Tomas Eliot. Tənqidin sərhədləri - Qismətin tərcüməsi...

Tomas Eliot. Tənqidin sərhədləri - Qismətin tərcüməsi...
13 iyul 2020
# 15:10

Kulis.az Qismətin tərcüməsində Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Eliotun “Tənqidin sərhədləri” essesini təqdim edir. Xatırladaq ki, Qismət uzun müddətdir “Parlaq imzalar” nəşriyyatının sifarişi ilə Eliotun seçmə esselərini və iki poemasını tərcümə edir. Kitab yaxın aylarda oxucuların ixtiyarına veriləcək.

Bu yazımın tezisi ədəbi tənqidin sərhədləridir, bu sərhədləri keçəndə, ədəbi tənqid ya ədəbi olmur, ya da tənqid.

Sizə danışmaq istədiyim məsələləri düşünəndə xatırladım ki, 1923-cü ildə “Tənqidin funksiyası” başlıqlı bir məqalə yazmışdım. Görünür həmin yazını çox bəyənmişəm ki, on il sonra çap etdirdiyim “Seçmə esselər”ə onu da salmışam. Həmin yazını yenidən oxuyanda faydalı heç nə tapmadım, amma bir tərəfdən də məmnun oldum ki, bugünkü fikirlərimlə ziddiyət təşkil edən heç nə yazmamışam: çünki mister Midlton Murrinin “iç səs” mövzusuyla bağlı düşüncələrini rədd etməyimi bir yana qoysaq (mən o yazıda köhnə aporia olan Fərdi hökmlər, yoxsa Avtoritet mövzusunda polemika edirdim), kəskin reaksiya verməyimə nəyin səbəb olduğunu xatırlaya bilmirəm. O yazıda böyük bir özünəinam və həyəcanla bəzi hökmlərə vardığımı gördüm; zənnimcə, ədəbi tənqidin mahiyyətiylə bağlı fikirləri məni razı salmayan, məndən daha yaşlı və özünü təsdiqləmiş tənqidçilərə cavab verməyə köklənmişdim. Amma indi, yəni otuz üç il sonra, məni o dərəcədə əsəbləşdirən impressionist ədəbi tənqidi təmsil edən heç bir tənqidçinin adını, heç bir kitabı və ya esseni xatırlamıram. İndi bu essedən danışmağımın səbəbi diqqətinizi 1923-ci ildə bu mövzuyla bağlı yazdıqlarımın tarixinə çəkməkdir. Riçardsın “Ədəbi tənqidin prinsipləri” (The Principles of Literarty criticism) adlı kitabının məndəki ilk nüsxəsi 1925-ci ildə çapdan çıxıb. Bu çox dəyərli əsər çap olunandan bəri ədəbi tənqiddə böyük dəyişikliklər oldu və mənim məqaləm isə bundan cəmi iki il əvvəl çap edilmişdi. Tənqid inkişaf etdi, müxtəlif şaxələrə ayrıldı. “Yeni tənqid” termini adətən bu terminin çoxşaxəli tənqid metodlarına eyham vurduğunu nəzərə almadan istifadə edilir. Bu günün tənqidçiləri bir-birindən fərqli metodlardan istifadə etsələr də, məncə, “Yeni tənqid” termini əsasən yeni tənqidçilərin sələflərindən çox əhəmiyyətli şəkildə fərqli olduqlarını ifadə etmək üçün istifadə olunmalıdır.

Neçə il qabaq qeyd etmişdim ki, hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə, əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır. Amma inanmıram ki, ədəbi tənqidlə bağlı yazılmış əhəmiyyətli bir əsər “ədəbi tənqid” terminin mənasını dəyişdirsin. Bir neçə il qabaq XVI əsrdən bu yana “təhsil” sözünün mənasındakı fasiləsiz dəyişmədən bəhs etmişdim, bu dəyişiklik təkcə təhsilin get-gedə daha çox sahəni özündə ehtiva etməsinə görə baş vermirdi, bu dəyişiklik, eyni zamanda, daha çox insana xitab etmək məcburiyyətindən yaranmışdı. Eyni yolla “ədəbi tənqid” termininin inkişafını da izləsək, oxşar prosesin baş verdiyini görəcəyik. Consonun “Şairlərin həyatı” (The Lives of poets) adlı şedevrini ondan sonra gələn böyük bir əsərlə - Kolridcin “Ədəbiyyatın bioqrafiyası” (Biographia Literaria) ilə müqayisə edin. Söhbət ondan getmir ki, Conson artıq yekunlaşmaq olan bir ədəbi ənəni təmsil edir, Kolridc isə yeni üslubun üstünlülərini və zəifliklərini analiz edir. Məncə, onlar arasındakı başlıca fərq Kolridcin maraq dairəsinin müxtəlifliyidir ki, bunu poeziya diskussiyasının təhlilində öz malına çevirə bilmişdi. Kolridc fəlsəfənin, estetikanın və psixologiyanın bir-biriylə olan əlaqəsindən danışaraq bu disiplinləri ədəbi tənqidin bir hissəsi etdikdən sonra, ondan sonrakı tənqidçilərin buna lazımlı əhəmiyyət verməməsi öz ziyanlarına olub. Consonun dəyərini anlaya bilmək üçün, onun yaşadığı dövrü təsəvvür etmək lazımdır; çağdaş bir tənqidçinin Kolridclə bölüşdüyü tərəflər daha çoxdur, əslində, bu günün ədəbi tənqidi Kolridcin müəyyənləşdirdiyi istiqamətdə inkişaf edib. Əminəm ki, Kolridc bu gün yaşasaydı, öz tənqidi platformasında dövrünün elmlərinə göstərdiyi marağı indiki sosial elmlərə, teologiyaya və semantikaya da göstərərdi.

