Bir gülləyə iki yazıçını vuran qatil - Araşdırma

Bir gülləyə iki yazıçını vuran qatil  - Araşdırma
2 dekabr 2023
# 21:00

Bu gün yəhudi əsilli fransız yazıçı və rejissor Romen Qarinin anım günüdür.

Kulis.az Mirmehdi Ağaoğlunun "Bir gülləyə iki yazıçını vuran qatil" yazısını təqdim edir.

Tənqidin hədəfi

Günümüzdə mobil telefonların, kompüterlərın, avtomobillərin, 1970-ci illərin Fransasında isə yazıçıların dəbdən düşməsi an məsələsi idi. Romen Qari də belələrindən idi. Bir vaxtlar “Qonkur” mükafatçısı olan yazıçını daha tənqidçilər bəyənmir, istedadının tükəndiyini söyləyirdilər. Artıq Fransanın yeni bir ulduzu vardı – Emil Ajar.

Emil Ajar fransız ədəbiyyatında qəfildən peyda oldu. 1975-ci ildə “Həyat irəlidədir” romanı ilə bütün ədəbiyyatsevərləri heyran etdi. Roman həmən il “Qonkur” mükafatına layiq görüldü. Amma Ajar mükafatın təqdimatına gəlmədi və vəkili vasitəsilə mükafatdan imtina etdiyini bildirdi. Jurnalistlərsə bu müəmmalı yazıçının kimliyini araşdırıb tapa bilmirdilər. Elə bil Emil Ajar qeybə çəkilmişdi.

Görünməz yazar

Deyəsən, həqiqəti yenə də tənqidçilər anlaya bildilər. Onlar Romen Qari ilə Emil Ajarın əsərlərindəki kiçik oxşarlıqlardan bu iki yazıçının qohum olması ehtimalının üstündə durdular. Tənqidçilər bir nüansı qaçırmışdılar. Qari rusca “yanmaq” felindən, Ajar isə “jara”, “isti” sözündən olub oxşar mənanı kəsb edirlər. Təkcə bu fakt onlara kələfin ucunun açılmasına kömək edə bilərdi.

Yəhudi uşağı

Roman Katsev 1914-cü ildə Vilnüs şəhərində, yəhudi ailəsində anadan olmuşdu. Onun uşaqlığı Vilnüsdə keçdi, on yaşında valideynləri ayırıldıqda anası oğlunu da götürüb ata-anasının yanına, Varşavaya köçdü. 1928-ci ildə isə anası ilə Fransanın Nitsa şəhərinə köçürlər.

Anası həmişə oğlu haqqında fəxrlə deyərdi: “Mənim oğlum fransız səfiri də olacaq, Fəxri Legion Ordeni kavaleri də olacaq, İbsen kimi böyük yazıçı da olacaq”. Onun peyğəmbəranə şəkildə söylədiyi arzular sonralar bir-bir gerçəkləşəcəkdi.

İkinci Dünya Müharibəsi başlayanda Roman da Şarl De Qollun başçılıq etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu və adını Romen Qariyə dəyişdirərək İngiltərədə pilot olaraq vuruşdu. O, Avropa və Şimalı Afrikada xidmət etdiyi zaman 25-ə yaxın hücumda uğurlu əməliyyat həyata keçirərək nişan və medallarla təltif olundu.

De Qollun dostu, BMT-nin səfiri

Müharibədən sonra Qari “Avropa tərbiyəsi”adlı ilk əsərini dərc etdirdi. Bundan sonra demək olar ki, hər il bir roman dərc etdirən yazıçı müharibədən sonra diplomatik sahədə xeyli müddət çalışdı. Onun Şarl De Qolla dostluq əlaqələri vardı.

Qari diplomatik fəaliyyəti dönəmində BMT-nin Nyu-Yorkdakı, 1955-ci ildə Londondakı katibliyində çalışdı. 1956-cı ildə isə Fransanın Los Ancelesdə konsulu oldu.

“Avropa tərbiyəsi”ndən sonra Qarinin “Zanbaq”, “Böyük geyinmə otağı”, “Günün rəngləri”, “Səmanın kökləri”, “Dan yeri söküləndə vəd”, “Coni Ker”, “Ulduzları yeyənlər” və başqa əsərləri çap olundu. Həyatı boyu o, 30-dan roman yazdı. Ona uğur gətirən əsəri “Səmanın kökləri”inə görə 1956-cı ildə “Qonkur” mükafatını aldı. Hər yazıçıya cəmi bir dəfə verilən bu mükafata illər sonra o, ikinci dəfə sahib olacaqdı.

Yeni dalğanın gözəlinə aşiq oldu

Qari 1959-cu ildə özündən 24 yaş kiçik Cin Siperq ilə tanış oldu. Siperq Amerika aktrisası idi. Saçlarını oğlan kimi qısa kəsdirən bu qızcığaz 60-cı illərin sevilən aktrisalarından idi. O, 1960-cı ildə fransız “Yeni dalğa”sının atalarından olan Jan-Lyuk Qodarın “Son nəfəsəcən” filmindəki Patrisiya roluna görə təkcə Fransada deyil, ABŞ da da böyük şöhrət qazandı. 45 yaşlı Qari bu sarışın mələyi görməyə bilməzdi. Qari 1961-ci ildə ilk həyat yoldaşı, britaniyalı yazıçı-jurnalist və "Vogue" jurnalının redaktoru Lesli Blanşdan boşanaraq Siperq ilə evləndi.

Bu evlilikdən bir oğlanları olsa da, cəmi yeddi il birgə oldular, Siperq Qarini ondan daha cavan olan meksikalı yazar Karlos Fuentesə dəyişdi.

Siperqin sədaqətsizliyinə baxmayaraq, Qari onu heç zaman unutmadı. Siperqi düşdüyü mənəvi böhrandan xilas etmək və ona daha yaxın olmaq üçün onun iştirakı ilə iki film çəkdi. Lakin 1979-cu ildə Siperqin intiharı onun da həyatına son verməsi üçün səbəb oldu.

Romen Qari “Qadın işığı” kitabında yazırdı: “Hər bir yeni kitab, yeni film kimi yeni bir qadın və ya kişi ilə keçirilən gecə də öz krallığının sərhədlərini aşmaq ümidilə edilən, hər dəfə məğlubiyyətlə nəticələnən intihar cəhdidir.”

Folkneri bəyənirdi, Heminqueyi

Qari öz mənliyində çox davam gətirə bilməyən adamlardan idi. O tez-tez özündən təngə gəlirdi. Bəzən bu təngəgəlmələr onu intihara sürükləsə də, hər dəfə çıxış yolu tapmağa cəhd edirdi. Qarinin çox sevdiyi oyunlardan biri isə əsərlərini təxəllüslə çap etməkdən ibarət idi. Fisko Sinibaldi, Şatan Boqat təxəllüsləri ilə əsərlərini çap etdirən Qariyə uğur gətirən təxəllüsü Emil Ajar oldu.

Düras, Rob-Qriye kimi “yeni roman” yazarlarını, onların əsərlərində bir dənə də canlı obraz görmədiyini bəyan edən Qari Folkner və Heminquey kimi yazıçıları da bəyənmirdi. İyirmi illik ədəbi fəaliyyətdən sonra isə özü bu cür tənqidlərlə baş-başa qalmışdı. Tənqidçilər Qarini bəyənmir, adının üzərindən belə bir yazıçı yoxmuş kimi sükutla keçirdilər. Onda Qari ikinci “mən”ini işə salaraq gözlənilməz bir fırıldağa əl atdı.

Yəhudi ilə ərəbin hekayəsi

1975-ci ildə Emil Ajar təxəllüsü ilə “Həyat irəlidədir” romanını çap etdirdi. Roman bir zamanlar ölüm düşərgələrində olmuş, həyatını fahişəliklə keçirmiş, yaşlı çağlarında fahişələrin uşaqlarına dayəlik edən madam Rozanın himayəsində olan müsəlman Məhəmməd-Momodan bəhs edir. “Həyat irəlidədir” insanların dinlərinin və irqlərinin fərqliliyindən asılı olmayaraq, bir dam altında qardaş kimi yaşaya biləcəklərindən bəhs edir.

Əsər gözlənilməz məşhurluq qazanaraq həmən il Fransanın ən böyük ədəbiyyat mükafatı “Qonklur”u qazanır. Bütün Fransa Emil Ajarın axtarışına çıxır, ehtimallar isə onun Qarinin qohumu ola biləcəyini söyləyirdi. Qari də öz palanını ustaca qurmuşdu, əsəri fransız nəşriyyatına Braziliyada yaşayan bir dostu vasitəli yollamışdı.

Qari ədəbiyyat tarixində bənzərinə rast gəlinməyən bir işi etmiş oldu. O, “Qonkur” mükafatına iki dəfə sahib olan yeganə yazıçı idi.

Onu unuda bilmədi

“Həyat irəlidədir”in ardınca 1976-cı ildə Emil Ajar təxəllüsü ilə çap etdirdiyi “Yalan Roman” əsərində Ajarın gerçək kimliyi ilə bağlı bəzi ipucları versə də, bunu diqqətə alan olmadı. Üçüncü roman “Süleyman şahın qorxusu”undan sonra Emil Ajar özünü ədəbiyyat aləmində bir yazıçı kimi təsdiqlədi.

Romen Qari 1980-ci ildə sevimli arvadı Cin Siperqin intiharından bir il sonra tapançanın lüləsini ağzına salaraq tətiyi çəkdi. Onun depressiya üzündən intihar etdiyini söyləyənlərə son məktubunda belə cavab vermişdi ki, məni yazıçı edən ömrüm boyu yaşadığım depressiya idi.

Adətən “son məktublar” kədərli, üzücü olsa da, onun məktubu heyrətamiz və əyləncəli idi. Yazıçının otağına daxil olanlar təkcə Romen Qarinin deyil, Emil Ajarın da öldüyünün şahidi oldular. Romen Qari məktubunda Emil Ajarın onun təxəllüslərindən biri olduğunu yazmışdı. Məktub belə tamamlanırdı: “Salamat qalın, dostlar, çox yaxşı əyləndim”.

# 3720 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #