, psixoloji labirintlərdə doğru yol bələdçisi olsun... Zira Nizaminin və bəşəriyyətin yetirdiyi başqa böyük humanistlərin də istəyi elə bu olub: insan unutmasın ki, insandır – vəhşi deyil:
Yeməyi, yatmağı bu dünyada sən
Atda, öküzdə də görə bilərsən.
Təbiət qurarkən varlığımızı,
Başqa səhifədə yazıbdır bizi.
Çalış, insanların işinə yara –
Geysin əməlinlə dünya zərxara!
Sondan əvvəlki misrada hamının əzbər bildiyi “öz xalqının” sözü düzgün tərcümə edilməyib və əslində “insanların” olmalıdır...