Kulis.az AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Hənifə Səlifovanın “Cavid Zeynallı hekayələrində sürrealist elementlər” yazısını təqdim edir.
Cavid Zeynallı müasir Azərbaycan ədəbiyyatının istedadlı yazarlarındandır. “Günəşi gözləyənlər”, “Leyla”, “Şükriyyə”, “Həmin işıqlı günlər” kitablarının müəllifidir.
Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabında mövzu və mündəricə cəhətdən bir-birini tamamlayan hekayələri toplanmışdır. Müəllif bu hekayələrdə zamanın, dövrün, cəmiyyətin problemlərinə işıq tutaraq onları ironik dillə tənqid edir. Cavid Zeynallının nəsr dili, təhkiyəsi maraqlı və cazibəlidir. Dili və üslubu etibarilə ənənəvi 60-cı illər nəsrinin və hətta Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev üslubunun davamı kimi diqqəti cəlb edir. Eyni zamanda, bu mətnlərin bir sirli ahəngi, fövqəlgerçəkliyə malik altqatı da oxucunu düşündürür. Yuxu motivi, qarabasma kimi sürrüalist cizgiləri müəllifin “Coğrafiya müəlliminin pencəyi”, “Zəmanəmizin qəhrəmanı”, “Dərd qapını tapmır”, “Mağarada yaradıcı tətil” və s. hekayələrində görə bilərik. “Coğrafiya müəlliminin pencəyi” hekayəsində İbrahim müəllimin güzəran çətinliyi onun bütün daxili-mənəvi dünyasını alt-üst edir, pulla bağlı qarabasmalar bütün hekayə boyu onu müşayiət edir. Bu şüuraltı qarabasmanın yaratdığı xof İbrahim müəllimi də, onun düşdüyü gərgin psixoloji durumu da idarə edir. Məti Osmanoğlu bu hekayədə müəllim obrazını şərh edərkən “Müəllim həm də cəmiyyətin artıq insanıdır - darıxan təbəqənin nümayəndəsidir.” deyərək müəllimin cəmiyyətdəki mövqeyinə ironiya edir.
Cavid Zeynallı hekayələrində retrospeksiya, geriyə dönüş, keçmişə ekskursiya, keçmişin işıqlı günlərinin arzusu ilə yaşamaq hissləri güclüdür. Onun qəhrəmanları bu günü yaşamırlar. Onları yaşadan dünənin isti, işıqlı və xoşbəxt günləridir. Bu retrospektiv motivlər “Həmin işıqlı günlər” hekayəsində ön plandadır. Bu hekayə sirrini özündə saxlayan, haqqında danışmağa imkan yaradan bir mətndir. Hekayədə zaman anlayışı yoxdur. Ailə-məişət mövzusu qabarsa da, əsas problem yaddaş məsələsidir. Keçmişindən qopa bilməyən, hər şeyi saymaqla həyata tutunmağa çalışan qəhrəmanın sonu faciəli olur, saymaq, yazmaq, təkrarlamaq kimi vərdişlərin heç biri köməyinə çatmır. Maraqlıdır ki, İsmayılın bu saymaq xəstəliyi əvvəlcə genetik fonda cərəyan edirsə (babasından atasına, atasından özünə və oğlu Murada, sonda artıq yoluxucu xəstəlik funksiyasında arvadının da saymağa başladığının şahidi oluruq.
Cavid Zeynallının əksər obrazları problemlər qarşısında acizdir. “Həsən maşın alacaq” hekayəsində maşın almaq xəyalı, arzusu Həsənin həyatının mərkəzinə oturub, onu idarə edir. Bu istəyinə çatmadıqca onun vəziyyəti daha da pisləşir, hətta psixoloji problem həddinə gəlib çıxır. Yaxud “Dərd qapını tapmır” hekayəsindəki Məsud da dərdi içində daşımaqdansa, ona qovuşmağı, dərdi yaşamağı üstün tutur. Dərd gecikdikcə Məsudun vəziyyəti də pisləşir, nəhayətdə o dönüşü olmayan yolculuğa çıxır: “On gün yenə gecənin sazağına, səhərin ayazına, qışın qarına-yağışına yalvardı ki, bəla tez gəlsin, dərd içini-çölünü yağmalasın ki, bu əzabdan canı tez-tezcənə qurtulsun. Arvadının əlini, oğlunun ayağını öpüb pilləkənləri düşdüyü on birinci gündən sonra o balaca qəsəbədə Məsudu gördüm deyən olmadı.”
Məsudun dərdi yuxu motivi ilə əlaqəli verilir. Xaraktercə zəif olan Məsud uzun müddət gördüyü yuxunun təsirindən çıxa bilmir (yuxuda babası Məsuda alma verir, o almanı dişləyərkən bütün dişləri ovulub tökülür). Yuxunun neqativ yozumu Məsudun şüuraltısına yeriyib, onun yaşamaq imkanını əlindən alır.
Cavid Zeynallı hekayələrində tənhalıq, özgələşmə kimi ekzistensial motivlər də qabarıqdır. “Zəmanəmizin qəhrəmanı” hekayəsindəki qəhrəmanı təklik, yalnızlıq sıxır, o, görünmək, alqışlanmaq üçün xilasedicilik missiyasını reallaşdırmağa çalışır və qismən də olsa arzusuna çatır. Balaca oğlan və Mizrab kişini xilas etməklə özünü müəyyən qədər təsdiqləyir. Ancaq onun missiyası həqiqətən insanlara xeyirxahlıq etmək arzusundan deyil, öz mənafeyini düşünmək ehtiyacından doğurdu.
Ümumiyyətlə, sürrealist elementlər nostalji motivlərin üstünlük təşkil etdiyi Cavid Zeynallının hekayələrinə dərinlik və çoxqatlılıq qatır, oxucunu reallıqla xəyali dünya arasında kəşfə çıxarır.