Ədəbi əsərlərini bu sahələrdən bir və ya bir neçəsinin işığında dəyərləndirmək dövrümüzün ədəbi tənqidində baş verən dəyişikliyin iki vacib səbəbindən biridir. Digər səbəb hələ tam başa düşülməyib. Məktəblərimizdə, universitetlərimizdə ingilis və amerikan ədəbiyyatı araşdırmalarına getdikcə artan maraq, xeyli tənqidçini müəllim olmağa, xeyli müəllimi də tənqidçi olmağa sövq edib. Bu vəziyyətdən şikayət etmək fikrim yoxdur: bu gün həqiqətən maraqlı olan tənqidi mətnlərin əksəriyyəti universitetlərdə özlərinə yer tapmış ədəbiyyatçılar, tənqidi düşüncələrini ilk dəfə sinif otaqlarında yoxlayan mütəfəkkirlər tərəfindən həyəta keçirilir. Bir neçəsini çıxmaq şərtiylə, ədəbi jurnalların böyük çətinliklə nəşr edildiyi bu günlərdə ədəbi tənqidin belə olması başa düşüləndir. Ancaq bu o demək deyil ki, bu gün tənqidçilər sələflərindən fərqli oxucu zümrəsinə xitab edirlər və dünya ilə münasibətləri başqa cürdür. Düşünürəm ki, bu gün ciddi ədəbi tənqid XIX əsrdəki qədər olmasa da, daha məhdud oxucu kütləsinə xitab edir.

Bir müddət əvvəl fransız psixiatrı doktor Huber Benuanın yazdığı Zen Buddizmdə psixologiyadan bəhs edən “Üstün zəka” adlı əsərin ingiliscə nəşrinə Oldos Hakslinin yazdığı önsöz məni təəccübləndirdi. Həmin kitabı oxuyanda mənim təəssüratım da, eynilə, Hakslinin kimi oldu. Haksli önsözündə Qərbdə inkişaf edən psixiatriya ilə Şərqdəki Dao və Zen təlimlərini müqayisə edir:

“Qərb psixologiyasında məqsəd problemi olan fərdi daha az problemi olan fərdlərdən ibarət cəmiyyətə uyğunlaşdırmaqdır. Burda bir-birlərinə və məhəlli insitutlara yaxşıca adaptasiya olan fərdlərdən söhbət gedir, fəqət kainatdakı fundamental sistemə adaptasiya olmaqdan bəhs edilmir... Davranışlarda nəzərə alınası daha mükəmməl başqa normanın varlığından danışılmır... Çox pozğun bir sistemə belə çox yaxşı şəkildə adaptasiya olan şəxs, əgər istəsə, kainatdakı təbii sistemə də uyğunlaşa bilər”.

Bu məsələnin bizim mövzuyla əlaqəsi birbaşa görünməyə bilər. Zen Buddizmin normalarından baxanda qərb psixiatriyasının sağlamlıq məsələsində yanıldığı və mövqeyini dəyişdirməli olduğu kimi, çağdaş ədəbi tənqid də meyar məsələsində xaos içində deyilmi? Tənqid kimə nəyi qazandırmalıdır? Tənqidin dövrümüzdəki zənginliyi və müxtəlifliyi bəlkə də onu əsas məqsəddən yayındırıb. Hər bir tənqidçinin nəzərə aldığı müəyyən bir hədəfi və əsaslandırmaq məcburiyyətində olmadığı bir məşğələsi ola bilər, bununla belə tənqid öz hədəfindən sapa bilər. Vəziyyət belədirsə, bu, bizi çox da təəccübləndirməməlidir, çünki pozitiv elmlər, hətta humanitar elmlər elə yüksək inkişaf mərhələsinə çatıblar ki, ixtisasla bağlı öyrəniləsi elə çox şey var ki, heç bir tələbənin başqa şey öyrənməyə vaxtı yoxdur. Son dövrlər universitetlərimizdə ən çox müzakirə olunan məsələ ixtisas fənləriylə ümumi fənləri birləşdirəcək tədris planı axtarışıdır.

Təbii ki, biz Aristotelin və Akvinalı Fomanın yaşadığı dünyaya qayıda bilmərik; Kolridcdən əvvəlki tənqid meyarlarına da qayıtmaq mümkün deyil, amma heç olmasa darmadağın olmuş tənqidi fəaliyyətimizi xilas etmək üçün bu sualı verməliyik: “Tənqid nə vaxt ədəbi tənqid olmaqdan çıxır, nəsə başqa şey olur?”

Çağdaş olmaq üçün çox yaşlı olsam da, müasir tənqidin atası sayıldığımı eşitmək məni təəccübləndirir. Son vaxtlar oxuduğum bir əsərdə, çağdaşlığından əmin olduğum bir yazıçı “Yeni Tənqid” məktəbindən bəhs edərkən, “təkcə amerikalı tənqidçiləri yox, T.S.Eliotun başlatdığı tənqidi istiqamətin bütün davamçılarını nəzərdə tuturam” – deyir. Müəllifin məni bu cür kəskin şəkildə amerikan tənqidçilərindən ayırmasını başa düşmürəm, üstəlik, mənimlə başladığı deyilən heç bir tənqidi istiqamətdən xəbərim yoxdur. Mən bir naşir olaraq “The Criterion” jurnalını ədəbi tənqidin üzünə açdım və tənqidçilərə cəsarət verdim. Bununla yanaşı, bu təvazökarlığımı haqlı çıxarmaq üçün, mənə görə ədəbi tənqidə qatdığım faydadan və onun çatışmazlıqlarından danışmalıyam. Dünyada mənə şöhrət gətirən, amma həqiqətən utandığım pis şöhrətli bəzi frazalarımı bir kənara qoysaq, məncə, ən yaxşı tənqidi mətnlərim mənə təsir edən şairlər və mənzum pyeslər yazan müəlliflərlə bağlı yazdıqlarımdır. Bu tənqidi mətnlər mənim şeir emalatxanamın yan məhsulları və ya şeirlərimdəki düşüncələrin davamıdırlar. Geriyə baxanda görürəm ki, ən yaxşı tənqidi mətnlərimi poeziyadan və şeirlərindən çox təsirləndiyim şairlərlə bağlı yazmışam. Onların şeirləri vasitəsilə fikirlərimi ifadə etmək istəyim həmin şairlərin mənə təsir etməyindən çox sonra baş tutub. Ezra Paundun yazılarındakı kimi, mənim tənqidlərimin də qüsurları və üstünlükləri öz yazdığım şeirlərlə birgə nəzərdən keçiriləndə daha yaxşı ortaya çıxır. Paund tənqidi mətnlərində didaktikdir: məncə o, tənqidi mətnlərini hələlik bir üslubu olmayan gənclər üçün yazır. Ancaq Paundun erkən dövr işlərindən olan “Romans ruhu” (The Spirit of Romance) adlı kitabındakı esselərdə ona təsir etmiş sevimli şairlərdən, eləcə də (özüm haqqında dediyim kimi) onlar vasitəsilə öz işlərindən bəhs edir.

Mənim emalatxana tənqidi adlandırdığım, bir şairin həyata keçirdiyi bu tənqidi metodun hamılıqla görülən bir qüsuru var. Şairin öz əsərləriylə bağlı olmayan və xoşuna gəlməyən hər şey tənqiddən kənarda qalır. Bu cür tənqidin digər qüsuru isə tənqidçinin verdiyi hökmlərin öz yaradıcılığından kənarda doğru olmamaq ehtimalıdır.

Mənim şairlərlə bağlı hökmlərim ömrüm boyunca dəyişməyib, xüsusilə, yaşayan bir neçə şairlə bağlı fikirlərim heç dəyişməyib. Bununla yanaşı, indi etdiyim kimi, tənqiddən danışarkən, təkcə poeziya tənqidini düşünmürəm. Əslində, keçmişdə ədəbiyyatla bağlı ümumiləşdirmələr edən tənqidçilərin əksəriyyəti daha çox poeziyanı düşünüblər. Prozaik əsərlərin tənqidi olduqca yenidir və mən bu mövzuda mütəxəssis deyiləm, amma inanmıram ki, bu proza tənqidindən poeziyadan fərqli meyarlar tələb olunsun. Yeri gəlmişkən, şair və ya romançı olmayan bir tənqidçi üçün tənqidin tənqidiylə məşğul olmaq ədəbiyyatın müxtəlif növlərini analiz etmək, istifadə olunan metodlar və lazımlı texniki bilgilər arasındakı fərqləri düşünmək baxımından olduqca maraqlı olmalıdır. Amma tənqiddən söhbət gedəndə, şeir ən lazımlı predmetdir, çünki şeir forma xüsusiyyətlərini ümumiləşdirmək üçün daha çox imkan verir. Elə görünə bilər ki, şeirdə üslub hər şeydir. Bu hökm doğru deyil, ancaq söhbət ədəbi tənqiddən gedirsə, ən saf estetik təcrübəni poeziya vasitəsilə yaşayırıq illüziyası şeiri nəzərdə saxlanmalı əsas mövzuya çevirir.

Çağdaş ədəbi tənqidin əksər hissəsini belə xarakterizə etmək olar: alimliyin ədəbi tənqid və ədəbi tənqidin alimliklə qovuşduğu yerdə doğulan çağdaş ədəbi tənqidin işi bədii mətnin qaynağına enərək onu açıqlamaqdır. Bu barədə fikirlərimi açıqlamaq üçün çox pis təsiri olan iki kitabdan danışmaq istəyirəm. Bunlar pis əsərlər deyil, əksinə, hamının bilməli olduğu kitablardır. Bunlardan birincisi, Con Livinqston Lousun “Xanaduya gedən yol” (The Road to Xanadu) adlı əsəridir, bu kitabı şeirlə maraqlanan hamıya tövsiyə edirəm; digəri isə Ceyms Coysun “Finneqansayağı yas” adlı romanıdır, bu kitabın heç olmasa bəzi səhifələri şeirlə maraqlanan hamı tərəfindən oxunmalıdır. Livinqston Lous yaxşı biləndər, yaxşı müəllim və mənim xüsusi səbəblərə görə minnətdar olduğum insandır. Ceyms Coys isə dühadır və dostumdur; “Finneqansayağı yas” isə şübhəsiz ki, monumental əsərlərindən biridir, burada onu nə tərifləmək, nə də tənqid etmək istəyirəm. Bu iki əsərin bir-birinə oxşar tərəfi hər ikisinin də oxunmağa dəyər olmasıdır.

“Xanaduya gedən yol”u oxumayanlara deməliyəm ki, bu əsər möhtəşəm bir araşdırmadır. Lous“Kubilay xan” və “Qoca dənizçi” adlı şeirlərdəki obraz, söz və təcrübələrin hardan qaynaqlandığını araşdırmaq üçün, Kolridc kimi çox mütaliə edən bir şairin oxuduğu bütün kitabları araşdırıb. Kolridcin oxuduğu kitabların çoxu qeyri-müəyyən və unudulmuş kitablar idi; məsələn, Lous şairin oxumaq ehtimalı olan səyahət kitablarını təhlil edib. Lous hamımız üçün biryolluq isbat etdi ki, poeziyada orijinallıq bir-birindən fərqli və bir-birinə zidd olan materialların yeni bir vəhdət əmələ gətirmək üzrə orijinal şəkildə birləşdirilməsidir. Bu açıqlama yaradacı dühanın təcrübə xammalını necə həzm etməsi və ona necə yeni forma verməsini göstərmək baxımından çox inandırıcıdır. Heç kim bu əsəri oxuyandan sonra “Qoca dənizçi”ni başa düşdüyünü iddia edə bilməz; onsuz da Lousun məqsədi şeiri daha anlaqlı hala gətirmək olmayıb. Kobud desək, Lous bu əsərdə yaradıcı prosesi araşdırıb və ədəbi tənqidin sərhədlərindən kənara çıxıb. Kolridcin oxuduqlarından nə qədərini böyük poeziyaya çevirə bildiyi həmişə sirr olaraq qalacaq. Yenə də bəzi xoşniyyət araşdırmaçılar Lousun istifadə etdiyi metodu yazdığı şeirlərə mənbə göstərən hər hansı şairin əsərlərini anlamaqda ipucu kimi dəyərləndirirlər. Bir neçə il qabaq İndianadan bu kitabı oxuyan və özünü dəli hesab edən (bu mənim yox, öz ifadəsidir, əlbəttə, o dəli deyildi, sadəcə “Xanaduya gedən yolu” oxumaqdan az-maz başı qaçmışdı) bir cənab mənə belə yazırdı: “Maraqlıdır görəsən “sivilizasiyanın ölü pişikləri”, “çürümüş begemot” və mister Kurtsun “ötən il bağçanıza basdırılan ölü bədənlə” az-maz da olsa əlaqəsi varmı?” Əgər sözlərindəki eyhamı başa düşmürsünüzsə, bu sizə sayıqlama kimi gələ bilər. Bunlar mənim “Bəhrəsiz torpaq” adlı əsərimlə Cozef Konradın “Qaranlığın ürəyi” adlı əsəri arasında əlaqə qurmağa çalışan ciddi bir araşdırmaçının sözləridir.

Doktor Lous tənqidçilərə elə böyük elmi araşdırma və yarışma həyəcanı verdi ki, az qala, onların hamısı ədəbi əsərlərin “Finneqansayağı yas” kimi olmasını istəyəcəklər. Ədəbi əsərləri din kitabları kimi, elmi şəkildə analiz edən şəxslərin zəhmətini lağa qoymaq və onları tənqid etmək fikrim yoxdur. Onlar bu əsərdəki bütün ipuclarını tutaraq, düyünləri çözərək əsərin anlaşılmasına çalışan şəxslərdir. Əgər “Finnqansayağı yas”ı başa düşmək lazımdırsa, belə bir zəhmət olmadan hər hansı hökmə vara bilmərik. Demək, bu cür araşdırmalar lazımlıdır. Mister Kempbel və mister Robinson, sözügedən araşdırmaçılar kimi, bu təqdirəlayiq işi bacarıblar. Mən bu cür əjdaha şedevrin yaradıcısı Ceyms Coysdan şikayətçiyəm, çünki kitabın bəzi hissələri müəyyən açıqlama olmadan anlaşılması qeyri-mümkün olan gözəl cəfəngiyyatdır. (Bu əsərin Coysun gözəl irland aksentiylə oxuduğu bəzi hissələrini maqnitafondan dinləmək böyük zövqdür) Bəlkə də Coys öz romanının anlaşılması çətin əsər olduğunu bilmirdi. Bu əsərin ədəbiyyatdakı yerini təyin edən sonuncu hökm nə olur-olsun (mən burada hökm vermirəm), bu günə qədər yazılmış şeirlərin əksərən (“Finneqansayağı yas” mənsur şeir sayıla bilər) bu cür yazıldığını və oxuyub anlaşılması üçün bu cür tikə-tikə edilməli olduğunu qəbul etmirəm. Ancaq şübhələnirəm ki, “Finneqansayağı yas”ın içindəki çətin tapmacalar bu gün dəbdə olan yalnış şərhlərin yayılmasına rəvac verir. Mən “Kokteyl parti” adlı pyesimi nəşr etdirdikdən sonra aylar boyunca poçtuma əsəri tapmaca kimi qəbul edərək onun mənasını şərh etməyə çalışan məktublar gəldi. Bu şərhçilər onlara təqdim etdiyim tapmacaya əsəbləşsələr də, görünürdü ki, onu həm də bəyəniblər. Əslində, özləri də bilmədən həll edəcəkləri tapmacanı özləri icad etmişdilər.

Bu vəziyyətdə qəbul etməliyəm ki, mən də tənqidçiləri yanlış yola sövq etməkdə günahkaram. “Bəhrəsiz torpaq” üçün şərhlər! Mən ilk şeirlərimi başqalarının əsərlərindən çırpışdırdığımı iddia edən tənqidçilərin atəşlərini kəsmək üçün əvvəlcə bütün sitatlarımın mənbəyini göstərməyi düşünürdüm. Sonra “Bəhrəsiz torpağ”ı balaca kitab kimi nəşr etdirməyə qərar verəndə (çünki bu şeir “Dial” və Crietrion”da ilk dəfə çap olunanda şərhsiz idi), şeirin kitab olmayacaq qədər qısa olduğunu gördüm; buna görə də əsərə əlavə edəcəyim qeydləri kitaba bir neçə səhifə qazandırmaq üçün genişləndirdim; nəticədə onlar bu günkü saxta müdriklik nümayişlərinin ekspozisiyasına çevrildilər. Bəzən bu qeydləri atmağı düşündüm; lakin artıq onlar şeirin bir hissəsinə çevriliblər. Elə oldu ki, bu qeydlər şeirin özündən populyar oldular və kitabı satın alanlar, şeirə əlavə etdiyim qeydləri görməyəndə, pullarını geri istəməyə başladılar. Bununla yanaşı, düşünmürəm ki, bu qeydlərin başqa şairlərə ziyanı var: bu metoddan pis şəkildə istifadə edən çağdaş şair tanımıram. (Marianna Mura keçəsi olsaq, onun şeirinə əlavə etdiyi qeydlər həmişə açıqlayıcı, maraqlı, əyləndirici və yetərlidir, oxucunun ikinci mənbəyə baxmağına ehtiyac qalmır) Başqa şairlərə pis örnək olduğum üçün peşman deyiləm. Üzüntümün əsas səbəbi qeydlərimin mənbəşünasları yanlış şərhlərə sövq etməsidir. Şübhəsiz ki, Miss Cessi Vestonun əsərinə böyük hörmət bəsləyirəm, ancaq bir xeyli araşdırmaçını Tarot kartlarını və “Müqəddəs qab əfsanəsi”ni araşdırmağa sövq etdiyim üçün peşmanam.

Bir şeiri onun mənşəyinə vararaq izah etməklə bağlı düşünərkən, Yunqun bir sitatına rast gəldim. Viktor Vaytın “Tanrı və təhtəlşüur” əsərində rastıma çıxan bu sitatı yazıçı Freyd ilə Yunq arasındakı radikal fərqi göstərmək üçün istifadə edir:

“Fiziki hadisələrə (deyir –Yunq) iki cür baxmağın mümkünlüyü qəbul olunmuş həqiqətdir: onlara ya mexanistik, ya da energetik rakursdan baxa bilərik. Mexanistik rakurs səbəbiyyətlə bağlıdır; hər hansı hadisə daim səbəbin nəticəsi kimi meydana gəlir... Digər tərədən energetik rakurs isə mütləq bir enerji mənbəyini hər şeyin başlanğıcı qəbul edir; hadisələrdəki dəyişkənliyin əsasən bu enerji formasına söykəndiyi ehtimalı əsas verir ki, nəticə və ya təsirlərin analizində nəticədən səbəbə gedilsin.”

Bu sitat “Analitik psixologiyaya töhfələr” adlı əsərdəndir. Mister Vaytın toxunmadığı, növbəti paraqrafın ilk cümləsini isə mən əlavə edim: “Bu rakursların hər ikisi fiziki hadisələrin anlaşılmasında qaçılmazdır.”

Mən bu misalı sadəcə suqqestiv analogiya kimi çəkirəm. Bir şeiri, onun komponentlərini və yaranma səbəblərini analiz edə bilərik və bunlar şeiri başa düşməyimiz üçün lazımlı hazırlıq ola bilər. Ancaq poeziyanı anlamaq, məqsədinin nə olduğunu qavramaq üçün əziyyət çəkmək lazımdır, yəni cəhd etmək lazımdır ki, bir poeziyanın entelexiyasını (sözün düzü, çoxdandır ki, belə terminləri əminliklə işlətmirəm) qavrayasan.

Səbəb-nəticə əlaqəsinə hədsiz dərəcədə söykənərək həyata keçirilən tənqidin ən təhlükəli forması bioqrafik tənqiddir, xüsusilə də bioqraf xarici faktları şairin ruhi təcrübəsiylə bağlı psixoloji təxminlərinə əlavə etməyə çalışırsa, həqiqətən təhlükəlidir. Mən demək istəmirəm ki, artıq həyatda olmayan bir şairin özəl həyatı və şəxsiyyəti psixoloq tərəfindən araşdırılmasın. Elm adamı, araşdırma subyekti həyatda olmadıqca və yazdığı şeylər onun şərəfinə, ləyaqətinə zərər vermədikcə, bu cür araşdırmalar etməkdə sərbəstdir. Şairlərin bioqrafiyasını yazmaqda da problem yoxdur, üstəlik, bioqrafın da tənqidi qabiliyyəti və zövqü olmalıdır, sağlam hökmlər verməsi və bioqrafiyasını yazdığı şəxsin əsərlərini anlaması da çox əhəmiyyətlidir; digər tərəfdən bir yazıçının əsərlərini ciddi şəkildə sərf-nəzər edən bir tənqidçi o yazıçının həyatını da bilməlidir. Həqiqətən təhsilli və təcrübəli bir psixoloq olmadan, ancaq oxuduğu kitablardan əldə etdiyi informasiya ilə bir müəllifin tənqidi bioqrafiyasını yazan tənqidçi və ya bioqraf məsələləri tamamilə bir-birinə qarışdıra bilər.

Bir şairlə bağlı öyrəndiyimiz informasiyanın bizə onun əsərlərini anlamaqda nə qədər yardımçı olması düşündüyümüz qədər bəsit məsələ deyil. Hər oxucu bu suala özü –özlüyündə, ümumiləşdirmə aparmadan, xüsusi vəziyyətləri nəzərə alaraq cavab verməlidir, çünki bir şairin həyatını bilmək, bəzi şairlərin əsərlərini anlamaqda faydalı olsa da, bəzilərində çox da vacib deyil. Poeziyadan zövq almaq müxtəlif ləzzət formalarının bir-birinə qarışdığı mürəkkəb bir təcrübə ola bilər və bu müxtəlif ləzzət formalarının proporsiyaası oxucudan oxucuya dəyişə bilər. Bunu açıqlamaq istəyirəm. Vordsvortun ən yaxşı şeirlərinin böyük hissəsini çox qısa zamanda yazdığını bilirik. Bu müddətin həm özü, həm də Vordsvortun həyatındakı yeri qısadır. Vordsvortu analiz edən xeyli adam onun sonrakı şeirlərinin rüsvayçı olduğunu yazıblar. Bir neçə il qabaq Ser Herbert Rid Vordsvortla bağlı çox maraqlı bir kitab yazdı. Buna baxmayaraq, düşünürəm ki, Ridin onu – Vordsvortu ən yaxşı qiymətləndirən essesi “Çox rəngli bir palto” adlı əsərdədir. Rid bu əsərdə Vordsvortun yaradıcı dühasındakı təbəddüllatların onun Anette Vallonla olan əlaqəsinin təsiriylə olduğunu yazır. Yaxın zamanlarda Mister F.V. Bateson da Vordsvortla bağlı çox maraqlı bir kitab yazdı. (Bu kitabın “iki səs” hissəsi Vordsvortun üslubunu başa düşməyimizə çox yardım edir) Bu əsərdə Bateson deyir ki, Annet şairin həyatında Ridin düşündüyü qədər önəmli rol oynamayıb və həqiqi sirr Vordsvortun bacısı Dorotiyə bəslədiyi sevgidə gizlənib. “Lusi” şeir silsiləsinin bu sevginin təsiri altında yazıldığını deyən Rid, Vordsvortun evlənəndən sonra niyə ilhamının qurumasından bəhs edir. Rid bəlkə də haqlıdır, çünki dedikləri ağlabatandır. Ancaq hər oxucunun özü-özünə verməli olduğu sual budur ki, bunlar Vordsvortun şeirlərini qiymətləndirməkdə nə qədər vacibdir? Bütün bunları bilmək bizim “Lüsi” şeirlərini anlamağımıza yardımçı ola bilərmi? Məncə, şeirin yaranmasına səbəb olan mənbələrin onu daha yaxşı anlamağımızda faydalı olması məcburi deyil, hətta bu mənbələrlə bağlı çox şey bilmək şeirlə tənqidçi arasındakı əlaqəni qopara bilər. Mən “Lüsi” şeir silsiləsini anlamaq üçün onların saçdığı işıqdan başqa bir şeyə ehtiyac duymuram.

Mən demirəm ki, Ser Herbert Rid və Mister Batesonun verdikləri informasiyanın və ehtimalların keçərli ola biləcəyi heç bir kontekst ola bilməz. Əgər Vordsvortu başa düşmək istəyiriksə, bu informasiyalar lazımlıdır, amma bu informasiyaların birbaşa formada onun şeirlərini anlamağımıza köməyi dəymir və ya bunların şeiri şeir kimi başa düşməyimizə dəxli yoxdur. Hətta mənə görə bütün böyük poeziya nümunələrində, şairi nə qədər yaxşı tanıyırıq-tanıyaq, açıqlaya bilməyəcəyimiz bir şey var və bu, məncə, çox əhəmiyyətlidir. Bir şeir yaradılanda əvvəlki təcrübələrimizin köməyi ilə açıqlanması mümkün olmayan bir şey baş verir.

Bir şeiri bütün mənbələrini araşdıraraq açıqlamaq çağdaş tənqidin metodu deyil; ancaq şeirin özündən başqa şeylərin köməyiylə açıqlanması xeyli oxucunu razı salan metoddur: şeirlərimlə bağlı tanımadığım adamlardan aldığım məktubların əksəriyyəti məndən bacarmayacağım açıqlamalar istəyirlər. Professor Riçards və onun say-seçmə tələbəsi olan professor Empsonun şeir analiziylə bağlı apardıqları aradışdırmaların təmsil etdiyi başqa tendensiyalar da var. Son zamanlar professor Riçardsın siniflərindəki təhlil metodlarından doğan və diqqətin şairdən şeirə çevrilməsinə rəvac verən sağlam reaksiyanın fərqindəyəm. Qısa müddət əvvəl yayımlanmış “Təfsirlər” (İnterpretions) adlı kitabda on iki gənc ingilis tənqidçisi tərəfindən yazılmış silsilə esselər tapdım; bu tənqidçilərin hər biri öz seçdikləri bir şeiri təhlil ediblər. Bu esselərdə istifadə edilən metod öz növünü təmsil edən məşhur bir şeiri götürmək və başqa bir şair, başqa bir əsər və ya eyni şairin başqa şeirindən yararlanmadan onu bənd-bənd, sətir-sətir təhlil etmək, hər ünsürü ən xırda parçalarına ayıraraq, hər xırda zərrədən məna çıxararaq anlamağa çalışmaqdır. Buna tənqiddə limon sıxma metodu da deyə bilərik. Şeirlər XVI əsrdən bu günə qədər yazılmış mətnlər arasından seçildiyinə və bir-birindən çox fərqli olduqlarına görə, kitab “Zümrüd quşu və tısbağa” (The Phoenix and the turtle) ilə başlayaraq mənim “Prufrok” və Yeytsin “Tələbələr arasında” (Among School children) adlı şeiriylə bitməkdədir. Bu əsərdə hər tənqidçi öz metodundan istifadə etməkdədir, nəticə diqqətəlayiq, bir az da qəribədir. Bunu qəbul etməliyik ki, hər biri didik-didik edilərək təhlil edilmiş on iki şeiri analiz etmək çox yorucu işdir. “Prufrok”dakı sisin qonaq otağına girdiyini oxuyanda bir az təəccübləndim, amma şeirin təhlili nə mənim şəxsi həyatıma, nə ədəbiyyatdan başqa mənbəyə istinad olmadan edilmişdi. Bu mətn mənim şeirdə nə demək istədiyimi nəzərə almadan ancaq şeirin nə demək istədiyini tapmağa çalışırdı. Bu, məni sevindirdi. Kitabda çox bəyəndiyim bir neçə esse oldu, ancaq hər metodun öz çatışmazlıqları və təhlükələri olduğu kimi, bu metodun da təhlükələrindən, qüsurlarından danışmaq məntiqli olar. Ən çox sinifdə tələbə yetişdirmək üçün tətbiq edilməli olan bu metodun təhlükələrinə qarşı müəllimlər öz tələbələrini xəbərdar etməlidirlər.

Bu metodun birinci təhlükəsi şeirin yalnız bir doğru şərhini nəzərdə tutmasıdır. Xüsusilə bizimkindən fərqli əsrdə yazılmış şeirlər təhlil edilərkən, lazımlı olan təfərrüatlı izahlar, bilinməli faktlar və tarixi allüziyalar var, üstəlik, fərqli sözlərin həmin əsrdəki mənaları nəzərə alınmalıdır. Müəllimlər tələbələrin bu kimi nöqtələri qaçırmamasına diqqət etməlidir, o ki qaldı şeirin bütövlükdə daşıdığı mənaya, heç bir açıqlama bunun üçün yetərli deyil. Çünki şeirin mənası bir-birindən fərqli olan həssas oxucuların hər biri üçün ayrıdır. İkinci təhlükə – sözügedən kitabda heç bir tənqidçidə görməsəm də, oxucular diqqətli olsun – keçərli hər hansı interpretasiyanı şairin bilərək, yaxud bilməyərək ifadə etməyə çalışdığı şeylə eyniləşdirməkdir. Ümumi tendensiya belədir ki, bir şeirin qaynaqlarını analiz edəndə və şairin öz təcrübəsini şeirə necə çevirdiyini öyrənəndə şeiri başa düşdüyümüzü zənn edirik, yəni inanırıq ki, şeirin izahı bizə onun necə yazılmasıyla bağlı da bir fikir verir, şübhəsiz, bunun əksi də mümkündür. “Prufrok”un sözügedən təhlili mənə maraqlı gəldi, çünki şeiri ağıllı, həssas və çalışqan bir oxucunun baxış bucağından görmək fürsəti əldə etdim. Bu, nə oxucu şeiri mənimtək anlayır deməkdir, nə də onun açıqlamasının mənə bu şeiri yazdıran təcrübəylə və ya mənim yazı prosesində yaşadığım hər hansı təcrübəylə nəsə əlaqəsi var deməkdir. Dilə gətirmək istədiyim üçüncü məqam isə əvvəllər oxumadığım çox yaxşı bir şeirə tətbiq edilən metodu bir test kimi götürməkdir: çünki şeirlə bağlı açıqlamanı oxuduqdan sonra onu bəyənib-bəyənməyəcəyimi bilmək istəmirəm. Bu kitabdakı az qala bütün şeirlər neçə illərdir oxuyub sevdiyim şeirlərdir. Bu şeirlə bağlı təhlilləri oxuduqdan sonra fərqinə vardım ki, onlardan əvvəllər aldığım zövqü hiss etmədim. Özümü hissələrinə ayrılmış bir maşını təzədən bir yerə yığmağa məsul bir şəxs kimi gördüm. Zənnimcə, yaxşı şərhin dəyərinin çoxu onun bizim şərhimiz olmasından irəli gəlir. Bəlkə də şeir tədqiqatçılarının mənə yanlış şərhlərdən qaçmaq üçün öyrədəcəkləri xeyli fakt var, amma dəyərli şərh mənim hisslərimə də xitab etməlidir.

Bu yazıda məqsədim dövrümüzdə tətbiq edilən bütün ədəbi tənqid növlərini müzakirə etmək deyil. Ədəbi tənqiddə əvvəlcə Kolridc ilə başlayan və son iyirmi beş ildə daha böyük sürətlə davam edən dəyişməyə diqqət çəkmək istədim. Mən dedim ki, tənqiddəki bu təcil sosial elmlərin ədəbiyyatla olan əlaqəsində və kolleclərimizdə, məktəblərimizdə (çağdaş ədəbiyyat da daxil olmaq üzrə) ədəbiyyatşünaslığın əhəmiyyətə minməsinə görədir. Bu dəyişikliyin əleyhinə deyiləm, çünki bu qabağı alınası fakt deyil. Heç nəyin konkret olmadığı, insanların yeni elm sahələriylə təəccübləndiyi və heç bir ortaq inanca və keçmişə sahib olmadığı belə bir əsrdə tədqiqata açıq heç bir sahə gizli qala bilməz. Ancaq bu müxtəliflik içində belə soruşa bilərik ki, bütövlükdə ədəbi tənqiddə nə kimi ortaq dəyərlərin olmalıdır? Otuz il əvvəl iddia etmişdim ki, ədəbi tənqidin ən vacib vəzifəsi “sənət əsərlərini açıqlama və insanların zövqlərinə yön vermək”dir.

Bu hökm 1956-cı ildə bizə çox şişirdilmiş kimi gələ bilər. Bəlkə də onu daha sadə, çağımızda qəbul edilən şəkildə “ədəbi tənqidin vəzifəsi ədəbiyyatı anlamaq və ondan zövq almağı təşviq etməkdir” şəklində ifadə edə bilərəm. Bu hökmlə zövqsüz əsərləri faş etmək kimi mənfi işin də ədəbi tənqidin işləri arasında olduğuna eyham vurmaq istəyirəm. Çünki tənqidin bir vəzifəsi də yeri gəldikcə ikinci sinif, saxta olanı ortaya çıxarmaqdır. Buna baxmayaraq, tənqidin əsas işi təqdirəlayiq olanı dəyərsizlər arasından çəkib çıxartmaq və öyməkdir. Burada “başa düşmək” və “zövq almaq” anlayışlarından birini fikri, digərini hissi olaraq bir-birindən ayırmıram. İzah olunmalı bir şeyin izah edilməsi anlaşılmağın ilk şərti olmaqla yanaşı, mən “anlamaq” sözüylə “izah etməyi” nəzərdə tutmuram. Bir nümunə gətirməli olsaq: Çoseri anlamaq üçün bilinməyən sözləri və sözlərin bilinməyən formalarını öyrənmək lazımlıdır; bu, açıqlamadır: ancaq usta bir adam Çoserin sözlərini, sözlərin yazılışını, sintaksisini başa düşə, hətta bir az da irəli gedərək yazıçının dövrü, sosial vərdişləri, inanclarıyla da bağlı xeyli informasiya əldə etmiş ola bilər, ancaq yenə də Çoserin əsərlərindən baş çıxarmaya bilər. Bir şeiri anlamaq – doğru səbəblərə görə ondan zövq almaqla eyni şey deməkdir. Belə də deyə bilərik: bu, bir şeirdən onun verə biləcəyi ən böyük zövqü almaqdır. Mənasını anlamadan bir şeirdən zövq almaq, o şeirə proyeksiya etdiyimiz öz duyğularımızın və öz düşüncələrimizin zövqünə varmaq deməkdir. Dil elə ipə-sapa yatmayan bir ifadə müstəvisidir ki, bir şeyin “zövqünə varmaq” ilə o şeydən “zövq almaq” eyni şey deyil, yəni bir şəxsin şeirdən əyləncə üçün istifadə etməsiylə şeirdən zövq alması eyni şey deyil. Əslində, “zövq” sözü “zövq” verən şeyə görə dəyişdiyi kimi, fərqli şeirlər fərqli zövqlər doğurur. Aydındır ki, bir şeiri başa düşmədən ondan zövq almaq qeyri-mümkündür, eyni şəkildə, zövqünə varmadan bir şeiri açıqlamaq da mümkün deyil. Başqa şeirlərlə müqayisə etmədən, doğru şəkildə, doğru dərəcədə bir şeirin zövqünə varmaqdan söhbət gedə bilməz. Zövq – bir şeirin verdiyi zövqlə digər şeirlərdən əldə olunan zövq arasında qurulan əlaqədə aydınlaşır. Elə bilirəm, deməyə ehtiyac yoxdur ki, zəif şeirlərdən zövq almaq olmaz, əgər zəifliyi yumor hissimizə xitab etmirsə.

Dedim ki, bir şeiri izah etmək o şeiri anlamağın ilk şərtidir. Bununla yanaşı, bəzi şeirləri izahsız başa düşürəm. Məsələn, Şekspirin:

Atan düz beş qulac dərinlikdə yatır.

(Full fathom five thy father lies)

yaxud, Şellinin:

Səmaya dırmaşmağın və yer üzünə tamaşa etməyin

verdiyi bezginlikdən bənizi solğun.

(Art thou pale for weariness of climbing heaven and

gazing on the earth)

–sətirlərində olduğu kimi, xeyli şeirdə açıqlanası, yəni ondan alacağım zövqü artırası əlavə bir şey yoxdur. Bəzən, əvvəl də eyham vurduğum kimi, bir şeiri açıqlamaq anlamağa yardım etmək əvəzinə, bizi şeirdən uzaqlaşdıra bilər. Şekspir və Şellinin yuxarıda sitat çəkdiyim şeirlərini anladığımı deyərkən yanılmıram, çünki bu şeirlər hələ də məndə əlli il öncəki dərin həyəcanı yaradırlar.

Beləliklə, ədəbi tənqidin sərhədlərini aşmış ədəbi tənqidçi ilə tənqidçi arasındakı fərq onda deyil ki, ədəbi tənqidlə məşğul olan müəllif “sırf” ədəbiyyatla maraqlanır, başqa şeylərə marağı yoxdur. Ədəbiyyatdan başqa heç nə ilə maraqlanmayan bir tənqidçinin bizə deyəcək heç nəyi yoxdur, çünki onun üçün ədəbiyyat mücərrəd anlayışdır. Şairlərin şeirdən başqa maraqları da var, əks təqdirdə, onların şeirləri bomboş olardı. Şairləri şair edən şey onların təcrübə və düşüncəni şeirə çevirə bilmək üçün hiss etdikləri dərin istəkdir; bir təcrübəni yaşamaq və düşünmək isə şeirdən artıq maraq dairəsinə sahib olmaq deməkdir. Deməli, ədəbi tənqidçinin başlıca məqsədi oxucularının bir əsəri anlayıb zövq almasına imkan yaratmaqdır. Ancaq ədəbi tənqidçi, şair kimi, başqa sahələrlə də maraqlanmalıdır, çünki bir tənqidçi təkcə haqqında yazdığı müəlliflərin tətbiq etdikləri qaydaları bilən mütəxəssis deyil. Tənqidçi öz inancları olan, bəzi prinsiplərə sadiq qalan, həyat təcrübəsi və informasiyası olan bütöv insandır.

Buna görə də soruşa bilərik ki, bizə ədəbi tənqid olaraq təqdim edilən hər hansı yazı bizim sözügedən əsəri başa düşüməyimizə, ondan zövq almağımıza yardım edir, ya yox? Ədəbi tənqid bizə bu məsələdə köməkçi olmasa da, yenə də legitim və faydalı fəaliyyət sayıla bilər. Ancaq belə bir yazı psixologiyaya, sosiologiyaya, məntiqə, pedaqogikaya və ya başqa bir sahəyə qatqısı baxımından, ədəbiyyatçılar tərəfindən yox, mütəxəssislər tərəfindən dəyərləndirilməlidir. Bioqrafiyanı tənqidlə eyniləşdirməməliyik: bioqrafiya bizə bir əsəri daha yaxşı başa düşmək üçün əvvəlcədən bilgi verir, ancaq o, diqqətimizi şairə fokuslayaraq bizi əsərin özündən uzaqlaşdıra da bilər. Şairin yaşadığı dövrlə bağlı bilgiləri (faktiki informasiyanı), ictimai şərtləri, onun yazılarında sətiraltı ifadəsini tapan fikirləri və həmin dövrdə yazıçının istifadə etdiyi dilin vəziyyətini onun şeirlərini anlamaqla qarışdırmamalıyıq. Əvvəllər də dediyimiz kimi, bu cür informasiyalar şeiri anlamaqda lüzumlu olan hazırlıq şərtlərindən ola bilər, üstəlik, tarixi informasiya kimi də müəyyən dəyərə sahibdir, ancaq şeirin anlamaq üçün bunlar bizi qapıyacan apara bilər: açarı özümüz tapmalıyıq. Mövzuya bu yazının müdafiə etdiyi rakursdan baxsaq, bu informasiyaları əldə etməkdə məqsəd o deyil ki, özümüzü şairin yaşadığı əsrdə təsəvvür edək və onun şeirlərini oxuyarkən həmin çağdakı kimi hiss edib düşünək, hərçənd bu təcrübənin də öz yeri var. Bu cür hazır informasiyaların daha çox bizim və şairin yaşadığı əsrin məhdudiyyətlərindən xilas olmaq, əsərlə birbaşa təmas quraraq onu konkret təcrübə kimi hiss etməkdə faydası var. Safonun bir qəzəlini okuyarkən ən vacib şey mənim özümü 2500 il əvvəl bir yunan adasında təsəvvür etməyim yox, şeirdən başı çıxan müxtəlif dillərin və əsrlərin insanlarına həmin şeirin dadızdırdığı təcrübəni mənim də yaşamağım və ya 2500 il əvvəldən bugünə sıçramağı bacaran qığılcımı tuta bilməyimdir. Buna görə də özümü ən çox borclu hiss etdiyim tənqidçi mənə əvvəllər görmədiyim bir şeyi göstərə bilən və ya o şeyə qarşı bəslədiyim qərəzi yox eləyən, məni sənət əsəriylə üz-üzə gətirərək onunla təkbətək buraxan tənqidçidir. Bu baxımdan öz duyğularıma, zəkama və mühakimə qabiliyyətimə inanmağa məcburam.

Əgər ədəbi tənqiddə ən böyük vurğunu “anlamağın” üzərinə qoysaq, “əsəri anlamağı” onu “açıqlamağa” çevirmək təhlükəsiylə qarşı-qarşıya gələ bilərik, hətta çaşıb ədəbi tənqidi elm sahəsi hesab edərik; tənqid heç vaxt elm sahəsi ola bilməz. Digər tərəfdən, əgər bir sənət əsərindən “zövq almağı” çox şişirtsək, subyektiv və ya impressionist tənqidə meyl edə bilərik, onda ədəbiyyat bizim üçün eləcə yaxşı vaxt keçirdiyimiz məşğulliyyət olar. Bundan otuz il qabaq məni “Tənqidin vəzifəsi” başlıqlı esseni yazacaq qədər əsəbləşdirən də bu növ yazılar idi. Elə başa düşülməsin ki, bugün tənqiddə izahedici olmaqdan qaçmalı olduğumuzu deməklə, əsrimizin tənqid metodlarını bəyənmədiyimə eyham vururam. Fikrimcə, son otuz ildə Amerikada və Britaniyada ədəbi tənqid baxımından çox parlaq bir dövr olub. Hətta gələcəkdə bu dövr bizə bəlkə də daha parlaq görünəcək. Kim bilir?

# 5862 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #