Qəmərlidən keçən qatar

 Qəmərlidən keçən qatar
22 aprel 2013
# 10:38

Azər Abdulla

(Olay Ermənistan zəlzələsindən on iki il öncə olub)

O PAYIZ düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarının, vağzalların yanından ötəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı, sarı soğan adamın üzünə gülür, aralanıb gedəndən sonra uzun müddət xışıltısı eşidilirdi.

Onlar rayona çatıb, balaca avtobusdan düşüb iri pəncərələri, işıqlı, yumşaq, rahat oturacaqlı və hündür söykənəcəkləri təmiz örtüklü təptəzə “İkarus”a mindilər. Ağəli pəncərələrin pərdələrini çəkib tam açdı, oturduqları yer daha da işıqlandı. Qabaqda Ağəlinin qadınıyla beş yaşlı qızıydı. Onların arxasında atasıyla özüydü. Hər şey gözəl idi. Yan-yörəsindəki qız-gəlinə maraq göstərmədən arvadının kənddən rayonacan dinməzcə oturub bütün yolboyu pəncərədən bir çiyni üstə bayıra baxması da, qızının xurmayı saçına bağlanmış qıraqları zərli su kimi şəffaf bantı da, avtobusun işıqlı və rahatlığı da Ağəlinin ürəyincə idi. “Kaş avtobus birbaşa Mığrıya gedəydi”-fikrindən keçdi. Ancaq Ağəlini lap çox sevindirən, tox saxlayan atasıydı. Bir ay qabaq xəstə atasını qucağına alıb avtomaşına, sonra qatara mindirmiş, müəllim işlədiyi uzaq rayonun ucqar bir kəndinə gətirmişdi. Bu ucqar kəndin yaxınlığındakı sanatoriyada atası vannalar qəbul etmişdi. İyirmi gün ərzində hər gün qadınıyla, qızıyla ona baş çəkmişdi. Atasına oyma naxışlı əl ağacı almışdı. Sumağı Qaragül dərisindən yaraşıqlı buxara papaq tikdirmişdi. Qabaqcadan söz verdiyi kimi sanatoriyadakı məşhur diş həkiminə beş qızıl diş saldırmışdı. Ən başlıcası o idi ki, atasının ayaqları açılmışdı, kiminsə köməyinə ehtiyacı olmadan əl ağacına söykənə-söykənə, yavaş-yavaş yeriyirdi. Ağəlinini ürəyi evlərinə sarı uçunurdu. Maşından düşcək qabaqca özü gedib atasının gəldiyini xəbər verəcəkdi. Anası eyvana çıxıb görəcəkdi ki, əri qoz ağacından olan 30-40 metrlik yolu bir kəsin köməyi olmadan özü ağır-ağır gəlir. Həmin gün bütün kənd tökülüşüb görüşə gələcəkdi.

Enli, asfalt yolun qırağınca sıralanmış ərik ağaclarının yarpaqları qızılıya çalırdı. Sürücü avtobusu dayanacaqların birində saxladı.

İpək pərdənin bağı açıldığından sürüşüb pəncərənin yarısını örtmüşdü. Qoca çəliyinin ucuyla pərdəni çəkib açmaq istəyirdi, pərdə sürüşüb yenidən pəncərənin yarısını örtürdü. Ağəli qadınını dümsüklədi, qadını geri dönəndə eyhamla atasını göstərdi və eyni vaxtda - Baba, nə eləyirsən? – soruşdu. Ağəlinin qadınının dodağı qaçdı, tez qabağa baxdı. Qoca heç nəyə əhəmiyyət vermədən inadla pərdəni açmaq istəyirdi. O, gülümsündü, öz-özüylə danışırmış kimi – Soğana bax ee... – dedi. Ağəli bayıra baxdı, sarı soğan təpəciyi arxada qaldı, sonra çevrilib gözünün qırağıyla atasının son vaxtlar durulmağa başlayan gülümsər üzünü, dodaqlarının arasından işaran qızıl dişlərini, siqaretdən saralmış çal bığlarını və ona çox yaraşan sumağı rəngli papağını gözdən keçirdi. “Görəsən soğan görəndə kefi niyə belə durulur?” Birdən uşaqlıq illərinin bir günü, səsi, qoxusu aydın mənzərəsi ilə Ağəlinin gözü önündə canlandı. Çevrilib atasına bir də baxdı. Qocanın üzündə bir şəfəq kimi oynayan sevincin, yüngüllüyün, xoş ovqatın uzun-uzun illər öncə həmin sentyabr günündən düşdüyünə şübhəsi qalmadı. O vaxt atası kolxoz sədriydi. Ağəli üçüncü sinifdə oxuyurdu. Yan-yörəsi qalın pöhrələnmiş qoz ağacının iri gövdəsindən kəsik yerində ayaqüstə dayanmışdı. Yarpaqları aralayıb qarşıdakı dağlara, dağların dibindən ilan kimi qıvrılıb axan Mığrı çayına, rayondan kəndə uzanan torpaq yola baxa-baxa cibinə yığdığı alasütül zoğallardan çıxarıb yeyir, çəyirdəklərini iki barmağının arasında basıb uzağa sıçradırdı. Azca aralıda pilləkən kimi üst-üstə olan iri soğan zəmiləri burdan əl içi kimi görünürdü. O sentyabr günü məktəb uşaqları da soğanlıqdaydı. Güllü, al-əlvan geyinmiş məktəbli qızlar kəpənək kimi gövşəndə, zəmilərdə dolaşırdılar. Mahnı oxuyan qızların, qışqırıb fit çalan oğlanların səsi gövşəni bürümüşdü. Çıxarılan soğan zənbil-zənbil, səbət-səbət zəmilərin qırağına daşınır, orada kəsilib arıdlanır, günavar yerə yığılırdı.

Günortaydı. Ağəli qabaqca ona sarı yaxınlaşan, hardansa uzaqlardan gəlib onların məktəbində işləyən Zülfiyyə müəllimi gördü. İri yumru soğanlardan olan hörgünü əlində sallada-sallada gəlirdi. O, bir an diksinib duruxan kimi oldu. Ağəli qarşı tərəfə baxanda tutluqdan qəfil çıxıb gələn atasını gördü. Ağəlinin ürəyi tez-tez döyünməyə başladı. Araladığı budağın balaca qanadını yavaşca buraxıb üzünü gizlətmək istədi. Ürəyində Allaha yalvardı ki, atası Zülfiyyə müəllimin üstünə qışqırmasın, əlindəki o hörgü soğandan ötrü onu danlamasın. Zülfiyyə müəllim bircə saat Ağəligilin sinfində dərs demişdi. Elə həmin saat Ağəli bilmişdi ki, Zülfiyyə müəllim onlara dərs deyən, il boyu döşlərindən süd axan sinif müəllimindən də, məktəbin bütün qızlarından da, qadın müəllimlərindən də, klubda işləyən və kəndin gözəli sayılan Səmayədən də qəşəngdir. Ağəliyə görə onun atası kolxozda işləyən bütün qadınlara çığıra bilərdi, məktəbin bütün qadın müəllimlərini danlaya bilərdi, təkcə Zülfiyyə müəllimdən başqa. Zülfiyyə müəllimin boyu-buxunu da, geyimi, yerişi də bu kənddə heç kimə bənzəmirdi. Qadınlardan tər, turşumuş süd iysi gəlirdi, onlar bəzən qaş-qabaqlı olurdu, üz-gözlərini turşudurdu, acıqlı-acıqlı danışır, hirslənib qışqırırdılar. Ancaq Zülfiyyə müəllimdən gözəl qoxu gəlirdi, mehriban idi, həmişə gülümsünə-gülümsünə danışardı, səsi məxmər kimi yumşaq idi, yumşaq ağ əlləri ilə balaca Ağəlinin saçlarını tumarlamışdı...

Atası Zülfiyyə müəllimin salamını aldı astadan: - Sizə olar, -söylədi.

Ağəli ehmalca yarpağı araladı. Zülfiyyə müəllim atasından iki addım aralıdaydı. Yerə baxırdı, hərdən bir başını qaldırıb utana-utana, gülə-gülə nəsə deyir, əlindəki soğan hörüyünü yellədib qıçlarına toxundururdu. Atasının üzü Ağəliyə sarıydı.

– Deyərəm axşam bir kisə gətirərlər. Nə lazım olsa...

Zəminin o başından kolxozçular göründü. Atası tələsik: - Utanıb eləmək lazım deyil... – deyib aralandı.

Həmin sentyabr günü Ağəlinin yadında bircə şey qaldı. O, atasının heç bir zaman, hətta evlərində anasıyla da belə mehriban, belə doğma, xoşsifət və yumşaq səslə danışdığını görməmişdi.

Hər şey gözəl idi, ancaq Ağəlini ertədən bircə şey narahat edirdi. Qorxurdu ki, “Yerevan-Bakı” qatarına bilet olmasın. Onu ikinci qatarın rayonlarına nə gecəyarısı çatması, nə də vağzaldan maşən tapıb kəndlərinə getmələri qorxudurdu. O, “Yerevan-Qafan” qatarında nadinc uşaqlara rast gəlməklərindən ehtiyat edirdi. Bu narahatlıq küt diş ağrısı kimi ondan əl çəkmirdi.

Vağzalın binasına gircək Ağəli bilet kassalarının qabağından ötüb sol tərəfdəki gözləmə zalının qapısına sarı getdi. Qadınıyla qızı dabanqırma onun arxasınca irəliləyirdi. Qapıya çatanda çiyniüstə çevrilib arxaya baxdı. Atası əks tərəfdəki sağ qapıya yaxınlaşırdı. Ağəli-Baba! Baba! –deyə çağırdı. Atası çevrilib baxsa da dayanmadı. Ağəli doğma dildə başqalarının diqqətini çəkəcəyindən ehtiyat edib başıyla “bu yana gəl” işarəsi verdi. Qoca əlini yelləyib nəsə dedi, restorana sarı getdi.

Tezdən bəri özünün də xəbəri olmadan Ağəlinin küt diş ağrısına bənzəyən o narahatçılığına səbəb həm də sağ tərəfdəki gözləmə zalının xofuydu.

Ağəli on dörd yaşında olanda əmisinə qoşulub Yerevanda kolxoz sədrlərinin təkmilləşdirmə kursunda oxuyan atasının yanına gəlmişdi. Bir neçə gündən sonra geri qayıdanda atası onu həmin restoranın yanında gözləmə zalında mığrılı bir tanış qadına tapşırdı, qatarın tərpənməsini gözləmədən çıxıb getdi. Mığrılı qadın onu bağlamaların yanında qoyub harasa yollandı. Azca sonra restoranın qapısı şaqqıltıyla açıldı. Hay-küy qopdu. Cavanlar itələşə-itələşə, dartına-dartına restorandan gözləmə zalına doluşdular. Vurhavur, tuthatut, qaçhaqaç başlandı. Kim-kimə tərəf idi, kim-kimə düşmən idi bilinmirdi. Gözləri qızmış cavanlar bəzən çaşıb özünküləri yumruqlayır, təpikləyirdilər. Yaxası cırılmış, burnu qanamış, zərbələrdən sifəti qızarmış oğlanlar geniş zalın bir yanından o biri yanına burulğan kimi keçirdilər. Qatarı gözləyənlərin bəziləri qaçıb çölə çıxdı, bəziləri qat-qarışığa düşüb döyüldü, bəziləri əlləri ilə başını tutub divara, küncə qısılıb qaldı. Qəribəsi bu idi ki, bu dava-dalaşda şapalaq, yumruq səsindən, ayaq şappıltısından başqa bir qışqırtı, bir cınqırtı eşidilmirdi. Elə bil televizorda lal kadrlar göstərilirdi. Kiminin papağı, kiminin ayaqqabısı göydə uçurdu. Balaca Ağəli gözləmə zalının qapısına doğru addımlayıb çölə sivişmək istəyəndə şıdırğı döyüş burulğanından dörd nəfər ayrıldı, dalaşa-dalaşa ona sarı yaxınlaşdı. Dalaşanlardan birinin pencəyi sıyrılıb başqasının əlində qaldı, pencəksiz oğlan güllə kimi qaçıb qapıdan çıxdı. Ağəli divara qısıldı. əlində bıçaq, limonad şüşəsi tutmuş, yumruğunu yuxarı qaldırmış oğlanlar qaçanın dalınca cumurdular. Gözləri qızmış bu adamlar Ağəlinin yanından keçəndə bir anlıq baxışlarını ona tuşladılar. Zalın ortasındakı döyüş burulğanı bir neçə yol yerini dəyişdi, gəlib Ağəlinin yanına çatdı. Atılan stəkan ondan azca aralıda divara dəyib çilik-çilik oldu. Ağəli uşaq fəhmiylə anladı ki, qaçsa, azca tərpənib hərəkət etsə, əlləri ilə başını tutub gizlətsə, kimsə onu rəqib tərəfin adamı bilib vurub əzəcək.

Başına dəyən limonad şüşəsindən duruşunu itirən bir oğlan səntirlədi, bir anda onun üzünə, başına, qarnına neçə-neçə yumruq, ayağına, dizinə təpiklər dəydi. Oğlan əlləri ilə başını tutmuş halda yerə sərələndi. Yıxılandan sonra qarnına dəyən təpikdən ilan kimi qıvrıldı, qeyri-iradi əllərini qarnına sarı apardı. Bu vaxt gözləmə zalının qapısından bir nəfər boylanıb həyəcan içində “”Zek! Zek!” –deyə ucadan qışqırdı. Elə bil hakim zəngi basıb oyunun bitdiyini bildirdi. Dalaşanlar tələsik bayıra çıxmağa başladı. Bu vaxt ucaboylu, qara köynəkli, qara şalvarlı, ayağında dikdaban, şiş uclu, qara çəkməsi par-par yanan bir oğlan yerdə sərilib qalmış oğlanın açıq sifətinə qapıya top vurmuş kimi güclü bir təpik ilişdirdi. Döyülənin qolu tərpəndi, ancaq əlini üzünə gətirib qoymağa heyi çatmadı. Qara geyimli ayaqlarını taqqıldada-taqqıldada qaliblər kimi qapıya yaxınlaşdı. Özündən razı və kinayə ilə - Vağzal uşağıdı! Gözlərim aydın! – deyib Ağəliyə baxdı. Tez geri çəkilib əlini onun arxasınca gələn bəstəboy oğlanın kürəyinə toxundurdu. – Ardo, gəl bu yandan çıxaq – deyib restorana sarı tələsdilər.

O vaxtdan sonra neçə illər keçsə də, hər dəfə gəlib bu vağzaldan bilet alanda sağ tərəfdəki gözləmə zalının xofu Ağəlinin canını bürüdüyündən, oraya ayaq basmaq istəmirdi.

Ağəli atasına çatıb qolundan tutub geri çəkdi. Atası dartınaraq gülümsünə - gülümsünə: - Madnaqaş almaq istəyirəm. Maman o çörəyi çox istəyir, - dedi.

Ağəli: - Gecikirik, özüm alaram, - söylədi.

Birinci qatara bilet olmadı. Ancaq ikinci gecə qatarına bir kupenin bütün yerlərini ala bildiyinə görə Ağəli bir az arxayınlaşdı. “Qapını bağlayarıq, bir də düşəndə açarıq” – fikirləşdi. Zənbilləri gözləmə zalında atasına tapşırdı. Ortasından qayışlar bağlanmış iki çamadanı götürdü, nə fikirləşdisə çamadanları yerə qoydu. Atasının kiminləsə söhbətə girişməsini istəmədiyindən zənbilləri aparıb adamlardan uzaqda olan boş skameykaların birinə söykədi. Qayıdıb astadan - Get zənbillərin yanında otur, bu dəyqə gəlirəm – dedi. Çamadanlarını götürüb qadınına başıyla “gəlin” – dedi.

Kupeyə çatcaq çamadanları aralığa qoydu, arvadına - Qapını açmayın, qayıdıb özüm yerləşdirəcəyəm – deyib tələsik bayıra çıxmaq istəyəndə qadını – Qumru tualetə getmək istəyir – söylədi. Ağəli azca hirsləndi. – Bu iki daşın arasında... – söylədi, qızının əlindən tutub eşiyə çəkdi, - Tualet bağlıdır, bir az döz gəlirəm. Qatar tərpəncək açacaqlar – deyib kupenin qapısını çəkib örtdü.

O, uzaqdan vağzalın qapısı önündə çəliyinə dayanıb qərib-qərin vaqonları gözdən keçirən atasını gördü. Görkəmi xoşuna gəldi. “Şərq xalqlarının nümayəndəsi kimi BMT toplantısına göndərmək olar. Gərək qalstuk da alaydım” – fikrindən keçdi. – zənbilləri kimə tapşırıb gəlmisən? Gözlə gəlirəm, doqquzuncu vaqondayıq – deyib gözləmə zalına girdi. Bağlamaları götürüb bayıra çıxanda atasının birinci vaqona sarı getdiyini gördü. Zənbilləri yerə qoyub atasına sarı tələsdi, yaxınlaşıb qolundan tutdu. – A kişi, mənim başıma nə oyun açırsan? –dedi. Onun qolundan tutub geri çəkdi, ancaq atası ona məhəl qoymadı, qolunu dartıb oğlunun əlindən çıxarmaq istədi. Ağəli qışqırmaq istəyirdi, yan-yörəsindəkilərin diqqətini çəkməkdən ehtiyat etdiyinə görə qışqırammırdı. – Axı hara gedirsən, bizim vaqon daldadı, gəl, qatar tərpənir.

Atası özünü sındırmadı, danlayıcı baxışla oğlunu tərs-tərs süzdü. Ağəli bildi ki, atasının qolundan buraxmasa o, inadından dönməyəcək, yerindən tərpənməyəcək. – Doqquzuncu vaqondayıq, gəl, - deyib geri qayıtdı. Zənbilləri götürüb öz vaqonlarına sarı tələsdi.

Doqquzuncu vaqonun qapısı yanında çoxlu cavan uşaq vardı. Ucadan danışıb-gülürdülər. Ağəli geri çevrildi. Atası gözünə dəymədi. Ağır zənbilin birini götürüb vaqona qalxdı. Yerdəki oğlanlardan biri zənbili götürüb Ağəliyə vermək istədi. “Vay, necə ağırdı” – deyib ikiəlli götürüb qaldırdı. Ağəli Yerevan ləhcəsində - Mersi axbercan, şad şnoraqaltsyun (Sağ ol, qardaş, çox təşəkkür edirəm) – dedi, zənbilləri yana çəkib yolu açdı, tamburdaca qoyub tələsik atasının ardınca getdi. Qoca gözləmə zalının qapısının tuşunda çəliyinə söykənib arxayın-arxayın gəlib-gedəni gözdən keçirirdi. Tələsik keçən adamların bəziləri ani olsa da çevrilib maraqla onu süzürdülər. Ağəli atasına çatıb: - A kişi, qatar tərpənir, nə dayanmısan? – deyib qolundan tutub çəkdi. Atası qolunu dartıb onun əlindən çıxarmaq istədi. –Tələsirsən, atıl min, mənnən işin olmasın...

Ağəli əsəbi və tələsik – Qatar tərpəndi, minə bilməyəcəksən, nə olub sənə, yenə tərsliyin tutub?

Ağəli bu dəfə onun qoluna girib çəkməyə başladı. Qoca yenə inad göstərib dartındı: - Əşşi, əl götür yaxamdan! – dedi. Ağəli atasının qolunu buraxmadı. – Gəl, özü də danışma, dığalar ələ salacaq bizi...

Atası dartınıb qolunu çəkmək istəsə də, könülsüz-könülsüz gedirdi. – O nə dığadı, dığanın anasını-zadını söyən var?... Ağəli onun qolunu sıxıb – Yaxşı, dinmə, - dedi. Atasının gözəgəlimli, diqqəti cəlb edən papağını başından götürmək istədi. Ancaq gec idi. Vaqonun ağzına toplaşan uşaqların bəziləri onlara baxırdı. Ortaboylu, qıvrımsaç bir oğlan Ağəlinin atasına işarəylə Qafan ermənisi ləhcəsində: - Ara mi sran yeş! (ara, bir buna bax) – dedi. Artıq sarıyanız oğlan: - İm arev, sa turka (canım üçün bu türkdü). Vaqonun yanında toplaşan uşaqların hamısı Ağəliyə, onun atasına baxırdılar. Aralarındakı ən ucaboylu Yerevan ləhcəsində: Ara sırank Gendoyi bareqamnerna, Gendo inçes spasum, himi el bitsayin okni, toğ bartsrana (Ara, bunlar Gendonun qohumlarıdı ki, Gendo, nə durmusan, indi də qocaya kömək elə, qoy qalxsın).

Gülüşdülər. Başqa bir oğlan: - Bir bunun papağına bax, deyə bilərsən neçə yumurta tutar? – Yenə gülüşdülər. Ağəli ucadan: - Dğerk! (Uşaqlar!) – deyib əlini gözləmə zalına uzatdı. – Endeğ cartumen mequ-myusin (Uşaqlar, orda bir-birini şil-küt eyləyirlər).

Suallar eşidildi. –Harda? Haçan? Kimləri? Ağəli kömək edib atasını vaqonun birinci pilləsinə qaldırdı, ermənicə: -Şudara, şudara! (tez ol, tez ol!) –deyib atasını tələsdirdi. Yerdəki uşaqlara sarı çevrilib: - Qartsumem meronkı daserin dvetsin qayarantsinerin (Mən bilən bizimkilər vağzal uşaqlarının dərslərini verdilər). Qoca çevrilib söhbətə qoşulmaq istədi. Ağəli onun geri dönməyinə imkan vermədi. Vaqonun içinə sarı itələdi. Yerdəki uşaqların bir neçəsi gözləmə salonuna doğru götürüldü.

Qatar silkələnib dayandı. Vaqonun dəhlizində heç kim yox idi. Ağəli atasına: - Onlara nə ağız vermək istəyirsən, adam axtarırlar dolamağa, döyməyə. It arısı kimdilər, ilişdilər, əl çəkən deyillər – söylədi.

Kupelərinin qapısını astadan döyüb – Aç, aç – dedi. Qapı açılcaq atasını yavaşca kupeyə itələdi. Geri qayıdıb, zənbilləri götürüb gətirdi. Kupenin qapısını çəkib örtdü. Dərindən nəfəs aldı. Kastyumunu, panamasını çıxartdı, qalstukunu boşaltdı. Zənbilləri, çamadanları yerbəyer elədi. Dönə-dönə - Heç vaxt qapını açmayın, - söylədi. Qızının saçını tumarladı: - Matan, beşcə dəqiqə döz... Hopa, tərpəndi, getdik, iki-üç dəqiqədən sonra açacaqlar...

“Dava-dalaşa” baxmağa gedən bayaqkı oğlanlar gözləmə zalından çıxıb sürət götürüb irəliləyən vaqonlara sarı cumdular. Ağəli pəncərənin pərdəsini çəkib örtdü. – Gedək matan – deyib qızına baxdı, sonra qadınına sarı çevrilib – Yeməyi çıxart, acından birtəhər olduq, - dedi. Yenə qızına: - dur, dur gedək, dedi. Qızı anasına sığınıb nazla başını yellətdi. Anası qızının qulağına nəsə pıçıldadı. Qızı yenə də nazlana-nazlana “istəmirəm” dedi.

Ağəli zənbildən qəzet bükülülərini çıxardıb “masacığın” üstünə qoydu. Qadın astadan: - Göy-göyərti – dedi. Ağəli qəzeti açdı. Iri, dəymiş pomidorlardan birini götürüb: - Baba, buna bir bax, bəh-bəh – dedi. Atası kinli-kinli Ağəlini süzdü, narazılıqla başını tərpətdi. Ağəli pomidoru atasına sarı daha da yaxınlaşdırdı. Atası çəliyini qaldırıb vurmaq istəyəndə: - Ay baba, ağacı qoy qırağa da – deyib çəliyin ortasından yapışıb dartdı, ancaq atası çəliyi buraxmadı – Maşallah, səndə fil gücü var, bura bax hələ! – deyib darta-darta qadınına baxdı, qadını acıqlı-acıqlı - Neynirsən, niyə incidirsən? - söylədi. Ağəli çəliyi yavaşca buraxdı. Kağızın arasından göy soğan, keşniş, vəzəri, gömgöy xiyar çıxarıb bir-bir göstərib – Bura bax e! – deyib sanki onları iştaha gətirmək istədi. Iri yarpaqlı, yam-yaşıl reyhan dəstəsini götürdü, reyhanın qoxusu kupeni bürüdü, yenə atasına sarı yaxınlaşdırdı,

- Baba, lap mamamın reyhanlarına oxşayır. Kupeni bürübmüş göy xiyarın, keşnişin, reyhanın qoxusundanmı, qadınını xatırladığındanmı, qocanın sifəti yumşaldı, qaşqabağı açıldı. Baxışları süfrəyə dikilib qaldı. Ağəli atasının ovqatındakı dəyişikliyi dərhal duydu. – Bu da duzdu, varam belə səliqəyə, lap mamamın səliqəsidir, - deyib qızardılmış toyuğu götürüb parçaladı. – Bu da pendir. –Bax bunu göy-göyərtinin yanına qoyanda ayrı cür görünür, adamın iştahı daha da artır...

O, toyuğun qızarmış budunu götürüb atasına uzatdı, qoca gözlərini yumub əlini yellətdi. Bu, “istəmirəm” –deməyi idi. Ancaq Ağəli atasının yumşaldığını bilirdi. –Qoy duz da səpim – deyib ağappaq, narın duzdan bir çimdik götürüb səpdi. Ağəli bilirdi ki, belə vaxtda atasını dilə tuta-tuta, nazıyla oynaya-oynaya yedirtməlidi. Ət parçasını yenə uzatdı, bu dəfə atasının üzünə baxmadı: - Gör heç yadıma düşür, axı mamam həmişə sənə toyuğun sinəsini verir. Eybi yox, ye, indi sinəsindən verəcəm – söylədi. –Yoldaşına sarı çevrilib – Lavaşın yumşaq yerindən, bax o qırmızını ver, - dedi. Qoca könülsüz-könülsüz aldı. Ağəli qızını əzizləyə-əzizləyə: - Matan, sən keç ananın yanına, qoy baba burda otursun.

Ağəli atasının qolundan yapışıb qaldırdı, çəliyini götürüb pəncərənin yanına qoydu. Qoca ayağa qalxsa da, əlindəki toyuq budunu ağzına yaxınlaşdırdı. Atasının ayaqüstə yeməyinə işarə ilə Ağəli qadınına göz vurdu, qaraqabaq qadınının dodağı qaçdı. Atası oturandan sonra Ağəli toyuğun sinəsini parçalayıb onun qabağına yığdı. -Göy-göyərtidən də ye – deyib doğranmış xiyar dilimini ona uzatdı. Atası aldı. Ağəli – Gətir duz da səpim – dedi. Qoca sözəbaxan uşaq kimi oğlunun hər dediyini yerinə yetirdi.

Qatar stansiyaların birində dayandı. Ağəligilin vaqonuna çoxlu adam mindi. Qalmaqal qopdu. Bələdçinin səsi vaqonu başına götürdü. Kiminsə səsi bələdçinin səsini batırdı. – Erməni deyilsən, qoca kişi yerdə qalmalıdı? Yer tapmasan, sənin yerində yatar! Qocaya hörmət eləməlisən. Mən ayaq üstə də gedə bilərəm.

Qatar tərpənib sürət götürdü. Ağəli qalmaqalın yatmasını gözlədi. Masanı yığışdırmaqda yoldaşına kömək elədi. Atılmalı şeyləri qəzetə bükdü. Kupenin pəncərəsindən bayıra tulladı.

– Havalar soyuyub – dedi, pəncərəni bağlayanda qoca – Qəmərliyə çox var? – soruşdu. Ağəli – Qəmərlini neynirsən? – deyib kostyumunu geydi, qalstukunu düzəltdi. Gedim mələfələri gətirim. Qapını açıq qoymayın – söylədi. Kupenin qapısını açıb dəhlizə çıxanda azca aralıda dayanmış bayaqkı oğlanlar çevrilib ona baxdı. Ağəli onların üzünə baxmadan ötüb keçmək istədi. Oğlanlardan biri: - Turka eli (türkdü də). Başqa birisi isə: Elə türk olar, ara? – Üçüncü səs: - İstəyirsən mərc gələk. Məşədi ilə gəlirdi, ha, odur də - dedi.

Ağəli eşitməzliyə vurub onların yanından tələsik ötüb getdi. Bələdçinin kupesinin qapısı ağzında üç adam vardı. Ağəli nigaran idi, atasının çölə çıxmasından ehtiyat edirdi. Ağları alıb geri qayıdana qədər ona uzun bir zaman kimi göründü.

Qoca kupenin ağzında çəliyinə söykənib dayanmışdı. Papağı yana əyilmişdi. Oğlanlara baxıb gülümsünürdü. Nəsə soruşdu, oğlanlardan biri: - Sa şəşə ara, xiya tsitsağum (bu gijdi ara, niyə gülür)? Qoca: - Mer dğən vordeğ qnəts (bizim oğlan hara getdi). Oğlanlardan biri Qafan ləhcəsində:

-Zuqarana ketsal, srpelu (Tualeti təmizləməyə getdi).

Ağəli mələfələri alıb gəlirdi. Oğlanların dediyini eşitdi, ancaq fikir vermədi. Onlardan alçaqboylusu: - Bu dəqiqə, - deyib qocaya yaxınlaşdı, yanından ötəndə ayağı ilə qocanın söykəndiyi çəliyə vurdu. Çəlik qocanın əlindən çıxıb yerə düşdü. Qoca yıxılanda əllərini pəncərəyə söykədi. Oğlan geri çevrilib: bağışla, - dedi. Çəliyi götürüb qocaya uzatdı, qoca almaq istəyəndə çəliyi pəncərənin önündəki dəstəkdən asdı. Ağəli oğlanların yanından ötəndə onların diqqətini yayındırmaq üçün heç nə olmayıbmış kimi ermənicə: -Uşaqlar, mələfələr qurtarır, gedin alın, - söylədi. Oğlanlardan biri: - Yerimiz var ki, mələfə alaq, - dedi. Ağəli atasının yanına çatdı, çəliyi dəstəkdən götürdü. Alçaqdan, əmredici tonda:

- Gir içəri, - deyib onu yavaşca kupeyə itələdi. Atası dirəşdi, əlini çəliyə uzadıb: - Bura ver,- dedi. Ağəli səsinin tonunu dəyişmədən: - A kişi, yeri içəri, ağları gətirmişəm, yerləri açaq, yataq, tezdən o başdan durmalıyıq.

Qoca əlini atıb kupenin bayır dəstəyindən yapışdığından Ağəli onu kupeyə apara bilmədi. O, qapının ağzından mələfələri alt yerlərin birinə atıb: - Yerləri aç, - dedi.

Oğlanlar qəhqəhə çəkib gülür, rişxənd edir, ağır sözlər deyirdilər. Ağəlinin qulaqları uğuldayır, onların dediklərini sinirə bilmirdi. Oğlanlar görməsin deyə bədəni ilə atasının qapının dəstəyindən bərk-bərk yapışdığı əlinin qarşısını kəsdi, onun barmaqlarını açıb dəstəkdən araladı. Qolundan yapışıb:

- Bir hoqqa çıxartmamış əl çəkən deyilsən.

Qocanın fikri erməni uşaqlarındaydı. Oğlunun dediyini anlamayıb: - Hı? – dedi. Ağəli hirsini gizlətməyə çalışdı: - Görmürsən çingənə şeylərdi, adam axtarırlar dolamağa.

Qoca yenə bir şey anlamadı. Oğlunun əlindən yaxasını qurtarmaq istədi, yana çəkilib uşaqlara sarı dartındı. Uşaqlardan biri: - Ara, ona bir bax, molla nə istəyir?

Ağəli güclə atasını itələyib kupeyə saldı. Qoca boynunu çölə uzadıb əlini-əlinə vurub uğunub getdi. Qoca ermənicə: - Bura haradı? Qəmərliyə çatmırıq? – soruşdu, qatarın bu dəqiqə haraya getdiyini bilmək istədi. Oğlanlardan biri: - Zəngilandı! – dedi. Başqa birisi: - İndi sizin üçün bir teatr göstərim, ömrünüzün axırına kimi unutmayasınız. Qocanı yerə düşürəcəyəm...

Son sözləri eşidəndə Ağəlinin bədənindən soyuq bir gizilti keçdi. Atasını kupeyə çəkdi, qapını örtüb arxadan bağladı. Qoca ayaq üstə dayanıb acıqlı-acıqlı oğlunu süzdü. Ağəli əyləşib acı-acı güldü: - Elə bilirsən əl çəkəcəklər, baxarsan bir azdan... başa düşmürəm bu kişini! Deyib arvadına baxdı: - Axı Qəmərli nəyinə lazımdı? – dedi. Qoca dəyərli bir şeyini itirənlər kimi acı-acı: - Ya qismət! Bir də burdan keçəm, ya keçməyəm...

Qapı döyüldü. Ağəli ermənicə: - Kim lazımdı? – soruşdu. Qapı daha bərkdən döyüldü: - Ara, aç da, sizi yeyəcəklər? Aç görüm!

Ağəli ayağa durub qapını açmaq istədi. Geri çəkilib qadınına: - Uzanın mələfəni çəkin başınıza, - dedi. Qadını qızının ayaqqabılarını çıxartdı. Ağəli atasına acıqlandı. – Ay kişi otur də, niyə ayaq üstə dayanmısan?! – deyib qapını açdı. Ucaboylu oğlan - Tətələbazın biri tətələbaz. Qoca kişiynən nə işin qalıb, niyə zor işlədirsən. Bizimlə söhbət eləmək istəyir...

Qoca gülə-gülə: - İm dğəsə (oğlumdu) – dedi.

Ağəli:

-Qardaşcan, atamdı, özgə deyil...

- Necə yəni atamdı. Bəyəm sən də türksən? Elə bildim ingilissən?

Kastyum, qalstuk! Haçandan türk şlyapa qoyur?..

Ağəli gərginliyi zarafata çevirmək istədi: -Hardan bildiniz ingilisəm? – soruşdu və gülə-gülə amerikan ləhcəsinə oxşar tərzdə - Pliiz... Kam inayarispekt tu qest iz qreyt (buyurun içəri keçin, qonağa hörmətimiz böyükdür) – dedi. Ağəliyə görə ingiliscə danışandan sonra oğlan yumşalmalıydı. Ancaq o, bir az da acıqlandı.

-Meymunluq eləmə, - dedi. Oğlanın yan-yörəsindən bir neçə baş göründü. Ucaboylu oğlan yoldaşlarına baxıb kinayə ilə: - Türkün ədasına bir bax, elə bil bu dəqiqə Londondan gəlib. Uzunboyunlu bir oğlan başını kupeyə uzadıb boynunun damarları şişmiş halda: - Ardo, Ardo bunun anasını, - deyib, başını kupedən çəkib pis sözü dəhlizdə dedi. – Gör neçə boş yer var burda...

Ağəli səsini yumşaldıb gülə-gülə:

- Hamısının yiyəsi var. Biletimiz var, xəstə uşaq aparırıq.

Başqa bir oğlan: - Gözümüz aydın, işə bir bax. “Yerevan-Qafan” qatarında türklər kupedə gedir, bizsə obşi vaqonda bir-birimizin belində...

- Oğlanlardan başqa biri: - Axı bunlar üç nəfərdi...

Ağəli onun sözünü kəsdi: - Xəstə uşaq da var, anasının yanındadı...

Ucaboyunlu oğlan kobudcasına: - İt oğlu! Bəlkə itinizə, pişiyinizə də bir yer zanit eliyəsiz?

Ağəli atasının qolundan tutub qızıyla qadınının uzandığı yerə oturtdu. Oğlanlardan dördü kupeyə girib boş yerdə oturdu. İkisi də kupenin ağzında dayandı. Qapının yanında oturan oğlan darağını çıxarıb saçını daradı. Onun yanındakı oğlan: - Ver qoca da darasın, - dedi. –Verərəm, ancaq darağı daha cibimə qoyan deyiləm.

Ağəli ayağa qalxdı, bir an oğlanların hamısını gözdən keçirdi, sonra qapının ağzındakı oğlanlara baxdı. – Uşaqlar, burda arvad-uşaq var. Gəlin çıxaq eşikdə söhbət edək, - deyib çölə çıxanda qadınının yanında oturan oğlan ayağını uzadıb badalaq verdi. Ağəli büdrəyib əlini dəhlizin pəncərəsinə söykədi. Geri çevrilib gülə-gülə: - Azca qalmışdı pəncərəyə kəllə vuram, - deyib bələdçi olan kupeyə sarı getdi. Mələfələri alanda sonuncu kupedə rayonlarından bir tanış erməni qadını gözünə dəymişdi. Onu öz kupelərinə çağırmaq istədi. Kupeni açıb ermənicə salam verdi. – Mən də Mığrıdanam, bir dəqiqə, - deyib qadını bayıra çağırdı. Qadın çölə çıxanda - Abdulla Əhmədovun oğluyam, atam da burdadı. Yanımızda qadın da var. Gedək bizim kupeyə. Bura tualetin yanıdır. Ora Sizə də münasib olar, bizə də.

Ağəligilin kupelərinin qarşısında indi üç oğlan dayanmışdı. Atasının çəliyi onların birinin əlindəydi. Ağəli onlara çatanda atası ermənicə kəkəliyə-kəkəliyə: - Mənim gəlinimdi... Uşaq da nəvəmdi... - Ağəli başını kupeyə uzadıb səsini qaldırmadan ancaq hikkəylə: A kişi, qonşun Gülnisədən də danış, - deyib oğlanın əlindəki çəlikdən yapışıb almaq istədi. Oğlan sərt hərəkətlə çəliyi özünə sarı çəkdi. Ancaq balacaboy, çəlimsiz oğlana yumşaq və yalvarıcı səslə: - Qardaşcan, bu qocanın ayağıdı, bunsuz yeriyə bilmir...

Köynəyini şalvarının üstünə salmış oğlan: - Onun ayağıdı... Ardo, pəncərədən atmayan qəhbə oğludu.

Ağəli gözlənilmədən çəliyi oğlanın əlindən qapıb kupeyə girdi. Çəliyi atmaq istəyən oğlan: - İndi göstərərəm sənə, - deyib kupenin ağzına çatmış erməni qadınını azca yana itələyib içəri dürtüldü və özünü qocanın yanına pərçimlədi. Ağəli erməni qadınını görəndə yenicə oturmuş dığaya nisbətən sərt səslə: - Durs ari, esdeğ ingeruhina nısdelu (Bayıra çıx, burda xanım əyləşəcək) – deyib, çəlimsiz dığanın qolundan yapışıb asanlıqla bayıra saldı. – Mən də gəlirəm, - dedi. Qapının ağzında dayanan oğlanlardan biri yoldaşına: - Kefini pozma, indi onun özünü çəkib eşiyə salacağam. Qadın qapıda görüncək öz doğması ilə qarşılaşırmış kimi: - Bıyy, Axmedov sizsiniz, hardan gəlirsiniz?..

Qarşıdakı sarıyanız oğlan qocanın sinəsindəki medalların o üzünə, bu üzünə baxıb: - Kimindi? Hardan tapmısan?

Ayaqüstü dayanmış oğlanlardan biri:

- Tapmayıb, oğurlayıb! Türk deyil? Bunların oğurluqdan savayı əllərindən bir şey gəlir?!

- Qadın oğlanın sözündən inciyən kimi: - Bilmədiyin şeyi niyə danışırsan? Mənim yadıma gəlir. Müharibədən sonra bizim rayona iki, yoxsa üç kapitan qayıtmışdı. Hərbi formada, üst-başları par-par yanırdı, bellərində də tapanca. Bütün rayon onların yerişinə, duruşuna tamaşaya durmuşdu. Onların biri yoldaş Axmedovuydu...

Qoca razılıqla başını tərpədir, qadın danışdıqca sözləri yağ kimi onun canına yayılırdı.

Qapının ağzındakı oğlanlardan biri qadına işarəylə:

- Ara, deynən qoy səsini kəssin, canım üçün, ürəyim bulanır. Belə erməni qadını olar?

- Kupedə yuxarı başda oturan oğlan qocanın papağını götürüb öz başına qoydu. – Ara, mənə yaraşır, Aram? Oğlanlar gülüşdü. Qadın gülə-gülə heyranlıqla başını bulayıb: - Bilirsən necə yaraşır! Uşaqlar, bilirsiz bu nə papağıdı? Bəy papağıdı. Düzmü deyirəm, yoldaş Axmedov?

Qoca gülə-gülə başını tərpədi: - Cişdə, cişdə. (düzdü, düzdü) – dedi. Ortada oturmuş oğlan papağı yoldaşının başından qapıb qadının yanında oturmuş qaradinməz oğlanın başına keçirdi. Papaq onun qulaqlarını əydi, qaşlarını örtdü. Kupeni qəhqəhə götürdü. Oğlan papağı başından çıxarıb hirsli-hirsli:

- Bu murdardı, o yana elə, iyrənirəm – deyib dəhlizə atdı. Dəhlizdəki oğlanlardan biri gözləyirmiş kimi papağı top kimi ayağıyla yavaşca qəbul edib azca yuxarı qaldırdı, yerə düşəndə zərbəylə vurub dəhlizin başına tulladı. Ağəli ortada oturan ucaboylu oğlana incik-incik: - Belə olarmı, atanız yerindədi. Özünüzü mənim yerimdə təsəvvür edin, nə edərdiniz? – deyib ayağa qalxanda yuxarı başda oturan oğlan bu dəfə Ağəlinin panamasını asılqandan götürüb qocanın başına qoydu. – Bu, başqa aləmdi, - dedi. Uşaqlar ucadan gülüşdülər. Erməni qadını Ağəlinin qolundan yapışıb aşağı dartıb oturtmaq istədi. Qadının yanındakı oğlan panamaya işarəylə: - Bu da yaraşır.

Yanındakı oğlan: - Elə qocadı də, başına nə qoysan yaraşır. Tulla, tulla bu yana.

Ağəli birdən ayağa qalxdı: - Pistaleti görüm, bunların hamısını qıracam? – deyib əlini atasının döş cibinə uzatdı. Qoca qollarını sinəsinə bərk-bərk sıxdı. Atasının bu hərəkəti ona ləzzət elədi. Ağəliyə görə atası onu heç vaxt indiki qədər başa düşməmişdi. Erməni arvadının müharibədən sonra Mığrıya qayıtmış beli tapancalı üç zabit haqqında söhbətdən sonra o, əlini atasının cibinə uzadanda, qoca qollarını sinəsinə bərk-bərk sıxıb mane olanda, dığalar onlarda tapanca olduğuna inanmalıydılar. Ağəli coşqunluqla: - Qoy görüm, axırıncı patronacan boşaldacam bunların canına!

Erməni qadını qapının ağzından qayıdıb arxadan Ağəlini qucaqlayıb ucadan qışqırdı: - Oyy! Qurbanın olum, olmaz! – deyib Ağəlini geri datra-darta başını yana çevirib: - Bayıra çıxın, it uşağı! Əcəlləri gəlib! Oğlanlar sivişib kupedən çıxdılar. Ermənı qadını Ağəlinin qolundan tutub: - Səbr elə, qurbanın olum, otur, otur, indi mən gətirərəm, - deyib bayıra çıxdı, üzünü dəhliz boyu düzülmüş uşaqlara tutub: - Ayıb olsun sizə. Qocayla belə rəftar eləmirlər. –Hanı, hanı papaq? – deyib vaqonun sonuna tərəf tələsdi. Onun qışqırtısına kupenin bütün qapılarından adamlar başını uzadıb boylandılar.

Erməni qadını papağı yerdən götürdü, əliylə tozunu çırpa-çırpa geri qayıtdı, öz kupelərinin yanından keçəndə qapının ağzında dayanıb maraqla ona baxan ağsaçlı qadına təəccüblə alçaqdan: - Mən başa düşmürəm, nə məsələdi? Bizimkilər tək olanda dünyanın ən mehriban, mədəni adamları olur. Elə ki, bir yerə yığışdılar, iyrənc bir şey qaynatmalıdılar... – dedi, sonra səsini qaldırıb başıyla qabaqdakı kupeyə işarəylə: - Ay qız, bilirsiniz bunlar necə mədəni adamlardı? Bizi biyabr elədilər. Vaxtıyla paykomda işləyib, kolxoz sədri olub. Bizim rayonda hamı ona Dəniz deyir. Deyirlər yoldaş Axmedov Dənizdir.

Ağəli atası haqqında deyilmiş “Dəniz” sözünü Mığrı ermənilərinin dilində çox eşitmişdi. Hər dəfə bu sözü eşidəndə “Fezo”da (texniki-peşə məktəbində) oxuduğu vaxtı xatırlamışdı. İyun ayının axırlarında qonşu Oxçu qəsəbəsində bir dəstə erməni dığasıyla dağın döşündə xəndək qazırdılar. Günortaya az qalmış xoz (donuz) Lernikin ucadan yana-yana və həsrətlə: - Ara, bunların anasını... Bu qədər şəftəlini hara aparırlar!? – dediyi sözlərdən sonra uşaqların hamısı əlini işdən saxlayıb aşağı boylandı. Yük maşını dolama asfalt yolla aşağıdan yuxarı ağır-ağır dırmanırdı. Qıpqırmızı, sapsarı, ağappaq şəftəli ilə doldurulmuş yeşiklər maşının banı ilə bərabər idi. Maşının və banın künclərində dayanmış adamları tanıcaq Ağəli qazmanı yerə atıb başaşağı götürüldü. Maşına çatcaq dayanmasını gözləmədən pişik kimi dırmanıb banın qırağındakı ensiz taxtanın üstüylə qabaq küncdə dayanmış atasına yaxınlaşdı. Atası onun qolundan bərk-bərk yapışdı. Maşın düzə çıxıb dayandı. O, şəftəlisini satmağa aparan kəndçiləri ilə bir-bir görüşdü. Neçə ay qabaq ayrıldığı bu adamların danışığı, səsi, zarafatları ona şəftəlinin məst edici qoxusu kimi doğma və gözəl idi. Yuxarıdan erməni uşaqları qışqırdı: - Bizə də gətir!

Ağəlinin atası erməni uşaqlarına baxa-baxa: - Haşım, sən Allah, bir onlara bax, ağızlarının suyu axır, - dedi. Haşım xəndək boyu qazılıb qırağa tökülmüş təzə torpağın üstə sıralanıb dayanmış uşaqlara çəpəki baxdı. Siqaretini tüstülədə-tüstülədə: - Neynəsinlər, dağ adamıdılar. Aylarla meyvə üzünə həsrətdilər.

Ağəlinin atası əl eləyib uşaqları çağırdı. Uşaqlar bir himə bənd imişlər, tökülüşüb gəldilər.

O, gülə-gülə, mehribancasına zarafat edə-edə, sevinə-sevinə öz bağçalarından yığdığı üç yeşik şəftəlidən birini uşaqlara paylayıb qurtardı. Qəddini düzəldəndə bayaq uşaqların dayandığı yerdən azca yuxarıda işləyən dustaqları və onların üstündə dayanmış avtomatlı adamı gördü. Yan-yörəsinə baxıb boşqab axtardı. Boşalmış yeşiyi götürdü: - Yox, bunu qonşudan almışam, - dedi. Ağəlini aşağı düşürtdü. – Ətəyini aç bura, - dedi. Ikinci yeşiyin yarısını oğlunun ətəyinə boşaltdı. Teymurun səsi eşidildi: - A kişi, bəsdi, arvad evə qoymaz səni, - dedi. Ağəlinin atası dikəldi, oğluna əliylə “apar” işarəsi verdi, sonra onun arxasınca mehriban səslə: - Nə vaxt qurtarırsız?

- Bir həftəyə, on günə, - atası yenə əliylə “get” işarəsi verdi.

Teymura tərəf çevrildi, gülə-gülə: - Aravada deyəcəm siyahını itirdim.

Ağəli siyahı sözünü eşitcək beşinci sinifdə oxuyan bacısının gözəl, aydın xətlə yazdığı vərəq gəlib durdu gözünün qabağında. Birinci sırada sentyabrda geymək üçün ayaqqabı, kofta, lent, çanta, dəftər, qələm, pozan, bir sözlə, lazım olanlar olmalıydı. Sonra anasının dedikləri – qənd, pesok, sabun, kibrit ... Atası satdığı şəftəlinin puluna bunları almalıydı. Ağəli maşının qabağına çıxdığına peşman oldu.

Uşaqlar yediyi şəftəlilərin çəyirdəyini bir-birinə atırdılar. Çəyirdəyin biri gəlib Ağəlinin atasının qoluna dəydi. Teşdinli Vaço: - Ay görməmişlər! Ömrünüzdə belə şey yemisiz? Adamyan sizin barənizdə yaxşı deyib ki, eşşək kimi yeyib, eşşək kimi böyümüsünüz. Hansınızın dədəsi belə eliyərdi? Barı bir sağol deyin də...

Ağəlinin ətəyindən şəftəlilər pırtlayıb çıxır, yerə düşüb üstdən aşağı diyirlənirdi. Ağəli qərara gəldi ki, uşaqların içində başa düşəni teşdinli Vaçodur. “Ancaq incimə Vaço, sən də bu hülünün dəyərini bilməzsən. Axı sizin dağ kəndinizdə şaftalı bitmir. Bu uşaqlar kimi yəqin sən də elə bilirsən ki, maşındakı şəftəlilərin hamısı bu rəngdə, bu dadda, bu qoxudadır. Indicə yediyiniz bizim bu yarma hülümüzə bənzəyir. Sən də uşaqlar kimi biizm hülünü alma kimi dişlədin. Bal kimi şəhdi-şirəsi axıb yaxana, üst-başına töküldü. Yox Vaço, gərək onu ehmalca iki böləsən, asanlıqla bölünür, ona görə yarma hülü deyirlər də. Xəbərin varmı bizim bu yarma hülüdən nəinki maşında, heç löklülərin bağında, bağçasında, gövşənində belə yoxdur. Ancaq sən düz danışansan, vicdanlısan. Ona görə ətəyimdəkilərdən birini də götürüb sənə verəcəm”...

Qatar fit verdi, Ağəli pəncərədən çölə baxdı, əlini-əlinə vurub başını yellədi, ermənıcə: - Vordeqec ay Vaço? (hardasan ay Vaço?) – dedi.

Dəhlizdəki oğlanlardan biri Qafan ləhcəsində - İprte Meğrum sqaqan hay qa? Mihad el qaveç (Guya Mığrıda əsl erməni var? Bir dənə də yoxdur).

Ağəli atasına baxıb kinayə ilə gülə-gülə: - Hələ harasıdı... – dedi.

Erməni qadını kupeyə girdi, papağı təmizləyirmiş kimi əlini ehmalca onun üstünə çəkdi, sonra üflədi – Qələt eliyirlər, cavandılar, qanmırlar, - deyib məhrəm adam kimi papağı qocanın başına qoydu.

Üç oğlan yenidən kupeyə girib əyləşdi. Ortadakı oğlan qadına baxıb: - Sizin erməni olmağınıza şübhəm var.

Bayırdan səslər gəldi.

- Yoxsa qocanı qonaq aparacaqsan evinizə?

Erməni qadını dəhlizdəki oğlanlara üzünü tutub hədələyici tonla: - Bax, elə eləmiyin durum milis çağırım! – deyib kupedəki oğlanları gözdən keçirdi. – Budur sizin erməni mədəniyyətiniz? Atanız yerindədi!..

Dəhlizdən səslər gəldi:

- Qəhbə qızı! Gör kimi müdafiə edir!..

- Millət satqını!

Ağəli ayağa qalxdı, qadının qolundan yapışıb öz yerinə oturtdu. Kupedə və dəhlizdə dayanıb onlara baxan oğlanları bir an gözdən keçirib mehriban səslə:

- Uşaqlar, indiyəcən nə oldu gəlin unudaq. Burda arvad-uşaq var, qoca var. Axı bunun sizə bir xeyri yoxdu. Bu dəqiqə sizin yeyib-içən vaxtınızdı. Durun gedək restorana, hörmət eləyim, yeyək-içək, orda istədiyiniz kimi deyin, gülün, sevinin...

Masanın yanındakı oğlan: - Bunun yekə-yekə danışmağına bir bax, - dedi. Ağəli: - Yaxşı gedim araq alım, gətirim burda içək, - deyib tələsik kupedən çıxdı.

Bir tanış, bir doğma sifət görmək ümidi ilə kupeli, plaskartlıdan tutmuş bütün ümumi vaqonlardan tələsik hamısını bir-bir gözdən keçirdi. Ancaq nə öz kəndlərindən, nə də qonşu kəndlərdən bir türk, nə bir tanış Mığrı ermənisi gördü, nə də bir milis tapa bildi. Vaqonların qapısında dayanmış əliavtomatlı sərhədçi rus əsgərlərinin bir neçəsinə məsələni başa salmaq istədi, ona əhəmiyyət verən olmadı. Ağəlini vahimə bürüdü. Bir anlıq ona elə gəldi ki, qatar onları doğma rayonlarına, kəndlərinə deyil, bu dünyadan götürüb harasa gedər-gəlməz bir yerə aparır. O, bir azdan dığaların daha da azğınlaşıb onun qadınına, qızına sataşacaqlarından qorxurdu.

Qayıdanbaş restorandan bir araq və kolbasa aldı. Öz vaqonlarına girib birinci kupenin yanından ötəndə bayaqkı mığrılı qadını gördü, üct yerdən bağlamaları yendiridi.

- Ağanik xala, qoy mən düşürüm, - dedi.

Ağanik:

- Harda qalmısan, sən qaç kupeyə, tələs, tələs! – dedi. Ağəli qaçıb kupeyə girmək istəyəndə doluxsunmuş və üz-gözü təlaşlı qadınıyla toqquşdu.

- Babanı çəkib eşiyə çıxartdılar, itələyə-itələyə o tərəfə apardılar. Çəliyini də pəncərədən atdılar...

Ağəli arağı və kolbasanı uzadıb: - Qoy ora, - dedi, ancaq arağı vermədi. Vaqonun o biri başına sarı qaçdı. Sürətlə gedən qatarın əyləci qırıldı. Ağəli bir an geriyə meylləndi, fışıltı vaqonu başına götürürdü.

Tambur adamla doluydu. Ağəli pəncələri üstə qalxıb boylandı, atası vaqonun çölə açılan qapısının ağzındaydı. Arxadakı oğlanlardan biri qışqırdı: - Ğamarluna! Ğamarluna!

Qapının ağzında dayanmış ucaboylu oğlan qocanı tələsdirib: - Qoca, nəyə baxırsan, Qəmərlidi də, düş! – dedi. Qoca iki əlləri ilə qapının yanlarındaı qoşa dəstəklərdən bərk-bərk yapışıb qaranlığa: - Qoy dayansın, - dedi. Arxadakı dığalardan biri: - O yana dur görüm, kişi deyilsiniz, itələ sal yerə də, onun toxumunu...

Qatar dayandı. Ağəli tambura açılan qapının ağzından:

- Baba düşmə, düşmə! Aldadırlar! Qəmərli çoxdan keçib! Çölü-biyabandır! Sizdə insaf varmı?!

Qocanın arxasındakı oğlan onu hey tələsdirir:

-Düş, düş, - deyirdi. Ağəli ağzını vaqonun dəhlizinə sarı çevrilib qışqıra-qışqıra: - Yoldaş kapitan, bura gəlin, bura! – deyib atasına doğru cummaq istəyən dığanın köynəyindən tutub geri dartdı. Oğlanların hamısı bir an duruxdu. Arxadakılardan biri boylanıb vaqonun dəhlizinə baxdı, tez çevrilib: - Ara bu köpəyoğlu bizi yenə dolayır. Milis-zad yoxdur, - dedi. Ağəli: - Bizim kupedədir, indi cavabını verərsiniz! – dedi. Oğlanlardan biri Ağəlinin yanından sivişib kupeyə sarı cumdu. Ağəli onları aralayıb atasına yaxınlaşmaq istədi. Ancaq oğlanlar yol vermədi. Vaqondan qayıdan oğlan gözlənilmədən arxadan təpiklə Ağəlini vurub: - Ömrümdə belə dələduz türk görməmişəm, bizə kələk gəlir. Eşşəyin balası! Milis-zad yoxdu! Ara bunu da çəkin salın aşağı!

Sanki dığaların donu açıldı. Kimsə yenə əlini qatarın əyləcinə sarı uzatdı. – Demişəm gərək düşürəm, - söylədi, ancaq əli əyləcə çatmadı. Başqa bir oğlan: - Ara yaxşı deyil, qoca qaldı, Qəmərlu keçdi axı!

Qoca əllərini dəstəkdən buraxmadan başını azca yana döndərib: - Düşmək istəmirəm. Lazım deyil.

Törəboy, canlı oğlan başına cin vurmuş kimi: - Bu yana durun görüm, bir qocaynan da bacarmırsız, - deyib oğlanları aralayıb qocaya sarı can atdı. Dığalardan hansısa qocanın papağını vurub yerə saldı. Ağəli boğazından yapışdığı araq şüşəsini vaqona açılan qapının küncünə vurub sındırdı, əlində qalan şüşənin xəncər kimi qıraq hisəsini yuxarı qaldırıb dəli kimi qışqırdı: - Hamının qarnını cıracam! Bir əlinizi vurun!!!

Oğlanlar yenə bir an donuxub qaldılar. Qocanın yanındakı ucaboy oğlan bıçağını çıxarıb yuxarı qaldırdı, bıçağın tiyəsi parıldadı. Ağəli: - Sal yerə! – dedi. Başılovlu özünü yetirən mığrılı erməni qadını həyəcanla: - Qatar Naxçıvana girir, indi cavab verə biləcəksiniz?!

Ağəli ürəkləndi: - Hə, indi deyərəm sizə!

Oğlanlardan biri eşiyə boylanıb: - Doğrudan Naxçıvandı, - dedi. Oğlanlardan başqa birisi əlini uzadıb əyləcdən yapışdı. Ancaq aşağı çəkmədi. – Yaxşı, uşaqlar, getdik, - dedi. Ağəli geri çəkildi. Oğlanlar o biri vaqonun qapısını açıb bir-bir çıxıb getdilər. Qoca əlinin birini dəstəkdən çəkib tanburun divarına söykəndi. Ağəli yaxınlaşıb atasının qolundan yapışıb dartdı. Qoca yenə də o biri əlini dəstəkdən buraxmadı, hirsli-hirsli: - Hardasan?.. İt toxumları kupedə ağzına gələni danışırdı. Ona görə çıxdım eşiyə...

Qatar Naxçıvan stansiyasında dayandı. Ağəli tələsik atasını kupeyə aparıb qapını arxadan bağladı. Qızı balıncın üstündə oturub göz yaşından islanmış balaca yumruqları ilə gözlərini ova-ova için-için ağlayırdı. Ağəli: - Nə olub? – dedi, pəncərənin pərdəsini açıb vağzala baxdı. Aralıdan iki kişi keçirdi. Qatarın fiti eşidildi. Ağəli qızının yanında otutub onun biləyindən yapışıb özünə sarı çəkdi: - Nə olub buna? – coruşdu. Qadını him-cimlə anlatdı ki, tualetə gedə bilmədiyindən yerini isladıb. Ağəli ucadan: - Lap əcəb eliyib, yaxşı eliyib. Bu dəqiqə! – söylədi, yorğan-döşəyi bürmələyib yuxarı yerə qoydu. Yenisini açdı. O biri alt yeri də atasına düzəltdi. Ayaqüstə dayanmış atasının qolundan yapışıb aşağı dartdı: - Otur, - dedi. Qoca yenə dartınıb müqavimət göstərdi. Ağəli: - Maşallah, bunda fil gücü var, - deyib qadınına baxdı. – Dığaların gücü çatmırdı buna. Nə qədər əlləşdilər, yenə düşürə bilmədilər.

Qoca çevrilib oğlunu tərs-tərs süzdü: - Ölmüşdü də Abdulla, olarnan bacarmasın. Uşaq-muşağa baş qoşmaq istəmirdim...

Kupenin qapısı bərkdən döyüldü. Qız anasına qısıldı, qorxudan bərəlmiş gözləri atasına dikildi. Ağəli ayağa qalxanda qadını pıçıltıyla: - Dəli olmusan, açıb eləmə, - dedi. Qapı daha bərkdən döyüldü. Ağəli ermənicə: - Nə lazımdı? – soruşdu. Qapı yenə döyüldü: - Orda bir şey qalıb, aç! Ağəli kupeni gözdən keçirdi: - Burda heç nə yoxdur, cavab verdi.

- Yaxşı, indi deyərəm...

- Azca sonra bayırdan kupenin qapısına açar salındı. Ağəli tez qapının ehtiyat işkilini qaldırdı, bayırdan itələdilər. Qapı cırlanıb aralandı, ancaq açılmadı. Səslər gəldi:

- Açmasan Mığrıda düşməyə qoymayacağıq.

Ağəlinin qadını qorxu içində barmağını dodaqlarına toxundurub “sus” işarəsi verdi. Qoca: - Gör kimdi, nə istəyir... Niyə açmırsan? – deyib qapıya sarı əyildi. Ağəli – Dostlarındı, - söyləyib atasını tutub saxladı. Qoca oğlunun dediyini eşitmədi, yenə: - Kimdi? Nə istəyir? – soruşdu.

Yenə səslər eşidildi:

- Hamınızı Qafana aparacağıq.

- Mənim qonağım olacaqlar...

- Köpəyoğlu, elə bilir yorulub bezəcəyik. Ara partlayıram, bəs bu insafdandır ki, türklər kupedə rahatca getsin, biz də ayaq üstə, gecəni yatmadan, bir saat bir yerdə oturmadan...

Əgər səhərəcən yatsam, onları düşməyə qoysam, onda mən erməni deyiləm, türk oğluyam.

Qapıya bir neçə tapik vuruldu. Ağəli üst yerdə uzanmışdı. Dəhlizdəki danışıqları eşidirdi. Söyüb təhqir etsələr də onların cavabını vermirdi. Atasının qalxıb qapını açmasından ehtiyat etdiyindən bir an onu gözdən qoymurdu.

Balaca stansiyaların birində oğlanlar yerə düşüb pəncərəni döyüb daşladılar, söyüş yağdırdılar.

Qatar səhər saat beşdə Mığrıdan keçməliydi. Gecənin o vədəsi vağzalda çox vaxt adam olmurdu. “Birdən düşməyə qoymazlar” – fikri Ağəlini tamburda gördüyü bıçağın tiyəsinin parıltısından çox üşütdü. Birdən qulağı “Ordubad” sözü çaldı və elə buradaca düşmək ağlına gəldi. Çevrilib pəncərənin meşin örtüyünü yuxarı qaldırdı, qatı qaranlıqda bir şey seçə bilmədi. “bərk ayaqda pəncərədən düşüb, qaçıb stansiya gözətçisinə xəbər verərəm” – düşündü.

O, pəncərəni açıb başını çölə çıxartdı. Qarşıda işıqlar sayrışırdı.

Qabaqdakı vaqonun qapısından: - Ordubada giririk: - dedilər. Ağəli vağzalı tanıdı. Üç il burada internat məktəbində oxumuşdu. Vağzalın hər qarışını tanıyırdı.

Doqquzuncu vaqon poçt qəbul edilən binaın yaxınlığında qoşa qələmə ilə qarşı-qarşıya dayandı. Yaxınlaşmaqda olan iki əsgərdən başqa gözə dəyən yox idi, əsgərlərin çiynində avtomat vardı. Ağəli onların doğma dildə danışdıqlarını eşidəndə: - Ay dadaş... Əmoğlu!.. əsgərlər ayaq saxlayıb, altdan yuxarı baxdılar.

- Ermənilər döymək istəyir bizi. Qoca kişi var, arvad-uşaq var. Kupeni bağlayıblar, düşməyə qoymurlar. Kömək eləyin düşək.

Əsgərin biri yoldaşına: - Gəl bura görüm, - deyib vaqonun qapısına sarı qaçdı. Ağəli: - Qadan alım, qardaş, bunlar çoxdu, yeddi, səkkiz nəfərdi. Köməyə adam çağırın.

Əsgər geri döndü, yoldaşlarına: - Növbətçiyə de qatarı buraxmasın, - deyib vağzalın binasına sarı qaçdı.

Onlar vağzalın yanından keçən avtomaşın yolunun qırağında dayanmışdılar. Qoca üzünü turşutdu, başını yelləyib: - Duzsuz iş tutursan. Axşamacan qatar gözləyəcəyik? – deyib əlini üstündə oturduğu çamadana dayaq edib yavaşca ayağa qalxdı. Ağəli kefikök ovqatla: - Baba, burdan Mığrıya saat yarım, uzaqbaşı iki saatlıq yoldur. Axşamı niyə gözləyirik. Drezin var, paravoz var, nə düşdü minib gedəcəyik. Ya da ölməmişəm ki, minik maşını tutacağam, düz qapımıza sürdürəcəm...

Qoca yavaş-yavaş gedib yolun qırağındakı soğan təpəciyinin yanında dayandı. Açılıb-yığılan çarpayıda uzanmış kişiyə nəsə dedi, kişi oyaq olsa da cavab vermədi, çevrilib o biri yanı üstə uzandı. Ağəli atasına yaxınlaşıb soğan tığına işarəylə: - Bərəkətə bax ee... lap bizim kəndin soğanına oxşayır...

Qoca cavab vermədi. Soğan təpəciyinin başına hərlənə-hərlənə aralı düşənləri bir-bir ayağıyla yığnağa sarı dığırlatdı. İşıqlandıqca soğan təpəciyindən elə bil xışıltı qalxırdı. Qocanın üzündəki tutqunluq yavaş-yavaş uçub gedirdi. Ağəli atasına yaxınlaşıb: - Baba, yadındamı bir il soğan yığırdıq, məktəb uşaqları da, müəllimlər də. Bir gözəl müəllim də vardı. Bilmirəm hardan gəlmişdi bizim kəndə. Sonra çıxıb harasa getdi.

- Qəmərliyə qaçırtdılar...

Ağəli əlini qaldırıb mavi rəngli “Jiquli”ni saxladı. Maşının sağ qapısından əyilib sürücü ilə danışdı. Dikəlib sevinclə: - Baba getdik, gəl qabaqda otur! – deyib qapını açdı, sonra bağlamaların yanında dayanıb onlara baxan qadınına, qızına sarı qaçdı.

“Jiquli” Araz boyunca Ordubaddan Mığrıya gedirdi. Ağəlinin kefi durulmuşdu, əlini atasının kürəyinə qoyub: - Baba, qayıtcaq ondan da yaxşı papaq tikdirəcəyəm. On günə, uzaqbaşı iyirmi günə göndərəcəm.

O payız düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarının, vağzalların yanından keçəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı-sarı soğan adamın üzünə gülürdü, aralanıb gedəndən sonra uzun müddət qulaqda xışıltısı qalırdı.

Mart, 1993

# 5211 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #