Sahilənin Sənanı və "Şeyx"i

Sahilənin Sənanı və "Şeyx"i
28 sentyabr 2021
# 17:28

Kulis.az Vüsal Aydının "Şeyx" romanı haqqında yazısını təqdim edir.

Bu kitabda sənət filmi “dadı” var. Oxuyarkən səni “vay dədə, niyə belə oldu?”, “görəsən, indi nə baş verəcək?”, “indi necə olacaq?” kimi suallar düşündürmür, oxumaq üçün adamdan səbir tələb edir, bunun əvəzində kitab oxucunu ətrafındakı insanların dünyaya baxışı və dini dünyagörüşünü yenidən götür-qoy eləməyə, həmçinin öz daxili aləmini daha yaxşı tanımağa sövq edir.

Mən Sahilə xanımın qələmi ilə “Varlı kişinin portmanatı” hekayələr kitabından tanışam. Anlaşıqlı və sadə üslubu ilə çatdırmaq istədiyi fikri oxucuya onu incitmədən, yormadan ötürməyi bacardığını bilirəm, ona görə də bu romandan gözləntim bu istiqamətdə idi. Lakin…

Sahilə Yayanın “Şeyx” əsəri əvvəlcə tamamilə əlaqəsiz kimi görünən və üç paralel zamanda gedən hadisələrin sona doğru bir-birinə çox ustalıqla hörüldüyü romandır. Mən bu romana ədəbiyyatdan başı çıxırmış kimi “ağıllı-ağıllı” fikirlər bildirməklə şərh vermək istəmirəm, belə bir şərh arzulasanız, Əli Novruzun kitab haqqında qaraladıqlarına göz ata bilərsiniz. Romanın daha ədəbi-bədii təhlilini isə Cəlil Cavanşirin yazısından oxumaq olar. Mən daha çox heç nədən başı çıxmayan avam oxucu mövqeyindən öz yanaşmamı yazacağam.

Əsər Almaniyada yaşayan Şumeysat adlı baş qəhrəmanın Şeyx Sənan haqqında roman yazmağa çalışdığı, ancaq bunun üçün özündə yetərli həvəs tapmadığı qatar səhnəsi ilə başlayır. Şumeysatın həm də Sənan adında uşaqlıq dostu (yeniyetməlik sevgisi) var və o, milliyyətcə ermənidir. Elə bu səhnədə, yəni Şumeysat romanı yaza bilmədiyi vaxtda Sənan gəlib oturur yanında. Bununla da Şumeysat uşaqlığını, Sənanla yaşadıqlarını, anasının, bacısının, qardaşının başına gələnləri xatırlayır və romanı yazır. Beləcə, roman üç paraleldə – indiki zaman, yəni Almaniyada baş verən və Şumeysatla Sənanın arasında yaşananlar, Şumeysatın uşaqlığı, yəni anası, atası, bacısı, qardaşı, həmçinin yeniyetmə Sənanla olan münasibətlərini ehtiva etdiyi 1990-cı illər və Şumeysatın yazdığı roman, yəni Şeyx Sənanın əhvalatı fonunda irəliləyir.


"Şeyx" romanı

Mənə görə, bu roman bir yazıçının roman yazma prosesini və həmin prosesdə keçdiyi gərgin, psixoloji dönəmləri ehtiva edir. Məsələ nə erməni-müsəlman sevgisidir, nə də Şumeysatın uşaqlıqda çəkdiyi əzabların dramatikləşdirilməsi. Sahilə Yaya öz obrazına Şeyx Sənan haqqında roman yazdırarkən oxucunun roman içindəki romanı bəyənməyəcəyindən ehtiyat edirmiş kimi öz yazıçı obrazını kitabları qaytarılan, satılmayan, oxunmayan, uğursuz yazıçı kimi təqdim edir, ancaq onun həyata baxışından və cəmiyyətin doqmalarını cəsarətlə çək-çevir etməsindən, həmçinin qədim şərq rəvayəti olan “Şeyx Sənan”ın romanını yazarkən özü yaşayırmışcasına haldan-hala düşməsindən, əslində, Şumeysat obrazının iliyinə qədər yazıçı olduğunu görürük. Zənnimcə, müəllif bununla günümüz reallığında uğurlu və uğursuz yazıçı probleminə də çox gözəl işıq tutur.

Kitabın ən xoşagələn cəhəti hər fürsətdə müxtəlif fikirlər müzakirə etməsi oldu. Yaradan, din, əxlaq, kişi-qadın münasibətləri kimi geniş və çətin mövzularda yazıçının cəsur və parlaq fikirlərini, doğrusu, çox bəyəndim. Ən gözəli də bunların acı fikir kimi ortalığa tökülmədən mətndə həll olunması idi.

Bilmirəm, əsərin sonluğu barədə yazmaq nə dərəcədə düzgün olar, ancaq açıqlıqdan mümkün qədər qaçmağa çalışaraq bir şəxsi görüşümü qeyd etmək istəyirəm. Müəllif bunu əsərdə xüsusi vurğulamasa da, mənə elə gəldi ki, erməni Sənanın qatarda Şumeysatla rastlaşması və sonrakı münasibətləri heç də təsadüfi deyildi, əksinə, bütün bunlar Şeyx Sənanı daha dəqiq anlamaq və daha dolğun obraz yaratmaq üçün yazıçı Şumeysatın öz təsəvvüründə canlandırdıqları idi ki, hər iki romandan Sənanların eyni vaxtda çıxması buna yaxşı işarə verirdi.

Nə dediyimi romanı oxuyanda anlayacaqsınız. Bu barədə digər oxucuların da fikrini bilmək istərdim.

Kitabın tərtibatı və çap keyfiyyətinə söz ola bilməz: əladır. Hərf səhvləri, demək olar ki, yoxdur.

…Lakin bu qədər gözəlliyin içində adamı darıxdıran və karıxdıran şeylər də var. Məsələn, kitab çox yaxşı korrektə olunsa da, redaktəsi olduqca zəifdir. Cümlələr “sığal” çəkilməmiş, “qayğı” göstərilməmiş olaraq qalıb. Təhkiyə, bəzi yerlərdə o qədər yalın və yavan qalır ki, adam bədii ədəbiyyat oxuduğunu hiss eləmir. “Şumeysat üzünə krem çəkdi”, “Şumeysat təzə aldığı əlcəkləri geyindi”, “…saçlarını düzləşdirmək istəsə də, fikrindən daşındı”, “…bahalı dəri çantasından beş cür baxım ləvazimatını çıxarıb yan-yana düzdü” tərzində “hə, nə olsun ki?” dediyim və məncə, romandan çıxarılsa belə, çox vacib itki olmayacaq bir xeyli cümlə var əsərdə. Bundan başqa dialoqlar da könül oxşamır. Sanki obrazlar yox, elə hər yerdə müəllif danışır, sadəcə öz sözlərini, öz fikirlərini obrazlar arasında bölüşdürüb. Bir də Şeyx Sənanın qocalıb ahıl yaşına çatdığı halda müridlərinin gənc qalması məsələsi mənə çatmadı…

Bütün hallarda Sahilə Yayanın “Şeyx” romanı dəhşətli dərəcədə oxunaqlı və axıcı olmasa da, müzakirə elədiyi fikirlər, girişdiyi mövzu və çətin mətləblərin mətndə ustalıqla həlli baxımından olduqca uğurlu alınıb. Oxumağı tövsiyə edəcəyim dəyərli əsərlərdən oldu mənim üçün.

Sahilə xanımı təbrik edir, yaradıcılığında uğurlar arzulayıram.

Növbəti əsərlərini səbirlə gözləyirəm.


Vüsal Aydın

# 3914 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #